“Ağ buludlar” – Mübariz Örənin povesti

 “Ağ buludlar” – <span style="color:red;">Mübariz Örənin povesti
27 mart 2017
# 11:55

Kulis.az yazıçı Mübariz Örənin “Ağ buludlar” povestini təqdim edir.

I

– Niyə məni qoydun öləm, baba?!

– ...

***

Mayın ortaları bura son gəlişindən sonra dincliyi tamam əldən getmişdi. Gölün içindəki bulud bir an belə rahat buraxmırdı onu. Gecələr yuxusuna girib hisslərini təlatümə gətirirdi, cilddən-cildə, şəkildən-şəkilə girib ruhunu, vücudunu gəmirirdi, özü boyda kölgəyə çevrilib qarabaqara izləyirdi, dağ kimi üstünə yeriyir, qovub qovub qaranəfəs edirdi. Hər dəfə ölümün bircə addımlığından dönürdü, qan-tər içində oyanıb yaxasını gölün dibsiz əsarətindən güclə qoparırdı. Lənətlənmişdi elə bil. Nəyə əl atırdı, əli boşa çıxırdı, hara gedirdi, o yer mütləq qurumalıydı. Bədlik bədlik dalınca...

İndi də bu...

Hər dəfə Tümenə uçanda Tatara mütləq zəng eləyirdi, – ya evinə, ya fabrikə. Bu dəfə əlaqə baş tutmadı; çağırdı, götürən olmadı. Səhər aeroporta çıxanda hər ehtimala qarşı götürüb bir də yığdı, yenə bir səs çıxmadı. Naəlac qalıb çıxaçıxda Savçenkogili yığdı, yaxşı ki də yığdı; kişi əməlli-başlı hörmət sahibiymiş şəhərdə. Qara, nömrəsiz maşında təyyarənin düz trapında qarşıladılar onu, – Tatardan da urvatlı! – kiçik şimal şəhərindən onunla birgə uçmuş sərnişinlərin (oların arasında şəhərin yenicə seçilmiş meri də vardı) heyrət dolu baxışları altında – məsələdən hali olan kimi isə, Savçenko heç fikirləşmədi də, birbaş “oğru”nun evinə sürdü.

– S severa priexal. Kinuli emu, konkretno, – onu “oğru”ya təqdim edəndə qəribə bir söz də işlətdi: – Bıli oçen blizkimi druzyami s Tataram.

“...dost idilər”, dedi.

Yatsa yuxusuna da girməzdi nə vaxtsa Qansla görüşə bilər, o da ola belə asanlıqla. İgidin adın eşit, üzün görmə, düz sözdü. Arıq, çəlimsizin biriymiş Qans. “Oğru”dan çox qəzet redaktoruna oxşayırdı. Gözündə qalın şüşəli, enli sağanaqlı eynək, dörd bir yanı kitab...

Hər şeyi necə var eləcə danışdı. Elistalı qonaq necə olub onun evinə gəlib, yeməyinə dərman qatıb onu necə yuxuya verib, özünün, firmanın seyfdə nə pulu var, qəpiyinəcən necə silib-süpürüb aparıb... Bircə sözünü belə kəsmədən axıracan dinlədi onu Qans. Hətta pulun miqdarını deyəndə belə – söhbət çox böyük məbləğdən gedirdi, – yerində yüngülcə qurcanıb başıyla davam işarəsi verdi. “Gecənin bir vaxtı oyandım ki, divanda pallı-paltarlı yatmışam. Başım ağrıdan zoğ verib zoqquldayır, – məəttəl qaldı ki, “oğru”nun yanında özünü necə sərbəst aparır. – Gözümü birtəhər açıb pul olan otağa qaçdım. Seyfin qapısı taybatay idi!..”

“Özü boyda boşluq vardı pulun yerində!” – burasını təbii ki demədi, bir gözü Savçenkodaydı, başa düşdü ki, artıq çərənçiliyin, çürükçülüyün yeri yoxdu.

– Qarşı tərəf də dindirilməlidir, – tək kəlməsi bu oldu Qansın.

Elə bilirdi söz ağzından çıxan kimi əli-qolu bağlı “oğru”nun hüzuruna gətirəcəklər Elistalını. Bir torba pulu da ağzıbağlı – kom qoyacaqlar qabağına. Hətta daha çox ondan narahat idi ki, bu puldan nə qədərini verməlidi Qansa və necə verməlidi. Hər halda bənddə-bərədə yol kəsib “haqq” tələb edən bandit deyildi Qans. “Oğru”ydu – “Qanuni oğru!” Bilirdi ki, ad qoymamış “oğru”ya pul vermək olmaz. Mütləq ad qoymalısan: “obşak”a verirəm bu pulu, yoxsa şəxsən sənin özünə verirəm. Bir də var pulu onun öz ixtiyarına buraxasan, – hara verər, özü bilər, – bu da bir ayrı şeydi.

– Bir xəbər olan kimi özüm zəng edib sənə deyərəm, – bunu da Savçenko dedi, qalxdılar. “Oğru”nun bir sözünü iki eləmək olmazdı.

Şimalın qırx dərəcə şaxtasından sonra şəhərin mənfi on səkkizində bahar yumşaqlığı vardı. Özünü quş kimi yüngül hiss edirdi. Bir tərəfdən də Elistadan xəbər gəlib məsələ həll olanacan allah bilir nə qədər vaxt keçəcəkdi və bu müddət ərzində o, ümidli olacaqdı.

Amma boş ümiddən də bir şey çıxmaz. Cəhənnəmə olsun belə ümid də. Gözləməkdən pis şey yoxdu. Yaxşı-pis bir cavab bilsə, işini də bilərdi. İndi gəl otur gözlə, sinəndə daş böyüt.

Xudmani bir kafeyə girib yerlərini təzəcə rahlamışdılar ki, Tatarın ölüm xəbəri qaynar su kimi töküldü təpəsindən: “Sən burda olmayanda pis işlər baş verib! – Savçenko birnəfəsə dedi. – Tatarı öldürüblər!”

Əli-ayağı yerdən üzüldü. Sonrakı sözlər qulağında uğultu kimi qaldı.

Hərəyə bəlkə bir şüşə “yeddiyüzlük” araq içdilər. Süzdülər içdilər, süzdülər içdilər... Bədəninin hər xırda hüceyrəsinəcən tarıma çəkilmiş gərginlik azalmadı ki, azalmadı. Tatarın ölüm xəbəri necə keyləşdirmişdisə onu, araq da təsir eləmirdi, içdikcə ayıldırdı. Axırıncı dəfə ötən may “Apollon otel”də gördüyüydü Tatarı. Həmin gecə bircə sözün üstündə az qala qan davasına çıxacaqdılar, – elə həmin o “bircə söz” onun bütün varlığını alt-üst elədi, – yenə yaxşı ki, o vaxt Tatar tədbirli tərpənmişdi, başının dəstəsini də yığıb “oteli” dinməzcə tərk eləmişdi. O – bu, bir də görüşmədilər. Onu yandıran da bu idi. Son nəfəsində də olsa dostunu görüb dindirə bilməmişdi. Küsülü qalmışdılar. Əbədi! Bu yad-namard hiss göyüm-göyüm göynədirdi içini. O müdhiş gecədə baş verən hadisənin – gecə “Apollon otel”dən çıxanda qovub köhnə məbədin həyətində güllələyiblərmiş Tatarı – ən xırda detalı belə alovlanmış hisslərini ovuda bilərdi. Yazıq Savçenko. Onun vəhşət dolu baxışları and verib aman diləyirdi: “Soruşma, qardaşım, soruşma, dərd deyiləsi dərd deyil, danışılası müsibət deyil.” Amma ört-basdır ediləsi dərd də deyildi. Qıvrılıb-qısılıb ikiqat olmuşdu Savçenko. Sifəti boğulub mis rəngini almışdı. Şüşə təki soyuq, şəffaf gözləri bircə anın içində bulanıb qan çanağına dönmüşdü. Dodaqlarının kənarında ağ-quru köpükcüklər əmələ gəlmişdi. Səsini içinə qısdıqca söz ağzından qopuq-qopuq çıxırdı: “O qancığın zakazıydı. Zoyanın! Heç vaxt Tatarı tək qoymazdıq, bilirsən. O gecəni də bir yerdə olmuşuq. Səhərə yaxın, hava işıqlaşanda hərə dağılışıb bir tərəfə getdi, mən də nə etməliydim ta, o qancığın qızıylaydı Tatar, oları orda qoyub çıxdım. Təsəvvür elə... kimsə satıb da... kimsə satıb. Adamları olub, pusquda durub. Maşınının dörd təkərinin dördünü də boşaldıblar... O da, bilməyib, oturub tərpənən kimi düşüblər dalınca. Qov ki, qovasan! Təkər boş, yalın diskilərin üstündə, özü də lül-piyan. Mən qəsəbəyə çataçatda, qulağıma güllə səsi gəldi, düz üç dəfə. O saat dalağım sancdı, bildim ki, başında nəsə var. Qayıdıb təzədən o diki qalxınca, elə bil kimsə mənə dedi, məbəd tərəfdən sür, köhnə qəbirəstanlıq yolu! Məbədin düz tuşunda ağaca çırpılıb qalmışdı maşın. Özü də çıxıb beş-altı addım ata bilib. Qədimi daş qəbir var orda, bilirsən, oracan qaça bilib. Haqlayıb başından atmışdılar. Üç güllənin üçünü də təpəsinə boşaltmışdılar. Hikkəsinə bax qancığın, yenə ürəyi soyumayıb, – qan tutmuş gözləri yaşardı bu yerdə, – kişiliyini kəsib ağzına tıxamışdılar!”

Birdən bir bağırmaq bağırdı Savçenko! Yox, deyəsən əvvəlcə uladı, hə, əməllicə-başlıca uladı, – bütün kafedəkilər dönüb heyrət içində insan ulartısına tamaşa elədilər, – sonra yumruqlarını stola çırpıb dəli kimi bağırmağa başladı: “Hamısını bircə-bircə tutduq nax!.. Eşidirsən?! Bircə-bircə! Ondan da betər oyun açdıq başlarına!” – “yeddiyüzlük” boş araq şüşəsini götürüb havada əsdirməyə başladı. – “Beş beləsini itələdik dallarına!..”

Təmiz, xoş havada gəzindikcə bir az özünə gəlmişdi Savçenko. Dodağının altında öz-özünə nəsə deyinirdi: “Günah özündəydi axı... Axır vaxtlar lap ağını çıxarmışdı. Zoyanın körpəcə qızıynan... görmüşdün onu, heç on beşcə yaşı da olmazdı, hansı ana dözərdi...”

Gecəni şəhərdə qalmayacağını eşidəndə isə lap dilxor oldu Savçenko. Nə qədər üz vurdu, yalvardı, xeyri olmadı.

– Getməliyəm, – o dedi, – səhər Sadomorda olmalıyam, broyler fabrikində. Müqavilənin vaxtı çıxıb, maşın yük gözləyir, – yalandan özündən uydurdu, bilmirdi hansı bəhanəylə ayrılsın Saşadan.

– Bilirəm hara gedirsən. O lənətə gəlmiş “Apollon” çıxacaq hamımızın axırına. Qal gecəni yat heç olmasa, tezdən özüm aparım.

– Yox. – dedi. – Getməliyəm.

***

Şəhərin iyirmi beş kilometrliyində, Sadomor qəsəbəsinə bitişik meşəlikdə Müqəddəs göl deyilən yer var. Qəsəbə tərəfdən getsən gölün baş tərəfində, lap qəlbidə yarıuçuq daş sütunlar görərsən, – bir vaxtlar Buxara, Kazan, Qafqaz tərəflərdən gəlmiş müqəddəslərin əzəmətli mülklərinin qalıqlarını. İndi o dikdə Qocanın “Apollon otel”i yerləşir...

Əvvəllər Sadomora tez-tez gələrdi, hər ay olmasa da, iki aydan, üç aydan bir yolu bu qəsəbədən düşərdi. Amma heç ağlına gətirməzdi ki, onun əsgər yoldaşı Tatar bu qəsəbəli olar. Bir dəfə sırf təsadüfdən rastlaşmışdılar, – qıçaları qırılaydı kaş onunla rastlaşdığı yerdə! – broyler fabrikinin çıxışında üz-üzə gəlmişdilər.

– Sən hara, bura hara, svoloç! – Əsgərlikdə heç yola getməzdilər. Sözləri tez-tez çəp düşərdi, tutaşıb-yaxalaşardılar. Çəkişməsən bərkişməzsən, düz sözdü, sonradan elə bərk dost olmuşdular ki...

Yüz illərin həsrətlisi kimi görüşdülər, sarmaşıb qol-boyun oldular.

– Elə bilirdin əlimdən qaça bilərsən?! Vot! Yox, bu işi belə qoymaq olmaz. Mütləq yumaq lazımdı! – ilk dəfə Savçenkonu onda gördü, boydan balaca, tökməbədənin biriydi, Tatar onu “Filosof” çağırırdı, – Filosof, tez çap Qocanın yanına, de hamamı qalasın, qonağım var.

Dil qəfəsə qoymurdu Tatar, ağzını açıb bircə kəlmə deməyə imkan vermirdi. Sifətinə zəndlə baxıb təkrar-təkrar sinəsinə basırdı: – Hə, svoloç, de görüm, burda nə itin azıb sənin? Toyuq lazımdı? Nə qədər lazımdı? Gəl bir görüm dalımca, – bir çiynindən tutub darta-darta fabrik direktorunun kabinetinə aparmışdı onu, Zoya Qalimovnanın.

Kimin ağlına gələrdi Zoya Qalimovna kimi hökmlü, zəhmli-zabitəli qadın Tatarın arvadı olar. Dikdabanının səsi on beş hektarlıq fabrikin o başından gələndə bu başında işçilər qorxudan zağ-zağ əsirdilər, – elə müştərilər də, – siçan deşiyini satın alırdılar. Onun icazəsi olmadan fabrikin həndəvərindən quş quşluğuynan uça bilməzdi. Düzdü, tam arvadı da demək olmazdı, yaşca Tatardan çox böyük olardı Zoya Qalimovna, amma bir yerdə yaşayırdılar, – ər-arvad kimi.

– Zoya, heç bilirsən bu cavan oğlan kimdi? Sənə danışmışdım ha, əsgər yoldaşım... Həmin svoloçdu.

O vaxtlar toyuq əti qıt, qəhət idi ölkədə, belə broyler fabriklərini barmaqla saymaq olardı. Nəinki toyuq əti, Sovetin dağılan vaxtı əksər ərzaq dükanları, qastronomlar boş idi. Camaat “Buş budları”nın ümidinə qalmışdı. Bir kamaz toyuğu apar şimala, ver qastronomun qabağına, bircə saatın içində “əriyib” yoxa çıxacaqdı. Qiymət soruşan yox idi, nə gətirsən göydə qapırdılar. Di gəl, toyuq hardaydı. Əlində nağd pulu, hazır müqaviləsi ola-ola, olurdu günlərlə, hətta həftələrlə qalırdı Sadomorda, hər səhər boynunu büküb fabrikin qapısını kəsdirirdi bəlkə beşcə ton toyuq ala bilsin, olmurdu. İtin birini bağlamışdılar fabrikin satış şöbəsinə, Alabaşoviçi, – özü yandığından Alabaşoviç deyir, əslində kişinin adı Alibaşiroviç idi, Talqat Əlibəşiroviç, – gedən-gələni it kimi tuturdu. “Yoxdu! Kəsim yoxdu! Toyuq yoxdu! Əl çəkin yaxamnan! Beşcə ton nədi, heç toyuğun beşcə qanadı da yoxdu! A balam, mən kiməm, gedin, xarabanın yiyəsi var, onnan soruşun!..”

Satış şöbəsinin qapısını da təpiklə açmışdı Tatar.

– Keç görüm, – qabağına qatıb içəri itələmişdi onu, heyrət içində donub qalmış Alabaşoviçə tutmuşdu üzünü, – Karoçe, Talyan, bu cavan oğlanın maşınını ağzınacan doldurursan ətnən, bildin?! Mənlikdi.

Sonradan bildi ki, Tatar yerli bandit qruplaşmasının başçısıdı. O vaxt Rusiyanı “oğru”lar idarə edirdi, ən böyik zavodlar, fabriklər banditlərin nəzarətində idi.

Yük dolu maşın fabrikin ərazisindən çıxıb ağır ləngərlə yola düzəldikdən sonra – on altı tonluq “Kamaz” o qədər yüklənmişdi ki, ressorları tərsinə əyilmişdi – özləri də içkiylə, yemək-içməklə yüklənib, qəsəbənin sütül qızlarından da maşın tutunca götürüb – Tatarın barmağının bircə işarəsi bəs elədi ki, “bir qoşun” qız, kablukları buz bağlamış asfaltı taqqıldada-taqqıldada doluşsunlar maşınlara, – birbaş qalxmışdılar həmən o daş sütunlar ağaran yerə. Qocanın gözdən-qulaqdan uzaq sakit “iqamətgahına”.

Daxma desən adamın dili quruyar, dikin başında, daş sütunların beşcə addımlığında pəncərəsi Müqəddəs gölə açılan – bir pəncərəsi də evin arxa tərəfiylə “qaçan” Tura çayına baxırdı – bir evdi Qocanın evi. Köhnəlib qaralsa da öz təbii möhkəmliyini itirməyən yoğun bruslardan tikilmiş yaraşıqlı bir ev. Nə sirri-xudaydısa ayaq basdığı andan ruhuna olmazın rahatlıq gətirmişdi o ev. Heç bir simmetriyaya, ölçüyə sığmayan qədimi yığcam tikilinin ətraf təbiətlə yaratdığı ahəng sinəsinə yağ kimi yayılmışdı, iliyinəcən işləmişdi, – ana qucağı təki doğma, mehriban, ata qoynu kimi güvənli gəlmişdi ona o “taxta saray!” Bir dəfə yaşayıb yaxşıca unutduğu qayğısız, məsud çağlarını andırmışdı.

Məxməri qəriblik hissi, hə, doğma qürbət – belə də olur.

Hər addımda ayaq saxlayıb rabitəsiz, dağınıq – amma xoş, qənimət – yaddaş qırıntılarını yığıb ipə-sapa düzmək, illərdi həsrətində olduğu işığa, nura təzədən qərq olmaq, bələnmək istəmişdi, olmamışdı; iynə ildızı boyda xatirə işartıları adda-budda közərib anındaca yox olurdu...

İki bir-birinə zidd aləmin çulğaşdığı qəribə bir havası vardı o yerin. Gülən olmasa, deyərdi, bəlkə elə iki dünya arasıydı. Evin arxa tərəfiylə axan Tura çayı da bu iki dünyanın sərhəddi – iki dünya qovuşağı! Qəribə bir kif atmış sükunəti, ətaləti vardı. Heç bir “canlı” ruhu, hətta xatirələri belə, yaxınına buraxmırdı. Havasına qatmırdı. Bir vaxtlar əzəmətli daş səltənətin indi xarabazara çevrilmiş dağıntılarına gözətçilik edirdi. Qəlbidən əl içi kimi görünən Müqəddəs gölün sahilindəki yarıuçuq məbədin, onun həyətində illərdi qar-yağış altında qalıb torpağa əyilmiş, ot-əncər içində it-bat olmuş tənha qəbir daşının keşiyini çəkirdi.

Qeyri-adilik hər addımda, hətta adi olmalı olan yerdə belə özünü göstərirdi. Nəhəng, qollu-budaqlı Qaraşam ağacının qoynunda çardaqlanmış “ilanlı” eyvanın məhəccəri taxtadan elə usta işlənmişdi, sanki indicə sürüşüb-düşüb, qıvrılıb-açılıb adamın boynuna sarılacaqdı. Qalın lay taxtadan düzəlmiş pilləkənin başında yuxarıdan əcaib bir məxluq kəlləsi asılmışdı ki, əlini sinəsinə qoyub indi də rahatlıqla and içə bilər: nə o vaxta qədər, nə ondan sonra heç yerdə – nə həyatda, nə kinoda-kitabda, nə də başqa bir yerdə belə canlıya rast gəlməyib! Lakin onu ilk baxışdan ovsunlayıb əl-qolunu çatılayan nə bu, nə o biri, – Qocanın timsah gözləri kimi soyuq, ifadəsiz gözləri oldu. Hətta bir an ona elə gəldi ki, Qocanın gözləri heç yoxdu, hər iki gözü nə vaxtsa oyulub çıxarılıb, illərdi bağlı qaldığından göz qapaqları bir-birinə tikilib. Yoxsa bu qədər laqeydlik, səbr daraldan etinasızlıq hardan ola bilərdi adamda! Heç elə bil bu dünyadan deyildi o, bu dünyanın zövq-səfası ona yaddı; şəffaf şüşə arxasında dayanıb onların şən-şaqraq gülüşlərinə, ehtiras dolu qiyyə-qışqırtılarına boş, mənasız məşğuliyyət kimi baxırdı. Sanki uzun sürən ömrün nəhayətsizliyi yormuşdu onu. Yormuşdu nədi, lap iyrəndirmişdi. Həyat eşqini, həvəsini əlindən almışdı. Tura çayının kənarında oturub öz axırını – aqibətini səbirsizliklə gözləyirdi Qoca...

“Belə adamlar ölmür, – Qocanı ilk görəndə ağlına gələn ilk fikirdən özü də diksinmişdi, – bir əlçim yun kimi əyrilib, nəzilib sapa dönür.”

“Allah dərdin beləsindən saxlasın: ölmək istə, ölə bilmə!”

– Hamama kim tursikdə girir, ağıllı? – Tatarın hər sözünə qaqqanaq çəkib gülüşürdü qızlar. Tanımadığı yad adamların arasında Tatarın onunla belə şit rəftarı pisinə gəlsə də, ona ən çox yer eləyən Qocaya qarşı kobudluğu oldu. Babası yaşda kişini uşaq kimi ora-bura buyururdu Tatar, üstünə çəmkirirdi, acıqlanırdı. Qoca da, qəribəydi, yaşına-başına yaraşmayan yüngüllüklə və şövqlə, bəli, şövqlə, onun hər buyruğunu yerinə yetirirdi (müticəsinə və canla-başla!) və bu zaman dodaqlarının qırağına elə bir sirli-bicərək məmnunluq işartısı qonurdu ki, səbəbini O kişidən başqa heç kəs bilə bilməz.

“Cəhənnəmə gedən özünə yoldaş axtarar”

İnsan nə mürəkkəb məxluqmuş, İlahi! Və nə arsız-abırsız məxluqmuş; əvvəl-əvvəl Qocadan ayıb eləyib hamama qızlarla girməkdən çəkinsə də, onu qarşıda gözləyən birgə çılpaqlığın qıdığı utancaqlığına son qoydu və çox keçmədi o da lüt-ətcəbala soyunub Qocanın bəh-bəhlə hala gətirdiyi hamamın isti buxarında yox oldu.

İlk dəfədən necə xoşuna gəlmişdisə və necə dadanmışdısa, şimalda qərarı tutmurdu, işi oldu-olmadı bilet alıb uçurdu Tümenə. Təyyarədən düşən kimi, aeroport şoferləri də bicləşmişdilər, bilirdilər ki klient “yağlı” klientdi, yaxşı da pul verəndi, xəfifcə qımışıb sorğusuz-sualsız sürürdülər düz həmən o dikə. Savçenko zarafatca “Apollon otel” deyirdi ora, – yay-qış göm-göy dağ döşündə ağaran əzəmətli sütunlar aralıdan doğrudan da Apollonun Delfadakı məbədinin qalıqlarını andırır, – “Apollon otel”dəki sərbəstlik dünyanın heç bir otelində ola bilməz: yay-qış, nə vaxt getsən bir vur-çatlasın, bir ye-iç, de-gül başlardı, gəl görəsən. Bir də gördün qışın oğlan çağı od kimi hamamdan çıxıb qızlı-oğlanlı sərələndilər qarın üstünə, – yayda çaya cumuşurdular, – lüt-anabülbül! O qədər ağnaşıb anqırışırdılar ki, səs-küyləri ta Müqəddəs gölün o tayında, yerli camaatın çoxdan tərk etdiyi məbəddə əks-səda salırdı...

Amma nə oyundan çıxsalar da Müqəddəs gölün suyuna yaxın durmazdılar. Hansısa gözəgörünməz qüvvə kəsirdi qarşılarını. Yerli camaat hətta əkin-biçinə, mal-qaraya belə verməzdi o sudan; böyük günah sayılırdı. Nə olmaz, niyə günahdı, səbəbini deyən yox idi. Elə deyirdilər, olmaz! Bir yol hətta cəhd eləmişdi ki, bu sirrin nədənini soruşub öyrənsin Qocadan. Timsah kimi soyuq gözlərini ona zilləyib susmuşdu Qoca, dodaqlarının qırağı yüngülcə səyrimişdi, vəssalam.

***

Tatarla tapışandan sonra işləri yağ kimi getməyə başladı. “Bundan belə sənin fabrikdə işin yoxdu, – demişdi Tatar, – nə qədər toyuq lazımdı de, göndərim, sat, kef elə...” Dili varsa da, dilçəyi də vardı kişinin. İkicə ilin içində ona o qədər toyuq göndərtdi ki, pulunu yığıb yığışdıra bilmirdi; pul xəzəl kimi tökülürdü başından. Həm də “krışalığını” eləyirdi Tatar, – o vaxt Rusiyanı banditlər idarə edirdi, – bir kopəyoğlu ona gözün üstə qaşın var deyə bilməzdi. Amma nə xeyri, ya vəlvələdən, ya zəlzələdən, iki ilə yığıb topladığı var-dövlət bircə həftənin ərzində pırrr eləyib əlindən çıxdı. O boyda sığorta şirkətini – “Nasko”nu – bircə gecənin içində “avqust defoltu” vurub müflis elədi.

Yerdə qalanını da gözünə döndüyüm elistalı qoçaq sildi-süpürdü apardı.

İndi, bu qərib fevral gecəsində Savçenkodan ayrılıb zülmət meşəyə üz tutması səbəbsiz deyildi, – Qocanı görmək istəyirdi! Ürəyi partlardı həmin gecə Qocanı görməsə. Əslində Tümenə bu dəfəki səfərinin səbəbi Qansla görüşmək deyildi, bu görüşü Savçenko özü düzüb-qoşmuşdu. Müqavilə məsələsini isə Saşadan qopub aralanmaq üçün özü qəstən uydurmuşdu. Nə müqaviləbazdıqdı, Qocaylaydı işi! Neçə vaxtdı düçar olduğu lənətin nədənini bilmək istəyirdi. Ona elə gəlirdi ki, təkcə Qoca agahdı bu işdən, – bilsə, o biləcək, – və hər şeyə qadirdi o; düşdüyü bu bədnəfəs zolaqdan xilas olmaq istəyirdi...

Nə idi axı onun günahı? Nə baş vermişdi həmin o may gecəsi?

...Qəsəbədən təzə bir qız gətirmişdi Tatar. Qoyun gözləri kimi hissiyyatsız, ehtirassız – ölü gözləri vardı. Heç kimə qaynayıb-qarışmırdı, kənarda dayanıb baş verənlərə sakitcə tamaşa eləyirdi. Qızın qolundan tutub kobudcasına ona sarı dartmışdı Tatar və irişə-irişə, tanış ol, demişdi, qorxma, öz atası “görüb işini”.

Çaşqınlıq içində quruyub qalmışdı: necə yəni öz atası?!

Tatarın sifətində elə bir bicərək işıq peyda olmuşdu ki, eynən Qocadakı kimi, eyni vaxtda hər ikisinə, həm Tatara, həm Qocaya qarşı ikrah hissi yaratmışdı. Durduğu yerdə bütün hissi-hissiyyatı ayaqları altında göllənmişdi. Öz-özünə toxtaqlıq verib sakitləşməyə çalışsa da, xeyri olmamışdı. “Rədd olun burdan!” – birdən-birə özündən necə çıxmışdısa, hisslərinə yiyə dura bilməmişdi, əlinə keçəni dörd tərəfə tolazlayıb bağırdıqca bağırmışdı. – “Oğraşlar! Binamuslar! Qəhbələr! Rədd olun hamınız!”

“Sən də rədd ol, qoca şamtutan!” – arada fağır Qocanı da söyüb bulamışdı...

“Yalansa onu fağır ilan vursun”.

Həmin gecə səhərəcən gözlərinə yuxu getməmişdi. Yerində qıvrıla-qıvrıla qalmışdı. Hansı üzü üstə çevrilsə də qızın “qoyun gözləri” gəlib dayanmışdı gözünün qabağında. Dan yeri sökülhasöküldə təmiz havaya çıxıb Müqəddəs gölə tərəf getdikdə isə... Riqqətdən sinəsi şiddətlə qalxıb-enməyə başlamışdı; dörd bir yanı göm-göy meşəliklə əhatələnmiş göl sanki canlı idi! Vaxtı yetişmiş hamilə qadın kimi bətnində gəzdirdiyi və ona olmazın ağrılar verən yükdən azad olmaq istəyirdi! Üzdən sakit görünsə də içdən burum-burum burulan göl sanki indicə dil açıb danışacaqdı. İllərdi sinəsində, “qarnında” gəzdirdiyi müdhiş bir sirrin üstünü nəhayət ki açacaqdı!.. Gölün sahilindəki qədimi, uçuq məbədin üstündə bir topa tutqun bulud asıla qalmışdı. Suda qərq olmuş balasını fırtınalı dənizin sahildə gözləyən zavallı ata kimi, sanki o da, ayrılıb o yeri tərk edə bilmirdi. Və həmin o qara bulud lam-ləpəsiz gölün üzündə ayna kimi – tər-təmiz əks olunurdu.

Ömründə o qaralığında bulud görməmişdi. Gölün içindəki bulud ahənrüba kimi dartırdı onu. Obaşdanın alatoranında kor kimi əllərini irəli tutub gölə tərəf gedirdi! Onu arxadan çağıran olmasaydı...

“Qayıt!” – Qocanın təlaş dolu səsi sanki yuxudan ayıltmışdı onu.

O – bu, bir də o yerə qayıtmadı.

***

“Atası qəsəbədə “ximik” idi...”

İnstitutu bitirib təyinatla şimala gedəndən sonra bir ara öz ixtisası üzrə işləsə də bazar iqtisadiyyatına keçid dövrü həvəslənib o da biznesə girişmişdi. Əvvəlcə sığorta kompaniyası açmışdı: özünün möhürü, ştampı, firma blankları... Pah! “Nasko” – yekə-yekə ad da fikirləşmişdi. Yox bir, “Fiasko”! Kağızda işləri xod getsə də, görmüşdü ki, yox, hərə başını aşağı salıb sakitcə öz işiylə, alveriylə məşğuldu, heç sığorta-mığorta vecinə alan yoxdu. Qolunu çırmayıb konkret bir işin qulpundan yapışmasa xeyri yoxdu. Başlamışdı xırda-para alverə. Əvvəl-əvvəl yerində alıb, yerində satdı, – ziyansız alverin qızıl qaydasıdı: qapında al, qapında sat, – əlinə babat maya keçən kimi isə, o da üz tutmuşdu başqaları kimi böyük şəhərlərə, böyük partiyalarla şimala mal daşımağa. Əsl pulun nə olduğunu da onda gördü. Nə gətirdisə ikiqatına, üçqatına şarappıltıyla satıldı. Pul pul gətirər, düz sözdü: qısa müddət ərzində “Nasko” da qudurub bir dövriyə eləmişdi ki!..

O vaxtlar, hələ Tatarla tapışmamışdılar və hələ bu lənətə gəlmiş Sadomorun mövcudiyyətindən xəbərsiz idi, beyninə vermişdi ki, bir vaxtlar onu “detdom”a atmış ata-anasını axtarıb tapsın. Dəhşətli dərəcədə beyninə vermişdi. Ağıldan-başdan eləmişdi onu bu istək: rast ki, indi işləri yaxşıdı və allaha şükür, heç kimə möhtac deyil, niyə bilməsin kimdi valideynləri!..

Altı yaşı olanda qarayanız bir gəlin gətirib qoyubmuş onu uşaq evinə, burasını bilirdi. Tələbəlik vaxtı bir neçə dəfə cəhd eləmişdi ki, getsin köhnə evlərini tapsın, görsün yerində kimi qalıb, kimi yox. Getmək istəmişdi, amma getməmişdi – gedə bilməmişdi; həlledici addımı atmağa heç vaxt ürək eləməmişdi. Hər dəfə bir “əşşi” kəsmişdi qabağını. Amma yer-yurdunu öyrənmişdi kəndlərinin. Müqəddəs gölü üzük qaşı kimi dövrələyən meşəlikdə dörd-beş qədimi kənd var, o kəndlərin birindən idi onu “detdom”a gətirən gəlin. “Dörd-beş kənd” ona görə ki, o kəndlərin ikisi sonradan birləşib böyük bir qəsəbə olmuşdu, – Sadomor! Əsas yolun üstündə olduğu üçün tədricən böyüyüb, inkişaf edib az qala şəhərə çevrilmişdi: ərazisində üç iri müəssisə – Broyler fabriki, Ağac Emalı Kombinatı və Duz zavodu, neçə-neçə iaşə obyektləri, kinoteatr, bank, hətta universitet filialı da açılmışdı. Beşmərtəbə evlər tikilmişdi... Qalan üç kənd isə – onun doğulduğu kənd hesabla o üç kəndin biri idi – yoldan-mərkəzdən xeyli aralı, solaxay bir yerdə idi; göl qırağı meşənin içiylə get ki gedəsən. Hər taksi şoferi də razılaşmırdı belə berahat, kələkötür yola maşın salsın. Odur ki, bu tip kəndlərin əksəriyyəti indi boşdu. Tərk edilmiş leylək yuvası tək evləri ağzıgünə qalıb. Çoxunun qapı-pəncərəsi qıfıllanıb, – bir də, allah bilir, nə vaxtsa açılmaq ümidilə, – bəzilərininki isə birdibli mismarlanıb. Görərsən tək-tək, orda-burda, beş-altısında həyat işartıları ola, ya olmaya; bacalarından bir tüstü çıxar, yaxud içəridə bir işığı közərər. Ayağı yer tutanı, gümanlısı, gümansızı, hərə bir adla, hərə bir yolla, hərə bir ağılla tərk edib gedib öz doğma yuvalarını. Gün-güzəran, dolanışıq, əyləncə dartıb aparıb gəncləri kənddən. Yaşlanıb heydən düşmüş əlsiz-ayaqsız qocalardı yalnız sakinləri, – köhnə xatirələrə təzə yamaq vurub birtəhər başlarını girələyirlər...

Maşını kəndin girəcəyində saxladıb göl qırağı arı qutuları kimi səpələnmiş taxta evlərin arasıyla ayaqla getmişdi – piyada. Qalın qar altında mürgüləyən evlərin, ağacların, yolların, ətraf meşəliyin üzərinə hopmuş qulaqbasan sakitliyi ürkütməyə əsla ürək eləməmişdi. Çəkmələrinin qar üzərindəki “xarta-xurt”uydu təkcə bu sakitliyə xələl qatan, arada ayaq saxlayıb adamsızlıqdan xiffət çəkən dam-daşın axıb sümüyünəcən nüfuz edən kədərini qəlb ağrısıyla qəbul eləmişdi. Şəhərin bitib-tükənməyən gərginliyindən, gündəlik hay-küyündən, qoymaqaçından tarıma çəkilmiş sinirlərinin sızıltısını ləzzətlə dinşəmiş, şişib qazana dönmüş qafasının qıjıltıdan necə azad olmasını bütün əzalarılə hiss eləmişdi; qulaqlarından pişpişi kimi sivişib çıxırdı uğultu, alnından pıtraq kimi qopub aralanırdı.

Müdhiş bir qəbirəstanlıq xofu vardı o kəndin. Fikirləşmişdi görən bax, əgər bu miskin, yapıxıq taxta evlərin birində öz doğma ata-anasını, bacı-qardaşını, ya başqa bir kimsəsini tapsa, nə dəyişəcək həyatında? Dəyişəcəkmi?! Köksünün başında illərdi yığılıb daşa, kəsəyə dönmüş möhnətə son qoyulacaqdımı? Ya bəlkə əksinə, yetimçiliklə, min bir zülm, zillətlə illər sonra nəhayət ki tapdığı bircə qırıq rahatlığı da əldən gedəcək! Bu amansız, əcaib hiss hətta bir az qorxutmuşdu da onu. Çevrilib gerisinə də baxmadan, qaça bildikcə qaçıb rədd olmaq istəmişdi o kənddən. Bacarmamışdı. Görmüşdü ki, qılçaları sözünə baxmır; ət və sümükdən deyil, sanki büsbütün hisslərdən ibarətdi o. Altı yaşında bu kənddən çıxanda nə bilərdi ev nədi, eşik nədi... Qeyri-iradi bir fəhmlə gəlib yiyəsiz bir daxmanın qarşısında dayanmışdı, – bir vaxtlar sağlam bruslardan tikilmiş şax duruşlu, indi əyilib bir böyrü üstə qalmış köhnə daxmanın... Qar-dumanın ağlığında səhər qırovu kimi gün düşdükcə işıldaşan, təzə gəlin kimi məsudca cilvələnən Müqəddəs gölün qoynunda miskin, boynubükük görükürdü o ev. Bütün varlığı, vücudu, ruhu, canı... çilik-çilik olmuşdu o təsiratdan, şəffaf kristallar şəklində ətrafa – gölə, havaya, torpağa səpələnmişdi. Və həmin an hiss eləmişdi ki, çiyinlərinə yüngülcə bir “yük” qondu! Silkinib dərhal o “yük”dən azad olmağa çalışsa da, görmüşdü ki, yox, boş-mənasız cəhddi cəhdi, nədisə, heç adi yük deyil bu yük.

Qorxduğu başına gəlmişdi.

Nə qədər qalmışdı o, belə, ayaq üstə, bir Allah bilir.

– Rədd ol, çıx get burdan!

Ağ, pırpız birçəkli, pırtlaşıq saçlı bir qarıydı, – ona elə gəlmişdi ki, şaxtayla günəşin gizli icdivazından göl üzərində yaranmış yüngülcə dumandan sıyrılıb gəldi qarı, – əlində qol uzunluğunda taxta, hirsli-havalı, dəli kimi gəlib qabağını kəsmişdi: “Rədd ol çıx get burdan, itin balası it! Bircə sən çatmırdın burda! Görüm toxumunuz kəsilsin elə sizin! Kəsilsin elə murdar toxumunuz! İtil get burdan! Yoxsa, bax, bunu görürsən, – əlindəki taxta parçasını donunun altından keçirib, bir ucu paçasının arasında, bir ucunu ona tuşatmışdı, – minərəm səni bunnan! – Təbii ki, o, minərəm səni demədi, si...ərəm səni dedi və bu yerdə qarının ağzından səpələnən “göyçək” sözləri bütün çılpaqlığı, rəngarəngliyi ilə çatdıra bilmədiyini müəllif acizanə etiraf edir. Halbuki üç yüz illik sallaqqanad qarğadan daha yaşlı görünən qarının dilində bu sözlər elə də əcaib səslənmirdi. – Ha-ha-ha-ha-ha!.. Hə-hə-hə-hə!.. Ho-ho-ho-ho!..”

Ayağında gülməli dərəcədə yekə çəkmələri, yaxa-baş açıq, həyət-bacanı dörd dolanıb guya öz aləmində maşın sürürdü qarı. Bir əlilə taxta oxlovunu “orasında” tutub, o biri əlilə guya rul fırladırdı: “Bi-biip! Bi-bip, bi-bip-bibiiib... Sadomorlu arvadların yanına getdi dədən. Oucu-qucu-qucu-quc, qucu-qucu-qucu-qucu-qucu, – arada gəlib oxunu onun ayaqlarına sürtüb uğunub gedirdi. – Anan da, bax burda oturub, i-hi-hi-hi-hi, i-hi-hi-hi-hi-hi, ağlayırdı. Bax burda – vıvıldadıb gölə tərəf həyətin lap qurtaracağına sürdü qarı, – burda, hə, düz burda, iki sərv ağacı vardı burda, düm-düz eeeee, ucu göylərə çatırdı...”

– Fikir vermə ona, xəstədi. – bəstəboy, nurani bir qarı fağırca gəlib yanını kəsdirmişdi. – Ölüb qurtarmadı ki, canı da qurtara.

Beş-altı başqa qarı da, hərə öz daxmasının kəndarında dayanıb, günəbaxan günəşə baxar kimi olara səmt baxırdılar. Əslində kəndin içiylə gedə-gedə pəncərə önündə bitmiş bu gülsifət qarıları bayaqdan görmüşdü. Oların maraq dolu baxışlarını – alınları az qala pəncərə şüşəsini basıb yerindən çıxaracaqdı – üzərində tapıb özünü xeyli naqolay hiss eləmişdi.

“Bu kəndin kişiləri hanı?!” – ilk ağlına gələn sualdan özü də uşənmişdi.

– Hamısını Sadomor apardı. Sənin də atanı Sadomor apardı, getmə ora. Qayıt çıx get burdan, yazıqsan, cavansan, qayıt get. Şeytan yuvasıdı ora. Xatalıdı. Gedək çay süzüm iç, yol gəlmisən, soyuqdu, amma sonra get. – Onun cavabını gözləmədən xırda, göyərçin addımlarılə öz daxmasına üz tutmuşdu qarı.

O da, bir müddət yerində nitqsiz qalıb, yetim quzu kimi onun dalınca düşmüşdü.

– Gözəl idi anan, hə. Baxanda deyirdin su sonasıdı. Amma dili-ağzı yox idi, toyuq kimi, harda atsan orda da qalırdı. Elə də yumşaq xasiyyəti vardı, ipək kimi. Uzaqlardan gətirmişdi onu atan, isti yuvasından eləyib dörd divar arasında ev dustağı eləmişdi. Çölə-bayıra çıxmağa qoymurdu. Özü gedib düzü-dünyanı gəzirdi, min dərədə kefin sürürdü, bu da iki uşaqnan qalmışdı tək, damın altında. Heç elə bil bu dünyanın adamı döyüldü. Məəttəl qalmalı işdi, ərinin nə hoqqalardan çıxdığını, qıraqda nə qələtlər elədiyini bilirdi, amma dinmirdi, dözürdü. Hər şeyini keçirdi. Gücü ancaq gözünün yaşına çatırdı, oturub axşamacan zırın-zırın ağlayırdı. Dəli kimi sevirdi atanı. Bir-birlərinə də elə yaraşırdılar, elə yaraşırdılar, allah, yanaşı duranda, deyirdin bəs qoşa sərvdilər, hə: ikisi də boylu-buxunlu, qəddi-qamətli... Nə oldusa o ağlıyox atanın günahından oldu. Elə bil cadu elədilər ona, dilini-ağzını bağladılar. Yoxsa sən, gül kimi arvadını, uşaqlarını qoy evdə, get, Allah bilir haranın çöldəqalmışına iliş, nədi, nədi iş bilmişəm?! Aylarla yoxa çıxdı, gəlmədi. Axırda da biryolluq itdi. Kişilər hamısı bir ağılda olur, hə. Deyir indi odee, ximiyadı, mimiyadı, bilmirəm nədi, orda canın çürüdür, kül qoyum təpənə ha... O fason boy-buxunda, o yaraşıqda oğlan!.. Anan yazıq da... iki uşağnan ac-susuz qalmışdı damın altında. Dedik, get, heç olmasa, qohum-əqrəban var, dədən-nənən var, birinə zəng elə, ya teleqram vur, nəysə bir xəbər elə, gəlib aparsınlar səni. Nə vaxtacan dörd divar arasında ac-susuz qalacaqsan. Öldür, başımı vur, dedi, getmərəm, heç kimə də zəng eləmərəm. Hansı üzlə gedim zəng eləyim, deyirdi, zəng eləyim nə deyim. Nə bilim, ay oğul, nə bilim, baş açılası dərd idi ki? Çayını iç, soyutma. Qoy durum təzəsini gətirim, – hıqqına-hıqqına qalxıb kərpiç sobanın üstündə mıjıldayan çaydanı gətirmək istəyirdi. O, qoymadı. Qolundan tutub, gəl sən otur söhbətini elə, dedi, özüm gətirərəm. Həyatının ən əziz çağlarını “əmizdirirdi” ona qarı nənə, – eybi yox, qoy lap acı olsun! – Məlhəm kimi uzadırdı təşnə dodaqlarına. Çay nədi, çay vaxtı idi?!

– Bir düz-əməlli sənədiniz-kağızınız da yox idi. Dedik, heç olmasa apar o yekəni qoy detdoma, – o vaxt sənin məktəbə gedən vaxtınıydı, yekəydin, – cavan adamsan, özünə bir iş tap, güc tap, dilsiz-ağızsız körpələrin nə günahı ki, acından öldürürsən oları. Əlində pulun-paran olar, imkanın olar, yenə gedib gətirərsən, uşağı sənin əlindən alan yoxdu ki... Əvvəl razı olmurdu, deyirdi mən öz balamı öz əllərimlə yetimxanaya qoya bilmərəm. Sonra nə oldusa, ağlına batdı, apardı səni qoydu ora... Özü də, nə bilim, hardasa bir yeməkxana tapmışdı, fəhlə yeməkxanası, qabyuyan işləyirdi orda. Sonra o da bağlandı köçdü harasa, əlaqə tamam kəsildi. Dedilər guya orda bir iş yoldaşı varmış, qadın, onun qardaşına qoşulub gedib. Tacikiymiş, özbəyiymiş, nəymiş, hər kimsə. Elə sevindim getməyinə, inan allaha, elə bildim özüməm ərə gedən, – qarının xırdaca gözləri alacalandı bu yerdə...

Anasının eşqiylə bütün ətraf kəndləri, yolğırağı bütün yeməkxanaları bittə-bittə, qarış-qarış gəzmişdi o. Döymədiyi qapı, sormadığı adam qalmamışdı. Heç elə bil bu adda adam yer üzündə olmayıbmış. Yerli-dibli! Atasının sorağı isə onu Sadomora – Ağac Emalı Kombinatına aparıb çıxarmışdı. Öyrənə bilmişdi ki, atası həmin kombinatda “ximik”di. Elə bilirdi kimyaçıdı atası, sən demə islah-əmək koloniyasında icbari işləyən məhbuslara “ximik” deyirlər. O vaxtlar harda zəhərli kimya kombinatı, radiasiyalı fabrik-zavod, ziyanlı, zərərli müəssisələr var, belə məhbusları ora basırdılar. “Ximiya”da olanlar azadlıqdan tam məhrum sayılmır, xüsusi yataqxanalarda qalıb yerli camaatla kontakta girə, dükan-bazara çıxa bilirdilər.

Amma atasını kombinatda da tapmamışdı. Kimə üz tutmuşdusa həvəssiz bir-iki söz deyib ondan aralanmışdılar. Bir onu öyrənə bimişdi ki, müddətinə az qalmış hər iki ayağını dəzgahda itirib atası, azadlığa əlil arabasında çıxıb.

“Allah bilir indi hardadı...”.

“İndi kimə lazımdı o – invalid...”.

“Yenə get Petroviçi tap, bilsə o nəsə biləcək...” – sonda qəsəbənin “şanxay məhəlləsinə” tuşlamışdılar onu.

İki nəfərin güclə sığacağı dardəmək bir barakda – yığcam taxta tikilidə yaşayırdı Petroviç. İkisiydi: bir iti, bir özü. Məhbusluğunu çəkəndən sonra getməyə yeri, adamı olmadığından ilişib burda qalmışdı. Biləndə ki kimdi, nəçidi, bir sevinmək sevindi yazıq, bir əl-ayağa düşdü! Qürbət eldə doğma əzizini tapmışdı elə bil, bilmirdi nə yaxşılıq eləsin ona. Basırıq, tör-töküntü otaqda gic toyuq kimi gicəllənib bir şüşə çaxır tapıb qoydu stola, pəncərənin ağzında bir bağ quru soğan asılmışdı, birini gətirib iki böldü, sevincək əllərilə çörək doğradı...

– Heç nəyin üstündə düşmüşdü bura. Heçcə nəyin... Əslinə baxsan hamı heç nəyin üstündə düşür bura, – sifətində qəribə bir işıq oynamışdı Petroviçin. – Tanımadığı, bilmədiyi, məni də bağışla, avara gəzəyəntinin birinin üstündə. Çox nahaq yerə. Heç kişi də belə şeydən ötəri kişinin üstünə bıçaq çəkər?

Qan kimi qırmızı, tünd çaxırdan hərəyə bir tinli stakan vurandan sonra tini düzəlmişdi Petroviçin, dili açılmışdı: – Azadlıqda kefi-damağı çağ olub. Yeyib-içib, kefin çəkib. “Dalnoboyşik” olub. “Uzaq səfərlər kapitanı!”. Günü şoferlikdə keçib. Azad quş kimi. İlimiz on iki ay yollarda olub. Bir ucu Moskva, Peterburq, bir ucu da, odeeee, Şimal Buzlu okeanı – siz tərəflər. Cib dolu pul, özü də yaraşıqlı, boy-buxunlu kişiydi axı, belələrini arvadlar əl-əl gəzir, göydə qapırlar. Özünün də o sarıdan damarı boş idi. Başında yellər oynaşırdı. Harda bir gözəgəlimli şey gördü, ağlı başından çıxırdı. Gözü onun-bunun dalında idi. Özü də boynuna alırdı, özümdən asılı deyil, deyirdi, mən də belə bədbəxtəm. Məndən də allah belə alıb, deyirdi, gül kimi ailə-uşağımı süləngilərin ayağına verdim. Yol qırağı “çəngəl-bıçaq” yerləri gözəlçələrlə dolu olur axı. Ətraf qəsəbələrdən axışıb sarança kimi daraşırlar kafe-kabakların canına. Qarışqa şirəyə daraşan kimi, hə. Niyəsini özün bilirsən. Belə kafelərin birində Olyayla tanış olubmuş. Bu qəsəbədəndi Olya. Cavanlığı çox gözəl olub, deyirlər. Hə, heç indi də pis deyil. Amma, neynirsən, allah adamın ağlını alanda alır. Təsəvvür elə, o boyda gözəlliyin yiyəsi, gecə harda içir, orda da yıxılıb yatır. Öz evinə qonaq gəlir bu adam... Su sənəyi suda sınar, düz sözdü... Eşitməmiş olmazsan... – hiss olunurdu ki, ürəkaçan bir şey olmadığından sözləri seçə-seçə deyir Petroviç, söhbətin əsas yerlərini susur, – Allah heç kimə göstərməsin... Ximiyada olanda qəsəbədən bir qızla gəzirdi atan. Gözəl-göyçək də qız idi başı batmış, hardan gəlib ilişmişdi buna, məəttəl qalmalı işdi. Xeyli vaxt bir yerdə yaşadılar da, əməlli-başlı, ər-arvad kimi: dib-dəhnədən. Axırda da məlum oldu ki... Allah, keç günahımdan, allah! Pox yeyən itinəm, Allah. Məlum oldu ki... öz qızıymış gəzdiyi. Olyadan olan – öz əkdiyi! Bunu biləndə başına hava gəldi yazığın. Öldürmək istəyirdi özünü, amma öldürmədi, dedi, ölüm azdı mənə. İki ay çölə-bayıra çıxmadı, qaranlıqda başını dizinə döyüb ağladı. Bir gün eşitdik ki, hər iki ayağını “frezer”in ağzına verib...

“Gərək gəlməyəydim bura! Gəlməyəydim! Mənim nə itim azmışdı axı bu xarabada! Üstündən neçə il keçib gör, mənə ata lazım idi?!”

– Bir çuvaş qızıyla da evlənibmiş, – handan-hana sükutu yenə özü pozdu Petroviç, – bir uşağı da varmış onnan, bir-iki il bir yerdə yaşayıblar, sonra nəsə sözləri düz gəlməyib, boşanıblar. Bir ara dedi ki, çıxanda gedəcəm ora. Sonra dedi yox, Kalmıkiyada oğlum var, Elistada, ora gedəcəm. Nə bilim e, nə bilim, dınqıtmadığı kol dibi qalmışdı ki. Özünü də bədbəxt elədi, töküb-törətdiklərini də. Deyirdi o qadının ahı tutdu məni, – ananı deyirdi. Deyirdi ona layiq ola bilmədim. İt kimi peşman idi. Sənin detdoma qoyulmağından da xəbəri vardı. Deyirdi, hansı üzlə gedim onu tapım. Ayaqlarım qırılaydı oları qoyub getdiyim yerdə, deyirdi. Dedikcə də dizin döyüb ağlayırdı... Qapıda səni görəndə elə bildim odu, – sifətində yenə işıq peyda oldu Petroviçin, bu dəfə davamlı! – İnsan insana nə qədər oxşayarmış, İlahi, şükür məsləhətinə. O da sənin kimi boylu-buxunlu, yaraşıqlı idi. – Nə fikirləşdisə qalxıb otağın küncündə qalaqlanmış şeylərin arasında xeyli qurdalandı, eşib-eşələyib bir şəkil tapıb gətirdi.

– Al, onun şəklidi. – dedi. – Cavanlıq şəkli...

Ömrü boyu atasını ancaq yuxularında görüb, xəyalında canlandırıb. Tamam başqaymış atası, işə bax, heç belə təsəvvür eləməyib onu. Amma görən kimi tanıdı. Dodaqlarından tanıdı, qəribəydi, nə qaşından, nə gözündən, – dodaqlarından. Bildi ki, ona doğma adamdı.

Şəkil çoxdanın şəkliydi, daha doğrusu çırılıb iki bölünmüş fotonun bir hissəsiydi, – atası olan tərəf. Anası o biri hissədə qalıb yəqin, çox heyf! Yoxsa anasını da görə bilərdi! Qucaqlarında kimsə balaca bir uşaq da var, deyəsən, – güman ki özünün uşaqlığıdı, – “əmlak bölgüsündə” atasının payına yalnız bircə qolu düşüb. Şəkildə otuz-otuz beş yaşı ancaq olardı atasının. Ağ yerli qara noxud-noxud köynəkdəydi. Gur, qara-qıvrım saçları, şux, şəvə bığları gülərüz sifətini bir az da işıqlı göstərirdi; xoşbəxtlik damırdı sifətindən.

“Hələ burda ayrılmayıblar yəqin. Yoxsa bu qədər xoşbəxt görünməzdi o”, – atasının məlhəm baxışlarını tapdı şəkildə. Başa düşdü ki, onun axtardığı adam bax, bu şəkildəkidi. Mehriban, doğma... Sonra nə olub, necə olub ona dəxli yoxdu.

– Olar bu şəkil məndə qalsın?

– Əlbəttə, o şəkil elə səninkidi...

Petroviçin sonrakı sözləri qulağında deyildi. Nəsə qəribə şeylər danışırdı Petroviç: “Sənin bura qayıtmağın düzgün deyil, oğul, çıx get buralardan. Hələ heç kəs xeyir görməyib bu xarabadan. Özünü bədbəxt eləmə, yazıqsan, cavansan, – eynən kənddəki qarının dediyini o da dedi. – Bacardıqca qaç uzaqlaş bu yerdən!..”

Çıxanda stolun üstünə bir xeyli pul qoyub çıxdı.

***

“Bacardıqca qaç uzaqlaş bu yerdən...”

Yaddaşının ən dərin qatlarında ilişib qalmış bu beş kəlmə söz bir də çətin nə vaxtsa boy verib üzə çıxacaqdı, əgər illər sonra, o məşum may gecəsi öncəsi “Apollon otel”də – hamamda qızlı-oğlanlı yeyib-içib, səhərə yaxın dallarının açarını itirib hərəsi bir tərəfdə haça-paça qaldıqları vaxt Savçenkonun gic-gic sayıqlamaları olmasaydı; sərxoşluqla ayıqlığın, məstliklə yuxusuzluğun dumanlı “ləngərində” hərəyə bir “yüz” də vurub köhnəlməkdə olan kefliliklərini təzələmişdilər və bu yerdə, heç ondan soruşan yox idi ki, ayın neçəsidi, nədi, istiyə düşmüş ayran aşı kimi öz-özünə söylənməyə başlamışdı Savçenko. Düzdü, tam ayırd eləmək olmurdu nədi onun danışdığı: nə vaxtsa baş vermiş real hadisədi, ata-babasından qalma köhnə-palan əfsanədi, qədimi dumanlı bir rəvayətdi, yoxsa matkasınacan lül-atəş birinin xəstə təxəyyül məhsuludu...

Mirzə Qaşqardı, yoxsa Mirzə Qabildi, nəsə, belə bir adda bir adam olub, deyirdi Savçenko. Deyəsən Mirzə Qaşqar olub, deyirdi, hə. Qabil o birinin adıymış – yoxa çıxanın... İndiki bu qəsəbənin də, Müqəddəs gölün sahilindəki o biri üç kəndin də, elə köhnə məbədin özünün də təməlini vaxtilə həmən o Mirzə Qaşqar qoyub. Çox ağır sanballı kişiymiş, ixtiyar çağlarında buralara necə gəlib çıxıb, bir Allah bilir. Əlində, nəfəsində olmazın şəfa, qüvvət varmış. Nəzərliləri bəd nəzərdən, ruhluları cığal ruhdan azad edərmiş. Əlinin bircə yüngül hərəkətilə qaraqızdırmanı birdəfəlik yox edirmiş. İndiki bu daş sütunların yerində palçıqdan balaca bir xosması varmış. Eşidib-bilənlər, yaxından-uzaqdan sorağını alıb ziyarətinə gələnlər – Mirzə Qaşqar ocağına pənah gətirənlərin sayı-hesabı yox imiş, əhdlilərin, umudluların əlindən iynə atsan yerə düşməzmiş – dişləri-dırnaqları ilə, kərpic-kərpic, daş-daş, dartıb daşıyıb ona elə bir topdağıtmaz xaniman yüksəldiblər ki, səsi-sorağı ta Qafqazlaracan gedib çıxıb. O müqəddəs ocağın istisinə, işığına yığılanların arasında neçə-neçə ziyalılar, alimlər olub ki, bu ziyalılar, alimlərlə yanaşı fürsətgir, əllaməçi “müqəddəslər” də olub. Oturub səbrlə öz “saatlarını” gözləyirmişlər. Elə ki, Mirzə Qaşqar ölüb başını torpağa qoyur, Qalanın bütün hakimiyyəti keçir onun qızına, bütün dərd-bəlalar da ondan sonra başlayır. Eyş-işrət, keyf-damaq aşiqi olan qız elə bir pozğunluğa, hərc-mərcliyə rəvac verir ki, sözlə deyiləsi deyil. Qudurqanlıq, harınlıq baş alıb gedir. “Lut peyğəmbərin qövmü buların yanında toya getməli olub. Sadom və Homorra əhli belə qələtlər eləməyib” – belə dedi Savçenko, hə. Tatar deməli, yaman çoxbilmiş svoloç imiş bu Savçenko. Əbəs yerə ona Filosof demirdi ki; özü boyda da yerin altındaymış. “Apollon”dakı Qocanın adını zarafatca Orakul qoymuşdu. “Onsuz da bu kişinin adını dəqiq bilən yoxdu, – deyirdi, – nə adını, nə yaşını. Qəsəbənin ən yaşlı adamından soruş, gözümü açandan bu adamı indi necə var elə görmüşəm, deyər. Kimdi, nəçidi, hardan gəlib, nə vaxt gəlib, yekə bir müəmmadı”. – Nəinki “Mirzə Qaşqar ocağı”na üz tutanlar arasında, hətta ətraf beş kəndin camaatı arasında da gizli əxlaqsızlıq toxumu səpilir, yazıq kasıb-kusubun, yetim-yesirin var-dövlətini talayıb əllərindən almaqları bir yana, cavan qız-gəlinlərini azdırıb yoldan çıxarır, kəbinsiz əlaqələrə çəkir, lüt soyundurub səhərəcən əllərində qaval oynada-oynada başlarına min cür iyrənc oyunlar açırmışlar. “Kimin diki kimin çökəyinəymiş, bilinmirmiş!” Bir belə, iki belə, iş gəlib axırda o yerə çatıb ki, – göz yaşı kimi dum-duru araqdan dümürdükcə dəhşətli bir sirrin üstünü açacaq kimi görünürdü Savçenko; şüşə kimi parlaq gözləri irilənib hədəqəsindən çıxmışdı, bum-buz baxışları adamı ortasından dəlib keçirdi. – Hə, iş o yerə çatıb ki, həmin o yalançı müqəddəslərdən biri bilərəkdən, ya bilməyərəkdən, elə bir günah işlədib ki, onu nə torpaq götürüb, nə yağış, nə külək, nə yer, nə də göy! Məlun öz məhrəmiylə əlaqəyə girib, hə! Nikahı haram olanın yatağını murdarlayıb! Hər şey də elə ordan başlayıb. Gözəl may günlərinin birində həmin o zavallının oğluyla qızı göldə qayıq gəzintisinə çıxıbmış (doğma bacı-qardaş olduqlarını biliblər, ya bilməyiblər, burasını aydın demədi Savçenko. Görünür belə xırdalıqları o, özü də yerli-yataqlı bilmirdi). İlıq, canayatan bir yaz havasıymış. Baharın qan qaynadan, ruh oynadan vaxtı. Bunların də cavan-beyniqan vaxtları olub başıbatmışların, ağızları qızışıb söhbətə, bir də baxıblar ki, qayıqları üzüb, üzüb e, gölün tən ortasında dayanıb – kimsəsiz, yiyəsiz bir yerdə. Gölün üzündə yüngülcə duman sürünürmüş və yer üzündə bunlardan başqa adam yoxumuş guya ta. Gün vurub, şeytan aldadıb, özlərini tamam unudublar. Bu vaxt elə bir şəhvani hiss, maraq baş qaldırıb ki hər ikisində, qarşısında duruş gətirə biməyiblər! “Eləmə, eləmə, eləmə!..” – çapalayıb zarısa da qız, çox inad da göstərməyib. “Eləmə, eləmə, eləmə...” – bir də baxıblar ki, dəhşətli bir günah içindədilər, iş işdən keçib! Bircə anın içində yer, göy tutulub, hava qaralıb, aləm bir-birinə dəyib! Elə bir dəhşətli fırtına qopub ki göl üzündə, qayıqları çilik-çilik olub, bircə parçası ələ gəlməyib! Hər ikisini sularında qərq eləyib göl, – guya bu hadisədən sonra gölün adı Müqəddəs-göl qalıb – camaat neçə gün gecabəgündüz əlləşib gölü, gölün dörd bir tərəfini ələk-vələk eləyib axtarsalar da, nə batmış qayığın bircə taxtasına, nə də o binəvaların bircə nişanəsinə rast gəliblər. Su insan cəsədini saxlamaz, eləmi, şişirib üzə çıxarar, çıxmayıb gənclərin meyiti, – nə oğlanın, nə qızın – bir parça əppək olub çəkilib göylərə... Neçə gün göl qırağı meşəlikdə o baş-bu baş qaçıb lənətlənmiş ata, gecələr səhərəcən əlləri göydə diz çöküb allaha yalvarıb, xeyri olmayıb. Allah da üz döndəribmiş sanki bu yerdən! Öz azğın bəndələrindən! Nə bir ölüsündən, nə də bir dirisindən xəbər gəlib uşaqların. Onsuz da qalalıların əlindən təngə gəlibmiş camaat, bu hadisə yanar odun üstünə dübarə yağ töküb. Hiddətdən zəncir gəmirən ətraf beş kəndin cavanları adlarına gələn bu ləkədən, töhmətdan xilas olmaq üçün o murdar kişini tutub diri-diri yandırmaq istəyiblər. “Etməyin, eləməyin! Onsuz da allah vurub onu, siz də vurmayın! Evlərinizdən qovun, salamını almayın, yaxınınıza buraxmayın, amma öldürməyin, amandır! Biz də günaha batarıq, yazığıq!..” – yalvarıb-yaxarıb birtəhər sakitləşdirə bilib cavanları kənd ağsaqqalları. Başıpozuq kütlənin qabağını müvəqqəti də olsa ala biliblər. Daşlayıb iti qovan kimi qovub kənddən çıxardıblar onu. Lakin əlləri yenə dinc durmayıb cavanların, fürsət düşən kimi daldada tutub şalvarını soyundurub başına olmazın iyrəncliklər açıblar... Bir həftə sonra göl qırağı meşəlikdə sürüsünü hərləyən çoban həmin zavallının ölmüşünü tapıb, – nəm torpağın üstündə üzquylu düşüb qalıbmış. Ən pis iş isə o olub ki, Mirzə Qaşqarın dəfn olunduğu məbəd həyətində dəfn eləmək istəyib Qala əhli həmən kişini. Özü də bu işin arxasında kim olsa yaxşıdı? Mirzə Qaşqarın öz doğmaca qızı! Camaat bir tərəfə olub, o qancıq bir tərəfə, – nə illah eləyiblər, dinə-imana gəlməyib. Nə ağsaqqal qanıb, nə qarasaqqal. Onsuz da əllərindən zəncir gəmirirmiş camaat qalalıların. Bu məsələdən sonra səbrləri tamam tükənib, əsib-coşub hərəkətə gəliblər, qısa müddət ərzində elə bir insan seli əmələ gətiriblər ki, dağ-daş lərzə gəlib, qarşılarında bənd-bərə qalmayıb! Öz əllərilə daşıyıb tikdikləri topdağıtmaz qalanı – şeytan yuvasını bircə günün içində yıxıb yerlə bir ediblər! Mətələrindən pərən düşmüş “müqəddəs”lər elə bir daş-qalağa tuş gəliblər, görən deyərmiş bəs, iraq-iraq, göydən daş yağır!.. O hadisədən sonra bir gün sübh tezdən oyanıb tər-təmiz havada gərnəşən kənd camaatı məbəd həyətinin üstündə bir topa qara bulud görüb. Əsnəkləri ağızlarında, qolları havada qalıb; dum-duru göy üzündə bir topa qara bulud hardan gəlib qərarlaşa bilərdi?! Özü də, qara var, qara var, bu lap qazan qarası imiş. Bunu görən kənd ağsaqqallarından biri o saat barmağını dişləyib: “O qibləsizin ruhudu məbədin üstündəki! Balalarının öldü-qaldısınından bir xəbər bilməmiş buranı tərk edən deyil”. “Neçə ki o qara bulud burdadı, bizə gün-dirrik yoxdu, – bunu da başqa ağsaqqal deyib. – Gərək əl vurmayaydınız o zəlil olmuşa. Öldürməyəydiniz. Onsuz da allah vurmuşdu onu. Onun günahı təkcə özünün idisə, ona əl bulayıb hamımızın elədiz”. “Onnansa gedib o qarnı yırtılmış qancığı tapıb öldürəydiniz, – nəhayət, bir kor qoca varmış, o dilə gəlir, – əgər o sağ qalıb bircə qarın doğsa, vəssalam, bədlikdən çıxa bilməyəcəyik. Bu murdarlığı yeddi nəsil yuyub təmizləyə bilməyəcək. Ta ki bu mənfur qövmün sonuncu erkəyi tapılıb eyni günah üstündə ölməyincə!..” İndi həmin vaxtdan neçə yüz il keçib gör, hələ də bu lənətdən xilas ola bilmir sadomorlular. Hər gün, günün eyni vaxtı, eyni yerdə peyda olur o müdhiş bulud. Sübhdə məbədin üstündə zühur edir, vaxtı çatanda öz-özünə qeybə çəkilir. Heç bir tufan, heç bir külək o buludun yanından yel olub ötə bilmir. Bircə qarış belə onu yerindən tərpədə bilmir... O vaxtdan bu qəsəbənin günü göy əskiyə bükülüdü. İllərdi hər kəs bu lənətə gəlmiş nəslin sonuncu kişisini gözləyir; gözləyir ki, nə vaxtsa peyda olub öz müdhiş günahını işlədəcək...

***

Qaranlıq gecədə taksi şoferi maşını qəbirəstanlıq yolu sürməkdən boyun qaçırdı. Öldür, başımı vur, dedi, getmərəm. Fevralın on səkkiz dərəcə şaxtasında qəsəbədən xeyli aralıda onu düşürüb, özü geri qayıtdı: “Başına at təpib, nədi, gecənin bu vaxtı, meşədə...” Amma bir tərəfdən elə yaxşı elədi qayıtdı; axşamüstündən başlayıb aramsız səpən qar yolu-rizi elə örtmüşdü, qalın yorğan kimi, maşın onsuz da o diki qalxa bilməyəcəkdi. Yolun yarısındaca dirənib qalacaqdı. Savçenkoyla içdiyi arağın təsiri getsə də, başağrısı qalmışdı. Dizəcən qar içində, – yaxşı ki əyni qalın idi, ayağında isti uzunboğazı vardı, – dişini-dişinə sıxıb qəbirəstanlığın yanını birtəhər keçdi, keçən kimi də kürəyini irəli qısıb addımlarını yeyinlətdi, yeyinlətdi və bir götürülmək götürüldü ki! Zülmət meşənin dərinliklərindən hansı dünyaya aid olduğu bilinməyən qarmaqarışıq, tükürpədici səslər gəlirdi, o səsi tutub qaçırdı! Hisslərinə hiss qatıb, – islanmışın yağışdan nə qorxusu! – qorxu üstündən qorxu geyib qaçırdı. Arabir dayanıb nəfəs dərir, güc yığıb təzədən qaçırdı. Yaxşı ki, hərdənbir lap uzaqdan, qəsəbə tərəfdən boğuq it səsləri eşidilirdi, – ya bekarçılıqdan, ya axmaqlıqdan hürüşürdü itlər.

Və yaxşı ki, o səslər bu dünyadan idi...

Gözünü gecə qaranlığına dikib pəncərə önündə dayanmışdı Qoca. Üzü Müqəddəs-gölə, – etinasız, laqeyd. Heç denən adam olan kəs bircə dəfə dönüb ona sarı baxdımı, yox. Dodağını tərpədib bircə kəlmə danışdımı, əsla! Həmin an bir şeyə də mat qaldı (necə olub bu işə əvvəllər əhəmiyyət verməyib), həmişə eyni paltarda görüb Qocanı. Yay-qış eyni dəri gödəkçədə! Öz təbii dəri rəngini çoxdan itirmiş, il-ildən yığılıb girməkdənsə, genəlib, sallanıb dizlərinəcən düşmüş dəri gödəkçədə. “Yəqin özü qocalıb balacalaşıb, ona görə əyninə gen gəlir gödəkçəsi...”. “Görəsən yatanda da bu dəri bürüncəyində yatırmı o?” – allah şeytana lənət eləsin, durduğu yerdə bir yersiz gülmək gəldi ki ona. Fikirləşəndə ki, Qocanı heç yatılı gördüyü də yadına gəlmir, gülmək həvəsi getdi öz işinə. Arxadan Qocanın armud saplağı kimi nazik boynuna, yaxşı qan işləmədiyindən ağarıb ağ kağıza dönmüş sallaq qulaqlarına baxanda arından az qaldı ağlasın; onun bu bivec qocadan nə asılacağı olmalıydı ki?! Niyə olmalıydı?! Doğrudan da onun başına at təpib, düz deyir taksi şoferi. Axı bu cüllütboğaz kaftarın özü nədi ki, onun da verdiyi məsləhət də nə ola!

Bir tərəfdən onu sağ-salamat tapdığına sevinsə də, qəribəydi, Qocanın bu laübalı halı büsbütün özündən eləmişdi onu. İlk dəfə “Apollon”a gəldiyi gün dəhşətli bir şübhə düşmüşdü içinə, şölələnib indi bütün vücudunu, varlığını sardı: “Bəlkə heç canlı insan deyil o, ruhdu?! Ya bəlkə, ruhu bədənindən çıxmış avaragor bədəndi!..”

“Nahaq qayıtdın bura” – dərin quyu dibindən gəlirmiş kimi boğuq, ləpəlı gəlirdi Qocanın səsi, – “Müqəddəs göl deyil bu göl, Uruflu göldü! Ruhlu göldü! Öz ayıblarını ört-basdır eləmək üçün qəstən gizlədirlər bu adı. Lənətlənmiş göldü bu göl, suyu murdardı. Sənə də sıçrayıb bu sudan. Sən də məhkumsan! Gərək gəlməyəydin bura. Amma gəlməyə bilməzdin. Səni bura gətirən səbəb var. Bu əzablı oyunda sən də bir bəndsən! Çevrə qapanmalıdır və o çevrəni sən qapamalısan. Çıxış qapısının açarları səndədi! Qaca bilməzsən bu aqibətindən!..”

Ürəyinin dəhşətli tappıltısına gözlərini yuxudan açdı. Odu öləzimiş divar sobasının qırağında oturduğu yerdəcə huşa gedibmiş. Qoca isə... Gecədən pəncərə önündə necə dayanmışdısa, eləcə də qalmışdı. Heç tərpənməmişdi də. Nə bir söz dedi ona, nə sağollaşdı, barmaqlarının ucunda sakitcə yeriyib otaqdan çıxdı.

Obaşdanın ayazlı-bəyazlı havası su kimi çırpıldı sifətinə...

II

“Şeytan, sən məni haralara gətirib çıxardın?!

Köməyin bədbəxtliyimə səbəb oldu”

Sofokl

Broyler fabrikinin qarşısında yük gözləyən maşınların sırasında öz firmasının “Kamaz”ını görəndə xeyli təəccübləndi. Axı bu maşını bura kim ezam edə bilərdi?! Özü göndərməmişdi, – bunun söhbəti ola bilməzdi, – bəs kim göndərmişdi?! Broyler fabriki onun budəfəki planlarına ümumiyyətlə aid deyildi. Müqavilə sözünü gecə sərxoş Savçenkodan aralanmaq üçün sözgəlişi işlətmişdi. Qocaylaydı əsas işi, o da, gözünə döndüyüm, heç büzülmüşünə də almadı onu. Fikri səhər Savçenkoyla görüşüb Tatarın qəbrini ziyarət etmək, birinci düşən qatara minib sakitcə şimala qayıtmaq idi. Savçenkonun pul cavabı onsuz da hələ çox gözlədəcəkdi özünü, vaxt udmaq üçün isə qatardan yaxşısı ola bilməzdi; ucsuz-bucaqsız tayqalıqla üç sutka sərasər yol yortur şimal qatarı.

Amma... maşın burdaydı və uzaq yol gəldiyi üstündəki his-pasından da bilinirdi; qır gölünə düşmüş ördək balasına oxşayırdı maşın, sıradakı “modeldaşlarıyla” müqaisədə xeyli yığcam görünürdü.

Aralıdan kabinada heç kəs gözə dəymədi. Sürücü kim idisə, uzun, yorucu yoldan sonra yorğun-arğın yıxılıb yatmışdı. Kim idi görən?! Firmasında ona yaxın sürücü vardı, hansıydı? Yaxınlaşıb oyatmağa da qıymadı. Fabrikin iş vaxtını gözləyib birbaş Alabaşoviçin otağına qalxdı. Yox, əstəfürullah, Əlibəşiroviçin kabinetinə qalxdı. Zarafat deyil, kişi indi fabrik direktoruydu. Zoya Qalimovnanın yerinə yenicə təyin olunmuşdu. Əmin idi ki, “köhnə dostu” onu əliboş qaytarmaz. Hətta o qədər əmin idi ki, əvvəlcədən maşın da göndərtmişdi. (Hərçənd bu maşın məsələsi ona yenə qaranlıq qaldı...)

– Köhnə borc tam ödənməmiş mümkün deyil! Tatardan da kalan borcunuz yığılıb qalıb, bilirsən. Səninlə ortaq olduğunu burda hamı bilir. Yaxşısı budur buralarda bir müddət görükmə. Özünü də zibilə salarsan, məni də. Təzəyəm, özün bilirsən, o qədər gözü götürməyənlər var ki. Elə bircə bəhanə gəzirlər dalımnan dəysinlər, klyanus. Keçi qiymətinə satarlar bular adamı, tanımırsan. Tatarın da... nə deyim, hardan gəldi ilişdi bu qoca fahişəyə. Tanımırdı guya onu? Cavanlığında atasıyla “çaşka-loşka” olub onun axırına çıxdı, sonra da, bəs eləmədi, keçdi oğlunu bədbəxt elədi... Bə nə, bilmirdin? Sənin heç dünyadan xəbərin yoxmuş ki. Sadomordu e bura! – dəhlizin başınacan bir sürü şeylər danışdı Alabaşoviç, ayrılanda isə, Alabaşoviç ki Alabaşoviç, əlini uzun müddət tutdu, buraxmadı. – Axşama bizdəsən ha. İş iş yerində, özün bilirsən sənin xətrini necə çox istəyirəm. Arvad bir şey hazırlayar evdə, xudmani, oturub vurarıq iki qardaş...

Bayırda şaxtada ayaqüstə xeyli qaldı.

Əlinə keçəni üstünə atıb yatmışdı sürücü. Elə bərk bürünmüşdü, başı da görünmürdü. Mühərrik işləmədiyindən içəri soyuyub buza dönmüşdü. Qapı açılan kimi yerindən dik atıldı. Bulat idi – kazax Bulat!

– Axır ki, şef, allaha çox şükür. Qorxdum ki yaddan çıxarmısız məni, – elə bilirdi yükün sənədlərini alıb maşını fabrikin ərazisinə salacaq. Olmadı. – Termosda yaxşı çayım var, şef, süzüm?

– Süz içək, – o dedi. – Maşını da xodda, qoy içəri qızsın, soyuqdu. Onsuz da tələsəsi yerimiz yoxdu. Müqavilənin vaxtı bitib, nağd pula da uzağı dörd-beş ton toyuq almaq olar, o da ki... O da ki, bu yekəlikdə maşının heç yanacaqpulu eləmir.

Araya ağır sükut çökdü. Elə ağır ki, iki sutkalıq sərasər maşın sürməyin ağırlığı bunun yanında toyagetməli oldu. Qəribə bir hiss sarmışdı Bulatı; sanki düşdükləri bu çətin vəziyyətdən çıxış yolunu o tapmalıydı.

– Gəl sürək Atbasara, şef, – hannan-hana dilləndi Bulat və ağlına gələn bu qəfil ideyadan çiçəyi çırtladı. – Bu pula bilirsiz nə qədər ət almaq olar orda?

– Əvvəlcə bir oteldən-zaddan tapaq, uzaq yol gəlmisən, yuyun rahatlan, yat dincəl, sonra o işə baxarıq...

– Nə yatmaq, nə dincəlmək?! Mən yatıb yuxumu almışam. Siz istəsəz yolda yatarsız, şef. O boyda yol sürmüşəm atdana-atdana, boş qayıtmayacağam ki.

“Sənə də sıçrayıb bu sudan. Sən də məhkumsan...” – gecəki qarışıq yuxu (yuxuydumu?!) onsuz da rahat buraxmırdı onu. Qocanın laqeyd-laübalı hərəkəti – hərəkətsizliyi – yaman yer eləmişdi ona. Bu qədər inadcıl, daşqəlbli olardımı insan? İlin-günün bu vaxtı, qarda-sazaqda o boyda yol yortmuşdu, nəfəsi kəsilə-kəsilə, ağzını yorub bircə kəlmə dinmədi. Heç dinməyi bir yana, başını qaldırıb sifətinə belə baxmadı. Yox, yaxşısı budu, nə qədər gec deyil, rədd olub getsin bu xarabadan, – özündən, ətrafından, tanış-bilişindən, hər yerdən! Nə qədər uzaq olsa, bir o qədər yaxşıdı.

– Karantin var axı, başa düş, – yalvarıcı rica ilə Bulatın çopur, amma yumşaq sifətinə baxdı. – Kazaxstandan ət gətirmək qadağandı, sərhəddə veterinar postu var.

– Karantin var, lap yaxşı. Heç kim ət çıxara bilmir, qalıb əllərində, su qiymətinə. Siz darıxmayın, şef, hər şey yaxşı olacaq, baxarsız. Təki bircə hə deyin, vəssalam, qalanı mənlikdi. Qohumlarım var orda, əmim, dayım var, nə köməlik lazımdı, edəcəklər. Qayıdanda da elə yolla qayıdarıq ki, heç sərhəd də görmərik. O yolların hamısına bələdəm, beş barmağım kimi... Beşparmaq da yeyərik, şef, bibim bizə bir beşparmaq bişirsin ki, beş barmağının beşini də yala.

– Sür e, sür! – nəhayət kürəyini boşluğa söykədi o. – Sür, nə olar, olar!

***

“Sür! Nə olar, olar!” – bütün sualların cavabı idi.

Heyif deyil Rus yolları! Sağ, sol sıx-sağlam şam meşələri, hər addımbaşı dayanacaqlar, motellər, yeməkxanalar… Adamın darıxmağa heç vaxtı da olmur. Yol boyu qar altında qalmış sadə, təmtəraqsız rus evləri adamı öz istisinə, mehrinə dəvət edir; şaxta sıxdıqca taxta evlərin bacalarından millənən ağappaq, gur tüstü mayak kimi aralıdan adama işarə verir; səhərin obaşdanında, axşamın toranında buz bağlamış pəncərələrdən axıb gələn sarımtraq işıq adamın ürəyini çəkib aparır; hansı qapını açıb içəri girsən, sanki mütləq öz uşaqlığına qayıdacaqsan – atalı, analı qayğısız çağlarına...

Göz işlədikcə uzanan nəhayətsiz səhradı kazax çölləri, – boz, yeknəsəq! Acı bağırsaq kimi uzandıqca uzanan düzünəqulu yollar! Yol, yol, yol... Nə qədər yol olar, a başına dönüm. Sən gedirsən, yol uzanır. Ürəyində bəlkə min dəfə çevirib söydü özünü: “Sənin nə itin azmışdı axı bu çöllü-biyabanda, düşmüsən kazax Bulatın g...tünə. Özü də nə, nə, – ət dalınca!”

Gecənin zülmət qaranlığında getdikcə ona elə gəldi ki, heçliyə, kimsəsizliyə aparır yol; qabağına qatıb apardığı bir topa işıqdan başqa heç nəyi yoxdu maşının. Uzaqdan adamı xatırladıb, yaxınlaşdıqca əyriş-müyrüş ağaclara çevrilən əcaib siluetlərdən, maşının sarımtıl işığında iri və iti addımlarla qəfil peyda olub, qəfil də geriyə, həyat olan tərəfə durmadan qaçan işıqsız işıq dirəklərindən başqa.

Amma bir şey də vardı: getdikcə üstündən ağır yük götürülürdü elə bil. Yorulurdusa da, yüngülləşirdi. Müqəddəs gölün... tfu, Uruflu gölün lənətlənmiş havası pis qoxu kimi üst-başından, yaxasından tədricən çəkilirdi. Bu haqda fikirləşdikcə qəlbi-eynəsi açıldı, ürəyində hətta alqış da elədi Bulata.

Elə bilirdi Kazaxstan isti olan yerdi. Hardan?! Bütün günü yiyəsiz çöllərə dədəlik edən külək axşama doğru şitənib-şiddətləndi, əsdi, coşdu, elə bir çovğuna çevrildi ki, yol boyu sağ-sol tirələnib-təpələnmiş qar ələntisini qaldırıb qar dənəciklərinə qatdı, göyə sovurdu, yerə çırpdı, qaytarıb təzədən yola səpdi...

Şüşəsilən çatdırmırdı.

– İndi buraların belə olmağına baxma, – boynuna almasa da yuxusuzluq “söndürüb” Bulatı, səsi kallaşıb, sözü ağzından əsnəkqarışıq çıxır. – Bu yerlərin torpağı gildi. Yazqabağı bu yolu hər asanlıqla keçmək olmur. Zığ-zımırtdaq dizə çıxır. Bir dəfəə... elə buralardı da deyəsən, həəəə... möhkəm yağışa düşmüşəəəm... Maşın şüşələrinə qədər palçığın içində, qıp-qırmızı... Sərhəddə ruslar saxlayıb deyir, bu nədi, Marsdan gəlirsən?..

“Ürək oxuyur bu adam!” – elə indicə fikrindən keçirirdi görən Marsda həyat olur, ya yox; belə yorucu yolda min cür sarsaq fikirlər dolur axı adamın başına.

Yuxu qarıxdırıb Bulatı. Kötüyünəcən yanmış siqareti sönüb barmaqlarına yapışıb, xəbəri yoxdu. Elə də tərs xasiyyəti var ki. Desən, ver qırağa, saxla maşını, bircə qırıq yat dincəl, gözünün acısı getsin, eləməz, pişik kimi arxasını yerə verməz. Yuxusunu qovmaq üçün min hoqqadan çıxır amma: gah başını maşının şüşəsindən çıxarıb soyuq havaya tutur, gah əlini üstdən aşağı sifətinə çəkib guya yuxusunu silib atmaq istəyir, gah maqnitofonu qurdalayır, gah o kaseti çıxarıb bu kaseti qoyur, səs alır, səs verir...

“Qaşınır, qurcanır, ödü süzmür, mədəsində xorası var, qaz yığılır...”

– İrəlidə bir yer olsa saxla düşək hava alaq, – nəhayət dözməyib dilə gəldi o.

– Yaxında zapravka olmalıdı, şef, saxlayaram, hava da alarıq, maşının bakını da doldurarıq.

Yadına düşdü ki, yolda yeməyə bir şey götürməyiblər, səhər Rus tərəfdə yediklərinin üstündədilər. Yolqırağı əla bir fəhlə yeməkxanası tapmışdılar. Hərəyə bir cam yaxşı borş, üstündən də əla balıq qızartması yedilər. Qəşəng bir çuvaş qızıyla da tanış oldu orda. Tanış oldu deyəndə, atüsü nə tanışlıq olacaqdı ki. Adını soruşdu, o da güldü, Sella, dedi. Sella! Ömründə o gözəlliyində qıza rast gəlməmişdi. Up-uzun qızılı saçları, dum-duru yaşıl gözləri vardı. Dümağ, sağlam dişləri aralıdan “gəl gəmir” deyirdi. “Yol qırağı kafelər belə gözəlçələrlə dolu olur.” – niyəsə Petroviçin sözləri yadına düşdü və ürəyində ötəri də olsa haqq qazandırdı atasına; beləsindən kim keçərdi ki.

– Qayıdanda ora bir də dönərik, şef, – yenə də ürək oxudu Bulat! – Amma sizə yaman baxırdı ha. Sellanı deyirəm, gözlərini çəkə bilmirdi sizdən. Çıxanda dalınızca baxıb bilirsiz nə dedi? Dedi, adamın belə əri ola.

“Adamın belə əri ola!” – özünün də yadındadı.

Sovetdənqalma iki köhnə kolonkadan ibarət idi yanacaqdoldurma məntəqəsi, – güman ki, biri benzin, o biri “salyarka” üçün idi. Belə sınıq-salxaq kolonkalara indi köhnə sovetin ən ucqar nöqtələrində rast gələrsən; sürücü şaxtalı havada qaçıb əvvəlcə pəncərədən yanacağın pulun ödəməli, sonra da simsinə-simsinə dayanıb yarım saat “pistoleti” bakın ağzına tutmalıdı. Bulat maşını “D/T” yazılan kolonkanın yanına verib qulaqlı papağını geydi, əlcəklərini də götürüb çiynilə birtəhər qapını aça bildi. Bu o tərəfə itələyirdi, külək bu tərəfə. O özü də zorla açdı qapını. Yüngül ehtiyacını da rahat ödəməyə imkan vermirdi külək, – “çatı”sından tutub dartırdılar elə bil, – itələyib addım-addım irəli aparırdı onu. İşini görən kimi əl-üzünə qar vurub titrədə-titrədə maşına cumdu.

Bulat maşını çəkib elə yerdə saxladı ki, məntəqənin güclə közərən işığı kabinaya düşsün. “Bular hamısı belədi. Görməmiş kimi araqdan o qədər gupalayırlar ki, yatanda durquzmaq da olmur. Bir deyən də yoxdu ki, zəhmət çək, get xarabanda zəhərlən də, əh...” – “zapravşik”in qarasınca xeyli danışdı Bulat. Deyəsən soyuqda onu çox gözlətmişdi. Amma kefi də yerində idi. Yarım saat əvvəlki əzgin, yuxusuz adamdan əsər-əlamət qalmamışdı. Gözləri dən yemiş çəpiş gözləri kimi dip-diriydi.

– Bilsəz məndə nə var, şef! – əlini iştahla əlinə sürtüb başını kabinanın yatacaq yerinə soxdu, eşələyib iki dolu torba çıxartdı. – Görək “komandir” yolumuza nə qoyub, – içindəkiləri bir-bir açıb təmiz dəsmala düzdü: hisə verilmiş kolbasa, soyutma kartof, balaca bankada turşu, çörək, duz... Və, oppaaa, – ən əsas məsələ! – təbii ki: bir şüşə rus arağı!

– Mənim vətənimə xoş gəlmisiz, şef! – araqdan əlüstü dəmir çaşkalara süzüb bəxtiyarcasına ona baxdı. – Sizin sağlığınıza!

İçdilər, içən kimi də luqqaluq ikincisini süzdü, – “Mejdu pervoy i vtoroy promejutok nebolşoy!” – Bulatın çopur sifətindən xoşbəxtlik damırdı. – “Bunu da içək yoldaşlığımızın sağlığına, şef! Kim bilərdi, sizinlə nə vaxtsa belə yol yoldaşı ola bilərəm. Öz də harda, harda, kamazda! Baxarsız, şef, hər şey əla olacaq”.

Dünyanın heç bir bahalı restoranında Bulatın süfrəsindəki ləzzəti tapa bilməzsən; acı “yüz”dən sonra soyuyub buza dönmüş kartof soyutmasını duzlayıb ağzına apardın ha, baldı, bal! Düzdü, qapalı yerdə qaldığından kartof bir az ağırlaşıb, acılığı var, səthi yapışqandı, amma yenə də. Və dünyanın heç bir dəbdəbəli otelində Bulatın maşınındakı rahatlığı, uyutu tapa bilməzsən: mühərrik işlərir, içəri istidi, yanacaq boldu, düzü-dünyanı dağıdan külək özünü ha didib-töksə də içəri yol tapa bilmir... Məntəqə həyətindəki yeganə işıq dirəyindən asılmış elektrik lampasını külək əsdirdikcə kabinada sinxron siluetlər oynaşırdı. Sanki hansısa gecə barındasan. Radio dalğasında sızıldayan qədimi kazax musiqisi də hardasa uzaqlarda əsən əbədi küləklərin səsiydi...

“Peçka”nın var gücüylə vurduğu havanın istisi, üstəgəl arağın özünün qırx dərəcəsi asta-asta xumarlandırırdı onu. Səmtsiz, çəpəki küləyin isti havayla bərabər qaytarıb içəriyə doldurduğı acı tüstü də bu xumarlığın qarşısını almaqda aciz idi... Gördü ki, dibsiz-nəhayətsiz bir göldü, sonu-qurtaracağı yoxdu. O da, tərs kimi gölün içindədi, batıb. Qışın oğlan çağı olsa da, suyun içi im-istiydi və qəribəydi, suda batsa da, boğulmurdu. Suyun içində gözləri açıq, rahatca nəfəs verib, nəfəs alırdı. Hardansa peyda olub gözlərini acışdıran zəhlətökən tüstü olmasaydı! Suyun içində get-gedə tıncıxdırmağa başladı onu tüstü, nəfəsini daraltdı. Başa düşdü ki, nəsə heç yaxşı tüstüyə oxşamır bu tüstü. Bəlkə də heç tüstü deyil, Uruflu-gölün içindəki buluddu! Bu qənaət qanını möhkəm qaraltdı. Hardan gəlib tapdı onu yenə bu xeyirsiz bulud! Ha əl-qol atıb çapalasa da, qollarını suda “şarrılldatsa” da yaxa qurtara bilmirdi o nəhs buluddan... Nəfəsi kəsilmiş halda yuxudan oyanıb maşının qapısını birtəhər aça bildi...

Buz kimi təmiz havanı hərisliklə sinəsinə çəkdi...

***

“Əsl kazaxın ağ dəvəsi olmalıdı!” – səhərin gözü açılmamış dar-sürüşkən yolda kaskadyorluq edən yerli “şumaxerləri” görəndə bu qənaətə gəldi. Əksəri ağ rəngdə olan köhnə dranduletlər maşının yanından yel kimi ötüb keçirdilər. Sən ha eləyib başını yana çevirincə bir də gördün eee, üfiqdə yox oldular. Bu cür ötüşlərin biri az qala pis qurtaracaqdı. Üzbəüz maşının arxasından qəfil çıxan maşınla bir göz qırpımında üz-üzə qaldılar. “Qorxudan xayası qarnına girmişdi az qala”. Yaxşı ki, Bulat cəld tərpəndi, maşını birtəhər yana qaçıra bildi.

– Kazaxskaya ruletka! – qiyyə çəkib qışqırdı.

“Bircə bunun belə şit hərəkətləri olmaya!” – ürəyində min yol qınasa da, dilinə bir söz gətirmədi; belə kimsəsiz yolda ona bir söz deməyin onsuz da mənası yox idi. Yeri gəlsə indi Bulat özü “şef” idi. Rahat, gediş-gəlişli beton yolu qoyub bir maşının güclə sığacağı qış yoluna – zimnikə burulanda isə deməyə sadəcə söz tapmadı. Matı-qutu qurumuşdu. Axı necə ola bilərdi ki, adam gül kimi getdiyi yolu qoyub ağır maşını belə yolsuzluğa salsın?!

– Bu yol kəsə yoldu, şef, darıxma, allah qoysa axşama evdəyik. – İlk dəfəydi “sən”ə keçdi.

Zimnik – adından da göründüyü kimi bu yol ancaq qışda mövcud ola bilir: möhkəm şaxtalar düşüb torpağı yaxşıca bərkidəndən sonra. Qışqabağı qreyderin kürüyüb açdığı kəsə-çölləmə yol üç ay sərasər işlək olduğundan təzə qar düşdükcə yük maşınları tədricən özləri özlərinə yol açır, – təkər özünə, rama özünə, – maşının altı yolun ortasını sürtüb-sivirib elə biçimə salır ki, təkərlər “rels”də gedir sanki, – nə sağa, nə sola. Belə yolda istəyirsən maşının sükanını lap burax sür. Onsuz da təkərlərin çıxmağa yeri yoxdu. Əlini qoy qulağının dibinə, fitillət getsin eee. Yaxşı ki, qarşıdan gələn maşını buraxmaq üçün hər bir kilomertdən bir “cib”lər var.

Axşamkı çovğundan sonra yola ələnən yüngül qarı asanlıqla yarıb keçirdi maşın. Bulat da, dünya-aləm vecinə deyildi, fit çalıb mahnı oxuyurdu. Arabir güzgüdə ona göz vurub sanki təşərlənirdi də: “gördün, şef, yaxşı ki, mənə qulaq asdın...”

Gecəki nəfəskəsən yuxunun halı-havası hələ canından çıxmamışdı, Bulatın bu “kəsə yol” məsələsi də başına dübarə daş saldı. Öz-özüylə bir dartışma, didişmə başladı ki içində: “Tatar da düz yolu qoyub kəsə getmişdi... Getmişdi getmişdi də, nə olsun ki getmişdi... O olsun ki, onu o yola çəkən çəkib, öz xoşuna getməyib... Onun bəxti-taleyi oracanmış... Səninki də buracandı, sən də relsə düşdün... Bu nə vasvasılıqdı, sən allah, axır vaxtlar lap axırın itib, hər xırda şeyi böyüdüb fil eləyirsən... Atan da ayaqlarını kəsib əlil arabasında getdi... Kaş elə vaxtında ölüb gedəydi, özünün də canını qurtarardı... İşin yoxdu onnan...”

Atasının yeğanə şəkli həmişə döş cibindədi, xəlvətə düşəndə çıxarıb baxır. Söhbətləşirlər. Dərdləşirlər. “Sən niyə belə etdin, ata?” – o deyir. Atası da, elə bil, söz bilmir yetimin balası, sakitcə dayanıb onun sifətinə baxır. Saatlarla... İstədi yenə şəkli çıxarıb gizlincə baxsın. Bulatın güzgüdəki tutqun sifətini görüb fikrindən yayındı və yalnız indi fikir verdi ki, maşının şüşələri çöl üzdən buz bağlayıb, şüşəsilən “ha rezinini cırsa da” bərkimiş qar ərintisini təmizləyə bilmir. Ayaqlarına soyuq hava vururdu. Qalın çəkmələrinin içində barmaqlarını şaxta kəsirdi.

– Otuz ildi maşın sürürəm, hələ belə zibilə rast gəlməmişəm. – Bulatın sifəti boğulmuşdu. – Elə bil it əsnəyib yolumuzun üstündə, Allah haqqı. Mator işləyə-işləyə suyun temperaturu niyə düşməlidi ki?

İstədi deyə, saxla maşını, düş motorun yağına, suyuna bax, gör niyə soyuq vurur içəri, demədi. Onsuz da tərsin-höcətin biriydi Bulat, sözə-məsləhətə baxan deyildi.

Özü də, yalan deyir otuz il maşın sürməyini, rul fırlatmaqdan başqa əlinnən bir iş gəlmir. Maşın harda qırılsa orda da qalacaqdılar.

– Yəqin hava şlankı çıxıb, – arada basıb-bağlamağı da var, – çətini trasa çıxıncadı, şef, ora çataq, rahat açıb düzəldəcəm, – dedi, ağlına nə verdisə bütün ağırlığını pedala saldı, maşına elə qaz verdi ki, motor az qaldı yerindən çıxa.

İrəlini yaxşı görmək üçün əlinin dalıyla maşının alın şüşəsini dayamnadan silirdi. Qar basmış yolu tank kimi basıb keçirdi maşın...

Elistalı oğraş onu elə dərin quyuya salmadı ki, bir də asanlıqla ordan çıxa bilə. Özünə oxşayanın da birini yanına salıb hardan gəldi ilişdi ona o xeyirsuz oğlu xeyirsiz. Gül kimi yaşadığı yerdə! Üzündə şeytan tükü vardı elə bil oğraşın, elə şirin satdı ki özünü. İllərin həsrətindən sonra doğma qardaşını tapmışdı elə bil. Götürüb evinə apardı onu, – tanımadığı, bilmədiyi yad, yoldan ötənin birini, – süfrə açdı ona, qabağına araq qoydu... O da gözünə döndüyüm... Amma nə bir elədiii!.. Söhbət heç təkcə pulda da deyil, o pulu ki o qazanıb, canı çaxar bir də qazanar. Dinini-imanını yandırdı imansız. Yetimxanadan sonra ürəyində insanlara qarşı təzəcə yuva salmış mehr-məhəbbəti dağıtdı.

“Şarraq-şaq-şaq-şaq...” – nəsə səs gəldi motorxanadan.

Maşın gedib, gedib yolun ortasındaca dayandı.

– Çatdıq! – əli-qolu tamam boşalmış, istehza dolu qəhər titrətdi Bulatın səsini. – Çezdi motor!

Məlum oldu ki, ortası dik yol tədricən sürtüb, sürtüb maşının altındakı xırda su kranını açıb, xəbərləri olmayuıb, radiatorun suyu şorhaşor axıb gedib. Bircə damcı su da qalmayıb radiatorda. Susuz sürüb maşını Bulat, nəfəsini kəsib...

“Otuz ildi maşın sürür kişinin oğlu. Zırt!”

Və yalnız indi, mühərrik sönüb cihazların səsi tam kəsiləndən sonra, köhnə uğultu qulaqlarından hələ tam çəkilməmiş, bayaqdan öz varlığını hiss etdirməyən küləyin sirayətedici, ilan zəhmi kimi buz nəfəsi doldu içəri. Kabinanın hər dərmə-deşiyi dilə gəldi.

O ağırlığında maşın nənni kimi yırğalanırdı.

Qəribə nəfəskəsən ulartısı vardı küləyin, – sanardın gecənin bir vədəsi ağız-ağıza verib ulaşan ac çaqqalların səsidi. Uşaqlıqdan yaxşı tanıdığı küləkdi bu; ucsuz-bucaqsız taxıl zəmilərini ipək nəfəsilə darayan, gah bir üzü üstə, gah o biri üzü üstə çevirib sığallyan mehriban külək; vaxtlı-vaxtsız əsib axşamacan çöldə-bayırda veyllənən qayğısız külək; soyuq qış gecələrində səhərəcən qapı-pəncərəni döyüb içəri dürtülmək üçün min oyundan çıxan sırtıq külək... İndi də qar tozunu götürüb yerlə – aşağıdan – harasa aparırdı yelbeyin külək; onsuz da sabah daşıdığını qaytarıb öz yerinə qoyacaqdı! “Hə, nə nolsun ki qoyacaqdı, – öz-özüylə danışmağı da təzə öyrənib, – heç dəxli var sən allah. Heç bəlkə gətirmədi! Qoymadı! Sən get öz dərdinə qal. Bulatın dərdinə qal ki, nə günahı vardı o yetimin, gətirib öz lənətinə bulaşdırdın. Bir azdan sənin o “mehriban” dediyin külək dondurub elə hala salsın ki sizi, min günəş istisi yığışa gələ bircə qırıq həyat əlaməti qaytara bilməsin canınıza!”

Buludların arasından boylanıb baxan günəşin şəfəqləri biz kimi adamın gözünü deşsə də, hərarəti yox idi. Quruca qəvərəsi asılmışdı göydən. Hətta ürəyində günəşin belə karsızlığına güldü də, – bu, deyəsən artıq dəlilik əlaməti idi.

“Qocanın da quruca qaraltısıydı pəncərə önündə, – fikirləşdi. – Nəfəsi də gedib gəlmirdi. O boyda yol gəlmişdi şaxtada, qarda-boranda, ağzını açıb bircə kəlmə danışmadı. Dindirmədi onu. Elə Tatar əcəb eləyib adam yerinə qoymurdu onu. Bir şey bilməsə elə eləməzdi. Qırımından da bilinir ki, çox bicok kişidi o, yerin altını da bilir, üstünü də. Amma bircə kəlmə danışmadı. Danışmağı cəhənnəm, yuxusuna girib ürəyinə silinməz xallar saldı...

“Eləydisə bu bədbəxt Bulatın günahı nəydi?!” – fikirləşdi.

– Üzülmə, şef, matordu da, dağılıb, dağılıb, dünya dağılmayıb ki. Bir mator nə olan şeydi ki, onnan ötrü belə qaşqabaq sallamısan? Mənim günahımdan olub, özüm də yığdıracam...

Bulatın belə həyasız nikbinliyi onu tamam hövsələdən çıxarmışdı. İstədi bağırsın ki, nə motor, nə günah, mən nə haydayam, sən nə hayda! Niyə qoymursan ölək öldüyümüz yerdə. Gördü ki, yox, gerçəklədi Bulat, əməlli-başlı hərəkətə keçdi. İsti kombinezonunu geyib əvvəlcə kabinadan düşdü, maşının ora-burasına, böyür-başına keçdi, təpikləyib bircə-bircə təkərlərin havasını yoxladı (guya motorun dağılmağının təkərin havasıyla bir əlaqəsi var), sonra üst-başının qarını çırpıb – arın-arxayın e, heç elə bil şaxtada, qarda-çovğunda düzün ortasında qalan bular deyil – təzədən kabinaya qalxdı, yük yerindən bir yığın isti paltar çıxarıb ortalığa tökdü.

– Təp-təzədi, şef, qatı açılmayıb, – isti uniformanı onun qucağına tulladı, – neftdə işləyəndə vermişdilər, heç geyinməmişəm də. Atmışdım evə, belə yerdə adamın gərəyi olur. – Bir cüt təzə valenkanı da ayaqları altına atdı, – çıxart o çəkmələri, buları gey.

Özü isə qalın kombinezonun üstündən, maral dərisindən untaları vardı, onu çəkdi ayaqlarına, dizəcən, isti şərflə boyun-boğazını möhkəm sarıdı, buşlatını, papağını, əlcəklərini geyib hazır oldu.

– Yaxınlıqda kənd olmalıdı, – dedi, – mən gedim görüm traktordan zaddan nə tapıram. İkimiz də getməyək, sənin ayağınla uzağa gedə bilmərik. Özüm bir şey tapıb gətirəcəm, narahat olma. Amma bax ha, bir yerdə çox oturma, hərəkət elə. Hərəkət, hərəkət, hərəkət! Özün bilirsən, şaxta zarafat sevmir. Bilməzsən, yuxu aparar, sonra gəl Vera Vasilyevnaya cavab ver.

Vera Vasilyevna guya anasıydı. O yaşayan şəhərdə onun “detdom uşağı” olmağını heç kəs bilmir. Hamı onu arxalı, dayaqlı – “daydayılı” adam kimi tanıyır. Çoxları onun taleyinə hətta həsəd də aparır; elə bilirlər varlı-hallı ailədəndi. Bacısının əri guya böyük bir şirkətinin rəhbəridi; yoxsa təkbaşına o boyda sığorta şirkətini necə aça bilərdi o. Həftədə bir maşın toyuq gəlirdi ona, hardan gəlirdi.

– Arxada yük yerində zapas təkərlər var, – çıxaçıxda Bulat bir də tapşırdı, – görsən ki donursan, çıxart yandır. Bir-iki saata özüm də qayıdıram.

Neçə ildi şimaldadı, onun iki ilini də neftdə işləyib, yaxşı bilir şaxta nə olan şeydi, şaxtada qırılıb yolda qalmaq nədi. Nə qədər tanıdığı adamı gözünün qabağında şaxta vurub şil-küt eləyib, – burnunu itirən kim, qulaqlarını, ayaqlarını itirən kim... Çoxu da bilməməzliyin, qanmazlığın üzündən. Yetər ki bir balaca xam düşdün, naşılıq elədin, şaxtada bircə qırıq huşa getdin ha, vəssalam! Əlvida mənim 42 ölçülü sevimli ayaqlarım! Bu, hələ bəxtin gətirsədi. Vay o gündən ki, yazbaşı torpaqla bərabər üzə çıxan bəxtsizlərdən olasan, – şimal torpaqları yeddi aylıq qar əsarətindən mayın ortaları ancaq ki azad olur, öz təbii bataqlıq rəngini ancaq ki özünə qaytarır...

Sərt şimalın öz yazılmamış qanunları var. Yazılmışları da var. Məsələn, şimalda sürücü işə götürüləndə başqa peşə öhdəlikləri ilə yanaşı mütləq belə bir bəndə da qol çəkməlidi: “Kəskin şaxtalı havada çöldə-bayırda, meşədə... köməksiz adam gördükdə kimliyindən, nəçiliyindən asılı olmayaraq mütləq saxlayıb maşına mindirməlisən. Əgər maşın qırılıb özün yolda qalmısansa, maşının ehtiyyat hissələrindən tutmuş ta ki yana biləcək nəyi var, yandırıb özünü (və sərnişinləri) donvurmadan xilas etməlisən...”

Təkərləri hellədib konteynerdən yerə atdı, barmaqları kəsilə-kəsilə bakdan yanacaq çəkib çıxardı. Əlləri donub kötüyə dönmüşdü, kibrit də tutmurdu, gah qoltuğunun arasına saldı, gah ağzına təpdi, kəhildədi, hovxurdu, axır ki birtəhər təkərə od sala bildi. Təkər alışan kimi rezinin gur qara tüstüsü yayılıb çölü-düzü ağzına götürdü. Külək vurub tüstünü dağıtdıqca gah yaşıla, gah qırmızıya, gah tünd göyə çalan alov dilləri oynaşmağa başladı, – təzə əyləncə tapmışdı özünə oyunbaz külək.

His-qurum vecinə deyildi, keçən il bu vaxt çox baha qiymətə aldığı boynu nadir xəzdən olan kürkü da eynində deyildi, başını az qala alovun içinə soxmuşdu. Fikirləşirdi görən Bulat gec gəlsə, yaxud heç gəlməsə, – təsəllisi oydu ki, əgər Qocanın “öncəgörlüyü” düz idisə və əgər doğrudan da onun kitabı bağlanmışdısa, heç olmasa Bulat qaçıb canını qurtara biləcəkdi, – neçə vaxta bəs edəcəkdi ona “təkər ehtiyatı”. İki bu, on dənəsi də maşının altındadı, o da hələ açıb çıxara bilsə, cəmisi on iki təkər. Bu on iki təkər onun ömrünü neçə gün, yaxud neçə saat uzadacaqdı?

Görsə ki Bulat gəlmədi, təkərlər də yandı qurtardı, məcbur idi maşına od vursun, başqa əlacı yoxdu. Əvvəlcə oturacaqları söküb yandırar, kabinada yanmalı nə var çıxarıb bir-bir atar yanar odun üstünə. Lap axırda, görsə ki ta yandırmağa bir şey qalmadı, salyarkadan töküb maşına od vurar, özünü də atar oda...

Fikirləşirdi görən yanıb ölmək yaxşıdı, yoxsa donub ölmək?

Belə qənaətə gəldi ki, indiki şəraitdə yanıb ölmək daha yaxşıdı.

İsti vurduqca namərd yuxu ustufca gəlib boynunun kökündə bardaş qurmuşdu. Göz qapaqları ağırlaşdıqca başı sinəsinə əyildi... Gördü ki, yenə dibsiz, nəhayətsiz bir sudu, suyun içində də böyük bir tonqal yanır. Tonqal da nə tonqal, – hündürlüyü bəlkə uca Qaraşam boyda! Qəribəsi oydu ki, suda ocağın yanmağında təəccüblü heç nə görmürdü, əksinə, dayanıb onun çırthaçırt yanmasına ləzzətlə tamaşa eləyirdi. Pis olan oydu ki, istisi, odu get-gedə azalmağa başlamışdı ocağın. Hiss elədi ki, əlləri, ayaqları get-gedə donmağa başlayır, şaxta barmaqlarını keyidir. Ocağın tüstüsü də, açıq havadakı kimi dağılıb səmada ərimirdi, yox, suyun içindəcə topalanıb heybətli bir buluda çevrilirdi... Başa düşdü ki, heç yaxşı buluda oxşamır bu bulud. Qorxdu ki, birdən Uruflu gölün içindəki bulud olar bu bulud, təşvişə düşdü. Nəfəsi daralmağa başladı. Əl-qol atıb bu darlıqdan qurtulmağa ha çalışsa da, gördü ki, yox, qolları sözünə baxmır, ayaqları ağırlaşıb hərəsi bir puddu. Ən dəhşətlisi isə oydu ki, onun suda səssiz fəryadını, çapasını görürdü Qoca, dinmirdi, – onun bir addımlığında dayanmışdı, əlini uzatsa onu asanlıqla dartıb çıxara bilərdi, – sakitcə dayanıb onun çarpıntısına tamaşa eləyirdi. Onun ahı-zarı Qocanın heç tüküni də ürpətmirdi. Amma yox... baxdı ki, Qocanın göz yaşları sel olub axır; Uruflu göl onun göz yaşlarını yuyub büruzə verdirməsə də, hönkür-hönkür ağlayırdı Qoca.

“Məni niyə qoyursan batam, baba?!” – məəttəl qaldı ki, Qocaya niyə “baba” deyir, – “Mənim səndən başqa kimim var axı, niyə məni qurtarmırsan bu daramannan?!”

Timsah gözləri kimi soyuq, ifadəsiz gözlərini ona dikib durmuşdu Qoca.

– Qalx ayağa, qalx, qalx... Dur, dur görüm, yobtı... Əməlli-başlı donmusan ki sən! Dur bir gəl otur burda, ay sağ ol, bax burdan otur. Ayaqlarını da rahat uzat, qorxma, bax beləəə. Qoy bu kürkü də atım üstünə, hə, indi rahat uzan...

Üz-gözünü tük basmış arıq, çəlimsiz bir kişiydi. Başında dovşan dərisindən yoluq papağı, əynində qalın sırıqlısı vardı, – belə yağ-mazutun içində pambıq sırıqlı adətən traktoristlərdə olur. – Əvvəl elə bildi Qocadı, onun hayına gəlib. Sonra gördü ki, yox, kimdisə tamam başqa adamdı, tanımır. Nəfəsindən boyat, turşamış spirt iyi vururdu. Filtirsiz siqareti islanıb dodaqlarında sönmüşdü. Hər kəlməsinin başı söyüş idi. At qoşulmuş xizəkli yük arabasında gəlmişdi. Quru küləşlə doldurulmuş araba köhnə-kürüş paltar-palazla, dəri-dürüylə döşənmişdı. Üstündəki tulup də elə qalın idi ki, yetmiş dərəcə şaxta ola, yenə vecinə olmazdı. Həm də elə gen-bol idi ki, içinə bəlkə on adam sığardı.

Araba yerindən tərpənəndə yarı huşlu, yarı huşsuz dediyi sözləri sonralar hər oturanda yada salıb güləcəkdilər: “Bəs maşını aparmırıq?”

– Qoy hələ səni aparım sağ-salamat dostuna təhvil verim, evdə narahatdı, iynə üstündə oturub, sonra gəlib maşını da atın dalına qoşub apararıq, – ürəkdən güldü kişi, güləndə onsuz da qıyıq gözləri sifətində itdi. – Maşının kələyin kəsmisiniz, maşında maşınlıq qalıb ki. Heç başında ağlı olan da bu gözəlliyində maşını kazaxa etibar eləyər? Axı kazax nə bilir “Kamaz” nədi. Kazaxınkı atdı, qat qabağına, qoy otarsın, – yenə güldü. – Qorxma, burda heç kəs sənin maşınına dəyməz. Sabah qreyder gətirib rahat apararıq...

Sonrası nəsə yadına gəlmir, yuxu kimi – dumanlı qavrayırdı ətrafında baş verənləri. Uzun, tunel kimi bir yoldu, hər tərəf ağ-appaq, sürüşüb gah “tunelin” bir döşünə, gah o biri döşünə qalxırdılar. Hara gedirdilər?! Bu yol onun yolu deyildi axı. Bəs kimin yoluydu?! Kim idi onun xilaskarı? Xeyirxahı?! Başını qaldırıb böyründəki adamın sifətini görmək istəyirdi, görə bilmirdi; təpədən dırnağa – kipriklərinəcən qar bağlamışdı adam. Atın ayaqlarından, qarnının altından çıxıb arabaya çırpılan qar sovrulub arabaqarışıq hər ikisini cənginə almışdı; yer, göy ağ dumanın içindəydi. Təkcə atın qaraltısı sezilirdi, o da, tor kimi, zəif. Bir də atın fınxırtısı, tısıltı-fısıltısı gəlirdi. Diqqətini toparlayıb kəsdirə bilmirdi ki at qaçır, yoxsa heç hələ yerindən tərpənməyib. Amma özü!.. Özü uçurdu, – ayaqları öndə, dərə aşağı yellənib uşaq vaxtı kirşədə necə sürüşürdüsə, xoşbəxtcə, indi də elə gedirdi, – çəkisiz, quş kimi yüngül! O qədər yüngül ki, yup-yumşaq buludların üstüylə süzürdü sanki; bir-birini qovan sevincək buludlar araya alıb aparırdılar onu...

***

“Tamam donub ki bu. Tez elə, əyin-başını soyundurun bunun, nə durub baxırsız key qoyun kimi. Uzandırın peçin qırağına. Dayan görüm, qoy bir döşək atım ora... Çox da yaxın eləmə, birdən-birə çox isti də olmaz. Gətir o arağınnan əl-ayağını ovaq... Qulaqlarına əl vurma, ağarıb, düşər...” – qulağına qarmaqarışıq səslər gəlirdi. Bulatın da səsi bu səslərin içindəydi. Ən çox canfəşanlıq edən kimdisə bir qadın idi. Məəttəl qalmışdı ki, bura haradı və nə baş verir ki, adamlar əl-ayağa düşüb...

...Ət yeməyinin iyi beyninəcən işlədi. Hiss elədi ki, möhkəm acıb, mədəsi sivrilir; boş mədə dil açıb qida tələb eləyirdi. İsti yorğanın altında udquna-udquna qalmışdı. Bu nə ləzzətli iydi belə, bu nə ləzzətli qoxuydu! Haraydı bura?! Ömründə belə dərin – və şirin! – yuxu yatdığı yadına gəlmir; bütün əzaları dincəlmişdi, rahatlanmışdı. Oyanıb anadangəlmə olmuşdu. Dərisi ordan-burdan yüngülcə geyişirdi; qarışqa gəzirdi sanki dərisində.

– Gün günorta oldu, şef. Dur gör Sulucan bibi bizə nə bişirib! Beşparmak! Mmmm... Palçiki oblijeş! – Bulatın şən-gümrah səsi ovqatını bir az da təzələdi, əhvalına əlavə şuxluq qatdı. – Belə beşparmağı ancaq bizim analar bişirir! Dur, şef, dur, tənbəlliyin tutmasın. Biz Ayrat əkəylə tezdən gedib qonşu qəsəbədə motorist tapmışıq, maşını salmağa isti boks danışmışıq. Bir azdan gedib maşını da dartıb gətirəcəyik, dur.

Gözlərini açıb maddım-maddım Bulatın sifətinə baxırdı. Haraydı bura? Sulucan bibi kimdi? Ayrat haranın əkəsidi?! İllərdi firmasında şoferlik eləyir Bulat, hələ onu yaxşı tanımayıb. Nə yaxşı adammış bu.

– Dur e, dur, – zarafata salıb bu dəfə yorğanını çəkib üstündən saldı, – camaat bizi gözləyir, dur, ayıbdı.

Hava işıqlaşsa da başı üzərində elektrik lampası hələ də közərirdi. Pəncərənin ikiqat şüşəsi bayırdan buz bağladığından içəri demək olar gün işığı düşmürdü. Çox da böyük olmayan otağın kələ-kötür suvağı əhənglə çiçək kimi ağardılmışdı. Torpaq döşəmə xalca-palazla geninə-boluna döşənmişdi. Onun yatdığı çarpayı bu otaqda mebel adına yeganə ev əşyası idi, – Bulatın yeri yerdən salınmışdı. – Qalın yorğan-döşəkdə özünü şah balası kimi hiss edirdi. Ağlı olan kəs heç belə yerin içindən çıxardımı, yox! Həmişə həsrətində olub belə rahat, sadə, təmtərsaqsız evin. “Kasıbın nəyi olmasa da, yastığı həmişə rahat, yumşaq olar” – başının altındakı yastığı çevirib sərin üzünə təzədən üz qoydu. – “Cənnət ətri gəlir, allah, burdan.”

Yan otaqdan nəsə xısıltı gəlirdi. Gecəki adamlar idi, amma səslərində gecəki gərginlikdən əsər-əlamət yox idi. Uzun illər istifadə etdiyi arağın, siqaretin təsirindən korşalmış xırıltılı səsli bir kişiydi kimsə, nə nağıl edirdisə, – arada qulağı çaldı ki, söhbət deyəsən ondan gedir, – o birilər pıqqapıq gülürdülər.

Məəttəl qaldı ki, Bulat nə tez qaynayıb-qarışıb ev adamlarına.

Qırx beş-əlli yaşlarında cantaraq, ətli-çiyinli bir qadın idi Sulucan bibi. Adətən yeməkxanalarda, kafelərdə belə hökmlü qadınlar olur; turp kimi sağlam, civə kimi mütəhərrik, çərşənbə yumurtası kimi bayram ovqatlı... Belə qadınların canındakı güc, temperament həmişə onu heyran qoyub. Bir vedrə qarlı suyu yüngülcə gətirib odun peçinin üstünə qoydu, sonra qaynar suyla onu qatıb-qarışdırıb isti-soyuq elədi, dolu vedrələri quş kimi qaldırıb qapı ağzında dayanmış kişinin qabağında yerə qoydu.

– İlıqdı, apar tök umuvalnikə, qoy uşaqlar əl-üzlərini yusun.

Bayaqdan maraqla onu izləyən fağır, arıqhal kişini yalnız indi gözü aldı. Əgər Ayrat əkə dedikləri bu idisə, demək ki bu, onun xilaskarı idi.

– O alkaş dostlarına da de, nə kəsəcəklərsə indidən kəsib hazır eləsinlər. Ət vaxtında donub özünü tutmalıdı. Özüm də bircə-bircə çağırıb telefonda hamıya deyəcəm. Heç qonşu kəndlərə deməyə ehtiyac yoxdu, hamının tövləsi mal-heyvannan doludu, – bu dəfə üzünü ona tutdu Sulucan bibi. – Darıxma, sınok, sənə nə qədər ət lazımdı de, bibin təşkil eləsin.

“Ətə gəldiklərini nə tez çuğullamışdı Bulat!” – məəttəl qaldı.

Gün onun gözlədiyindən də şən başladı.

– O tərəfə lazım olsa, çəkinmə, de, – həyətə çıxan kimi Ayrat əkə çuqun aftafanı ilıq suyla doldurub utancaq tövrlə dilləndi.

“O tərəf” – təbii ki, ayaqyoluydu.

Ən qorxduğu və ən zəhləsi gedən iş kənddə ayaqyolu məsələsidi. Əsgərliyi şimalda keçib, iyirmi dərəcə şaxtada bayırda ayaqyolu nədi, yaxşı bilir. Adamın gö... Gözü o vaxtdan necə qorxubsa, yad bir yerə gedəndə – xüsusən kənd yerinə (və xüsusən də şaxtalı havada) – kürkünə birə düşür, fikri-zikri ayaqyolunda qalır; çöldədi, içəridədi? İstidi, soyuqdu?..

Axşamkı çovğun bayırda hələ də at oynadırdı. Qış uzunu küləyin daşıyıb gətirdiyi qar həyətin ortasında elə bir təpə yaratmışdı ki, bu hündürlüyündə qarı təsəvvürünə belə gətirməzdi. Bəzi yerlərdə qar o qədər qəlbi idi ki, ağacların ancaq başı görünürdü. Cığırlar gün-günaşırı təmizləndiyindən nəhəng üstüaçıq tunellər əmələ gətirmişdi həyətdə. Cığırlardan biri həyətin bir tərəfini uzunasına tutmuş tövləyə aparırdı, o biri dar cığır isə evlə üzbəüz hamamkimi bir tikili vardı, ora gedirdi. Nisbətən enli bir cığır da vardı ki, çıxış qapısına aparırdı. Çıxışda bir küncdə qar altında traktora aid çoxlu dəmir-dümür, qoşqu, kotan qalaqlanıb qalmışdı; traktorist həyətinə oxşayırdı həyət.

– Rezin sapoqları gey gəl, şef, sənə bir tualet göstərim ki, beləsini həyatında görməmisən, – aftafanı götürüb niyəsə tövləyə səmt getdi Bulat.

Uzunluğuna uzun olsa da, endən ensiz imiş tövlə, üstəlik taxta arakəsmə ilə bölünüb iki yerə ayrılmışdı: qapıdan içəri girən kimi heyvanlar olan yer xeyli darısqal və basırıq idi. Arakəsmədən o tərəf isə, əksinə, ot üçün nəzərdə tutulmuşdu, vaxtında ağzınacan tığlanmış samanlıq qışın axırlarına yarılandığından xeyli genişlik idi. Girən kimi acısı göz deşən kəskin tövlə havası samanlığa doğru yüngülləşdi; quru küləş çöllərin genişliyini, işığını, kövşənin saf qoxusunu özündə saxlamışdı. Onu niyə bura gətirdi Bulat? Yoxsa tövlənin içindəydi ayaqyolu?! Atların, inəklərin, ağıla salınmış qoyun-quzunun yanıyla keçib yarıqaranlıq bir yerdə dayandılar.

– Buyur, şef, bütün tövlə sənin sərəncamındadı, hara istəyirsən otur, nə işin var gör. – Kaş həmin an sifətindəki həyasız, şeytani ifadəni görəydiniz it oğlu itin! – Bura istidi, rahatdı. Başqa şeydən də çəkinib eləmə, malın altını təmizləyəndə özləri kürüyüb atırlar. Mən çıxıram, inəklərdən də utanma, adama baxan deyillər...

Bulatın bu “zarafatı” əvvəl ona çöçün gəlsə də, şəninə, şəstinə toxunsa da, – quyruğunu qaldırıb buğlu ifrazatını hara gəldi tökən inəklə onun arasında bir fərq olmalıydı, ya yox, – tezliklə başa düşdü ki, həyatda hər şeyi mürəkkəbləşdirən elə insanın özüdü; əslində hər şey daha sadə və daha rahatmış.

Əlüzyuyanın qabağındakı güzgüyə baxanda özündən qorxdu; sir-sifəti bütün his-pas içindəydi, gözlərinin altı torbalanmışdı.

– Hələlik yüngül yuyunun gəlin, bir azdan onsuz da hamamı qalayacam. – Ayrat kişinin səsində işıq vardı.

İçəri girən kimi Sulucan bibi bir qucaq yeməyi iri bir buludda gətirdi qoydu stolun üstünə, buğlana-buğlana. Ardınca hərəyə bir yekə stəkan ayran, – sonradan bildi ki, stəkandakı kumıs imiş, – bir piyalə də yeməyin bulyonundan çəkdi gətirdi.

– Yeşte, rebyata. Myaso yeşte, xleb yeşte.

Yayma xəmirin üstündəki iri yağlı tikələr, şirəli ət sucuğu ağlını başından eləsə də – ət o qədər xub bişmişdi ki, sümüyündən öz-özünə aralanırdı – gözləyirdi kimsə birinci başlasın, o da olara baxıb yesin; ömründə ilk dəfəydi beşparmaq görürdü, bilmirdi hansı tərəfindən yanaşsın yeməyə. Stolun üstündə qaşıq, çəngəl adına heç nə yox idi. Bulat əyləşən kimi nazik yayma xəmiri barmaqlarının ucunda çəmləyib soğanlı sousa batırdı, götürdüyü kimi də lüm ötürdü içəri.

– Beşparmağı belə yeyərlər, – yeməyin yağı-suyu barmaqlarının arasından süzülə-süzülə əllərini yuxarı tutdu. – Əllə! Havayı yerə buna beşparmak demirlər ki.

“Əllə!” – istər-istəməz ağzı əyildi, çimçişən kimi oldu.

– Bıy mənim başıma xeyir, ağlım bulara gedib ey, – Sulucan bibi tələm-tələsik bir qom çəngəl-bıçağı gətirdi qoydu süfrəyə, boşqab gətirdi düzdü, onun qabına yeməyi özü çəkdi.

– Hələ bu nədi ki, qabaqlar bizdə beşparmağı ayaqla yeyirmişlər, – heç özünə görə deyilmiş bu Ayrat əkə, zarafatından qalmırdı. – İndi bir az mədəniləşmişik guya, əllə yeyirik.

– Görüm ətin tökülsün elə sənin, olmayan ətin ha...

– Əşi zarafat eliyirəm də, sən də, rəhmətliyin qızı. Haranla yeyirsən ye, nə fərqi. Əsas odu, bunsuz yemə, – birlitirlik araq butulkasını ağır yumruq kimi endirdi stola Ayrat əkə. – Özüm çəkmişəm, şef, 76 qradusdu! – Bulatın diliylə evdə hamı ona “şef” deməyə başlamışdı.

– Səhərin gözü açılmamış o zəhrimarı hardan tapıb çıxardın? Gedib maşını gətirəydiniz heç olmasa, onnan sonra...

– Əvvəl bir xoşgəldin elə, mamanya, qonağın gəlib, – sanki içməyə səbəb tapmışdı Ayrat əkə. – Sən maşının fikrini eləmə e, mən o maşını lazım gəlsə atın dalına da qoşub gətirərəm.

Ayrat əkənin sözünə hamı gülüşdü.

– Sən yüz içəndən sonra öz dalına da qoşub gətirərsən, bilirəm, – əllərini önlüyünə silə-silə həvəslə stola yaxınlaşdı Sulucan bibi. – Qonaq evin ruzusudu, bərəkətidi, nə deyə bilərəm ki, xoş gəliblər, gözüm üstə yerləri var.

– Sən maşınnan narahat olma e, mamanya, Joraya demişəm, qreyderi gətirsin, gedib maşını da dartıb gətirəcəyik, – çappanı götürüb “aldavay” dedi, arağı birqurtumluq elədi, heç ağzını da turşutmadı. Elə bil araq yox, su içirdi.

Dünənki haqq-hesabdan sonra içməmək günah olardı. Ayrat əkəyə baxıb o da “aldavay” dedi, stəkanı götürüb başına necə çəkdisə, nəfəsi getdi, qayıtmadı. Dili-damağı qurudu, mədəsinəcən ütə-ütə, cıra-cıra getdi araq. Qarıxdığından kumıs əvəzinə götürüb bulyonu çəkdi başına. Tərslikdən o da qaynar imiş, dili-ağzı dübarə pöştələndi, gözlərindən yaş çıxdı.

– O zəhrimarı qatıb gətirəydin heç olmasa! – o yekəlikdə kişinin boynunun ardından yekə bir şapalaq ilişdirdi Sulucan bibi. – Hələ bir gülür də arsız-arsız!

Üzdə biruzə verməsə də əməlli-başlı pərt oldu kişi. Dinməzcə qalxıb su dalınca getdi.

– Qış oldu, bu qırılmışların hamısı belədi. Qocalı, cavanlı. Bir salamatı yoxdu ki, deyəsən bu salamatdı, – sanki qonaqların yanında dil-ağız eləyirdi Sulucan bibi. – Adlarını da kişi qoyublar, külbaşlar. Siz bulara çox baş da qoşmayın, alkaş şeylərdi hamısı. İş yox, güc yox, axşamacan iş-peşələri içməkdi. Bircə qırıq içən kimi də ağızları əyilir...

Qonağa xoş gəlsin deyə əldən-ayaqdan gedən, hər cür fədakarlığa hazır olan bu sadə adamların bir-birlərinə qarşı belə naqolay münasibəti əvvəl-əvvəl pisinə gəlsə də, – xüsusən qadının ər üzərindəki atamanlığı ona yersiz görünürdü, – çox keçmədi, başa düşdü ki, zarafatları da, atmacaları da, dava-dalaşları da ötəridi buların. Yay yağışı kimi ilıqdı. Getdikcə elə öyrəşdi ki bu ünsiyyətə, – Bulat onsuz da özünü suda balıq kimi hiss edirdi, – çox keçmədi, özü də başladı zarafata. Dedi, güldü, sanki min illərin tanışı idilər. Amma, allah şeytana lənət eləsin, şeytan da öz işini görməkdəydi: iki daşın arasında beyninə doldurdu ki, nəyə görə belə ətli-canlı qadınların əri mütləq və mütləq arıq, gözüqıpıq olmalıdı. Yəqin arvadları vaxtında sıxıb sularını çıxarırlar, ona görə. Belə hörmətcil, abırlı adamlara qarşı beynindəki bu nanəcib fikri qovmağa ha çalışsa da, mümkün olmadı. Allah şeytana lənət yenə eləsin, min lənət eləsin! “Görən yataqda da belə atamanlıq edir Sulucan bibi?” – təsəvvüründə Ayrat əkə ilə Sulucan bibini lüt yanaşı uzadanda gülməyini güclə saxladı. “Boyu balaca kişilərin şeyi yekə olur”, – kişilərlə dolu fəhlə yeməkxanasında əlində aş çömçəsi o baş-bu baş gedib qaqqanaq çəkən cantaraq arvadın dediyi sözlər yadına düşdü, – “Razmerin fərqi yoxdu, əsas odu aparat saz olsun”. Fikrini birtəhər yayındırıb bu biabırçı haldan yaxa qurtarmalı idi. Amma necə? Yemək masası pəncərəyə bitişik idi, diqqətini bayırda hələ də vıyhavıy əsən küləyin səsinə cəmləyib fikirləşirdi ki nə fikirləşsin.

– Şo vı tut bez menya nax!..

Qreyderçinin haylı-küylü təşrifi böyük bir rüsvayçılıqdan qurtardı onu. Bir az da qalsa pıqqanağını saxlaya bilməyəcəkdi.

Sulucan bibinin doğmaca qardaşıymış qreyderçi, içəri girən kimi papağını, buşlatını çıxarıb bir küncə tolazladı, çappasını tezcənə doldurub əlində hazır tutdu:

– Kakie lyudu v Qallivude! Gəlin tanış olaq nax... Mənim adım Jaydarbekdi. Jaydar da deyə bilərsiniz, Jora da. Amma rahatı Joradı, burda hamı məni belə çağırır, – qonaqlarla bir-bir görüşüb üzünü bacısına tutdu: – Bacıcan, oyanı-buyanı yoxdu, qonaqların bu günlük mənlikdi, incimə. Burda yekunlaşdırsınlar gedirik bizə. Bulara bir hamam hazırlamışam ki, bəh! Qardaşının hamamını bilirsən də, səhərdən əlləşib ancaq ki indi hazır eləmişəm. Yaxşı bir kuırdak da qoymuşam üstünə, təzə mal ciyərindən...

– Nə hamam, nə kuırdak! Başın xarab olub sənin?! Gedin camaatın maşınını çəkin gətirin! – Sulucan bibi əməlli-başlı özündən çıxdı. – Maşın bir sutkadı qalıb çöllərdə, bular hələ burda qarın davası döyür. Görüm elə kuırdağa dönəsiz haa...

– Niyə qarğıyırsan, bacışka, indi bu qarda-qiyamatda ora getməyin nə mənası, – o da “aldavay” deyib əlindəki çappanı heçnəsiz çəkdi başına, jaketinin qoluyla ağzının acısını silib gülməli şəkildə bacısına təzim elədi.

– İndininki araq içməkdi, hə? A sənin təpən haqqı. Burda deyiblər e, molla aşı gördü, ölü yaddan çıxdı. Axı günah sənin o toyuqbaş arvadındadı ki, hər hərəkətinə dözür...

Joragilin evi kəndin o başında idi.

Əməlli-başlı hamam sərrafı imiş Jora. Çimmək prosesi bütöv bir ritualmış onunçün. Girən kimi, soyunub-geyinmə otağı növbənöv süpürgələrlə, masaj üçün min cürə təbii yağ-balla dolu idi. Aradakı otaqkimi məxsusi yemək-içmək üçün nəzərdə tutulmuşdu. Rahat, xudmani bir yerdi: orda çim, burda ye-iç. Kuırdak dedikləri qızardılmış içalatla kartofun qarışığından ləzzətli bir yemək idi. Jora onu elə tavadaca gətirib qoydu ortalığa. Hisə verilmiş at əti, bir boşqab kələm turşusu və yenə birlitrlik çəkilmə araq gətirdi, – dükan arağı baha olduğundan, görünür, hərə evində özünə “samaqon” çəkirdi. – Əvvəl onu, sonra Bulatı qabağına qoyub yaxşıca masaj elədi, hərəsini bəlkə bir saat, sonra ardıc süpürgəsiylə döyüb, döyüb şiltiklərini atdı. “Ardıc soyuqdəymənin dərmanıdı, kak raz indi sizə lazımdı, yolda soyuğa düşmüsünüz. Bunun ki bu qatranı var ha, qaynar suda yarımca saat qalıb yumşaldı, vəssalam, nervinin atasına od qoyur. Amma gərək bunun da təhrin biləsən, hər adam ardıcın süpürgəsini hazırlaya bilmir...” – bir bəh-bəhlə, bir həvəslə süpürgələdi ki oları, yeyib-içdikləri suya-tərə qarışıb getdi. Heç elə bil Sulucan bibinin bir təknə beşparmağını bir litr araqla qarınlarına tökən bular deyildi. Od kimi hamamdan çıxıb, buğlana-buğlana daraşırdılar yağlı kuırdağa, hərəyə bir “aldavaylı” yüz atıb təzədən cumuşdular içəri.

Səs-küyləri hamamı başına götürmüşdü.

“Oy, moroz, moroz, ne moroz menya

Ne mopoz menya, mayevo konya...”

“Xot jenat, xot xolostyak,

Venik, vodka, i niştyak...”

Gecənin bir vaxtı otuz evlik yolu nə abırla qayıtdılar, bir allah bilir: sürünə-sürünə, aşa-aşa, anqırışa-anqırışa...

“Xot kazax, xot sibiryak,

Venik, vodka, i niştyak...

Banya eto ne pustyak!..”

“A kamaz ta mı zabıli.

Zavtra spomnim, lyudi skajut...”

Yuxudan traktorun gurultulu səsinə oyandı. Belə məlum oldu ki, Ayrat əkəylə Jora səhər obaşdan gedib kamazı çəkib boksa qoyub qayıdıblar.

Axşamkı vurhavurun havası içini burum-burum bururdu. Özünü dəhşətli dərəcədə pis hiss edirdi. Bir tərəfdən qaynar suda qalıb pırsımış ardıcın iyi, bir tərəfdən də yanmış rezin qoxuyan avaraqulu arağın qoxusu burnundan getmirdi. Mədəsinin turşuluğu xirtdəyinəcən yığılıb qalmışdı, udqunduqca tərli bədəni soyuyub buza dönürdü. Bayıra çıxan kimi gözdən aralanıb özünü kimsəsiz bir küncə verdi, barmağını boğazına salıb o ki var qaytardı. Üz-gözünü qarla yuyub bir balaca özünə gəldi, dincəldi.

Qayıdıb stolun üstündə “birlitirliyi” görəndə isə halı təzədən qarışdı.

– Bircə yüz iç, şef, – Ayrat əkə çappaları yarıyacan süzüb hazır qoymuşdu, – paxmelin o saat keçib gedəcək. Bunu içməsən axşamacan qırışığın açılmayacaq.

Başı ağrıdan çatlayırdı, içi-içalatı darmadağın idi, dişini dişinə sıxıb, başqa çarəsi yox idi, o dünyaya getdi qayıtdı, zorla da olsa araqdan bircə qurtum içə bildi. İçən kimi də, Bulat düz deyirmiş, gözlərinə elə bil işıq gəldi, həyat gözündə gözəlləşdi.

İkinci “yüz” yağ kimi getdi.

Sulucan bibinin də kefi kökəlmişdi. Ağappaq süfrə salıb əlinə keçəni daşıyıb tökmüşdü stolun üstünə: yağ, pendir, yumurta, qaymaq...

“Aldavay” deyib sağlıqsız zadsız vururdular.

Səhər maşını gətirdikləri üçün qardaşına, ərinə də xoşqılıq idi Sulucan bibi.

– Bunu da sənin madmazel arvadın gətirib, – Joraya dedi, bir cam qaymağı ayrıca qoydu süfrəyə. – Səhər ərinməz-ərinməz durub o boyda yolu gəlib, nədi, nədi, bunu ver, qoy uşaqlar yesin. Deyirəm, a bacı, özümüzün yağımıza, qaymağımıza nə gəlib. Ağartı əlindən evdə qab-qacaq qalmayıb, hamısı ləbələbdi. Deyir yox e, yox, ver qoy yesinlər. Neyləsin yazıq, dörd divar arasında neçə vaxtdı qalıb tək, bilmir neyləsin. Aysulu gedənnən sonra lap başın itirib. Bir adam görən kimi əldən-ayaqdan gedir. Nə qədər elədim içəri də girmədi...

Fikir verdi ki, evdə, süfrədə nə var, hamısı təbii – həyətdəngəlmədi. Dükandangəlmə heç nə yoxdu. Adicə düyü, makoron, çay, konfet burda matah sayılır.

– Sizdə kənddə dükan yoxdu ki? – sualı özünə də yersiz göründü.

– Olmasa onnan yaxşıdı. – Sulucan bibi dedi. – Buranın özü nədi ki, dükanı da nə ola. Araqdan başqa nə tapılır ki dükanında. Yerdi ki bura. Xarabadı, xaraba. Bircə qırıq da ki külək əsdi haa, vəssalam, yol-iriz tamam bağlanır. Əlimiz hər yerdən üzülür, inan, dünya-aləm dağıla xəbərimiz olmaz.

– Bizə bir şey lazım olanda mərkəzə gedirik, – bunu da Jora dedi. – Dükandı, dava-dərmandı, bazarlıqdı... Burdan çox uzaq deyil, atla qırx-qırx beş dəyqəlik yoldu.

Pul dəyişməliydi. Kazaxstana girəndən elə olmuşdu ki, pul dəyişməyə imkanları olmamışdı. Pulu rus rubluydu, gündəlik ora-bura, ustaya filana verməyə kazax pulu lazım olacaqdı. Həm də Saşaya zəng eləməliydi. Üç-dörd gün idi Savçenkodan ayrıldığı, elə bilirdi bir ildi.

– Evə zəng eləməliyəm, – dedi.

Qərara gəldilər ki, Bulatla Ayrat əkə getsin maşının yanına, – motor açılanda yanında kimsə olmalıydı, – rayon mərkəzinə Jorayla ikisi getsin. Elə də oldu. Ayrat əkəgil Joranın traktorunu minib qəsəbəyə gedəndən sonra Jora da Ayrat əkənin atını tövlədən çəkib gətirdi. Sulucan bibi ikicə dəqiqənin içində arabanı paltar-palazla döşəyib cehiz maşını kimi bəzədi. Özləri də altdan-üstdən isti geyinib, hər ehtimala qarşı hərəyə bir “aldavay” da edib düzəldilər yola. Külək əvvəlki günlərə nisbətən bir az səngimişdi, yol da sən deyən elə uzaq deyilmiş, Jora yolda o qədər dedi-güldü, bir də baxdılar ki, çatıblar, rayondadılar.

Onun gözlədiyindən də balaca imiş rayon mərkəzi. İki əsas küçəsi, cəmi bircə svetoforu vardı. Əvvəlcə poçta girib Savçenkoya zəng elədi. Telefon çağırsa da dəstəyi götürən olmadı. Sonra pulu dəyişmək üçün bazarkimi bir yer vardı, ora sürdü Jora. Girəcəkdə bir qrup dəllal pulu əldə dəyişirdi. Əllərdə olan kazax təngəsinin hamısını yığdılar, ancaq ki pulunun yarısını dəyişə bildi, – əməlli-başlı hörməti varmış burda rus rublunun! – Bir çamadan pulu əllərində görəndə “qarınağrısına” düşdü Jora: “İtnən-qurdnan doludu buralar, tez elə, işimizi görək, aradan çıxaq...”

Qiymətlər də Rusiya ilə müqaisədə xeyli aşağı idi. Ev üçün lazım olan nə var yeşik-yeşik, tay-tay alıb atdılar arabaya, – satıcı qızın gözü kəlləsinə çıxmışdı. – İki yeşik də təmiz zavod arağı götürdülər. Fikirləşdi ki, içirlər, içirlər, heç olmasa təmizinnən içsinlər. Arağın adı da xeyli təəccübləndirmişdi onu: “Çar Edip”. “Görəsən hansı ağıllı bu adı fikirləşib tapıb, bu ki faciədi...”

Joranın da evdən xırda-para tapşırıqları vardı, işlərini görüb çıxaçıxda poçta bir də dəydilər. Bu dəfə bəxtindən Saşa evdə tapıldı. Amma kaş heç tapılmayaydı; həmişəki kimi bir sürü anlaşılmaz şeylər danışdı ona Savçenko. Deməyindən belə çıxırdı ki, oğrunu tapmağına tapıblar, amma pul hələ tapılmayıb: “Tatarın adını eşidən kimi, Elistanın bütün bratvası qalxdı ayağa. Bircə günün içində o qoduğu tutub atıblar aşağı. Xox gələn kimi də açıb hər şeyi danışıb. Zakazçik kimdisə səni tanıyan adamdı, – kaş burasını deməyəydi. – Qumarda oğlunun “tavanı” varmış, göndərib sənin yanına köməyə. Sən də, allah köməyi olmuş, götürüb evinə aparmısan onu... – indi gəl baş sındır gör nə dedi Savçenko. – Amma eybi yox, ortada Tatarın adı varsa, narahat olma, pulun tapılacaq, hökmən tapılacaq. Yaxşısı budu sən sabah mənə bir də zəng elə, o vaxta bir hə-yox bilinər...”

Jora söhbətin nədən getdiyini bilməsə də, nəsə ciddi bir şey olduğunu hiss eləmişdi, – yol boyu bircə kəlmə də danışmadılar.

Qanı it qanıydı. Fikirləşdi ki, gül kimi başı-qulağı dünc oturmuşdu oturduğu yerdə, nəyinə gərək idi gəlib təzədən burnunu soxdu zibilə. Çirkə, irinə! Cəhənnəm olsun Elista da, ordan gələn xeyir də. “Kimdisə səni tanıyan adamdı”. Bah! Kimdi onu tanıyan adam? Onu tanıyan adamı o niyə tanımır? Cəhənnəm olsun hər şey. Heç nə lazım deyil ona indən sonra. Nə ev, nə eşik, nə iş-güc, nə dost-tanış, nə də pul. Heç nə! Qınayan olmaya yıxılıb elə burda qalar, hə. Sadə, təmtəraqsız, rahat, baş-qulağı dinc... Heç yerə də getməz. Tüpürər hər şeyə – keçmişə, gələcəyə – hər şeyə! Guya keçmişində nəyi qaldı ki onun. Heç nəyi. Sulucan bibinin, Ayrat əkənin bircə kəsilmiş dırnağına dəyişməz topasını. Öz balası kimi baxar ona Sulucan. Guya bu yazıqların kimi var ki? Heç kimi. Bir arvaddı, bir özü. Bir də qızları var deyəsən, o da, deməklərindən belə çıxır ki, alkaş-avaranın birindədi...

Motor açılanda belə məlum oldu ki, təzə “remkomplekt” lazımdı, o da çətin buralarda tapıla. Olsa-olsa Atbasarın özündə olar, o da, hələ olsa.

– Mənim orda əmim, dayım var... – Bulat tezcənə yerindən dilləndi.

– Yeznəyə zəng eləyək, onun belə şeylərdən yaxşı başı çıxır, alıb özü gətirər. – Joranın ağzından söz çıxmışdı ki, Sulucan bibi yerindən dik atıldı.

– Sən allah o zəhləmgetmişi çağırmayın bura. Adı gələndə beynimin qurdu tərpənir. Gül kimi uşağı apardı zəlil elədi zəlil olmuş. Özü də kimi, kimi, Aysulu kimi balanı. Su sonasıydı e, su sonası! Necə yaraşdırmaq olardı onu o suyumsuza! Tüstüm təpəmnən çıxır hər yadıma düşəndə. Axı günah məndədi...

– Yaxşı, neyniyək bəs indi? – bu dəfə Jora bozardı. – Sən de, biz eliyək.

– Aysulu özü gətirər! Zəng eləyin, hər nədisə alıb versin, uşaq döyül, özü gətirər. Neçə vaxtdı görmürəm balamı, inan burnumun ucu göynəyir.

– Bilsəydik elə bu gün getmişdik rayona, zəng eləyərdik, nə bilək.

– Sabah özüm gedərəm, – Ayrat əkə dedi. – Bulatnan gedib gələrik.

– Hə, gedək... – Bulat sevincək razılaşdı.

– Neynirsiniz eliyin, bircə bu camaatın əlindən məni qurtarın. Səhər açılannan telefon kirimək bilmir. O zəng vurur nooldu, bu zəng vurur nooldu. Əti hara gətirək, nə vaxt gətirək. Əşi mən nə bilim hara gətirəsiz. Elə bil bura ət kombinatıdı, mən də onun direktoru! – uğunub getdi Sulucan bibi, öz sözü özünə xoş gəlmişdi. – Rüşvət təklif eliyənlər var e mənə, yazıq canım. Deyirlər, nə istəyirsən de verək, təki əti bizdən götür. Allaha and olsun, elə adam var bəlkə on cöngə kəsib.

– Belə getsə kəndin ətini yığıb-yığışdıra bilməyəcəyik. – Ayrat əkə sifətinə işgüzar görkəm verdi.

– Eybi yox, qalanı qalar gələn reysə. – Bulatın sözünə hamı güldü.

Həmin gün neçə evdən qonaq çağırdılar oları, dallarıyca adam gəldi, Sulucan bibi heç birinə razı olmadı: “Oturun evdə, allah verənnən yeyin-için, istirahatınızı eliyin, nə işiniz var orda-burda, qapılarda”.

Səhər Ayrat əkəylə Bulat rayon mərkəzinə çıxanda Sulucan bibi bir də dönə-dönə tapşırdı ki, bax ha, qıza de, özü gəlsin. Yarızarafat, yarıciddi əlavə də elədi ki, gəlməsə, gedib özüm saçlarından tutub sürütdüyə-sürütdüyə gətirəcəm.

O da, ürəyi durmadı, Savçenkonun nömrəsini verdi Bulata ki, onsuz da poçta gedəcəklər, zəng eləyib Elistadan bir xəbər bilsin.

Tərs kimi həmin gün Joranı da işə çağırdılar. Neçə günlük aramsız çovğundan sonra havalar nisbətən düzəlmişdi, beton yolu təmizləmək üçün rayonun bütün texnikası işə cəlb olunmuşdu.

– Mənimki bir-iki günlükdü, şef. Kak raz siz burda işinizi görüb qurtarınca mən də yolunuzu açıb qayıdacam. Bəlkə hələ arada da qaçıb gəldim, mənə nə var. Jora da gedəndən sonra peşman oldu ki, nahaq Bulatgilə qoşulub o da getmədi rayona. Yenə başı qarışardı, tək Sulucan bibiylə oturub neyləyəcəkdi ki. Onsuz da Bulatla dünənki söhbətindən sonra özünü özgə qabında hiss etməyə başlamışdı.

“Şef, fikir verdin, hamamnan çıxanda Joranın arvadı sənə necə baxırdı?”

“Yox, nədi ki? Huşum başımdaydı ki, hamamnan çıxanda.”

“Qorxdum e əməlli-başlı...”

“Gic-gic danışma, sözünü de.”

“Yolda Sella yadındadı, şef?”

“Yeməkxanadakı qızı deyirsən? Əlbəttə ki yadımdadı.”

“Ayrılanda arxanca baxıb nə dedi?”

“Dedi də, dedi, adamın belə əri ola, hə, nə olsun, burda nə var?”

“Bu da sənə elə baxırdı, şef.”

“Dəlisən?! Başına at təpib?! Anan yaşında arvaddı, utanmırsan?! Bu cürə hörmət elədilər bizə, qulluğumuzda durdular, bu da sağolundu?”

“İnanmırsan, şef...”

Nəinki inanmırdı, hətta belə bir fikri ağlının ucundan keçirdiyinə xəcalət çəkirdi.

Xoşbəxtlikdən darıxmağa heç vaxtı da olmadı. Sulucan bibi ona o qədər iş tapşırdı ki, vaxt necə gəldi keçdi, bilmədi. Ayrat əkə gecədən onkiloluq quzu kəsib hazır qoymuşdu, (əvvəl dayçanı yıxıb kəsmək istəyirdi Ayrat əkə, qoymadı, bıçağı kişinin əlindən zorla aldı; buların adəti belədi, ən hörmətli qonağına cavan at kəsərlər) axşama özbək plovu bişirəcəkdi Sulucan bibi, qara tikələrindən ona doğratdı, aşın soğanını, kökünü, düyüsünü necə atmağı göstərdi, deyib-gülüb o qədər zarafatlaşdı ki.

– Mənim də cavanlığım oralarda keçib, eh... Tümen tərəflərdə. Nə gün gördümsə, elə orda gördüm... Bu xarabada iş-güc, dolanışıq olmurdu axı, heç indi də yoxdu, gedib yenə orda yeməkxanada zadda bir iş tapıb işləyirdik... İndi belə olmağıma baxma e, cavanlığımda qız idim, bə nə, dərdimnən ölənlər çox idi, hə, – noxudu gülüşü vardı Sulucan bibinin, uğunduqca uğunub gedirdi. – Sənin kimi boylu-buxunlu, gözəl-göycək oğlanlar, eh!... Arsız, abırsız canım. Denən, kül təpənə, qoşul buların birinə get də, nə tapmısan bu tövləxanada...

Atasından söhbət salmağın əsl məqamı idi. Istədi soruşsun ki, belə bir adam olub, bu adda, bu nişanda, boy bu, buxun bu... Əgər Sulucan bibi o vaxtlar yeməkxanalarda işləyibsə atasını mütləq tanıyacaq. Çünki Petroviçin deməyindən belə çıxırdı ki, yolqırağı kafe-restoranların iti də tanıyırmış onu. Hətta çıxarıb şəklini də göstərmək istədi. Amma, yox! Keçmişi, xüsusən də həyatının atalı-analı hissəsi “ciddi rejimli” bir zonaydı; elə bir zona ki, hər kəsə, hətta ən yaxın sirdaşına belə qapalıydı. O vaxtlar şimala üz tutanda özünə söz vermişdi: təzə həyata başlayır və bu təzə həyatında atasızlığa, anasızlığa – yetimçiliyə yer yoxdu. Heç vaxt özünə sığışdırmayıb yetimçiliyi. Barışmayıb.. Ata-anasını axtaranda da təkbaşına, gizlincə axtarıb ki, heç kəs heç nə hiss eləməsin, heç nə bilməsin, heç kəs onun nisgilini duymasın. İstəmirdi kiminsə ona yazığı gəlsin, istəmirdi kimsə onun halına acısın. Əksinə, hər xırdalığına qədər düzüb-qoşduğu işıqlı bir “avtobioqrafiyası” vardı ki, hər danışanda az qalırdı özü də inansın. Atası məşhur kimyaçı olub guya, uzun illər universitet müəllimi işləyib. Anası, Vera Vasilyevna tanınmış terapevtdi şəhərdə (həkimlikdən yaxşı nə sənət uyduracaqdı ki “anasına”). Bacısının əri sığorta üzrə böyük şirkət sahibidi...

– Gül kimi yeznəni bəyənmirsən, mamanya, – Ayrat əkəgil rayon mərkəzindən kefikök qayıtmışdılar, – iki dəyqənin içində hər şeyi özü həll elədi. Kişinin yaxşı hörməti varmış Atbasarda. Heç mən deməmişdim, özü dedi ki, məni işdən buraxmazlar, nə lazımdısa alıb verəcəm, yanına da adam qoşacam, Aysulu özü gətirsin. Aysuluyla da danışdım, mamanya, yazıq elə sevindi...

Bulatın da gözləri alışıb yanırdı. Hövsələsiz halından vacib xəbərlə gəldiyi bilinirdi. Macal tapan kimi onu sakitcə qırağa çəkdi:

– Pulun tapılıb, şef! Savçenko özü belə dedi! Dedi, ürəyini buz kimi saxlasın, pulu qəpiyinəcən tapılıb! Nə yaxşı adammış bu Sacvenko...

O günü gecə yarısınacan yatmadılar. Yedilər-içdilər, dedilər-güldülər. Pulun tapılmağı ev yiyələrinin heç vecinə də deyildi, – ümumiyyətlə pul məsələsi oları az maraqlandırırdı, – oların öz sevinci vardı və bu sevinc olara dünyalardan irəliydi: Aysulu gələcəkdi. Onun gəlişi indidən toy-bayrama çevrilmişdi, bir yerdə qərar tuta bilmirdilər...

– Gördün, şef, deyirdim axı hər şey yaxşı olacaq, – gecə yerlərinə girəndə də Bulatın təəssüratları bitib-tükənmək bilmirdi. – Pul da tapıldı, işimiz də düzəldi, daha adama nə lazımdı. Bilsən burda nə qədər ət var, şef? Daşı ki daşıyasan! Amma o günkü günümüz getsin, gəlməsin... – bu yerdə Bulatın səsi, sevinci azaldı, gözlərinin yol çəkməyi kor qaranlıqda da bilindi, sözlərinin arasına gizli kədər doldu. – Özüm orda sizə demək istəmirdim... Yolda mator dağılanda, dedim uje vsyo, axırımızdı. Sizdən ayrılanda bir də görüşəcəyimizə heç inanmırdım... Kim bilərdi burda yaşayış olar... – Əslində isə onun səsini, sevincini alan, fikrini, hissini haçalayan başqa səbəb idi, get-gedə onu söhbətdən ayırıb öz təlatümlü, narahat gizlininə çəkirdi. “Pulu evdən aparan adam onun öz qardaşı olub. Atışmada banditlər onu öldürüblər” – telefonda pulun tapıldığını deyən Savçenko bu sözləri də ağzından qaçırmışdı (Savçenko Savçenko olmazdı, əgər birinin üstünə beşini də qoyub ürəyini boşaltmasaydı) və deyəsən həmin andaca dediyinə peşman olmuşdu. Bərk-bərk tapşırmışdı ki, bax ha, onun özünə bir kəlmə bu barədə demə. – “Mən özüm də şoka düşdüm eşidəndə. Onun qardaşı olmamalıydı axı. Olmamalıydı! Detdom uşağıydı, hardan çıxdı bu elistalı qardaş! Sən demə varmış, hələ üstəlik atası da varmış. Əlil arabasında aciz-ayağıyox bir kişiymiş. Oğlunu şimala özü göndəribmiş. Göndəribmiş ki, getsin, qardaşı var orda, tapsın, tanısın, çətin gündə bir-birlərinə həyan olsunlar, arxa-dayaq olsunlar. Nə biləymiş ki, axırı belə olacaq. Sən demə, qumarda kalan borcu varmış oğlunun, ödəyə bilmirmiş, quyruğu qapı arasındaymış, sıxırmışlar. Yanına da adam salıblar ki, get, qardaşındı, kimdi, bilmirik, hardan tapırsan, kimnən alırsan, al, təki gətir pulu! Karoçe, doğ! Bu gözünə döndüyüm də, necə olubsa, heç tanışlıq da verməyib, çatan kimi qılığına girib evinə gedib qardaşının, yeməyinə dərman qatıb yuxuya verib, evdə nəyi var qəpiyinəcən silib-süpürüb aparıb... Yazıq ata... dəli kimi aparırmış özünü. Oğlunun meyitinin başında qol qaldırıb oynayırmış. “Toyunda oynaya bilmədim, deyirmiş, heç olmasa vayında oynayım!” Oynayıb, oynayıb, axırda, bıçaq gəzdirirmiş arabasında, çıxarıb ordaca ürəyinə saplayıb. “Mənə yaşamaq haramdı” deyib son nəfəsində. Sən allah, burasını demə ona, yetimdi, ürəyi qırıqdı, qoy heç bilməsin, – yenə dönə-dənə tapşırmışdı Savçenko. – Əsas puldu, o da tapılıb...”

“Necə yəni, əsas puldu?! O boyda atası, qardaşı ölüb, əsas puldu?! Belə çıxır ki, o pullar olmasaydı atası, qardaşı ölməyəcəkdi?! Onun pulları doğmalarının ölümünə səbəb olub?! Bunu necə gizləmək olardı ondan?! Əgər beləydisə, tapılan pulların nə xeyri, nə ləzzəti!.. ” – möhkəm içkiliydi Bulat, həm də yol yorğunuydu, ağır suallar içində huş apardı onu...

Onun isə gözünə yuxu getmirdi. Köhnə xasiyyətidi, nəsə bir şey haqda çox fikirləşəndə yata bilmir. Pulun tapılma xəbəri əməlli-başlı duyğulandırmışdı onu. Təsəvvür edə bilmirdi ki, bir seyf pulu kimsə gətirib təzədən ona versin. İnternatdan qalma köhnə adətidi: hamı yatandan sonra soyunub otağın içində bircə tumanda var-gəl eləməyi var. İşığı yandırıb – Bulat xorhaxorda idi – o baş-bu baş gəzinməyə başladı.

“Hər şey gəlib öz yerini aldı, – fikirləşirdi. – Pul da tapıldı, işləri də yoluna düşməyə başladı. Ayrat əkə, Sulucan bibi, Jora kimi saf, nəcib insanlara rast gəldi. Qismət olar, bir gün gedib atasını da tapar. Hələ bəlkə anasını da tapdı, kim bilir... O da axmaq-axmaq min gümana düşmüşdü. Qara-qura fikirlərlə başını xarab eləmişdi. Gic-gic şeylərə inanmışdı: “Bu murdarlığı yeddi nəsil yuyub təmizləyə bilməyəcək. Ta ki bu mənfur qövmün sonuncu erkəyi tapılıb eyni günah üstündə ölməyincə!..” Hansı kitabda yazılıb bu? Belə şey olar?! Günah da günah yuyar?! Dünyasında yumaz! Günah nə vaxtdan günah yuyan olub?! Yaxud: “Sən də məhkumsan... Açarlar səndədi...” Yalançının atabaatasına lənət. Belə çox bilirsənsə, adama deyərlər, niyə gedib öz gününü ağlamırsan?! Qoca ağsaqqal kişisən, nəvən yaşında gədələrə tazikdə su daşıyırsan...

Yaxşı ki, heç olmasa, Bulat vaxtında gəldi tapdı onu, hə. Yoxsa tək neylərdi?! Allah özü onu yetirdi dadına, broyler fabrikinin qabağıında göydən zənbillə salladı. Yoxsa... Axı Tümenə bu dəfəki səfərində Bulat söhbəti yox idi, – heç burasını dəqiq yadına sala bilmirdi ki, onun firmasında belə bir adda adam olub, ya yox, – əsas işi Qocaylaydı, o gözünə döndüyüm də...

Birdən pəncərə küncündə qorxunc, vahiməli bir qaraltıya sataşdı gözü! Hər şey bir göz qırpımında baş verdi və... aman Allah, bu nəydi belə! Şüşənin buzdan təmizlənmiş yerindən... bərəlib hədəqəsindən çıxmış bir cüt göz ona zillənmişdi! Qaranlıqda yaxşı görünməsə də, pəncərədəki adamın orta yaşlarında bir qadın olduğu şəksiz idi. Nə deyirdi o gözlər, İlahi, nə istəyirdi bu gecəyarısı ondan! Qorxuydumu o gözlərdəki, həsrət idimi, ya ehtiras, yalvarış idimi?! Bədəninin hər xırda qırışını gözlərilə yeyirdi qadın! “Tutulduğunu” hiss edib həmin an pəncərədən çəkildi. Baş boyda qaraltı qaldı yerində və həmin o qaraltı özü boyda daşa çevrilib ürəyinin başınnan dəydi, gözlərində qaranlıq çaxdı.

Vəssalam! Dünya-aləm bir ola, bircə gün də qala bilməz bu evdə. Günü elə sabah rədd olub gedəcəkdilər. İki dünya bir ola, – gedəcəkdilər!

Neçə vaxt idi yuxu görmürdü. Həmin gecə yuxusunda Sulucan bibini gördü. Gördü ki, yenə Uruflu göldü, amma bu dəfə suda batmayıb, əksinə, gölün üzü başdan-başa buz bağlayıb, o da Bulatladı, ya Savçenkoyla – burasını dəqiq anışdıra bilmirdi – buzu deşib suya qarmaq atıblar. Amma gün dönüb axşam olub, qarmaqlarına balıq gəlmir ki, gəlmir. Möhkəm dilxorçuluqdu. Onda Sulucan bibini gördü. Gördü ki, əlində dəmir çəmbərəli tor uzaqdan olara sarı qaçır, sevincək! Elə xoşbəxt görünürdü ki, sifəti ağappaq nura boyanmışdı sanki. Çatar-çatmaz əlindəki toru ona uzatdı: “Al, bununla tut, sınok.”

Toru hər suya atanda xırda balıqlarla dolu çıxırdı. O qədər çox idi ki balıq, yığıb-yığışdıra bilmirdilər. Tığlanıb qar üzərində çapalaşır, qaynaşırdı balıqlar...

***

Dedilər, Aysulu gəlib, hamı qapıya qaçdı.

Solğun bənizli sısqa bir qızdı. Arıq canıynan o boyda yolu təkbaşına gəlmişdi. Şalı, şərfi, kürkü – kipriklərinəcən qar içində idi. Arabadan düşəndə qardələn qar altından baş qaldırdı elə bil; iri, ala gözlərində bahar təravəti gətirmişdi Aysulu.

Evdəki yad adamlar onu bir an duruxdursa da, – göyərçin gözlərini tez-tez qırpıb sanki düşdüyü yeni situasiyanı dəyərləndirməyə çalışırdı, – anasının saysız suallarına başıyla “hə”, “yox” edib mehribancasına gülümsünürdü.

– Mənim ağıllı balam, mənim körpə quzum... – Sulucan bibi üstündə əsim-əsim əsirdi qızın, odun sobasının qırağında oturdub başına pərvanə kimi dolanırdı. Tumarlayırdı onu, əzizləyirdi, öpüb duz kimi yalayırdı.

Ayrat əkə isə sevindiyindən kirimişcə donub ortalıqda qalmışdı.

– Mən aparım maşının şey-şüylərini verim, – nəhayət ki, o, özünə gəldi, – iki gündü zapçast gözləyir motorist.

– Dayan, yolüstü Aysulunu da apar, qoy o yazıqnan görüşsün. Yəqin indi eşidib, gözü yoldadı. – Sulucan bibi dedi. – Bu uşaqlar bura gələndən bizdən qaçaq düşüb nəsə. Nə məsələdi, başım çıxmır. Təzə gəlindi elə bil fağırın balası, gərdəkdən çıxa bilmir. Hər dəfə gəlib qapıdan ciçç eliyib qayıdır. Get onnan tez görüş gəl, sənnən işim var, – Aysuluya dedi.

Ayrat əkə qayıdan kimi Sulucan bibi ona hamam qalamağı tapşırdı: “Sabah maşın düzələcək, camaat töküləcək qapıya, baş qaşımağa macal olmayacaq, qoy indidən çimib əldən çıxsınlar” – özü də bir yerdə rahat oturmurdu. Qolunu çırmayıb bəlkə bir toyun yeməyinə tədarük görürdü.

Joranın hamamına çatmasa da, Ayrat əkənin də hamamı bəd deyildi, əlavə dəm-dəsgaha ehtiyac olmadı, yaxşıca çimib süpürgələnib çıxdılar. Onlar çıxana bibinin yeməyi də hazır idi. Yenə süfrə açıldı və yenə “aldavaylar” başladı...

Aysulunun qayıtmağı da çox çəkmədi, – Joranın arvadı onu gətirib özü yenə qapıdan dönmüşdü, – əyin-başına, üz-gözünə deyəsən yüngülvari əl də gəzdirmişdi. Çiçək açmışdı qız. Sifəti çıraq kimi alışıb yanırdı. Saf-cingiltili səsi ətrafa su kimi səpələnirdi, anasının hər buyruğuna quş kimi yüngül uçurdu.

– Necə də Sellaya oxşadı, şef. – Bulatın yavaşcadan qulağına dediyi söz əllərini üzündə qoydu. Deyir axı, bayaqdan kiməsə oxşadır onu. Sella! Əlbəttə ki Sella. Niyə axı özü tapa bilməyib bu sadədən də sadə oxşarlığı. Özü də necə oxşayırdı! Elə bil bir almanı iki bölmüsən. Düzdü, Sella bir az ağyanız idi, boydan da azca qəlbi olardı, amma qalan şeylər, – oturuş, duruş, göz, qaş... – eyni e, eyni. Təkcə heç zahiri bənzərlikdə də deyildi iş, onun gözlərində elə bir sirli cazibə var idi ki, – eynən Selladakı kimi, – hər baxışda ürəyini yuxadan nazik eləyirdi. Min yol söyüb məzəmmət elədi özünü: camaatın halalca arvadıdı, bəsdi, ayıbdı... Amma kimə deyirsən! Asyanın əsrar dolu gözləri hər baxışda ağlını başından alırdı. Uruflu gölün içindəki bulud kimi əl-qolunu çatılayıb ixtiyarsız edirdi. Və bu gizli göz-qaş deyəsən Sulucan bibinin nəzərindən yayınmamışdı. Hətta bir an ona elə gəldi ki, qaşlarını çatıb aralıdan ona barmaq da silkələdi bibi: “Nu-nu-nu!” Amma yox... bu gizli curlaşma deyəsən onun ürəyindən idi...

Özünü dərhal ələ almalı, yığışdırmalıydı. Siqareti yandırıb təmiz havaya çıxdı. Görünür axır vaxtlar mülahizə qabiliyyətini itirmişdi. Hamısı içkinin təsirindəndi. Bura gələndən elə gün olmadı ki içməsinlər. Səhər-günorta-axşam, gündə üç dəfə içirdilər. “Aldavay, aldavay, aldavay...”. Nə qədər “aldavay” olar görməmiş kimi! Nə olsun, nə həşirdi! Axırı da bu. Səhər güzgüyə baxanda özü özünü tanımamışdı: sir-sifət tamam ağarıb, meyit rəngində, əl-ayaq şişib, dəridə elastiklik itib, barmağını hara basırsan orda batığı qalır. Elə Bulat özü də, xəstə mədəsiynən o qədər dümləmişdi çəkilmə araqdan, gözlərinin altı lalıxlayıb dəymiş əzgilə dönmüşdü. Maşın tez düzəlsə çıxıb rədd olardılar, hə. Ayrat əkənin deməyinə görə uzağı sabaha hazır olacaqdı. Motorist söz veribmiş ki, gecəni də olsa, işləyib maşını təhvil verəcək. Elə olsa əla olardı. Pul da tapıldı, indən sonra nə itləri azıb burda. Ətə əlacsızlıqdan gəlmişdilər, – həm də bekarçılıqdan, – sərhəddə karantin ola-ola özlərini niyə riskə atmalıydılar ki.

Uzaqbaşı camaatın kəsdiyi malın zərərini ödəyər...

Amma Aysulu! Hardan gəldi çıxdı bu qancığın törəməsi bura. Bir baxışla əl-qolunu çatıladı, dustaq eləyib atdı ora. Elə istəyirdi çağırıb yapışsın yaxasından: “Sən kimsən axı, Aysulu? Niyə gəldin bura?! Ikicə gün də gec gələydin, nolardı! Mən də rahat çıxıb gedərdim öz cəhənnəmimə...”

İçəri keçəndə Ayrat əkəni yemək stolunun arxasında “sönmüş” gördü. Başını sinəsinə sallayıb ordaca yatmışdı. Sulucan bibi onun leşini sürütləyib atdı yerinə.

Bulat da çox oturmadı, tezdən qaraja getməliyəm, deyib yatmağına getdi.

– Hamam soyumamış biz də gedək çimək, qızım. Bu cavan oğlan da biz gələnə yaxşı bir çay dəmləyər.

Sulucan bibinin zarafatına Aysulu çönüb ona baxdı, gülümsündü.

Hamı dağılışandan sonra özünə çappada yenə araq süzdü, heçnəsiz çəkdi başına. Arağın adına baxıb – “Çar Edip” – mənalı gülümsündü; hansı “savadlı” tapıb görən arağa bu adı. Sonra bir çappa də süzdü. Bu gecə də rahat yata bilməyəcəkdi, indi də Aysulunun fikri məşğul edəcəkdi beynini. Özü də necə! Hardan gəldi çıxdı bu şeytanın törəməsi bura. Bütün ağlını, ixtiyarını əlindən aldı. Amma cəhənnəm olsun hər şey, Aysulu da, o biri də, bu biri də. Bu gecəni də birtəhər yola verib cıracaqdılar aradan. Yoxsa havayı yerdən dəli eləyəcək özünü. Gecəki hadisədən sonra onsuz da burda qalmağın adı yox idi.

Kim idi onu pəncərədən pusan?! Onun çılpaq bədənində nə gəzirdi anası yaşda arvad...

Kürəyində qaynar hənirti hiss elədi, cəld çönüb ayağa qalxanda, qarşısında Sulucan bibini gördü. Qıp-qırmızı qızarmışdı arvad, hamamdan sonra sir-sifəti, boyun-boğazı tamam pörtmüşdü. Həm də möhkəm tövşüyürdü. Sanki hansısa utanılacaq hisslərinı gizlətməyə, boğmağa çalışırdı, bacarmırdı; dopdolu qarnının üstdə quyruq kimi yırğalanan iri, sağlam döşləri onu rəhmsizcəsinə ələ verirdi; sovulmaqda olan bostanın bal tutmuş şamaması tək aralıdan gəl-gəl deyirdi. “Elə də çox yaşı yoxmuş ki bunun, köklük yaşlı göstərirmiş yazığı” – elektrik kimi bədənindən, beynindən keçən cimiltidən özü də ürpəndi, neçə vaxtdı ana mehri saldığı bu sadədil qadının anlaşılmaz halı ona təhlükəli gəldi. Vəziyyətdən çıxmaq üçün nəsə bir söz deməliydi. – “Çay hazırdı, Sulucan bibi, süzüm içirsiz?” – dedi.

– Apar bunu ver Aysuluya, sınok, – kül altındakı közə su atdın elə bil, boğuq fısıltı çıxdı o yekəlikdə qadından, əlindəki məhrabanı ona uzatdı. – Hamama dəsmalsız gedib qarabəxt...

Qulaqları guppuldadı, gicgahları ürək kimi döyünməyə başladı. Məhrəbanı alıb, nə nanəcib adam idi, onu ölümün bircə addımlığından almış bir kişinin evində – nə olsun ki, dəmləşib açarın itirmişdi o – sinəsində dağ seli kimi çağlayan ehtiras hamama sarı cumdu...

– Kimdi? – qapını döyən kimi Aysulu içəridən səsləndi.

– Mən... – öz səsi özünə yad gəldi.

Bir müddət içəridən səs-səmir çıxmadı, sonra suyun da səsi kəsildi, dərin bir sükut çökdü qaranlığa. Məhrəbanı qapının ağzına qoyub, gec deyildi, dönüb sakitcə qayıda bilərdi, qapının yüngülcə cırıltısına dizləri boşaldı. Qapı aralandıqca içərinin sarımtıl işığına bulaşmış dumanın ilığı nəfəsinə dəydi, üz-gözünü, boyun-boğazını öpüb-yaladı, bədəninə yayıldı, axıb bütün ruhuna hopdu. Bir tərəfdən arağın məxməri məstliyi, bir tərəfdən hamamın ilıq nəfəsi, bir tərəfdən də... Qapı ağzında bircə nazik xalatda dayanmışdı Aysulu! Tək bircə xalatda! İslanıb bədəninə yapışmış nazikcə xalatı oydu ki qadınlıq məqamına yenicə yetişmiş, kişi əllərinə, kişi nəfəsinə, kişi qüdrətinə təşnə bir vücudun girinti-çıxıntılarını, qabartılarını aydınca göstərməyə xidmət edirdi. Soyuqdandı, ya həyəcandan, əsim-əsim əsirdi qız. Əllərilə xalatının yaxasını bərk-bərk sıxıb ürkəkcə titrəyirdi. Göyərmiş dodaqları şikarçısından imdad diləyirdi...

Barmağının bircə toxunuşuna titrək bədəninin “qapıları” üzünə açıldı. Əvvəlcə əlləri, sonra dodaqları yaş saçlarında gəzdi, islaq dodaqlarına toxundu, nazik xalatının üstündən, sonra altından sısqa bədənini tapdı... Yerindən quş kimi götürüb, – bircə xalatı da sürüşüb düşmüşdü əynindən, – qolları üstündə aparıb hamamın üçpilləli taxtının üst qatına qondurdu...

“Yox, burda yox, burda yox, indi yooooxxx...”

...Gördü ki, eyni yuxunu təkrar görür. Müqəddəs göl yenə buz bağlayıb, buzu deşib gölə qarmaq atıblar, – Savçenkoyladı, yoxsa Bulatla, yenə dəqiq müəyyən edə bilmirdi, – və tərs kimi qarmaqlarına balıq gəlmir. Sonra aralıdan olara sarı yüyürən Sulucan bibini gördü. Yaşına, çəkisinə yaraşmayan bir yüngüllüklə... uçurdu o. Hə, uçurdu, sifəti sevincdən nura qərq olmuşdu, bəm-bəyaz. Çatar-çatmaz əlindəki məhrəbanı ona uzatdı: “Al, bununla tut, sınok”. Məəttəl qaldı ki, məhrəbayla necə balıq tutmaq olar. Əl uzadıb onu götürəndə baxdı ki, məhrəba yox, əl tilovudu, – dəmir çəmbərəli, bərk ipdən toxunma tor. Hər suya atdıqca xırda-xırda balıqlarla dolurdu tor. Hər atıb çıxaranda ağzınacan dolu gəlirdi. Bir də baxdı ki, hər tərəf balıqdı, qar üzərində arı kimi qaynaşır balıqlar. Amma bu balıqların içində, gördü ki, bir balıq da var, ip-iri, yalan olmasın adam boyda, çapalayıb, quyruq çalıb öz doğma yuvasına – suyuna qovuşmaq istəyir. Dəhşətli dərəcədə peşman oldu o balığı sudan çıxardığına. Ən pisi isə o idi ki, o balığı qaytarıb suya atmaq istəsə də, ata bilmirdi; əli-ayağı özünün deyildi elə bil, yerindən tərpənə bilmirdi. Görəndə ki, bu balığın gözləri... İlahi, balığın gözləri... qoyun gözləri idi! İt kimi peşman oldu onu sudan çıxardığına. Onsuz da bu balığın əti yeməli deyil, öz-özünü söydü, insan əti kimi şirindi, – guya insan ətinin tamını bilirdi! – nəyinə lazım idi onun bu balıq!..

Yatıb yenə günortaya qalmışdı. Çöldəki səs-küy, izdiham ona “qalx” desə də, başını balışın altına bir az da dərin soxdu. Gecə hamamda baş verənlərin yuxu yox, acı reallıq olduğunu dərk etdikcə utandığından bilmədi neyləsin. Nə qələtdi eləmişdi o! İndi nə üzlə baxacaqdı Ayrat əkənin gözlərinə. Jora gələndə üzünə necə çıxacaqdı. Nə olsun ki, oların heç nədən xəbəri yoxdu. Bəs onun öz vicdanına, kişiliyinə nə gəlib.

Allahdan indi tək bircə arzusu vardı: yer aralansın, girsin yerə, vəssalam.

Kimin xəbəri olmasa da, Bulat bic-dürrəyin biridi, o nəsə hiss eləyər; tezdən qəsəbəyə gedəndə iki daşın arasında onu dümsükləyib neştərini sancmışdı: “Gördün, şef, deyirdim axı, hər şey yaxşı olacaq...”

Bir daha təəccüb elədi ki, Bulat hər şeyi bilir.

– Dur, şef, dur, özünü yatmışlığa vurma, – yenə çəkib yorğanını başından atdı, – millət qapıda bizi gözləyir, Jora da gəlib, dur.

Maşını evin arxasındakı genişliyə verib işlək vəziyyətdə saxlamışdılar. Bir qələbəlik vardı maşının başında, gəl görəsən. Ayrat əkə tərəzi qoyub əti qapandan keçirir, – iki daşın arasında tonluq tərəzini hardan tapıb gətirmişdilər! – yerindəcə pulunu sayıb, konteynerə yüklətdirirdi. Hamının üzü gülürdü, hamı razı idi.

– Bir buna bax, şef, – donmuş cəmdəklərin arasından təzə kəsilmiş kök çoşkanı ayırıb ayrı qoymuşdu Bulat – konteynerə atmağa adamın heyfi gəlir. Günahdı e, vallah, günahdı. Gəl bunu da bu gün yeyək, sabah obaşdan çıxarıq, bu gün onsuz da gecdi...

– Bir şərtlə, – onun belə həvəslə razılaşacağını heç Bulat da gözləmirdi, – kababı özüm bişirəcəm.

Əti özü doğradı, duzunu, istiotunu səpdi. Kənd kişiləri də sanki bir himə bənd imişlər, hardansa tez quru odun tapıb gətirdilər, manqal qaladılar, stol gətirib qurdular. Kimin gümanı nəyə gəldi, gücü nəyə çatdı, daşıdı tökdü stolun üstünə. Yarımca saatın içində Ayrat əkənin həyətində bir qonaqlıq hazır oldu ki!

Xoşbəxtlikdən heç kimin əti əlində qalmamışdı. Ağzınacan təpili-tıxalı konteynerin ağzını bağlayıb yola hazır qoymuşdular.

Şaxtalı havada manqal üstündə yeyib-içməyin ləzzəti bir başqaymış; buz kimi araqdan dümlədikcə gözlərində qış bahara çevrilirdi. Sifətini ilk dəfə gördüyü adamlar ona elə doğma gəlirdilər ki! Arada kimsə gedib qarmon da tapdı gətirdi və təzədən bir həngamə, bir çal-çağır başladı, gəl görəsən. Qocalı, cavanlı az qala bütün kənd tökülüşüb gəldi səsə. Bundan sonra Ayrat əkənin həyətində baş verənlər məhsul bayramını xatırladırdı və bütün bu işlərin başında təbii ki, Sulucan bibi özü dayanmışdı. Bir yerdə dinc oturmurdu adam, ələ-ovuca sığmırdı, ordan vurub, burdan çıxır, hərəyə bir iş tapıb yerli-yersiz göstərişlər verirdi. Sanki bütün prosesi təkbaşına idarə edirdi. Arada gəlib onun qulağına xəlvətcə – və məhrəmcə – pıçıldadı ki, narahat olmasın, bir azdan Aysulu da gələcək: “Sizin paltarları apardı, yola hazır eləsin...”

Hava şaxtalı olsa da, yetişməkdə olan baharın həniri yavaş-yavaş duyulurdu. Divarda qapı başından asılmış öküz kəlləsini yalnız indi gözü aldı və məəttəl qaldı ki, bu yekəliyində başı indiyəçən burda niyə görməyib. Manqalın istisi vurduqca sanki canlanırdı kəllə, qarı-buzu əriyib ağzının qırağından damcılanırdı. Hətta bir an ona elə gəldi ki, diridi öküz, Ayrat əkənin həyətindəki gəlhagələ baxıb ağzının suyun axıdır.

Buz araqdan içdikcə boyat kefliliyin dumanı çəkilir, beyni-başı açılır, aydınlanır, aydınlandıqca isə cismi, ruhu sanki ağırlaşırdı; gecə hamamda baş verənlər yaddaşında bərpa olunduqca içindəki bulanıq, qatma-qarışıq hisslər arınıb məşum bir şübhəyə çevrilirdi. Ətrafdakı çal-çağırdan, kef-damaqdan onu ayırıb dibsiz, qaranlıq bir uçurumun ağzına itələyidi...

Gecənin bir vaxtı ayılıb yad, koordinatsız bir fəzada – məhcul bir qaranlıqda tapmışdı özünü. Arxası üstə xeyli hərəkətsiz qalıb, zülmət qaranlığın lap dərinliyindən dağınıq işığı fokuslandırıb bir nöqtəyə gətirincə gümanı onu min yerə aparmışdı. Tövlənin “gül ətri” yavaş-yavaş arındıqca, yuxusuna haram qatılmış atların, inəklərin siluetləri tanışlandıqca hissi-həyacanı birə-beş artmışdı; hardan gəlib düşə bilərdi o bura?! Yoxsa əl-qolunu bağlayıb, döyüb samanlığa atmışdılar onu?! Gözlərini tədricən qaranlığa öyrədib ətcə quş balası kimi yanında büzüşüb qalmış Aysulunu, bir tərəfdə isə ağnaqdan əzilib qırış-qırış olmuş ağı-ədyalı görəndə – it çeynəyindən çıxmışdı sanki ağ – keçirdiyi hisslərin ağırlığından basılıb balacalanmışdı. Ən dəhşətlisi oydu ki, başa düşdü ki, kimsə əvvəlcədən hazırlıq görüb bu işə. Əməlli-başlı. Bir tərəfdən də... hardansa anlaşılmaz bir qoxu gəlib qonmuşdu burnuna, nə illah eləsə də, onun nə iy olduğunu ayırd edə bilmirdi. Quru küləşin kövşən qoxusu da, tövlənin hansısa küncündən – sidik çalasından qalxıb adamın beynini deşən kəskin, gözyaşardıcı qaz da, gecə səhərəcən samanlıqda axıtdıqları tər-torumun həlməşik iyi də bu duyulmaz qoxunu burnundan qova bilmirdi. Nə iy idi bu iy, İlahi?! Nə istəyirdi bu nisgilli, nigaran, ipək təki yumşaq, məlhəm, ilıq iy ondan?!.

“Nədən bu qədər peşmansan? Joraya görə? Qorxma, o mənim atam deyil...” – onu dərin məyusluq içində görüb bir az da yaxınına gəlmişdi Aysulu, cüssəsiz, tərli ətini onun ətinə yapışdırmışdı, – “Məni burda tək qoyma, nolar, gedəndə özünlə apar. Elə bilirəm sənnən başqa kimsəm yoxdu dünyada. Bir anamdı, o da ki... Sən onu tanıyırsan, qardaşımın dərdi dəli elədi onu, Joranın arvadı...”

Tövlədən çıxıb məşum bir çarəsizlik, yolsuzluq içində qaçıb qaldıqları otağa qapılmaq istəyirdi. İstəyirdi ki, heç kəs onu görməsin, heç kim heç nə soruşmasın, heç kim heç nə deməsin, – gecə baş verənlərdən heç kəs xəbər tutmasın. Obaşdanın alaqaranlığında, yuxunun ən şirin vaxtı Sulucan bibini əlində taxtadan iri kürək qarşısında dik görəndə quruyub yerindəcə qaldı. Tək bircə xalatda tövlənin cığırını canı-dildən təmizləyirdi Sulucan. Oxuya-oxuya! Qar-sazaq heç elə bil adamın vecinə deyildi; öz enerjisi özünə bəs idi. Sir-sifəti alışıb-yanırdı. Yuxusundakı kimi işıqlı, nurlu idi Sulucanın çöhrəsi. Rahatlanmış, dincəlmiş halını ifadə edirdi. Onu görcək anormal bir gülmək də güldü Sulucan, – hallı-havalı...

“Görüm əmcəklərin yansın sənin, belə arvad! Tökülsün əmcəklərin! Bütün bu işlərin başında duran sən olmadınmı...”

Nə illah eləsə də, gecəki təsiratından ayrıla – ayıla bilmirdi. Yoxsa neçə vaxtdı yuxusuna girib onu qarabaqara təqib edən, hisslərini təlatümə gətirən bulud yol tapıb real həyatına sızmışdı?! Ətrafındakı kefli adamların çıxardıqları min cür məzəli oyunlar – pəstahalar da ala, çıxara bilmirdi onu nəhs ovqatdan.

Bir tərəfdən də bu iy, İlahi! Hardan gəlib bitmişdi bu axmaq-anlaşılmaz iy burnunda. Nə istəyirdi axı ondan?! Nə vermişdi ki, ala bilmirdi?! Ana südünün qoxusuydu yoxsa bu?! Ana südü, hə, əlbəttə! Anasının südü! Niyə indiyəcən tapa bilməyib bu sadə, məlhəm qoxunu burnunda! Əlbəttə ki, ana südü – doğma can iyi! Oydusa, bəs niyə rahatsız edirdi onu bu doğma iy! İllərdi həsrətində olduğu iy! Yoxsa, nəsə başqa bir şey də var idi?! Elə bir şey ki, gecədən burnuna dolub onu sakitləşməyə qoymurdu.

Bəlkə qan iyi?! Ana südünün qoxusuna qarışmış... doğma qan iyi! Tfu!

Gözləri hələ də qapı başından asılmış öküz kəlləsindəydi və yalnız indi fikir verdi ki, ağzının qırağından damcılanan yaş öküzün gözlərinin dibindən süzülüb gəlir. Ağlayırdı buğa. Əməllicə-başlıca adam kimi göz yaşlarını töküb ağlayırdı.

...nəsə qarışıqlıq düşdü, – dedilər, Joranın arvadı yıxılıb özündən gedib, – havadan dilxoredici səs asıldı. Adamlar sanki birdən-birə başqalaşdı, yadlaşdı, bir-birlərindən uzaqlaşdı, hava, daş, divar bozardı... “Evi yıxılanın qızı, yenə noldu buna”, üç-dörd arvad əli başında Joragilə qaçdı.

Joranın özü isə, – görünür o, bu işə öyrəncəli idi, – heç qımıldanmadı da.

Joragildən bozaraq qayıtdı Sulucan, heç kimə heç nə demədi, heç kimin üzünə baxmadı, qırt toyuq kimi qanadlarını gərib düz onun qabağında qabardı. Yerində yarım çevrə cızıb əlindəki şəkli – paltarlarını təmizləyəndə necə olmuşdusa atasının`şəkli keçmişdi əllərinə – onun gözləri önündə əsdirməyə başladı: – Bu kimin şəklidi, hə, sənnən soruşuram, kimin şəklidi?!

Yiyəsiz dərədə ac qurdla göz-gözə qalmışdı elə bil. Bütün bədəni süstəldi, dili-ağzı kilidləndi. Atamdı, demək istəyirdi, di gəl deyə bilmirdi, nitqi tutulmuşdu. Eyni sualı bəlkə on dəfə təkrarladı Sulucan. “Atandı, eləmi?!” – yaxasından tutub darta-darta içəri apardı onu, əlində gətirdiyi bağlamanı tələm-tələsik açıb içindən başqa bir şəkil də çıxartdı: – “Bəs onda bu kimdi?!”

Donub qalmışdı. Necə gəlib çıxa bilərdi atasının şəkli bu evə! Necə?! Eynən Petroviçin verdiyi şəkildən idi, amma bu, bütöv, salamat idi.

– Atamdı... – bu dəfə ancaq ki cığıltısı eşidildi.

– Bəs sən deyirdin atam kimyaçıdı, hə?! Alimdi?!

– ...

– Yox, bu sənin atan deyil, Aysulunun atasıdı, bildiiin?! Aysulunun!!!

Qeyri-ixtiyari dartıb fotonu əlinə aldı. Həmən ağ yerli, noxudu köynəkdəydi atası. Həmən gur, qara-qıvrım saçlar, həmən şəvə bığ... Atasının yanındakı cavan gəlin isə... Onun gözlərini şəkildə görəndə beli ortadan çat verdi; fotodan arın-arxayın, sakitcə, mehriban ona baxan qadın pəncərədəki havalı qadın idi, hə, – pəncərədəki qadın! O idi, əlbəttə, iki dünya bir ola, o həsrətli baxışları yaddan çıxarmaz, başqasıyla səhv sala bilməz! Bir uşaq da vardı qucaqlarında, ikisinin arasında. Göz yaşları imkan vermədi ki, uşağın sifətinə diqqətlə baxa bilsin. Fotonu arxası üzünə çevirib sozalmış, rəngi qarışmış köhnə yazını güclə oxuya bildi: “Aysulu, altı ay...”

Sulucan bibinin iniltisini ortalıqda qoyub dəli kimi otaqdan çıxdı. Heç kimin üzünə baxmadı, heç kimə heç nə demədi, bircə Bulata “sür, gedirik!” deyə bildi.

– Hara sürüm, şef, içkiliyəm axı...

– Sür dedim! – necə bağırdısa, özü özünü tanımadı.

Yük dolu maşın beton yola çıxıb ağır-ağır sürət götürdü. “Təzə yığılmış motordu, bunu abkatkasız sürmək olmaz, gücə salmaq olmaz...” – öz-özünə donquldanırdı Bulat. Kənddən təzəcə aralanmışdılar ki, nə oldusa, bütün çəkisini maşının əyləcinə saldı. – “Joranın arvadı, şef!”

– Sür, neynirsən, sür, dayanma, tez elə!

Yaxa-baş açıq, ayaqyalın maşının dalınca qaçan qadını güzgüdə o da görmüşdü. Ağ, dağınıq saçlarını qar-dumanın tozuna qatıb dəli kimi qaçırdı. Çəlimsiz, heysiz cüssəsində inanılmaz güc tapıb qaçırdı, yıxılıb, durub təzədən qaçırdı. Əl edib, çağırıb nəsə anlatmağa çalışırdı...

– Sür, tez elə sür!!!

Bir an ona elə gəldi ki, pəncərədə gördüyü qadın deyil, köhnə yurd yerlərində bir vaxtlar onu hədələyib qovmaq istəyən Havalı qarıdı arxalarınca qaçan, – ağ-pırpız birçəkli, pırtlaşıq saçlı, illacı kəsilmiş...

***

Bütün işıqları sönülü, səsini içinə salıb, qar işığında oğrun-oğrun irəliləyirdi maşın. Sərhəd postunu görməmək üçün Bulat gecəykən meşəliyə – kənd yoluna salmışdı maşını. Əsas yoldan ayrılmış bu yol hesabla beş-on evlik balaca bir kəndə aparacaqdı oları. O kənddə Bulatın köhnə tanışı var, hava işıqlaşmamış ora çatsalar, başlarına bir çarə qılacaqdılar. Həm də ora artıq Rusiya ərazisi sayılır; sərhəd problemləri də öz-özünə həll olacaqdı. Yoxsa indi bir sərhədçiyə, yaxud bir “paqona” rast gəlsələr, vəssalam, işləri bitdi; it də getdi, ip də. Sərhəd pozuçusu kimi tüfəngin qabağına verib əlli-ayaqlı aparacaqdılar. Üstəlik kənddən çıxanda elə çıxmışdılar ki, bütün sənədləri – “prava”, “texpasport” – hamısı Joragildə qalmışdı. Paltarların cibində. Heç nələrini götürə bilməmişdilər. Sənədsiz haracan gedə bilərdilər ki. “Bircə o andır kəndə tez çatsaydım, atardım açarları bunun üstünə, – kabinanın bir küncündə qısılıb qalmış adam heç elə bil dünənəcən ağız dolusu “şef” dediyi adam deyildi, yoldan ötən acın-gicin biriydi. – O maşın, o da sən. Hara gedərsən özün bilərsən. Mənimki bura qədər idi, vsyo”.

Acı bağırsaq kimi uzandıqca uzanırdı yol, bitib tükənmək bilmirdi.

“Deyəsən heç yolu düz dönməmişəm axı...” – gecənin qaranlığında əsas yoldan oxşadıb burulduğu yol, bir də baxdı ki, meşənin ortasında yönü-yöndəmi bilinməyən, dar-dolanbac labirintə çevrilib, neçə saatdı yol gedirlər, nə bir işıq ucu görünür, nə bir dam-daş. – “Yoxsa meşə işçilərinin yoludu bu, tfu!” – adətən odundaşıyan maşınlar kəsib hazırladıqları ağacları meşədən belə yolla çıxarırlar; meşənin hansı dərinliyinə, hansı qalınlığına gedir bu yol, bir Allah bilir. Belə çox getməyin mənası yox idi, ziyanın yarısından da olsa qayıtmaq lazım idi. Amma belə dar yolda maşının ağzını geri döndərmək müşküldün də müşkül, riskli bir iş idi; təkər azcaca yoldan çıxdımı, vəssalam, orda da batıb qalacaqdılar. Elə də oldu. Arxaya verib dönmək istəyəndə maşının təkərləri qara girdi, qaz verib eşdirdikcə bir az da dərinə getdi, ağır maşın ramaqarışıq qara oturdu. “Tfu, tfu, tfu!” – yumruqlarını sükana döyəcləyib özünü o ki var söydü. Söydü, söydü, sonra çarəsiz başını sükana qoyub bir xeyli fikrə getdi. “Bu nə işdi düşdüm, Allah, bu nə saatdı! Nə günah işlətmişəm ki, gətirib bu yiyəsiz cəngəlliyə saldın məni! Hamısı öz ağlımın ucbatından, heç nə! Bir dəfə ölümün əlindən almışdın məni, heyvan kimi yenə özümü gətirib soxdum bataqlığa. İndi bu sahibsiz meşədə kim tapacaq bizi, heç kim! Bəlkə tapsa sərhədçilər tapa, o da hələ donmayıb sağ qalsaq...”

Fikirdən ayılanda özünü maşının kabinasında tək gördü. Sərnişin tərəfin qapısı yarımaçılı, yeri bom-boş idi. “Hara getsə it kimi titrədib qayıdacaq, eybi yox. Bu qar-qiyamatda hara gedə bilər ki!”.

Tərslikdən maşının yanacağı da tükənməkdə idi, “datçikin” sarısı iblisanə şəkildə göz vurmağa başlamışdı. İndiki şəraitdə yanacağa qənaət etmək lazım idi. Mühərriki söndürüb arabir işə salmalıydı ki, həm sistemi şaxta vurub dondurmasın, həm də içəri az da olsa havalı qalsın. “Görsən çox üşüyürsən, maşını xodda” – gözəyirdi ki, o qayıtsın, sözünü tapşırıb özü texnika dalınca getsin; nəsə bir hərəkət etmək lazım idi, başqa yol yox idi.

Amma nə qədər gözləsə də ondan bir xəbər çıxmadı.

Meşənin lal nəfəsi doldu içinə, beyin-başına...

Hardansa uzaqlardan, lap uzaqlardan eee, bəlkə də ona elə gəlirdi, tək-tək it səsləri eşidilməyə başlamışdı; gecənin bu vədəsi ya bekarçılıqdan, ya axmaqlıqdan hürüşürdü itlər... “Yəqin ferma var yaxınlarda, ya da nəsə yaşayış var. Bəlkə də sərhədçi itlərinin səsidi bu, hə. Yəqin iy çəkiblər, duyuq düşüblər.” – öz-özüylə danışırdı, başqa kim vardı ki, kimlə danışa. – “Cəhənnəmə olsun hər şey, onsuz da başqa çarə yoxdu” – əlinə keçəndən əyninə taxıb, altdan-üstdən bərk-bərk geyinib qapını açdı.

Nə bir yol vardı, nə bir iz, gözlərini yumub səsə səmt gedirdi.

İt hürən tərəfə...

***

...gördü ki, Uruflu gölün buzu nəzilib, şüşə kimi, azca güc versə, yüngülcə itələsə sındıracaq; gölün dibsiz əsarətindən birdəfəlik xilas olacaq. Alnını, burnunu, üzünü dirəyib həsrətlə buzun o üzünə – göylərə baxırdı, istəyirdi tez qurtulsun bu havasız, qaranlıq zindandan. Onsuz da sıxıntıda idi, özüylə bərabər gölün içində Aysulunu görəndə lap dəli oldu. “Uyy, uyy, uyyyy! Mənim körpə bacım uyyy! Mənim körpə Aysulum, uyyyy! Sənin nə işin var axı burda! Sən hardan gəldin çıxdın bura, uy-uy-uy-uy!” Dəhşət burasındaydı ki, şəkildəki paltarındaca, şəkildəki çağa yaşındaca yanına gəlmişdi Aysulu, qollarını açıb ona sarı qaçırdı, ondan imdad diləyirdi: “Məni burda qoyma, qardaş, özünlə apar. Sənnən başqa kimim var ki!..”. “Tez çıx get burdan, tez, tez! Gəl qaçaq burdan, ver əlini!” Təndir kimi odunda, alovunda bişirirdi oları su, alışıb bütün üst-başlarını yandırırdı. “Hər ikimiz kor ehtirasın qurbanı olduq, uyyy, mənim körpə quzum, uyyy!..” – göz yaşları içində alovlardan dartıb çıxarmağa çalışırdı onu... baxdı ki, gölün içindəki buludmuş əlindən tutduğu, hə! İşə bax, o yekəliyində bulud kiçilib, balacalanıb qol boyda çağaya dönmüşdü! Başa düşdü ki, bu yazıq da dustaqmış ölü suda. Səbri lap daraldı, hirsi-hikkəsi bir az da artdı, basıb var gücüylə parçalamaq, dağıtmaq istədi buzu. Diziylə, dirsəyiylə yumruqladı, təpiklədi... Qapının buz kimi soyuq dəstəyinə əli toxunanda isə... yuxusunda yuxudan ayıldı, başa düşdü ki, bayaqdan əlləşib qırmaq istədiyi... maşın qapısıymış. İstəsə, asanca qapını açar. Açdı da. Əyin-baş nazik, – kim idi yuxuda əyin-başa fikir verən – bircə yüngül sviterdə maşından düşüb, hardasa lap uzaqlarda, meşənin dərinliyinə döğru – Tura çayının sahilinə oxşadırdı o yeri – bir topa işıq ağarırdı, o işığa sarı gedirdi. O işığa can atırdı, o işığa yerikləyirdi. Ahənrüba kimi dartırdı onu o işıq. Qasığınacan qar içində diziylə, dirsəyiylə qu tükü kimi yumşaq qarı yarıb gedirdi. Sevincək, istəkli; başa düşürdü ki, heç bir sahil onu bu məşumluqdan xilas edə bilməyəcək.

Tura çayının sahilindən başqa...

– Məni niyə qoydun öləm, baba? – getdikcə Tura çayının sahilində günahlarından arınmış, çöhrələri nur saçan pak, doğma adamlara çevrilirdi o işıq və bir an ona elə gəldi ki, o adamların arasında Qoca da var, uzaqdan əl eləyib onu israrla yanlarına çığırır...

***

Obaşdanın alaqaranlığında axıb pəncərələrindən içəri dolan gur işıq seli yuxularından elədi sadomorluları, maraq içində əyinlərinə hərə bir şey taxıb tələsik küçələrə axışdılar. Məbəd həyətinin üstündə gördüklərindən damarlarında qanları dondu; illərdi qara ləkə kimi üstlərindən əksik olmayan bədheybət bulud yerində yox idi! Əvəzində pam-parlaq, yüm-yüngül, bəm-bəyaz bir bulud asılmışdı – ağı göz qamaşdıran! – İrili-xırdalı buludlar da, baxdılar ki, ordan-burdan, bəlkə min yerdən axışıb o buluda sarı gəlir. Ağ-ağ quzular kimi, mələşə-mələşə; sürüdən qayıdan analarının üstünə buraxmışdılar sanki balalarını. Qovuşub, qarışıb elə bir nəhəng bulud əmələ gətirdilər ki göy üzündə, bütün Uruflu gölün, Sadomorun, qalan ətraf kəndlərin üstünə tər-təmiz, bəm-bəyaz, ləkəsiz ağ mələfə kimi çəkildi. O təmizlikdən, o bəyazlıqdan hər kəsin evinə, dam-daşına, üst-başına, qəlbinə, çöhrəsinə nur çiləndi, rahatlıq, arxayınlıq hopdu.

Sonra ağır-ağır Tura çayına tərəf süründü buludlar.

Çayı keçincə səmanın bilinməz rənginə qarışıb vardan yoxa döndülər...

Image result for mübariz örən

# 6293 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #