Gənc şair: “AYB-dən qalmaqal yaratmaq üçün çıxdım” - MÜSAHİBƏ

Gənc şair: “AYB-dən qalmaqal yaratmaq üçün çıxdım” - <span style="color:red;">MÜSAHİBƏ
18 may 2016
# 08:30

Kulis.az gənc şair Elvin Bakiroğlu ilə müsahibəni təqdim edir.

- Elvin, necəsən? Neçə vaxtdır görünmürsən mətbuatda. Türkiyədə nə ilə məşğulsan? Yaradıcılığında nə yeniliklər var?

- Yorğunam, Ayxan. Mətbuat deyəndə təkcə saytları nəzərdə tutursansa, saytlarda mütəmadi çap olunuram, ən çox da sizin saytda – Kulis.azda. Türkiyədə yeni türk ədəbiyyatı üzrə magistr təhsili alıram. Diplom işimin mövzusu Kamal Abdullanın romanlarıdır. Şeir həmişə varımızdı, bununla yanaşı bir neçə yeni hekayə yazmışam. Vaxt tapdıqca 3-cü şeir kitabını hazırlayıram. Redaktoru Şərif Ağayar olacaq. Kitab üçün nəzərdə tutulmuş son 4 ildə yazılan təxminən 50 şeir var.

- Bir çox yazıçımız Qorkidə oxuyub gəlib. Sən də indi Türkiyədə təhsil alırsan. Mühit necədir orda? Bir şair kimi Türkiyə sənin gözündə necə görünür?

- Mən Adanada oxuyuram. Burda ədəbi mühit sənin nəzərdə tutduğun dərəcədə yoxdu. Yalnız bir neçə ala-babat dərgi və onların ətrafında cəm olan ədəbiyyat fədailəri var. Əsl ədəbi mühit İstanbuldadı. Böyük qurumlar, təşkilatlar, nəşriyyatlar, sayt və qəzet mərkəzləri və s. hamısı İstanbulda yerləşir. Necə ki bizdə əli qələm tutan hamı boğçasını yığıb Bakıya yollanır, burda da İstanbula üz tuturlar.

- AYB-dən istefa verdin, amma səs-küy yaratmadı. Sanki imzan əvvəl tanınırdı, get-gedə yaddan çıxdın. Sən necə düşünürsən?

- AYB-dən istefa verməkdə yeganə məqsədim məhz səs-küy salmaq, qalmaqal yaratmaqdı. Baxdım ki illərlə şeir yazıram və məni hələ də görməzdən gəlirlər, dedim yox, belə olmaz, Elvin, özünə gəl, özünə qayıt, çünki sən özünə dönəndə böyük olursan. Ədəbi hadisəyə çevrilmək üçün AYB-dən çıxdım. Bu hələ aysberqin görünən tərəfiydi, əsas məqsədim Nobel mükafatını Azərbaycana gətirib dostlarla yeyib-içmək idi. Amma alınmadı, Nobel komissiyasına bu da kifayət eləmədi. Beli, əvvəllər çox populyar idim, öz kitablarını mağazadan pulla alan yeganə şair kimi tarixə də düşmüşdüm. Sonra dollar qalxdı, sonra, sonra nə oldusa yadıma gəlmir…

- Bu gün imzaları tanınan, çox oxunan gənc şairlər var. Aqşin Evrən, Şəhriyar Del Gerani və s. Amma sənin şeirlərin haqda heç kim danışmır, yazmır. Tənqidçilərin gözündən yayınmısan, yoxsa başqa səbəblər var?

- Adını çəkdiyin, çəkmədiyin, tanınan və tanınmayan gənc şairlər çoxdu. Hamısına uzun ömür, can sağlığı arzu edirəm. Tənqid və tənqidçilər barədə düşünməmişəm. Tənqidçilərin gözündən yox, özündən yayınmışam. Heç kimdə günah görmürəm. Mən haqqında susulası şeirlər yazıram. İkinci kitabın adını əbəs yerə belə qoymamışdım: “Nə sussan, mənə xoşdu”.

- Bəlkə də özünün tənbəlliyidir. Aktiv deyilsən. Tez-tez görünmürsən. Bir görünüb, bir yoxa çıxırsan.

- Çox tənbəl olduğumu bilirəm. Məsələn, gün ərzində cəmi 4-5 saat yatıram. Səhər 8-də oyanıb saat 6-ya kimi diplom işiylə məşğul oluram, kitablar oxuyuram, araşdırıram, universitetə gedirəm, hocalarımla görüşürəm, saat 6-dan sonra işə yollanıram. Ofisiant işləyirəm, həm salonda, həm də mətbəxdə türk xalqının feyzyab olması üçün gecə saat 2-yə kimi xidmət göstərirəm. Yeni günün ilk yarısı Kamal Abdullanın romanlarındakı mövzuların zahiri və daxili görünüşlərini, alt qatlarını, yeni-köhnə, söz-yazı, cəhalət-bilgi qarşıdurmalarını, çoxşaxəli süjetləri, filoloji təhlilləri incələyirəm, günün ikinci yarısı isə balığın üstünə narşərab töküb, rakı badəsinə buz atıram. Maraqlı həyatdı hə?

- Ümumiyyətlə, tanınmamaq səni narahat edirmi? Şöhrət arzusunda deyilsən?

- Tanınmamaq məni narahat etsəydi, sən mənə bu sualı verməzdin. Yalnız oxunmaq istəyirəm. Mənim şöhrət azarım olsaydı, sən məndən soruşmazdın ki, niyə tez-tez çap olunmursan, görünmürsən.

- Gəl, səmimi olaq. Axı çox adamın şöhrətli olmaq istəyi var...

- Şöhrət arzusu təbii hisdir, olmalıdır. Ancaq mən buna can atmamışam.

- Elvin, sənin şeirlərin daha çox hecada olur. Hecadan niyə çıxa bilmirsən? Modern şeirlər zamanıdır. Özü də Türkiyədə oxuyursan.

- Mən gözümü heca vəznində açmışam. Belə deyək, xəmirim hecayla yoğurulub. Son illər sərbəst şeirlər yazmağa başlamışam. Sərbəst vəzndən çıxıb əruza keçməyi də düşünürəm. Çevrə qapanmalıdı axı.

- Səndə Salam Sarvanın, Eldar Baxışın güclü təsirini hiss edirəm…

- Buna həqiqətən sevindim (gülür.)

- Elvin, nə əcəb türk ədəbi mühitində tanınmağa cəhd etmirsən? Ordakı ədəbi dərgilərdə çap olunursanmı?

- Bayaq qeyd etdiyim kimi, burdakı ədəbi mühitdən uzağam. Türk dilində çox az sayda şeirim var. Şeirlərimi çevirməyəsə elim gəlmir.

- Azərbaycan ədəbiyyatını orda tanıyırlarmı? Bizim şeirlərimizdən, nəsr əsərlərimizdən nümunələr necə qəbul edirlər, bəyənirlərmi?

- Ən çox bildikləri, tanıdıqları şair Bəxtiyar Vahabzadə, yazıçı isə Anardı. Ramiz Rövşən də deyir, sonuncu şair mənəm. Daha demir ki, çox uzaqda yox, qardaş ölkə Türkiyədə Azərbaycanın son şairi Bəxtiyar Vahabzadədir. Məhz buna görə diplom işimin mövzusunu Azərbaycan ədəbiyyatına aid seçmişəm.

- Kənardan Azərbaycan ədəbi mühiti necə görünür?

- Keçən il Adanada türk dilinə tərcümə olunmuş əsərlərimizi axtarırdım. Gəzmədiyim yer, baxmadığım kitabxana, girmədiyim kitab dükanı qalmadı. Axırda güc-bəla İstanbuldan bir neçə kitab sifariş verəsi oldum. Bizim ədəbiyyatımızda tərcümə sahəsi axsaqdı. Görünmək üçün ciddi və daimi tərcümələr olunmalıdı. AYB fəaliyyəti ilə ədəbiyyat yaratmaq, başqa bir ölkədə görünmək qeyri-mümkündür. Burdan Azərbaycan ədəbiyyatı heç mikroskopla da görünmür.

# 3022 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #