Teddi – Doqquz hekayənin sonuncusu

Teddi – Doqquz hekayənin sonuncusu
19 aprel 2017
# 15:30

Kulis.Az Tehran Vəliyevin tərcüməsində məşhur Amerika yazıçısı Cerom David Selincerin “Doqquz hekayə” silsiləsindən doqquzuncu hekayəni - “Teddi”ni təqdim edir.

– Qaqaş, elə etmə ki, bu günün ləzzətini sənin burnundan gətirim, tez ol, düş o sakvoyajın üstündən, – mister Makardl dedi. – Səninlə deyiləm?

Onun səsi kayutdakı iki çarpayıdan birindən – illüminatordan daha uzaqdakı çarpayıdan gəlirdi. Sonra ufultudan çox iniltiyə bənzər bir səs çıxarıb, qeyzlə mələfəni təpikləyib topuqlarının üstündən kənara atdı, sanki gündən yanıb cızdağı çıxmış dərisinə ən yüngül parçanın belə toxunmasına tabı qalmamışdı. Əynində təkcə pijama şalvarı, sağ əlində tüstülənən siqaret, arxası üstə çarpayıya uzanmışdı. Başı çarpayının lap kürəkliyinə dirənmişdi, elə bil bu narahatçılıqdan xüsusi ləzzət alırdı. Yastığı ilə külqabı missis Makardlla onun çarpayısının arasında döşəməyə düşüb qalmışdı. Yerindən tərpənmədən çılpaq, gündən ütülüb bənövşəyi rəngə çalan sağ qolunu uzadıb, o tərəfə baxmadan, siqaretin külünü gecə stoluna tərəf çırpdı.

– İlahi! Belə də oktyabr ayı olar! – dedi. – Buranın oktyabrı belədirsə, gör onda avqustu necə olar!

– üzünü yenə də Teddiyə tərəf çevirib, deyinməyə bəhanə axtardı. – Nə oldu? – dedi. – Eşitmədin, nə dedim? Məgər özüm üçün deyirəm? Düş oradan, tez ol, eşitmirsən?

Teddi öküz dərisindən olan və kənardan təzə görünən sakvoyajın üstünə ona görə dırmanmışdı ki, öz kayutlarının açıq illüminatorundan bayıra rahat baxa bilsin. Ayağına corabsız geyindiyi ağ yarımkedlər qap-qara kir içində idi, həddən uzun şortu həm də arxadan xeyli torbalanmışdı. Tez-tez yuyulmaqdan bozarıb rəngini itirmiş qolsuz köynəyinin sağ çiynində on sentlik pul boyda yırtıq vardı. Amma belinə bağladığı timsah dərisindən olan qara kəmər o qədər gözəl idi ki, bu əyin-başla heç cür uyuşmurdu. Saçları isə çoxdan vurulmalıydı, xüsusilə arxadan. Yalnız başı böyük, boynu nazik oğlan uşaqları bu cür qıllana bilərlər.

– Teddi, eşitmədin məni?

Teddi başını illüminatordan o qədər də çox çıxartmamışdı, başqa uşaq olsaydı, yəqin ki, çoxdan üzüaşağı yuvarlanardı, o isə möhkəm dayanmasa da, ayaqlarını sakvoyajın üstündən aralamamışdı, təkcə başının çox hissəsi illüminatordan bayıra çıxmışdı. Lakin atasının səsini çox yaxşı eşidirdi. Heç onu eşitməmək olardımı? Mister Makardl Nyu-York radiolarının azı üç gündüz proqramında baş rolun ifaçısı olmuşdu və onun, necə deyərlər, üçüncü dərəcəli bu konferensenin öz gurluğuna məftunmuş kimi, qalın və titrək səsini günün günorta çağı hər yanda eşitmək olardı. O istəsəydi, hər dəqiqə bütün başqa səsləri, hətta körpə uşaq çığırtısını belə batıra bilərdi. Peşə gərginliyindən azad olub dincələndə isə bu səs bir qayda olaraq, böyük məmnunluqla son dərəcə bəmə düşür və astadan, amma yaxşı köklənmiş təmiz səhnə gurluğu ilə titrəyirdi. Lakin indi səsinin lap qalın yerinə salmağın vaxtı çatmışdı.

– Teddi! Lənət şeytana, eşitmirsən?!

Teddi özünün gözətçi pozasını dəyişmədən, yarı geri qanrılıb, son dərəcə aydın və hər şeyi başa düşən gözlərini sualedici nəzərlərlə atasına dikdi. Açıq-qəhvəyi rəngli, çox da iri olmayan gözlərində bir qədər çəplik vardı, xüsusilə də sol gözündə. Ancaq bu çəplik onun görkəminə elə bir xələl gətirmirdi, diqqətlə baxmasan, heç bilinməzdi də. Bu çəplik elə bir çəplik idi ki, onu ötəri xatırlatmaq kifayət edərdi, o da yalnız bu mənada ki, onlara baxan kəs dərin və uzun-uzadı düşüncələrə dalıb, ürəyində onların bundan da düz, bundan da iri, bundan da qara olmağını arzulayardı. Bütün bunlara rəğmən, onun sifətində, ilk baxışdan olmasa da, nə isə gizli bir cazibə vardı.

– Demədim sənə düş aşağı! Tez ol! Adama neçə dəfə deyərlər?

– Düşmə, əzizim. Kefin nə qədər istəyir, bax, – missis Makardl nünüldədi. Səhərlər burnu bir balaca tutulan kimi olurdu. Gözlərini açdı, ancaq bir anlığa. – Heç yerindən də tərpənmə, – o, sağ yanı üstə, üzü sola, Teddiyə və illüminatora doğru uzanmışdı. Arxası ərinə tərəf. Yalınqat mələfəni, çox güman ki, çılpaq bədəninə bürüyərək, əllərindən tutmuş çənəsinədək hər yerini örtüb gizlətmişdi. – Kefin istəyir, lap elə atdan-düş, oyna orada, – gözlərini yumub əlavə etdi. – Əz, dağıt atanın sakvoyajını.

– Afərin! Ömründə bundan ağıllı söz dilinə gəlməyib, – mister Makardl arvadının boynunun ardına baxa-baxa sakit və rəvan səslə dedi. – Əvvəla, məlumun olsun ki, o sakvoyaja iyirmi dollar vermişəm, ikincisi də, mən ondan adam balası kimi xahiş elədim ki, oradan düşsün. Sən isə ona atdan-düş, əz-dağıt! Bu nə deməkdir? Yoxsa, zarafat edirsən?

– Bir sakvoyaj ki, on yaşında uşağın ağırlığına – hələ onun çəkisi yaşına görə on üç funt da azdır – tab gətirməyəcək, onu mənim kayutumdan bayıra tullaya bilərsən, – missis Makardl gözlərini açmadan dedi.

– Bilirsən sənə neyləyərdim? – mister Makardl dedi. – Əlimdə imkan olsaydı, başını əzərdim.

– Bəs niyə durmusan?

Mister Makardl cəld dirsəklənib başını qaldırdı, əlindəki siqaret kötüyünü gecə stolunun şüşə üzlüyünə basıb əzdi.

– Bu gün-sabah, Allah qoysa... – o, hirsli-hirsli sözə başladı.

– Allah qoysa, bu gün-sabah sənin özünü ölümcül, özü də çox ölümcül bir infarkt vuracaq, – missis Makardl ağzını açmağa ərinirmiş kimi həvəssiz-həvəssiz dedi. Əllərini bayıra çıxarmadan, mələfəni dartıb bir az da bərk büründü. – Sonra, təmtəraqlı olmasa da, səni ədəb-ərkanla dəfn edəcəklər. Yasa yığışanlar da hey soruşacaqlar ki, görəsən, o lap qabaqda, birinci sırada əyləşib orqan çalan oğlanla naz-qəmzəylə laqqırtı vuran qırmızı donlu qəşəng qadın kimdir? Məgər o...

– Ah, nə kəsərli söz! Amma heyif ki, gülməli çıxmadı, – mister Makardl dedi və yenə arxası üstə yıxıldı.

Valideynləri bu xoş sözlərlə bir-birini dindirənəcən Teddi geri dönüb, yenə də başını illüminatora soxdu.

– Bu gecə saat üç otuz ikidə «Kuin Meri» ilə rastlaşdıq. Bizə nisbətən əks istiqamətdə üzürdü.

Maraqlananlar varsa, – amma bunu çətin ağlım kəsir, – bilsin, – tələsmədən, yavaş-yavaş dedi, – onlar üçün deyirəm. – Onun arabir gözlənilmədən oğlan uşaqlarına xas bir xırıltı ilə partlayan alçaq səsi vardı. Ağzından çıxardığı hər ifadə sarı – viski rəngli dənizin dalğaları arasında uyuyan qədim adaları xatırladırdı. – Növbətçinin, bizim Buppinin zəhləsi gedən həmin o növbətçinin qrifel lövhəsində belə yazılmışdı.

– Bura bax, qaqaş, bu dəqiqə o sakvoyajın üstündən düşməsən, səndən elə bir «Kuin Meri» düzəldəcəm ki, adın da yadından çıxsın, – atası dedi. Ted- diyə tərəf çevrildi. – Düş oradan, dedim sənə. Get, heç olmasa, o saçlarını qırxdır, – yenə də arvadının boynunun ardına baxdı. – Gör bir nə günə düşüb, elə bil qoca kişidir.

– Pulum yoxdur, – Teddi dedi. İllüminatorun qırağından bir az da bərk yapışıb, çənəsini barmaqlarının üstünə qoydu. – Ana, nahar otağında bizimlə qonşu stolda oturan o kişi yadındadır? Yox, o çox arığı demirəm. O birisini deyirəm. O da o stolda oturur. Bizim ofisiant da həmişə öz məcməyisini onun yanında qoyur.

– Hmm, – missis Makardl dedi. – Teddi. Əzizim. Qoy beşcə dəqiqə rahat yatım. Axı sən ağıllı balasan.

– Yox, qoy deyim. Bu çox maraqlıdır, – Teddi çənəsini barmaqlarının üstündən qaldırmadan və gözlərini ondan çəkmədən dedi. – Bir az bundan qabaq, gimnastika zalında Sven məni tərəzidə çəkəndə, o da oradaydı. Yaxınlaşıb məni söhbətə tutdu. Sonuncu lent yazıma qulaq asıbmış. Apreldə yox, mayda yazdırdığıma. Avropaya gəlməzdən qabaq Bostonda bir qonaqlıqda olub və o qonaqlıqda olanlardan biri Leydekkerin imtahan qrupunun üzvlərindən kimisə, – kimliyini demədi, – tanıyırmış və onlar o axırıncı lent yazısını elə oradaca təzədən fırladıblar. O lent bunu yaman maraqlandırıb. Professor Bebkokun dostudur. Deyəsən, elə özü də müəllimdir. Deyirdi ki, bütün yayı Dublində, Triniti kollecində keçirib.

– Yox bir! – missis Makardl dedi. – Deməli, lap elə qonaqlıqda qulaq asıblar? – Yarıyuxulu Teddinin ayaqlarına baxdı.

– Məncə, hə, – Teddi dedi. – Mən tərəzinin üstündə dayanmışdım, o da mənim barəmdə Svenə danışırdı. Bərk utandırdı məni.

– Burada utanmalı nə var ki? Teddi tərəddüd etdi.

– «Bərk» dedim axı mən. Bu mənim o vəziyyətimi daha dəqiq ifadə etmiş olar.

– Qaqaş, bu saat o sakvoyajın üstündən düşməsən, səni elə dəqiqləşdirəcəm ki, olub-qalan ağlın da başından çıxacaq! – mister Makardl dedi. Təzə siqaret yandırdı. – Bax, üçəcən sayıram: Bir... Lənət şeytana... İki...

– Saat neçədir? – missis Makardl Teddinin ayaqlarına baxa-baxa birdən soruşdu. – Bəs sən Buppi ilə on birin yarısında üzgüçülük dərsinə getməli deyilsən?

– Hələ vaxta var, – Teddi dedi. – Şapp! – Birdən başını tamamilə illüminatordan bayıra çıxartdı, bir-iki anlığa ətrafa boylandı, sonra geri çəkilib məlumat verdi: kimsə elə indicə bir vedrə portağal qabığını pəncərədən suya tulladı.

– Pəncərədən-məncərədən, – mister Makardl siqaretin külünü çırpa-çırpa dedi. – Pəncərədən yox ey, illüminatordan, qaqaş, illüminatordan. – Arvadına tərəf boylandı. – Tez ol, Bostona zəng elə. Təcili Leydekkerin qrupunu telefona çağır.

– Ooh! Biz sənin dildən bu qədər zirək olduğundan xəbərsiz imişik ki! – missis Makardl dedi. – Niyə özünü yorursan?

Teddi başını illüminatordan bir az da geri çəkdi.

– Heç bilirsiniz, nə qəşəng üzürlər? – onlara tərəf çevrilmədən dedi. – Çox maraqlıdır.

– Teddi, axırıncı dəfə deyirəm. Üçəcən sayacam, sonra səni...

– Maraqlı onların üzməyi deyil, onu demirəm, – Teddi dedi. – Maraqlı olan budur ki, ümumiyyətlə, mən onların varlığından xəbərdaram. Əgər mən onları görməsəydim, onların burada olduqlarını bilməzdim, onların burada olduqlarını bilməsəydim, hətta onların varlığı barədə bir söz də deyə bilməzdim. Bu da sizin üçün ən bariz, ən uğurlu nümunə ki...

– Teddi, – missis Makardl mələfənin altında heç tükü belə tərpənmədən onun sözünü kəsdi. – Get Buppini tap mənim üçün. Haradadır o? İstəmirəm ki, o bu gün də dünənki kimi günün altında veyillənib, özünü o cür yandırsın.

– İndi heç bir qorxusu yoxdur. Məcbur eləmişəm, kombinezonunu geyinib, – Teddi dedi. – Artıq bəziləri batmağa başlayıblar. On-on iki dəqiqədən sonra onların üzə biləcəkləri yeganə yer mənim təsəvvürüm olacaq. Bu isə çox maraqlıdır: axı əslinə qalsa, onlar elə əvvəlcə məhz mənim təsəvvürümdə üzməyə başladılar. Əgər mən heç vaxt burada dayanmasaydım, yaxud da elə o anda biri içəri girib mənim başımı bədənimdən üzsəydi...

– Haradadır indi o? – missis Makardl soruşdu.

– Teddi, bir anana tərəf dön görüm.

Teddi dönüb anasına baxdı.

– Nədir? – dedi.

– Haradadır Buppi? Mən istəmirəm ki, o, şezlonqların arasında veyillənib, camaatın əl-ayağına dolaşsın. Birdən o əcaib kişi yenə...

– Narahat olma... Fotoaparatı ona vermişəm. Mister Makardl yerindən dik atılıb dirsəkləndi.

– Aparatı ona vermisən?! – dedi. – Bu nə hoqqadır! Mənim «Leyka»mı, aman Allah! Mən qoymaram ki, altı yaşlı qız uşağı fotoaparat əlində aralıqda...

– Onu necə tutmaq lazımdır, başa salmışam, salıb sındırmaz, – Teddi dedi. – Lenti də, aydın məsələdir, içindən çıxarmışam.

– Teddi, fotoaparat bu saat burada olmalıdır! Eşitdin? Bu dəqiqə o sakvoyajın üstündən düşürsən, sənə beşcə dəqiqə vaxt verirəm. Əgər fotoaparatı gətirib çıxarmasan, bu dünya bir vunderkinddən məhrum olacaq. Qandın?

Teddi yavaş-yavaş onlara tərəf dönüb, sakvoyajın üstündən düşdü. Sonra aşağı əyilib, sol ayağında ayaqqabısının bağlarını bərkitməyə başladı. Atası bir qolu üstə dirsəklənib, hələ də gözlərini ondan çəkmirdi.

– Buppiyə de ki, yanıma gəlsin, – missis Makardl dedi. – Di gəl indi ananı öp.

Ayaqqabısının bağlarını bərkidəndən sonra Teddi ötəri anasının yanağından öpdü. Anası da bunun müqabilində sol əlini mələfənin altından çıxartdı, çox güman ki, Teddini qucaqlamaq istəyirdi, amma o, əlini çıxaranacan Teddi oradan uzaqlaşdı. O biri tərəfə keçib, çarpayıların arasında dayandı. Aşağı əyildi, atasının yastığını yerdən götürüb sol qoltuğuna vurdu, gecə stolunun külqabısını isə sağ əlinə aldı. Külqabını sol əlinə keçirib, gecə stoluna yaxınlaşdı, sağ ovcunun yanı ilə atasının onun üstünə tökdüyü siqaret kötüklərini və siqaret külünü sivirib külqabıya tökdü. Sonra külqabını yerinə qoymazdan qabaq, gecə stolunun üstünü dirsəyi ilə silib, onun şüşə səthini kül tozundan təmizlədi. Əlini zolaqlı şortuna sildi. Sonra külqabını təmiz şüşənin üstünə elə ehtiyatla qoydu ki, elə bil bu külqabı hökmən ya stolun tən ortasında durmalıydı, ya da heç onu bura qoymamalıydı. Bu anda bayaqdan gözlərini ondan çəkməyən atası birdən baxışlarını ondan uzaqlaşdırdı.

– Yastıq lazımın deyil, məgər? – Teddi ondan soruşdu.

– Mənə mənim fotoaparatım lazımdır, cavan oğlan!

– Bu cür rahat ola bilməzsən, axı. Heç cür rahat ola bilməzsən, – Teddi dedi. – Al, qoyuram bura.

O, yastığı çarpayının aşağı başına, atasının ayaq- larının yanına qoydu. Qapıya doğru yönəldi.

– Teddi, – anası başını ona tərəf çevirmədən onu çağırdı, – Buppiyə de ki, hovuza düşməzdən qabaq mənim yanıma gəlsin.

– Uşağı niyə rahat buraxmırsan? – mister Makardl dedi. – Yazığa heç göz açmağa da imkan vermirsən. Heç bilirsən, sən onunla necə rəftar edirsən? Deyim sənə? Sən onu elə gözümçıxdıya salmısan ki, elə bil o uşaq ən islaholunmaz cinayətkardır.

– İslaholunmaz! Oh, nə gözəldir! Əzizim, sən əsil britaniyalıya dönüb getmisən!

Teddi qapının önündə ayaq saxlayıb, fikirli-fikir- li dəstəyi bir-iki dəfə sağa-sola burdu.

– Bu kayutu tərk edəndən sonra mən yalnız məni tanıyanların təsəvvüründə yaşayacağam, – dedi. – O portağal qabıqları kimi.

– Nə dedin, əzizim? – missis Makardl kayutun o biri başından soruşdu. Hələ də yanı üstə, arxası qapıya tərəf uzanmışdı.

– Tez ol tərpən, qaqaş, tez ol, «Leyka»nı tap, mənə gətir.

– Gəl bir ananı öp. Özü də bu dəfə yaxşı-yaxşı, bərkdən.

– İndi heç cür, – Teddi dalğıncasına dedi. – İndi yorulmuşam.

Kayutdan çıxıb qapını örtdü.

Həftəlik gəmi qəzetini qapının altına soxmuşdular. Bütün qəzet bir üzü yazılı parlaq cilalı vərəqdən ibarət idi. Teddi əyilib onu götürdü və gəminin arxa hissəsinə tərəf gedən keçidə düşüb, yavaş-yavaş yeriyə-yeriyə onu oxumağa başladı. Qarşıdan ona tərəf əyninə kraxmallı forma geyinmiş hündürboylu, sarışın bir qız gəlirdi. Əlində içinə uzun saplaqlı qızılgüllər yığılmış güldan vardı. Teddiyə çatanda sol əli ilə onun başını tumarlayıb dedi:

– Bir adam saçını çoxdan qırxdırmalıdır!

Teddi laqeydcəsinə başını qaldıranacan qız ondan uzaqlaşdı. Teddi heç dönüb onun dalınca da baxmadı. Yeriyə-yeriyə oxumağına davam etdi. Keçidin axırına çatanda, yuxarısında qəribə bir divar rəsmi – müqəddəs Georgi ilə əjdaha şəkli olan pilləkənlərin önündə qəzeti dörd qatlayıb, sol yandan arxa cibinə soxdu. Sonra enli pilləkənlərlə, xalı döşənmiş trapla bir mərtəbə yuxarıda yerləşən əsas göyərtəyə qalxmağa başladı. Pillələri iki-iki qalxırdı, amma tələsmədən, bütün bədənini gərərək, məhəccərdən tuta-tuta. Sanki pillələri bu cür iki-iki yuxarı qalxmaq, bir çox uşaqlar kimi, ona da xüsusi ləzzət verirdi. Əsas göyərtəyə qalxan kimi birbaşa təsərrüfat işləri üzrə kapitan köməkçisinin stoluna tərəf yönəldi. Həmin anda o stolun arxasında əynində dənizçi forması olan yaraşıqlı bir qız əyləşmişdi. Rotatorda çap olunmuş vərəqələri üst-üstə sancaqlayırdı.

– Bağışlayın, bilmirsiniz, bu gün oyun saat neçədə başlanacaq? – Teddi ondan soruşdu.

– Nə? Başa düşmədim?

– Bağışlayın, bilmirsiniz, bu gün oyun saat neçədə başlanacaq?

Qızın rəngli dodaqları təbəssümlə aralandı.

– Hansı oyun, qadası?

– O oyun da. Söz oyunu. Dünən də, srağagün də bu oyun olub. Mətndə buraxılan sözləri tapmaq oyunu. Əsas məsələ kontekstə görə lazım olan sözü tapmaqdır.

Qız üç vərəqi bir-birinin üstünə qoyub, əlini saxladı.

– Hə, onu deyirsən, – dedi. – Gün əyiləndən sonra. Məncə, saat dörddən sonra. Bu cür oyunlarda iştirak etmək sənin üçün hələ tez deyilmi, qadası? Hə?

– Yox, tez deyil... Təşəkkür edirəm, – Teddi dedi və oradan uzaqlaşmaq istədi.

– Bir dəqiqə, qadası! Sənin adın nədir?

– Teodor Makardl, – Teddi dedi. – Bəs sizinki?

– Mənimki? – qız gülə-gülə dedi. – Mənim adım miçman Metyusondur.

Teddi gözlədi ki, qız əlindəki vərəqləri üst-üstə tikib qurtarsın.

– Görürəm ki, miçmansınız, – o dedi. – Bilmirəm, bəlkə də, səhv edirəm, amma mən bilən, adamın adını soruşanda gərək o, adını bütöv desin: Ceyn Metyuson və ya Filis Metyuson və ya başqa cür.

– Oh! Doğrudanmı?

– Dedim ki, mən bilən, belə olmalıdır, – Teddi dedi. – Ola bilsin, səhv edirəm. Bəlkə də, biri rəsmi geyimdə olanda başqa cürdür. Hər halda məlumat üçün çox sağ olun. Hələlik! – dönüb gəzinti göyərtəsinə qalxmağa başladı. Yenə də pillələri iki-iki, amma bu dəfə harasa tələsirmiş kimi sürətlə çıxırdı.

Bir xeyli ora-bura boylandıqdan sonra, nəhayət, Buppini lap yuxarıda idman meydançasında tapdı. O, günəşin işıqlandırdığı bir küncdə – kimsəsiz iki tennis kortunun arasındakı taladaydı. Çömbəltmə oturmuşdu, gün kürəyinə döyürdü, okean mehi onun ipək kimi yumşaq sarışın saçlarını yüngülcə tərpədirdi. Oturub ciddi səylə on ikimi, yoxsa on dördmü şaflbord (Şaflbord – müxtəlif rəngli disklərin xüsusi nişanlanmış taxta üzərində hərəkət etdirilməsini nəzərdə tutan Amerika oyunu) diskindən iki maili piramida düzəldirdi. Birini qara, o birini qırmızı disklərdən. Əyninə yüngül çit parçadan kostyum geyinmiş bap-balaca bir oğlan uşağı kənar müşahidəçi kimi onun sağ böyründə dayanmışdı.

– Buna bax! – Buppi yaxınlaşanda ona əmr etdi. Qurduğu piramidaların üstünə əyilib qolları ilə onu hasara aldı, sanki onları bu gəmidə olan hər şeydən, hamıdan təcrid etmək istəyirdi: görün mən nə gözəl sənət əsəri yaratmışam.

– Mayron, – yanındakı oğlanın üstünə acıqlandı, – sən bunların üstünə kölgə salırsan, qardaşım yaxşı görə bilmir! Bu yana çəkil! – işgəncə çəkən adam kimi üz-gözünü turşutdu, gözlərini yumub, Mayron kənara çəkilənəcən gözlədi.

Teddi üzüaşağı piramidaları süzüb, razılıqla başını tərpətdi.

– Çox qəşəngdir, – dedi, – çox simmetrikdir.

– Bu maymaq, – Buppi Mayrona işarə edərək dedi, – nərdin heç adını da eşitməyib. Heç evlərində də yoxdur.

Teddi diqqətlə Mayronu süzdü.

– Bura bax, – Buppiyə dedi. – Hanı fotoaparat? Atam bu dəqiqə onu geri istəyir.

– O heç Nyu-Yorkda da yaşamır, – Buppi qardaşına məlumat verdi. – Atası da ölüb. Koreyada öldürüblər, – Mayrona tərəf döndü. – Eləmi? – deyə amiranə ondan soruşdu, amma cavab gözləmədən sözünə davam etdi. – İndi anası da ölsə, yetim qalacaq. Bu cür adi şeyi də bilmir, – Mayrona baxdı.

– Heç bilirdin?

Mayron dinməzcə qollarını çarpazladı.

– Səndən küt uşaq görməmişəm, – Buppi ona dedi. – Bu boyda okeanda səndən kütü yoxdur. Bunu bilirsənmi?

– O küt deyil, – Teddi dedi. – Mayron, sən küt deyilsən, – sonra üzünü bacısına tutdu. – Bir dəqiqə mənə qulaq as. Fotoaparat haradadır? Təcili mənə lazımdır. Hanı o?

– Orada, – Buppi dedi, amma heç yanı göstərmədi. Düzəltdiyi piramidaları bir az da özünə tərəf çəkdi. – İndi mənə yalnız ikicə div lazımdır, – dedi.

– Burada yorulanacan nərd oynayaydılar. Sonra o tüstü borusunun başına çıxıb, oradan bu nərd daşlarıyla hamını vurub öldürəydilər. – Mayrona sarı döndü. – Onlar, yəqin ki, sənin valideynlərini öldürərdilər, – başı çıxan adamlar kimi ona dedi. – Əgər divlər onları öldürə bilməsələr, onda bilirsən neyləmək olar? Onda rahathulqumlara zəhər qarışdırıb ver onlara, yesinlər.

«Leyka» on fut aralıda idman meydançasını dövrələyən ağ hasarın o tayında tapıldı. Çirkab su arxına yanı üstə düşüb qalmışdı. Teddi onun kəmərindən tutub qaldırdı, boynundan asdı. Dərhal da boynundan çıxartdı. Onu Buppiyə uzatdı:

– Buppi, mənim xətrimə, bunu aşağı apar, – dedi.

– Saat on olub, gündəliyimə bəzi qeydlər etməliyəm.

– Mən məşğulam.

– Onsuz da anam bu saat səni görmək istəyir, – Teddi dedi.

– Yalan deyirsən.

– Yalan demirəm. Doğrudan səni çağırır, – Teddi dedi. – Ona görə də aşağı düşəndə bunu da apar. Yaxşımı, Buppi?

– Axı o məni neyləyir görüb? – Buppi qeyzlə soruşdu. – Mən ki onu görmək istəmirəm! – qəfil Mayronun əlindən vurdu, çünki o, əli ilə qırmızı piramidaya toxunmaq istəyirdi. – Çək əlini, – dedi.

Teddi «Leyka»nı onun boynuna keçirib:

– Daha zarafatı qurtardıq, – dedi, – bu dəqiqə bunu aparıb atana verərsən, sonra hovuzun yanında görüşərik. On birin yarısında orada səni gözləyəcəm. Ya da sən paltarını dəyişdiyin kabinənin qabağında. Bax gecikmə ha! Unutma ki, lap aşağı, «E» göyərtəsinə düşməlisən. Ona görə də bir az cəld ol,– dönüb oradan uzaqlaşdı.

– Mənim səndən zəhləm gedir! Bu okeanda hamıdan zəhləm gedir! – Buppi onun dalınca çığırdı.

İdman meydançasından aşağıda, günəş vannası qəbul etmək üçün ayrılan, dörd yanı açıq göyərtədən sonra gələn geniş meydançada yetmiş beş və ya bundan çox şezlonq vardı. Onları yeddi-səkkiz cərgə ilə elə düzmüşdülər ki, stüard özünü günə verən sərnişinlərin şeylərinə, toxuma ləvazimatları ilə dolu kisələrinə, ucuz nəşrli romanlarına, yaxşı qaralamağa kömək edən losyon şüşələrinə, fotoaparatlarına ilişmədən cərgələr arası ilə rahat gəzib-dolaşa bilsin. Teddi gələndə, demək olar ki, bütün yerlər tutulmuşdu. O, axırıncı cərgədən başlayıb, sistematik surətdə bir cərgədən o birinə keçə-keçə, içində kiminsə oturub-oturmadığından asılı olmadan, hər şezlonqun önündə dayanıb, onun üstündəki lövhədə yazılmış ad-familiyaları oxumağa başladı. Tək bir və ya iki dəfə onu dindirən oldu, daha doğrusu ona söz atdılar. İnadla cərgədə öz yerini axtaran on yaşlı uşağa sataşmaq bəzi böyüklərin xasiyyətidir. Yaşına uyuşmayan ciddiliyi sifətindən dərhal bilinsə də, onun davranışında, adətən böyüklərin istehzasına və ya mərhəmətinə səbəb ola biləcək nə bir lovğalıq, nə də təşəxxüs vardı. Və yaxud da, demək olar ki, heç yox idi. Bəlkə də, bunun səbəbi onun geyimində idi. Qısaqol köynəyinin çiynindəki deşiyi heç cür «gülməli deşik» adlandırmaq olmazdı. Heç şortunun böyüklüyündə də, onun arxadan torbalaşmasında da elə bir gülməli şey yox idi.

Makardlların dörd şezlonqu qabaqdan ikinci cərgənin ortasında idi və sahiblərinin rahatlığı üçün artıq yastıqları da qaydaya salınmışdı. Qəsdənmi, yoxsa bilmədən Teddi elə oturdu ki, həm sağında, həm solundakı yerlər boş qaldı. Çılpaq, gün dəyməmiş qıçlarını irəli uzadıb, şezlonqun ayaqlığının üstünə qoydu və demək olar ki, dərhal da sağ tərəfdən, arxa cibindən kiçik, on sentlik bloknotunu çıxartdı. Bir andaca fikrini cəmləşdirib (elə bil bu saat nə bu günəşin, nə ətrafdakı sərnişinlərin, nə gəminin ona dəxli yox idi, bu dünyada bir o idi, bir də əlindəki bloknot), vərəqləri çevirməyə başladı.

Karandaşla edilən bir-iki qeyddən savayı, bloknotdakıların hamısı diyircəkli qələmlə yazılmışdı. İri, yayğın xətti var idi, əvvəlki Palmer üsulu ilə öyrədilən kalliqrafik xəttin əvəzinə indi Amerika məktəblərində bu xətt dəbdədir. Bütün gözəlliklərdən məhrum olsa da, aydın oxunurdu. Əllə olsa da, necə sürətlə yazıldığı adamı təəccübləndirirdi. Sözlərin və ya ifadələrin quruluşuna görə, təkcə bu zahiri əlamətinə görə, onun uşaq tərəfindən yazıldığını güman etmək çox müşkül iş idi.

Teddi bir xeyli hərəkətsiz qalıb. Çox güman ki, son qeydindən gözünü çəkə bilmədi. O, üç səhifədən bir az çox idi.

26 oktyabr 1952-ci il tarixli qeyd

Sahibi: Teodor Makardl

412-ci kayuta, «A» göyərtəsi

Bu gündəliyi tapan və sahibinə qaytaran şəxsə müvafiq, özü də xeyli məbləğdə mükafat veriləcəkdir.

Atamın ordu jetonlarını tapıb, onu çox vaxt üstündə gəzdirməyi unutma. Bu səni öldürməyəcək, amma onun üçün çox xoş olar.

İmkan tapan kimi professor Mendelin məktubuna cavab yazmağa çalış. Xahiş et ki, bir də sənə şeir kitabları göndərməsin. Onsuz da o qədər göndəriblər ki, düz bir ilə bəs edər. Həm də ki, onlar məni tamam bezdirib. Biri çimərlikdə gəzəndə birdən – bədbəxtliyə bax! – başına bir hindqozu düşür. Bədbəxtlikdən də, beyni iki bölünür. Sonra onun arvadı nəğmə oxuya-oxuya həmin yerə gəlib çıxır, iki baş parasını görən kimi tanıyır, onları yerdən qaldırır. Arvadının, əlbəttə ki, kefi pozulur, çığıra-çığıra ağlamağa başlayır... Buradan o yana oxumağa hövsələm çatmır, bezirəm. Ondansa, o qadın o baş para- larını əlinə götürüb onların üstünə: «Bəsdir sarsaqladın!» – deyə çığırsaydı, daha yaxşı olardı. Amma professora belə şeyi yazmaq öz-özlüyündə çox mübahisəli məsələdir. Bundan əlavə, axı missis Mendel də şairədir.

Svenin Elizabetdəki (Nyu-Cersi ştatı) ünvanını öyrən. Onun arvadıyla, «Lindi» adlı itiylə tanışlıq maraqlı olardı. Hərçənd, mən özüm it saxlamaq istəməzdim.

Doktor Uokavaraya məktub yazıb, ona nefriti ilə əlaqədar üzrxahlıq et. Təzə ünvanını anamdan öyrənərəm.

Səhər tezdən səhər naharınadək idman meydançasında meditasiya ilə məşğul ol, ancaq ağlını itirənəcən yox, həddində. Başlıcası da, nahar zamanı o ofisiant yenə də o iri qaşığı əlindən yerə salsa, çalış ağlını itirməyəsən. O dəfə atam lap özündən çıxmışdı.

Sabah kitabları kitabxanaya qaytaranda, oradaca aşağıdakı söz və ifadələrin lüğətdə mənasına baxmağı unutma:

nefrit miriad bəxşiş at fəndgir triumvrat Kitabxanaçı ilə nəzakətli ol. Yenə səni uşaq yerinə qoymağa çalışsa, söhbəti dəyiş, ümumi şeylərdən danış.

Teddi birdən şortunun yan cibindən xırda, gilizə bənzər diyircəkli qələm çıxarıb, qapağını götürdü və yazmağa başladı. Bloknotu şezlonqun dirsəkliyinin deyil, sağ dizinin üstünə qoymuşdu.

28 oktyabr 1952-ci il tarixli qeyd

Ünvan və mükafat 26 və 27 oktyabrda olduğu kimidir.

Bu gün səhər meditasiyasından sonra aşağıdakı şəxslərə məktub yazdım:

Doktor Uokavara Professor Mendel Professor Pit Berces Heyk Robert Heyk Senford Heyk Heyk nənə

Mister Qrehem

Professor Uolton

Atamın ordu jetonlarının harada olduğunu anamdan da soruşa bilərdim, amma o, onsuz da deyəcəkdi ki, mən haradan bilim. Bilirəm ki, evdən çıxanda atam onları özüylə götürüb, çamadana qoyanda özüm görmüşəm.

Məncə, həyat bəxşiş verilmiş at kimidir.

Mənə elə gəlir ki, mənim valideynlərimi tənqid etməkdə professor Uolton ədəbsizlik etmişdir. O istəyir ki, bütün adamlar onun istədiyi kimi olsun.

O hadisə ya bu gün, ya da 1958-ci il fevralın 14- də, on altı yaşım tamam olanda baş verəcək. Ancaq bu haqda danışmaq belə cəfəng işdir.

Axırıncı cümləni yazıb qurtardıqdan sonra Teddi uzun müddət gözlərini bloknotdan ayıra bilmədi və qələmi də əlində elə tutub-durmuşdu ki, elə bil yenə nə isə yazacaqdı.

Bayaqdan bəri bir nəfərin diqqətlə ona göz qoyduğunu açıq-aşkar hiss etmirdi. Halbuki, birinci şezlonq cərgəsindən on beş addım aralıda, on səkkiz-iyirmi fut yuxarıda idman meydançasının məhəccəri önündə cavan bir oğlan, gün başına döyə-döyə, dayanıb diqqətlə ona baxırdı. Bu adam on dəqiqə olardı ki, orada dayanmışdı. Deyəsən, nəsə bir qərara gəldi, çünki birdən ayağını məhəccərdən götürdü. Bir an da eləcə, Teddiyə baxa-baxa durub, sonra qəfil gözdən itdi. Lakin çox keçmədən kölgəsi ilə birlikdə şezlonq cərgələrinin arasında peyda oldu. Otuz yaşı ancaq vardı. Bəlkə də, az. Sərnişinlərin mil, ip dolu kisələrinin və digər əşyalarının ayaqlarına ilişdiyinə, özünün isə roman oxuyanların üstünə kölgə salıb, onların diqqətini yayındırdığına (çünki burada ondan savayı ayaq üstündə gəzinən yox idi) məhəl qoymadan, saymazyana birbaşa Teddinin oturduğu yerə doğru yönəldi.

Teddi sanki nə qarşısında duran adamı, nə də önündəki bloknota düşən kölgəni hiss etmədi. Halbuki ondan bir-iki cərgə arxada oturanların bir qismi bunu çoxdan sezmişdilər və onlar bu cavan oğlana elə çəp-çəp baxdılar ki, yəqin ki, yalnız şezlonqda yayxanıb dincələnlər adama bu cür baxa bilərdilər. Lakin bu cavan oğlanda, deyəsən, möhkəm dəvə səbri vardı və adama elə gəlirdi ki, onu bu cür – bir əli cibində dayanmış halda hövsələdən çıxarmaq o qədər də asan iş deyil.

– Salam dostlara! – o, Teddiyə dedi. Teddi başını qaldırdı.

– Salam, – dedi. Bloknotu yarı qapadı, amma o öz-özünə tamam örtüldü.

– Oturmaq olarmı? – cavan oğlan dostcasına soruşdu. – Bura boşdurmu?

– Bunların dördü də bizim ailənindir, – Ted- di dedi. – Ancaq atamla anam hələ yerlərindən qalxmayıblar.

– Qalxmayıblar? Özü də belə bir ecazkar gündə! – cavan oğlan təəccüblə dedi və dərhal Teddidən sağdakı şezlonqa çökdü. Şezlonqlar o qədər sıx qoyulmuşdu ki, dirsəklikləri bir-birinə bitişmişdi. – Bu ki günahdır! Bağışlanmaz günah! – deyə qıçlarını irəli uzatdı.

Budları o qədər yoğun idi ki, hərəsi bir adam gövdəsinə oxşayırdı. Qırxıq təpəsindən tutmuş, köhnə, yanları basdalanmış ayaqqabılarına qədər bütün qiyafəsi özünün klassik rəngarəngliyi ilə seçilirdi. Adətən Yeni İngiltərəyə səyahətə çıxan adamlar bu cür geyinirlər: tünd-boz şalvarı, sarımtıl yun corabları, açıq yaxalıqlı köynəyi, cınağı naxışlı tvid pencəyi vardı və bu pencək öz nəcib nimdaşlığını çox güman ki, Yel, Harvard, yaxud da Prinston universitetlərindən birində nüfuzlu seminarlarda qazanmışdı.

– Oh, ilahi! Nə gözəl gündür! – üzünü günəşə tutub gözlərini qıya-qıya dedi. – Bu cür gözəl hava önündə mən pəs! – yoğun qıçlarını bir-birinin üstünə aşırdı. – Deyəcəm, inanmayacaqsınız, vaxt olub, hava bir balaca nəmişli olanda, elə bilmişəm məni təhqir edirlər. Ona görə də bu cür günəşli hava mənim üçün göydəndüşmə bir şeydir.

Bu cür ifadə tərzi onun, sözün ən adi mənasında, xeyli görüb-götürmüş adam olduğuna dəlalət etsə də, bu ifadə tərzində nə isə elə bir şey də var idi ki, (deyəsən, daxilən özü də belə hesab edirdi) onun sözlərinə, həm bu saat müraciət etdiyi Teddinin, həm də bir və ya iki cərgə arxada oturan və onların söhbətinə qulaq asan başqa adamların gözündə xüsusi bir ziyalılıq və bəlağət, hətta şirinlik və axıcılıq verməliydi.

Çəpəki Teddiyə baxıb gülümsündü.

– Bəs sizin havayla aranız necədir? – deyə soruşdu. – İlk baxışdan həmsöhbətinə gülümsəsə də, bütün açıqlığına, mehribanlığına baxmayaraq, bu təbəssüm daha çox özünə aid idi. – Bu qəribə atmosfer hadisələri barədə heç düşünmüsünüzmü? Onlar heç sizi narahat edibmi? – gülümsəməyinə davam edib soruşdu.

– Əgər havanın necə olacağını deyirsinizsə, bunun heç vaxt dərdini çəkməmişəm.

Cavan oğlan başını geri atıb şaqqanaqla güldü.

– Qiyamət adamsınız, – dedi. – Yeri gəlmişkən, mənim adım Bob Nikolsondur. Yadımda deyil, dünən gimnastika zalında özümü sizə təqdim etdim, yoxsa yox. Sizinkini isə, məlumdur ki, mən əvvəldən bilirəm.

Teddi ağırlığını bir yanı üstə salıb, bloknotunu şortunun cibinə soxdu.

– Bayaqdan orada dayanıb, necə yazdığınıza tamaşa edirdim, – Nikolson yuxarıya işarə edərək dedi. – Aman Allah! Oradan siz mənə lap balaca troyalını xatırladırdınız.

Teddi ona tərəf baxdı.

– Gündəliyimə bəzi qeydlər edirdim.

Nikolson gülümsünə-gülümsünə başını tərpətdi.

– Avropa necə, – çoxdanın tanışı kimi çəkinib-sıxılmadan soruşdu, – xoşunuza gəldimi?

– Bəli, gəldi. Özü də çox.

– Haralarda oldunuz?

Teddi birdən irəli əyilib dizini qaşıdı.

– Bilirsiz, olduğumuz yerlərin hamısını sadalasam, uzun çəkər. Axı biz maşınlaydıq. Çox yerlərdə olduq, – əlini dizindən çəkdi. – Anamla mən daha çox Şotlandiyada Edenburqda, İngiltərədə isə Oksfordda olduq. Deyəsən, dünən sizə dedim axı, hər iki universitetdə mənimlə xüsusi söhbət etmək istədilər. Xüsusən də Edinburqda.

– Yox, məncə, demədiniz, – Nikolson dedi. – Mən özüm elə bunu soruşmaq istəyirdim, bilim görüm belə şey olub, yoxsa yox. Bəs necə keçdi? Sizi bərkmi sıxdılar?

– Bağışlayın, başa düşmədim? – Teddi dedi.

– Deyirəm, söhbət necə keçdi? Maraqlıydımı?

– Həm hə, həm də yox, – Teddi dedi. – Biz orada bir qədər çox qaldıq. Atam bundan əvvəlki reyslə Nyu-Yorka qayıtmalıydı. Amma Stokholmdan, İnsburqdan mənimlə görüşə gəlmək istəyənlər vardı, onları gözləməli olduq.

– Həmişə belədir.

Teddi ilk dəfə dik onun üzünə baxdı.

– Siz şair deyilsiniz ki?

– Şair? – Nikolson dedi. – Əfsus ki, yox. Yox, canım. Nə üçün soruşursunuz?

– Bilmirəm. Adətən şairlər havadan bu cür mütəəssir olurlar. Məhz onlar öz emosiyalarını hava kimi hər cür emosiyadan məhrum edilmiş şeylərə sərf edirlər.

Nikolson gülümsünüb, pencəyinin cibindən siqaret və kibrit çıxartdı.

– Amma mənə elə gəlir ki, onların sənətinin mahiyyəti də məhz elə bundadır, – dedi. – Məgər şairin başlıca vəzifəsi emosiyalarla məşğul olmaq deyilmi?

Teddi açıq-aşkar onu eşitmirdi, yaxud da ona qulaq asmırdı. Dərindən fikrə dalıb, irəliyə, çox güman ki, idman meydançasındakı əkiz uşaq kimi bir-birinə bənzəyən tüstü borularına baxırdı.

Nikolson birtəhər siqaretini alışdırdı, çünki şimaldan yüngülcə meh əsirdi. Sonra şezlonqda yerini rahatlayıb dedi:

– Mən bilən, siz onları yaman pis vəziy...

– Cırcırama nəğməsi özü bilməz ki, haçan ömrü sona yetəcək, – Teddi birdən dedi. – Bu payız axşamı bu yol yolçusuz qalıb.

– Bu nədir belə? – Nikolson gülümsündü. – Bir də təkrar eləyin.

– Bunlar iki yapon şeiridir. Görürsünüz, bu şeirlərdə elə bir emosiya-filan yoxdur, – Teddi dedi və birdən bir az qabağa əyilib başını yana çevirdi, sol ovcu ilə qulağına şappıldatdı. – Dünənki üzgüçülük dərsində qulağıma yaman su dolub, hələ də incidir,– dedi.

Yenə də yüngülcə ovcunu qulağına şappıldatdı. Sonra geri oturub, qollarını şezlonqun dirsəklərinin üstünə qoydu. Şezlonq, məlumdur ki, böyük adamlar üçün normal ölçüdə idi, ona görə də Teddi onun içində təmiz itib-batmışdı. Amma buna baxmayaraq, o özünü bu stulda çox rahat, hətta xeyli sərbəst hiss edirdi.

– Belə başa düşürəm ki, Bostonda siz o pedantları yaman pis əndişəyə salmısınız, – Nikolson onun üzünə baxa-baxa dedi. – O xırda toqquşmadan sonra. Leydekker qrupunun bütün üzvlərini. Mən belə başa düşdüm. Məncə, keçən dəfə də sizə dedim, iyunun axırlarında El Babkokla çox uzun-uzadı söhbətimiz oldu bu haqda. Yadıma düşmüşkən, elə həmin sizin lent yazınıza qulaq asdığımız gecə.

– Elədir, bunu mənə demisiniz.

– Belə başa düşdüm ki, onlar yaman nigaran qalıblar, – Nikolson aman vermədi. – Elin sözündən belə çıxdı ki, sizin o sırf kişi kampaniyanızda o ax- şam, səhv eləmirəmsə, o lenti yazdırdığınız axşam, gecədən xeyli keçmiş aranızda xırda bir ölüm söhbəti olub, – o, siqareti sinəsinə çəkdi. – Mən bilən, siz orada nə isə elə şeylərdən xəbər vermisiniz ki, dostların kefinə tamam soğan doğranıb. Düz bilirəm?

– Kaş biləydim ki, – Teddi dedi, – insanlar emosional olmağı nə üçün bu qədər vacib sayırlar. Mənim atamla anamın fikrincə, əgər bir adam nədənsə qəmlənmirsə, nəyəsə yazığı gəlmirsə... daha nə bilim, nəyinsə haqsızlığını hiss etmirsə, o, adam deyil. Mənim atam hətta qəzet oxuyanda belə öz hisslərini boğa bilmir. Onun fikrincə, mən adam deyiləm, daş kimi hissiyyatsız bir şeyəm.

Nikolson siqaretin külünü yana çırpdı:

– Belə çıxır ki, siz emosiyadan məhrum adamsınız, eləmi?

Teddi cavab verməzdən qabaq fikrini cəmləşdirdi.

– Bəlkə də, məhrum deyiləm, amma haçansa onları büruzə verdiyimi xatırlamıram, – dedi, – çünki bunda elə bir fayda görmürəm.

– Siz ki, Allahı sevirsiniz, elə deyil? – Nikolson bir qədər alçaqdan dedi. – Sizin gücünüz də, necə deyərlər, məhz bunda deyilmi? Lent yazınızdan, El Babkokdan eşitdiklərimdən belə nəticə çıx...

– Əlbəttə, Allahı sevirəm, ancaq dəlicəsinə yox. Axı o heç vaxt heç kimə deməyib ki, məni dəlicəsinə sevin, – Teddi dedi. – Allahın yerinə mən də olsaydım, istəməzdim ki, bəndələr məni dəlicəsinə sevsinlər. Bu çox etibarsız sevgi olardı.

– Valideynlərinizi necə, sevirsinizmi?

– Bəli, özü də ürəkdən, – Teddi dedi, – ancaq, məncə, siz istəyirsiniz ki, bu söz sizin üçün nə məna daşıyırsa, mən də onu o cür işlədim.

– Olsun. Bəs onda siz onu hansı mənada işlədirsiniz?

Teddi bir az fikirləşdi.

– «Doğma» sözünün mənasını başa düşürsünüzmü? – Nikolsona tərəf çevrilib dedi.

– Belə də, dumanlı şəkildə, – Nikolson dilucu dedi.

– Məndə onlara qarşı dərin doğmalıq hissi var. Yəni demək istəyirəm ki, onlar mənim valideynlərimdir, bizim hər birimiz o birimizlə harmonik surətdə bağlıyıq və sair, – Teddi dedi. – İstərdim ki, nə qədər sağdırlar, həyatda xoş gün görsünlər, çünki özləri belə istəyirlər. Ancaq onlar nə məni, nə də Buppini – bacımı deyirəm – bu cür sevmək iqtidarında deyillər. Məncə, onlar bizi cüzi də olsa dəyişdirmədən sevə bilmirlər. Onlar bizdən çox, övlada məhəbbət təsəvvürünün özünü sevirlər. İlbəil daha şiddətlə. Bu isə o qədər də yaxşı sevgi deyil, – yenə də üzünü Nikolsona tərəf çevirdi. Azca ona doğru əyilib: – Üzr istəyirəm, saatınız varmı? – dedi. – Saat on birin yarısında üzgüçülük dərsinə getməliyəm.

– Hələ vaxtınız var, – Nikolson qolundakı saata baxmadan dedi. Sonra saatın qapağını qaldırdı. – Hələ on birə on dəqiqə işləyib.

– Təşəkkür edirəm, – Teddi dedi və geri oturdu.

– Hələ on dəqiqə də söhbət edə bilərik.

Nikolson qabağa əyilib, bir ayağı ilə siqaret kötüyünü əzdi.

– Eşitdiyimə görə, – yerini təzədən rahatlayıb dedi, – siz insanın hər dəfə təzədən doğulması haqqında Ved nəzəriyyəsinə möhkəm riayət edirsiniz.

– Bu heç də nəzəriyyə deyil, həm də...

– Olsun, – Nikolson dərhal razılaşdı. Gülümsünüb, Teddiyə zarafatyana xeyir-dua verirmiş kimi, əllərini yüngülcə yuxarı qaldırdı. – Gəlin indi bu barədə mübahisə etməyək. Qoyun sözümü axıra çatdırım, – yoğun qıçlarını yenidən bir-birinin üs- tünə aşırdı. – Eşitdiyimə görə, meditasiya nəticəsində sizə nə isə əyan olub və bundan sonra dəqiq inanmısınız ki, siz axırıncı dəfə Hindistanda doğulmusunuz, övliya kimi pak həyat sürürmüşsünüz, amma sonra, nədənsə, düz yoldan azmı...

– Yox, övliya-filan deyildim, – Teddi dedi. – Adi adam idim, sadəcə olaraq, ruhi kamillik sarıdan pis inkişaf etməmişdim.

– Yaxşı, qoy siz deyən olsun, – Nikolson dedi. – Ancaq, axı siz indi elə bilirsiniz ki, doğuluşunuza ruhi kamilliyin ən yüksək zirvəsinə çathaçatda, lap bir addımlığında təsadüfən doğru yoldan sapmısınız. Elə deyil, yoxsa mən...

– Yox, düz deyirsiniz, – Teddi dedi. Əllərini şezlonqun yanlarından götürüb, onları qızdırmaq istəyirmiş kimi budlarının altına soxdu. – Ancaq mən o qıza rast gəlməsəydim də, başqa insan cildində onsuz da hökmən yenidən bu dünyaya qayıtmalıydım... Çünki, bilirsiniz, mən onda ruhən o dərəcədə kamilləşməmişdim ki, ölə biləydim, yəni ruhum Brahmayla qovuşaydı və bir də heç vaxt bu dünyaya qayıtmayaydım. O başqa məsələ ki, əgər mən o qıza rast gəlməsəydim, bu dəfə amerikalı cildində doğulmazdım. Axı Amerikada meditasiya ilə məşğul olmaq, daim ruhi kamilliyə can atmaq olduqca çətindir. Heç başlamamış hamı səni dəli hesab edir. Məsələn, atamın gözündə mən gicbəsərin biriyəm. Anam isə... Onun fikrincə, mən çox nahaq yerə hər dəqiqə Allah barədə düşünürəm. Deyir ki, bu mənim səhhətimə ziyandır.

Nikolson diqqətlə onu süzdü.

– Səhv eləmirəmsə, siz son lent yazınızda deyirsiniz ki, ilk dəfə ruhi nurlanma hissini altı yaşınız olanda keçirmisiniz. Bu doğrudurmu?

– Altı yaşımda birdən mənə əyan oldu ki, gözə görünən nə varsa, hamısı Allahdır, – Teddi dedi, – və bundan tüküm biz-biz oldu. Yadımdadır, bazar günü idi. Bacım onda lap körpə, südəmər uşaq idi, beşikdə süd içirdi. Ona baxanda birdən mənə əyan oldu ki, o da Allahdır, içdiyi süd də. O, süd içməklə, bir Allahı, o birinin üstünə tökürdü. Fikrimi anlayırsınızmı?

Nikolson dinmədi.

– Ancaq hər şeyin yalnız iki həddi, yəni bir başlanğıcı və bir sonu olması barədə təsəvvürü hələ dörd yaşımdaykən dəf edə bilmişəm, – Teddi əlavə etdi. – Düzdür, bu məndə heç də həmişə yox, amma çox tez-tez alınırdı.

Nikolson başını tərpətdi.

– Doğrudan? – dedi. – Doğrudan dəf edə bilirdiniz?

– Bəli, doğrudan, – Teddi dedi. – Bu barədə son lent yazımda danışmışam... Bəlkə də, apreldəkində, dəqiq yadımda deyil.

Nikolson gözünü Teddidən çəkmədən yenə də siqaretini çıxartdı.

– Axı hər şeyin iki həddi olduğunu necə dəf etmək olar? – deyib güldü. – Yəni, misal üçün, ağac parçası elə ağac parçasıdır. Onun müəyyən uzunluğu, eni...

– Yoxdur. Siz məhz burada səhv edirsiniz, – Teddi dedi. – Sadəcə olaraq, hamıya elə gəlir. Elə gəlir ki, guya hər şeyin haradasa bir sonu var. Ancaq yoxdur. Professor Pitə də elə bunu anlatmağa çalışırdım, – o, yerində qurcalanıb, cibindən burun dəsmalına oxşar xırda, boz bir yumaq çıxarıb burnunu sildi. – Ona görə hamıya belə gəlir ki, adamların çoxu həmin şeylərə başqa cür baxa bilmirlər. Ancaq bu o demək deyildir ki, hökmən onların sonu olmalıdır, – dəsmalını kənara qoyub, Nikolsona baxdı. – Üzr istəyirəm, bir dəqiqəliyə qolunuzu qaldırın.

– Qolumu? Niyə?

– Qaldırın, qaldırın. Bircə dəqiqəliyə.

Nikolson qolunu şezlonqun dirsəkliyindən azca yuxarı qaldırdı.

– Bunumu? – dedi. Teddi başını tərpətdi.

– Sizcə, bu nədir? – soruşdu.

– Necə yəni? Qoldur. Mənim qolum.

– Haradan bilirsiniz? – Teddi dedi. – Sizə məlumdur ki, qol belə adlanır. Ancaq haradan bilirsiniz ki, qol deyilən şey elə məhz budur. Bunu sübut edə bilərsinizmi?

Nikolson qutudan bir siqaret götürüb yandırdı.

– Məncə, bu, əməlli-başlı səfsəfədir, özü də lap murdarından, – ağzındakı tüstünü buraxa-buraxa dedi. – Əfv edin, canım, bu ona görə qoldur ki, məhz qoldur. Hər şey cəhənnəmə, axı başqa şeylərdən fərqləndirə bilmək üçün bunun hökmən bir adı olmalıdır. Yoxsa hər şey tamam...

– Siz ancaq məntiqlə düşünməyə çalışırsınız,

– Teddi sakitcə dedi.

– Necə fikirləşməyə çalışıram? – Nikolson ifrat nəzakətlə soruşdu.

– Məntiqli. Siz mənə düzgün, düşünülmüş cavab verirsiniz, – Teddi dedi. – Mən sizə kömək etməyə çalışdım. Siz özünüz məndən soruşdunuz ki, məkanın son hədli olması təsəvvürünü necə dəf edə bilirəm. Şübhəsiz ki, həmin anda məntiqi şüurdan imtina edirəm. Ən əvvəl məntiqi düşüncədən yaxanı qurtarmaq lazımdır.

Nikolson dilinin üstünə yapışmış tütünü barmağı ilə silib atdı.

– Adəmi tanıyırsınız? – Teddi ondan soruşdu.

– Kimi-kimi?

– Adəmi. Bibliyadakı Adəmi. Nikolson güldü.

– Şəxsən yox, – dilucu dedi. Teddi duruxdu.

– Acığınız tutmasın, – dedi. – Siz soruşdunuz, mən də...

– Aman Allah, acığım niyə tutur ki?

– Lap yaxşı, – Teddi dedi. Gözünü Nikolsondan çəkmədən şezlonqda yerini bir az da rahatladı. – Adəmin cənnət bağında yediyi o alma yadınızdadırmı? – soruşdu. – Bibliyada yazılan əhvalatı deyirəm. Heç bilirsiniz o almada nə vardı? Məntiq. Məntiqi şüur və buna bənzər biliklər. Bundan savayı heç nə olmayıb onda. Buna görə də, əlbəttə, bu mənim şəxsi fikrimdir, hər bir əşyanı olduğu kimi görmək istəyən kəs əvvəlcə o almanı qusmalıdır. Dediyim odur ki, o almanı qussanız, o ağac parçasının, eləcə də başqa əşyaların əsil mahiyyəti sizə aydın olar. Onda hər dəqiqə sizə elə gəlməz ki, hər şeyin son həddi, son hüdudu var. Hətta istəsəniz, qolunuzun da əslində nə olduğunu anlaya bilərsiniz. Fikrim sizə çatırmı? Aydın danışırammı?

– Aydındır, – Nikolson qısaca dedi.

– Bədbəxtlik burasındadır ki, – Teddi dedi, – adamların əksəriyyəti ətraflarında olan bütün şeyləri olduğu kimi görmək istəmirlər. Onlar heç təkrar-təkrar doğulub-ölmələrinə də son qoymaq istəmirlər. Bundan birdəfəlik əl çəkib əbədi Allahla bir yerdə qalmaq əvəzinə – axı orada buradakından qat-qat gözəldir – elə hey təkrar-təkrar yeni bir insan cildində təzədən doğulmaq istəyirlər. – O fikrə getdi. – Mən ömrümdə bunlar qədər almaya həris olan insan yığını görməmişəm, – dedi və başını buladı.

Elə bu vaxt burada dincələnlərə qulluq etməyə gələn ağappaq geyimli stüard Teddi ilə Nikolsonun önündə dayanıb, onlardan soruşdu ki, səhər naharı üçün bulyon istəmirlər? Nikolson heç ağzını da açmadı. Teddi isə: «Yox, çox sağ olun», – dedi. Stüard oradan uzaqlaşdı.

– Əlbəttə, istəsəniz, cavab verməyə də bilərsiniz, – Nikolson qırıq-qırıq, hətta bir qədər hökmlə dedi.

Siqaretinin külünü çırpdı. – Doğrudurmu ki, siz orada Leydekker qrupunun üzvü olan o alimi-biəməllərin hər birinə – Uoltona, Larsenə, Samuelsə və ilaxir, harada, haçan və necə öləcəklərini xəbər vermisiniz? Bu düzdürmü, yoxsa yox? İstəmirsinizsə, deməyin, amma Bostonda hamı elə bundan...

– Yox. Düz danışmırlar, – Teddi qətiyyətlə dedi. – Mən onlara yalnız bunu demişəm ki, harada və haçan çox, çox ehtiyatlı olmalıdırlar. Bir də ki, neyləsələr onlar üçün daha yaxşı olar... Amma elə şey deməmişəm. Özü də demədim ki, bütün bunlar qaçılmaz, labüd şeylərdir, – dəsmalını götürüb bir də burnunu sildi. Nikolson gözlərini ondan çəkməyərək, səbirlə gözlədi. – Professor Pitə isə, ümumiyyətlə, belə şey deməmişəm. Çünki onların içində bircə o məni uşaq yerinə qoymurdu, ağzına gələn sualları üstümə yağdırmırdı. Daha doğrusu, professor Pitə bircə bunu dedim ki, yanvar ayından müəllimliyin daşını atsın. Başqa heç nə demədim, – Teddi geriyə söykənib bir müddət susdu. – O biri professorlar isə bütün bunları özləri mənə zorla dedirtdilər. Müsahibəmiz bitmişdi, lenti də yazdırıb qurtarmışdıq. Gecədən xeyli keçsə də, onlar siqaret tüstülədə-tüstülədə oturub, getdikcə məni daha çox uşaq yerinə qoyur, elə bil mənimlə əylənmək istəyirdilər.

– Deməli, siz Uoltona və yaxud elə Larsenə harada, haçan və necə öləcəyini deməmisiniz, – Nikolson inadından əl çəkmədi.

– Yox. Deməmişəm, – Teddi qəti cavab verdi. – Əgər özləri bu barədə inadla söhbət salmasaydılar, mən, ümumiyyətlə, onlara belə şey deməzdim. Birinci professor Uolton başladı. Dedi ki, haçan öləcəyini qabaqcadan bilmək onun üçün çox yaxşı olardı. Çünki onda ömrünün qalan vaxtından daha səmərəli istifadə edə bilərdi, ikinci dərəcəli işləri bir kənara qoyub, əsas işdən yapışardı və sairə. Sonra hamısı düşdü üstümə. Mən də bəzi şeyləri onlara dedim.

Nikolson dinmədi.

– Amma haçan öləcəklərini onlara deməmişəm. Bunlar hamısı yalan şayiələrdir, – Teddi sözünə davam etdi. – Deyə bilərdim, ancaq bilirdim ki, ürəklərində onların heç biri bunu bilmək istəmirdi. Hərçənd ki, özləri dindən, fəlsəfədən dərs deyirlər, amma yenə də ölümdən qorxurlar, – Teddi şezlonqa uzanıb bir müddət susdu. – Axmaqlıqdır, – dedi, – axı adam öləndə yalnız bədəndən azad olur. İlahi, onlar axı bu işi min, iki min dəfə görüblər. Nə olsun ki, unudublar. Məgər bu o deməkdir ki, belə şey olmayıb? Bu ki avamlıqdır!

– Ola bilər. Tutaq ki, belədir, – Nikolson dedi, –amma fakt faktlığında qalır, necə olsa, insan ağla...

– Avamlıqdır, – Teddi təkrar etdi. – Məsələn, mən indi beş dəqiqədən sonra üzgüçülük dərsinə getməliyəm. Bunun üçün hovuza düşəcəm. Tutaq ki, birdən onun içində su olmadı. Tutaq ki, suyu dəyişilən gündür və yaxud buna bənzər bir səbəbdən içini boşaldıblar. Bilirsiniz onda nə ola bilər? Mən hovuzun dibinə baxmaq üçün onun lap qırağında dayana bilərəm və bu vaxt bacım xəlvətcə gəlib məni arxadan hovuzun içinə itələyər. Başım iki bölünər, o andaca ölərəm, – Teddi Nikolsonun üzünə baxdı. – Tamamilə mümkün olan işdir, – dedi. – Bacımın cəmisi altı yaşı var, hələ elə çox insan ömrü yaşamayıb, həm də məndən bərk zəhləsi gedir. Ona görə də tamamilə mümkün olan işdir. Daha bunu özünə dərd etməyin nə mənası? Yəni, bundan niyə qorxmalıyam ki! Alnıma nə yazılıbsa, o da olmalıdır. Vəssalam. Elə deyil?

Nikolson burnunu dartdı.

– Ola bilsin, sizin üçün burada elə bir faciə yoxdur, amma ata-ananız, çox güman ki, bunu ömrü boyu özlərinə dərd edərdilər, – dedi. – Siz bunu nəzərə alırsınızmı?

– Əlbəttə, nəzərə alıram, – Teddi dedi. – Ancaq bunun səbəbi yalnız ondadır ki, hər bir hadisənin adı və bu hadisəylə bağlı hissiyyat onlara hazır şəkildə verilmişdir, – bayaqdan əlləri budlarının altına soxuluydu, indi onları çıxarıb, şezlonqun qoltuqları üstünə qoydu və Nikolsona tərəf çevrildi.

– Sveni tanıyırsınız? Gimnastika zalına baxanı deyirəm, – soruşdu. Nikolson başı ilə təsdiqləyənəcən gözlədi. – Bax əgər Sven bu gecə yuxusunda görsə ki, iti ölüb, çox pis, çox narahat yatacaq, çünki o, iti bərk sevir. Amma səhər yuxudan ayılanda hər şey qaydasına düşəcək. Biləcək ki, bu yalnız yuxu imiş.

Nikolson razılıqla başını yellətdi.

– Yaxşı, bununla nə demək istəyirsiniz?

– Onu demək istəyirəm ki, əgər o it həqiqətən ölsə, yenə o cür olacaq. Ancaq Sven bunu başa düşməyəcək. Yəni, ta o özü ölməyənəcən bu yuxudan ayılmayacaq.

Nikolson fikrə dalıb, sağ əli ilə yavaş-yavaş boynunun ardını sığalladı. Sol əli isə hələ yandırılmamış növbəti siqaretlə birlikdə, şezlonqun qoltuğu üstündə hərəkətsiz düşüb qalmışdı, parlaq günəş şüaları altında, çox qəribə tərzdə, ağappaq və cansız bir şeyi xatırladırdı.

Birdən Teddi yerindən qalxdı.

– Üzr istəyirəm, deyəsən, daha vaxtdır, getməliyəm, – dedi. Üzü Nikolsona tərəf şezlonqun ayaqlığının üstünə çöküb, köynəyinin ətəyini şortuna salıb sahmanladı. – Dərsə çatmağa, məncə, dəqiqə yarım vaxt qalıb, – dedi. – Hovuz isə lap aşağıda, «E» göyərtəsindədir.

– Mümkünsə, bir şey də soruşum: siz nə üçün professor Pitə məsləhət görmüsünüz ki, gələn ilin əvvəlindən dərs deməsin? – Nikolson birdən yersiz sual verdi. – Bob Piti yaxşı tanıyıram, ona görə soruşuram.

Teddi timsah dərisindən olan kəmərini çəkib bərkitdi.

– Yalnız ona görə ki, o, ruhən çox kamil adamdır. Ancaq tədris etdiyi şeylər onun əsil ruhi inkişafına maneçilik törədir. Onlar ona çox ziyan vurur. Artıq onun üçün vaxt çatıb, beynini hər şeydən təmizləməlidir, indi onu bu cür boş şeylərlə daha da doldurmaq əvəzinə, içindəkilərin hamısını çıxarıb atmalıdır. O istəsə, elə bu dəfəki həyatında o almanın çoxunu qusa bilər. Meditasiyada çox şeyə nail olub, – ayağa qalxdı. – Artıq getmək lazımdır. Gecikmək istəmirəm.

Nikolson diqqətlə onu süzdü, sanki öz baxışları ilə onu tutub saxlamaq istəyirdi.

– Siz bizim təhsil sistemimizdə nəyi dəyişmək istərdiniz? – bir qədər dumanlı şəkildə soruşdu.

– Bu haqda heç düşünmüsünüzmü?

– Doğrudan, getməliyəm, – Teddi dedi.

– Bircə bu sualıma cavab verin, – Nikolson əl çəkmədi. – Pedaqogika mənə öz doğma balam kimi əzizdir. Axı mən də müəlliməm. Onun üçün soruşuram.

– Hmm... heç özüm də bilmirəm, – Teddi dedi.

– Bircə bunu qəti deyə bilərəm ki, indi adətən bütün məktəblərin başladığı şeylərin tədrisindən başlamazdım, – qollarını çarpazlayıb fikrə getdi. – Yəqin ki, əvvəlcə bütün uşaqları bir yerə yığıb, onlara meditasiya ilə necə məşğul olmağı göstərərdim. Çalışardım ki, onlara, sadəcə olaraq, öz adlarını və bu cür cəfəng şeyləri deyil, özlərinin əslində nə olduqlarını öyrədim. Məncə, hələ bundan da əvvəl, çalışardım valideynlərinin, eləcə də başqa adamların onların beyinlərinə doldurduqları şeyləri başlarından çıxarıb atsınlar. Yəni, tutaq ki, valideynləri onlara «fil ən böyük heyvandır» deyiblərsə, bunu hökmən onlara unutdurardım. Axı fil yalnız başqa bir canlı ilə, məsələn, it və ya qadınla müqayisədə böyükdür, – Teddi yenə bir anlığa fikrə getdi. – Mən heç filin xortumu olduğunu da qabaqcadan onlara deməzdim. İmkanım olsa, filin özünü onlara göstərərdim, qoy yaxına gedib özləri ona baxsınlar, yəni həmin anda fil onlar haqda nə qədər bilirsə, onlar da onun haqqında o qədər bilməlidirlər. Ot, bu kimi digər şeylər də həmçinin. Heç onlara «ot yaşıldır» deməyi də lazım bilməzdim. Rəng yalnız ad bildirir. «Ot yaşıldır» deməklə siz onları qabaqcadan otu bu cür görməyə, yəni sizin gördüyünüz kimi görməyə məcbur edirsiniz. Halbuki özləri ona başqa gözlə baxa bilərlər və bu mənada onların otu sizinkindən heç də pis olmaz. Bəlkə, daha yaxşı olar... Nəysə, bilmirəm. Hər halda elə etməyə çalışardım ki, valideynlərinin, eləcə də başqa adamların təhriki ilə yedikləri hər alma tikəsini axıracan qussunlar.

– Bu yolla küt, avam bir nəsil yetişdirməkdən qorxmursunuz?

– Nə üçün? Onlar fildən ki, küt olmayacaqlar. Ya da elə quşdan. Və yaxud da ağacdan, – Teddi dedi. – Özünü nəyəsə oxşatmaqdansa, həmin o nəyinsə özü olmaq heç də kütlük deyil.

– Deyil?

– Deyil! – Teddi dedi. – Bir də ki, bütün bu şeyləri – rəngləri, adları və ilaxir, öyrənmək arzusuna düşsələr, özləri öyrənərlər, amma bir az gec, böyüyəndən sonra. Mən isə onlara hər şeyə bu alma hərislərinin baxdığı gözlə deyil, daha doğru, daha gerçək gözlə baxmağı öyrətməkdən başlayardım, – Nikolsonun lap yaxınına gəlib əlini ona uzatdı. – İndi hökmən getməliyəm. Vicdan haqqı. Çox şadam ki...

– Bir dəqiqə, bircə dəqiqəliyə də oturun, – Nikolson dedi. – Böyüyəndə elmlə məşğul olmaq fikrində deyilsiniz ki? Tibb elmi ilə və yaxud başqa sahədə? Məncə, bu düşüncə ilə siz elmdə çox böyük...

Teddi oturmasa da, cavab verdi:

– Haçansa, iki il bundan əvvəl belə bir fikrə düşmüşdüm, – dedi. – Müxtəlif həkimlərlə də söhbət etmişdim, – başını buladı. – Yox, həvəsim yoxdur. Həkimlərin səviyyəsi hələ çox dayazdır. Hüceyrə və bu şeylərdən savayı dillərinə heç nə gəlmir.

– Oho! Deməli, sizcə, hüceyrə quruluşunun elə bir əhəmiyyəti yoxdur?

– Əlbəttə, var. Ancaq həkimlər hüceyrə haqqında elə danışırlar ki, elə bil, o çox əlahiddə bir şeydir. Sanki bu hüceyrələr mənsub olduqları imkandan ayrılıqda mövcuddurlar, – Teddi alnına tökülən saçlarını əli ilə yana elədi. – Bu bədəni mən özüm böyüdürəm, – dedi. – Bu işi mənim əvəzimə başqa birisi görmür. Əgər belədirsə, deməli, mən onu böyütməyin elmini də bilmiş olmalıyam. Ən azı qeyri-şüuri şəkildə. Ola bilsin, son yüz min il ərzində bu elmi dərk etmək qabiliyyətini yadırğamışam, amma hər halda o bilik məndə var, yoxsa ondan necə istifadə etmişəm... Bunların hamısını, yəni həmin o elmi, o biliyi şüurlu surətdə dərk etmək qabiliyyətini geri qaytarmaq üçün çox, çox uzun müddət meditasiya ilə məşğul olmaq, daxilən paklaşmaq lazımdır. Həvəs olsa, mümkün şeydir. Sadəcə olaraq, hər şeyə geniş, əhatəli baxmaq lazımdır, – birdən əyilib Nikolsonun əlini şezlonqun qoltuğundan götürdü. Onu dostcasına bir dəfə silkələyib dedi: – Sağ olun. Mən getdim.

O, cərgələrin arası ilə elə püfərək götürüldü ki, Nikolson onu bu dəfə saxlamağa macal tapmadı.

Teddi gedəndən sonra Nikolson bir neçə dəqiqə şezlonqun yanlarına dirsəklənərək, sol əlində yandırılmamış siqaret, yerində donub qaldı. Nəhayət, sağ əlini qaldırıb yaxasına apardı, sanki yaxasının açıq olub-olmadığını yoxladı. Sonra siqareti alışdırıb, yenə hərəkətsiz qaldı.

Siqareti lap axırınacan çəkdi, sonra ayağını yerə salıb siqareti tapdaladı. Ayağa qalxdı, yeyin addımlarla cərgələrin arası ilə çıxışa tərəf yönəldi.

Gəminin burun hissəsindəki trapla aşağı düşəndə sürətini bir az da artırdı, gəzinti göyərtəsinə düşdü. Orada dayanmadı, eyni sürətlə yoluna davam edib, əsas göyərtəyə endi. Oradan «A» göyərtəsinə, sonra «S», sonra «D» göyərtəsinə düşdü.

Burada trap qurtardı. Nikolson bir anlığa çaşıb hansı səmtə gedəcəyini bilmədi. Birdən gözü bir nəfərə sataşdı: o adam yolu ona göstərə bilərdi. Keçidin ortasında, kambuzdan azca aralıdakı stulda bir stüardessa əyləşmişdi: siqaret damağında, jurnal oxuyurdu. Nikolson ona yaxınlaşıb soruşdu, təşəkkür etdi, sonra irəliyə bir-iki addım atıb, üstünə «HOVUZ» yazılmış ağır, dəmir qapını açdı. O qapı dar, üstü xalısız pilləkənə çıxırdı.

Pilləkənlərin qurtaracağına lap azca qalmış, uzun, tükürpədici bir çığırtı səsi eşitdi: bu cür yalnız körpə qız uşağı çığıra bilərdi. Bu səs elə güclü əks-səda verdi ki, sanki üzünə kaşı çəkilmiş bu divarlar arasında o yan-bu yana çırpıla-çırpıla qalmışdı.

Banan balığının asan ovlanan günü-DOQQUZ HEKAYƏNİN BİRİNCİSİ

Topal dovşanın Konnektikut səfəri – DOQQUZ HEKAYƏNİN İKİNCİSİ

Eskimoslarla müharibədən azca qabaq - DOQQUZ HEKAYƏNİN ÜÇÜNCÜSÜ

“Gülən adam” – DOQQUZ HEKAYƏDƏN DÖRDÜNCÜSÜ

“Qayıqda” – DOQQUZ HEKAYƏDƏN BEŞİNCİSİ

Esmeyə - həm sevdalı, həm də murdar - DOQQUZ HEKAYƏDƏN ALTINCISI

Pənbə göyçək dodaqlar və o yaşılı gözlər –DOQQUZ HEKAYƏDƏN YEDDİNCİSİ

“Domye Smitin mavi mövsümü” – DOQQUZ HEKAYƏDƏN SƏKKİZİNCİSİ

# 1494 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #