Sahil bağındakı üç qızın hekayəsi REPORTAJ

Sahil bağındakı üç qızın hekayəsi <span style="color:red;">REPORTAJ
26 avqust 2015
# 08:00

Ayxan Ayvaz

Sahil bağı, köhnə “26-lar komissarı” olan park. Bir vaxtlar bura Sovetin qalığı kimi görünürdü, indi isə tamam başqa bir qiyafə geyinib, ortadakı abidə götürülüb, bir fəvvarə quraşdırılıb, qıraqda tualet qurulub. Yeni insanlar üçün yeni bir park kimi gözə dəyir. Bakıda bəlkə də ən sakit yerdir Sahil bağı. Burda müxtəlif adamlar görə bilərsiniz: tələbələr, qaqaşlar, yazıçı və şairlər. Fəvvarə ilə üzbəüz, yolun o biri üzündə Azərbaycan Yazıçılar Birliyi.

Bəzən bura mənə ada kimi görünür: dörd tərəfi yollarla əhatələnib. Suya həsrət fəvvarə, kölgəliyə ümidli gənclər, bağban, tualetin yanında əyləşən, müştəri gözləyən o yaşlı kişi, tez-tez bura ayaq basan, öz-özünə danışan qarı Sahil bağının daimi sakinləridir.

Öz-özünə danışan qarı

Ayaqlarını uzadıb gözlərini bir nöqtəyə zilləyən, köhnə-kürüş donu ilə diqqəti çəkən qarının olduğu yerə gedirəm. O, çox vaxt burda öz-özünə danışıb yola düzəlir, parkda istirahət edənlər ona aydan gəlmiş adam kimi baxır, qarının isə bu vecinə deyil. Yanında oturmağa heç kim ürək eləmir.

Ağ saçları elə bil paslanıb, sanki neçə vaxtdır çimmir. Gözlərinin altı tuluqlanıb, üzünü qırış, tük basıb. Əlini çənəsinə dayaq edib bayaqdan bəridir haralarasa baxır. Qarının olduğu yerə yeniyetmə bir oğlan yaxınlaşır. Deyəsən, yaşlı qadınla ilk dəfə rastlaşıb, sakitcə keçib yanında əyləşir. Oğlanın gəlişindən elə bil qarının heç xəbəri belə olmur. Oğlan çiyninə keçirdiyi çantanı aşırdaraq dizlərinin üstünə qoyur. Ordan iricə bir kitab götürüb vərəqləməyə başlayır. Sonra kitabın qırağı qatlanmış hansısa səhifəsində dayanır. Ehmallıca qatlanan yeri düzəldib çantasını bir kənara qoyur.

- Mənim oğlumda bunun yaşda olardı.-Qoca qarının kişi səsinə bənzər qalın səsi oğlanı səksəndirir. Başını qaldırıb arvada sarı baxır. Oxuduğu səhifənin yerini itirməmək üçün əlini həmin səhifəyə salıb kitabın üzünü bağlayır.

Ancaq qarı ona sarı heç baxmır. Eləcə öz-özünə:

- Əsgərliyini qurtaranda necə də böyümüşdü!—deyir və birdən bərkdən gülür.—Heç yadımdan çıxmaz. Bir gün gəldi ki, mama kompüterə getmək istəyirəm. Dedim neyniyim?-Bu vaxta qədər oğlan kitabı həminki vəziyyətdə dizləri üstündə saxlayıb.-O, yaxşı oxuyurdu. Əlaçı idi e...

Külək əsir, yel dəydikcə ağaclar yavaş-yavaş yırğalanır, yarpaqlar bir-birilərinə toxunub sanki musiqiyə bənzər bir səs çıxarır, adamın qulaqlarını yalayır. O tərəflərdə yollardan şütüyərək keçən maşınlar, boğucu hava, yeyin-yeyin, özlərini istidən qurtarıb metroya yetirməyə can atan adamlar...

- Ay oğlum, istidi e... Nə özüvü yorursan...Yazıqsan.-Qarı öz-özünə danışır yenə, yanındakı oğlan yenə ürkmüş qoyun kimi geri çəkilir.-Yenə qəfildən qışqırması kitab oxuyan oğlanı dik atdırır. O, daha kitaba baxmır.

- Ə, buna bax e... Yazıqsan e, a bala. Bəsdi.-Qarı birdən qışqırmağa başlayır.-Oğlum qayıtdı, oğlum qayıtdı.-O dəli kimi əlini-əlinə vurur, gözlərini bərəldərək gah yanındakı oğlana, gah da irəlidən gələn cavana baxıb şaqqanaq çəkir.

İrəlidən gələn enlikürək, ucaboy oğlan onların oturduğu skameykanın yanından keçəndə qarı qəfil budaqdan pərvazlanan quş kimi yerindən sıçrayıb onu qucaqlayır. Oğlanı bərk-bərk köksünə basıb onun o üz-bu üzündən marçamarç öpür.

- Çəkil, dəli-yeni gələn oğlan onu bir tərəfə itələyir. - Dəlidi nədi ala bu...

Qarı tez-tələsik parkdan uzaqlaşır, Axundov kitabxanasını burulub gözdən itir. Onunla söhbət edə bilmədiyim üçün heyfsilənir, parkı gəzməyə davam edirəm.

Bağban

Parkın bağbanı, yaşlı kişi kölgəlik yerdəki skamya tapıb oturur, əlindəki sellofandan kolbasa, pendir, pomidor və “çubuş” araq çıxarıb özünə bir məclis qurur. Yaxınlıqdan keçən adamları da çağırır, lakin heç kim yaxın durmur. Ora özümü yetirəndə kişi məni də dəvət edir, boyun qaçırıram. O, plastik stəkanı əlinə qaldırıb sanki sağlıq deyən adamlar kimi bir anlıq pauza verib arağı başına çəkir. Elə bu vaxt bir pişik ağacdan düşüb miyoldaya-miyoldaya qarşımızda durur. Bağban səxavətlidir, kolbasadan yekə bir dilim qoparıb qazona tərəf fırıldadır. Pişik dabanbasma götürülür yemin dalınca. Bağban isə kətilin üstünə düzdüyü qırıntıları yığışdırıb təzədən sellofana yığıb gedir. Həmişə kafedə ofisiantlar masanı yığışdıranda özümü qəribə hiss edirəm, mənə elə gəlir, qab-qacaqlar həyat işarəsidir, onlar yoxa çıxanda qaranlıq üstümüzü alır. Elə indi də bağbanın getməyi və bayaqkı xudmani, balaca məclis sona çatanda sıxılır, gedib tualetin yanında müştəri gözləyən yaşlı kişiyə baş çəkirəm. Axı o da buranın daimi sakinidir.

“O qədər çox kol-kos var ki”

- Dayı, neçəyədir?

- 30 qəpik.

- Niyə belə baha?

- Mənlik deyil. Mən bura baxıram eləcə.

- Neçəyə qədər burda olursunuz?

- 8-ə qədər.

- Su gəlir içəridə? – məzələnirəm.

- Hə...

- Dayı, birdən birinin işi fırıqdır, pulu da yox. Neyləyərsiz?

Xeyli fikirləşir, axırda rahatlıqla cavab verir:

- Bilmirəm. O qədər çox kol-kos var ki... – gülür.

- Çətindi işiniz?

- Yox, ala, prosto mazqi oluram. Bürkü öldürür adamı.

- Bu tualet yox idi əvvəl.

- Hə, sonradan qoyublar. Yaxşıdır da... Mənim kimi kasıblar da pul qazanır.

- Pulu verməyən olub heç?

- Məni aldadan oğul yoxdur burda. – gülür. – Keçirsən içəri?

- Yox, bir azdan...

Bu kişini tez-tez görürəm burda, həmişə gülərüz, zarafatcıl, müştərilərlə məzələnən bir adamdır. Yəqin istiyə görə kefi pozulub. Ona uzaqdan baxıb gülən, lağ-lağı edən yeniyetmələr görmüşəm. “Buna bax tualetə baxır... Hahahaha...” İndi də ordan gəlib-keçən bəzi arıq-uruq cavanların kişiyə kinayə ilə baxdığını görüb qəzəblənirəm. Bunlar bilmirlər ki, nə vaxtsa gülməli gördüyü iş onun evə bir tikə çörək aparmaq üçün yeganə şansı olacaq. Bir dostumu xatırlayıram, ofisiantlarla məzələnirdi, yeri gəldi-gəlmədi, onları dolayırdı. Əsgərlikdən qayıdandan sonra öz peşəsinə uyğun iş tapa bilmədiyindən məcburən ofisiant işlədi. Həyat adamla bu cür oyunlar oynayır, ona görə heç kimə yuxarıdan aşağı baxmaq olmaz...

Parkdakı insanlar

Qarşıdan üç qız gəlir, külək onların saçlarını dağıdır, ikisi əl-ələ tutub. Bu mənzərəyə yalnız Bakıda rast gəlirəm. Heç vaxt Tiflisdə, ya da Rusiyada qızların əl-ələ, qol-qola gəzdiyinin şahidi olmamışam. Nə isə, qızlar gəlib keçir, ətrafa baxınırlar. Bəlkə də hansısa biri sevgilisini gözləyir, ya da elə üçü də. Çox vaxt bir qız təzə tanış olduğu və ilk dəfə görüşə çıxacağı oğlanı dəhşətli bir sürprizlə qarşılayır: yanında rəfiqəsi olur. Vəssalam, gəl indi, gəz, söhbət elə, daldaya çəkilib öpüş, görüm. Əslində rəfiqə qızı qorumaq üçün göndərilib.

Yan tərəfdə qəzet oxuyan və telefonla qurdalanan iki kişini görürəm. İkincisinin gözləri gülür, o birisi isə bikef görünür. Qəzet oxuyanın üzündən yazılan xəbərlərin heç də ürəkaçan olmadığını dəqiqləşdirirəm.

Qızların yanına bir oğlan gəlir və onlar gəzməyə başlayır. Bu vaxt cavan oğlan, qadın və bir uşaq yaxınlaşır, keçib yanımda əyləşirlər.

- Yenə qanqaraçılıq yaratdın. – kişi deyir.

- Aparıbsan bizi xaraba bir kafeyə, qaranlıq bir yerdir. Orda necə duraq? Heç vayfay da yoxdur.

- Sizin hamınız beləsiz, adamın burnundan gətirirsiniz. Dedik, çıxaq bir yerdə oturaq, o dəqiqə mazqi tökdün.

- Mən? Uşaqdan soruş, ürəyi partladı e... – uşaq başını tərpədir. – Hələ gətirmisən bizi bu kiflənmiş parka. Sən hara gedirsən, bizdə ora getməliyik?

Qadın gözəldir, zövqlü geyinib, ancaq hiss olunur ki, parıltıya, dəbdəbəyə meyllidir. Onların danışığından belə başa düşürəm ki, kişi haqlıdır, kasıb olduğu üçün ucuz bir kafe tapıb, qadın isə bəyənməyib, ağız büzüb. O qədər bu hadisə onlara təsir edib ki, məni belə unutmuş, bir-birini sancmağa davam edirdilər.

- Sənə gəldiyim günə daş yağaydı.-Qadın bunu deyib uşağın əlindən tutur və durub uzaqlaşır. Kişi də halqası açılmış it kimi onun arxasınca düşür. Öz-özümə düşünürəm, görən, yenə dalaşacaqlar.

Parkdan uzaqlaşıram, metroya sarı gedirəm, uzaqdan Sahil bağı dənizdə yırğalanan gəmiyə bənzəyir...

# 1484 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #