Gəncliyin qatili Kefli İskəndər CƏFƏR CABBARLININ YAZISI

Gəncliyin qatili Kefli İskəndər CƏFƏR CABBARLININ YAZISI
25 aprel 2015
# 10:34

Kulis Cəfər Cabbarlının Cəlil Məmmədquluzadənin "Ölülər" əsəri barədə məqaləsini təqdim edir

Əfəndilər! Hər kəsə bəllidir ki, daim, hər halda çox vaxt məhkəmələrdə iki mübariz tərəf: müddəi-ümumi və müdafiələr bir-birilə çarpışır və nə vasitə ilə olursa olsun yekdigərlərinə qalıb gəlmək istəyirlər. Müddəi çox vaxt həqiqət və ədalətlə belə hesablaşmadan müttəhimin hər bir işini, sözünü və hərəkətini fənalığa yozar və müttəhimin məhkum edilməsinə çalışar. Eynilə müdafiələr caniliklərini açıq bildikləri bir adamı belə müdafiə edərkən bütün fəna hərəkətlərini bilərək yaxşıhğa yozmağa, cinayətləri örtüb-pərdələməyə və nə vasitə ilə olursa-olsun müqəssiri pak, təqsirsiz çıxarmağa çalışarlar. Burası hər iki tərəfin bir növ vəzifələridir. Fəqət bu gün mən arzu edərdim ki, heç bir tərəf yoxdur. Mütəəssiblüyə qapılmayıb bir haqq, bir ədalət naminə mühakimə yürütsün, heç kəs bilərik haqdan qaçmasın və böyləliklə bu gün müttəhimlər sandalyasında oturmuş İskəndərin əsl siması aydınlaşıb araya çıxmış olsun. Biz buna söz veriyor və əhd ediyoruz. Həmin bunu, bu bitərəflik və ədaləti də müdafiə vətəndaşlardan gözlər, ümid və arzu edəriz.

Nemətlərindən istifadə etdiyi mühitin bir yavrusu bir fərdi doğurur, bəsləyir, yaşadır, böyüdür, tərbiyə edir, öz-özünü idarə edə biləcək, dolandıra biləcək bir insan halına döndərir ki, bunlar həpsi həmin şəxsin möhtac dövrlərində dirilmiş bir borcudur. Alman bir borc, şübhəsiz ki, qaytarılmalıdır. Bunu inkar etmək olmaz. Həm də bu borcun məqsədi nasıl olmalıdır? Təbiətdə ümumi bir qanun vardır. Təsir əks təsirə müsavidir. Bu qanun dediyiniz məsələdə də işlədəcək olursaq, böylə şəkildə deyə biləriz ki, hər bir fərd üçün nə qədər artıq zəhmət çəkilmişsə, o qədər də artıq zəhmət çəkməli, nə qədər artıq faydalanmışsa, o qədər artıq fayda verməlidir.

İnsan adlı bir təbir meydana çıxıyor ki, onun da mənası belədir: Sən bəşəriyyətin bir üzvünü, onun illər boyu qazandığı təcrübələrindən, tərəqqi və təalisindən istifadə etmişsən. Sən ona bir mənfəət yetirməlisən. Sən içində bulunduğun xalqın bir üzvü, ölkənin bir yavrususan. Onun biliyindən, ruzisindən, ab-həvasından istifadə etmisən, ona bir mənfəət verməlisən. Həm də bu mənfəət aldığın faydanın miqdarına çox da olmazsa, bərabər olmalıdır. İştə buradan tarixdə öylə qüvvətli simalar təsadüf ediyor ki, bütün varlığını xəlqə borclu olduğunu hiss ediyor və kəndisini unudub varlığını da həmin xalqa vəqf ediyor. Fəqət öylə simalar da vardır ki, onlar deyil ki, öz vəzifeyi-ictimaiyyətlərini ifa etməyir, xalqa, cəmiyyətə bir fayda gətirməyir, hətta bir çox zərərlər də toxundururlar. Bu adamlar aldıqları borcu, aldıqları şeyləri qaytarmadıqları üçün... toxundurduqları zərərlər için¬də bir canidirlər. İştə böylə simalardan biri də bu gün müddəilər skamyasında qarşınızda oturmuş kefli İskəndərdir.

O, bu gün qarşınızda gördüyünüz, uzun illər uyğudan sonra göz açmış və kəndisini XX əsrin tərəqqi və təkamülünə qarşı yoxsul, gücsüz və qaranlıqda bulmuş zavallı, halına ağlanacaq şaşqın bir mühitin oğludur. Mən burada asanlıq üçün xalqı, cəmiyyəti bir ailəyə, ailəni də Hacı Həsən əmi olmaq üzrə bir şəxsin simasında toplayıb ümumi nəzəriyyələrdən ayrılmaq və həqiqətin içinə girmək istərəm. Hacı Həsən əmi kəndi avamlığına, qaranlıqda parçalanmasınna baxmayaraq, həmin bu İskəndəri min cür nazla tərbiyə etmiş, böyütmüş, gecələr yatmamış, qazanmış, ona yedirtmişdir. Fəqət Hacı Həsən əmi bununla iktifa etməmiş, İskəndəri başlı-başına buraxmamışdır. Onu məktəbə göndərmiş, illərlə oxutmuşdur. Bulunduğu dairədəki hər kəslə bərabər bir yüksəkliyə qaldırmışdır. Mühiti nəzərə alarsaq, deyə bilərik ki, bu¬nunla Hacı Həsən əmi öz atalıq vəzifəsini ifa etmişdir. Fəqət Hacı Həsən əmi adi atalar və yaxşı bir ata olmaqla da iktifa etməmiş, o, öz oğlunu daha gözəl tərbiyə etmək istəmiş, ağırlığınca pul qoymuş, onu ta Firəngistana qədər göndərmişdir. 7 il onu orada oxutmuşdur. Bu, bizim vəqtimizdə bir qədər qəribə gəlməyir. Fəqət mən istərdim ki, buradakı adamların təsəvvüratı bir qədər geniş olsun və həmin bu mühit içinə girib görsün ki, Hacı Həsən əmi bununla nə kimi böyük bir fədakarlıq göstərmişdir. Şübhəsiz, tanışlar-bilişlər, Hacılar onu töhmətləndirmiş, oğlunun kafir olacağı ilə qorxutmuş, o, zavallı oğluna nə olacağı xəyalilə gecələr uyuşmamış, Allah mənim oğlumu yoldan sapdırma, ona kömək ol, mənim üzümü xalq içində qara eləmə deyə bəlkə də bir çox uyğusuz gecələri ağlamışdır. O bu kədərlər, şübhələr içində "Allah sənə pənah" - deyə kəndisinə təsəlli vermiş və oğlunun qayıtmasını gözləmişdir. O, istəyir ki, onun oğlu oxusun, böyük, adlı bir adam olsun və o da qoca vaxtında öz oğlunun əqlilə, adı ilə iftixar etsin, lovğalansın.

Qoy bunu kimsə onun fənalığına yozmasın. Qoy burada olan vətəndaşlardan ata olmayanlar psixologiyaya, ata olanlar kəndi ürəklərinə müraciət etsinlər və görsünlər ki, bu hər bir atada təbii bir atalıq hissidir. Xüsusilə Hacı Həsən əmi tək bunları da düşünməmiş deyil, müsəlmanları oxumadıqları üçün töhmətləndirir... Qoy müsəlmanlar da oxuyan olsun, burada bir vətəndaşlıq, dindaşlıq, nə isə ictimai bir duyğu bir rəng də vardır. Soruyoram mən hər kəsdən ki, bu yoxsul, zavallı mühitdə bundan artıq nə yaxşılıq, nə atalıq haqqı gözləmək olar?! Hətta vəqtimizin ataları belə, iki faiz böylə atalar göstərə bilməzlər ki, hər hansı bir fransız, ya ingilis öz oğluna bundan artıq əmək sərf etmişdir. Hacı Həsən əmi öz atalıq vəzifəsini bir qədər geniş ölçüdə götürüb, mühit, İskəndər xüsusunda öz vəzifəsini artıqlamasilə ifa etmişdir.

İştə on il keçir, İskəndər Firəngistandan dönüb gəliyor, Hacı Həsən əminin ürəyi döyünür, çünki bu qədər çəkdiyi zəhmətlərin, töhmətlərin, iztirabların hədərmi, yerlimi olduğu, ümumiyyətlə nəticəsi şimdi anlaşılacaqdır. Hər kəs maraqlanıyor ki, əcəba İskəndər nə olmuş qayıtmışdır. Zatən şimdi də hər kəs maraqlanıyor. Fəqət mən sizi maraq içində boğmamaq üçün əvvəlcədən söyləyirəm. Bilirmisiniz İskəndər nə üçün qayıtmışdır? Hakim əfəndilərin müsaidəsilə kefli İskəndər ki, mühitin ona verdiyi bu adı təhlil etdikdə əxlaqsız, tərbiyəsiz, işsiz-gücsüz, tənbəl, birisinə it küskürər, o birisini yalandan aldadar, çocuqları yoldan çıxarıb səfalətə alışdırmağa çalışar, mühitin adətlərilə ənənələrilə hesablaşmaz, heç bir sözün yerini, heç bir hərəkətin vaxtını bilməz, başsız-ayaqsız bir səfil, bir sərxoş qarşısında mühiti, bu bədbəxt, qaranlıq xalqı cəhalət didiyor, əziyor, parçalayor, məhv ediyor, möminlərlə Şeyx Nəsrullah bu bədbəxtləri aldadaraq namuslarına toxunuyor, irzlərini-namuslarını canavarlar kimi çamurlara çırpıb tapdayor, bunların həpsini görüyor, bir ölü kimi hərəkətsiz qalıb ona müəyyən bir yol göstərməyir, onun üçün çalışmayır, xalqın səadəti üçün bir diləyi yox, bir ideyası yox, ictimai işlər üçün bir projesi yox, öylə səfil bir halda diyirlənib gediyor. Fəqət əfv edərsiniz. "İskəndərin bir idealı, diləyi yoxdur" - deyincə, mən burada bir haqsızlıq tapdım. Hər halda İskəndərin bir diləyi, bir idealı vardır. O da bilirmisiniz nədir? Bir şüşəni səhərdən içib axşama kimi, o biri şüşəni də axşamdan içib səhərə kimi keflənmək və İsrafil surini çalıncayadək ayılmamaq. Əfəndilər, mən bilirəm və siz şimdicə görərsiniz ki, müdafe əfəndilər deyəcəklər ki, İskəndəri içməyə məcbur edən mühit özüdür. O, mühitdə gördüyü rəzalətləri, qaranlığı görmiyor, mühit onu anlamıyor, o da bütün bu fəlakətləri alkoqolla sərxoş qoynunda boğmaq, xırpalamaq istəyor. Əvət mən əvvəlcə dedim ki, yürüdəcəyimiz mühakimələr bitərəflik və ədalətdən ayrılmalı, haqlar etiraf edilməlidir. İştə mən də sözümə sadiq qalıyor, hətta etiraf ediyor və deyirəm: mühit İskən¬dəri anlamayor. Fəqət qoy buna qarşı hər kəs, xüsusilə müdafe əfən¬dilər əllərini vicdanlarının üzərinə qoyub etiraf etsinlər ki, İskəndər özü də mühiti anlamayor, anlamağa çalışmayor, anlamaq istəmiyor.

Xalq etiraf edir ki, o qaranlıqdır, anlamayor. Bu, onun üçün bir o qədər də ayıb deyil və bir günah da deyildir. İskəndər 10 il Firəngistanda oxuyub gəlmiş, heç şübhəsiz, bu avam mühitdən yüksəkdə olacaqdır və Parisdə götürdüyü XX əsrin pək uzaqlara getmiş fikrini, fəlsəfəsini, Nuh dövrünü yaşayan xalqa birdən söyləyərkən o anlamayacaqdır, ürkəcəkdir. Cəhalət xalqı parçalayır. Burada mübarizə gərəkdir ki, gecələr uyumasın, müəyyən yollar, planlar düzəltsin. Bütün varlığılə ayıq bir fikir, düşüncə ilə xalqın içinə atılıb onun ruhunu, adət və ənənələrini, tradisiyasını, psixologiyasını bütün dərinliklərinə, görülməz incəliklərinə qədər öyrənib onu təhlil etsin və bunlar üzərinə gecələr uyumayıb müəyyən planlar qursun, yollar düzəltsin və gündüzlər haman yolları xalqın anlayacağı bir tərzdə həyata keçirsin, xalqa anlatsın, öyrətsin, xalq üçün bir müəllim olsun. Fəqət İskəndərdən böylə başyorucu şeyləri sormayın, zatən bunları düzəltmək üçün ayıq bir vaxtı yox ki! O, böylə cəfəngiyata baxmaz. O, hər şeyi təsadüfi görmək istər. O, sistema, üsul-filan tanımaz. Yolunda yaxşılıqdan başqa heç bir şey etməyən, kəndisini heç bir şeydə müqəssir bilməyən Hacı Həsən əminin yanına gəlir və heç bir söz demədən, səbəbini anlatmadan birdən başlar: tfu sənin üzünə! Hacı Nəcəfəliyə yetişir, heç bir söz demədən mars-mars, kus-kus deyə itə yedirtmək istəyir. Axı neçin? Səbəbi bəlli deyil. İskəndər özü bilir. Və yaxud iki aydan sonra gedib qəbiristanda ölülərin məzar daşlarına nəsihət söylər. İştə İskəndərin bütün mübarizəsi "mühit onu anlamayır" - deməklə buradan çıxılmaz hər bir yenilik, hər daim kəndisinə bir çox rəqiblər bulmuş və ancaq böyük sistematik mübarizələrdən sonra, anladandan sonra təzvic edilə bilmişdir. Bu gün mühiti təqsirləndirəcək və İskəndəri haqlandırmağa çalışacaq. XX əsrin oğulları olan müdafiələr qəti deyə bilərlərmi ki, yarın onlar özləri bir İskəndər qarşısında qalınca Hacı Həsəndən daha fəna bir vəziyyət almayacaqlar.

Təsəvvür ediniz güzdəkli... oğlu Səməndəri böyük zəhmətlərlə Petroqrada oxutmağa göndərmiş ki, gəlsin adətən bir insan olsun. Səməndər getmiş, 10 ildən sonra Güzdəyə qayıtmış, fəqət nə cür qayıtmış? Bütün paltarlarını soyunmuş, lüt madərizad o kəndin içində gəziyor. Bir qonaqlıqdan gələn anasını küçənin ortasında yaxalamış və birdən birə: tfu sənin üzünə! Kim ona dəli deməz? Hətta müdafelərin öz başlarına bu iş gələrsə, ona dəli deməyəcəklərinə söz verə bilərlərmi? Fəqət bu adam dəli deyilmiş, bilirmisiniz nə imiş? Bir fotoqrist imiş. Anasının da üzünə onun üçün tüpürürmüş ki, neçin başına ipək yaylıq bağlamış, köynək geymiş. Halbuki o bir təbiətin qızıdır, çılpaq gəzsə daha gözəl olur. Biz heç kəsə istədiyi fikirdə olmasını yasaq etməyirik. Fəqət hər kəs etiraf edir ki, yeni bir fikri təzvic üçün keflənməyib çalışmaq, o fikri anlatmaq lazımdır. İskəndər mühit üçün bir müəllimdir. Şübhəsiz, mühit onu anlamayacaqdı. Mühit onu anlayacaq dərəcədə olursa, xalqın idrakı onun yüksəkliyində olursa, o zaman kimə lazım idi. İskəndər cəhənnəm olub getsin, şüşə ilə deyil, istəyirsə boçka ilə içsin. Əsl dərd orasıdır ki, mühit ondan aşağı, o isə bir müəllim vəziyyətindədir. Nəhayət, söylədiyimiz hal ki, məktəbə bir müəllim göndərilərkən, mütəəllimlər əvvəlcədən həmin müəllimin bildiyi dərəcədə öyrədilir. O zaman kimə lazımdır müəllim. Müəllim bilməyənlərə, anlamayanlara gərəkdir ki, gəlsin, müxtəlif yollar, vasitələr ilə bir yol, beş yol, yüz yol desin, anlatsın, öyrətsin. Yoxsa müəllim içəri girəcək: Həsən - 5! Kərəm - 5! Müəllim başlayacaq: "Tfu sizin üzünüzə! Mənə bir küp şərab, bunlar məni anlamayırlar.” Bu bir cəhəti, fəqət bizim əlimizdə tutarlı sənədlər vardır ki, İskəndəri kefli halına salan mühit deyil, onun keyf mayişadan alkoqola alışdığıdır. O, mədəniyyətin özünü belə alkoqola dəyişir. İskəndər evdə, təklikdə oturub düşünür: nədir elm? "Elm ona deyərlər ki, bir adam bu şüşəni çəksin başına, həpsini içsin". Bu, onun xüsusi düşüncəsidir ki, heç kəsə dəxli yoxdur və təkliyində İskəndərin düşündüklərini bir şeyə qarşı nümayiş kimi götürmək olmaz. iştə böyləlik ilə İskəndər bütün varlığını alkaqolun müdhiş pəncəsinə tapşırmış, heç bir vəzifəyi-ictimaiyyəsini ifa etməmiş, mühitdən aldığı faydaları da, borcları da bir midvər kimi mənimsəmiş, qaytarmamışdır. Mühit mübarizələrə möhtac ikən o heç bir yaxşı iş görməmişdir. Hətta İskəndərin qarşısında cinayətlər işlənir. Şeyx Nəsrullah hər gün məsum, zavallı bir yavrucuğun namusunu tapdayır, İskəndər susuyor. Heç bir əməli, qəti, təşəbbüsə girişməyir, halbuki, bu mümkün idi də. Şeyx Nəsrullah ölüləri diriltməyi iddia edirdi. İskəndər bilirdi ki, bu yalandır. Orada xalqa bu yalanı anlatmaq üçün böyük fədakarlıqlar lazım idi. Bir igid istəyirdi ki, bu kor xalqın qarşısına çıxsın və şeyxə söyləsin ki, şeyxanə, bu ölülərin həpsini dirilt, ya Heydər ağanı öyrədib göndərə idi ki, get ölülərini diriltməyi xahiş et. Şeyx bunu bacarmayacaq və yalanların üstü açılacaq, cinayətləri aradan qalxacaqdı. İskəndər bunu etməyir, çünki ayıq deyil idi. O, hər şey bitəndən sonra sallana-sallana durub gəlmiş və toydan sonra nağara və ruslar demişkən "Posle draki kulakami maşet". Ölülərə vəz ediyor. İskəndər... ümumi ölçüdə çalışmayır, hətta bir ailəyə də təsir edəməyir. Çünki tanındığı qiyafətlə onu kimsə tanımaq istəməz, ona kimsə etibar etməz. İskəndər yalançıdır, duyğusuz və canidir. Bacısını müdafiə etməyə söz vermişkən bir fəlakətə məruz qalmış, zavallı yavru son gündə hər yerdən əli üzülmüş, bircə ona ümid edər, ona iltica edər, ondan müdafiə gözləyirkən "Gəl-bacım, mən ölmədikcə səni kimsə məndən ayırmaz" - deyə qollarını açib onu qucmaq və qəhrəman kimi araya atılmaqdansa onu kobudcasına itələyib yıxır, fəqət İskəndər qollarını açıb qucuyur da. Həm də qucduğunu şübhəsiz ki, bilirsiniz nədir: Haman şüşə ki, bütün varlığı ondan ibarət bulur. Bəzilərində öylə bir nəzəriyyə var ki, nəhayət, şeyxin torları açıldı, İskəndərin fikri qalib gəldi, İskəndər qalib gəldi. Xalq anladı ki, İskəndər haqlı imiş. Bəlkə bu özü də bir metoddur. Fəqət bu yanlış bir nəzəriyyədir. Əvət şeyxin fırıldaqları açıldı. Həm də bir çox məsum qızlar çeynənəndən sonra açıldı. Fəqət bunda İskəndərin iştirakı olmadı, qalib gələn İskəndər deyildi, bir təsadüf idi. Xalqın anladığı İskəndərin fikri deyildi, bəlkə şeyx Nəsrullahın fırıl¬daqları idi. İskəndər olmasaydı da bu fırıldaqlar açılacaq idi. O, burada arabanın beşinci çərxi də ola bilməmişdir. İskəndər bütün o cinayətlərə qarşı susmuş, özü də bir cani olmuşdur.

Bəziləri, xüsusilə İskəndər özü də düşünə bilər ki, pəki Hacı Baxşəli də cəmiyyət üçün, xalq üçün çalışmayır, onu nə üçün mühakimə etməyirlər. “Şərab da içirəm özüm bilirəm, can mənim, cəhənnəm tanrının". Fəqət onun üçün mütəəssüfanə olaraq burası böylə deyildir. Qanun kodekslərində bir qanun vardır. Bir nəfər Səməndər keflənib, ya da hətta dəli olub öz evini yıxarsa, ola bilər ki, onu cəzalandırsınlar, ola bilər ki, bir növ əfv etsinlər. Fəqət həmin Səməndər keflənib öz evini yıxarsa və onun üzərinə köydəki evlərin həpsi od alıb yaxıla-gülə dönərsə, Səməndər mütləqa cəzalanmalıdır. Onu heç bir qanun əfv edəməz. Şimdi baxalım İskəndər keflənməsilə yalnız öz evini yaxıyor. Çünki dediyimiz kimi şərait böylə düşmüş ki, İskəndər Firəngistandan qayıtmış, xalq mədəniyyətinin, elmin, maarifin nə olduğunu bilməyir. İskəndər həmin mədəniyyətin, maarifin yeni fikirlərin bir timsal mücəssəmi kimi görünür. Ona baxacaq mədəniyyətə öz münasibətini təyin edəcəkdir. Bu bir həqiqətdir. İskəndər bir nümunədir ki, onu görüncə hanki bir axmaq öz oğlunu Firəngistana göndərəcəkdir.

Xalq anlamış, daha doğrusu, İskəndər onlara anlatmış ki, oxuyanlar Allahı, peyğəmbəri tanımaz, gecə kefli, gündüz kefli, böyük bilməz, kiçik bilməz, əxlaqsız, tərbiyəsiz, işsiz-gücsüz bir sərsəm olaraq, küp dibində yatacaqdır. Bunu görən Hacı Həsən on il əvvəl oğlunu Firəngistana göndərmişdi. Bilirmisiniz nə düşünür, nə qənaət hasil etmiş...

Nə oluyor, nə düşünür mən onu sizə təcəssüm etdirmək istərəm...

İştə qoy, canı çıxsın, zavallı mollaların ölsün, qaranlıqda məhv olsun. Çünki İskəndər bütün mədəniyyəti, bütün elmi, maarifi, onun əsl məna və əhəmiyyətini məhv etdi. İskəndər onların ölümünə bais oldu. İştə buna görə də İskəndər Firəngistanda keflənib qalsaydı, öz evini yaxmış olurdu, fəqət gəlib bu zavallı mühit içində keflənmiş, minlərlə evləri yaxmış, ailələri məhv etmiş, minlərlə zavallının cəlladların qaranlıq pəncəsində can çəkişməsinə səbəb olmuşdur. Ona görə bu gün ona bəraət qazandırmaq istəyənlərəsə, bütün gəncliyin haqqı vardır ki, qalxıb bir səslə bağırsın: Qaldırın onu mühitdən, o bizə gərək deyildir. O gələcək nəslin qatilidir. O, Şeyx Nəsrüllahdan daha bədtər canidir. Yolları ayrı, fəqət hədəfləri birdir. Şeyx Nəsrullah xalqı elmdən uzaqlaşdırıyor, qaranlıqda boğuyor. İskəndər elmi xalqdan uzaqlaşdırıyor, xalqı tapdayor, öldürüyor, məhv ediyor. Mən sözümü bitiriyor və əsl mühakiməyi möhtərəm hakimlərə tapşırıyoram, qoy onlar özləri kəsdirsinlər, kim daha böyük müqəssirdir? Müəyyən bir psixoloji xəstəlik nəticəsində cinayətlər işləmiş və bu mühitə bir şey borclu olmayan Şeyx Nəsrullahmı? Və ya mühitdən böyük faydalar alıb ona bir çox şeylər borclu olan, eyni vaxtda zavallı xalqı bir qaranlığa doğru sürükləyən, gələcəyin, gəncliyin qatili kefli İskəndərmi?

kultura.az

# 1758 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #