Azərbaycanlı qızı zorlayan, intihar edən türk yazıçı

Azərbaycanlı qızı zorlayan, intihar edən türk yazıçı
2 dekabr 2015
# 09:00

Cəsədi 14 gün sonra tapılan yazıçı...

2013-cü ilin 6 yanvarında İstanbulda Boğaziçi körpüsündən özünü İstanbul boğazının sularına atan Metin Kaçan adlı yazıçının adı yəqin ki, ədəbiyyatsevərlərə tanışdır. Səhər erkəndən taksiyə minən yazıçı, Üsküdara gedəcəyini bildirir. Körpünün üstündə foto çəkəcəyini deyib portmanatını və telefonunu avtomobildə qoyur. Daha sonra sürücünün gözləri önündə qadağan səddini keçərək özünü körpüdən aşağı atır. Hadisəni görən taksi sürücüsü polis məntəqəsinə gələrək, hər şeyi danışır. Taksi sürücüsünün ifadəsindən sonra mühafizə kameralarının çəkilişlərini izləyən polislər, bir nəfər naməlum şəxsin taksidən düşərək özünü körpüdən aşağı atdığını dəqiqləşdirsələr də, xilasedicilər cəsədi tapa bilmir. Üstəlik Metin Kaçanın yaxın qohumları və dostları onun intihar edə biləcəyinə inanmır və bu xəbəri uzun müddət inkar edir. Hadisədən iki gün sonra yazıçının tanınmış karikaturaçı rəssam olan qardaşı Hasan Kaçan Twitter hesabında qardaşının intihar etdiyini etiraf edir. Cəsəd isə 14 gün sonra tapılır.

Türk oxucusu Metin Kaçanı “Ağır roman” adlı romanıyla tanıyıb sevmişdi. Mustafa Altıokların çəkdiyi eyni adlı filmi də yəqin çoxlarınız xatırlayırsınız. Okan Bayülgenin, Müjde Arın, şair Küçük İskenderin mükəmməl aktyor oyununu da yəqin unutmamısınız. Bəs kifayət qədər səs-küy yaradan, ədəbi kluarlarda müzakirə olunan “Ağır roman”ın müəllifi niyə intihar edib? Bu sual məni də narahat etdiyi üçün, kiçik bir araşdırma apardım. Bu yazıda oxuyacağınız maraqlı faktlar əminəm ki, sizlərin də diqqətini çəkəcək...

Cinayət aləmindən yazıçılığa...

1961-ci ildə Kayseridə doğulan Metinin ailəsi o altıaylıq olanda İstanbula köçür. Ailəsinin Köçdüyü Dolapdere məhəlləsi modern İstanbuldan köklü dərəcədə fərqlənən, cinayət dünyasının kök saldığı bir yerdi. Bir tərəfdə əyalətdən gələn insanlara xas olan mədəniyyət, bir tərəfdə isə cinayət aləminin hökm etdiyi qaranlıq küçələr Metinin göz açdığı aləmdi. Onun sonralar qələmə aldığı “Ağır roman” əslində bu mühitdə baş verənlərə işıq tutur. Dolapderenin “ağır abisi” sayılan atası onu cinayət aləmindən uzaq tutmağa çalışsa da, mümkün olmur.

“Ağ əlcək” adlı dəstəni quranda Metinin cəmi 16 yaşı vardı. Dəstə üzvləri bir-birinin ardınca öldürüldüyü üçün, Metin təhsil aldığı Kasımpaşa liseyini tərk edərək avtomobil çilingərliyi, xarratlıq, barmenlik etməyə başlayır. Ağır işlərdə çalışmasına baxmayaraq bir yandan da satirik jurnallarda yazılar yazır. İlk hekayəsi 1985-ci ildə “Gırgır” dərgisində yayımlanır. O, gördüyü, şahidi olduğu hadisələri jarqonlarla, arqo deyimlərlə, küçə dilində qələmə alırdı. Qısa hekayələr yazmağı davam etdirən yazar, hekayələrini Jak Laban və Andante gizli imzaları ilə çap etdirir. Qısa hekayələr və satirik yazılar mərhələsi uzun müddət davam etmir.

1990-cı ildə gənc yazıçı ilk romanını çap etdirir. Dostlarının dediyinə görə romanı yazmağa başladığı gün, birnəfəsə 70 səhifəni bitirsə də, sonradan ilk əlyazmasını yandırır. Sonra yenidən yazmağa başladığı romanın tamamladığı hissələrini dostu şair Adnan Özerə danışır, danışdıqca ürəyi gedib, yıxılırmış. İlk əlyazmasını yandırsa da, romanı qısa müddətdə bitirib, nəşriyyata təhvil verməyi bacarır. Roman müəllifinə inanılmaz dərəcədə böyük şöhrət gətirdi, ən çox satılan kitablardan birinə çevrildi. “Ağır roman”ın uğurundan sonra müəllif Kemal Artanla birlikdə narkotik istifadəçisi olan küçə uşaqlarının həyatından bəhs edən “İstədikləri yerə gedərlər” adlı cizgi-roman qələmə alır.

“Canavar romançı”

1997-ci ildə Mustafa Altıoklar “Ağır roman” filmini türk tamaşaçısına təqdim edəndə yazıçı türk cəmiyyətinin ən nifrət etdiyi şəxslərdən biriydi. 29 yanvar 1995-ci ildə yazıçının həyatını alt-üst edən, xoşagəlməz və məşum hadisə baş verdi. Metin Kaçan 1995-ci ildə dostu, telespiker Alp Buğdaycı ilə birlikdə sevgilisi Güneş Kurtulanı “döymək, işgəncə vermək və zorlamaq” iddiası ilə həbs edilmişdi...

Sevgilisi Güneş Kurtulanın üzü-gözü şişmiş, dərisi göyərmiş fotoları bütün qəzetlərin manşetində idi. Xəstəxanada həkim nəzarətində olan gənc qız jurnalistlərə sevgilisi, yazıçı Metin Kaçanın və telespiker Alp Buğdaycının onu döyərək işgəncə verməsindən, zorlamasından və bədənində siqaret söndürməsindən danışırdı. Tibbi ekspertiza zorlanma faktını təsdiq etməsə də, Türkiyə mətbuatı Metin Kaçanı artıq “Canavar romancı”, kimi təqdim edirdi. Mətbuat şübhəlilərə şans vermir, ehtimalları hökm kimi səsləndirir, cəzanı qaçılmaz edirdi.

İftira, yoxsa cinayət?

Metin Kaçan çox sonradan, 2002-ci ildə iddia yenidən gündəmə gələndə Ayşe Armana verdiyi müsahibədə zorlanma məsələsini rədd etsə də, sevgilisini döydüyünü və üzünə tüpürdüyünü etiraf etmişdi. Çox sonradan Ayşe Arman araşdırma apararkən hadisə baş verdiyi gün Güneşi müayinə edən həkimlərlə görüşmüş, onun zorlanmadığını həkimlər də etiraf etmişdi. Metin Kaçan isə ilk gündən sevgilisini zorlamadığını, aralarındakı mübahisənin “hollivudsayağı şillə”ylə yekunlaşdığını bildirmişdi. Onu dinləməsələr də iddiaları rədd edirdi. Müsahibəsində Güneşin onlardan çıxdıqdan sonra küçədə başqaları tərəfindən döyülə biləcəyini irəli sürürdü. Yazıçı etiraf edir ki, hadisənin sabahısı Güneşin qardaşı Oktay və dostları onunla Alpı ölümcül hala salıb. Yazıçının qardaşı Hasan Kaçan isə müsahibələrinin birində bu hadisənin media tərəfindən şişirdildiyini, Metinin və Alpın iftira qurbanı olduğunu iddia edir: “Maraqlıdır, Metin əgər Güneşi döymüşdüsə, nə üçün hadisənin baş verdiyi evdən qaçmamışdı?”

Metin Kaçan illər keçsə də, israrla özünü müdafiə edir, o gecə baş verənlərdə Günəşi zorlamadığını və işgəncə vermədiyini isbat etməyə çalışırdı.

...Amma hələ 1995-ci il idi. Bütün media və feminstlər hadisənin üstünə gedirdi. Hadisələr körükləndikcə, etiraz dalğası böyüdü və Metini həbs edib, Bayrampaşa həbsxanasına göndərdilər. Özünün dediyi kimi bütün dustaqlar, cibgirindən oğrusuna qədər hamı əxlaq keşikçisinə çevrilmişdi. Həbsxanaya düşər-düşməz 11 yerdən bıçaqlanan (şişlənən) yazıçını ölümcül halda xəstəxanaya çatdırırlar. Hətta həkimlər belə onu müalicə etmək istəmir. Sağaldıqdan sonra onu xüsusi kamerada 8 ay saxlayırlar. 8 aydan sonra 50 min lirə qarşılığında yetərli sübut olmadığı üçün həbsdən azad olunur.

Yeni iddialar və 8 il 9 aylıq qərar

Həbsdən çıxdıqdan sonra Kaçan yeni romanlar yazıb həyatını nizama salmağa ümid edir, o gecə baş verənləri izah etməyə çalışırdı. İnsanlardan qaçsa da, yaradıcılığına davam edirdi. Ədəbiyyat jurnalı çıxarır və nəşriyyatda işləyirdi. Mustafa Altıokların çəkdiyi “Ağır roman” filminin uğuru, Metin Kaçanın yenidən toparlanmağına səbəb oldu. Bir-birinin ardınca ssenarilər, kitablar yazır, özünü oxucuya yenidən tanıtmağa çalışırdı. 1997-ci ildə işıq üzü görən “Fındık Sekiz” romanı altı dəfə təkrar nəşr olundu. Oxucu yavaş-yavaş Metin Kaçanın şəxsiyyətini unudub, onun yazılarını sevməyə başlamışdı...

Amma 2002-ci ildə Ayşe Arman həm Güneş Kurtulandan, həm də Metin Kaçandan müsahibə alır, hadisələri jurnalist marağı ilə “qurcalayır”. Ayşe Arman sonradan buna peşman olsa da, hadisə yenidən gündəmə gəlir, Yarğıtay Metin Kaçana 8 il 9 ay həbs cəzası tələb edir. Və yazıçı həbs olunmamaq üçün anasının evində gizlənir...

Zərərçəkmiş azərbaycanlı idi...

Metin Kaçan tərəfindən zorlandığını və işgəncəyə məruz qaldığını iddia edilən Güneş Kurtulan Azərbaycanlı mühacir, həkim, professor, yazıçı və tərcüməçi, Azərbaycan ədəbiyyatının Türkiyədə tanıdılmasında böyük rolu olan İldeniz Kurtulanın qızı idi. İldeniz Kurtulan Anar, Elçin, Cəlil Məmmədquluzadə, Süleyman Rəhimov, Səməd Behrəngi kimi yazıçıların müxtəlif əsərlərini Türkiyə türkcəsinə ilk dəfə tərcümə edən tərcüməçi, Azərbaycanı sevən insanlardan biri idi. Atası Müsavat zabiti olduğu üçün əvvəlcə həbs edilib, sonra isə təsadüf nəticəsində həbsdən xilas olaraq İrana sürgün edilir. Bəlkə də dövrün tanınmış kommunistlərindən birinin qızıyla evlənməsi onun həyatını xilas edir. İldeniz Kurtulan 1932-ci ildə İranda doğulub. Böyük Vətən müharibəsi illərində əmiləri Sibirə sürgün edilir və orada da həlak olurlar. Atası İldenizi Azərbaycan sevdalısı olaraq böyüdür. İkinci Dünya Müharibəsi illərində müttəfiq qoşunları İrana girir. İldenizin atasını əvvəlcə ingilislər, daha sonra Sovet ordusu həbs edir. Həbsdən xilas olduqdan sonra ailəsini də götürüb Türkiyəyə köçür.

İldeniz Kurtulan qızı günəşin təkidi ilə Azərbaycandan bəhs edən “Amcam Hamlet (Əmim Hamlet)” adlı roman yazıb. Romanın əsas qəhrəmanı əmisi olsa da, əsərdə Məmməd Əmin Rəsulzadə, Mirzə Bala, Abbasqulu Kazımzadə, Stalin kimi tarixi şəxsiyyətlərin həyatına da işıq tutulur. Romanı yazdığı ərəfədə dəfələrlə Bakıda olan, Azərbaycanı doğma vətəni hesab edən İldeniz Kurtulan qızı Güneşin başına gələnlərdən sonra Kanadaya köçsə də, yenidən Türkiyəyə geri qayıdıb və 2007-ci ildə vəfat edib.

Yenidən həbsxana...və intihar

Metin Kaçan taleyindən qaça bilmir, hər gün bir addım da intihara yaxınlaşırdı. İlk həbsindən sonra toparlanıb yeni kitablar yazmağa başlayır. Bir daha həbs olunacağı ağlına gəlmir, keçmişinə bəraət qazandırmağa çalışırdı.

“Ağır roman” daha sonra “Fındık Sekiz” romanı alman dilinə tərcümə olundu. Artıq onu qarabaqara izləyən utancverici keçmişindən xilas olmağa ümidi ilə seks, zorakılıq, yeraltı dünyası ilə bağlı heç nə yazmırdı. Qardaşı Hasan Kaçan onun təsəvvüfə meylləndiyini iddia edir. 2002-2006-cı illər onun polisdən gizləndiyi dövrdür. Yazıçı 1999-cu ildə “Harman Kaplan”, 2002-ci ildə “Adlara Vapur”, 2005-ci ildə “Cervantesin Yeğeni” kitablarını çap etdirir.

2006-cı ildə Kayseridə, əmisinin dəfnində polislər Metin Kaçanı həbs edirlər. Təxminən üç il həbsxanada qalsa da, təkrar məhkəmə keçirilir və yazıçı azadlığa çıxır. Amma həyatı heç vaxt əvvəlki kimi olmayacaqdır. Daha əvvəlki kimi populyar deyildi və kitabları çox satılmırdı...

Ağır depressiya keçirir və insanlardan uzaqlaşırdı. İntihar etməmişdən öncə sevgilisindən ayrıldığını iddia edənlər də var. Ailəsi isə onun hələ də davam edən söz-söhbətə dözməyib intihar etdiyini düşünür...

# 2006 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #