Qan Turalı: “Nikaraqua folklorundan güclü folklor yoxdur”

Qan Turalı: “Nikaraqua folklorundan güclü folklor yoxdur”
24 aprel 2015
# 20:00

Müsahibimiz "Elektronik sevdalar", "Mustafa", "Polis qorxusuyla öpüşmək", kitablarının müəllifi, Kulis.Az saytının baş redaktoru Qan Turalıdır.



- Tural bəy, belə bir deyim vardır ki, insan bilmədiyin düşmənidir. Bəlkə gənc yazarlar oxumadıqları, yaxud başa düşmədikləri səbəbindən yaşlılara, ümumilikdə isə əvvəlkilərə qarşı geniş cəbhədə hücuma keçiblər?

- Belə deyil. İnsanlar klişelərlə düşünür. Dövr dəyişir, klişelər də dəyişir. Buna görə də atalar və oğullar problemi dəyişikliyin özü qədər də əbədidir. Biz 60-cı illəri anlamağa borclu deyilik. Hərçənd bir çox məqamlarda onlardan daha yaxşı anlayırıq. Misal üçün bizim yaşlı nəslə mənsub yazıçılar Sovet hökumətinin mahiyyətini belə doğru anlaya bilmirlər. Onları qınamıram. İnformasiya az idi. Məhdud idi. Qapalı ölkədə yaşayırdılar. Biz dünyaya daha açıq gözlə baxa bilirik. Təkcə gənc yazıçılar yox, eləcə də gənclər...

Bir sual edin, cüzi istisnalarla müstəqillik dövrünün ədəbiyyatını nəyə görə peşəkar vərdişlərə yiyələnmiş qocalar yox gənclər yaratdı?

Halbuki Sovet rejimi dağılanda 60-cılar yaşca ədəbiyyatın ən məhsuldar dövründə idilər.

- Sizcə, yaşlılar niyə yarada bilmədilər?

- Onlar sadəcə olaraq müasirliyi anlamadılar, anlamaq istəmədilər. Özümə gəldikdə isə heç kimin üstünə hücuma keçmirəm. Mənim həyatda bəlkə də yeganə istəyim yaxşı roman yaza bilməkdir. Bunun üçün isə hücuma keçmək lazım deyil. Sən kiminsə böyük yazıçı olmadığını sübut etməklə özün böyük yazıçı ola bilməzsən.

- Tənqidçi Cavanşir Yusiflinin fikrincə, postmodernizm cərəyanında, əslində iki proses yanaşı getməlidir: dağıtmaq və qurmaq. Bəlkə gənc yazarların əksəriyyəti bunun ikinci hissəsinə əməl etmədiklərinə görə haqlı olaraq dirənişlə qarşılanırlar?

- Yazıçı öz gücü ilə heç bir zaman klassik bir romanı, usta bir romanı dağıda bilməz. Tolstoy Şekspiri sevmirdi, amma onu dağıda bilməzdi. Yaratmağa qalsa da bizim işimiz yaratmaqdı. Tolstoy də Şekspiri tənqid elədiyinə görə ədəbiyyatda qalmayıb, romanlarına görə qalıb. Biz heç nəyi dağıda bilmərik, bu nəzəri cəhətdən mümkünsüzdür. Zaman hər şeyi yerinə qoyur. Bütün dünya mətbuatı sözü bir yerə qoyub “Səfillər” romanının bayağı bir şey olduğu sübut edə bilərmi?!

- Kitabdan uzaqlaşırıq, üzümüz kompüterə tərəf yönəlmişdir. Yeni bir texniki tərəqqi həyatımıza nüfuz etmişdir. Hər bir yenilik isə təbiilikdən uzaqlaşmağımıza səbəb olur. Markes hətta diktofonu da jurnalistikanın düşməni hesab edirdi. Ədəbi nümunələrin kitabdan yox, kompüterdən oxunmasında təhlükə görürsünüzmü?

- Təbiilik nədir? Sünilik nədir? Dünən bir fikir oxudum. Deyir, biz anadan olmamışdan əvvəl icad edilmiş şeylər texnologiya aid deyil. Misal üçün televizorlar. Biz televizoru tamamilə normal bir şey kimi qavramışıq. Hətta düşünmüşük ki, televizorsuz zamanlarda yaşayan insanlar daha bədbəxt olub. Qatar bizə çox romantik gəlir. Halbuki qatar kəşf olunanda insanlara süni gəlib. Deyiblər ki, heyf deyildi at arabası, bu nədi? Kitablar biz zamanlar perqament üzərinə yazılırdı. Onlardan soruşsan kağız kitab sünidir. Belə şeylərə diqqət vermək lazım deyil. Kainat olduqca kitab olacaq.

- Kitablara marağın azaldığını düşünəndə yadıma Ensensbergerin bir iddiası düşür. Onun fikrincə, hər bir ölkədə, heç bir şeydən asılı olmayaraq, poeziya həvəskarlarının sayı 1354 nəfər olur. Bu nə qədər absurd görünsə də, geniş populyarlıq qazanmışdır. Buna münasibətiniz necədir?

- Kitaba marağın azaldığını haradan görürsünüz? Mən əksinə kitaba marağın artdığını görürəm. Hər bir zaman oxucular olacaq, kitab olacaq. Bu birmənalıdır. Onların sayı artıb-azalacaq, lakin heç zaman ölməyəcək.

- Tural bəy, bildiyim qədər türk folkloru dünyada ən zəngin ədəbi abidə hesab olunur. Ata-babalarımız nağıl-dastanlar yaratmış, aşıqların ifasında onlara qulaq asaraq mənəvi tələbatlarını ödəmişlər, kitab oxumağa ehtiyac hiss etməmişlər. Sovet dönəmində dövlət səviyyəsində kitaba rəğbət şousu yaradılsa da, yenidən xalqı etinasızlıq dalğası bürüdü. Bu bizə irsən keçmə əlamət ola bilərmi?

- Məncə Nikaraqua folklorundan güclü folklor yoxdur. Bu cür şeyləri haradan götürürsünüz? Bəlkə zuluların folkloru daha güclüdür? Zulu folkloru haqda məlumatım yoxdur. Lakin dəqiq bildiyim bir şey var: ümumiləşmələr çox zaman yalandır. Xüsusən də məlumat az olduqda yalanın payı daha çox olur.

Kitab savad hadisəsidir. Kitab oxuyan adam savadlı olmalıdır, yəni oxuyub-yazmağı bilməlidir. Yazıb oxumağı bilməyən adam kitab oxuya bilərmi? 1900-cü ildə ölkə əhalisinin ancaq 1 faizi savadlı idi. Bu bir faizin də böyük hissəsi kişilər idi. Azərbaycanda savadsızlıq Sovet dövründə ləğv edilib. Sovet dövləti şou yaratmırdı, Lenin şoumen deyildi, “Toy olsun” verilişini də aparmırdı. Lenin ən ucqar kəndlərə belə maarif nuru yayırdı. Ölkə üzrə minlərlə kitabxana vardı. Məhz Sovet dövründə dünya ədəbiyyatı Azərbaycan dilinə tərcümə edildi. Azərbaycan kinematoqrafiya yarandı. Ona görə də belə şeyləri irsi amil kimi psevdoelmi amillərlə yox real həyatın özü ilə, statistika ilə müəyyənləşdirmək mümkündür. Bu gün Azərbaycanda savadlılıq dərəcəsi 99.9%-dirsə, bu Sovetlərin xidmətidir.

- Xoşbəxtlik barədə fikrinizi bilmək istərdim. Məncə mütləq xoşbəxt adam yoxdur. İnsanın xoşbəxt və bədbəxt olduğu vaxtlar vardır. Həm də zahirən xoşbəxt görünən insan bəlkə də ən bədbəxt adamdır və tərsinə. Sizin fikriniz maraqlı olardı...

- Son aylarda xoşbəxtliklə bağlı çox düşünürəm və çox da araşdırıram. Ona görə də icazə verin, Azərbaycan xalqının qarşısında sizə təşəkkürü borc bilim. Yox, təşəkkür edim, borc yaddan çıxa bilər.

Sualınıza çox geniş cavab verə bilərəm. Amma bu haqda ayrıca bir söhbət etmək olar. Suala gələk, xalq bizi gözləyir. Mütləq xoşbəxt insan var! Bu birmənalıdır. Mütləq xoşbəxt yoxdur sözü bədbəxtlərin təsəllisidir. Ona qalsa dünyada mütləq heç nə yoxdur.

Bu yaxınlarda elmi bir araşdırma ilə tanış oldum. “İPhone”lərdə olan xüsusi bir applikasiya nəticəsində 15 min adamdan sorğu götürüblər. Maraqlı nə alınıb: İnsanlar bir işlə məşğul olduqda diqqətləri başqa yerdə olur. Bu nisbət ümumilikdə 50 faizdir. Lakin diqqətin dağılması insanların hansı işlə məşğul olmasına görə dəyişir. Tutaq ki, avtomobil sürənlərdə bu faiz 70 olursa cinsi əlaqədə cəmi 10 faizə düşür. Yəni maşın sürənlərin 70 faiz başqa şey haqda düşünür. Nəticə nədir: İnsanlar diqqətlərini başqa yerə verdikdə mutsuzluq yaranır. Diqqətin dağılması isə mutsuzluğun nəticəsi yox səbəbidir. İnsan diqqətini məşğul olduğu işə verirsə xoşbəxt olur.

Bu Zen fəlsəfəsinin ruhuna da uyğundur. Zen fəlsəfəsi metafizik suallara cavab axtarmır. O göydə yox, yerdədir. Necə deyirdi böyük usta: “İşinin adı yaşamaq olacaq”. Bizim də işimizin adı yaşamaqdı, lakin yaşamaqdansa başqa insanların xoşbəxtliyi, bədbəxtliyi, geyimi, gələcəyi haqda düşünürük. Halbuki bütün diqqət yaşamağın özünə verilməlidir. Xoşbəxtliyin sadə formulu budur.

Bir adam Zen müdrikinin yanına gəlib deyir ki, mən həyatı dərk etmək, aydınlanmaq istəyirəm. Müdrik isə ondan soruşur ki, naharda nə yemisən? Adam deyir, düyü yemişəm. Deyir onda get boşqabını yu. Adam o anda dərhal həyatın mənasına çatır, zenlər demişkən satoriyə yetişir.

Bu qısa pritçanın mənası nədir? Göyə çıxma, həyatın mənası haqda düşünmə, həyat sənin yaşadığındı, məişətindi, yumadığın düyü qabıdır. Yalnız bu cür düşünə bilənlər adamlar xoşbəxtdir. Və sizi məyus etmək bahasına belə olsa deyim ki, bu cür adamlar, yəni xoşbəxt insanlar hər yerdə var...


Manera.az/Şəhla Aslan

# 1703 dəfə oxunub

Oxşar xəbərlər

"Fəzlüllah ölməyib, İsa kimi qeybə çəkilib..." - Rəhim Əliyev

"Fəzlüllah ölməyib, İsa kimi qeybə çəkilib..." - Rəhim Əliyev

12:00 27 oktyabr 2024
"Bu hekayəni söküb, yenidən yığmaq lazımdır..." - Müzakirə

"Bu hekayəni söküb, yenidən yığmaq lazımdır..." - Müzakirə

09:00 23 oktyabr 2024
Bəlkə, ədəbiyyatı ləğv edək?

Bəlkə, ədəbiyyatı ləğv edək?

16:00 21 oktyabr 2024
Çar onun arvadının şəklini niyə cibində gəzdirirdi? – Puşkini öldürən xəyanət

Çar onun arvadının şəklini niyə cibində gəzdirirdi? – Puşkini öldürən xəyanət

15:00 19 oktyabr 2024
Əri ona görə dinini dəyişdi, səhnədə dirijoru söydü – Xalq artistinin film kimi həyatı

Əri ona görə dinini dəyişdi, səhnədə dirijoru söydü – Xalq artistinin film kimi həyatı

13:32 19 oktyabr 2024
Yazıçının yazı tərzi dəyişmirsə... - Cavanşir Yusifli

Yazıçının yazı tərzi dəyişmirsə... - Cavanşir Yusifli

09:00 19 oktyabr 2024
# # #