Vizir – Raymond Karverin hekayəsi

<b><span style="color:red;">Vizir  – Raymond Karverin hekayəsi</b>
10 mart 2018
# 15:22

Amerika şair və novellaçısı Raymond Karver 1938-1988-ci illərdə yaşayıb yaradıb. XX əsr ikinci yarısından sonra ingilisdilli ədəbiyyata qısa prozanın ustalarından hesab olunur. Kulis.az Günel Eminlinin tərcüməsində Karverin “Vizir” hekayəsini təqdim edir.

Əlləri olmayan bir adam evimin şəklini mənə satmaq üçün qapıya gəldi. Xrom qarmaqları nəzərə almasaq, əllini haqlamış sadə qiyafəli bir kişi idi. Gəlişinin səbəbini izah etdikdən sonra:

− Əllərinizi necə itirmisiniz? – deyə soruşdum.

− Bu, tamam başqa hekayədir. Siz bu fotonu istəyirsiniz, ya yox?

− İçəri keçin. İndicə kofe dəmləmişəm.

Mən bir az da jele (Meyvə şirələrindən hazırlanan həlməşik desert yeməyi – Tərc.) hazırlamışdım. Amma bu barədə adama heç nə demədim.

− Tualetinizdən istifadə edə bilərəm, – dedi əlsiz adam.

Fincanı necə tutacağını görmək istəyirdim.

Mən onun fotoaparatı necə tutduğunu bilirdim. Bu, böyük, qara və köhnə “Polaroid” idi. Fotoaparatı kürəyinə aşırma keçirilmiş dəri kəmərinə bərkitmiş, beləcə, cihazı sinəsinə yaxşıca yerləşdirmişdi. O, evinizin qarşısındakı səkidə durur, evinizi aparatın vizirinə (Fotoaparatın şəkil çəkilən yerə baxan dəliyi – Tərc.) yerləşdirir, qarmaqlarından biri ilə düyməyə basır və fotonuz çıxırdı.

Pəncərədən tamaşa etmişdim.

− Tualetiniz haradadır dediniz?

− Qabaqdan sağa dönün.

O, aşağı əyilərək, donqarlanaraq qayışların həbsindən xilas oldu.

Fotoaparatı divana qoyaraq pencəyini düzəltdi.

− Mən gələnə qədər baxa bilərsiniz.

Şəkli ondan götürdüm.

Şəkildə balaca düzbucaqlı çəmənlik, qaraja gedən yol, qaraj talvarı, ön pilləkənlər, şahnişin və mənim mətbəxdən onu seyr etdiyim pəncərə var idi.

Bu faciənin fotosunu mən niyə istəməliydim ki?

Bir az daha yaxından baxanda fotoda mətbəx pəncərəsinin içində başımı, öz başımı gördüm.

Özümü belə görmək məni düşünməyə sövq elədi. Əmin olun, insanı düşündürür.

Sifonun çəkildiyini eşitdim. Zəncirbəndini bağlayıb gülümsədi, bir qarmağı ilə kəmərini tutub digəri ilə köynəyini şalvarının içinə soxaraq koridorun o biri başından gəlirdi.

− Nə fikirləşirsiniz? – o dedi. – Alınıb, sizcə? Məncə, işin öhdəsindən gəlmişəm. Mən nə iş çıxartdığımı bilmirəm?! Gəl razılaşaq ki, bunun üçün professional olmaq lazımdır.

Paçasını qaşıdı.

− Bu da kofe, – dedim.

− Təksiniz hə burda?

Qonaq otağına göz gəzdirdi. Başını yırğaladı.

– Çətindir, çətin, – dedi.

Fotoaparatın yanına oturdu, köks ötürərək divana yaslandı və elə gülümsədi ki, sanki mənim haqqımda nəsə bilirdi, amma bunu paylaşmağa can atmırdı.

− Kofenizi için, – deyə dilləndim.

Nə barədə danışacağımızı düşünürdüm və qərar verə bilmirdim.

− Yanıma üç uşaq gəlmişdi, bir dollar müqabilində ünvanımı səki kənarına yazmaq istəyirdilər. Bu haqda heç nə eşitməmisiniz?

Aldanmayacağını bilirdim. Amma yenə də gözlərimi ondan çəkmədim.

Fincanı qarmaqları arasında tarazlayaraq ciddi bir görkəmlə qabağa əyildi. Fincanı masanın üzərinə qoydu.

− Mən bu işdə təkəm, – dedi. – Həmişə tək olmuşam, tək də qalacağam. Siz nə deyirsiniz?

− Əlaqə qurmağa çalışırdım, – dedim.

Başım ağrıyırdı. Kofenin bir işə yaramayacağını bilirdim, amma bəzən jele dərdə dəyir. Şəkli əlimə aldım.

− Mən mətbəxdə idim. Amma çox vaxt isə arxada oluram.

− Tez-tez olur. Bura bax, onlar səni qoyub getdilər, hə? Məni götürün, mən tək işləyirəm. Nə deyirsiniz? Götürürsünüz şəkli?

− Götürəcəyəm, – dedim.

Qalxıb fincanları yığışdırdım.

− Əlbəttə, götürəcəksən, – dedi. – Şəhərin mərkəzində bir otaq tutmuşam. Pis deyil. Avtobusla şəkər kənarına çıxır, oradakı məhəllələri həll edir və yenidən şəhər mərkəzinə qayıdıram. Nə dediyimi başa düşürsünüz? Bilirsiniz, bir vaxtlar mənim də uşaqlarım var idi. Eynilə sizin kimi.

Fincan əllərimdə gözlədim və divandan necə çətinliklə qalxmasına tamaşa etdim.

− Gör bir başıma nə oyun açdılar.

Onun qarmaqlarına diqqətlə baxdım.

− Kofe və tualetə görə təşəkkür edirəm. Sizi anlayıram.

O, qarmaqlarını qaldırdı və aşağı saldı.

− Göstərin dedim. Məni nə qədər anladığınızı göstərin. Mənim və evimin daha çox fotosunu çəkin.

− Alınası şey deyil. Onlar daha geri qayıtmayacaqlar.

Amma qayışları keçirməsinə ona kömək elədim.

− Belə bir qiymət oxuya bilərəm sizə, – dedi. – Üçü bir dollara. Bundan aşağı düşsəm, ziyan eləyərəm.

Küçəyə çıxdıq. Diafraqmanı qurdu. Harada və necə duracağımı dedi və işə başladıq.

Evin başına dövrə vurduq. Sistematik. Arada başımı sağa-sola çevirib, arada düz önümə baxırdım.

− Yaxşıdı, hər şey yaxşıdı, – deyə-deyə biz evi dövrə vurub yenidən giriş qapısının qarşısında dayandıq. – İyirmi dənə oldu. Bəs eləyər.

− Yox, – dedim. Damda da çəkək.

− İlahi! – dedi. Binanı başdan-ayağa süzdü. – Yaxşı, danışdıq.

− Hər şeyi süpürüb apardılar, – dedim.

− Bunlara bir bax, – deyib qarmaqlarını yenə yuxarı qaldırdı.

Evə girib bir kətil gətirdim. Qarajın talvarının altına qoydum. Amma çatmadım. Əlavə bir yeşik götürdüm və yeşiyi kətilin üstünə qoydum.

Yuxarı, dam yaxşı idi.

Ayağa qalxıb ətrafa baxdım. Əl yellədim, əlsiz adam da qarmaqlarını yellədərək mənə cavab verdi.

Birdən damda onları, daşları gördüm. Bacanın yuxarısındakı nəfəsliyin üstündə balaca bir daş yuvası vardı elə bil. Uşaqları bilirsiniz. Bir dənəsini bacanıza salmaq üçün evin üstündən tulladıqlarını bilirsiniz.

– Hazırsan? – deyə qışqırıb bir daş götürdüm və məni vizirinə salana qədər gözlədim.

− Hazıram, – o da cavabında qışqırdı.

Əlimi yuxarı qaldırıb “indi”, – deyə qışqırdım. O oğraş oğlunu maksimum uzağa tolazladım.

− Bilmirəm, – deyə qışqırdığını eşitdim. – Hərəkətli çəkiliş eləmirəm.

− Bir daha! – deyə qışqırdım və başqa bir daş götürdüm./sim-sim.az/

# 1290 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #