Kulis.az türkiyəli gənc yazar Semih İpekin “Papaq” hekayəsini təqdim edir.
Yenə orda durur... Və mən yenə uzaqdan ona baxıram. Bu papaq, daima vitrinin içində, ən üst rəfdə durur, anam ona asla əl vurmağa imkan verməz. Qara, dəridən düzəldilmiş, qısa qıvırcıq tükləri olan bir papaq…
Ona toxunmam qəti qadağandır. Anam toxunmamı heç istəməz. Uşaqlığımdan bəri bu həmişə belədir. Sadəcə mən deyil evə gələn heç bir müsafir də o papağa toxuna bilməz. Amma sizə bir sirr verim. Bir dəfə anam evdə olmayanda o papağı olduğu yerdən götürmüşdüm. Bax o zaman onu yaxşıca incələmə fürsətim olmuşdu. Toxunarkən insanın içinə xoş gələn yumşaq tükləri vardı. Həyəcandan tərləyən və titrəyən əllərimlə onu yaxşıca oxşamışdım. Nəydi bu papağı özəl edən şey? Görünüşdə adi bir papaqdı. Bax o gün gizlicə axtarış apararkən bu məxsusi tikilmiş papaqda barmaq girəcək qədər bir dəlik tapmışdım. Bu, sökük, ya da yırtıq-filan deyil, papağın üzərində bəs-bəlli bir dəlik idi. Bu məsələyə çox da baş sındırmadım. Onsuz da həyəcandan və qorxudan çox incələyə bilmirdim. Sonunda bu papağı astaca yenə öz yerinə, naxışlarla bəzəkli taxta vitrinin ən üst rəfinə qoydum. Hə, bu arada papağı yerinə qaytararkən götürdüyüm şəkildə qoymağa diqqət etdim. Əsla ona toxunduğum anlaşılmamalı idi. Papaq vitrinin ən üst rəfindəki bir aparat üzərində dururdu. Vitrinin içində irili-xırdalı müxtəlif əşyalar mövcud idi. Amma, mən onlarla heç maraqlanmazdım. Gözüm o papaqdan başqa heç nə görməzdi.
Papağa ulaşmam zor olunca və mənim də ona qarşı sonsuz bir ulaşma istəyim olunca, marağımdan özümü papaq haqqında araşdırmaya vermişdim. Bu araşdırmalarımda bir kərəsində bir kitabdan oxumuşdum. Bu papaqların yapımı çox zəhmətli olurmuş. Yaxşı papaq əskidən Astraxan bölgəsində hələ doğulmamış quzudan yapılırmış. Bu araştırmalarda sadəcə kitablarla da kifayətlənməmişdim. Bakıdakı bir çox papaq ustasını gəzib onlardan da bilgilər almışdım. İçləri müxtəlif rəngdə, boyda və biçimdə papaqlarla dolu kiçik dükanlar...
Gördüyüm ustalardan yaşlı və eynəkli birisi mənə çox maraqlı məlumatlar vermişdi. Az öncə sizə dediyim papağın altındakı aparat haqqında usta demişdi ki, papaq bir masaya qoyulmaz, asqıya asılmaz, sadəcə o aparatın üzərinə qoyular.
“Nədən?” deyə soruşduğumda - “Papaq bizim millətin rəmzidir. Onu öylə istədiyin yerə qoya bilməzsən. O, hər zaman millətimiz kimi məğrur durmalıdır. Papağı elə yan, ya da tərs qoymaq olmaz. Millətimizin arxası yerə gəlmədiyi kimi, papağın da arxası yerə gələ bilməz” - demişdi. Bu yaşlı ustanın anlatdıqları yadımdan heç çıxmaz.
Papaq gerçəkdən də biz deməkdi, bizdəndi. Mənim ulu babam Borçalı-Qazax bölgəsindən Bakıya gəlmiş bir Qarapapaq Türkü imiş. Yəni adımz da, soyumuz da papaq ilə bağlıdır. Tariximiz də papaq ilə kəsişir.
Bizim ev çox da böyük deyildir və Bakının köhnə küçələrindən birindədir. Yəni papağın içində olduğundan bəhs etdiyim vitrin o qədər də gözünüzdə böyüməsin. İkisi böyük, ikisi kiçik qapağı olan vitrinin yuxarıda uzun və şüşəli qapaqlarının arxasında yenə şüşədən rəflər vardı. Təbii, bir az əvvəl dediyim kimi mən ordakı digər şeylərlə heç maraqlanmırdım da. Qadağanın insanı çəkməsi kimi, mənim də tək maraqlandığım o qara rəngli papaq idi.
Nəysə, anam da bir azdan gələr. Mən də salondan otağıma keçib kitablarla məşğul olum. Anam "Oxumalısan" deyər də, başqa bir şey deməz. Canım anam, gecə-gündüz çalışır və məndən sadəcə oxumamı istəyər.
Anam da bir az sonra gəldi, doğrudan da. Evimizin kiçik qapısından əvvəlcə açar səsi, sonra rəzələrdəki o bitməyən xırçıltı səsi də anamla birlikdə gəldi. Bunu eşidincə, mən də çalışma masamdan qalxdım. Anamı qarşılamağa həmişə qapıya gedərəm. O da addımını içəri atar-atmaz hər zaman "Ümid" deyə səslənər. Anamın o gözəl səsi ilə adımı çağırması mənə var olduğumu xatırladır. Dekart "Düşünürəmsə, demək varam" dediyi kimi, mən də anam adımı çağırıb "Ümid!" deyə səslənincə xəyal aləmindən qayıdıram. Anamın o gözəl səsiylə sanki yenidən var oluram.
Gerçəkdən anamın səsi gözəldir və insana huzur verir. Bəzən o, mətbəxdə yemək hazırlayarkən o qədər gözəl, fərqli və heç bilmədiyim mahnıları söyləyir ki, sanarsınız, yemək bişirməklə yox, radioda konsert verməklə məşğuldur. Anam belə mahnılar söyləyəndə mən də kömək bəhanəsiylə mətbəxdəki masada oturar və bu konsertin dadını çıxarardım.
Beləcə, yenə də mətbəxdəyik. Və anam qarnımdan öncə qulaqlarımı doyuzdurur: “Uca dağlar başında ceyran balalar…” Aah! Nə gözəl mahnıdır! Bu mahnılar məni heç getmədiyim yerlərə aparır. Heç tanımadığım yaylaqların bulaqlarından sular içirdir. Hərgünkü kimi bu məşğələ ilə yeməyə oturduq və anam yenə yorğunluqdan erkən yatdı. Aha, nə edə bilərəm ki! Mən də otaqda yatağıma uzanıb yenə papaq haqqında düşünə-düşünə yuxuya getdim.
Nədənsə, bu gecə çox yatmışam. Ya da gec yatdığımdan gec də qalxdım. Mən də tam bilmirəm. Səhər çoxdan açılmışdı belə. Qalxdığımda anam getmişdi. Mən də səhər yeməyi hazırlamaq üçün mətbəxə girdim. Mətbəxdəki təqvim 18 yanvarı göstərirdi. Anam tələsdiyindən təqvim yarpağını da qoparmamışdı. Onu da mən qopardım. Təbii, bu gün 19 yanvar idi. Doğrudan aaa, anamın doğum günü də sabah idi. Bu günü əsla unutmaram və il boyu doğum günü üçün plan hazırlardım. Sabah anam işdən gələnə ona elə bir doğum günü hazırlamalıydım ki, anam bütün dərdini və sıxıntısını ən azından o an unutmalıydı.
Səhər yeməyindən sonra həm kitablarla məşğul oldum, həm də doğum günü məsələsini düşündüm. Bir neçə bölüm oxuduqdan sonra yenə salona gedib işləməli taxta vitrinin qarşısına keçdim və ağlımdakı bu fikirlərlə yenə şüşəli vitrinin içində duran papağı nəzərdən keçirməyə başladım.
Saat günortaya doğru irəliləyirdi ki, anam apar-topar evə gəldi. Üzündə təlaş vardı. Mən də tələsik yerimdən qalxıb yanına getdim. Bu saatda gəlmək adəti deyildi. Titrəyən əlləriylə bir bardaq su içdikdən sonra salona keçdik. Yanımda oturdu və birdən "Oğul!" - deyib boynuma sarıldı və qara gözlərindən inci dənələri kimi yaşlar süzüldü. Mənim isə olub bitəndən heç xəbərim yox idi. Mən də dolan gözlərimlə "Nədən, ana?" - deyə soruşdum. Qollarını boynumdan açan anam danışmağa başladı:
"Oğul, sən atanı tanıyırsanmı? Kimdir, necə adamdır?".
Atam mən hələ beşikdəykən vəfat etmişdi. Amma nədən ötrü vəfat etmişdi, onu da bilmirdim. Anam da bu haqda danışmaz, daha doğrusu danışa bilməzdi. Atamın adı çəkilsə, küçədə bir uşaq "ata" deyib çağırsaydı anamın içi sızlardı. Hansı gün atamın söhbəti açılardısa birdən gözlərini yaş bürüyərdi. Mən də onu ağlatmamaq üçün heç nə soruşmazdım. Onu ağlarkən görməyə əsla dayana bilməzdim. Ağ, saf üzündəki yaşları gözəl əlləriylə silib danışmağa davam etdi.
"Atan..." - dedi. "Atan Səməd tayı-bərabəri olmayan bir adam idi. Görkəmi, sözü-söhbəti ləzzət verən bir şəxsiyyət idi. Sənin qara qaşını, qara gözünü, o qumral saçlarını ona bənzədirəm. Sənin adını atanla qoymuşduq. "Ümid" demişdik. Ümidlərimiz vardı həyatdan, gələcəkdən.” - salondakı küncdə qoyulan vitrinə tərəf getdi. Yavaşca qapaqları açdı və ön üstdəki o papağı, bəli o papağı götürdü və yenidən yanıma gəlib "Amma..." deyə davam etdi. "Hə, oğlum, ümidlərimiz, xəyallarımız vardı. Amma atan, hələ sən beşikdəykən bir düşmən gülləsinə qurban getmişdi. Beləcə, ömür boyu kimsəyə əyilməyən Səmədim ölürkən də yenə dimdik öldü. Atanı öldürən o namərd gülləsi beləcə bu papağı deşib ona dəymişdi. Mən də onun eşqiylə bu papağı saxlayır, öpüb qoxlayıram. Amma daha vaxtı gəldi" - dedi. Və əlindəki o papağı başıma qoydu. "İndi" dedi, "İndi sıra səndə, ümidimiz sənsən. Ümidsən sən. Bizim soyadımız Qurbanovdur. Necə də yaraşır adın sənə. Qurban Ümid".
Mən də anamın nə dediyini anladım. Günlərdi küçələr bir mitinq meydanına dönmüşdü. Vətənini, millətini sevənlər meydanları doldurmuşdu. Və bu sözdən sonra papaqdakı o dəliyin səbəbini anlamışdım. Anam yaşlı gözləriylə "Qalx, dəstəmaz al, oğlum!" dedi. Mən qalxıb dəstəmaz aldım. Anamın dolabdan çıxardığı bayramlıqlarımı geyindim. Son olaraq atamın tarix və xatirə dolu papağını anam başıma qoydu. Son dəfə boynuma sarılıb alnımdan öpdü. Mən də ona sarıldım və ətrini son dəfə içimə çəkib ağ əllərini öpdüm. Artıq eşiyə çıxmışdıq. Ayaqqabılarımı geyindim. Hava qaralmışdı. Anam son dəfə üzümə baxıb içindən o anda bədahətən gələn belə bir bayatı söylədi:
Ümidim var qurbandır,
Əmanət ki bir candır,
Vətən üçün can vermək,
Tanrıdan bir fərmandır.
Bu bayatını eşitdikdən sonra yavaş addımlarla qapıdan uzaqlaşmağa başladım. Və son bir daha anam ilə bir-birimizə baxdıq. O, nə düşünürdü, bilmədim, amma mən o qara gözlərindən süzülən yaşları və o baxışları düşünürdüm. Bu qara gözlərdə indi hansı duyğu var? O gözlərdə nə qorxu, nə kədər, nə də çarəsizlik vardı. O gözlərdə qürur vardı. Bəli, qürur ilə baxan o yaşlı gözlər... evdən ayrılarkən yadımda qalan o yaşlı gözlər idi...
Ümid Qurbanov, 20 Yanvar səhəri Bakıda küçənin ortasında cansız bir vəziyyətdə tapıldı. Qurbanov başına tuş gələn bir güllə yarasından şəhid olmuşdu. Beləcə papaqda ikinci dəlik açıldı və papaq yenə qürurla vitrindəki yerini tutdu...
Azərbaycancaya uyğunlaşdı: Həyat Şəmi