“Kitabları oğurlamaq üçün oxuyuram”MÜSAHİBƏ

“Kitabları oğurlamaq üçün oxuyuram”<span style="color:red;">MÜSAHİBƏ
5 may 2014
# 07:30

Kulis.Az gənc şair, künoşünas Mətləb Muxtarovla müsahibəni təqdim edir.

- Bir az özün haqqında məlumat verərdin.

- 1988-ci ildə Sumqayıtda doğulmuşam. İncəsənət Universitetinin kinoşünaslıq fakültəsini bitirmişəm. Əsgərlikdən sonra Türkiyədə uzun müddət işləmişəm. Bu yaxınlarda qayıtmışam, artıq burda işləmək istəyirəm.

- Sənin “Azərbaycan”adlı şeirin vardı. O şeirlə çox tanındın.

- O şeir müsabiqədə iştirak edəndən bir il sonra məşhurlaşdı.

- İdeya hardan yarandı? Bu şeirdə Ginsberqdən təsirlənmə var elə bil.

- Bu şeiri Rafiq Tağının bıçaqlanmasından sonra yazmışdım. Hə oxşayırdı, Ginsberqin “Amerika”sına, Küçük İsgəndərin “Türkiyə” şeirinə çox oxşayır.

- Özünü daha çox yazıçı, yoxsa kino adamı kimi qəbul edirsən?

- Kino təhsilim olduğu üçün özümü kinoşünas kimi görürəm. Amma mənə görə həmişə ədəbiyyat kinodan öncə gəlib. Ədəbiyyat birnəfərlik mübarizədir. Kino isə belə deyil, kollektiv mübarizədir.

- Kinoda fəaliyyətin nədən ibarətdir?

- Operator, kameraman kimi işləmişəm. Türkiyədə uşaqlarla “Proletar yapım” adlı bir qurumumuz vardı. Qısa filmlər çəkirdik. Əsasən siyasi filmlər idi. Mən orda daha çox operator kimi işləyirdim. Özüm hələ ki, qısa film çəkməmişəm.

- Bəs ssenari necə, yazmısan?

- Ssenarilərim var. Yazmışam, amma hələ çəkməmişəm. Tam metrajlı film üçün bir ssenarim var. Artıq bitirmək üzrəyəm. İki qısa metrajlı film üçün də ssenarim var. Bundan başqa bir hekayəm var, onu da film kimi çəkmək istəyirəm.

- Bir az “Proletar yapım” haqqında məlumat verərdin.

- Bu kiçik bir qurumdu. Özü dostlarımız aramızda yaratmışıq. Çox az büdcə ilə, sırf öz imkanlarımız hesabına filmlər çəkirik. Sponsor, dəstək axtarmırıq.

- Adından da görünür ki, sol yönümlüdür.

- Bəli, demək olar, bütün filmlər siyasidir. “Proletar yapım”ın rejissoru ələvi və zazadır. O, özü sol fikirli insandır. İraq müharibəsinə aid, Sivas qətliamına aid filmlər çəkmişik.

- Çəkdiyiniz filmləri festivallara göndərirdiz?

- Bir neçə filmimiz İstanbul Film Festivalının finalına düşmüşdü. Bir filmimiz isə Konyada film festivalında qələbə qazanmışdı.

- Azərbaycanda çəkilmiş bir neçə qısa film var ki, Kann festivalına, başqa nüfuzlu festivallara göndəriblər. Siz də göndərirsiz?

- Yox bir göndərmirik. Bizim rejissor göndərmək istəmir.

- Azərbaycanda hamı deyir ki, kino çəkmək üçün vəsait yoxdu, dövlət pul ayırmasa çəkə bilmərik, ssenari yoxdu. Bu kimi problemləri göstərirlər. Sizin təcrübə necə idi?

- Məncə kino çəkməyə Azərbaycanda həvəs yoxdur. Yəqin kino industriyası yoxdur, ona görədir. Həm də Azərbaycanda sənət mühiti yoxdu. Bir neçə gündü burdayam, artıq sıxılıram. Türkiyədə isə belə deyil. Lap Taksimə çıxanda belə nə qədər kapitalist mağazalar olsa da sənət havasını duyursan. “Atlas sinema” var, “Bəyoğlu sinema” var. Mən ticarət mərkəzlərindəki kinoteatrları nəzərə almıram. Bakıda isə bircə “Nizamo Kino Mərkəzi” var. İndi serial çəkilir. Bu qismən yaxşıdır. Kinonun dirçəlməyinə təkan verər.

- Texniki imkanlarınız necə idi? Kamera, işıq, filmin montajı, film hazır olandan sonra göstərmək üçün məkan və sair problemləri necə həll edirdiz?

- Çəkilişlərdə normal fotoaparat kamerasından istifadə edirdik. Üç-dörd növ lens var, yəni fotoaparat obeyktivi, əllilik, iyirmi beşlik. Əsasən ondan alırıq və fotokamera ilə çəkirik. İşıq lazım olanda istifadə edirik, gərək olmayanda istifadə etmirik. Bir çox filmi demək olar ki, təbii işıqda çəkmişik.

- “Doqma 95” estetikasında çəkirsiz deməli?

- Yox o qədər də deməzdim.

- Yəni onlarda bu cür çəkiliş manifestdən doğur, sizdə isə imkansızlıqdan.

- Ola bilər. Amma sizə deyim ki, dünyada bizim istifadə etdiyimiz vasitələrlə çox gözəl filmlər çəkirlər.

- Montaj prosesi necə olur?

- Öz montajçımız var. O həm bizim filmləri montaj edir, həm də başqa sifarişləri olanda onları edir. Ümumiyyətlə bizim qurumun üzvlərinin hamısı müxtəlif işlərdə işləyir. Elələri var ki, heç kino sahəsində işləmir, mühasibdi, başqa sənət sahibidi. Onların arasında bircə mən kinopavilyonda işləyirəm.

- Deməli, onların içində yeganə peşəkar kino işçisi sənsən.

- Bəli, setlərə gedən yeganə adam mənəm.

- Tutalım həftədə bir-iki gün yığışıb filmi çəkdiniz? Sonrakı mərhələ necə olur?

- Bundan sonra rejissor filmi festivala göndərir. Sonuncu dəfə İstanbul Film Festivalının tərkibində “Hrant Dink Vəqfi”nin və digər vəqflərin yer aldığı “Vicdan filmləri” bölməsi vardı. Bizim filmlərin dördü ora düşmüşdü. Siyahıda 10-12 film vardı. Sözün düzü mən bir az narazı qaldım. Çünki festivalın qaydalarına görə filmin həcmi 5 dəqiqə olmalı idi. Bizim filmlərin həcmi isə çox idi. Məcbur olub kəsdik. Əvvəlki effekt qalmadı.

- Bayaq dedin ki, Azərbaycanda kino çəkmək üçün həvəs yoxdu. İncəsənət Universitetin məzunu olmusan. Orda vəziyyət necə idi?

- Sözün düzü kinoşünaslıq fakültəsinə daxil olmaq istəmirdim. Mən əvvəldən ədəbiyyatı sevirdim. Ona görə də ya jurnalistikaya, ya filologiya, ya da tarix fakültəsinə daxil olmaq istəyirdim. Amma iş elə gətirdi ki, kinoşünaslıq fakültəsinə daxil oldum. Əvvəl-əvvəl heç kinoya marağım yox idi. Bizdə məktəblərdə ümumiyyətlə uşaqlara kino dərsi keçmirdilər. İlk aylar kinoşünaslığa çox marağım olmadı. Auditoriyada mühazirə zamanı bədii ədəbiyyat oxuyurdum. Mən oxuduğum dövrdə bizim universitetdə incəsənət ortamı yox idi. Bir dəfə Antonioninin “Fotoböyütmə” filminə baxdım. Səhv eləmirəmsə Xulio Kortasarın hekayəsi əsasında çəkilib. Bu film çox xoşuma gəldi. Ondan sonra mütəmadi sənət filmlərinə baxmağa başladım. Artıq ikinci kursda demək olar bütünü arthaus filmlərinə baxmışdım. Mənə ən çox təsir edən Antonioni ilə Tarkovskidir.

- Latın Amerikası ədəbiyyatının da heyranısan.

- Hə, Latın Amerikan ədəbiyyatını çox sevirəm, xüsusən Borxesi. Birinci dəfə Borxesin “Della Yelena San-Marko” adlı hekayəsini oxumuşdum. Balaca hekayə idi. Dəhşətə gəldim. Demək olar ki, bir il ərzində o hekayəni hər gün heç olmaya bir dəfə oxuyurdum. Azərbaycan ədəbiyyatında böyük yazdığımız bir çox əsər o balaca hekayənin yerini vermir. Sonradan da Markesi oxudum. Onu mənə Xan Rəsuloğlu tövsiyə eləmişdi. “Patriarxın payızı” ilə “Polkovnikə məktub yoxdur” əsərlərini oxumağı tapşırmışdı. Ondan sonra Xulio Kortasarı oxumağa başladım. Son vaxtlar Karlos Fuentesi oxuyuram.

- Bəs Varqas Lyosa necə?

- Lyosadan sözün düzü az oxumuşam. O, maqik realist yazıçı deyil, onda daha çox siyasi mətndi. Özü də liberaldı, daha doğrusu “dönək”di.

- Lyosanın “dönək”liyini xüsusi qabartdın. Amma Borxes haqqında danışanda siyasi mənsubiyyətini qabartmadın. Halbuki o mürtəce sağ təmayüllü idi. Lyosanın əvvəl solçu olub, sonradan liberal olmaq qəbahətdir, ya necə?

- Fakt odur ki, Lyosa əvvəllər solçu olub. Markeslə çox yaxın dost olub, sonradan dönüb liberal olub.

- Gəl bunu geniş miqyasda müqayisə edək. Ədəbiyyat və siyasət. Mirzə Cəlil öz xatirələrində yazır ki, siyasətin “s”-ni yazmağa qorxurduq. Eyni şeylər Yusif Vəzirin Fransa xatirələrində də var. Deyir ki, mən nə vaxt siyasətə girdimsə məğlubiyyətə uğradım, məhv oldum. Eyni şeyi Borxes də deyir: “Siyasət haqqında fikirlərim çox gülməlidir.” Sualı belə qoyaq. Bir yazıçını dəyərləndirərkən onun siyasi görüşləri sənin üçün nə qədər önəmlidir?

- Baxın, Borxes mürtəce sağçıdır. Bununla belə mən onu çox sevirəm. Lyosaya gəldikdə isə o mənim oxuyub zövq aldığım yazıçı deyil. Dünyada sola meylli yazıçılar əsasən Latın Amerikasındandırlar. Çünki Latın Amerikası həmişə ABŞ tərəfindən əzilib. Markesin bir sözü var: “Onlar bizi nə qədər əzməyə çalışsalar da biz onlara başqa yolla təsir elədik.” Lyosa da bunların içindədir. Və bir anda dönür, başlayır Amerikanı tərifləməyə. İstər-istəməz dönək adlandırıla bilər. Amma yenə deyirəm ki, mənim içimdə solçu-sağçı deyə bir bölgü yoxdu. Mişima monarxist idi və ya Dostoyevski milliyətçi olub. Bununla belə onları sevirlər.

- Bəlkə istər Dostyevski, istə Borxes öz siyasi düşüncələrinə ədəbiyyata qatmayıblar, amma solçular ədəbiyyatı siyasiləşdirməyə çalışıblar. Steynbeki oxuyan adam onun solçu olduğunu biləcək.

- Mən deməzdim. Onun bircə “Bitməyən dava” əsərində solçuluğu hiss olunur.

- Hazırda nə yazırsan?

- Roman yazmaq istəyirəm. Bir hissəsini yazmışam. Ona görə axır vaxtlar müasir postmodernist romanları oxuyuram ki, görüm nə oğurlamaq olur. Oğurlamaq lazımdır (gülür). Labirintvarı struktura malik əsər yazmaq istəyirəm.

# 2257 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #