Sallaqdöş qarı, əsaya söykənən kişi - HEKAYƏ

Sallaqdöş qarı, əsaya söykənən kişi - HEKAYƏ
4 dekabr 2015
# 13:48

Kulis gənc yazar Hikmət Carçılı Orhunun “Park” hekayəsini təqdim edir

Adamların yerişində tələskənlik vardı: kişilər yol gedə-gedə yeyin-yeyin şalvarının belini düzəldir, qalstukunu qaydaya salır, elə yelli addım atırdılar ki, ayaqları bir-birinə dolaşır, tez də tövşüyüb yavaşlayırdılar. Qadınlar qolundan salladığı çantanı iki dəqiqədən bir yuxarı dartır, üzünə düşən saçını arxaya atır, fəvvarəyə çatanda günəş şüalarının işıqlandırdığı daşlarda güzgülənir, özünə çəki-düzən verib gözdən itirdilər.

Göyərçinlər, sərçələr yuvalarından uçub axşamdan parkda gəzişən adamların ovcundan yerə düşən qır-qırıntını dənləyirdi. Park vədəsində süpürülmürdü, quşların Allahı vermişdi.

Bircə yazıq qarğalardan başqa. Bu “qonaq” quşlar hələm-hələm parka enməzdi. Böyük yerdən buyruq var idi: harda gördünüz, vurun. Çox pis heyvan imiş bu qarğalar. Hara gəldi zibilləyirdilər. Park uzunu şairlərin, yazıçıların, artilleriya generallarının, qədim-qayım kişilərin büstü qoyulub. Rayonun köhnə icra başçısı hər səhər işə gedəndə yolunu parkdan salır, qatıq kimi süzülə-süzülə ziyalıların üzünə yayılan zılığı görüb dəli olurdu. Süpürgəçilər də bezmişdi axşam-səhər zibil təmizləməkdən. Təmizləyib gedirdilər, evə çatmamış zəng gəlirdi ki, bəs deməzsən, qarğalar yenə batırıb.

Bir gün qarğalar rayonun adlı-sanlı şairinin parkın o biri başında ayrıca qoyulmuş şanlı-şöhrətli heykəlini də batıranda başçı özündən çıxdı. Nə qədər ovçu var, başına yığıb əmr elədi ki, bu kökü kəsilmişləri sonuncusuna kimi güllələyin. Əmrin səhərisi gün rayon qara geyinmişdi. Ölü qarğalar adamların ayaqlarına dolaşırdı.

Bir aydan çox deyil təzə başçı gəlib. Deyirlər, mülayim adamdır. Qarğaların köhnə başçının vaxtında vaqe olan vurhavurda, qırhaqırda qaçıb gizlənənləri olub ki, göyərçinlərə, sərçələrə qoşulub dənlənirdilər.

Qarğalar oyana dursun. Dan üzü ağarandan dükanı açıb müştəri gözləyən çörəkçi qarı qapının ağzına qoyduğu stuldaca mürgü vururdu bu dəmdə. Hərdənbir barmağını qulağına salır, sallanıb dizinə dəyən döşlərini qaşıyır, gözlərini sığayır, səksənib at kimi fınxırırdı.

Gününü yamyaşıl çinar ağaclarının kölgəsində parkı o başa, bu başa gedib gəlməklə keçirən kişilərin yalançısıyam, o arvaddan söhbət salanda deyirdilər, evlənməyib. Anası xəstə imiş, ömrünü ona baxmaqla keçirib. Gözünü açanda görüb ki, saç ağarıb, dəri qırışıb, döş sallanıb, qulaq irilənib, dodaq quruyub, göz çuxura düşüb.

***

Birini qoyaq burda mürgüləməyində olsun, keçək o birinə. İri gövdəli ağsaqqal səhərin gözü açılandan parkın ortasındakı fəvvarənin yanında qoyulmuş skamyada oturub dizlərini ovxalayırdı. Hər gün beləydi, hər gün. Eləcə dayanıb dizlərini ovxalayır, hərdən də başını qaldırıb, ürkək-ürkək ətrafı gözdən keçirir, skamyanın o biri başına söykədiyi əsanı, yan-yörəsinə yığdığı torbasını, geyməsini yoxlayırdı.

Yaşı yetmişi ötməzdi, amma əyin-başı qocalığını ələ verirdi. Üzündən zəhrimar yağırdı, qaşlarını dolu döymüşdü. Ovurdundakı arxa oxşar qırışlar, pələ-püsür duruşu, iri gövdəsi adamı qorxuya salırdı. Qulaqları uzanıb çölə açılmışdı. İlk görünüşdən idmançıya oxşayırdı. Ovurdundan fərqli olaraq qolu – dirsəkdən aşağı getdikcə nazilsə də, dərisi şumal idi. Birdən ona qədər nömrələnmiş barmaqları yetmiş yaşlı qocaya görə çox canlı idi.

Adamları iti nəzərlərlə gözdən keçirirdi. Bir az da ürkürdü adamlara baxanda. Məktəbdən qayıdan uşaqlar tez-tez başına yığılıb hərəkətlərini təkrarladığından gözü qıpıq öyrənmişdi. Hər addımı, tərpənişi içinə salırdı: “Görəsən, bu da axsaqdı? Ağsaq deyilsə niyə ayağını çəkir? Ağzımı əymir ki?!”

Axsaq adam görəndə istəyirdi, əsanı götürüb təpəsinə çırpa. Bir-iki də söyə ki, köpəyoğlu, niyə dərdimi xatırladırsan? Axsaqsan, öl, axsaq yerində, parkda nə işin var? Ayaqlarına baxanda fikrindən daşınırdı: “Sən də bir kopolu deyilsən. Nə itin azıb Dəllərdə, dalın gəzir əllərdə?” - özünü danlayırdı.

Yeməyini parkdaca yeyirdi. Səliqəylə qatlanmış yaylığını açıb oturduğu skamyanın dəmirinə biri-birindən aralı bərkidilmiş taxtaların üstünə sərir, torbadan çıxardığı bir para çörək, bir sosiska, ya da bir adam doyası kolbasayla özünə ziyafət verirdi.

Çayını sallaqdöş çörəkçi qarı gətirirdi. Müştərilərini yola salıb əl-ayağını yığır, kişinin qulluğunda dayanır, başına pərvanə olurdu. Əslində, elə bir pərvanəliyi də yox idi. Yaşı keçmişdi, bədəni yır-yır yırğalanırdı. Əldən iti olduğuna görə, yaşının bu vədəsində ancaq çay süzməyə, yemək bişirməyə, paltar yumağa, yun çırpmağa yarayırdı.

Gününü parkda gap eləməklə keçirən kişilərdən heç demə. Səhər çaylarını içib, çörəklərini yeyəndən sonra parkda iri gövdəli kişi ilə üzbəüz skamyalardan birinə qapalanır, gələn-gedənin qeybətini qırırdılar. Şübhəsiz, iri gövdəli kişi ilə çörəkçi qarı haqqında da geninə-boluna danışırdılar: “Baxışmaqdan birtəhər oldu bu bədbəxtlər də... Doğru-dürüst kəlmə də kəsmirlər”, “Ağılları da yoxdur, evlənmirlər”, “Canları sulu olmasa da...”, “Əşşi, dillərinə, dodaqlarına nə gəlib?!” Sonra da gülüşürdülər...

Bir az cavan olsalar, bəlkə də evlənərdilər. Kişi heç danışmasa da, qadın ara-sıra ürəyində olanlardan söz salırdı: “Bilirsən, cavan olsaydıq... Anamı dərin getsin, məni yazıq elədi. Bir azca tez ölmədi ki... Eh, kimdir ağzıma sıçan?!”

Kişi gözünü qadın tərəfə zilləyib eləcə baxırdı. Bəzən o qədər diqqətlə baxırdı, baxdıqca böyüyən, böyüdükcə ölü qoyun gözlərinə oxşayan gözlər qadını qorxuya salır, ağlını başından alırdı.

Bir dəfə qadın elə bildi doğrudan ölüb. Əlini havada yellədi, kişidən bir tərpəniş olmadı. Sinəsi də enib qalxmırdı. Donub qalmışdı. Qadın təşvişə düşüb dükanın artırmasına qoyduğu istəkandakı qaynar çayı onun üstünə tökdü. Ancaq bu zaman kişi özünə gəlib sərt hərəkətlə onun qolundan tutdu.

Qorxu, həyəcan keçəndən sonra qadın stuluna əyləşib kövrək səslə, həm də ərkyana onu yanımışdı: “Görərsən, görərsən. Yaxşııı... Demək, mənə baxmırsanmış. Neynək, elə olsun. Mən də deyirəm, bununla evlənim”.

Qadın da elə bil, bir balaca ağıldan qürrey idi. Hər dəfə hərləyib-fırlayıb sözü evlənməyin üzərinə gətirir, bir qatar söz danışır, ardınca özünü sorğu-suala tuturdu: “Nə evlənmək?! Tutalım evləndiniz, nə pox yeyəcəksiniz? Yaşınız nə, xəyalınız nə?!”

Sonuncu cümlədən cəm şəkilçisini çıxarmaq lazımdır əslində... Həm də hökmən. Kişinin sərbəst düşünmə hüququnu pozuruq axı. Qadın pozur. Çünki bu, təkcə qadının xəyalı idi. Bir sözü hər üzünə danışan, əli aşından da, vəli aşından da olan qadının.

Kişinin kim olduğunu bilən yox idi. Evli olub olmadığını da, evi olub olmadığını da... Hərdən qadının ağlından keçirdi ki, bu kişi danışığını itirdiyi kimi xəyal qurma, düşünmə bacarığını da itirib. Ağac kimi adamdır. Haqqında çox şey düşünmək olar. Adamın ağlına hər şey gəlir. Qadın haqlıdır.

Yox əşşi, yaxşı yadıma düşdü, səhərlər parka gəlib saatlarla donub qalsa da, hərdən ətrafa baxmağı, adamlardan ürkməyi də var. Onların hərəkətlərini öz-özündə çək-çevir etməyi, vicdan əzabı çəkməyi, özünü qınamağı da... Ola bilməz. Ola bilməz ki, o tamam-kamal ağac olsun. Olsa-olsa yarı ağac ola bilər. Onun öz dünyası var. Qadın haqsızdır.

Yadıma düşmüşkən, mənim bu hekayədə nə itim azıb? Nə axmaq adamam, hamının da yerinə qərar verməyə, danışmağa çalışıram. İşimi itirəndən avaranın biriyəm, parkdakı qeybətcil qocaların tayı olmuşam. Özümü çıxarmalıyam bu hekayədən, özümü. Elə mənəm haqsız olan.

Bu arada o biri skamyalardakı qocalar getmiş, bir iri gövdəli kişi qalmışdı, bir də sallaqdöş arvad. O, burnunu yuxarı qaldırıb gözünü dələn günəşə baxdı. Salavat çevirib qırış-qırış olsa da, səliqəli qatlanmış yaylığını çıxardı. Dəmirə biri-birindən aralı şəkildə bərkdilimiş taxtaların üzərinə sərdi.

Kənardan dua edənə oxşamırdı, ancaq sinəsi tez-tez enib-qalxırdı. Qalxana oxşayan hülqumu o sürətlə gedib gəlirdi, deyərdin boğazında fındıq qalıb. Gözünü yeməkdən ayırıb salavat çevirdi. Üzünə işıq gəlmişdi, gülümsünürdü. Əlini əlinə sürtüb, var gücüylə çörəyi parçaladı. Harda qorumuşdusa dişləri salamat idi. Bir çörəkdən dişləyəndə, bir bilək canda kolbasadan dişləyib acgözlüklə çeynədi. Çeynədikcə üzü dartılır, ovurdundakı qırışlar qarmon kimi açılıb yumulurdu.

Bu kişi yeməyində olsun, nəsə çörəkçi qarı gözümüzə dəymir. Hələm-hələm dükana yan almayan sərçələr göyərçinlərdən ilham alıb, qadının stulunun ayağına səpələnən qır-qırıntını dənləyirdi. Qarğalar aşağıdan uçurdu.

Üzbəüzdəki skamyalarda oturan kişilər hələ qayıtmamışdı...

Yeməkdən sonra mürgü tutmuşdu kişini. Günəş şüaları gözlərini çıxarırdı. Oyandı. Əsnəyib, gərnəşib yerindən qalxdı. Skamyanın o biri tərəfinə əyləşib torbasını günəş düşən tərəfə itələdi. Nə çörəkçi qarı, nə də o biriləri gəlmişdi. Əsaya dirsəklənib arxaya söykəndi. Ayaqlarını qabağa uzatdı, yaylığını çıxarıb üzünə saldı. Bir azdan yuxu tutmuşdu.

...Skamya yırğalananda oyandı. Yaylığı üzündən götürəndə əsəbi görünürdü. Torbanı ortaya sarı itələyib onun yerində əyləşən oğlanı görəndə duruxdu. Uzun-uzun biri-birinə baxdılar. Kişi əsim-əsim əsirdi. Qaşlarını çatmışdı. Dişini sıxdıqca üzündəki qorxunc ifadə getdikcə ağırlaşırdı. Nəfəs alıb verdikcə fıs-fıs fısıldayırdı. Arıq bədən, ortaboy olmağına rəğmən oğlan özündən əmin görünürdü. Uzağı otuz yaşı olardı. Kişinin əl çəkməyəcəyini görüb, sifətini turşutmağa başladı. O da fısıldadı. Fısıldaşırdılar. Onun elədiyi hərəkətləri təkrarlayırdı.

Hamı gəlmişdi. Çörəkçi qarı da, kişilər də... İri gövdəli kişi ilə ortaboy oğlanın fısıltısı onların marağına səbəb olmuşdu. Gözlərini ayırmadan kişi ilə oğlanın hərəkətlərinə tamaşa edirdilər. Göyərçinlər və sərçələr uçmuşdular.

Çörək dükanının qarşısında əlil arabası var idi. Çörəkçi qarı dükanı yaddan çıxarmışdı, müştərilər qadının fikrinin özgə yerdə olduğunu, gələni geri qaytardığını görüb əsəbiləşirdilər.

İri gövdəli kişi özündə deyildi. Daha qorxunc sifət almağa çalışırdı, daha qorxunc. Oğlan isə onun etdiyinin beş qatını edirdi. Kişi qəfil əlini uzadıb əsanı qapdı. Bir göz qırpımında qaldırıb oğlanın çiyninə çırpdı. Oğlandan səs çıxmadı. Eləcə çiynini tuturdu. Səsi içinə düşmüşdü. Nəfəsi açılandan sonra skamyadan düşdü. İməkləyə-iməkləyə gedib əlil arabasına əyləşdi, təkərləri fırlada-fırlada uzaqlaşdı. İri gövdəli kişi oğlanı gözdən itirəndən sonra adamları hiss elədi. Hürkdü. Yerindən qalxıb əsaya söykəndi. Ağır addımlarla parkı tərk elədi.

Bu vaxt hardansa bir çinar yarpağı qopub düşdü. Və hardansa bir külək qopub onu arxasından itələyə-itələyə iri gövdəli kişi gedən tərəfə qovdu. Səhər parkın dörd tərəfi sarı çinar yarpağına bürünmüşdü, elə bil, boyanmışdı torpaq. Qarğalar parkın üstü ilə uçurdular.

# 1205 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #