Dostoyevski, neçə sevgilin olub? - YUMOR

Dostoyevski, neçə sevgilin olub? - <span style="color:red;">YUMOR
27 yanvar 2016
# 13:28

Ayxan Ayvaz

Nabokov Dostoyevskini yıxıb-sürümüşdü, böyük yazıçının qaş-qabağı yerlə gedirdi. Bizim yazarlar onun bu halını görüb ürək-dirək vermək qərarına gəliblər.

Dostoyevski həmin gün saqqalını qırxıb çağırılan yerə - yazarlarımızın toplaşdığı zirzəmi kafeyə düşüb. Hamı eyni anda ayağa durub.

Aqil Abbas:

- Heylə... Belə yaxşıdı, dana. Gör nə gözəl oğlan olubsan. Saqqal sənə heç yaraşmırdı.

Dostoyevskinin üzündə küskün ifadə görünür, əlini havada yelləyir.

- Yaxşı, yüz vur qırışığın açılsın – kimsə deyir.

Şərif Ağayar:

- Kefini pozma, qələt eləyir Nabokov-zad. O, sənin bir cümlənə dəyməz. Vallah. O işıq haqqı – kafenin yeganə, öləziyən işıq lampasını göstərir.

Səfər Alışarlı:

- Yazıçı təmənnasızlıq sənətidir. İnsan tarix üçün tikinti materialıdır. Çox da qəm eləmə. Sənin “Cinayət və Cəza” romanın Mövlanənin “Nə olursan, ol gəl” misrası ilə səsləşir. Yazıçı gərək zəif tərəflərini bilə. Özü də səndəki bu türk nifrəti çox bayağı görünür. “Peterburq gündəliyi”ndə yazdıqlarından imtina etməlisən. Böyük yazıçı kimi dirilişin o zaman reallaşacaq. Özün də türksən. Bəs bilmirsən ki, dünyanın ən böyük milləti türklərdir? Böyük yazıçılığın yolu da ordan keçir. Guya ruslar yaxşıdırlar? Mən Moskvada oxumuşam, Qorkidə. Rusları ovcumun içi kimi tanıyıram.

Bu yerdə Dostoyevskinin xırıltılı səsi eşidilir:

- Həqiqət Rusiyadan yuxarıdadır!

Şərif Ağayar:

- Aha, mən bu fikri müsahibələrimdə həmişə səsləndirmişəm! Əla demisən!

Bu yerdə Qan Turalı söhbətə qoşulur:

- Nabokov hər nə deyib, amma yaxşıca təhlil eləyib sənin əsərlərini. Çox pintisən də, Fyodor. Qismət də razılaşır mənim fikrimlə. Çox sentimentalsan. Belə olmaz. Yaxşı mütaliə eləmirsən. Məncə, Tolstoy buna görə səni üstələyir. Tolstoydan söz düşmüşkən, barışmısız?

Dostoyevski başını sağa-sola tərpədir.

Kəramət Böyükçöl:

- Nə üstündə dalaşmısan ki? Boş ver, a kişi. Mən də içəndə çox adamla dalaşıram. Sonra zəng edib üzr istəyirəm, ötüb keçir. Bir-iki dəfə polisə də düşmüşəm. Əsəd Qaraqaplandan başqa heç kimdən qorxmuram. O, istedadsızdır deyə, adamı vurub öldürər, rəhmi-zadı gəlməz. İstedadlı adam vursa da, ölümünə vurmur. Özüm həmişə yumruq-təpik planlaşdırıb, yavaşca şillə atıram. Bərkə düşsə dalaşdığım adamı qucaqlayıb ağlayıram. Bir-birimizdən başqa kimimiz var eee... Qaqa canı, içkili vaxt olan söhbəti sabahısı unutmaq lazımdı. Olub, olub da.

Şərif Ağayar:

- Şair, bəlkə barışdıraq sizi? Tolstoy pis oğlan deyil. Özü də “Karamazov qardaşları”nı xeyli tərifləyib.

Emin Piri:

- Dostoyevski, sən canın, aramızda qalsın, neçə sevgilin olub? Mən bu qədər yaraşıqlıyam, amma heç qız tuta bilmirəm.

Hamı tərs-tərs Eminə baxır, o isə dil qəfəsə qoymadan danışır. Onun yorucu söhbətini burda vermək həm sizə, həm də mənə yaramaz.

Murad Köhnəqla:

- Mən sevgililərim haqqımda silsilə yazılar yazmışam. Sən qorxursan deməyə? Özü də baz kişiyə oxşayırsan. Hahaha...

Əlini çiyninə qoyub mehribanlıqla ona tərəf əyilir:

- Sən canın rahat otur, istidirsə paltonu çıxart. Danış da. Bir söz deyəcəm, incimə, o günü “Cinayət və cəza”nı əlimə aldım, adam da o boyda kitab yazar? İşin-gücün qurtarıb?

Dostoyevski yavaş səslə:

- Qonorara görə uzatdım.

Murad Köhnəqla:

- Bu başqa məsələ. Onda deyək, "sveji" salat gəlsin. Məncə, Ədəbiyyat İnstitutuna Qorkinin yox, sənin adını verməlidirlər. O vaxt orda oxuyanda da demişdim. Düzdü, o çox uzun romanlarını oxumuram, amma Qorki hara, sən hara. Adamın üstündə Allah var. Məncə, ciddi söhbət eləməyək eee... De görüm, Tolstoyla qız üstə tutaşmısız?

Dostoyevski:

- Bizimki ədəbi davadır.

Aqşin Yenisey:

- A kişi, əbədi heç nə yoxdur. Bəlkə quşlar da özünü öldürmək istəyir?

Kəramət Böyükçöl:

- Sən Dostoyevskiyə quş demək istəyirsən?

Aqşin Yenisey:

- Yox, e, Dostoyevski olsa-olsa qartal olar, ya da bayquş.

Gülüşmə. Dostoyevski xəstə adamlar kimi büzüşür. Seymur Baycan söhbətə qoşulur:

- O dəfə Tolstoyun bir kitabı düşdü əlimə, elə bil qoca kişinin nəsihətləri idi. Sənin də “Alçaldılmış və təhqir olunmuş adamlar”ın çox bayağıdır. Üstündə işləmirsən. Ciddi olmaq lazımdı. Hər gün əziyyət çəkmək lazımdı. Boş-boş avaralanmaqdan, içməkdən bir şey çıxmaz. Mən çox eləmişəm bunları, heç bir xeyri yoxdur. Vaxtında mənə də bunları desəydilər, indi çoxdan dünya ədəbiyyatına çıxmışdım, hələ Nobeli də almışdım.

Əsəd Qaraqaplan əsəbləşir:

- Bunların heç biri bizi başa düşə bilməz, Fyodor. Mən də elə sənin kimi yazıram. İç yazıları yəni. Bir az dəliyəm, bir az dahi. Heminqueyə də oxşuyuram bir az. Azərbaycan ədəbiyyatının ən ciddi sevgi romanını yazmışam.

Dostoyevski bundan sonra qəfil ayağa durur:

- Həqiqət – deyir - sizin eqolarınızdan yuxarıdadır!

Və çıxıb gedir.

# 1407 dəfə oxunub

Oxşar xəbərlər

Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

12:30 15 aprel 2024
"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

09:15 15 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #