Mən ziyalı deyiləm – Salam Sarvan yazır

Mən ziyalı deyiləm – <span style="color:red;">Salam Sarvan yazır
6 dekabr 2017
# 14:00

Gəlibsə, deyəcəyəm: Azərbaycandakı bu ziyalılıq söhbətləri artıq canımı boğazıma yığmaqda. Günahkar isə toyuq. Onun yumurtası tərs gələn kimi başlayırlar ki, bəs bu xalqın ziyalıları hara baxır?

Neçə illərdir ki, bu yanlış münasibət davam etməkdə. Ki, alimsənsə, deməli ziyalısan, yazıçısansa, deməli ziyalısan, müəllimsənsə, deməli ziyalısan.

Adicə bir rəssam olan yazıq Təvəkkül and-aman eləyir, əlini Qurana basır, yaxasını cırır ki, ay camaat, əl çəkin məndən, mən ziyalı-zad deyiləm. Bizimkilər salırlar onu “qapazın” altına ki, nə danışırsan, sən axı şəkil çəkirsən. Şəkil çəkirsənsə, deməli ziyalısan. Ziyalısansa, deməli cəmiyyətin vicdanısan. Cəmiyyətin vicdanısansa, deməli toyuğun yumurtasının tərs gəlməsinə sən cavabdehsən.

Kinodu, kino… O şəkilçəkən Təvəkkülü hələ bir “qapazın” altından çıxarıb qoyurlar “qapanın” üstünə və çəkirlər də: buyur, bu da sənin cəmiyyətdəki ziyalı çəkin!

Vay-vaay, saytlar və qəzetlər əndrabadi başlıqlarla dolub-daşmaqda: “ziyalılar müraciət imzaladılar”, “ziyalılar forumu durumu dəyərləndirdi”, “ziyalılar etiraz etdilər”...

On doqquzuncu əsrin sonlarında rusların humanitariyə soxuşdurduğu “intiligent” sözünü tərcümə eləyib boğazımıza nə təhər keçiriblərsə, yüz ildir nə asqırmaqla çıxır, nə öskürməklə.

Dünyada isə “intellektual” anlayışı var. Yəni konkret sahədə zehni əməklə məşğul adam. Lap yəni öz sahəsinin peşəkarı və yalnız öz sahəsinin peşəkarı. Ekzistensialist Sartrı, postmodernist filosof Derridanı, fizika müəllimi Maykı “yumurtası tərs gəlmiş toyuğa görə” görə narahat eləmirlər.

İntellektualın üzərində cəmiyyətin social-ictimai, mənəvi öhdəlikləri yox. İntellektualın “ziyalı borcu” olmaz. Bizim “ziyalının” qarşısında isə bir sürü şərtlər və umacaqlar.

Vallahi-billahi, mən bizdəki “ziyalı” anlayışının “işıqlı” mənasının “aydın” yozumunda azıb qalmışam.

Aydınlaşmış adam o kəsə deyərlər ki, o, varlığın bütün çərçivələrindən azad. Aydınlaşmış adam o kəsə deyərlər ki, onun siyasi, milli, dini təəssübkeşliyi və hətta ictimai əxlaqı da yox. Aydınlaşmış adam o kəsə deyərlər ki, o hər cür ideoloji-mədəni-mental buxovlardan kənarda.

Aydınlaşmaq – intellektual tənhalıq demək.

Bizimkilər isə bir balaca qanacaq-qabiliyyəti olana, bir balaca əli və qəlbi təmiz olana “aydın” deyirlər... Lap pisi də bu ki, bir balaca istedadı-savadı-filanı olanın boynuna “aydın” adını qoyub başlayırlar ondan mələk əlamətləri tələb eləməyə.

Xeyir vatana qalsın, hər şey bir yana qalsın, yaradıcı adamdan nə ziyalı?! İçiynən də, çölüynən də daim dağınıq, darmadağın, cəmiyyətinin əxlaqına sığmayan şairdən, yazıçıdan nə ziyalı?!

Hə e hə, bizimkilər öz “güləşçisinin” tatami üstündəki qələbələriylə kifayətlənmir, qolunun gücü var deyə Azərbaycanın başqa yüklərini də ona daşıtdırmaq istəyir. Yaradıcılardan estetik uğurlar deyil, minimum istehlak zənbilinə, Qarabağ problemi boğçasına, xalqın xilası və gilası səbətinə, milli dəyərlər xurcununa, ədəb-ərkan torbasına töhfələr umurlar.

Ona görə də buralarda, məsələn, Dostoyevskinin, Freydin yetişməsi qeyri-mümkün. Çünki onlar öz “pozğunluqları”, “əxlaqsızlıqlarıyla” bizimkilərin “ziyalı” kriteriyalarına qeyri-uyğun.

Çünki bizimkilərin “alimsənsə, yazıçısansa, deməli, ziyalısan” düşüncəsinin dəhşətli bir astarı da var: ziyalı deyilsənsə, deməli yazıçı deyilsən, alim deyilsən.

# 720 dəfə oxunub

Oxşar xəbərlər

Həmid Herisçinin xəyanəti, Anarın qələbəsi və AYBO – Ömər Xəyyam

Həmid Herisçinin xəyanəti, Anarın qələbəsi və AYBO – Ömər Xəyyam

09:00 8 may 2024
"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

15:00 6 may 2024
Məşhur yazıçının faciəvi həyatı və itkin məzarı

Məşhur yazıçının faciəvi həyatı və itkin məzarı

09:01 6 may 2024
Ərinə itaət edən qadının böyüklüyü

Ərinə itaət edən qadının böyüklüyü

09:00 3 may 2024
"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

12:00 1 may 2024
Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

12:00 28 aprel 2024
#
#
# # #