Natiqin Yeganəsi – HEKAYƏNİN DAVAMI

Natiqin Yeganəsi – <span style="color:red;">HEKAYƏNİN DAVAMI
4 mart 2016
# 08:55

Kulis Səhər Əhmədin “Natiqin Yeganəsi” hekayəsinin davamını təqdim edir.

Sonra Yeganəylə mən Şəkidə - xudmani bağçalı ikimərtəbəli evin ikinci mərtəbəsində - Natiqin otağında oturmuşduq. Bayırda şırhaşırla yağan yağışın səsi içəridə gurhagurla yanan sobanın gurultusuna qarışmışdı. Yeganənin sözləri də yağışın şırıltısına qarışıb axıb gedirdi:

- Sən buraların yağışını bilməzsən, - deyirdi mənə, - bir başladımı, kəsməz.

Yeganə nağıl edirdi ki, bu otağı, bu evi, bu bağçanı, hətta bu şəhərin küçələrini belə Natiqlə telefon danışıqlarından necə tanıyır, təsəvvür edir, əzbər bilirmiş. Avtobus gözlədiyi dayanacağı, maaş aldığı bankomatı, yağışda altında dayanıb onunla telefonla danışdığı ağacı. İndi yazıq qız həmişə xəyalını qurduğu, gəlməyə can atdığı həmin məkandaydı, amma tək, onsuz.

Divarboyu düzülmüş rəflərdə Natiqin kitab cəbbəxanası, pəncərədə qarmonu vardı, stolun üstündə müxtəlif vaxtlarda çəkdirdiyi şəkilləri səpələnmişdi. Uşaqlıq, sonra əsgərlik, sonra tələbəlik illərindən boylanan, həmin o dünyanın sirrini açacaqmış kimi dərin baxan oğlan.

Bu şəkillərdən öyrənirdim ki, Natiq ikinci təhsil də alıbmış. Eyni vaxtda başqa universitetin də filologiya fakültəsində axşam oxuyub. Eyni fakültənin iki diplomu ona niyə lazım olub, tələbəlikdən, ədəbiyyatdan, gənclikdən gözlədiyi, ala bilmədiyi nə imiş, taleyin onun qarşısına çıxardığı Yeganəsini qoyub nəyin dalınca gedibmiş - bu barədə fikirləşməyi bir kənara buraxıb başqa şey düşünürdüm. Qəribə bir qısqanclıq baş qaldırmışdı məndə. Deməli, Natiq o qızlarla da şəkil çəkdirib, onlara da hardasa yemək yeyərkən çəngəlini əlindən yerə salanda öz çəngəlini təklif eləyib, onları da təsəlli edib, məsləhət verib.

Qapı ehmalca açıldı, çay gətirdilər, sakitcə çay dəstgahını masanın üstünə qoyub çıxdılar. Ev əhli - Natiqin qardaşları və gəlinlər mənə mərhumun gənclik dostundan daha çox, onun haqqında yazmış yazıçı kimi baxırdılar (hekayənin birinci hissəsi artıq qəzetdə çıxmışdı). Bu - onların hörmət hesab etdiyi münasibət uzaqlıq, soyuqluq kimi məni incidirdi.

Yeganəni isə burda artıq evin adamı kimi, qardaşlarının canlı yadigarı kimi qəbul edirdilər. Baxmayaraq ki, o, Natiqin sağlığında bu evdə olmamışdı, ev əhli onu da qardaşının ölümündən sonra tanımışdı. İndi onlar tanış olmuş, qaynayıb-qarışmış, bir-birinə isinişmişdilər, Natiq isə yox idi.

- Burda rahat oluram, elə bilirəm ruhu burdadı, hər dəfə Bakıya qayıdanda elə bil onu yenidən itirirəm, - Yeganə deyirdi.

- Bəs sən niyə hər şeyi atıb Şəkiyə gəlmirdin?

- Gəlmirdimmi, hər şeyə tüpürmürdümmü, alimliyə də, Bakıya da, evimə də. Hər şeyə. Qoymadı, "heyifsən", -dedi, "mən gəlim, ev alaq, hər şeyə təzədən başlayarıq, allah bizim itirdiyimiz illərin əvəzini verəcək, görərsən", - deyirdi. Təkid eləmirdim, elə qorxurdum ki, birdən incidərəm onu, xətrinə dəyərəm. Elə əsirdim ki üstündə...

***

Sonra biz şəhərin yuxarı - dağlıq hissəsində yerləşən qəbristanlıqdaydıq. Yağış heç kəsməyəcək kimi yağırdı, Yeganə Natiqin çələnglərlə bəzənmiş qəbrinin baş ucunda çömbəlmişdi, torpağı dayanmadan sığalladığından əli sarımtıl palçığa bulaşmışdı, məzara xitabən danışırdı:

- Qalx, dostunu gətirmişəm, qalx!

- Sən qalx, - mən çarəsiz qızın qolundan tutub qaldırdım.

Molla dua oxumağa başladı, yağış daha da gücləndi. Biz beşimiz də - məzarı əhatə eləmiş bir alim, bir yazıçı, bir molla və mərhumun iki qardaşı bu duaya eyni itaətkarlıqla tabe olmuşduq. Ölüm yeganə hadisədi ki, onun haqqında bütün insanların biliyi sıfıra bərabərdi.

***

Yağış doluya çevrilmişdi, biz yenə həmin ikimərtəbə qədim evin eyvanındaydıq, Yeganə əlüzyuyanda əllərini yuyur və sarımtıl palçıq çətinliklə də olsa, onun əllərindən təmizlənib gedirdi.

# 2611 dəfə oxunub

Oxşar xəbərlər

Günahı başqalarında axtarmaq ehtiyacı...  - Mətanət Vahid

Günahı başqalarında axtarmaq ehtiyacı... - Mətanət Vahid

14:15 30 yanvar 2026
"Onun yaradıcılıq nümunələri sanki mətnin ortasında qurtarır..." - “Səksənincilər" layihəsindən Kamran İmranoğlunun essesi

"Onun yaradıcılıq nümunələri sanki mətnin ortasında qurtarır..." - “Səksənincilər" layihəsindən Kamran İmranoğlunun essesi

10:00 30 yanvar 2026
Uçuq ev, xatirəni danışacaq kimsənin olmaması, sandıq... - Nadir Yalçının hekayələri oxucuya necə təsir edir?

Uçuq ev, xatirəni danışacaq kimsənin olmaması, sandıq... - Nadir Yalçının hekayələri oxucuya necə təsir edir?

10:00 29 yanvar 2026
"Heç kim bizim qədər xoşbəxt ola bilməzdi" -  Virciniya Vulf  niyə intiharı seçmişdi?

"Heç kim bizim qədər xoşbəxt ola bilməzdi" - Virciniya Vulf niyə intiharı seçmişdi?

15:00 25 yanvar 2026
Cətin oxunan, eyni zamanda unudulmaz poeziyanın yaradıcısı - Boleslav Lesmian

Cətin oxunan, eyni zamanda unudulmaz poeziyanın yaradıcısı - Boleslav Lesmian

16:45 22 yanvar 2026
SSRİ-nin Cavid qorxusu - İblis əslində, kim idi?

SSRİ-nin Cavid qorxusu - İblis əslində, kim idi?

18:21 21 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər