Öz quyusunu qazan – Yeni Hekayə

Öz quyusunu qazan – <span style="color:red;">Yeni Hekayə
29 iyun 2018
# 15:10

Eyyub Məmmədov

Yaxın şərq elinin uzaq, qədim dini olan Zərdüştlük dinin əsas müqəddəs günü; Novruz bayramının gəldiyi gün, yəni gecə ilə gündüzün bərabərləşdiyi, baharın qış üzərində, istinin soyuq üzərində, işığın zülmət üzərində qələbə çaldığı gün, daha dəqiq desək, bəşəriyyətin gec-tez xeyrin şər üzərində qələbəsinə şahid olacağı mesajını verildiyi o müqəddəs günün müqəddəs saatında, bir az da dəqiqləşdirsək: xoruzun dan yeri sökülən vaxt banlayaraq dünyanı işığın gəlişi ilə müjdələdiyi bir vaxtda el arasında buğur Yusif kimi tanınan Yusif kişi yuxusunu ərşin caynağından dartıb çıxartmağa çalışırdı.

Düz iki il idi ki, çəkirdi bu əzabı Yusif kişi. Hər gün camaatın kişiləri kimi axşam saat on iki olmamış başını yastığa qoyaraq ağır, üzücü iş gününün ağrı-acısını canından çıxartmağa çalışan binəvanın gözlərinə yuxu gedər-getməz qəfil ayılardı ki, hələ qaranlığın göz göynədən vaxtı olmasına baxmayaraq artıq onun gündəlik kabusuna çevrilmiş, yuxudan qəfil oyanmaq öz adəti üzrə başının üstünü qara buludlar təkin almışdı. Bu minvalla yuxusu varlığın o tayına daha dəqiqini desək metafizika adlı sirli-sehrli səhraların əngin dərinliklərinə çəkilmiş, oralarda qeyb olmuş, əvəzində isə onu bir istəklisi tək atıb getmiş bu təşnənin yerini hüdudsuz boşluqlar və cavabları olmayan nəhayətsiz suallar tutmuşdu. Bu sualların cavabını isə bir ondan başqa hamı bilirdi ki, tapmaq demək olar qeyri-mümkündür. Lakin Yusif kişi hər dəfəsində bəlkə bu dəfə oldu deyərək özünü inandırıb cəhd etdiyi bu xasiyyətini heç cür tərk edə bilmir, özünü suallarla dolu bir savaşa atır, nəhayətində isə hədsiz fikir mübadiləsindən yorulub əldən düşərək, məyus və məğlub şəkildə böyük suallar önündə öz acizliyini dərk edib ağ bayrağı qaldırardı. Dəyişməyən yeganə şey isə hər gün eyni şeylərin permanent olaraq baş verməsi idi. Bəli, bizim Yusif kişi belə bir insan idi: tutduğunu buraxmaz, tutmağasa ərdəmi çatmaz.

İnsafən onu da qeyd etmək lazımdır ki, Yusif kişinin belə mövzularda kiminləsə mübahisəyə girməsi elə də çox rast gəlinən hadisə deyil. Hətta deyərdin ki, o daha da ehtiyatlı davranaraq, ümumiyyətlə, istəmirdi ki, kiminləsə bu kimi məsəllərdə danışsın.

İllərin yorğunu, bədbəxtlik mücəssəməsi qəhrəmanımız içinə yığıb saxladığı suallara bir məhkumun dəmir barmaqlıqlara ilişib qaldığı kimi ilişmiş, ilk əvvəllər onlara nifrət etsə də müəyyən bir zaman kəsimindən sonra onlara alışaraq, bir nöqtədə artıq yəqin etmişdir ki, bəlkə də elə bütün bunlar, bu olanlar onun alın yazısıdır. Və bu mənada o artıq həyatını bu suallarsız təsəvvür edə bilmirdi. Elə əsas problemlər də bundan sonra ortaya çıxırdı. Hamının şirin-şirin yuxuya dalaraq xoruldadığı bir vaxtda Yusif kişi “Alın yazısı nədir?” “Bütün bunlar nəyə lazımdır ?” “Ümumiyyətlə, alın yazısı varmı?” “Cümlə-cahan nədən yaranıb ?” “Onu kim yaradıb? ” “Allah yaradıbsa bəs allahı kim yaradıb, ümumiyyətlə, Allah varmı?” kimi ucunu-bucağını yığışdırmaq mümkün olmayan sualların caynağında çabalayırdı. Həyatının ən şirin çağlarını bu kimi sualların cavabını tapmağa sərf etmiş bu yazığın alnının tən ortasından başlayaraq saçları istiqamətində saç buruğuna tərəf yolağı kimi uzanmış ağ cığır ağır mənəvi kataklizmlərin fiziki inikası idi.

Əsas mətləbə keçmədən əvvəl onu qeyd etmək daha əfzəl olardı ki, Yusif kişi məktəbi ortabab qiymətlərlə bitirib, birbaşa iş həyatına atılmış bir müdrikin dediyi kimi elmi, biliyi ömrünə calayıb mənalandıra bilməmişdi. Bunun da nəticəsi o olmuşdu ki, Yusif kişinin qırx yaşın tamamında bildikləri demək olar ki, ədəbiyyat sözünün ədəb sözündən gəlməsi ilə, alma ağacının altında oturmuş bir insanın başının potensial olaraq mindən bir ehtimal o almanın düşəcəyi yer olması arasında məhdudlaşırdı. Bundan əlavə qiyabi musiqi biliklərinə yiyələnmiş Yusif kişi pianoda cücələrim musiqisini də ifa edə bilməyi ilə öyünər, bunu adətən xüsusi bir qabiliyyət kimi qələmə verər, hətta gizli-gizli də olsa bunu, özlüyündə üstünlük olaraq qəbul edərdi. Ümumi erudit göstəriciləri heç də ürəkaçan olmayan Yusif kişi daha çox öz bilik və qabiliyyətlərini praktikada sınamağa çalışmış, bu da onun fizikadakı potensial enerjinin kinetik enerjiyə keçmə qanunundan xəbər olmasa belə ruhən də olsa bu kimi mövzulara yaxın olmasından xəbər verirdi.

Əsas hadisələr isə çox qısa zamanda baş vermişdi. Təxminən iki il bundan əvvəl Yusif kişi qəfil yuxudan ayılıb öz-özünə belə sual verdi ki, ”varlığı var edən mövcudluqdan var olmayandırsa o necə var olur?” Onu da qeyd edim ki, Yusif kişinin yaşadığı ərazi həm regional coğrafi baxımdan, həm də insanların etnik təfəkkür, milli mental xüsusiyyətlər və ən əsası fikir plüralizminə əsaslanan çoxşaxəli və rəngarəng bir ərazi idi. Belə ki, buranın əhalisi davamlı olaraq öz inqilabi əhəmiyyətli fikirləri ilə tez-tez çıxış edən insanlarla yanaşı adicə “səksənlə həştadı” ayıra bilməyən insanlardan təşkil olunmuş, bu da son iyirmi ildə həmin ərazinin sosial statusunu bir xeyli artırmışdı. Misal olaraq bu yaxında gənc və perspektiv vəd edən, adını üzrlü səbəblərə görə qeyd edilməsini istəməyən bir gənc araşdırmaçı və yazar belə bir qalmaqallı fikir irəli sürmüşdü ki, - “Bəs Koroğlu dastanının məlum qollarından əlavə bir qolu da var ki, bu qolda yekun olaraq Koroğlu epoxasının sonunun hələ çatmadığı, əksinə ümumi gedişatın davamı olaraq sonuncu qolda (hələlik) Koroğlunun dəstəsində xain olması iddiasının ortaya atılması, həmən xainin axtarılması sonunda isə çox maraqlı olaraq həmən xainin elə Koroğlunun özü olması kimi faktları ortaya çıxarır”. Hər halda ciddi elmi fundamental araşdırma tələb edən bu cür mövzularda yazmaq və danışmaq üçün müəyyən elmi konseptual bazaya, hər hansısa etibarlı mənbələrə güvənmək lazımdır.

Yusif kişinin iztirabları isə günü-gündən şiddətlənirdi. - Bu suallar heç ara vermədən hücum edir - deyirdi çox vaxt. Özü ilə danışmağı öyrənmişdi Yusif kişi, bu aralar. - Nə də olsa özündən yaxşı heç kim başa düşməz insanı - deyib bəzən evdəkilərlə heç kəlmə belə kəsmirdi. Bəzənsə, ümumi susqunluğun fonunda artıq danışmaq qabiliyyətinin itirəcəyindən qorxub evdəkilərə qəribə-qəribə suallar verirdi. Evdəkilər isə təbii ki, bu qəribəliyi diqqətdən qaçırmış deyildilər. Xüsusən də demək olar ki, adət halını almış hər səhər tezdən oyanma sindromundan narahat olan evdəkilər kişiyə təcili həkimə getməsini məsləhət bilib, problemi böyük ehtimal əsəb sisteminin sıradan çıxması ilə əlaqələndirirdilər.

Ən yaxşısını isə Yusif kişi bilirdi. Yaxşı bilirdi ki, onu heç kəs başa düşə bilməz. Həqiqət haralardasa buralardadır. Lap elə yaxında. Sadəcə onu görmək üçün iki göz bəs etmir. Və bir gün yemək stolunun arxasında qəfildən belə bir cümlə işlətdi : “İnsan narahat varlıqdır”. Təbii ki, evdəkilər bu cümlənin üzərindən demək olar ki, ötüb keçdilər. Çünki o cümlədəki insana bədii təyin olaraq işlənən “narahat” sözü həmin zonanın dialektində əxlaqi keyfiyyətləri əks etdirən bir cümlə idi. Misalçün, adətən hansısa əxlaqi normalardan kənara çıxmış bir qadın haqda fikir bildirərkən “filankəs əxlaqsız qadındır” cümləsi əvəzinə “filankəs narahat qadındır” kimi cümlə işlədilir ki, böyük ehtimal burda da ilk baxışda sözün səthi mənasında işlədilən fikir başa düşülmüşdü. Təbii ki, cümlənin dərin qatlarında gizlənən insanın xüsusi ekzistensial durumun ehtiva edən “insan narahat varlıqdır” cümləsində Yusif kişi konkret olaraq belə bir nəticə hasil etmişdi ki, onun varoluş mahiyyətində bir qiyam dayanır və narahat olduğu müddətdə o “var”.

Narahatçılıq, axtarış, kəşf, yaradıcılıq gətirər. Deməli, o axtarmalı, kəşf etməli, tapmalı və sonunda həqiqətə çatmalı idi. Bunun üçünsə sərhədləri aşmaq gərəkdir. Sözün hər mənasında. Həqiqət o taydadır və artıq özünü gecikdirir. Bir sözlə “dağ Məhəmmədə sarı gəlmirsə, onda Məhəmməd dağa sarı getməlidir...”

Yusif kişinin əsəb gərginlikləri ilə müşayiət olunan gündəlik həyat tərzi artıq sıxıntıya çevrilmiş, bu haldan rəncidə olan o daha az-az insanlar arasına çıxmağa çalışırdı. Daha çox vaxtını evdə keçirməyə çalışması isə başa düşülən idi.

Belə günlərin birində qəfildən qıc olmağa başladığını hiss etdi. İlk əvvəllər bunun yüngülvari, ötəri şey olacağını güman etsə də növbəti günlərin birində özündən getməsi ilə xəstəxanaya yerləşdirildi. Həkimlərin kəskin epilepsiya diaqnozuna görə, xüsusi rejim nəzarəti ilə bir müddət xəstəxanada yatacağını eşidəndə əvvəl-əvvəl buna etiraz etsə də, sonradan vəziyyətin ciddiliyi onun müqavimətini qırdı. Əslində, ediləcək başqa bir şey yox idi. Həm də bir müddət yad bir mühitdə, yad insanların arasında yaşamaq fikirlərini dağıdar, beyninin dincəlməsinə nisbətən şərait yaradardı. Hər şey qısa və aydın idi. Bir müddət həkim nəzarətində yaşamaq ona yalnız müsbət təsir göstərməli idi. Buna ən azından cəhd etmək lazım idi.

Lakin “sən saydığını say, gör fələk nə sayır” - deyib babalarımız. Yusif kişinin ilk əvvəllər işləri yaxşı getməsinə baxmayaraq kabusları yenidən geri dönmüşdü. Halbuki, bir müddət öncə o özünü yaxşı hiss edirdi. Hətta o qədər yaxşı hiss edirdi ki, cavan və baxımlı tibb bacısına arabir ağsaqqal gözü ilə diaqnoz qoyur, iri, parlaq, inci dənəsi kimi işım-işım işıldayan dişlərinə baxıb onun ruhunu və yaşını təyin edirdi. Bir sözlə, hər şey yaxşı gedirdi. Ta o məşum günə qədər. Həmin gün isə Yusif kişinin həyatında dönüş nöqtəsi oldu.

Bir gün gecənin bir yarısı yuxudan qəfil ayılan Yusif kişi balaca boğçasını əlinə alıb heç kəsə xəbər etmədən xəstəxanadan ayrıldı. Bu gediş müəmma və müqəddəs dolu bir gediş idi. Müqəddəs idi , çünki Yusif kişi qəti qərar vermişdi , - qayıtmayacaqdı. Müəmmalı idi, ona görə ki, o, bu qərarı məhz bu, sonuncu yuxudan sonra vermişdi. Və o yuxu nə yuxu idi, heç kim bir daha öyrənə bilmədi. Səhəri gün xəstəxanadan qəfil yoxa çıxan Yusif kişini xeyli müddət axtarsalar da heç bir yerdə tapa bilmədilər. Maraqlısı o idi ki, heç bir kamera qeydlərinə də düşməmişdi onun qaçmağı.

Belə olduqda iş polisə qədər gedib çıxdı. Xəstənin ağır epilepsiya keçirmə təhlükəsi məsələnin ciddiyyətini artırırdı. Lakin bütün bu cəhdlər boşa çıxdı. Üstündən bir neçə gün keçəndən sonra xəstəxana ərazisinə yaxın bir yerdə çoxdan qazılmış kanalizasiya quyusundan kişi cəsədi çıxartdılar. Bu cəsəd bizim Yusif kişinin cəsədi idi. Çox güman ki gecənin zülmətində yolunu itirən Yusif kişi özü də bilmədən quyunun üzərindən keçmək istəyərkən quyuya düşmüşdü. Hər halda görünən o idi ki, yazıq quyudan çıxa bilməmişdi. Amma kim bilir ki, o buna cəhd etmişdi ya etməmişdi?

# 2042 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #