Nəsiminin divanı səhvlərlə doludur – İddia

Nəsiminin divanı səhvlərlə doludur – <span style="color:red;">İddia
11 aprel 2019
# 11:48

Kulis.az Dalğa Xatınoğlunun “Nəsimi ilə Pifaqorun ilgisi” məqaləsini təqdim edir.

Son zamanlar bir sual aktuallaşıb: Nəsimi məşhur qəzəlində “Məndə sığar iki cahan” deyir, yoxsa “Məndə sığar ikən cahan”? Yəqin Nəsimi ili ilə ilgilidir.

Məncə, “İki” deyib. Əski əlyazmalarda da belədir, baxmayaraq ki, “ikən” sözü ikinci misradakı “məkan”la bir tür daxili qafiyə və naqis cinas təşkil edir. Ancaq bu “iki cahan” ideasının kökü haradan gəlir?

İkinci misradakı “laməkan” yəni məkan qeydində olmayan (“la”, ərəbcə, yəni yox –D.X.). Laməkan, yəni Tanrı. Gövhər yaxud cövhər (ərəb dilində “g” hərfi olmadığı üçün cövhər yazılır) isə, dəyərli daşlar və incidən başqa, həm də zat, özək mənası verir. Gövhəri laməkan, yəni Tanrının özəyi.

Image result for nəsiminin divanı

İki cahan deyəndə, nəyi nəzərdə tutur? Niyə öz mahiyyətini Tanrı ilə eyniləşdirir?

Doğurdanmı irfan Şərqə məxsusdur?

Gəlin, İslamdan sonrakı irfan ədəbiyyatının necə yarandığına qısaca toxunaq. Adətən deyirlər, irfan Şərq düşüncəsinin məhsuludur. Yaxud əski Qərb fəlsəfəsi rasionaldır. Yunan, Roma, özəlliklə ərəb, fars və nəhayət öz ədəbiyyatımızı dəqiq oxuyan birisi dərhal buna şübhə edər. Əslində, irfan, nə Şərqə məxsusdur, nə də Şərqə mənsub bir fenomendir. İslamdan sonrakı irfan, yunan və daha çox Helenizm məktəblərinin davamıdır. Doğrudur, yunan elm, fəlsəfə və sənəti Şərqdən alıb, ilk filosofların hamısı da Şərqi gəzmiş, İtaliya, İyoniya, Milet və başqa yerlərdən baş qaldırıblar.

Mədəniyyət, Babil, Misir, İran və Hinddən Minoy sivilizasiyasına gedib, Yunanda zirvəyə qalxıb və sonra Romaya keçib, Xristianlığın güclənməsi ilə tamamilə dayanıb, ancaq yenidən Şərqdə çiçəklənib, nəhayət intibah (Renesans) dövründən sonra, Qərb yenidən baş qaldırıb.

Yunan fəlsəfəsi qətiyyən rasional deyil. Uill Dürant deyir: “Yunan fəlsəfəsi dini inanclarla başlayıb, yenidən Helenizm məktəbləri ilə dinin bətninə qayıdıb, yoxa çıxdı. Mistika Pifaqordan başlayıb, Parmenid, Heraklit, Platon və nəhayət Plutindən müqəddəs həvari Pavelə çatdı”.

Üstüörtülü deyim, burada Pavelə düzgün toxunub! Nə isə...

Image result for nəsiminin divanı

Əbbasilər Xəlifəliyi dövründə (Özəlliklə 8 və 9-cu əsr), əski Yunan və Romanın fəlsəfi əsərləri Ərəb və Fars dilinə çevrildi. Dərhal Aristotelin məktəblərinin davamçıları (Peripatetiklər) kimi tanınan Farabi, İbn-i Sina, Tusi, Xəyyam, Məhsəti və başqa filosoflar, alimlər və şairlər ortalığa çıxdı. Bunlardan azacıq sonra Platon məktəbinin bətnindən bir xeyli şair, arif və düşüncə adamları çıxdı. Platonik şairlərdən Əttar, Nizami, Xaqani, Sədi Şirazi, Mövlana, Nəsimi, Hafiz Şirazi, Füzuli, Seyyid Əzim və bir çoxlarını saymaq olar. Bunlara Platonik (İşraqi) şairlər deyirik. Qərbdə də Platonik şairlər çoxdur: Şekspir, Dante, Milton, Con Don və b.

Aristotelin məktəbinin şagirdləri daha çox maddi həyat, məişət, fizika ilə əlaqədar şeirlər yazıb. Kamil insan olmaq deyil, mövcud insanın həyatdan zövq almasını vurğulayıblar. Platonik şairlər isə formalar və ideyalar dünyasından danışıb, maddi dünya və bədəni aldanış sanıblar: Həqiqəti laməkanda (formalar dünyası, metafizika, tanrı) axtarmaq gərək. Platonun fikrincə bu maddi dünya bir mağaradır, hər şey görüntü və kölgədir. Həqiqəti bu dünyada tapmaq olmaz.

Platonik şairlərin içində, Nəsimi çoxlu məqamlarda başqalarından seçilir, hətta bir neçə elementi çıxsaq, artıq ona Platonik şair demək olmur. Niyə? Bəs hansı məktəbin davamçısıdır? O, maddi dünyaya formalar dünyası qədər dəyər verib: Həqiqət həm də maddi dünyadadır.

Pifaqor və Nəsimi

Məncə, bu ideyanın kökü Yunan fəlsəfəsini sistemli şəkildə mistika ilə birləşdirən Pifaqorun (570-495 M.Ö) təlimlərindən gəlir. Təxminən bütün filosoflar onun təsiri altında olub, hətta ona qarşı çıxanlar belə. Bir çox səbəblər var, mən qısaca 10 məqama toxunuram:

1. Pifaqoru adətən həndəsə alimi kimi tanıyırıq, ancaq daha çox arif-sayaq bir filosofdur. Pifaqorun düşüncəsinə görə, bütün kainat (kosmos) rəqəmdən yaranıb: rəqəm həndəsi fiqurları, onlar isə fizikanı (nəsnə) yaradıblar. Dünyanı başa düşmək üçün, rəqəmlər və onların arasında olan əlaqəni (riyaziyyat və həndəsə) kəşf etmək lazım. Əlbəttə, o zaman rəqəmləri hərflərlə yazırmışlar. Aristotel Pifaqorçular haqda deyir: “Çalışırlar bütün nəsnələr, kainat, Yer, səmavi obyektlər və əşyalar, musiqidə həndəsi və riyazi ilgiləri tapsınlar”. Nəsiminin mənsub olduğu Hürufi hərəkatı da eyni cür düşünür. Hətta Qurana və dini ayinlərə rəqəmlər vasitəsi ilə (namazın rükətləri, ayələrin sayı, və b.) izah axtarırmışlar. Xatırladım ki, Nəsimi öz zamanında bir həndəsə alimi kimi məşhur idi.

2. Pifaqor düşünür, İnsan öz bədəni və maddənin (məkanın) həbsindədir: İnsanın tanrı və kainatla eyni mahiyyətdə olan ruhu var. Nəsimi də dəqiq eyni cür düşünür. İnsan zatən tanrıdır. Ənəlhəq (mən tanrıyam) deyir. (Mən tanrını kiçik hərflərlə yazıram, çünki bu tanrı özəl ad – Allah - deyil. Buna görə çoxları, falan şair Tanrıya şeir yazıbmı yoxsa hansısa bir qadına – deyə, çaşırlar. Ümumiyyətlə mövzu başqadır.

Related image

Nəsimi, bədən qəfəsini sındırıb, azad olmağa çağırır. Eynilə, Pifaqorun fikrincə, “nə qədər ki, ruh bədəndədir, bulaşıqdır, əzabdadır. Ruh yalnız yaxşı həyat tərzi və ülvi düşüncə ilə xalisləşib, azad olub, öz əsil və duru mahiyyətinə (tanrı, kosmos, laməkan) qovuşa bilər, yoxsa, öləndən sonra yenidən başqa bir bədənə (heyvanlar və insanlara) hopub (reankarnasiya) və əzablı, bulaşıq həyatı yenidən davam etmək zorundadır”.

Nəsimi də eyni fikirdədir, insan kamilləşib, tanrıya (xalis ruh, sevgili, laməkan, tanrı) qovuşmalı. Hürufilikdə reankarnasiya ilə bağlı konkret fikir yoxdur, çünki kamil olmamış birisinin öləndən sonra ruhunun başqa bir canlıya hopması ənənəvi İslami inanclara ziddir. Ancaq Hürufiliyin bətnindən çıxan məktəblərdə (Nöqtəvilik və b) reankarnasiyaya inam var. Yalnız kamil insan reankarnasiya dövriyyəsindən canını qurtarıb, tanrıya qovuşa bilər. Yəni tanrılaşa bilər. Bu düşüncənin kökü çox güman ki Hinduizmdən gəlir. Əski Yunan mətnlərində, Pifaqorun Hindistandan tut, İran, Babil və Misirdə olduğu haqda məlumat var, ancaq dəqiq deyil. Hətta, Plutarx onun Zərdüştün şagirdi olduğu haqda yazıb və Heraklit onun Şərqlərdən (Frakiyadan) aldığı reankarnasiyaya inamını lağa qoyub. Hər halda, nə Hinduistlər, nə Pifaqorçular, nə də Hürufilərin davamçıları heyvanları öldürüb, ətlərini yemirmişlər. Buna görə ki, hansısa heyvanda bir insanın ruhu ola bilər.

3. Pifaqorun düşüncəsinə görə, bütün kainat riyaziyyat və musiqi üzərində qurulub. Buna görə məktəbində dörd dərslik keçirilirmiş: riyaziyyat, həndəsə, astronomiya və musiqi.

Biz Nəsiminin şeirlərində, bunların hamısı, özəlliklə musiqinin ülvi və müqəddəs yerini görürük. Pifaqor deyir: “Riyaziyyatla musiqi qohumdurlar, hər ikisinin ilahi mahiyyəti var”.

Buna görə, rəqəmlər üzərində olan irfanın təməlini qoydu. Pifaqorun riyaziyyat və həndəsəsi, Arximed və Evkliddən fərqli olaraq, tamamilə mistik və nəzəridir. Bu düşüncə, təxminən özündən sonra gələn bütün filosofları təsirləndirib. Özəlliklə Platon. Platonun Dövlət əsərində deyir: “Riyaziyyat, ruhu yüksəldir. Heç vaxt rəqəmlərə, sırf əşyaları ölçmək aracı kimi baxmaq olmaz. Həndəsə qanunları əzəlidir, dəyişilməzdir və ruhu həqiqətə yönəldir”.

4. Pifaqor deyir: “İnsan, kainat və tanrı eyni mahiyyətə malikdir: bütün canlılar, o cümlədən kosmos qohumdurlar”. Nəsiminin eyni düşüncədə olması ilə bağlı örnək aramağa ehtiyac yoxdur, təxminən bütün əsərləri bu haqdadır. Ancaq burada iki məqam var. Birinci, Nəsimi Pifaqordan fərqli olaraq, bədənə ruh qədər önəm verir. Pifaqorun düşüncəsicə, nəsnələr və bədən önəmsizdir, nəsnələr arasında olan riyazi əlaqələr önəmlidir, ancaq Nəsimi və ümumiyyətlə Hürufi düşüncəsində, hər iki dünya yəni “bədən-kainat” və “ruh-laməkan” önəmlidir. Pifaqor insanları evlənməkdən belə çəkindirir, ancaq Hürufilər kişi-qadın arasında olan sevginin böyük dəyərini vurğulayırlar.

Image result for pifaqor

5. Pifaqor 200 il Platondan öncə gender bərabərliyini vurğulayıb. Onun məktəbi qız, oğlanla dolu idi, hamı ortaq idi, hamı eyni cür təlim görürdü və qadınlar üçün özəl olaraq evdarlıq və analıq haqda dərslər də keçirdi. Biz bilirik ki, eyni ideya, birinci dəfə olaraq Şərqdə, Hürufilər içində olub. Nəsiminin ustadı Nəimi (Hürufilik məktəbinin banisi) həm öz yoldaşı, həm öz qızına dərs keçib və onun məktəbində qızlar da dərs oxuyub.

Image result for hürufilik

6. Pifaqor siyasi fəal idi. Şagirdlərini siyasətə qoşulmaq və hakimiyyəti ələ keçirmək üçün yetişdirirdi. Eyni düşüncə və ideya Hürifilikdə də var. Ona görə də, hakim qüvvələr hər iki məktəbin üzvlərini amansızcasına qırdılar. Aristokratiya tərəfdarı olan Pifaqora qarşı demokratiya tərəfdarları basqı edib, məktəbi yandırıb, şagirdlərin çoxunu Pifaqorla birlikdə öldürdülər və onun davamçıları 300 il gizlicə özəl icmalar və toplumlarda sirli şəkildə ayinləri və düşüncələri davam etdirdilər. Eyni hadisə, Hürufilərin də başına gəldi. Yoxsa Nəsimini “ənəlhəq” sözünə görə öldürməyiblər. Bizim tarix boyu onlarla “ənəlhəq” deyən şair, arifimiz olub, örnəyi Mövlana. HəttHətta Mövlana “ənəlhəq” deməyi bacarmayanları “kobud” adlandırıb. Kimsə onlara toxunmayıb. Nəsiminin valeh olduğu və bir zaman “Hüseyni” təxəllüsünü onun adından götürdüyü Hüseyn Mənsur Həllacı da siyasi fəaliyyətinə görə dara çəkiblər, yoxsa ona tay nə qədər “ənəlhəq” deyən var idi. “Ənəlhəq” İslama zidd bir ideya deyil və onun arxasında güclü islami nəzəriyyələr (vəhdət-i vücüd) dayanırdı.

7. Pifaqorun şagirdləri ilk növbədə, beş il yalnız susmaq məşqi keçib, sonra dərsə buraxılırmışlar. Buna görə, biz onun məktəbi ilə bağlı yalnız bəzi sirlərin sızdığı qədər tanışıq. Tamamilə sirli bir düşüncədir. Nə özü, nə şagirdləri və nə də məktəbinin davamçıları uzun illər bircə söz başqalarının yanında danışmayıb, kitab yaymayıblar. Biz onun iki-üç yüz il sonrakı davamçıları, yaxud Pifaqorçuluqla bağlı az-çox bir şeylər öyrənmiş Heraklitdən tut, Plutarx, Platon, Aristotel, sonralar Siseron və bu kimilərdən azacıq tanış olmuşuq. Hürufilik də belədir. Nəsimi tez-tez sirlərdən danışır, hansı ki “onları açmağa ixtiyarı yoxdur”. Mövlana bəzən coşub, bir neçə beyt deyir, sonra dərhal dayanır ki “artıq sirlərə çatdım, sussam yaxşıdır, yoxsa üsyan qopar”.

Bu sirr nədir? Məncə, şəriət, yaxud mentalitetlə uzlaşmayan inanclardır. Xalq arasında danışsan, yəqin ki qalxıb adamı öldürərlər. Mən dəqiq Mövlananın hansı mövzuya çatdıqda, sirlərin açılmaması üçün susduğuna diqqət yetirmişəm, sırf inanclardır, yoxsa həqiqətin özü deyil. Onların heç biri, zatən həqiqəti bulduqlarını da iddia etməyiblər. Həqiqət bir nöqtə, məqam, söz, nəsnə deyil ki ona çatasan, bir düşüncə tərzidir.

8. Pifaqorun düşüncəsinə görə, bütün kainat harmoniya üzərində qurulub. Ona görə, Yunanın milli sazları Lira və Gitaranı diqqətlə araşdırıb, səslərin arasında riyazi əlaqələri, not, oktav, qammalar haqda musiqi nəzəriyyələri verib. Təxminən bütün tarixçilər və filosoflar, ilk musiqi nəzəriyyələrini Pifaqora bağlayıblar. Nəsiminin şeirlərində də musiqi, dəsgahlar və guşələrlə bağlı bir xeyli terminlər var. Görünür, musiqi nəzəriyyələrini çox əla bilirmiş. Şərq irfanında, musiqi ilə yanaşı “səma” rəqsi də var. Bunu da çox güman Pifaqorun ideyalarından götürüblər, çünki onun düşüncəsinə görə, göydəki obyektlər bir musiqi və harmoniya ilə hərəkət edirlər: “Biz kainatın musiqisini eşitmirik, çünki qulağımız bu səslə doludur” deyirdi. Səma musiqisi kainatın fırlanmasının imitasiyasıdır.

Image result for səma rəqsi

9. Pifaqorun fikrincə, insanın ruhu və düşüncəsi həqiqəti qavaraya bilər. Əsrlər sonra Spinoza eyni qənatə gəlmişdi. İki dünya var, deyirdi: Birinci - Hisslər və nəsnələr dünyası. İkinci - Qanunlar və həqiqətlər dünyası, hansı ki ağıl onu dərk edir və yeganə ölməz dünya, qanunlar və həqiqətlər dünyasıdır.

Nəsimi də eyni fikirdədir. “İki cahan” deyəndə, dəqiq buna toxunur. İnsan həqiqətə çata bilməsə də, onu qavraya bilər. Bu çox önəmlidir və Platonik düşüncədən dərhal seçilir. Ariflər adətən, yalnız ürək və hisslərlə, bilavasitə şəkildə tanrını, həqiqəti hiss etməyə çalışıblar. Hamısı deyir, həqiqəti ağıl və düşüncə ilə qavramaq mümkün deyil. Hamısı çalışıblar yalnız heyrətlərini göstərsinlər. Platon kimi bu sirrin çözülməz olduğunu düşünüblər, ancaq Pifaqorçular və Hürufilər ağıl, məntiq, riyaziyyatla bu sirri çözməyə çalışıblar.

10. Pifaqor nə qədər harmoniya, musiqi-filandan danışsa da, estetikaya qəti önəm verməyib. Danışdıqları gözəllik deyil, düşüncə üzərindədir, bir tür dini inanc, daha dəqiq desəm, irfana yönəlikdir. Nəsimi də elədir. Şeirləri estetik deyil. Biz Füzulini oxuyanda hər qəzəldə onlarla şedevr və gözəl ədəbi sənətlər, estetik elementlər görürük, ancaq Nəsimidə qətiyyən belə şey yoxdur. Mövlana kimi, onun dərdi estetika yox, düşüncədir. Yalnız düşüncələrini izah etməyə çalışıb. Möhtəvanı əsas götürüb. Mən yaxınlarda bir proyekt ilə bağlı Nəsiminin divanını yenidən oxudum (çox təəssüf, Füzuli kimi səhvlərlə doludur), çox nadir halda estetik və ədəbi sənətə rast gəlmək olur, ancaq düşüncə baxımından çox incə məqamlara toxunub. Məsələn: “Dərd ilə dərman olmuşam” ifadəsini oxuyub keçirik, ancaq indiyə kimi dərdin insan həyatında rolu haqda yüzlərlə böyük əsərlər yazılıb. Heraklitdən tut, Diogen, Epikür, Zenondan gəl Şopenhauer, Nitsşe və yeni filosoflara qədər. Çox dərin və önəmli bir mövzudur.

Sözün sonu olaraq, Nəsiminin sevdiyim qəzəllərinin ikisini redaktə edib, çətin sözlərin anlamı ilə sizə sunuram:

Еy müsəlmanlar, mədəd, ol yar, pünhan ayrılır,
Ağlamayım nеyləyim? çün gövdədən can ayrılır.

Еy sənəm, hicran əlində nalе-yi zar еylərəm 1
Gözlərimdən sanasan dərya-yi ümman ayrılır.

Ol səbəbdəndir ki mən bimar u rəncur olmuşam 2
Хəstə könlüm mərhəmi, şol dərdə dərman ayrılır.

Rəng-i çöhrəm zərd olubdur, qamətim həmçün hilal 3
Ol günəş-üzlü həbibim, lə’li-хəndan ayrılır 4

Taqətim, səbrim tükəndi, yarsız mən nеylərəm?
Əqlimi şеyda qılan ol çеşm-i fəttan ayrılır. 6

Məhşər-i yövm-ül-hеsab, qopdu qiyamət başıma, 6
Еy Yusuf-surətli, məndən pir-i Kən’an ayrılır. 7

Еy cigərsuz nar-i firqətdən Nəsimi, ... çarə nə? 8
Hər kimə “nəhnu qəsəmna”, çün əzəldən ayrılır. 9

***

1(Ey büt ayrılıq əlindən zarıyaraq nalə edərəm)
2 (ona görə mən xəstə və incik hala düşmüşəm)
3 (üzüm saralıb, boyum aypara kimi əyilib)
4(O günəş-üzlü, dodağı gülər dostum ayrılır)
5 (Ağlımı valeh edən, gözləri fitnəli sevgili ayrılır)
6 (Qiyamət, hesab günü, məhşər qopdu başıma)
7(Ey Yusif kimi gözəl-üzlü, məndən Kənan yurdunun ağsaqqalı olan Yəqub –Yusifin atası- ayrılır. Nəiminin qətlinin xatırladır)
8 (Ey eşq odundan ciyəri yanan Nəsimi, çarə nədir?)
9- (Hər kimin payı əzəldən tanrı tərəfindən verilib. Züxruf surəsi, ayə 32)

***

Zülfünü ənbərfəşan еtmək dilərsən, еtməgil 1

Qarət-i din, qəsd-i can еtmək dilərsən, еtməgil!

Bürqəi tərk еyləmişsən, еy qəmər, üzündən uş, 2

Fitnе-yi aхır-zaman еtmək dilərsən, еtməgil! 3

Хətt ü хalın məntiqüt-tеyridir əhl-i vəhdətin, 4

Quş dilin sən tərcüman еtmək dilərsən, еtməgil 5

Çün ənəlhəqdən götürdü surətin mahı niqab, 6

Sən həqi nеçün nihan еtmək dilərsən, еtməgil! 7

Surətin gənc-i хəfidir, göstərərsən güzgüdə, 8

Aləmi еyni əyan еtmək dilərsən, еtməgil 9

Qəmzədən misri qılınc vеrmişsən əsrük türkə kim, 10

Qanbəhasız nеcə qan еtmək dilərsən, еtməgil 11

Kirpigindən canşikar oхları düzmüşsən, məgər, 12

Qaşların yayın kəman еtmək dilərsən, еtməgil

Badə vеrmişsən pərişan zülfünü sən dağıdıb, 13

Canları biхaniman еtmək dilərsən, еtməgil 14

“Latöhərrik” ayəti gəldi bəyanın şə’ninə, 15

Ol bəyanı sən bəyan еtmək dilərsən, еtməgil 16

Еy Nəsimi, həqdən istərsən götürmək pərdəni,

Bütpərəsti bigüman еtmək dilərsən, еtməgil 17

***

1 ( Ənbər: Bir nöz nəhəngdən alınan ətr. Ənbərfəşan: Ənbər qoxuyan).

2 (Bürqə: Pərdə, hicab. Qəmər: Ay, gözəlüzlü)

3 (Fitnə: Qalmaqal, üsyan. Axir-zaman: Qiyamət).

4 və 5 (Xətt, üzdəki narın tük. Məntiqüt-tеyr: Quranda Nəml surəsinin 16-cı ayəsində işlənmiş bir termindir, yəni “quş dili”. (Süleyman xalıqa dedi: Mənə quş dili öyrədildi…). Həmçinin Əttar Neyşaburinin məşhur əsərinin adıdır. Quşlar özlərinə Simurğ adlı padişah seçmək istəyirlərmiş. Onu tapmaq üçün Qaf dağına gedirlər. Yolda bir xeyli quş geri dönür, ölür və s. Nəhayət 30 quş Qaf dağına çatır və başa düşürlər ki Simurğ (tanrı) elə onların özüdür. Simurğ fars dilində 30 quş deməkdir. Qısası Nəsimi demək istəyir: Vəhdət (birlik) əhlinin (Tanrı ilə özlərini ayrı tutmayanlar) xətti (tələsi) və xalı (dənəsi) sənsən. Sən hamını ovlayırsan. Çalış quş dilinin (həqiqəti) nə olduğunu çılpaq danışıb, sirləri açmayasan (Tərcüman tərcümə və təfsir deməkdir).

6 (Surət: üz, Mah: Ay, Niqab: Pərdə, hicab.

7 (Əgər sənin üzün ənəlhəq (mən tanrıyam) üçün bir sübutdur, niyə üzünü gizli saxlayırsan?)

8 və 9 ( Sənin üzün gizli xəzinədir, güzgüdə göstərsən, bütün dünyanın gizləri aşkar olar, elə etmə. Eyn yəni göz, əyan yəni aşkar).

10 və 11 (Qəmzə: qaş, qaş atmaq. Əsruk: Sərməst, sərxoş. Türk: Cəsarət, güc və gözəlliyi olan birisi. Qanbəha: Qanpulu. Yəni qaşından bir misri qılınc düzəldib, sərxoş eşqin əlinə vermisən, canıma düşsün. Birinci mənim qanpulumu (həyatdan məqsədimi) ver, sonra qanımı tök.

12 (Canşıkar: Canı ovlayan)

13 və 14 (Bad: Yel. Bixaniman: Avarə, evsiz-eşiksiz. Yəni saçını yelə verib, dağırtma, orada nə qədər canlar yuva qurub).

15 və 16 (“Latöhərrik” əslində Quranda tanrının Məhəmmədə verdiyi bir öyüddür. (Latöhərrik beh-i lisanəkə: Tələsərək vəhyi danışmağa dilini tərpətmə- Qiyamət surəsi 16-ci ayə). Yəni tanrıdan sənə ilham olanları tələsik dilə gətirmə. Şə’n: məqam. Yəni Nəsimi, tanrı necə Məhəmmədə deyib ki vəhy sənə ilham olanda, dilə gətirməyə tələsmə (dayan vəhy tamamilə sənə ilham olunsun, sonra danış), sən də çalış sənə ilham olunanları deməyə tələsməyəsən. Burada bir sir var, o sirri ifşa etməyə qalxma).

17 (Ey Nəsimi, Tanrıdan istərsən üzündən pərdəni çəkib, göstərsin özünü. Elə etsə, büdpərəst də haqlı yolda olduğunu başa düşər. Gəl belə şey tanrıdan diləmə. Əslində bu şəriət mollalarına bir növ təndir, hansı ki yalnız özlərinin düz yolda olduqlarını zənn edib, başqalarına azmış kimi baxırlar).

# 7204 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #