Gül dedi bülbülə... - “Ən yaxşı hekayəmiz”

Gül dedi bülbülə... - <span style="color:red;">“Ən yaxşı hekayəmiz”
4 aprel 2016
# 15:32

“Beş ən yaxşı Azərbaycan hekayəsi” sorğusunda 100 hekayənin adı çəkilib. Oxucuların marağını nəzərə alaraq bu hekayələri dərgimizdə yayımlayırıq. Siyahıya əsasən Elçinin «Gül dedi bülbülə...» hekayəsini təqdim edirik.

Gül dedi bülbülə...

(Bir qonaqlıq haqqında)

BİRİNCİ FƏSİL

Qar yağırdı.

Altı gündən sonra, təzə – 1985-ci il gəlirdi, bayaq televizorda deyirdilər ki, Tomsk vilayətinin Kolpaşeva rayonunda 38 dərəcə şaxta var, Yakutiyada isə şaxta 55-i keçib, amma Bakıda bu qış birinci dəfə idi ki, qar yağırdı, o da əməlli-başlı qar deyildi, səki boyu düzülmüş tut ağaclarının budaqlarına düşüb su damcısı olurdu, yerdə, yəni asfaltın üstündə də qalmırdı, təkcə ağacların dibindəki torpaqda bir qat çox narın qar ağarırdı.

Səki boyu düzülmüş həmin çılpaq və yaş tut ağaclarının dibindəki torpaq daşla kiçik kvadrat bir sahəyə salınmışdı və qar yağan həmin cümə günü əllərini paltosunun cibinə salıb küçə ilə üzüyuxarı gedən Əlipaşa çalışırdı ki, o kiçik daş çərçivələrə salınmış kvadrat torpaq sahələrinə baxmasın, çünki indicə evdən çıxanda təsadüfən gözləri ağacların dibindəki bu kiçik torpaq kvadratlarına sataşdı və həmin kvadrat çərçivələr birdən-birə Əlipaşanın ürəyini sıxmağa başladı, daha doğrusu, o kiçik və səliqəli kvadratlar Əlipaşanın ürəyinə bir qəmginlik, bəlkə də, kədərli bir həzinlik gətirməyə başladı; qəribə idi, tələsə-tələsə ora-bura gedən tək-tük adamlı bu boş küçənin nəmliyi, kimsəsizliyi, tut ağaclarının o yaş və çılpaq budaqları, addabudda o budaqlara qonub, gözlərini yumub boyunlarını bədənlərinə qısmış sərçələrin güzəranı Əlipaşanın ürəyini sıxmırdı, amma ağacların dibindəki bu kiçik kvadrat çərçivələrə salınmış torpaq sahələri ürəyini sıxırdı.

Nəhayət ki, bu gün rəngli televizor alırdılar, amma təqsir o ağac dibindəki torpağın kvadrat çərçivələrində idi, ya nəydisə, ürəkdə sevinc yox idi, bir həzinlik var idi, hətta axtarsan, bir həsrət var idi – nəyin həsrəti idi, kimin həsrəti idi, bilmirdi və Əlipaşa başını qaldırıb bu küçəyə, elə bil ki, rəngli televizorda baxdı; bu dəm rəngli televizor da ağ-qara televizor kimi göstərirdi, yaş asfalt küçədə də, o çılpaq (və üşüm-üşüm üşüyən!) ağaclarda da, o balaca kvadrat torpaq parçalarında da başqa bir rəng yox idi, qar idi, qaranın hardasa bir az tünd, hardasa da bir az açıq kölgəsi idi, bir də ki, o narın qar qatının ağımtıllığı...

Dünən Züleyxa dedi ki, rəngli televizoru sabah, yəni bu cümə günü almaq lazımdı, çünki qabaqdan şənbə, bazar gəlirdi. Əlipaşa da evdə olacaqdı, qış çağıdı, isti xörək yeyə-yeyə, çay içə-içə uşaqlarla bir yerdə oturub rəngli televizora baxacaqdılar.

Dünyanın ən qəribə xasiyyətli adamlarından biri, heç şübhəsiz, Züleyxa idi; düz iki il bundan əvvəl, gecənin yarısı yuxuya getdikləri vaxt Züleyxa birdən çöməlib çarpayıda oturdu və dedi: – «Rəngli televizor almaq lazımdı...» Əlipaşa da yaxşı bilirdi ki, Züleyxa elə-belə söz deyən adam deyil, həmişəki kimi, yüz ölçüb, bir biçib və hərgah bu qərara gəlibsə ki, rəngli televizor almaq lazımdı, deməli, belə də olmalıdı və belə də olacaq; necə ki, pianinonu belə almışdılar, evdəki böyük xalçanı da, soyuducunu da, Züleyxanın dovşan dərisindən kürkünü də, Əlipaşanın əynindəki paltonu da belə almışdılar; Züleyxa yüz ölçmüşdü, bir biçmişdi, qərar vermişdi, pul yığmışdı və almışdı.

Əlipaşa iyirmi altı il idi ki, nəşriyyatda işləyirdi, bu iyirmi altı ilin düz on doqquz ili idi ki, Züleyxa ilə evlənmişdilər və on doqquz da il idi ki, Əlipaşa hər ay nəşriyyatdan aldığı maaşı köpüyünə kimi gətirib Züleyxaya verirdi, çünki evin bütün haqq-hesabına, yemək-içmək işinə Züleyxa baxırdı və vacib bir işdən ötrü təcili pul lazım olanda (misal üçün, nəşriyyatda işləyənlərdən kimsə öldüyü üçün, yaxud kiminsə qohumu öldüyü üçün qəzetdə başsağlığı verməkdən, yaxud 8 Martda bir yerdə işlədikləri qadınlar üçün hədiyyə almaqdan ötrü pul yığılanda və s.) Əlipaşa beş manatı, yaxud səkkiz manatı Züleyxadan alırdı (Züleyxa heç vaxt narazı olmurdu, əksinə, tez qalxıb paltar dolabının yuxarı gözündən lazım olan pulu götürüb Əlipaşaya verirdi, amma, nədənsə, həmin anlarda Əlipaşa özünü günahkar adam kimi hiss edirdi).

Bu dəfə rəngli televizoru almaq əhvalatı bir az ləngidi, yəni gecənin yarısı Züleyxanın verdiyi o qərardan sonra, düz iki il keçmişdi və bunun da səbəbi o idi ki, yayda uşaqları da götürüb Riqa ətrafına gedəcəklər. (Əlipaşa təəccüb etdi: – «Bəs televizor?» Züleyxa: – «Televizorun pulu ayrıdı», – dedi, amma, hər halda, yayda Riqa ətrafına, Yurmalaya getmələri, görünür, rəngli televizorun puluna təsir etmişdi və onun alınmağı da beləcə gecikmişdi.)

Nə isə, iş qurtarandan sonra, nəşriyyatdan evə gəldi, Züleyxa dovğa bişirmişdi, bir də soğanla kartof qızartmışdı, yedi, sonra Züleyxa paltar dolabının yuxarı gözündən qəzetə bükülmüş 800 manat pul götürdü və Əlipaşaya verdi ki, gedib rəngli televizoru alıb gətirsin.

– Yaxşı-yaxşı yoxlat, sonra götür!..

Qızların ikisi – Gülzarla Süsən evdə idi (ikisi də – Sonayla Suğra hələ məktəbdən gəlməmişdilər, dərsdə idilər), cidd-cəhdlə tez-tələsik evdə yır-yığış eləməyə başladılar, on səkkiz il, necə deyərlər, cani-dildən evlərinə xidmət etmiş köhnə «Temp-2» televizorunu güclə yerindən qaldırdılar, aparıb arakəsməyə qoydular (Əlipaşa bazar ertəsi işdən sonra, o vəfalı «Temp-2»ni aparıb köhnə televizorlar qəbul eləyən məntəqəyə verməli idi, əvəzində də nə qədərsə pul alıb gətirməliydi), Əlipaşa da paltosunu geyib təzə televizoru almaq üçün evdən çıxdı.

– Göz qoy a, yaxşı-yaxşı yoxlasınlar!.. – Züleyxa axırıncı dəfə tapşırıq verdi.

Əlipaşanın fikri belə idi ki, trolleybusa minsin, iki dayanacaq gedib düz dükanın qabağında düşsün, o rəngli televizoru tez alıb gətirsin, oturub evdə rahatlansın; sabah şənbə, biri gün də bazar, heç hara getməyəcəkdi, uşaqlarla, Züleyxayla bir yerdə televizora baxacaqdı, radioya qulaq asacaqdı, «Bakı» qəzetini oxuyacaqdı; amma elə ki, evdən çıxdı, elə ki, külək bu sulu qarı üzünə vurdu, nədənsə, trolleybusa minmək istəmədi, bəlkə ona görə ki, işin qurtaran vaxtı idi, trolleybusda basabas olacaqdı? Bəlkə ona görə ki, səhər tezdən işə də trolleybusla gedirdi, axşam işdən qayıdanda da trolleybusla qayıdırdı? Hər nə isə, piyada getməyə başladı. Qar, deyəsən, get-gedə artırdı, paltosunun yaxasına düşüb bir müddət elə qar kimi də qalırdı, sonra əriyirdi və Əlipaşa qulaqlarında, burnunda qarın zərifliyini, kövrəkliyini hiss edirdi, qar hərdənbir, hətta şərfinin boynuna da düşürdü və bu zaman Əlipaşa qarın soyuqluğunu daha artıq hiss edirdi.

Alacağı rəngli televizorun qiyməti 784 manat idi və Əlipaşa küçə ilə üzüyuxarı gedə-gedə fikirləşirdi ki, görəsən, yerdə qalan 16 manat rəngli televizoru maşına qoyub həyətə gətirmək və beşinci mərtəbəyə qaldırmaq üçün fəhlələrə (hər halda, o boyda televizoru daşımağa, azı, iki fəhlə lazım idi) və sürücüyə çatacaqdı, ya yox? Yəqin çatacaqdı... yəqin Züleyxa fəhlələrin, maşının muzdunu öyrənmişdi ki, pulu bu qədər vermişdi; sonra Əlipaşa fikirləşdi ki, bir fəhlə də götürsə bəsdir, televizorun bir tərəfindən fəhlə yapışar, bir tərəfindən də özü; düzdü, beşinci mərtəbəyə qalxmalıdırlar, amma Əlipaşa da hələ qocalıb əldən düşməmişdi, əlli yaşı gələn il tamam olacaqdı və Əlipaşa burasını, yəni gələn il əlli yaşının tamam olacağını fikirləşəndə yenə gözləri səki boyu düzülmüş o üşüyən tut ağaclarının dibindəki torpağın kvadrat çərçivələrinə sataşdı və ürəyindən yenə də o həzinlik, o həsrət (bəlkə, gizli bir nigarançılıq idi? Amma nəyin nigarançılığı idi?) keçdi. Yenə şərfin arasından boynuna qar düşdü və o qarın soyuğu elə Əlipaşanın ürəyindəki o həzinliyi, o həsrəti (ya nigarançılığı?) qovub çıxartdı və elə bil, boynuna düşmüş o qar Əlipaşanın təkcə boynuna, bədəninə yox, ürəyinə də bir sərinlik gətirdi, yəni bu mənada ki, ürəyinin həmişəki sakitliyi öz yerinə qayıtdı və Əlipaşa fikirləşdi ki, bazar ertəsi müdir Əlimuxtar müəllimdən icazə alıb işdən bir az tez çıxmaq lazımdır ki, köhnə televizoru aparıb təhvil versin, pulunu da gətirib Züleyxaya versin. Doğrusu, Əlipaşa heç vaxt kənddə, rayonda yaşamamışdı, Bakıda doğulmuşdu, Bakıda böyümüşdü, heç vaxt sevimli inəyi, yaxud sevimli deyək ki, keçisi olmamışdı, amma indi, bu soyuq cümə günü təzə televizor almağa gedə-gedə köhnə televizor barədə fikirləşəndə, bazar ertəsi o köhnə televizoru aparıb təhvil verəcəyini yadına salanda Əlipaşaya elə gəldi ki, elə bil, «Temp-2»ni yox, Azərbaycan yazıçılarının müxtəlif kitablarında oxuduğu kimi, sevimli bir inəyini, ya qoçunu, ya keçisini satmağa aparır; əlbəttə, bu hiss bir az qəmginlik gətirirdi, amma burası da vardı ki, köhnə televizoru – o vəfalı «Temp-2»ni təhvil verib əvəzinə nə qədərsə pul alacaqdı və o pulu gətirib evə verəcəkdi.

Həmin qarlı cümə günü Əlipaşanın ürəyindəki o yüngül qəmginliyi bu dəfə bir hərarət əvəz elədi: maaşdan başqa da Züleyxaya nəsə bir pul verəcəkdi və o gözəl hadisə həmin hərarəti, həmin çəkisiz, xoş hərarəti indidən ürəyinə yaydı. Əlipaşa altı il korrektor işləmişdi, sonra kiçik redaktor işləmişdi, indi də on ildən artıq idi ki, redaktor işləyirdi və bütün bu müddətdə, təbii ki, yalnız maaşa baxmışdı. Başqa redaktorlar ordan-burdan pul qazanırdı, kimisi hekayə yazırdı (hətta roman yazıb, sonra da həmin romanı nəşriyyatda çap elətdirmək uğrunda illərlə mübarizə aparanlar da var idi!), kimisi tərcümə edirdi, qəzetlərə, radioya, televiziyaya nəsə bir məlumat, ya reportaj, ya da bir başqa şey yazırdı, amma Əlipaşa heç nə yazıbpozmurdu və buna görə də, arı şirniyə uçan kimi, ora-bura qonorara uçuşan həmkarlarından açıq-aşkar seçilirdi. Bəlkə, yaza bilmirdi? Bəlkə, yaza bilərdi, amma həvəsi yox idi? Bəlkə, başqaları kimi bacarığı yox idi, qılığı yox idi? – Səbəbini bilmirdi, heç vaxt nəsə bir şey yazıb-pozmaq üçün təşəbbüs göstərməmişdi, təkcə bir dəfə, bircə dəfə yazı yazmışdı, yaxşı da pul qazanmışdı, amma indi o yazının yalnız bir xatirəsi qalmışdı...

Əlipaşa yeddi il idi ki, üçotaqlı rahat mənzilinə köçmüşdü; mikrorayondakı bu mənzili nəşriyyatda növbəyə durub almışdı, o vaxta qədər isə Züleyxanın anasıgildə ikiotaqlı balaca mənzildə qalırdılar. Yeni köçdükləri binada qapıbir qonşuları Mürsəl adında bir kişinin ailəsi idi və həmin Mürsəl restoranda – gərək ki, ode, uzaqdan görünən o «Sağlamlıq» restoranında – bufetçi işləyirdi, çox işgüzar, burdan vurub, ordan çıxan, cəld bir adam idi, civə kimi, yerində dayana bilmirdi, həddən artıq tanış-bilişi var idi, evində də tez-tez qonaqlıqlar olardı və əvvəllər (o yazı əhvalatına qədər!) Mürsəl Əlipaşanı da qonaqlıqlarına çağırırdı, sonra isə (o yazı əhvalatından sonra) araları xeyli sərinlədi.

Mürsəl, deyəsən, heç orta məktəbi də bitirməmişdi, kefinin kök vaxtlarından birində, dediyi kimi, qırx yeddi illik ömründə bir dənə də kitab oxumamışdı və buna görə də, qalın-qalın kitablarda redaktor kimi Əlipaşanın adını görüb (o kitabları təsadüfən Əlipaşanın evində görmüşdü) təzə qonşusuna böyük hörmət göstərirdi, qurduğu məclislərdə Əlipaşa ilə açıq-aşkar fəxr edirdi. Əlipaşa ilə qonşu olandan sonra, Mürsəl hərdənbir, hətta, kitab mağazalarına girirdi və azərbaycanca təzə çıxmış qalın kitabları çox ciddi görkəmdə vərəqləməyə başlayırdı, Əlipaşanın adını axtarırdı, rast gələndə, elə bil, lotereyası udurdu, daxili bir sevinclə mağazadakı adamlara baxırdı, hətta iki dəfə özünü saxlaya bilməmişdi, cildləri gözəl olan həmin kitablardan – bir dəfə Drayzerin «Kerri bacı»sını, bir dəfə də Rəşad Nuri Güntəkinin «Çalı quşu»sunu – alıb gətirib qonaq otağında, gözlərinə cürbəcür büllur güldanlar, qənddanlar, qədəhlər düzülmüş dolabın görümlü yerlərindən birinə qoymuşdu. Düzdü, Mürsəl o iki kitabı oxumadı, amma hərdən şəstlə gəlib o iki kitabla üzbəüz dururdu, o iki kitaba baxırdı, sonra dolabın qabağında bir neçə addım o baş-bu başa var-gəl edirdi, səhərdən-axşamacan «Sağlamlıq» restoranının bufetində nəfəs aldığı o ab-havadan çox fərqlənən, əsl maariflə dolu yüksək bir hiss kişinin sinəsini qabardırdı və belə anlarda Mürsəl, nədənsə, gedib özünə çeşmək sifariş eləmək, çeşmək taxmaq istəyirdi.

Mürsəlin dostlarının arasında müfəttişdən tutmuş məşhur stomatoloqacan, futbol hakimindən tutmuş müstəntiqəcən çox adam var idi, amma iş belə gətirmişdi ki, yazı-pozu işləri ilə məşğul olan adam yalnız təzə qonşusu Əlipaşa idi və günlərin bir günündə Mürsəl Əlipaşanın qapısının zəngini basdı və Əlipaşadan yatsa yuxusuna girməyəcək bir xahiş elədi: Mürsəlin dostlarından biri səhiyyə nazirliyində işləyirdi, cürbəcür xəstəliklərin əleyhinə plakatlar buraxmaq istəyirdilər və bu barədə söz düşəndə, dostu həmin plakatlara qısa şerlər yazmaq üçün qələm ustası axtaranda, Mürsəl, əlbəttə, o saat Əlipaşanın adını çəkmişdi, həmişəki kimi, bu dəfə də dostlarının köməyinə gəlmişdi, indi də Əlipaşadan xahiş edirdi ki, həmin plakatlar üçün o qısa şerləri yazsın.

Ömründə ilk dəfə pendir, yaxud kolbasa, yaxud göy-göyərti, içki haqq-hesabı ilə yox, maarifçi bir işlə məşğul olduğu üçün, Mürsəl daxili bir coşğunluq, ruh yüksəkliyi içində idi və özü ilə səhiyyə nazirliyi adından müqavilə gətirmişdi, sifariş olunan plakatların mövzusu yazılmış bir qovluq səliqəli kağız-kuğaz gətirmişdi və bu xəbərin gözlənilməzliyindən özünü tamam-kamal itirmiş Əlipaşa heç özü də bilmədi ki, üçrəqəmli məbləğ yazılmış o müqaviləni (bütün ömründə ilk dəfə imzalayacağı o müqaviləni) necə imzaladı.

Züleyxa əvvəlcə bu işə çox şübhəli yanaşdı, sonra Əlipaşada qalan həmin imzalanmış nüsxəsini əvvəldən axıracan bir neçə dəfə diqqətlə oxuyub öyrəndi, sonra o səliqəli qovluqdakı kağızları bir-bir oxudu və doğrudan da, dünyanın qəribə işləri var idi. Mürsəl hara, Züleyxa hara? – amma Mürsəlin bayaqkı daxili coşğunluğu, ruh yüksəkliyi, elə bil ki, yavaş-yavaş Züleyxaya keçdi, Züleyxa Əlipaşanın yazı mizinin üstündən qızların dərs kitablarını, dəftərlərini götürdü, mizi səliqə-sahmana saldı, həmin daxili coşğunluqla, ruh yüksəkliyi ilə Əlipaşanın karandaşlarını yondu, qələmlərinin mürəkkəbini yoxladı, çay dəmlədi və axşam Əlipaşa yazı mizinin arxasında oturanda özündə heç vaxt hiss etmədiyi bir yaradıcılıq ehtirası hiss etdi, bütün həyatında ilk dəfə şer misraları yazmağa başladı. Adətən, nəşriyyat işçiləri, nəşriyyata gəlib-gedən müəlliflər söhbət düşəndə, gülə-gülə, yaxud xəyala dala-dala deyirdilər ki, eh, cavanlıqda kim şer yazmayıb?! O zaman Əlipaşa səsini çıxartmırdı, çünki ömründə və o cümlədən də, cavanlığında heç vaxt şer yazmayan adamlardan biri elə özü idi.

Nə isə, ilk plakatın mövzusu bədəni istiyə-soyuğa öyrətməyin xeyrindən, yeyibiçməyə fikir verməkdən ibarət idi, bu barədə rəssam satirik şəkil çəkəcəkdi və Əlipaşa o çəkiləcək şəklin altındakı iki misranı belə yazdı:

Mən tez-tez oluram zökəm, Çünki çox yeyirəm, kökəm.

Ikinci plakat oturaq həyat keçirməyin, hərəkətsizliyin əleyhinə olmalı idi və Əlipaşa bir xeyli yaradıcılıq iztirablarından sonra, çox götür-qoy edəndən, fikirləşəndən sonra bu iki misranı yazdı: Maşınla gəzirəm mən hər saat, Bununçun da olmuşam infarkt.

Yazı mizinin arxasında oturub o plakatların şerlərini yazdığı zaman birdən-birə Əlipaşaya elə gəldi ki, elə bil, həmin yaradıcı dəqiqələrdə nədən ötrüsə çox yeyənlərdən, ömründə trolleybusa minməyib maşınlarda gəzənlərdən, içki içənlərdən, siqaret çəkənlərdən intiqam alır; nəyin intiqamı idi? Nə üçün məhz intiqam almalı idi? Ürəyindəki o gizli kin-küdurət nə idi hələ? Bilmirdi, amma bu hiss Əlipaşanın xoşuna gəlmirdi, bu hissi özündən uzaqlaşdırmaq istəyirdi və buna görə də üçüncü plakatın şerini tamam kinsiz-küdurətsiz yazdı: Əllərini yumazsan,

Dezinteriya tutarsan.

Axşam keçdi, gecə düşdü, Gülzar da, Sona da, Süsən də, o vaxt lap balaca olan Suğra da atalarının çox ciddi və vacib bir işlə məşğul olduğunu başa düşdükləri üçün cınqırlarını da çıxarmadan yerlərinə girib yatdılar, Züleyxa mane olmasın deyə heç bir söz demədən hərdənbir Əlipaşa işləyən otağa isti çay gətirdi və bu minval ilə Əlipaşa səhər, saat beşə qədər işlədi, plakatların hamısının şerini yazıb qurtardı və cəmi ikicə saat (səhər saat yeddiyə kimi: əvvəlcə birinci növbədə oxuyan Sonanı məktəbə aparmalı idi, sonra nəşriyyata işə getməli idi) yatdı, amma ömrünün ən şirin yuxusunu yatdı.

Ikinci gün axşam bufetdən yarım saatlıq qaçıb gəlmiş Mürsəl içəri girən kimi, Əlipaşa yazdıqlarının hamısını ona oxudu və həmin anlarda ürəyi yüksək maarifçi hisslərlə dolmuş Mürsəl də heyranlıqla başını bulaya-bulaya bu şerlərə qulaq asıb ağız dolusu təşəkkür elədi, Əlipaşanın yazdığı əsərləri qoltuğuna vurub apardı. Iki gündən sonra Əlipaşa müqavilə üzrə ona çatacaq qonorarın hamısını alıb gətirib Züleyxaya verdi, amma o yaradıcılıq fəaliyyətinin, o üçrəqəmli məbləğin sevinci çox çəkmədi, çünki beş-altı gündən sonra pilləkəndə Mürsəllə rastlaşanda çox pis bir hadisə baş verdi.

Mürsəl açıq-aşkar bir kinlə (hətta nifrətlə!) Əlipaşaya baxa-baxa: « – Alə, – dedi, – sənin əlindən bir iş-zad gəlmirmiş ki, alə! Allah səni biabır eləsin, biabır eləmisən məni o boyda kişinin yanında!». Ayaq üstə çaşbaş qalmış Əlipaşaya haçandan-haçana məlum oldu ki, plakatlara yazdığı o şerlərin üstündə az qalıblar Mürəsəlin hörmətli dostunu (həmin kişini!) işdən çıxarsınlar, axırda xətir-hörmət qoyub şiddətli töhmətlə kifayətləniblər. Mürsəl yana-yana: «–Alə, elə də şer yazarlar? – dedi, sonra da o şerləri yamsıladı: – Dizenteriya oldum, mən nə bilim neylədim?.. Ay-hay! sən lap bisavadıymışsan ki, alə!..»

Həmin gündən sonra, Mürsəl, təbii ki, bir də heç vaxt Əlipaşanı evindəki məclislərə dəvət etmədi, blokun pilləkənlərində, ya həyətdə rastlaşanda ötəri bir salam verib keçdi və Əlipaşa hələ burasını bilmirdi ki, Mürsəl daha bir də heç vaxt kitab mağazalarına girib qalın kitabları vərəqləmədi, o yazıq Drayzerlə Rəşad Nuri əfəndinin kitablarını da o qonaq otağındakı dolabdan götürdü. Ancaq bir dəfə Mürsəl yenə də Əlipaşagilin zəngini basdı və bir balaca çəkinəçəkinə belə bir təklif etdi ki, bir dostu qəbiristanlıq işləri ilə məşğuldu, o adamın qəbir daşlarında yazdırmaq üçün təsirli şerlərə ehtiyacı var (yəni ki, həmin təsirli şerləri qəbiristanlıqda yatan o rəhmətliklərin qohum-əqrəbasına satacaqdı ki, əzizlərinin qəbir daşlarına həkk elətdirsinlər) və yox, yox, o şerləri Əlipaşa özü yazmasın, başqa böyük şairlərin şerlərindən dünyanın vəfasızlığı barədə misallar tapsın versin, o adam da nə qədər lazımdısa, bu zəhmətin haqqını ödəsin. Bu, əlbəttə, asan bir iş idi, hələ tələbəlik illərində Füzulinin, Seyid Əzimin, Vahidin kitablırını almışdı və o kitablar indiyədək Əlipaşanın evdəki balaca kitabxanasında idi, amma Əlipaşa Mürsəlin bu yeni təklifini qəbul etmədi, yumurtasayağı balaca və dolu Mürsəl həmin anlarda Əlipaşanın gözlərində yeyib kökəlmiş qəbir qurdlarına oxşayırdı...

Qar bərkiyirdi və yavaş-yavaş təkcə tut ağacının dibindəki kiçik kvadrat torpaq sahələri yox, səkilərin qırağı, küçə eyvanlarının sürahiləri, hərdənbir küçədən ötən maşınların üstü də kağız kimi nazik qar layı ilə örtülürdü. Əslində, yəni lap əslində, o «Temp-2»ni təhvil vermək, rəngli televizor almaq, bu qarlı cümə günü işdən sonra beləcə əlləri cibində (bir balaca da üşüyə-üşüyə...) univermağa getmək Əlipaşanın ürəyindən deyildi, çünki köhnə televizor indinin özündə də göstərirdi və bu qədər xərcə düşməyin, əziyyət çəkməyin mənası yox idi, amma Züleyxa belə qərara gəlmişdi və deməli, belə də olmalı idi, mübahisəyə ehtiyac yox idi.

Ümumiyyətlə, televizorun özü də dünyanın qəribə hadisələrindən biri idi; təkcə o mənada yox ki, elm, texnika inkişaf edib (bu, necə deyirlər, öz yerində!), ona görə ki, misal üçün, qədimlərdə göbək rəqsinə ancaq saraylarda padşahlar tamaşa eləyərdi, amma indi televizorda bütün camaat baxır, göbəyi də bütün ekran boyu göstərirlər, özü də rəngli...

İKİNCİ FƏSİL

Şair Səlim Sürəyya keçən il Türkiyədən gətirdiyi (ora yaradıcılıq ezamiyyətinə getmişdi) kürkü çiyninə salıb «Sağlamlıq» restoranının qabağında var-gəl edirdi; beş dəqiqə bundan əvvəl məclisdən qalxıb su başına çıxmışdı və təzədən məclisə qayıtdığı zaman restoran dəhlizinin geniş pəncərəsindən get-gedə bərkiyən qarı görəndə, neçə müddətdən bəri təbiətin qoynunda olmadığı üçün özünü saxlaya bilmədi, asqıdan kürkünü götürüb çiyninə saldı və isti yeməklərin, konyakın, gözəl sağlıqların səbəbindən içəridən buğlana-buğlana küçəyə çıxdı.

Səlim Sürəyya hələ lap balaca ikən atası onu və anasını atıb, gedib başqa bir rayonda arvad almışdı və anası Səlim Sürəyyanı təkbaşına böyütmüş və Səlim Sürəyya da böyüyüb şer yazmağa başlayanda heç sifətini də yadına gətirmədiyi atasının yox, anası Sürəyyanın adını özünə təxəllüs götürmüşdü. Əlbəttə, arvad adını özünə təxəllüs götürmək çoxunun gülüşünə səbəb olurdu, amma Səlim Sürəyya həmin istehzalardan, gülüşlərdən, yuxarıda dayanırdı, çünki əsl sənətkar həmişə dedi-qodu söhbətlərindən, hisslərindən yüksəkdə dayanmağı bacarmalıyıdı və bu minval ilə bir müddət keçəndən sonra oxucuların və ən başlıcası isə, həmkarlarının qulağı bu ada öyrəşdi.

Səlim Sürəyyanın təxəllüslərindən yeganə bir adam narazı qaldısa, o da doğma atası oldu; günlərin bir günündə Səlim Sürəyyagilə balaca bir kişi gəldi və məlum oldu ki, həmin balaca kişi şairin doğma atasıdı; atası öz adını təxəllüs götürmədiyi üçün oğlunu xeyli məzəmmət etdi və Səlim Sürəyya da qabağında oturub onu danlayan və iştahla evdə olanlardan yeyən bu kişinin boynuna, arıq vücuduna, çənəsinin, əllərinin, qollarının, çiyninin, boğazının nazik sümüklərinə baxa-baxa heyrət içində donub qalmışdı ki, görəsən, doğrudan da, Səlim Sürəyya boyda cəmdəyin atası bu sısqa, bu cılız kişidi? Amma atası tək gəlməmişdi, boy-buxunda Səlim Sürəyya kimi əzəmətli bir qızla gəlmişdi və məlum oldu ki, həmin əzəmətli qız da Səlim Sürəyyanın bacısıdı, atası rayondan gətirmişdi ki, Səlim Sürəyya kömək eləyib bu bacısını instituta düzəltsin. Əlbəttə, sənətkar gərək xırda hisslərdən yüksəkdə dayanmağı bacarsın və Səlim Sürəyya da özünü oda-közə vurub, tanışbiliş tapıb təzə peyda olmuş bacısının instituta girməyinə kömək elədi, amma sonra da məlum oldu ki, həmin balaca, sısqa kişinin bu cür əzəmətli daha yeddi qızı var və həmin yeni bacıların hamısı ildən-ilə Bakıya gəlib, şairin evinə düşüb instituta girmək istəyirdilər... Nə isə...

Küçədən ötənlərin bəzisi şair Səlim Sürəyyanı görüb tanıyırdı, çönüb baxırdı, him-cim ilə onu bir-birlərinə göstərirdilər və tanımadığı yad adamların maraq dolu bu baxışları da, bayaq məclisdə şərəfinə söylənən o sözlər də, hər halda, həyatını əbəs yerə yaşamadığından xəbər verirdi: xalq Səlim Sürəyyanı tanıyırdı və bunu fikirləşəndə həmin qarlı cümə günü Səlim Sürəyyanın onsuz da konyakdan, isti restoran havasından qızışmış bədəninə daha artıq bir hərarət gəldi və Səlim Sürəyya burasını da hiss etdi ki, indicə ürəyindən xalqımız haqqında, vətənimiz haqqında gözəl misralar axıb gələcək, amma elə bu vaxt əllərini nimdaş qara paltosunun ciblərinə soxub, fikirli-fikirli küçə ilə üzüyuxarı qalxan Əlipaşanı gördü.

O qarlı cümə günü «Sağlamlıq» restoranının qabağında var-gəl elədiyi həmin anlarda şair Səlim Sürəyyanın ürəyində yer üzündəki bütün insanlara sonsuz bir məhəbbət var idi və əlbəttə, Əlipaşa da həmin insanlardan biri idi, universitetdə bir yerdə oxumuşdular, Əlipaşanın bu qara nimdaş paltosu, bu fikirli-zikirli sifəti bu gözəl qarlı gündən çox seçilirdi, bu gözəl qarlı günün «Sağlamlıq» restoranının qabağındakı ab-havasından çox fərqlənirdi və doğrusu, elə bil, Səlim Sürəyyanın qəlbindəki sarı simə titrək, xəfif, incə bir mizrab toxundu və şair böyük qollarını geniş açıb qüdrətli sinəsini irəli verdi, iti addımlarla Əlipaşanın qabağına yeriyib gur səsi ilə:

– Əzizim! Mənim əzizim! – dedi və daha başqa bir söz tapmayıb, o sarı simin titrəyişindən dolmuş gözləri ilə bir neçə an Əlipaşanın gözlərinin içinə baxdı, sonra

Əlipaşanı bərk-bərk qucaqlayıb bağrına basdı.

Əlipaşa küçənin ortasında birdən-birə belə bir coşğun ehtiraslı görüş gözləmirdi və şair Səlim Sürəyyanın qollarının arasında qalıb bilmirdi ki, nə eləsin, amma şairin kürkünün astar tərəfdən yumşaq yunu sifətinə dəydikcə, şairin isti nəfəsini duyduqca, şairin sinəsinin, qollarının qüdrətini hiss etdikcə, elə bil bu gözlənilməz görüşün səmimiyyəti, mehribanlığı Əlipaşaya da sirayət etdi, Əlipaşa da imkanı daxilində Səlim Sürəyyanı qucaqladı, hətta az qaldı Əlipaşanın da gözləri dolsun; düzdü, Səlim Sürəyyanın isti nəfəsi açıq-aşkar tünd konyak iyi verirdi, amma, elə bil, o dəm o konyak iyinin özü də səmimiyyətə çağırırdı və həmin səmimiyyətdə bir yerdə oxuduqları o gözəl çağlardan, o gözəl tələbəlik illərindən, gənclik illərindən ötən iyirmi yeddi-iyirmi səkkiz ilin qürbəti, kövrəkliyi var idi.

Əlipaşa universitetdə bir yerdə oxuduqları başqa tələbə yoldaşlarına nisbətən Səlim Sürəyyanı daha tez-tez görürdü, çünki Səlim Sürəyya tez-tez nəşriyyata gəlirdi; düzdü, müfəssəl hal-əhval tutmağa bir o qədər də vaxt olmurdu (yəqin ki, Səlim Sürəyya tərəfdən bir o qədər həvəs də olmurdu, amma Əlipaşa heç vaxt bunun fərqinə varmazdı), şair həmişə tələsirdi; eləcə salamlaşırdılar, «nə var, nə yox?» və bir dəfə Əlipaşa öz gözləri ilə görmüşdü ki, Səlim Sürəyya kabinetə girən kimi, müdir Əlimuxtar müəllim Əlipaşanın uzatdığı nəşriyyat kağız-kuğuzunu bir tərəfə itələyib ayağa qalxdı, qapının ağzınacan gedib şairi qarşıladı. Səlim Sürəyya, nəhayət, Əlipaşanı buraxdı və bu dəfə rus dilində:

– Doroqoy moy! – dedi. – Gedək! – Və Əlipaşanı özü ilə darta-darta «Sağlamlıq» restoranının iri qapılarına tərəf apardı.

Əlipaşa:

– Hara gedirik? Axı, hara gedirik, ay Səlim müəllim?.. – deyirdi, amma heç bir cavab almırdı.

Içəri girib restoranın asqısının qabağında dayananda Səlim Sürəyya bir zəndlə Əlipaşanın gözlərinin içinə baxdı, özünü saxlaya bilmədi, təzədən tələbə yoldaşını bərk-bərk qucaqlayıb yenə də rus dilində:

– Tı moy rodnoy! – dedi, özü o nimdaş qara paltonu Əlipaşanın əynindən çıxartmağa başladı.

Əlbəttə, Əlipaşa başa düşdü ki, Səlim Sürəyya onu yeyib-içməyə aparır və o rəngli tetevizorun narahatlığı ürəyində bir nigarançılıq əmələ gətirdi, amma qəribə idi, Əlipaşa qəti bir hərəkət eləyə bilmədi, yəni Səlim Sürəyyanın dəvətinə qəti etiraz eləyə bilmədi, çünki... çünki o nigarançılıqda nəsə başqa bir şey də var idi və o «başqa şey»də gizli bir hərarət, istilik var idi; məsələ onda deyildi ki, Əlipaşagilin evində heç vaxt qonaqlıq olmazdı, Züleyxa yaxşı xörəklər bişirərdi, amma içki heç vaxt olmazdı, bayramlarda da həmişə qayınanasıgilə gedərdilər və orada da, adətən, içki olmazdı (düz altı gündən sonra, bu dəfə, səksən beşinci ili qayınanasıgildə qarşılayacaqdılar) və ümumiyyətlə, Əlipaşa yemək-içmək məclislərində çox az olardı, ildə, iki ildə bir dəfə Züleyxa ilə birlikdə hansı qohumunsa (əsas etibarilə Züleyxa tərəfdən) toyuna gedərdi, vəssalam (bir də ki, təzə evə köçdükləri ilk vaxtlar qonşusu Mürsəlin məclislərində); yəqin əsas məsələ burasında idi ki, Əlipaşanın ürəyinin lap dərinliklərində birdən-birə nəsə bir ərəfə hissi, daha doğrusu, bir ərəfə sevinci, ərəfə şövqü əmələ gətirmişdi.

Asqıçı kişi Əlipaşanın əynindəki o qara nimdaş paltonu çıxartmaqda Səlim Sürəyyaya kömək elədi, sədaqət, məhəbbət və ehtiram dolu gözləri ilə şairə baxıb, nədənsə, başını tərpədə-tərpədə gülümsədi, sonra Əlipaşaya baxdı və Əlipaşa hiss etdi ki, asqıçı kişinin gözlərindəki həmin sədaqətdən, məhəbbətdən, ehtiramdan bu dəqiqələrdə onun da payına nəsə düşür və burası Əlipaşanın heç xoşuna gəlmədi, çünki sədaqət də, məhəbbət də, ehtiram da sədəqə deyildi; Əlipaşa qəddini düzəltdt, boynundakı şərfi, sulu qardan islanmış yaşıl şlyapasını başından çıxarıb özü asqıçıya verdi, pencəyinin döş cibindən darağını çıxarıb saçlarını daradı, Səlim Sürəyya isə kürkünü asqının sürahisinin üstünə atdı və ikisi də bir yerdə dəhlizdən keçib zalın qapısına tərəf getdi.

Qəribə idi, indicə küçədə Əlipaşa Səlim Sürəyyanın güclü qolları arasında bilmirdi ki, nə eləsin, çolpa bıçaq altında çapalayan kimi, Səlim Sürəyyanın qolları arasında çapalayırdı, amma elə ki, o asqıçı kişi gözləri ilə Səlim Sürəyya üçün nəzərdə tutulmuş sədaqətdən, məhəbbətdən, ehtiramdan ona da bir pay sədəqə verdi, Əlipaşa özü daxilən hiss etdi ki, nəsə başqa bir adam oldu, çünki Əlipaşanın da, Züleyxanın da heç bir sədəqəyə ehtiyacı yox idi və bütün bunlar, əlbəttə, belə idi, amma qapını açıb zala girəndə o tərəddüd, o qətiyyətsizlik və ən başlıcası isə, o nigarançılıq təzədən Əlipaşanın ürəyini bürüdü.

Əlipaşa elə bilirdi ki, restoranda Səlim Sürəyya ilə ikisi üzbəüz oturub dərdləşəcəklər, o gözəl tələbəlik illərini yada salacaqlar, hətta bu iyirmi altı-iyirmi yeddi ildə vaxtsız həyatdan getmiş bir neçə tələbə yoldaşları bir-bir Əlipaşanın gözlərinin qabağına gəlmişdi, çünki Əlipaşa istəyirdi ki, bir halda ki, beləcə gözlənilməz rastlaşdılar, bir halda ki, beləcə restorana gedirdilər, onda gərək o dostların ruhunun şərəfinə söz desinlər, amma içəri girən kimi, məlum oldu ki, əhvalat başqa imiş, təxminən iyirmi nəfərlik böyük bir məclisin şıdırğı vaxtı imiş və o böyük məclisdə elə hörmətli adamlar oturmuşdu ki, Əlipaşa onların çoxunu ancaq televizorda və bəzən də iclaslarda görmüşdü və məclisdəki o adamların arasında Əlipaşa Əlimuxtar müəllimi də gördü.

Səlim Sürəyya əzəmətli sağ qolu ilə Əlipaşanı qucaqlayıb qoltuğuna sıxdı və restoran boyu iti addımlarla məclisə yaxınlaşıb gur səsi ilə:

– Görün məclisimizə kim təşrif buyurub! – dedi və Səlim Sürəyyanın səsi o dəm o «Sağlamlıq» restoranında elə guruldadı ki, nəinki məclisin iştirakçıları, hətta kənar mizlərin arxasında oturmuş başqa adamlar da səslərini kəsib Əlipaşaya tərəf boylandı və şairin səsi məclis adamlarına necə təsir etdisə, Əlipaşanın gəlişinə hamı hay-küylə sevindi, kimi ayağa qalxdı, kimi əl çaldı, kimi «ura» qışqırdı, Səlim Sürəyya isə, qolunu daha geniş açıb Əlipaşanı bağrına basdı, o üzündən, bu üzündən öpdü...

Mürsəlin gözləri kəlləsinə çıxdı və kolbasa əvəzinə az qaldı barmağını kəssin...

Güclə Səlim Sürəyyanın qucağından çıxan Əlipaşaya məlum oldu ki, bu gün – bu qarlı cümə günü universitetdə bir yerdə oxuduqları Məlik Həşimli filologiya üzrə doktorluq dissertasiya müdafiə edib və bu məclis də həmin münasibətlədi; mizin üstündəki araq, konyak, çaxır şüşələrinin boşalanı boşalmışdı, boşalmayanı da hələlik yarımçıq idi; Məlik xüsusi olaraq mizin arxasından çıxdı, gəlib Əlipaşanı qucaqladı:

– Səni tapa bilmədim... – dedi, yəni ki, səni tapa bilmədiyim üçün bu məclisə dəvət etməmişəm və əlbəttə, Məlik yalan deyirdi, çünki dünyada Əlipaşanı tapmaqdan asan bir şey yox idi (və Əlipaşa özü də bunu çox gözəl bilirdi), ya nəşriyyatda olacaqdı, ya da evdə, amma Məliyin bu gözgörəti yalanı Əlipaşaya bir o qədər də təsir etmədi, çünki Məliyin gicgahlarında ağappaq ağarmış saçlar Əlipaşaya çox təsir etdi: neçə illər idi ki, Əlipaşa Məliyi beləcə yaxından görməmişdi, televizorda görürdü, bəzən iclaslarda görürdü (Məlik həmişə rəyasət heyətində otururdu), amma beləcə yaxından son illərdə birinci dəfə idi ki, görürdü və o ağappaq ağarmış saçlar bu dəm Əlipaşaya həyatın səsçatmaz, ünyetməz bir sürətlə keçib getməyindən xəbər verirdi və Əlipaşa özü də Məlik kimi, Səlim Sürəyya kimi, yer üzünün bütün məxluqatı kimi, həmin sürətlə gedən qatarın içində idi – qatar beləcə bir sürətlə əvvəldən axıra aparırdı və axır yaxınlaşırdı (əvvəllər Əlipaşa heç vaxt belə şeylər barədə fikirləşməzdi, amma son zamanlar hərdənbir fikirləşirdi...).

Məlik universitetdən sonra aspiranturanı da qurtardı, namizədlik dissertasiyası müdafiə etdi, Məliyin məqalələri səs saldı, Məlikdən söz düşəndə hamı bu fikirdə idi ki, söhbət gələcəyin akademikindən gedir, amma Məlik yavaş-yavaş hörmətli vəzifələrə keçdi, yavaş-yavaş ədəbiyyatdan uzaqlaşdı, bir müddət beləcə davam etdi, sonra o hörmətli vəzifələr daha bir-birini əvəz etmədi, indi Məlik son on iki-on üç ildə eyni bir vəzifədə işləyirdi; nə yuxarı qalxırdı, nə də aşağı düşürdü, hər dəfə hardasa daha yüksək bir vəzifə boşalanda o saat şayiə yayılırdı ki, həmin vəzifəyə Məliyi qoyacaqlar, amma Məliyi heç hara qoymurdular və o zaman ki, vəzifə barədə şayiə yayılırdı – «Məliyi nazir qoyurlar», yaxud «Məliyi komitəyə sədr aparırlar» – doğrusu, Əlipaşa bu şayiənin düz olub-olmayacağını səbrsizliklə gözləyirdi və o səbrsizlikdə qəribə bir hiss var idi: əlbəttə, Məlik Əlipaşa ilə bir yerdə oxumuşdu, Məlik pis oğlan deyildi, Əlipaşa hardasa onun təəssübünü çəkirdi, amma bütün bunlarla bərabər, o səbrsizlikdə bir idman ehtirası, idman azarkeşliyi var idi. Mizin arxasında, Məliklə Səlim Sürəyyanın arasında Əlipaşa üçün yer düzəltdilər, restoranın orkestri gurultu ilə nəsə çalmağa başladı, amma Səlim Sürəyya ayağa qalxıb əli ilə uzaqdan-uzağa orkestrə işarə elədi və bu məclisin iştirakçılarından da başqa, «Sağlamlıq» restoranında xeyli adamın yeyib-içməyinə baxmayaraq, orkestr o saat susdu və şair əvvəlcə astadan öz-özünə:

– Yuxarılarda da restoranlardakı kimi hörmətim olsaydı, yaxşı olardı... – dedi, sonra o sağlam, o gur səsilə, mirvari kimi bir-birinin ardına düzülən gözəl sözlərlə, lüğətlərin dərinində gizlənmiş gözəl ifadələri tapıb çıxara-çıxara Əlipaşanın şərəfinə çox gözəl bir sağlıq dedi, Əlipaşanın təvazökarlığından, güzgü kimi qəlbindən, uşaq kimi kövrəkliyindən, dostluqda sədaqətindən danışdı, ümumiyyətlə, yer üzündə təvazökarlığın, təmizliyin sədaqətin ucalığından, ülviliyindən danışdı və sonra şair özü dediyi o gözəl sözlərdən, işlətdiyi o gözəl ifadələrdən, elə bil ki, vəcdə gəldi, yaradıcı bir ehtirasla Əlipaşanın xalqa məhəbbətindən, vətənə məhəbbətindən danışdı, xalqın, vətənin əbədiliyindən dedi və məclisdəkilərin hamısı qədəhləri Əlipaşanın şərəfinə qaldırıb içdilər və restoranın orkestri də şair Səlim Sürəyyanın söylədjiyi sağlığın şərəfinə tuş çaldı...

...Mürsəl Zeynəbə baxdı, Zeynəb Mürsələ baxdı və ikisi də bir yerdə təəccüb, hətta, heyrət dolu gözlərini restoranın yuxarı başındakı məclisə dikdi... Əlipaşaya elə gəlirdi ki, şairin söylədiyi o sağlıq kiminsə, tamam başqa bir adamın haqqındakı; restoranın enli pəncərələrindən küçədə yanan neon lampaları görünürdü və o lampaların işığında qar elə lopa-lopa yağırdı ki, külək qarı elə oynadırdı ki, Əlipaşa başını buladı: beşcə dəqiqənin içində qar necə artmışdı və Əlipaşa ayaqüstə durub məclisin adamlarına təşəkkürünü bildirə-bildirə əlində tutduğu bir qədəh arağı dibinə kimi başına çəkdi...

...Mürsəl o bir qədəh arağı birnəfəsə başına çəkən Əlipaşaya baxa-baxa:

– Ay bərəkallah! – dedi və həmişə hərəkətdə olan balaca və cəld gözlərini Əlipaşadan çəkib yenə də mat-mat Zeynəbə baxdı və Zeynəb də dünya görmüş adamlar kimi, başını tərpətdi, yəni ki, belədir dünyanın işləri...

Məsələ burasında idi ki, Zeynəb hər iki gündən bir, bəzən də hər gün axşamçağı «Sağlamlıq» restoranında bufetçi işləyən ərinin iş yerinə, yəni bu restorana baş çəkirdi, Mürsəl də bolqar pendirindən, fin kolbasasından, macar şorabasından, özümüzün toyuq soyutmasından, ət qızartmasından, qara, ya qırmızı kürüdən – bir sözlə, nə vardısa, ondan bir az artıq, bir az əskik kəsib götürürdü, səliqə-sahmanla büküb qoyurdu Zeynəbin həmişə boş gəlib dolu qayıdan yekə çantasına və həmin qarlı cümə günü də Zeynəb boş çantasını əlinə alıb ərinə baş çəkməyə gəlmişdi; yekə çanta «Sağlamlıq» restoranının işçiləri arasında o qədər məşhur idi ki, Zeynəbin bufetdə ərinin yanına gəlib-getməyini kənar gözlərdən gizlətməyə, örtbasdır eləməyə heç bir ehtiyac yox idi, hamı buna adət eləmişdi, necə ki, müştərilər gəlib yeyib-içib, pulunu verib gedirdi, necə ki, sağlıqlar deyilirdi, rəqs edilirdi, çirkli qab-qaşıqlar yığışdırılırdı, külqabılar boşaldılırdı, o cür də Zeynəb axşamlar boş zənbillə bufetə gəlib dolu zənbillə evlərinə qayıdırdı.

Məşhur qələm ustası Səlim Sürəyyanın Əlipaşanı qucaqlayıb gətirməsi, restoranın yuxarı başındakı hərarətlə, səs-küylə qarşılamağı, Səlim Sürəyyanın Əlipaşanı bağrına basıb öpməyi, sonra o cür gözəl, o cür ağıllı sözlərlə (o məclisdəki bütün söz-söhbətin hamısı Mürsəlin açıq bufetində aydın eşidilirdi) Əlipaşanın şərəfinə sağlıq deməyi və adətən, içkini dodağına vurub yerə qoyan Əlipaşanın (Mürsəl bunu qabaqlar öz evindəki məclislərdə görmüşdü) o bir qədəh arağı birnəfəsə başına çəkməyi Mürsələ də, Zeynəbə də son dərəcə təsir etmişdi. Zeynəb iri qara gözləri ilə Əlipaşaya tərəf işarə eləyib:

– Sənə deyirdim də, belənçinə fağırlığına baxma bunun, bicin biridi, inanmırdun!.. – pıçıldadı, sonra yenə Əlipaşaya baxdı və həmin cümə günü o «Sağlamlıq» restoranında Zeynəb, elə bil, birdən-birə kəşf elədi ki, yeddi ilin qonşusu kimi, demək olar ki, hər gün ya həyətdə, ya pilləkənlərdə, ya eyvanda gördüyü bu adam, bu sakit, bu dinməz adam, yəni Əlipaşa əməlli-başlı yaraşıqlı bir kişidi...

Əlipaşa açıq-aşkar hiss etdi ki, o bir qədəh araq onu az qala kefləndirib, hər halda, elə bil, yaz gəlmişdi, Əlipaşanın, az qala, qanı qaynamağa başlamışdı, amma əslinə qalsaydı, Əlipaşa bayaq küçədə Səlim Sürəyya ilə qucaqlaşandan bəri keflənməyə başlamışdı: məsələ onda deyildi ki, şair Səlim Sürəyyanın isti nəfəsi tünd konyak qoxusu ilə dolu idi; məsələ onda idi ki, elə bil, Səlim Sürəyya qüdrətli qolları ilə Əlipaşanı qucağına alıb, tamam başqa bir aləmə aparırdı və o aləm Əlipaşanın gündəlik həyatından, güzəranından çox fərqlənirdi və ən başlıcası isə, Əlipaşa özü də bunu çox yaxşı hiss edirdi, duyurdu.

Indi «Sağlamlıq» restoranında, hörmətli adamların, o cümlədən müdir Əlimuxtar müəllimin iştirak etdiyi bu məclisdə oturub və bu dəfə də Məliyin dediyi sağlığa qulaq asan Əlipaşaya elə gəldi ki, bayaq Səlim Sürəyya onu qucaqlayanda, onu gündəlik həyatından fərqlənən həmin aləmə aparanda, əslində Əlipaşanın özü o aləmə can atırmış, çünki Əlipaşanın ürəyində nə vaxtdan bəri o aləm üçün bir həsrət yaranmışmış, Əlipaşa özü nəşriyyatda başlayıb evdə qurtaran həyatından qaçıb harasa getmək istəyirmiş, Səlim Sürəyya ilə bu gözlənilməz görüş də onun üçün fürsət imiş və Əlipaşa fikirləşdi ki, hərgah doğrudan da, ürəyində elə bir həsrət qubar bağlayıbmışsa, onda, çox pis, onda, ona, yəni Əlipaşaya ayıb olsun... çünki, belə imişsə, onda bu, xəyanət idi, nəyə xəyanət idi? Kimə xəyanət idi? Bilmirdi, amma, hər halda, xəyanət idi... sonra o asqıçı kişinin gözlərindəki həmin sədəqə payı yadına saldı və bir qədəh arağın təsiri, elə bil ki, xeyli azaldı.

O qar nə yaman bərk yağırdı elə?..

O çox uzaq illərdə ki, universitetdə bir yerdə oxuyurdular, onda başını aşağı salıb sürətlə mühazirə yazmaqdan Əlipaşanın sağ əlinin qələm tutan barmaqları döyənək bağlamışdı. Məlik isə, ömründə heç vaxt mühazirə yazmazdı, amma elə ki, imtahanlar başlayırdı, Məlik Əlipaşadan yaxşı cavab verirdi, çünki Məliyin zehni Əlipaşanın zehnindən çox iti idi və burada Əlipaşa üçün təəccüblü bir şey yox idi. Qara bax e...

Məliyin pencəyi həmişə düyməli olardı, qalstuku həmişə səliqə ilə ağ köynəyinin ortasında dayanardı (hər halda, rəyasət heyətlərində oturanda, televizorda danışanda belə olardı), amma indi pencəyinin yaxası açıq idi, qalstukunun düyünü sürüşüb bir tərəfə əyilmişdi, gözlərində bir rahatlıq var idi və gözləri xumarlanırdı, sözləri də, az qala, Səlim Sürəyya kimi, bir-birinin ardınca düzürdü və Məlik hərdənbir əlində tutduğu qədəhə baxa-baxa elmin, ədəbiyyatın daimi olduğundan, dünyadakı bütün vəzifələrin isə müvəqqəti olduğundan danışdı. Hüseyn Caviddən gözəl bir şeri əzbər söylədi və Məlik də fırladıb-fırladıb birdənbirə gözlənilmədən gəlib Əlipaşanın üstünə çıxdı, bu sadə, bu təvazökar Əlipaşanın əslində çox-çox yüksəklərdə dayandığından danışdı, çünki sadəlik, təvazökarlıq da sənət kimi əbədi bir vergi idi; təzədən Əlipaşanın şərəfinə qədəh qaldırmağı, dübarə Əlipaşanın sağlığına içməyi təvəqqe etdi.

Əlipaşa özü də hiss etdi ki, qızarır, çünki diqqət, tərif həddini aşırdı və yenə də ayağa qalxdı, yenə onun sağlığına içənlərə bir-bir baş əyib təşəkkürünü bildirdi, əlində tutduğu qədəhdəki arağı bu dəfə də birnəfəsə başına çəkdi...

...Mürsəl:

– Day sənə sözüm yoxdu mənim!.. – pıçıldadı, Zeynəb isə yavaş-yavaş şövqlə işıldamağa başlayan iri qara gözləri ilə Əlipaşanı başdan-ayağacan nəzərdən keçirdi...

Düzdü, restoranın orkestri Məliyin söylədiyi sağlığın şərəfinə tuş çalmadı, amma müdir Əlimuxtar müəllim qədəhini xüsusi olaraq Əlipaşaya tərəf uzatdı:

– Sağ ol, əzizim, – dedi. – Sənin sağlığına!.. – Gülümsədi və içdi. Müdir Əlimuxtar da araq içdi, üstündən pomidor şorabası yedi, amma içəndə heç gözünü də qırpmadı.

Əlbəttə, müdir Əlimuxtar müəllim də insan idi, Əlimuxtar müəllim də yer üzünün bütün bəndələri kimi, yeyə bilərdi, gülə bilərdi, amma Əlipaşa heç cür ağlına sığışdıra bilmirdi ki, müdir Əlimuxtar müəllim araq içib, üstündən də beləcə pomidor şorabası yeyər; nə üçün? burada nə qəribə iş vardı və arağın üçtündən pomidor yemək nə qəribə hadisə idi – bilmirdi, amma Əlipaşa məhz o nəzakətli, həmişə gülümsəyən, eyni zamanda çox ciddi bir adam olan, nəşriyyatda kimsə işə bircə dəqiqə belə geciksə, həmin adamdan yazılı izahat tələb eləyən və hamının gözünü açıb nəşriyyat müdiri gördüyü Əlimuxtar müəllimin beləcə araq içib, gözünü qırpmaması, üstündən də gündəlik bir şey kimi, şoraba pomidor yeməyi Əlipaşanın ağlına sığışmırdı; hər halda, bu da dünyanın təəccüblü işlərindən biri idi. Sən bir qara bax...

Şair Səlim Sürəyya gur səsinin imkanı daxilində yavaşdan:

– Tı moy doroqoy! – dedi. – Sən bizə baxma, ye! Biz səhərdən bəri burda yeyirik. Arağı ki, içdin, gərək yeyəsən! Bizə baxma sən!.. – Sonra şair əlini uzadıb mizin ortasındakı boşqabdan qızardılmış iri bir toyuq budu götürdü və budu yuxarıdan aşağı dişinə elə çəkdi ki, çılpaq sümükləri ağappaq ağardı. Əlipaşa özünü saxlaya bilməyib güldü:

– Yaxşı ki, hələ möhkəm yemisən!.. – dedi və elə bil, bu sözlərlə ürəyindəki o nigarançılıq, o sıxıntı, o götür-qoylar yavaş-yavaş çıxıb getməyə başladı, elə bil, darısqal, qaranlıq, içindəki həpir-çupuru nəm çəkmiş bir örtülmüş pəncərələri taybatay açdı, içəri təmiz hava doldu, işıq doldu və Əlipaşa heç özü də bilmədi ki, necə ayağa qalxdı, necə sağlıq söyləməyə başladı; əvvəlcə ürəyi bərkdən döyündü, əlində tutduğu qədəh titrədi, amma get-gedə Əlipaşa özü də hiss etdi ki, yaxşı danışır, ürəyi sakitləşməyə başladı, əlindəki qədəh əvvəlki kimi titrəmədi, hətta sağlığı deyə-deyə beynindən belə bir fikir keçdi ki, sən demə, sağlıq demək, özü də lap bu cür hörmətli məclislərdə sağlıq demək elə çətin bir iş deyilmiş və qabaqlar hərdənbir Züleyxa ilə qohum-əqrəbanın toyuna gedəndə bütün toy boyu nahaq nigarançılıq çəkirmiş ki, birdən ona söz verərlər, birdən məcbur olar ki, sağlıq desin və deyə bilməz, biabır olar; o unudulmaz universitet illərini xatırladı, Məliyin cavanlığını, şair Səlim Sürəyyanın cavanlığını məclisdəkilər üçün təsvir etdi, onlara dərs deyən və indi həyatda olmayan məşhur professorları yada saldı, ötüb gedən illərdən danışdı, dedi ki, həqiqətin gözünə dik baxmaq lazımdı, bu məclisə təsadüfən gəlib çıxıb, amma bu təsadüfün özündə bir gözəllik var, çünki onu bu dəqiqə bu məclisə bağlayan hisslər dünyanın ən təmiz, ən pak hissləridir və Əlipaşa ürəkləri birləşdirən o təmiz, o pak hisslərin şərəfinə içməyi təklif etdi.

Əlipaşa danışanda Səlim Sürəyya orkestrə işarə edərək əlini yuxarı qaldırmışdı və elə ki, Əlipaşa sağlığını deyib qurtardı, Səlim Sürəyya əlini aşağı saldı, orkestr şairin xasiyyətinə yaxşı bələd olduğu üçün, o saat Əlipaşanın söylədiyi sağlığın şərəfinə tuş çaldı. Məlik də, Səlim Sürəyya da qalxıb Əlipaşanı qucaqladı, öpdü, bir neçə başqası da gəlib Əlipaşanı qucaqladı, öpdü və ən təsirlisi bu oldu ki, müdir Əlimuxtar müəllim də durub gəlib Əlipaşanın qabağında dayandı və Əlipaşa heyrət içində baxıb gördü ki, müdir Əlimuxtar müəllimin gözləri dolub, Əlimuxtar müəllim də onu qucaqlayıb öpdü.

– Sağ ol! – dedi. – Çox sağ ol! – Və gözlərinin yaşını sildi. – Yaxşı dedin! Sənin sağlığına! – Əlində tutduğu qədəhdəki arağı içdi, heç gözünü də qırpmadı. Səlim Sürəyya isə içəndən sonra üz-gözünü elə turşutdu ki, elə bil bundan sonra bir də heç vaxt dilinə konyak vurmaz və bu dəfə üz-gözünü eləcə turşudub əlindəki boş qədəhi mizin üstünə qoydu və yenə də əli ilə orkestrə işarə elədi; orkestr o saat şairin çox sevdiyi «Xançobanı» rəqsini çaldı, klarnet mikrofonun qabağına gəldi, zildən bir solo başladı, şair yerindən qalxdı, qollarını geniş açıb oynaya-oynaya Əlipaşanın qabağına gəldi və bu zaman Əlipaşanın yatsa da yuxusuna girməyəcək bir hadisə baş verdi: Əlipaşa ayağa qalxdı, qollarını açdı və ikisi də oynaya-oynaya mizin arxasından çıxıb restoranın rəqs meydançasına gəldilər.

Əlipaşa axırıncı dəfə haçan oynamışdı? Yadına gəlmirdi və əslində, heç yadına gətirmək də istəmirdi, öz oyunu özünə ləzzət eləyirdi, orkestrin çaldığı musiqi, şair Səlim Sürəyyanın beləcə ürəklə, hoppanıb düşə-düşə oynamağı və ümumiyyətlə, bu «Sağlamlıq» restoranında Səlim Sürəyyanın beləcə hörmətli olmağı Əlipaşaya ləzzət eləyirdi, bir yerdə oxuduqları, o uzaq və o gözəl tələbəlik çağlarında səhərdənaxşamacan bir yerdə oxuduqları Məliyin doktorluq dissertasiyası müdafiə etməyi, Məliyin məclisinə bu cür hörmətli adamların yığılmağı Əlipaşaya ləzzət eləyirdi və Əlipaşa «Sağlamlıq» restoranının o rəqs meydançasında hiss etdiyi həmin ləzzətlə də oynayırdı...

...Zeynəb çoxdan çıxıb getməli idi, amma heç cürə özünü vadar eləyib gedə bilmirdi və Əlipaşanın o cürə sağlıq deməyi, indi də ortaya düşüb şair Səlim Sürəyya ilə bu cürə oynamağı Mürsələ də o qədər təsir etmişdi ki, arvadına bir söz demirdi; elə ki, klarnet zildən bəmə düşdü, elə bil, Zeynəbin də ürəyində nəsə bir nisgil sızıldadı, sonra səhərdən bəri əlində tutduğu dolu zənbili (yəni «Sağlamlıq» restoranının bufetində dolmuş zənbili) adəti üzrə bir neçə dəfə tərpətdi, elə bil ki, çəkisini yoxlayırdı və heç Mürsəlin üzünə də baxmayıb bufetdən aralandı, restoranın ortasında rəqs eləyən adamların arasından, o cümlədən. Əlipaşa ilə şair Səlim Sürəyyanın yanından ötüb getdi və Əlipaşa Zeynəbi heç görmədi də...

Səlim Sürəyya oynaya-oynaya şalvarının cibindən bir dənə qırmızı onluq çıxartdı və oynaya-oynaya da yaxınlaşıb o qırmızı onluğu klarnetçalanın həmin onluq kimi qırmızı pencəyinin cibinə basdı və doğrusu, o dəm Əlipaşa da istədi ki, cibindən bir dənə onluq, heç olmasa. bir dənə göy beşlik çıxarıb çalğıçılara versin, amma çıxartmadı, rəngli televizor yadına düşdü, sonra necə oldusa, birdən-birə yenə də küçədə səki boyu əkilmiş ağacların dibindəki o kvadrat torpaq parçalarını xatırladı, Əlipaşaya elə gəldi ki, həpir-çupuru nəm çəkmiş həmin otağın pəncərələrini yenə də bağlamaq istəyirlər və elə bil o pəncərələrin bağlanmaması, açıq qalması üçün də Əlipaşa daha artıq bir həvəslə, daha artıq bir şövqlə oynamağa başladı. Səlim Sürəyyanın qırmızı onluğundan sonra klarnet xüsusi olaraq cuşa gəldi, şair o klarnetin sürətindən geri qalmaq istəmədi, puçur-puçur tər tökə-tökə restoranın meydançası boyu dövrə vurdu, Əlipaşa da şairdən geri qalmadı, oynayaoynaya şairin ardınca meydan boyu dövrə vurdu və birdən qışqıra-qışqıra:

– Sağlıq var! – dedi.

Səlim Sürəyya əlini yuxarı qaldırdı, klarnet o saat susdu, orkestr də səsini kəsdi və şairlə Əlipaşa restoranda oturmuş razılıq bildirən xumar baxışlar altında tövşüyətövşüyə öz yerlərinə qayıtdılar, Əlipaşa dolu qədəhini yuxarı qaldırdı, tövşüyətövşüyə də bərkdən:

– Əziz dostlar!.. – dedi və nəfəsini dərdi. – Əziz dostlar! Musiqinin şərəfinə! –

Və Əlipaşa bu gün bu məclisdə oturmuş adamların hamısına və ümumiyyətlə, yer üzündəki bütün insanlara xoşbəxtlik arzuladı, arzu elədi ki, hamının evindən həmişə musiqi sədaları gəlsin, hamı həmişə şadlıq içində olsun; məclisin iştirakçıları Əlipaşanın dediyi sağlığa içdilər, Əlipaşa özü də qədəhindəki arağı içdi, yerində oturdu və bir-bir bu məclisin adamlarına baxdı.

Əlipaşa bu adamların bəzisi ilə, tanış idi (nəşriyyata gəlib-gedirdilər, kitabları çıxırdı), bəzisini isə ancaq uzaqdan-uzağa tanıyırdı, televizorda görmüşdü, əsərlərini oxumuşdu və Əlipaşanın, əlbəttə, bu adamların heç birindən acığı gəlmirdi, niyə axı acığı gəlməliyidi? Əksinə, bu adamların hamısı birdən-birə Əlipaşa üçün doğma olmuşdu, amma bir məsələ var idi... bir məsələ var idi ki, Əlipaşa bu adamların, bu hörmətli adamların heç birindən, necə deyərlər... heç birindən... Əlipaşa o sözü dəqiq tapa bilmirdi, amma, hər halda, bu adamların heç birindən... heç birindən əskik kişi deyildi, vallah, belə idi, hətta bu dəm Əlipaşanın, nədənsə, Əlimuxtar müəllimə bir balaca yazığı da gəlməyə başlamışdı. Ona görə ki, arağı içib heç gözünü də qırpmırdı, ya ona görə ki, müdir Əlimuxtar müəllim indi bu məclisdə oturanların yanında ikinci dərəcəli bir adam kimi görünürdü? Bilmirdi, amma birdən-birə Züleyxa Əlipaşanın yadına düşdü, Gülzar, Sona, Süsən, Suğra yadına düşdü, beləcə qış günləri səssiz-küysüz evlərində bir yerdə oturub soğanbozbaşı, dovğa, ət olanda yarpaq dolması, (sarımsaq qatıqla!), toyuq olanda çığırtma yeməkləri yadına düşdü, gecələr o rahat, o enli çarpayıda Züleyxa ilə bir yerdə yatmaqları, hər gecə azı iki dəfə, üç dəfə yuxudan oyanıb, qalxıb o biri otaqda yatmış qızların üstünə baxmağı, yorğanı üstlərindən atıblarsa, üstlərini təzədən örtməyi, çaydanı su ilə doldurub qazın üstünə qoymağı, tələsik geyinib, gedib çörək dükanından uşaqlar üçün təzə, isti çörək alıb gətirməyi Əlipaşanın yadına düşdü və Əlipaşa yenə də ayağa qalxdı.

Küçənin neon işıqları restoranın geniş pəncərələrinin qabağında eləcə yanırdı. Bayırın o qarı nə gözəl yağırdı...

Əlipaşa dedi:

– Əziz dostlar! Əziz dostlar, mənim bu əziz gündə bir dənə arzum var! Mən sizin heç birinizdən heç vaxt heç nə xahiş eləməyəcəyəm! Amma indi bir dənə arzum var! Məlik, qardaşım, düzdü, içmişəm mən, amma, vallah, ömrümdə bu cür ciddi xahişim olmayıb! Qardaşım, mən istəyirəm ki, sənin bu gözəl günündə, sənin bir köhnə dostun kimi, Məlik, bax, bizim bu məclisimizin, sənin bu əziz qonaqlarının xərcini mən çəkim!

Əlipaşanın dediyi bu sözlər o qədər gözlənilməz oldu ki, əvvəlcə heç kim heç nə demədi, sonra Məlik bir qonaqlarına, bir də Əlipaşaya baxdı və gülümsəyib başını bulaya-bulaya:

– Mənim özümə bəyəm nə olub, ay Əlipaşa? – dedi. Sən niyə çəkməlisən mənim məclisimin xərcini?

Məlikin səsində, əlbəttə, bir balaca istehza var idi, amma Əlipaşa buna fikir vermədi, çünki Məliyin özü də, bu adamlar da bu gün onun, yəni Əlipaşanın qonaqları idi və Əlipaşa Məliyin o sözlərinə belə cavab verdi:

– Çünki, Məlik, sən mənim üçün əziz adamsan, bu məclisdəkilərin də hamısı mənim üçün əziz adamlardı!.. Çünki, Məlik, sənin bu gözəl günündə, mənim ürəyim belə istəyir, sən indi sındırmaq istəyirsən mənim ürəyimi?

Məclisin iştirakçılarının hamısı səsini çıxarmayıb bu söhbətin axırını gözləyirdi, təkcə müdir Əlimuxtar müəllim özündən asılı olmayaraq fikrində sürətlə bu məclisin haqq-hesabını hesablayırdı.

Məlik də xeyli içdiyinə baxmayaraq, kefinin kök olmağına baxmayaraq, deyəsən, yavaş-yavaş acıqlanırdı, yenə də iclasların rəyasət heyətlərində oturan

Məlik olmağa başlayırdı, ayağa qalxıb bir az sərt səslə:

– Bura bax, əzizim... – dedi.

Amma Əlipaşa Məliyin sözlərini ağzında yarımçıq qoydu:

– Məlik, – dedi Əlipaşa, – əgər sən mənim ürəyimi sındırsan bu əziz gündə, ömründə səninlə danışmaram, özüm də bir dəqiqə burda qalmaram!

Məlik, deyəsən lap acıqlandı:

– Bura bax!..

Bu dəfə Məliyin sözlərini şair Səlim Sürəyya yarımçıq kəsdi:

– Dayan bir görək... – deyə ayağa qalxıb Məliyin qolundan yapışdı.

Əlipaşa bu dəfə heç vaxt özündən gözləmədiyi açıq-aşkar bir hədə ilə:

– Məlik, sındırırsan mənim ürəyimi? – soruşdu.

Məlik Əlipaşadan çox yanında dayanıb qolunu sıxan şair Səlim Sürəyyaya dedi:

– Axı, hər şeyin bir qaydası var də!.. – Sonra tənə ilə şairə baxdı, yəni ki, bunu hardan tapıb gətirdin bura?

Əlipaşa:

– Çox sağ ol, Məlik! – dedi və oturduğu kürsünü yana çəkib mizin arxasından uzaqlaşmaq istədi, amma şair Səlim Sürəyya cəld Əlipaşanın ardınca gəldi, qüdrətli əlləri ilə Əlipaşanın kürəyini qucaqlayıb özü ilə çəkə-çəkə təzədən mizin qabağına gətirdi və o gur səsi ilə:

– Dostlar! – dedi. – Bu təmiz ürəyi sındırmaq olmaz! Bu təmiz qəlbin bu gün bizi qonaq eləməyə mənəvi haqqı var! Tı moy doroqoy! – Və şair yenə də Əlipaşanı qucaqlayıb öpdü, sonra bərkdən əl çalmağa başladı, məclisdəkilər də şairin o gur səsinin, o alovlu öpüşünün təsiri ilə əl çalmağa başladılar.

Məlik yenə də etiraz etmək istədi:

– Axı...

Şair Səlim Sürəyya əlini yuxarı qaldırıb:

– Qurtardı! – dedi və orkestrə işarə ilə əlini aşağı saldı.

Orkestr tuş çaldı.

Və orkestrin çaldığı o tuşun sədaları altında Səlim Sürəyya Əlipaşanı Məliyə tərəf çəkdi, bir əlini Məliyin, bir əlini də Əlipaşanın kürəyinə basıb onları üz-üzə bir-birinə yaxınlaşdırdı və Əlipaşa ilə Məlik də qucaqlaşıb öpüşdülər. Əlipaşanın bütün daxilində bir yüngüllük, bir sərbəstlik var idi, beşinci mərtəbəyə qalxmalı olan ağır televizorun yükü Əlipaşanın çiyinlərindən düşmüşdü və Əlipaşa özünü budaqdan-budağa qonan yüngül bir quş kimi hiss edirdi, elə bil, Əlipaşanın sinəsində ürək döyünmürdü, ağappaq bir çiçək nəfəs alırdı. Məclis təzədən qızışdı, amma bu əhvalatdan sonra, iki nəfər heç cürə özünə gələ bilmirdi: Mürsəlin ürəyi döyünürdü, pendir doğrayan əlləri titrəyirdi, çünki Mürsəl ömründə heç vaxt təsəvvürünə belə gətirə bilməzdi ki, qapıbir qonşusu bu Əlipaşa belə hörmətli adamdır, belə danışan adamdır, belə oynayan adamdır və bütün bunlar hamısı bir tərəfə, beləcə xərcləyən oğlandır, mükəmməl kişidir; müdir Əlimuxtar müəllim isə, elə bil ki, birdən-birə tamam ayılmışdı və Məlik Həşimliyə baxa-baxa fikirləşirdi ki, dünyada bax, belə adamlar var, belə bəxtəvərlər var, amma haçansa Əlimuxtar müəllimin özünün məclisi olsa, ömründə heç kim o məclisin pulunu öz öhdəsinə götürməz (özü də beləcə könüllü surətdə!), sonra müdir Əlimuxtar müəllim son iyirmi altı ildə Allahın hər verən iş günü gördüyü bu redaktor Əlipaşaya baxabaxa fikirləşirdi ki, əslinə baxsan, o boyda nəşriyyatda özündən, yəni Əlimuxtar müəllimdən yazığı, kiçiyi, lazımsızı yoxdu...

ÜÇÜNCÜ FƏSİL

Eyvanı, aşağı tərəflərdə görünən binaların damını, həyətdəki ağacların budaqlarını qar bürümüşdü və o qarın ağlığı gecə vaxtı pəncərələrdən düşən, həyətdə yanan işığın altında, nəsə, bir arxayınçılıqdan xəbər verirdi; düzdü, möhkəm qar yağırdı, külək bərkimişdi, amma elə bil ki, hər tərəfi bürümüş o qarın ağlığında heç bir pis iş ola bilməzdi.

Bütün bunlar belə idi, o soyuq havanın təmizliyi Züleyxanın içinə bir təzəlik hissi gətirirdi, o qar ağlığında nəsə bir sevinc, bir nikbinlik var idi, amma bütün bunlarla bərabər, Züleyxanın ürəyində yüngül bir nigarançılıq baş qaldırmışdı: Əlipaşa iki saatdan artıq idi ki, evdən çıxmışdı, hesabla rəngli televizoru çoxdan gətirməli idilər, indi dükanlar da daha bağlanmışdı. Gülzar da, Süsən də, məktəbdən qayıdıb gəlmiş Sona da, Suğra da dəqiqədə bir: – «Bu papa harda qaldı e, belə?..» – deyə-deyə rəngli televizoru gözləyirdi və Züleyxa tez-tez başına şal salıb, həyət eyvanına çıxıb aşağı boylanırdı ki, görsün Əlipaşagil gəldilər, yoxsa yox? Yəqin ki, nəsə texniki bir iş meydana çıxmışdı, televizorun başqasını yoxlayırdılar, ya da bəlkə Əlipaşa bu havada maşın tapa bilmirdi, ya bəlkə... bəlkə maşına, fəhləyə pul çatmırdı? Gərək o onluğu da Əlipaşaya verəydi, lazım olardı – xərcləyərdi, lazım olmazdı, – onsuz da, Əlipaşa qaytarıb verəcəkdi...

Züleyxa bir ildən artıq idi ki, yığdığı pulun məbləği artdıqca hərdənbir gedib o dükana dəyirdi (dükan evlərindən çox da uzaq deyildi, trolleybusla iki dayanacaq yol idi), alacaqları rəngli televizora baxırdı və o televizorun qiyməti düz 784 manat idi, Əlipaşaya 810 manat vermək istəyirdi, amma sonra hesablayıb gördü ki, 800 manat da kifayət eləyər, fəhləyə, maşına 16 manat bəsdir, 10 manatı redikülünə qoydu, Əlipaşaya 800 manat verdi və indi fikirləşdi ki, gərək 10 manatı götürməyəydi.

Amma bir iş var idi ki, Əlipaşa nədən ötrüsə geciksəydi də, evə zəng eləyərdi, çünki bu iki ildə ki, evlərinə telefon çəkmişdilər, Əlipaşa işə çatanda da, işdən çıxanda da evə zəng eləyirdi, hal-əhval tuturdu, soruşurdu ki, bir şey lazımdı, yoxsa yox və indi də, əlbəttə, zəng eləyərdi; niyə zəng eləmirdi? Züleyxa başa düşə bilmirdi...

Elə bu vaxt telefon səsləndi və Züleyxa hövlnak dəstəyi götürdü, amma danışan Əlipaşa deyildi, Züleyxanın anası idi, soruşurdu ki, Əlipaşa gəlib çıxdı, yoxsa yox? Bu evə yəni Əlipaşagilə telefon çəkiləndən bəri Züleyxanın anası qızıgildə keçən saatların da hamısından xəbərdar idi.

Züleyxa dəstəyi yerə qoyub yenə də şalı çiyninə saldı və həyət eyvanına çıxdı, aşağı boylandı: Əlipaşagildən xəbər-ətər yox idi, amma o gözəl qarlı hava təmizliyinə nəsə başqa qoxular da qatışmışdı və Züleyxa, istər-istəməz, qonşuları Mürsəlgilin eyvanına tərəf baxdı.

Çox zaman mətbəxlərindəki fin soyuducusunda yer olmadığı üçün, xüsusən qış vaxtlarında Zeynəb «Sağlamlıq» restoranının bufetindən gətirdiyi azuqəni həyət eyvanındakı dolabda yerbəyer edirdi və bu zaman Züleyxa da öz eyvanlarında olanda iyindən bilirdi ki, Zeynəbin dolaba yığdığı yenə hisə tutulmuş osetrinadı, ya pendirdi, ya kolbasadı, ya da ki, başqa bir dadlı şeydi. Həmin qarlı cümə gününün gecəsi də Zeynəb bayaq ərinin iş yerindən gətirdiyi dolu zənbili boşaldıb eyvandakı dolaba yığırdı və həmin gecə Zeynəbə ən çox təsir edəni o idi ki, bir elə müddətdə restoranda Əlipaşa onu görmədi, çıxanda xüsusi olaraq Əlipaşanın lap yanından ötdü, amma yenə Əlipaşa onu görmədi; heç olmasa, görəydi, amma özünü görməzliyə vuraydı – o başqa məsələ idi.

Zeynəb Züleyxa ilə salamlaşdı, sonra diqqətlə Züleyxaya baxdı və səriştəli bir gözlə özü ilə Züleyxanın bədəninin gözə çarpan üzvləri arasında bir-bir müqayisə apardı və üstünlüyü özünə verdi; düzdü, Züleyxanın döşü-başı, insafən, pis deyildi, amma Zeynəb üstünlüyü yüz faiz özünə verdi, bundan sonra, elə bil ki, bir balaca kefi duruldu, sınayıcı nəzərlərlə Züleyxanı bir də maraqla başdan-ayağacan süzüb:

– Xeyir ola, a qonşu? – soruşdu. – Nə əcəb belə qarda-busatda balkona çıxmısan?

Züleyxa Zeynəbin səsində nəsə təzə bir cəhət hiss etdi, amma bunun nə olduğunu fikirləşmək halında deyildi və:

– Heç... – deyib otağa girmək istədi.

Zeynəb soruşdu:

– Əlipaşa müəllim gəldi?

Züleyxa təəccüb içində dayanıb Zeynəbə baxdı:

– Hardan gəlməliydi ki?

– Necə hardan? Restorandan!

– Nə?

Özünü həmişə ciddi aparan bu qonşu arvadın – Züleyxanın beləcə təəccüb içində donub qalması Zeynəbi lap həvəsə gətirdi:

– A-a-a... Əlipaşa müəllim «Sağlamlıq» restoranında bir oynamaq oynayır ki, gəl görəsən!

DÖRDÜNCÜ FƏSİL

Klarnetçalan yenə də zilə qalxıb mikrofonun qabağında qan eləyirdi və Səlim Sürəyya ilə Əlipaşa yenə də restoranın meydançasında klarnetin o qan eləyən sürətindən geri qalmırdı, oynayırdı; yavaş-yavaş başqa oynayanlar kənara çəkildi, ortada şair qaldı, Əlipaşa qaldı və bir də sürməli gözlərini süzə-süzə işvə-naz ilə oynayan gözəl bir qız qaldı; bu qız üç nəfər ilə birlikdə başqa mizdə oturmuşdu, çalğı başlayanda hamısı qalxıb rəqs elədi, sonra o birilər yoruldu, meydançadan çıxdı, amma bu qız çıxmadı, Səlim Sürəyya ilə Əlipaşanın arasında oynamağa başladı.

Əlipaşa o gözəl qızın qabağında daha cidd-cəhdlə oynadı, döşünü irəli verib meydança boyu o baş-bu başa gedib gəldi, sonra o gözəl qızı müşayiət eləyə-eləyə başını dik tutub meydançada dövrə vurdu.

Məlik tamam yaddan çıxartmışdı ki, bir müddət bundan qabaq az qalmışdı Əlipaşanın ürəyini sındırsın, hirslənməyini-zadını da tamam unutmuşdu və damağındakı siqareti şəstlə tüstülədə-tüstülədə iki əlini də qabağa uzadıb Əlipaşanın, Səlim Sürəyyanın, o gözəl qızın oynamaqlarına keflə əl vururdu.

Məclisin bütün iştirakçılarının kefi kök idi, heç kim heç hara tələsmirdi, məclis səmimi keçirdi, təkcə Əlimuxtar müəllim bədbin fikirlərin əlindən yaxa qurtara bilmirdi, xoruz kimi döşünü irəli verib restoranın meydançası boyu o baş-bu baş gedən, oynaya-oynaya o qızı – gözlərindən dünyanın min bir bicliyi tökülən o nazlıqəmzəli qızı müşayiət eyləyən redaktor Əlipaşaya baxa-baxa fikirləşirdi ki, anadan olduğu gündən bəxti ondan, yəni müdir Əlimuxtar müəllimdən küsmüşdü, bütün ömrü boyu hansı bir iclasa, hansı bir məclisə gedibsə, həmişə də mütləq nəsə elə bir hadisə olub ki, bütün içini iztirablar bürüyüb, sarsılıb; kim deyərdi ki, bu redaktor Əlipaşa bu boyda məclisin pulunu vermək imkanındaymış? Kim deyərdi ki, redaktor Əlipaşanın belə dostları varmış? Kim deyərdi ki, redaktor Əlipaşa beləcə oynayan imiş? Əlimuxtar müəllim heç vaxt bu cür oynamamışdı, xəyallarında o nazlıqəmzəli qızı çox görmüşdü, amma ömründə heç vaxt o nazlı-qəmzəli gözəl qızla beləcə oynamamışdı və yaxşı bilirdi ki, heç vaxt da oynamayacaq. Nə isə, dəhşət idi...

Qız, nəhayət ki, gülə-gülə meydançadan çıxıb öz mizinə tərəf getdi və Əlipaşa da şair Səlim Sürəyyanın qolundan tutub:

– Sağlıq var! – dedi.

Şair əlini qaldırdı, klarnet səsini kəsdi, orkestr də susdu, Əlipaşa ilə Səlim

Sürəyya məclisə qayıtdı və Əlipaşa araq dolu qədəhi əlinə alıb:

– Bunu da qaldıraq qadınların sağlığına! – dedi.

Məclisdə cəmi iki qadın var idi, biri ədəbiyyat üzrə professor idi və Əlipaşa o qadını uzaqdan-uzağa tanıyırdı (çox ciddi qadın idi, dinib-danışmırdı və hərdənbir məzəmmət dolu nəzərlərlə restoranın meydançasında oynayan adamlara baxırdı), o biri qadını isə tanımırdı; məclisin bütün kişiləri ayağa qalxdı, hay-küylə qadınların sağlığına içdi, kənardakı mizdə üç nəfərlə birlikdə oturmuş o gözəl qız da Əlipaşaya ötəri bir nəzər saldı...

Doğrudan nə gözəl yağırdı bayırın qarı...

Səlim Sürəyya, düzdü, ayağa qalxdı, qadınların sağlığına içdi və ümumiyyətlə, şairin qadın xeylaqları ilə arası saz idi, amma necə oldusa, Əlipaşanın o sağlığından sonra, birdən-birə bu yay gəlib instituta girəcək, daha doğrusu, instituta girmək üçün Bakıya gələcək yeddinci bacısı yadına düşdü və şairin kefi tamam pozuldu; bu yeddinci bacı idi (şair bacılarının adlarını yaxşı bilmirdi və onları sayla yadına salırdı), bundan sonra cəmi biri qalırdı – səkkizinci bacı, amma Səlim Sürəyyada elə bir hiss var idi ki, inanmırdı səkkizinci bacı ilə canı qurtarsın, şairə elə gəlirdi ki, o səkkizinci bacı da Bakıya gəlib institut həngaməsinə başlayandan sonra, atası təzədən səkkiz nəfər yekəpər qız gətirəcək ki, bunlar da təzə bacılarındandı... Bütün bunlar bir tərəfə, indi o bacılar ərə getməyə başlayırdı və onların hər birinin toyu şairə bir yeni kitabının qonorarı hesabına başa gəlirdi: yaxşı ki, bacıları çox yekəpər idilər və buna görə də, söhbətin, hətta, şair Səlim Sürəyyanın bacılarından getməsinə baxmayaraq, ər çox çətin tapılırdı...

Əlipaşaya, elə bil, ömründə heç vaxt hiss eləmədiyi bir iştah gəlmişdi, köynəyinin həmişə bağlı olan və həmişə də boynunu sıxan düyməsini açmışdı, pencəyinin də yaxası açıq idi, hər şey gözəl idi, o musiqi də gözəl idi, dostlar da gözəl idi. Əlipaşanın heç vaxt özündən gözləmədiyi o sərbəstliyi, deyib-gülməyi, bu hörmətli məclisin, az qala, tamadası olması yağ kimi ürəyinə yayılırdı, amma bütün bunlarla bərabər, yenə də... nəsə çatışmırdı...

Nə çatışmırdı?

Müdir Əlimuxtar müəllim ayağa qalxıb bir balaca sıxıla-sıxıla sağlıq deməyə başladı, hamının Məliyə böyük hörmətindən danışdı, Məliyin dostlarının hörmətindən danışdı, Məliyin ən yaxşı dostlarından biri olan Əlipaşanın heç vaxt işə gecikməməyindən, həmişə səliqəli olmağından, həmişə öz vəzifəsini yerinə yetirdiyindən, tapşırılan işin öhdəsindən gəlməyindən ağız dolusu danışdı, amma – dünyanın qəribə işləri var idi – müdir Əlimuxtar müəllimin bu sözləri Əlipaşaya təsir etmədi.

Orkestr uzaqdan-uzağa o saat gördü ki, şair Səlim Sürəyya nəsə fikrə gedib və orkestr burasını da yaxşı bilirdi ki, şair fikirli vaxtlarında aşıq havalarına qulaq asmağı çox xoşlayır, buna görə də aşıq havası çalmağa başladı və Səlim Sürəyya da bunu o saat qiymətləndirdi, orkestrə tərəf gülümsəyib, başını tərpətdi, yəni ki, çox sağ olun, sonra sağ əlinin iri baş barmağını qaldırıb Əlipaşaya göstərdi, yəni ki, əladır!

Əlipaşa da şairə gülümsəyib başını tərpətdi, yəni ki, elədir, əladır; Əlipaşa musiqini bir o qədər də bir-birindən seçmirdi, amma indi o saat bildi ki, çalınan aşıq havasıdı və Əlipaşa şer də bilmirdi, amma indi birdən-birə hansı bir aşığınsa haçansa oxuduğu, ya eşitdiyi qoşmasından bir misranı xatırladı:

«Gül dedi bülbülə: – «Bağıma gəlmə...»

Nə çatışmırdı?

Və bu zaman dünyanın ən qəribə hadisələrindən biri baş verdi: Züleyxa əynində qarı hələ əriməmiş yaş şuba, başında üstünə qar yığılmış yun şal içəri girdi və girən kimi də, o boyda zalda, bir o qədər camaatın içində gözü o saat Əlipaşanı aldı. Asqıçı kişi də əsəbi halda əllərini, qollarını oynada-oynada Züleyxanın ardınca restorana girdi:

– Ay bacı, necə adamsan sən? Deyirəm sənə ki, paltoynan olmaz içəri girmək!

Züleyxa asqıçı kişiyə fikir vermirdi, elə bil, asqıçı deyinmirdi, milçək vızıldayırdı qulağının dibində; iti addımlarla zalın içindən keçib birbaşa Əlipaşagilin məclisinə tərəf gəldi, asqıçı kişi də əl-qolunun köməkliyilə etiraz edə-edə Züleyxanın ardınca gəldi və aydın məsələdir ki, restoranın camaatı gözünü dörd eləyib təəccüblə onlara baxdı.

Orkestr dayandı.

Əlipaşa əvvəlcə elə bildi ki, çox içib, çox oynayıb, çox həyəcan keçirib və buna görə də indi Züleyxa beləcə gözlərinin qabağına gəlir, amma bu cəmi bir an çəkdi: yox, vallah, Züleyxa xəyal-zad deyildi, Züleyxa elə, həqiqətən də, restorana gəlmişdi və Əlipaşa bayaqkı o quş yüngüllüyü ilə ayağa sıçradı:

– Nə yaxşı oldu sən gəldin! Nə yaxşı oldu sən gəldin! – Əlipaşa sürətlə mizin arxasından çıxıb, gəlib arvadının qabağında dayandı. – Heç bilirsən sən nə qiyamət iş görmüsən?! Bilirsən?! Nə yaxşı oldu ki, gəldin! – Əlipaşa heç cür sakitləşə bilmirdi. – Nə yaxşı! Tez elə! Tez çıxart şubanı, gəl otur! Gəl! – Və Əlipaşa ağzını açıb bir kəlmə də deməyə macal tapmamış Züleyxanın əlini qaldırıb sevinclə məclisdəkilərə xəbər verdi: – Əziz dostlar! Mənim həyit yoldaşımdı! Züleyxa xanımdı!

Məclisin iştirakçıları bayaqdan bəri bir şey başa düşməyib təəccüblə gah bu şubalı, şallı qadına, gah da sevindiyindən, az qala, quş kimi uçmaq istəyən Əlipaşaya baxırdı və elə ki, məlum oldu bu qadın Əlipaşanın həyat yoldaşıdı, elə ki, Əlipaşa tələsik Züleyxanın şubasının soyuq düymələrini açmağa başladı, məclis birdən-birə cana gəldi, kişilərin hamısı ayağa qalxdı, Məlik:

– Xoş gəlmisiz! Xoş gəlmisiz! – deyə Əlipaşanın həyat yoldaşını salamladı.

Şair Səlim Sürəyya gəlib Əlipaşanın həyat yoldaşı ilə əl tutuşdu:

– Həmişə siz gələsiniz! – dedi. – Buyurun!

Və məclisin başqa iştirakçıları da:

– Buyurun!..

– Buyurun!..

– Buyurun!.. – dedilər.

Əlipaşa Züleyxanın yaş şubasını çıxartdı, qarlı şalını başından aldı, Səlim

Sürəyya şubaya, şala işarə edərək asqıçı kişiyə:

– Götür apar! – dedi və sifətində bayaqkı hirsdən əsər-əlamət qalmamış asqıçı itaətlə gülümsəyə-gülümsəyə şubanı da, şalı da ehmallıca Əlipaşadan alıb apardı.

Professor qadın bütün məclis boyu (hər halda, Əlipaşa bu məclisdə iştirak etdiyi vaxtdan bəri) ilk dəfə ağzını açıb Züleyxaya müraciətlə:

– Buyurun, gəlin bura, mənim yanımda oturun, – dedi.

Əlipaşa:

– Yox! – dedi. – Çox üzr istəyirəm hamınızdan, amma Züleyxa xanım mənim yanımda oturacaq!..

Züleyxa ömründə Əlipaşanı bu cür coşğun, bu cür həvəs içində görməmişdi və ərinin belə bir coşğunluğu, həvəsi və ümumiyyətlə, bütün bu məclis Züleyxanı elə tutmuşdu ki, buraya nə üçün gəldiyini yadından çıxartmışdı, özünü tamam itirmişdi, heç nə deyə bilmirdi, gülümsəyirdi, soyuqdan gəldiyi üçün, ya məclis tutduğu üçün sifəti alışıb-yanırdı. Şair Səlim Sürəyya mizin üstündəki qədəhini götürüb Əlipaşa və həyat yoldaşına baxa-baxa gur səsi ilə:

– Mənim bir sözüm var, dostlar! – dedi.

Əlipaşa tələsik:

– Yox! Yox! – dedi. – Söz özümündür! Bu sağlığı gərək mən özüm deyim! – Və şairin razılığını gözləmədən dedi. – Əziz dostlar! Mən bunu sidq ürəkdən deyirəm! Içirəm bunu, içirəm bunu mənim ailəmin sağlığına! Mənim ailəm dünyanın gözəl bir ailəsidir! Mən içirəm bunu Züleyxa xanımın sağlığına! Əlipaşa bu sözləri elə ürəkdən dedi ki, bu sözlər o qarlı cümə günü o «Sağlamlıq» restoranında elə səmimi səsləndi ki, hamı bir ağızdan:

– Sağ olun!

– Sağ olun!

– Sizin sağlığınıza!

– Həmişə beləcə xoşbəxtlik içində olun!.. – deyib içdi və səhərdən bəri, demək olar ki, içki içməyən o professor qadın da bu sağlığın şərəfinə qədəhindəki konyakı axıracan içdi.

Müdir Əlimuxtar müəllim də növbəti qədəhini boşaldıb üstündən bir dişdəm şoraba pomidor yedi; bayaq ki, Züleyxa yaş şuba ilə içəri girdi və redaktor Əlipaşa dedi ki, bu arvad onun arvadıdır, Əlimuxtar müəllimin ürəyi döyünməyə başladı, elə bil ki, bir balaca silkələnib həmişəki bədbinliyinin içindən çıxdı, çünki Əlimuxtar müəllim əvvəlcə elə başa düşdü və Züleyxanın qəzəbli gözləri də əvvəlcə belə deyirdi ki, indicə ər-arvadın arasında dava-mərəkə başlayacaq; yox, müdir Əlimuxtar müəllim küpəgirən qarı deyildi, amma, hər halda, ürəyində bir maraq baş qaldırdı, sonra o maraq yenə söndü, ürəyinin döyünməsi kəsdi, bədbinlik yenə kişini ələ aldı.

Səlim Sürəyya əlini qaldırdı, orkestr uzaqdan-uzağa şairin ürəyindən keçən hissləri oxudu və «Gəlin havası» çalmağa başladı; klarnetçalan mikrofonun qabağına gəlib «Gəlin havası»nın kövrək xallarını elə vururdu ki, elə bil, bu da Əlipaşanın dediyi sağlığın davamı idi.

Əlipaşa ayağa qalxdı, əllərini qaldırıb Züleyxanın qabağında oynaya-oynaya başı ilə, gözləri ilə arvadını rəqsə dəvət eləməyə başladı və bütün məclis də əl çaldı, Züleyxanı əri ilə oynamağa çağırdı və Züleyxa başa düşdü ki, mütləq durmalıdır, oynamalıdır, yoxsa Əlipaşa oturmayacaq, başa düşdü ki, ömründə birinci dəfə bu cür şövq içində, həvəs içində gördüyü Əlipaşanın ürəyi sına bilər və Züleyxa da ayağa qalxdı, özü qabaqda, Əlipaşa da arvadının ardınca oynaya-oynaya restoranın meydançasına getdilər, meydançanın ortasında bir-birinə baxa-baxa üz-üzə oynamağa başladılar.

Züleyxa oynaya-oynaya Əlipaşaya baxdıqca, Əlipaşanın gözlərinin dibinə çökmüş o sevinci gördükcə yavaş-yavaş özünə gəlirdi, sifətində alışıb-yanan o süni istilik yavaş-yavaş soyuyurdu, daha doğrusu, o süni istilik təbii bir hərarətlə əvəz olunurdu.

Züleyxa:

– Yaxşı oynayırsan... – dedi.

Əlipaşa:

– Mən? – soruşdu. – Mən heç... Amma sən, doğrudan, əntiqə oynayırsanmış...

– Eh, qız vaxtı yaxşı oynayırdım, indi day yadırğamışam...

– Züleyxa...

– Hə?

– Züleyxa...

– Nədi?

– Sənə qurban olum!

– A-a-a... Nolub sənə?

– Heç nə... Amma sənsiz bir günüm olmasın!..

– Bəsdi. Baxırlar...

– Baxsınlar də... Indi öpəcəyəm səni!

Züleyxa qorxdu ki, Əlipaşa, doğrudan da, bir belə camaatın içində onu öpər.

– Qayıdaq, – dedi.

Əlipaşa:

– Yox, oynayaq, – dedi.

«Gül dedi bülbülə: – «Bağıma gəlmə...»

Züleyxa, düzdü, qorxdu ki, birdən Əlipaşa onu bu qədər camaatın içində öpər, amma o qorxuda nəsə elə bir şey də vardı ki, adamın ürəyinə sevinc gətirirdi. «Gül dedi bulbülə: – «Bağıma gəlmə...».

– Züleyxa...

– Nədi?

– Bağışla məni...

– Nə?

– Deyirəm, bağışla məni, Züleyxa...

– Nəyə görə?

– Hər şeyə görə... Ümumiyyətlə, Züleyxa... Ümumiyyətlə, bağışla məni...

Züleyxa o dəm Əlipaşanın gözlərində bir yaş işıltısı gördü və qorxdu ki, indi özü Əlipaşadan beşbetər başlayar hönkür-hönkür ağlamağa, amma həmişəki kimi, özünü ələ aldı, gülümsədi və pıçıldadı:

– Sənsiz biz kimə lazımıq? Allah həmişə sənin canına sağlıq versin, Əlipaşa...

Bu dəm bu «Sağlamlıq» restoranında çalınan bu «Gəlin havası» uzun-uzun illər bundan əvvəl ikiotaqlı balaca bir evdə tələbəlikdən təzəcə çıxmış və ürəyi böyük arzularla, böyük istəklərlə dolu olan bir oğlanla lap cavan və gözəl bir qızın toyundan xəbər verirdi...

O balaca ikiotaqlı evdəki o toy gününün hissləri, həyəcanlı günləri, aylar, illər bir-birini əvəz etdikcə, o günlərin, o ayların, o illərin qayğılarının əlindən çox xəlvətlərə, çox dərinlərə düşüb qalmışdı, amma kirəc bağlamamışdı və indi Züleyxa ilə Əlipaşa bir-birinin gözünün içinə baxdıqca, elə bil, o baxışlar gedib o dərinlərə çatırdı, o xəlvətləri aşkar edirdi...

Züleyxa dedi:

– Uşaqlar evdə nigaran qalacaq...

– Qoy gedim onları da gətirim bura!

– Yox, yox, Əlipaşa, lazım deyil.

– Niyə?

– Soyuqdu, qoy otursunlar evdə.

– Yaxşı paltarları yoxdu, ona görə?

– Yox, Əlipaşa, vallah yox. Niyə yoxdu paltarları? Soyuqdu ona görə.

– Sən necə deyirsən, elə olsun...

Züleyxa açıq-aşkar təşəkkür dolu nəzərlərlə ərinə baxdı.

Əlipaşanın ürəyi sözlə dolu idi, Əlipaşa Züleyxaya çox söz demək istəyirdi, amma bir də baxıb gördü ki, professor qadın da gəlib qoşulub onlara, kök əndamını sındıra-sındıra onların qabağında oynayır, sonra Səlim Sürəyya da gəlib onlara qoşuldu, sonra Məlik, yüksək vəzifəsini yadından çıxartdı, gəlib onlara qoşuldu, sonra məclisin bütün üzvləri bir-bir gəlib onlara qoşuldu, üstü yarımçıq şüşələrlə, yeyilib boşalmış boşqablarla dolu o uzun mizin arxasında təkcə müdir Əlimuxtar müəllim oturmuşdu, gözlərini restoranın meydançasında oynayanlara zilləyib dərin qullablar vura-vura, tüstünü bütün ciyərinə çəkə-çəkə siqaret sümürürdü. Hamı rəqsi başa vurub mizin arxasına keçəndə Səlim Sürəyya Züleyxa xanım üçün təmiz çəngəl-bıçaq, təmiz boşqablar gətirtdi, bircə dəqiqənin içində isti kabab, qıpqırmızı qızardılmış və içi ləvəngi ilə doldurulmuş çolpa gəldi və Əlipaşa o təmiz çəngəl-bıçağa fikir vermədən öz çəngəli, öz bıçağı ilə Züleyxaya qulluq edə-edə yavaşdan soruşurdu:

– Onu tanıyırsan?

– Yox, kimdi ki?

– Televizorda görməmisən?

– Hə... hə...

Bu adamlar bir-bir Züleyxanın yadına düşürdü, onları televizorda görmüşdü, əvvəllər boş vaxtı olanda bir-iki yazılarını oxumuşdu.

– Züleyxa...

– Hə?

– Züleyxa, bu məclisin pulunu mən verəcəyəm e...

Züleyxa qızardılmış toyuq döşünə batırdığı çəngəli bir an əlində saxladı, sonra Əlipaşaya baxdı, sonra bir-bir məclisdə oturmuş adamlara baxdı və bir söz demədi. «Gül dedi bülbülə: – «Bağıma gəlmə».

Əlipaşa ağzını Züleyxanın qulağına yaxınlaşdırıb:

– O qızı görürsən? – soruşdu.

– Hansı qızı?

– Ode, o stolda oturub, üç nəfərlə bir yerdə...

– Hə gördüm... – Züleyxa pıçıldadı.

– Bayaq o qıznan oynayırdım.

– A-a-a... – Züleyxa maraqla o qıza – son dəblə geyinmiş o gözəl qıza baxdı, sonra yenə Əlipaşaya baxdı və gülə-gülə həmin pıçıltı ilə: – Doğrudan? – soruşdu.

– Hə! – Əlipaşa da güldü və Əlipaşaya o da çox ləzzət elədi ki, o gözəl qızla oynamağı Züdeyxaya bu cür maraqlı, bu cür xoş gəldi, hətta, elə bil, Züleyxa indi onunla, yəni Əlipaşa ilə fəxr edirdi...

O gözəl qız da, deyəsən, başa düşdü ki, söhbət ondan gedir və Züleyxa bu boyda məsafədən görməsə də, hiss etdi ki, o gözəl qızın qulaqları qızarır. O qız bir daha Əlipaşaya tərəf baxmadı.

Züleyxanın saçları Əlipaşanın alnına, gicgahına, yanağına dəyirdi və Züleyxanın o xurmayı saçlarının yüngüllüyünü, o toxunuşunun xəfifliyini Əlipaşa elə bil təkcə alnında, təkcə gicgahında, sifətində hiss etmirdi, o saçların zərifliyini bütün bədəni ilə duyurdu, o zəriflik indi qanına yayılmışdı, bütün bədənindən axırdı. Züleyxanın saçlarının xüsusi ətri var idi və elə bil ki, o ətir çox-çox keçmişlərdən gəlib çıxdı, elə bil ki, unudulmuşdu, yaddan çıxmışdı, bir-birini əvəz edən o günlərin, o ayların, illərin arxasında qalmışdı və Əlipaşa o ətri yalnız indi tanıdı; necə olmuşdu ki, o xurmayı saçların ətri, bax, bu ətri beləcə yaddan çıxmışdı və görəsən, indi Züleyxanın özünün xəbəri var saçlarının ətrindən?

Professor qadın ayağa qalxdı:

– Bu dəfə söz mənimdir! – dedi, amma professor qadın sağlığı deməmişdən əvvəl Əlipaşa yenə dilləndi:

– Züleyxa...

– Hə.

– Züleyxa, bu məclisin pulunu mən verəcəyəm e...

Züleyxa:

– Yaxşı eləyəcəksən!.. – dedi.

BEŞİNCİ FƏSİL

Hesab 803 manat elədi.

Əlipaşa bufetdən baxan Mürsəlin bərəlmiş gözlərinin qabağında xörəkpaylayana düz 800 manat pul saydı, sonra Züleyxaya baxdı. Züleyxa redükülünü açıb onluq çıxartdı və xörəkpaylayana verdi. Xörəkpaylayan pulun artığını qaytarmaq üçün ciblərini qurdalayanda Züleyxa:

– Artığı lazım deyil... – dedi.

Əlipaşa hamı ilə, hətta, o professor qadın ilə də qucaqlaşıb, öpüşüb Züleyxa ilə birlikdə «Sağlamlıq» restoranından çıxmaq istəyəndə müdir Əlimuxtar müəllim onlara yaxınlaşıb:

– Bütün ömrüm boyu... – Amma dodağı qaçdı, qəhərləndi və sözlərinin dalını deyə bilmədi.

Içəridə isə, bufetdə yazıq Mürsəlin gözləri eləcə bərələ qalmışdı. Klarnetçalan şair Səlim Sürəyyadan sonra, bir az dincəlirdi, orkestr isə asta-asta

«Yar bizə qonaq gələcək»... havasını çalırdı.

ALTINCI VƏ SONUNCU FƏSİL

Ayaqlarının altındakı qarı xırçıldada-xırçıldada, topuğacan qara bata-bata tamam bomboş, tamam sakit bir küçə ilə gedirdilər; avtomat telefonla evə zəng eləyib qızlara demişdilər ki, nigaran qalmasınlar, bir az havada gəzib gələcəklər. «Gül dedi bülbülə: – «Bağıma gəlmə...».

– Yaman güldən, bülbüldən deyirsən a!..

– Soyuq deyil sənə?

– Bu şubaya nə soyuq? Sənə soyuq olar, palton nazikdir.

– Mənə soyuq deyil.

– Keflisən də, ona görə...

– Mən? – təəccüblə soruşdu və güldü.

– Hə, əlbəttə, sən!.. – Züleyxa da güldü.

– Bilirsən, bizim müdir də oradaydı e, yadımdan çıxdı sənə göstərim...

– Neynirəm onu görüb?

– Amma, vallah, Səlim Sürəyya yaxşı adamdı.

– Axtarsan dünyada elə hamı yaxşı adamdı...

– Mürsəl də?

– Mən nə bilim e...

– Bəs, sən nə bilirsən?

– Onu bilirəm ki, dünyanın ən yaxşı adamı sənsən!

– A-a-a... – Əlipaşa ayaq saxladı. – Doğru deyirsən?

– Mənim yalan danışmağımı görmüsən?

– Yox... Çox sağ ol, Züleyxa...

– Nə?

– Heç...

– Nə olub e, sənə?

– Heç nə... Ancaq... Ancaq bilirsən... Heç ...

Züleyxanın da, nədənsə, gözləri dolmuşdu və gecənin qaranlığında sifəti görünməsə də, Əlipaşaya baxıb gülümsədi. Sonra Züleyxa özünü ələ aldı və dedi:

– Sənə gərək təzə palto alaq!

Gecə yarıdan keçmişdi.

... Sonra yavaş-yavaş səhər açılacaqdı...

Hər tərəfi bürümüş o ağappaq qar görünməyə başlayacaqdı...

Yanvar, 1985.

Moskva-Bakı.

C.Məmmədquluzadə "Poçt qutusu"

Y.Səmədoğlu "Bayatı-Şiraz"

Ə.Əylisli "Ürək yaman şeydir"

C.Məmmədquluzadə "Usta Zeynal"

Y.Səmədoğlu "Astana"

Ə.Haqverdiyev "Bomba"

Anar "Gürcü familiyası"

A.Məsud "Sərçələr"

M.F.Axundov "Aldanmış kəvakib"

S.S.Axundov "Qaraca qız"

Ə.Haqverdiyev "Mirzə Səfər"

Ə.Əylisli "Nənəmin tütün kisəsi"

V.Nəsib "Omaroğlunun qayıtması"

Şahmar "Köynək"

Qan Turalı "Şaxtababanın qətli"

Anar "Asılqanda işləyən qadının söhbəti"

A. Məsud "Dovşanın ölümü"

C. Məmmədquluzadə "Qurbanəli bəy"

Ş. Ağayar "Şeqlov üsulu"

İ. Hüseynov "Bir az romantika"

Ə.Məmmədxanlı "Buz heykəl"

Anar “Mən, sən, o və telefon”

Ə.Haqverdiyev “Çeşmək”

E.Əlləzoğlu “Doğum”

Y.Səmədoğlunun “İncə dərəsində yaz çağı”

Yaşar “Tabut”

Ə.Haqverdiyev “Şeyx Şəban”

Elçin “Parisdə avtomobil qəzası”

K.Abdulla “Səhvlərimizin qrammatikası”

Ş.Ağayar "Şəkil"

Elçin Qatar. Pikasso. Latur. 1968.”

A. Divanbəyoğlu “Can Yanğısı”

N.Kamal "Nana sevirdi"

E.Hüseynbəyli “Kəndə gün çıxanda qayıdacağıq…”

K.Abdulla "Adaşlar"

S.Əhmədli "Arabaçı"

Y.Səmədoğlu “Soyuq daş”

F.Uğurlu "Dərviş"

S.Baycan “Puqaçov üsyanı”

R.Əlizadə "Əncir qurusu"

Mübariz Örən "Qar tanrısı"

# 2044 dəfə oxunub

Oxşar xəbərlər

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #