Biz - Üç Yarasa - Şamxal Həsənovun hekayəsi

Biz - Üç Yarasa - <span style="color:red;">Şamxal Həsənovun hekayəsi
8 oktyabr 2019
# 18:03

Kulis.az Şamxal Həsənovun “Biz - Üç Yarasa” hekayəsini təqdim edir. Xatırladaq ki, onun ilkhekayəsi"Yeni imza" layihəsindən çap olunmuşdu.

“Bəzi dərin instinktlərdən müqəddəs və anlamlı heç nə yoxdur.”

Myotis Lucifugus

Belə-belə işlər! Mənim adım… Mənim adım yerləri doldurulmalı nöqtələr olsun hələlik. Yaxın dostlarım, digər iki yarasa Fuyarasa ilə Tuyarasa məni Yuyarasa çağırırlar, evdəkilərsə Yuyar. Yəni, daha qısa, qaranlıq, az ekzotik səslənən və vurğusu çox vaxt səhvən ikinci hecaya salınan bir isim. Bəs siz, həyatı sinədolusu içinə çəkən ağbənizlər, mənə hansı adla müraciət etmək istərdiniz? Yaxşıca bələd olmadığınız seçmə hüququndan, az qala, gözgörəsi bərələn gözlərlə, donuq üz ifadəsilə çaşbaş qalıb, mənim üçün layiqli, daha nəfis bir ad seçə biləcəksinizmi? Bəlkə, mənə necə müraciət etməli olduğunuzu bəri başdan özüm söyləməliyəm sizə? Seçməkmi daha asan gələr, yoxsa hiddətdən özünüzdən çıxaraq yerinizdə susub qalmaqmı? Tələsməyin hələ. Vaxtımız var.

Mənlə necə rəftar etmək lazım olduğunu biləcək qədər qərəzsiz yaradıcı və incə yumor hissinə malik olduqlarını düşünənlər üçünsə bir hekayə, daha doğrusu biz, üç yarasanın başına gələn qəribə bir əhvalatı danışmaq istərdim. Hərçənd, hekayəni kim sevməz axı… Şaxtalı və qaranlıq qış gecələrində istidən yanaqları allanmış dəmir peçlərin kənarında “bu minvalla”, ağızda ilıq meyvə və şappıltı nəql olunan, qorxu və səksəkə dolu qəhrəmanlıq hekayələrini və yarasaları sevməyənlərdən uzaq durmaq lazımdır.

Hə… Belə-belə işlər. Əsnəməyim gəlir bayaqdan, özümü güclə saxlamışam. Bağışlayarsınız yəqin. Əsnəyirsiniz siz də… Gözləyirəm.

Beləcə, biz, üç yarasa idik. Yorğunluğun bədənimizdəki şipşirin ağrısıyla başıaşağı sallanmış, ölüm qədər tünd qara qanadlarımızla özümüzü qucaqlayaraq mürgü vurmaqda idik ki, içərisində adımız hallanan həmin əxlaqsız nitqdən qulağımıza çatmayan söz qalmadı. Əlbəttə, qəflətən bunun fərqinə varmağımız, bunu sonuna qədər dinləməyimizə mane olmadı. Belə ki, üstün exolokasiya bacarığımız, qulaqlarımızın və beyin hüceyrələrimizin səs frekanslarına və exolara köklənmə bacarığı, xüsusilə də, reseptor hüceyrələrin daxili qulaqlarımızda cəmləşməsinin məntiqi nəticəsi olaraq… Amma indi bunlar barədə danışmaq gərəksiz və yersiz görünə bilər. Odur ki, sonra nə vaxtsa bu məsələyə layiq olduğu diqqəti vermək ümidilə, öz hekayəmizə qayıdaq. Bəlkə də, ortabab zehinlərlə dolub daşan, çox yaxşı işıqlandırılmamış zalımızı nəzərə alaraq, onlara, indidən təsəvvür edə bilməyəcəkləri və başqalarına düzgün sözlərlə ifadə edə bilməyəcəkləri qədər həssas duyma qabiliyyətinə malik olduğumuzu söyləmək kifayətdir.

Beləcə, biz, üç yarasa o nitq bitənədək səbrlə dözdük və vaxt yetişər-yetişməz girdik enli, üzərində buruq-buruq düyünləri, çopur-çopur girinti-çıxıntıları olan qoca-qoca çinar ağacının (hə, niyə də qoca-qoca ağac da olmasın axı?) gövdəsindəki isti, quş poxu və nəmləmiş quş tükü qoxan düşmən yuvasına. Uzun sözün qısası, uşaq-körpə bayquş demədik, heç birinə aman vermədən, hamısını həvəslə parçaladıq. Gözlərimiz dumanlandı, yüngülcə tərləyib, ləzzətli, sadə bir xoşbəxtlik duyduq. Olduqca boşalmışdıq. Özümüzü unutduğumuz bir anda məmnunluqdan dərim qanadlarımda ürpərirmiş kimi hiss etmişdim. Bir tərəfdən, havası çoxdan ağırlaşmış və ağır qan qoxusu basmış həmin yuvada özümüzü yarasa ruhunun ali təzahürü kimi görür, digər tərəfdən isə, qan içindəki bu məlun-bəd varlıqların yeyilməli olmamasına təəssüflənirdik. Qeyd etmək istərdim ki, bizim əsl məsələmiz bir intiqam, bəhanə və ya keçici bir ehtiras kimi ucuz məsələlər olmaqdan çoxdan uzaqlaşıb – nə hər şeydən ürkən, əndişəli beyinlərə olduqca təhlükəli və şiddət dolu səslənə biləcək təbiətimizi, nə də çoxları tərəfindən pozğun və sahmansız hesab edilən təbiətimizin önəmli parçası və bir o qədər də nəticəsi olan bu qaniçənliyimizi kimdənsə gizlətmək fikrim var. Əksinə!

Əslində, məsələyə bu gözlə baxmağınız həm sadədillik, həm də bizə qarşı bəslədiyiniz laqeyd-yorğun münasibət olardı. Hətta həqarət dərəcəsində! Baxın, bəziləriniz gülürlər, amma mən əsla zarafat etmirəm, biləsiniz. Əgər bu gecə buradakı iyon sütunların arasında, kürəyimdə və boynumda hiss etdiyim, mənə yad bu parlaq reflektorların altında belə hər zamankı ciddiliyimdən əmin olmaq istəyirsinizsə və güldüyünüz qədər cəsarətə maliksinizsə, bir qədər yaxın gəlin. Ki, mən də bütün söylədiklərimə müəyyən mənada “aydınlıq” gətirə bilim. Bəli – ikicə dırnaq arasında! Nə deyirsiniz? Amma yox, doğru təxmin etdiyim kimi, hər zaman ehtiyat edən, qorxub-çəkinən (və mənə bayquşları xatırladan) baxışlarınız bu barədə bəzi tərəddüdləriniz olduğunu söyləyirlər. Yoxsa, çoxbilmişliyinizin, kinayələrinizin, həyasız sırtıqlığınızın həddi-hüdudu bilinməzdi, elə deyilmi?

Bəli, biz, yarasalar vəhşi təbiətini olduğu kimi qoruyub saxlaya bilmiş, dünyanın ən səmimi, ən cəsur məməli heyvanlarıyıq – bizi quşlarla (xüsusilə də bayquşlarla) səhv salmamaq lazımdır. Diqqətlə baxa bilsəniz, bizdə təbiiliyin hakimiyyətinin, vəhşi instinktlərin hər şeydən arınmış saflığının və saf yaradıcılığın belə şahidi ola bilərsiniz. Qan demişkən, sanki, buranın da havasından yüngül və ləziz qan iyi gəlir. Doğrusu, qanı heç sevməyən, meyvəylə qidalanmağa üstünlük verən vasvası qohumlarımızın olduğunu ağır utanc hissilə etiraf etmək istərdim, amma bu da tamamilə başqa bir mövzudur. İndi hər şeyi diqqətlə götür-qoy edəndə, əslində… Hər nəysə! Meşə meyvəsiz olmaz deyiblər, heç o üzdəniraq üzqaralarını xatırlamaq, onlar barədə hansısa bir fikir irəli sürmək və ya eşitmək belə bizim kimi qaniçən əsl yarasaları hər zaman əsəbiləşdirmişdir.

Bəs, buxarlanan qanın necə müqəddəs, həlledici, doyurucu və cəzbedici bir maddə-məhlul-maye olduğunu xatırlatmağa ehtiyac varmı? İsanın son pərişan halını, müqəddəslərinizin qəhrəmancasına verdiyi son nəfəsləri qürurla mənə xatırlatmaq istərdiniz. Lakin başda özlərini müdafiə etməyi bacarmayan qoyun-qoç-quzu qurbanlarınız olmaqla (“bayrama” bircə həftə qalıb!), təbiətdə ən azı bizim qədər göstərişli şəkildə gəbərtməyi sevdiyiniz saysız heyvanları və insanları düşünürsünüz. Siz belə laqeyd deyilsiniz bu məsələyə. Odur ki, sadəlövh dahi rolunu oynamaqla… Harada qalmışdıq? Yeri gəlmişkən, bəs, adım barədə nəsə bir qərara gələ bildinizmi?

Yanımızdakı kiçik klinikanın üzbəüz pəncərəsindən bizə bərələn bir cüt qəhvəyi göz, tərdən parlayan solğun sifətilə bədəni xudmani bir titrətmə içində olan insan sataşır gözümüzə. Görüntü baxımından ağırlaşmış uzun vücudunu mavi-bəyaz, donuq dalğalı örtüyün altındakı yatağın üzərinə sərmiş, yarıuzanılı halda, qorxu içindəki günahsız baxışlarını zilləyərək, bizi seyr edirmiş.

“Lap yaxşı!” – deyə fikirləşdim, ağlımdan keçənləri və içimdə yenidən baş qaldırmaq üzrə olan yarasa bədxahlığını gözlərimlə dostlarımdan gizlətməyə ehtiyac duymadan.

Ümumiyyətlə, bizim kimi başıaşağı yatmağı öyrənməsələr, beyinlərinə düz-əməlli qan getməmiş, başlarını öz potensiallarına uyğun şəkildə istifadə etməmiş nəsilləri kəsiləcək. Nəsilləri kəsilər elə, inşallah! Özləri kimi yaltaq və qorxaq bayquşlarla birlikdə. Bəli, bəziləri hətta özlərinə belə nifrət edən qorxaq, mənfur məxluqlardır əksəriyyəti. Niyəsə, bu gün hamınız əməllicə içinizə atmısınız. Heç olmasa, imkan daxilində mənim də xoşuma gəlməyə cəhd etsəydiniz, oramdan-buramdan girməyə çalışsaydınız, sizin üçün çox daha yaxşı olmazdımı?

Beləliklə, bunu görən biz, üç dost öz aramızda bir neçə saniyə baxışdıq və qətiyyən əhvalımızı pozmadan razılaşdıq ki, pəncərənin o tayındakı bir şikəst insanın bu yalançı və ikiüzlü bayquşların aqibətini izləməsində heç bir zərər yoxdur. Zatən, oyuğun qapısı da yox idi ki, bağlayasan, elə deyilmi?

Hə, unutmamış onu da deyim ki, bəli, əlbəttə, müdriklik, bərəkət rəmzləri imişlər və diqqətəlayiq, daim inkişaf xətti tutmuş təkamül keçiriblərmiş, barələrində qədim Yunan-Roma əfsanələrində bəh-bəhlə bəhs edilərmiş. Nə gözəl… Lakin, çox təəssüf ki, canlarına qorxu saldığımız, ağzımızla tüklərini yola-yola, dişlərimizlə ilıq dərilərini deşərkən, ətrafa bolluca qan, tük və tüklü qan saçdığımız zaman, pərdəvari qanadlarımızın arasındakı çılpaq bədənlərindən ruhlarının uca göylərə dırmaşdığı intim anlarda, çığırtılarından bizim daha çox cuşa gəldiyimiz zaman bunları nəzərə almadıq. Ola bilsin, bir az diqqətsiz və məsuliyyətsiz davranmışıq – bunu da etiraf etmək olar. Bəs, siz niyə diqqətsiz və məsuliyyətsiz davranmaqdan əl çəkib, o məlum məsələni – mənim ad məsələmi həll etməyi hələ də düşünmürsünüz?

Əvvəl-əvvəl hansısa bir insan bəndəsinin baxışlarını üzərimizdə hiss etmək bir qədər narahatçılıq duymamıza səbəb oldu, ah…, biz, əslində, həm də elə çəkingən, o qədər mərhəmətli məməlilərik ki, məhrəmlik məlum səbəblərdən bizim üçün o qədər önəm kəsb edib və s. kimi bayağılıqlara baş qoşmayacağam. Həyatda heç bir şey bizi, bu soylu mübarizəmizdən – təbii instinktlərimizdən duyduğumuz ilahi həzz uğrunda mübarizədən kənarlaşdıra və ya soyuda bilməz. Məhz elə bu başıboş həzz yanğısı “bizi” gözləmədən, bədənlərimizi daha böyük bir macəraya sürüklədi. İnstinktlərimizi izləmə gücü və yüksək əhval-ruhiyyə içərisində, qanadlarımızın iç hissəsilə ağzımızı, üz-gözümüzü tez-tələsik necə gəldi silməyimizə əhəmiyyət vermədən oyuqdan bayıra uçduq. Oyuğu tərk edərkən isə, bir-birimizə niyyətimiz barədə bildirməyi zəruri görməmişdik. Məni anladığınıza inanıram.

Bir neçə sanballı, səsli qanad çırpıntısıyla hər üçümüz yarıaralı pəncərənin ağzına qonduq. Canına üşütmə düşmüşdümü, digər ucunda bilinməz qaranlığın izlərini daşıyan tunel kimi ağzını bizim üçünmü açmışdı, qorxudan sarsılıb əyrilən sifətilə tilsimlənmiş kimi bizi izləyən bu insan hər şeyə rəğmən indi bizi arzulayırdımı – bunlar üçümüzə də bulanıq görünürdü uzaqdan. Pəncərənin içərini bayırdakı həqiqi sərt dünyadan qoruyan və öz məhəccərinin bəzəkləri ilə bu qorumanı bacarıqsızca unutdurmağa çalışan paslı dəmirlərinin arasından bədənlərimizi astaca büküb keçirdik. Açıq pəncərədən içəriyə, demək olar, eyni anda girdik. Cansız gözlərini bizdən çəkib, sanki, məhrəm yerinə doğrultdu bir anlıq, amma sonra başını qaldırıb, bizə baxmağa, sanki, bizi dəvət etməyə davam etdi.

Qarşımızda şərti olaraq özünümüdafiə sisteminə keçmiş yarımcan insan kəsici dişlərimizi indidən qıcandırmağa başlamışdı. Ehtirasımız gözümüzü tutsa da, hər şey bizim zövqümüzü oxşasın deyə tələsməyəcəkdik, Ay işığında bütün siluetini asanlıqla ayırd edə bildiyimiz bədəninin istiliyini qanadlarımızın arasında doyunca hiss etməliydik. İlk növbədə, mən qımıldamayan arıq ayaqlarının arasında özümə yer tapacaqdım. Dostlarım yanlarına düşmüş boş qollarına sarılacaqdı. Bəli, məhz təsəvvür etdiyimiz, öncədən ruhumuzda duyduğumuz kimi də oldu.

İçəri sezilməyəcək dərəcədə səssiz girər-girməz üç istiqamətdə ayrıldıq. Birimiz (mən) ortadan, digərlərimiz yanlardan yaxınlaşdıq. Qaranlıq tavanın, divarların dörd bir tərəfində qan, şiddət və ehtiras dolu müxtəlif qadın və uşaq qurban mərasimlərinin, bənzərsiz müqəddəs ayinlərin rəsmləri, başımızda dəbdəbəli orqan musiqisinin səsləri təkrarlanırdı. Özümüzü qızılı haşiyəylə çərçivələnmiş şahəsər kimi görünən mavi yatağın və itaətkar qurbanımızın cazibəsinə buraxdıq. Yatağa endik, örtüyü çəkib kənara tolazladıq. Nazik ipək gecə köynəyinin və şalvarının üzərində əllərimizi nəvazişlə gəzdirdikdən sonra, dişlərimizlə dartışdırmağa, dəli bir şəhvətlə əynindən çıxartmağa başladıq. Hər şey bədənindən ayrıldıqdan sonra, qarşımızda ləzzətlə dadına baxacağımız, qatqısız bir saflıqla parlayan insan bədəni peyda olmuşdu. Qəflətən müqəddəs bir “oyanış” hissi bürüdü içimizi. Sanki, dərin ehtirasdan gözlərimiz aydınlanmış və bulanıqlıq çəkilmişdi və daha iradəmizi cilovlamağa heç bir səbəb qalmadığına əmin olmuşduq. Üstəlik, hər üçümüz üçün aşkar olan güclü və nəcib ruhlarımız qeyri-iradi bizi çılpaq qurbanımızın ağuşuna itələyirdi.

Öncə tüklərimizdən ürpəşdi. Ayaqlarını və qollarını sığallamağa, vücuduna gəlişigözəl qondurduğumuz öpüşlərlə onu daha çox coşdurmağa başladıq. Qanadlarım qurbanımızın budlarını aşağıda örtərkən, isti-uzun çıxıntısını ağzıma almış, dişləyib canını əmməyə ən yumşaq yerindənmi başlayım, deyə fikrə getmişdim. Bu zaman heyranedici dostlarım çox zərif hərəkətləri ilə diqqətimi cəlb etdilər. Səmimi ehtirasla qurbanımızın çiyinlərinə oturmuş, onun boğazı ilə güclü sinəsini hər iki tərəfdən möhkəmcə qapamışdılar. Uzun, sivri dillərini qulaqlarının içərisində, boynunda və alnında gəzdirirdilər. Mənsə ağzımda qəribə şəkildə get-gedə sərtləşən bu şeylə nə etməli olduğuma qərar verə bilmirdim. Hərdənbir başlarımızı astaca qaldırıb, bir-birimizə çevrilir, sonra zövqə təslim olmuş bu vücuda, sanki, nəcib ruhundan bir neçə sehrli damcı damcılatmaqla, zatən unikal olan əsərinə fövqəltəbii bir görkəm bəxş etmiş rəssam kimi baxırdıq. Canımıza elə bir qarşısıalınmaz vicvicə girmişdi ki, hər növ əxlaqi-mənəvi və ya psixoloji ziddiyyətlərdən uzaq, təbiətlə ahəngdar olan bu ritualımıza özümüzü qapdırmışdıq.

Yerlərimizi dəyişə-dəyişə ruhunun sıxışıb qaldığı küncü uzun müddət axtarmalı olduq. Dilimizlə vücudunun bütün toxunulmamış zərrələrinə nüfuz etmək, onu, yalnız ruhun şanlı azadlığı nəticəsində duyula biləcək fərqli mənəvi başlanğıclara, yeni oyanışlara aparmaq istəyirdik. Bütün əxlaqi yasaqlardan, yasaq tanımayan cismani zövqlərdən qorxub illərdir dərinliklərdə gizlənmiş və kasadlaşmış ruhunu azad etmək istəyirdik.

Yoxsa, məqsədimiz sadəcə qanını sovrmaq və əvəzində, ona, əxlaqlı və əxlaqsız, yetkin və şıltaq olan saf ruhumuzdan az da olsa yarasalıq üfürmək idi? Əmin deyiləm… Görəsən, yarasalıq etməyi bacardıqmı?

Bakı, 2018

# 6958 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #