Çağdaş poeziyamızda erməni məsələsi - TƏNQİD

Çağdaş poeziyamızda erməni məsələsi - <span style="color:red;">TƏNQİD
13 iyul 2015
# 14:30

Kulis tənqidçi Elnarə Akimovanın “Ey könlü zindan erməni...” məqaləsini təqdim edir

“Müharibə doğma bətnlərində, yad toxum deməkdir”

Qarsiya Lorka

ixtisarla

Adətən, cavan nəsil haqqında danışanda keçib gəldikləri 90-cı illərin onların psixolojisinə neqativ təsirindən danışırıq. Bu fikri ümumən, bütün yaradıcı insanlara aid eləmək olar. 1990-cı illərin ard-arda düzülən fəci hadisələri ilə poeziyada sınma dövrü başlamışdı. Sovet dövrünün dəyərləri iflasa uğramış, yeniləri hələ təşəkkül tapmamışdı. Digər tərəfdən, keçid dövrünün problemləri, gərginlikləri, eləcə də üzləşdiyi Qarabağ dərdi ilə baş-başa qalan ədəbiyyat adamları üçün həmin dönəmdə fəaliyyət göstərmək çox çətin idi. Akif Səmədin aşağıdakı misralarında deyildiyi kimi, ədəbiyyat, sənət keçid dövrünün məşəqqətləri önündə əzəli gücünü saxlaya bilmir, zamana məğlub görünürdü:

Könül, dünya gərdişləri

Bizlik deyil, çıxaq gedək.

Söz qanan qəhətə çıxıb

Sözlük deyil, çıxıb gedək...

Müharibənin baş verdiyi ilk vaxtlarda gənc poeziyanın prosesə ehtiraslı müdaxiləsi, baş verənlərə reaksiyası o qədər də nəzərə çarpmır. Sanki keçib gəldikləri fəci tarix yolu, itirilmiş gənclik həsrəti yoxdur, torpağı itirilən, yurdu yağmalanan, şəhidlər verən bir məmləkətin nişanələrini daşımırlar. Gənc poeziya daha çox fərdi duyğularını nəzmə çəkir, özündən yazmağı hədəf seçirdi. Amma bir məqama həssas olmamız gərəkdir. 90-cı illər şeirində şair daha çox “mən”indən çıxış edir, çünki hər şeyin deqradasiyaya uğradığı xaotik çevrədə ona fərdi duyğuları ilə əlləşməkdən başqa yol qalmır. Digər tərəfdən, individuallıq dünya düşüncə məkanına hakim olmuş modernist yanaşmanın ilkin əlamətlərindən biri kimi təzahür edir. Bu barədə bir qədər sonra.

Müharibə insanının içindəki ağrını, daşıdığı həyat yükünü ifadə eləmək baxımından bu gün poeziyanın mövqeyi daha sərt və psixoloji nüans səhihliyi ilə təhlilə gəlir. Bu ağrı simvolikası ədəbiyyatımızın yaşlı şairləri ilə bahəm Ş.Ağayar, R.Qaraca, Z.Əzəmət, Q.Ağsəs, M.Köhnəqala kimi nisbətən cavan şairlərin mətnlərində bədii təcəssümünü tapır. Onların şeirləri müharibənin odunu-alovunu, yandırıb kül etdiyi arzuların insan içində doğurduğu fəsadlarını, atdığı şırımlarını göstərir, öz emosional ahəngi və bədii təcəssümü ilə müharibə insanının hisslərinin yanğısına və müəllifın iç ağrılarının təfsilatına söykənirlər. Məsələn, Ş.Ağayarın “Namaz” şeiri müharibə mövzusunu ağrı, iztirab və savaş ovqatı ilə poeziyaya gətirən, onun illər boyu minor motivlər üstə köklənən ritmini özgə hava-havacata kökləyən ilk nümunələrdən sayılır. Şeir elə ilk sətirlərdən oxucunu narahatlıqda saxlayan həyəcanlı təsvir və təhkiyə ilə nəql olunur. Mətnin içərilərinə doğru irəlilədikcə gərginliyin inkişaf dinamizmi daha da artır. Şair “mən”i qisas yanğısına köklənir, Vətəni Tanrı məqamında vəsf qılaraq onun xilasını kamil olan imanımızda - onu sevmək, uğrunda can nisar edə bilmək əzmkarlığımızda görür. Vətən şair üçün parçalanan Azərbaycan torpağıdır, Qarabağdır. Şair yaşadığı faciələrin portretini, ağrılı görüntülərini sərgiləyir:

İkinci rükət

(Qunut)

Ovcumun içinə baxıb gözlərimi yumuram; kəndimiz... evimiz... həyətimiz... babamın qəbri... evində diri-diri yandırılan Səfər əmi... qaçıb kəndin meşələrində gizlənən dəli Cəlal... əsirlikdə inləyən Səltənət... özünü qayadan atan Qəmzə arvad... Yazıq yurdum... Yetim məmləkətim....

Allah bağışlasın bizi

Allah keçsin günahımızdan

Allah böyükdür bağışlayandır

Vətən bölünməzdir.

“Namaz” daha çox məğlubiyyətlə barışmaq məqamına, sosial problematik kəskinliyə yönəlmiş mətn kimi yadda qalır. Amma şeir havasında yox, daha çox açıq prozaik notlar, işarələrdə. Müəllifin “Köç”, “Doxsan ikinin mayı”, “Qardaş” şeirlərində də ağrı, nisgil simvolikası qabarıq, ürəkyaxıcıdı, sadəcə bu şeirlərdə daha çox nəqli təsvirə üstünlük verildiyindən poetik mexanizm bütün gücüylə işləmir.

Müharibədə itirdiklərimizin acısı, barışa bilmədiyimiz torpaq talanı, alışa bilmədiyimiz qaçqınlıq, köçkünlük faciəsi psixoloji gərginlik və mənəvi deqradasiya doğurur. Cavan şairlər həmin məqamları, içlərindən keç(ir)dikləri acıları təqib qılaraq onları haşiyəsiz-boyasız poetik mətnə gətirirlər. Bu şeirlərdə daha çox milli-sosial-siyasi qüsurların, yarıtmazlıqların ifşasını təsvirə çəkmək məqsədə çevrilir və müəlliflər başlanğıcı bu məqamdan götürərək müharibə gerçəklərinin dərin qatlarına varmaq niyyətində bulunurlar. Bu şeirlərdə lirik “mən”in cəmiyyətlə toqquşma, münaqişə məqamlarını müharibə insanının, iştirakçısının böhranı - dekadansı kimi alan şairlər elə həmin iflas məqamlarını bədii təcəssümün predmetinə çevirirlər. O yerdə ki, uğrunda vuruşduğun idealların çökdüyü məqam gəlir, dərin insan böhranı başlanır. Şairlər bu mövzunu təsvir predmetinə çevirməklə, həm də ona münasibəti yeni sınaq qarşısına çıxarırlar: yeni cəmiyyətdə müharibə insanının mövqeyi necə görünür, o yenə də erməni məkri önündə güzəşt edirmi?! Faktura və problematika müasirlikdən, keçib gəldiyimiz çağdaş və hələ də diri qalan problemlərimizin aktuallığından nəşət edir. Bu, erməni məsələsinə münasibətdə özümüzə edilən ironiyadır, keçmişdən uzaqlaşmağımıza edilən tənədir.

Çağdaş poeziyada erməni məsələsini qabardan bir qism şeirlərdə milli obrazın əyaniliyi - zəif tərəflərimizin etirafı, bu sırada, türk kişisinin sadəlövhlüyü, aldanış və eyforiyası ilə birlikdə təsvir olunur. Rasim Qaracanın “Qarabağ veteranının xatirələri” şeirində olduğu kimi:

92-ci ilin payızında iki daraq patrona

Qırmızıbazarlı Aşotdan

Bir Siranuş aldıq.

Əsgər həyatını bilirsiniz...

Çayımızı dəmlər, yeməyimizi bişirər və

On nəfərin

Digər ehtiyaclarını ödərdi.

...Başqaları adam satıb ev alardı,

Biz isə patron satıb

Guya əsir düşmüş qızlarımızın

Hayıfını çıxmaq üçün bir Siranuş.

Burada erməni qızına münasibətdə müəllifin sıraladığı gerçəklər sırası bəhanə kimi səslənir və bu mövqe oxucunu rəncidə salır. Nə olsun ki, şeirdə əsgər həyatının həqiqətləri dil açıb danışır, bu həqiqətlər hətta intim səhnələrinin təsvirinə qədər dərinə işləyir, əvəzində oxucunu həqiqətlərin barizliyi nə qədər heyrətləndirirsə, bu heyrət azəri kişisinin “axçi” aludəliyi önündə tənəzzülə uğrayır.

Bayırda gurlayan toplar,

İçəridə sərxoş qəhqəhələr

Bitli yorğanın altında isə

Ölümdən, sadəcə, ölümdən qorxan

Tir-tir titrəyən iki çılpaq bədən.

Bu həmən tanış “mif”dir, milli nəsrdə bizə məlum olan xəttin davamıdır. Əslində, şairin belə bir münasibəti simvolik olaraq təsvirə alması aydındır - “Əsli və Kərəm”, “Bahadır və Sona” (N.Nərimanov), “Sarı tağ” (A.Abdulla), “Erməni adındakı hərflər” (M.Süleymanlı), “Qarabağ şikəstəsi” (V.N.Sarıhüseynoğlu), “Quqark” (S.Baycan) əsərlərində erməni-azərbaycanlı münasibəti müxtəlif rakurslardan bədii təsvirin mərkəzinə çəkilirsə də nəhayətində, milli xarakterin boşluqlarından nəşət tapırlar. Bu şeirdə də boşluqlara işarə var, bu dəfə səmimi etiraf-təsəlli formasında: “Əsgər həyatını bilirsiniz...”.

... Bir-birilə ağır artilleriya dilində

Danışan iki cəbhə arasında

Dabandan qopan torpaq parçaları

Və çiliklənən şüşələr altında

Ermənicə pıçıltılar və “ah”lar,

Savaşa “yox”, “yox”, “yox” kimi səsləndi...

Zahir Əzəmətin “Əsgər məktubu / arxa cəbhəyə!” şeirində isə müəllif müharibə poeziyası üçün tamam yeni sayılacaq üsluba müraciət edir. Şeir adından da bəlli olduğu kimi, əsgərin adından arxa cəbhənin insanlarına ünvanlanır.

sizə zəfər gətirəcəyik
bizə məktub yazın heç olmasa
sətirlərdən ürəyiniz boy versin
səbirlə dinləyin şikəst qayıdan
əsgər yoldaşlarımızın gecə sayıqlamalarını
üz çevirib getməyin uşaqlarımız dilənəndə
su verin
çörək verin!
atalarımıza siqaret
analarımıza ürək dirək verin…
sizə zəfər gətirəcəyik
bizə barıt qoxusu dadmayan
səhər saxlayın
bir az günəş
bir az dəniz…
bir az da soyuq xırdalan pivəsi
şəxsən mənim üçün
və sevməyin ay əclaflar
bizi gözləyən qadınları.

Diqqət eləsək, Z.Əzəmətin şeiri ümumən, müharibənin gerçək yaşamını, dünyanın hansı tərəfində savaşır-savaşsın, bir əsgər şüurunun altyapısını, içinin təlatümünü - qorxusunu, narahatlığını, arzusunu bədii mətnə gətirir. Mətnin strukturu milli düşüncəmiz üçün xarakterik olan, baş vermiş müxtəlif paradoksları mümkün qədər yanaşı verməyə imkan yaradır: müharibə gərginliyi və bu gərginliyin arxa cəbhədə hiss olunmayan əhvalının fəci görüntüləri. Bu iki təzadlı situasiyada obrazın dünyasına bələd olmağa hər cür imkan yaranır. O məqamlar ki, orda ön cəbhənin vuruşları ilə arxa cəbhənin qanunları, ön cəbhənin ümidləri ilə arxa cəbhənin laqeydlikləri dissonans təşkil edir... Alt qatda bu disharmoniyaya qarşı bir aqressivlik var, müəllif dəyərlərin devalvasiyasını qabartmaq baxımından çağdaş həyatın neqativlərini, deqradasiyaya uğramış dəyər faktorunu ön xəttə çıxardır. Toxunduğu mövzu sferası isə, istənilən qədər, ictimai-mənəvi kontekstlərdə bu və ya digər tonlarla çevrələnir. Müharibə yalnız döyüş səhnələrinin, nakam ömürlərin nədəni olmaqla məhdudlaşmır ki... Bunun bir də arxada davam edən faciəsi, göz yaşı, fəlakəti var. Necə ki, Qarsiya Lorka onu “müharibə doğma bətnlərində, yad toxum deməkdir”, - deyə təsnif edirdi.

Pikassonun yaradıcılığının bəlli bir dövründə taleyin üz çevirdiyi underqraund insanların kədəri sərgilənirdi. Müstəqillik dövrü şeirində də müharibənin çəkilən portreti bu qatlara açıqlığı ilə dərinə işləyirdi. Rasim Qaracanın “Əgər ən yaxın dostun müharibədə ölmüşsə”, Qulu Ağsəsin “Müharibə əlili” şeirlərində insan faciəsi ən epataj səciyyəli elementlərinə qədər poetik təsvirin predemtinə çevrilir, ağrının cizgiləri daha sərt boyalarla təcəssüm olunurdu.

Üzdü ayaqlarımı Vətən yolu
qayıtdım üzüqoylu…
qayıtdım
qurşağımın yuxarı qatıyla,
qayıtdım
əlil arabasının atıyla…
İki balam gözüyaşlı
arvadım başıdaşlı…

Yazıq hər əmrə müntəzir:
həm məni gəzdirir,
həm … özü gəzir…
Süfrəmdə haram var -
dinmirəm,
İki ac balam var -
dinmirəm.
Dinmirəm
gül ağzı açılanda heyrətin:
«Vətəni qorudun, bəs öz qeyrətin?!»
… Üzdü ayaqlarımı Vətən yolu
bu da mənə «sağ ol»u…

Şeirdə prozaik naturallıq – müharibə gerçəkliyinin sərt dramatizmi ilə qarşılaşırıq. Bu məqamda, müəllif müharibə mövzusu zəminində şəxsiyyət-cəmiyyət antoqonizmini önə çıxardır, yəni müharibə dövrünün acı reallıqlarından biri budur - insan elə bir çıxılmazlığa düşür ki, nəinki öz imkanlarını, torpağını, yurdunu, hətta namusunu belə qoruma çabasını realizə edə bilmir. Mətndə bu məqam real olaylar kontekstində təsvirini tapır, məğlubiyyətin dramını, faciəsini, mənəviyyatın xaosunu göstərir, gerçəklərin fəlsəfəsini yaşadır.

Qarabağ savaşı poeziyanın müharibə yaddaşını təzələdi. Çağın mənzərələri içrə gəzişən, bu gəzişmədə dünya iş(lək)lərinin, zaman-zaman uğraşdığımız erməni əməlinin hesabatını tarixi-siyasi qatda arayan şair münasibətindən tutmuş ekzistensial məqamlara, mətləblərə həssas olmağa qədər polifonik yanaşma təqdim edildi.

“Ədəbiyyat qəzeti”

# 1498 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #