“Axund”un Səməd Vurğundan niyə zəhləsi gedirdi?-Əkrəm Əylislinin xatirələri

“Axund”un Səməd Vurğundan niyə zəhləsi gedirdi?-<span style="color:red;">Əkrəm Əylislinin xatirələri
21 aprel 2014
# 11:46

Kulis.Az yazıçı Əkrəm Əylislinin “Əylisdən Əylisəcən” memuarından hissələri təqdim edir.

Əkrəm Əylislinin Qaqarinli XATİRƏLƏRİ

Stalinlə səhərə qədər içmiş yazıçı - Əkrəm Əylislinin xatirələri

"Fikrət Qoca Əlcəzairdə fransızlara qarşı vuruşmaq istəyirdi"

Əkrəm Əylisli Nazim Hikmətin yalanını necə tutdu?

Nəhənglərin döyüşü: Əkrəm Əylisli ilə Mirzə İbrahimovun davası

Nəhənglərin döyüşü: Mirzə İbrahimov və Əkrəm Əylisli

Dördüncü olay: ATALAR VƏ ATASIZLAR

1

Bu kitabda mən Litinstitut mövzusuna, görünür, ara-sıra qayıtmalı olacağam, çünki get-gedə daha aydın hiss eləyirəm ki, 59-cu ildən başlanıb, 64-cü ildə qurtaran o bir parça ömrün içində, axtarsan, hər şey tapa bilərsən: ümid də, ümidsizlik də, mərdlik də, namərdlik də - paxıllıqdan tutmuş, satqınçılığacan...

Ancaq söhbəti Litinstitutun üstünə gətirməkdə indi mən bu sayaq, necə deyərlər, ümumbəşəri mövzulara toxunmağı qarşıma məqsəd qoymamışam, Litinstitutu mənimlə bir vaxtda qurtaran azərbaycanlı tələbələrin hamısının həyatında sonralar mühüm rol oynayan bir faktın üstündən keçə bilmədiyimə görə - istəsəm də, istəməsəm də - bu faktın “müəllifinin” haqqında da mütləq nəsə deməliyəm. Və bu “müəllif”, məlumunuz olsun ki, Vilayət Rüstəmzadə idi.

Vilayəti şair və tərcüməsi kimi, əlbəttə, çoxları tanıyır. Mənsə bu yazıda Litinstitut tələbəliyi dövründə Vilayətdə şəxsən müşahidə elədiyim bir-iki başqa keyfiyyəti də qələmə almalıyam. Çünki bunları deməsəm, demək istədiyim əsas məsələ bir növ havadan asılı qala bilər.

Əvvəla, bunu deməliyəm ki, o vaxt Litinstitutda oxuyan azərbaycanlı tələbələrin arasında adına “ictimaiyyətçi” deyiləsi bircə adam vardısa, o da, heç şübhəsiz, Vilayət idi. Moskvanın harasında Azərbaycanla bağlı nə vardısa, onu Vilayət mütləq bilirdi: hansı institutda neçə nəfər azərbaycanlı təhsil alır, hansı bazarda Azərbaycandan nə qədər adam alver eləyir, hansı həbsxanada nə miqdarda azərbaycanlı məhbus cəza zəkir – hətta az qalıram deyəm ki, bu adamların hansının hansı rayondan olmağı barədə də Vilayətin bəs qədərində məlumatı vardı. Bundan əlavə, bütün “müsəlman aləminin” o zaman sayılan-seçilən adlı-sanlı ədəbi simaları ilə də Vilayət, necə deyərlər, lap kefin istəyən kontakt yarada bilmişdi. Məsələn, Rəsul Həmzətovla Vilayət telefonda (ya elə üzbəüz söhbətdə) təxminən belə danışırdı:

- Rasul bey! Da, eqo Vilayet Rustamzade! Tı çto, starina, priyexal vı Moskvu i svoix druzey ne işşeş? Nu, oryol je tı, starik! Veliçina qordoy poezii kafkazskoy!.. Jdi zavtra vezero. No ne vzdumay druzey podvesti. Derjis, derjis, starik. Znay, zto arlyata tvoi tebya tixo abajayux...

O dövr amerikalı Heminqueyin bütün SSRİ məkanında birdən-birə tanınıb məşhurlaşdığı dövr idi. O zaman Vilayətin də dilindən düşməyən bu, “starik” və “starina” sözləri, mənə elə gəlir ki, o dövrün Moskva jarqonuna Heminqueyin əsərlərindən keçmişdi. Ancaq söhbət bunda deyil. Məsələ burasındadır ki, Vilayətin təkcə Rəsul Həmzətovla yox, misal üçün, kaysın Quliyev və Çingiz Aytmatovla da eynilə bu jarqonda, bu şəkildə, bu ərk ilə danışmağının mən özüm bir neçə dəfə şahidi olmuşdum. Bu adamları Vilayət, söz yox, özününkü sayırdı və özününkü saydığı belə məşhur adamlarla danışanda sanki Vilayət danışdığı dilin də (bu halda rus dilini) “özününkü” olduğunu bir qəribə uşaq sevinci ilə cani-dildən nümayiş etdirirdi.

Vilayət rus dilini həqiqətən yaxşı bilirdi. Bununla belə, hərdən mənə elə gəlirdi ki, Vilayətin bildiyi rus dili məhz Rəsul Həmzətov, yaxud Çingiz Aytmatov kimi “ qeyri-ruslarla” danışmaqdan ötrü olan xüsusi bir “rus dili”dir.

Vilayətdəki bu coşğun ictimai fəallığa Litinstitutda, əlbəttə, hamı eyni cür baxmırdı. Şəxsən mən buna tam laqeyd idim. Böyük Moskvanın müxtəlif guşələrindən tar, kamança, nağara çalanları, muğamat, xalq mahnısı, saz havası oxuyanları tapıb toplayıb, Litinstitutun yataqxana klubunu ara-sıra “Azərbaycan Dövlət filarmoniyasına” çevirdiyinə görə bəzi rus balaları Vilayətin əlindən çoxdan cana doymuşdu: bunlar, əsasən, yazıb-pozan “zümrənin” adamları idi. Yataqxananın işçilərinə - komendantına, qapıçısına, süpürgəçilərinə gəldikə, onlar Vilayətin bütün konsertlərinə yaxşıca geyinib-keçinib gəlirdilər və çox “vajnı bir vidlə”, lap ön sırada əyləşirdilər.

Bizimlə bir kursda oxuyan, bir vaxt Naxçıvanda doğulub, sonra Moskvada böyümüş Alla Axundova, yataqxanada yaşamadığına və Vilayətin konsertlərindən heç bir “mənəvi zərər” çəkmədiyinə baxmayaraq, öz “ictimai həmyerlisin”, nədənsə heç cür həzm eləyə bilmirdi. Vilayət haradasa növbəti nitq irad eləyəndə Allanın (mən Allaya, lap birinci kursdan indiyəcən, “Axund” deyirəm) nümayişkaranə şəkildə ordan durub getdiyini Vilayətin özü də yəqin ki, görməmiş deyildi. Və həmin bu “Axund” bir dəfə, oturduğum yerdəcə məni əməlli-başlı heyrətə gətirdi:

- Allah, Allah, bu nə yaman ona oxşayır!.. – Söhbət mühazirə vaxtı ayağa durub müəllimə sual verən Vilayətdən gedirdi.

- Kimə oxşayır? – Vilayətin kiməsə oxşamağından Allanın bu dərəcədə həyəcanlanmağı məndən ötrü, məlum məsələdir ki, zox gözlənilməz idi.

- Görmürsən, necə oxşayır. Səməd Vurğunun xalis kopiyasıdır... Ay Allah, bu nə dəhşətdir!.. (ruscası: "O, Boje, kakoy ujas!").

Səməd Vurğuna oxşamağın Alla üçün nəyə görə “dəhşət” olduğunu anlamaqda mən o zaman çox aciz idim. Baxmayaraq ki, Alla Axundovanın tamam başqa tipli poeziyanın pərəstişkarı olduğunu elə o zaman da bilirdim. Bilirdim ki, Alla özünü – rəsmi dairələrdə daim təqib olunan – Anna Axmatova şeirinin davamçılarından sayır. Elə Anna Axmatovanın da Allanın yaradıcılığını yüksək qiymətləndirməyindən xəbərim vardı. (Anna Axmatova bizim “Axundun” şeirləri barədə, səhv etmirəmsə, bir ayrıca məqalə də yazmışdı). Səməd Vurğun isə - Anna Axmatovanın davamçısının nəzərində, əlbəttə, Sovet şüarçı – ekstremist (“döyüşkən”!) poeziyasının banilərindən – bayraqdarlarından idi – deməli, düşmən lagerdən idi. Ancaq Alla o zaman o sözləri deyəndə məsələnin bu “mühüm” tərəfini mən hələ bilmirdim. Üstəlik, Vilayətin Səməd Vurğuna oxşamağı mənim o zamankı təsəvvürümdə (Vilayət qağam inciməsin!) olsa-olsa, bizim evlərdəki o məlum “pələngin” əsl çöl pələnginə oxşamağı qədərində real ola bilərdi. Amma dünyanın ağlasığmaz həqiqətlərində də görünür, sehrli bir cazibədarlıq var – yoxsa bu epizodu qələmə almağa məni başqa nə vadar eləyə bilərdi!...

Rus balaları bir gün böyük qiyam qaldırıb, Vilayətin “xalq çalğı alətləri ansamblının” ayağını Litinstitut yataqxanasından həmişəlik kəsdilər. Necə kəsməyə bilərdilər: burada yaşayanların 99 faizi, həftənin hansı günü və günün hansı vədəsindən asılı olmayaraq, həmişə nəsə yazırdı. Sizə zox gülməli görünə bilər: ümumi iclasların birində bir sibirli rus şairi (famili – Merzlikin) belə bir məsələ qaldırmışdır ki, Moskvanın bütün Litinstitut ətrafı “ərazisində” adamların bir-biri ilə salamlaşmağı, köhnəlmiş bir adət kimi təcili ləğv edilməlidir, zğnki salam vermək və salam almaq da, sən demə, şairlərin asudə və məhsuldar fikirləşməyinə mane olurmuş!..

Mən beynimdə misra-misra şeir yaradıram və bu vaxt böyürdən biri çıxır ki, bəs “zdrastvuy!” – məni fikrimdən yayındırır. Olmazmı ki, biz bu iclasda qərar qəbul eləyib, bu köhnəlmiş adətə həmişəlik son qoyaq...

O İclasda Merzlikin öz “dahiyanə” nitqini bu cür yekunlaşdırmışdı. Və madam ki, məsələ bu yerdəydi, Vilayətin ansamblının o boyda zıppıltısına Litinstitut necə tab gətirə bilərdi?..

Vilayətdəki bu unikal əməlgirlik hətta Litinstitut folklorunda da, zənnimcə, özünün kifayət qədər “layıqli əksini” tapmışdır. O anektod belə idi:

Bir gün rektor, axşamtərəfi yataqxanaya xəlvəti reyd eləmək qərarına gəlir. Ancaq Vilayətdən sirmi gizlətmək olar? Vilayət “öz kanalları” ilə bundan xəbər tutur və hələ günortadan işə girişir. Hər yeri silib-süpürüb, otağında ideal sahman yaradır. Rektor gələnə yaxın çayı da dəmə qoyub oturub gözləməyə başlayır. Ancaq iş elə gətirir ki, əvvəl rektor abxazlı balası Volodya Ankvabın otağına baş çəkməli olur. Litinstitutda “bazlıq” məsələlərində məxsusi hörmət və avtoritet sahibi olan Ankvab isə, sən demə, elə o gün də “canan” gözləyirmiş və bu münasibətlə özünün əla abxaz konyakından bir qrafin doldurub, stolun üstünə qoyubmuş. Hələ rektor içəri girər-girməz Ankvab xəlvətə salıb konyakı qrafindən çaydana boşaldıb guya izi itirə bilir. Rektor keçib stolun dalında əyləşir. Ankvabla ordan-burdan söhbət eləyir və söhbət əsnasında əlini uzadıb, Ankvabın çaydanından özünə “çay” süzür. Bir dəfə içib özünü o yerə qoymadan, Ankvabın “çay”ından ikinci dəfə də yarım stəkan ləzzətlə nuş eləyəndən sonra rektor otaqdan çıxır və dəhlizdə pusquda dayanmış Vilayət çoxdan gözlədiyi rektoru nəhayət ki, qarmalayıb öz otağına salır. Rektor Vilayətin pürrəngi çayından da içir, hələ onun Azərbaycan çayının şərəfinə söylədiyi parlaq nitqi də səbirlə axıracan dinləyir. Və axırda – Vilayətin otağından durub gedəndə - astananın qabağında rektor belə ərz eləyir:

“Sizin çaya söz ola bilməz, Rüstəmzadə! Azərbaycanlıların çay dəmləməyinə mən lap valeh oldum. Ancaq sən o Ankvabdan bir soruş gör abxazlar çayı necə dəmləyir. Bayaq mən Ankvabın otağında bir stəkan çay içdim və düzü elə bildim ki, əsl Azərbaycan çayı içirəm..."

Bax, Litinstitut folklorunun bu məşhur qəhrəmanını mən bir gün – yataqxananın qapısı qabağında – son dərəcə həyəcanlı bir vücudda gördüm.

Mən yataqxanadan çıxırdım. Vilayət hardansa indicə gəlirdi. Vilayətin sifətindən elə bil alov yağırdı. Gözlərindən od tökülürdü.

- Məni öp, starik!— dedi. Hətta üzünün öpüləsi yerini də mənə öz əli göstərdi.

Mən Vilayətin üzünün düz göstərilən yerindən bir yaxşı busə götürdüm.

- Bəs niyə soruşmursan ki, mən bu sahat hardan gəlirəm?

Belə isti-isti buğlanmğından hamamdan gələnə oxşayırsan, - dedim. Və

Vilayətin birdən şaqqanaq çəkib gülməyindən bildim ki, Böyük İctimaiyyətçi mənim yumorumdan çox razı qalıb.

- Dahisən, starik! Buğlanmağı əla tapdın. Sayuzdan gəlirəm, starik, orqsekretar Voronkovun yanından. Düz üç saat 15 dəqiqə kafirnən çənə vurmuşam. Axır ki, inandırdım şovinist oğlu şovinisti. Proyekti dəyişdirdim.

Vilayətin dediyindən heç nə anlamasam da:

- Malades, kişi adamsan! - dedim, Vilayətə sual-zad da vermədim ki, bəlkə söhbət buradaca xətm oluna, çünki o qapının ağzında Vilayətlə üz-üzə gələndə beynimdə nəsə "bişirməkdə" olduğuma görə, mənim də (Merzlikindən beş-betər!) salam-kalamlıq halım yox idi.

Mən ayrılmaq istəyəndə Vilayət ağayana bir ərk ilə qoluma girdi.

- Hamımız üçün izolirovannı mənzil: kuxnası, hamamı, tualeti!.. Evi, starik, bilirsən, harda tikirlər? Baksovetdən bir az yuxarıda. Əla yerdi! Bu saat şartaşart iş gedir orda. Uzağı noyabrın axırına tikib qurtaracaqlar. Proyektə on dənə birotaqlı mənzil saldırdım. Voronkovu, sən öl, divara dirəmişdim!..

Vilayətin dediklərinə sakitcə qulaq assam da, bu deyilənlərin arxasında hər hansı bir məna ola biləcəyini düşünməyi elə bil mən əvvəlcədən özümə qadağan eləmişdim. Vilayətdən bacardıqca tez aralanmaqdan savayı məni özgə heç bir şey maraqlandırmırdı. Buna görə də mənə xeyli sonralar məlum oldu ki, Bakıda yazıçılar üçün təzə ev tikilir. Bildim ki, o gün Vilayət həqiqətən SSRİ Yazıçılar İttifaqının təşkilati məsələlər üzrə katibi Voronkovun yanına gedibmiş və “əla yerdə” tikilən o yeni binada bizlərdən – yəni Litinstitutu o il (1964-cü ildə) bitirəcək bir qrup tələbədən ötrü, birotaqlı mənzillərin də proyektdə nəzərdə tutulmasını Voronkovla, doğrudan da, kişi kimi həll eləyibmiş.

2

Bu söhbət 1964-cü ilin ilkin yazının söhbəti idi. Yəqin ki, aprelin əvvəlləri idi. “Atalar və atasızlar” adlı irihəcmli povestini mən hələ ötən ilin payızından yazmağa başlamışdım. İş ləng gedirdi. Çox ləng gedirdi. Hətta bazar günləri də bəzən bütün günü bircə səhifədən artıq yaza bilmirdim. Çünki bu yazını hələ başlamazdan əvvəl ovqatımı, necə deyərlər, dürüst kökləməmişdim: bu dəfə “dahiyanə” bir əsər yaradacağımı əvvəlcədən qarşıma məqsəd qoymuşdum. İndi bunu cavan qələm sahibləri də qoy bilsin ki, qarşıya əvvəlcədən belə məqsəd qoyanda işin son nəticəsi, əksər hallarda, uğurlu olmur. Belə hallarda biz ürəyimizin imkanlarını da, bir növ, şüurumuzun sərt və soyuq qanunlarına tabe edirik. Uğurlu bədii əsər yaratmağın bir nömrəli enerji mənbəyi olan ürək azadlığını, özümüz də bilməzdən, lüzumsuz nəzarət altına alırıq. Allahın dərgahından istedad payı alanlara yol göstərməkdən, məsləhət verməkdən, bilirəm ki, çox nadir hallarda hər hansı bir nəticə hasil olur. Ancaq bunu cavan həmkarlarıma mütləq demək istəyirəm: yazını yazmağa başlayanda, çalışın, heç ağlınıza da gətirməyin ki, sizin yazdığınız kiminsə yazdığından hökmən yaxşı olmalıdır. Şeir, hekayə, roman, ya povest yazmaqla nəsə böyük bir iş gördüyünüzü də imkan daxilində fikrinizə yaxın buraxmayın. “Yazmalıyam, ona görə də yazıram”. Yaxud: “Əşi, yazıram da, nə çıxar-çıxar”. – Bax, bu ovqatla yazmağa başlayanda və bütün yazı prosesində bu ovqatı içimdə saxlaya biləndə şəxsən mən həm rahat, həm də səmərəli işləyə bilirəm.

"Atalar və atasızlar" barədə sonra sizə müfəssəl danışacağam. Bu yazının başlıca qüsurunu isə elə bu başdan da deyə bilərəm: povestdə iddia var – qarşısına bənzərsiz əsər yazmaq məqsədi qoyan müəllif iddiası. Bu iddia povestdəki ən maraqlı həyat faktlarının özünü də müəllifin iradəsi ilə, bəzən açıq-aşkar üstələyir. Buradakı sözlərin, cümlələrin arxasında bu sözlərin, cümlələrin nə məqsədlə yazıldığı da hərdən asanca bilinir. Yəni öz yazdığı əsərin içində müəllif özünü tam əridib itirə bilmir. Ancaq həqiqi bədii əsərdə gərək müəllif yazıçı kimi, filosof kimi, müəllim kimi yox, işıq kimi, isti kimi, meh kimi, nəfəs kimi görünsün, duyulsun. (Mən, əlbəttə, sifətsiz, simasız, saxta ədəbiyyatdakı – fəal, ya qeyri-fəal – “müəllif mövqeyini” nəzərdə tutmuram).

"Atalar və atasızlar"ı yazmağa başlayanda mən artıq iki kitab müəllifi idim. Həmin kitablar (“Gilas ağacı” və “Dağlara çən düşəndə...” ) Azərbaycan ədəbi aləmində məni az-çox tanıtmışdı, hətta bəlkə bir azca da məşhurlaşdırmışdı. Özümün üçüncü kitabımla mən, görünür, dünyada məşhurlaşmaq xəyalına düşmüşdüm. Elə bu iddialı xəyal da məni yaman dağa-daşa salmışdı. Hər sözü üfürə-üfürə yazırdım. Hər abzası yazıb qurtaranda dünya ədəbiyyatının qapısından bir yaxşı top vurub keçirdiyimi zənn eləyirdim. Bu səbəbdən öz yaradıcılıq fantaziyamı heç özüm də bilmədən buxovlayıb, haradasa, dar bir məkan daxilində (birdən-birə böyük yazıçı olmaq iddiasının ağlı ürəkdən ayıran şeytan tələsində) sanki uzunmüddətli həbsə məhkum eləmişdim. Ötən ilin payızından başlayaraq mən beynimdə, gecəli-gündüzlü, yalnız bu yazını yazırdım, ancaq o gün (Yazıçılar İttifaqından “buğlana-buğlana” gələn Vilayətlə o qapının ağzında rastlaşdığım o yaz günü) o povestin bəlkə heç yüz əlyazma səhifəsi də hələ ortalıqda yox idi. Və o gün, elə o qapıdan çıxanda da mən yenə haradasa tək-tənha gəzə-gəzə beynimdə povest üçün bir-iki cümlə qondarmağa gedirdim.

Litinstitut yataqxanası köhnə Moskvanın “Ostankino”, “Butırski Xutor” və “Timiryazyev” adı ilə tanınan – keçmiş mülkədarlara məxsus – böyük bölgənin ortalığında, müharibədən sonra salınmış yaşayış sahəsində yerləşirdi. Yəni demək istəyirəm ki, o yaşayış sahəsində dörd bir yanı qalın meşəliklər, keçmiş mülkədar bağları, otluqlar, əkin-biçin yerləri idi. Qraf Şeremetyevlərin iqamətgahı və rus arxitekturasının 18-ci əsrin sonlarına məxsus bir sıra dəyərli nümunələrinin kompleks məskəni kimi tanınan Ostankinoda, indiki “Ostankino” qülləsinin yerləşdiyi sahə o vaxt ayrıca bir böyük bağ idi. Bu bağda (yəqin ki, inqilabdan əvvəlki dövrün yadigarı olan) beş-on yoğun gövdəli, qocaman alma ağacından savayı, Moskvanın başqa yerlərinin ağaclarından – ucalığı və gözəlliyi ilə seçilən – bir düzüm meşə ağacı da vardı. Bu bağ ala qarğaların, bəlkə bütün Moskvada, ən çox toplaşdığı yer idi. Və o qarğaların sehrli dünyasında nəsə Əylisdən də bir şey olduğuna görə, mən, təklənmək istəyəndə, çox vaxt o bağa gedirdim.

Təklənmək məndən ötrü elə o vaxtlar da, görünür, cümlə quraşdırmaqdan əlavə, həm də bir növ ürək profilaktikası idi. Bir də, Litinstitut yataqxanasının sanki boyuna biçilmiş “pyanıskalıq” və boşboğazlıqdan bacardıqca uzaq olmaq barədə, elə bil öz Allahımın qarşısında, hələ lap birinci kursdanca boynuma götürdüyüm “öhdəçilik” – institutun xüsusilə son kurslarında oxuyanda – deyəsən, məndən ötrü artıq ən başlıca həyat amalına çevrilmişdi: hava yaxşı olanda məni yalnız və yalnız ya Ostankinodakı o bağda, ya Timiryazyev meşələrində, ya da Butırski Xutorun ayağındakı – hərdənbir elektrik qatarlarının gəlib-keçdiyi – yolun qırağında tək-tənha gəzinən yerdə görmək olardı.

"Pyanıskalığın" əsas praktik məsələlərində bizimkilər, əlbəttə, rus balalarını ötüb-keçə bilməzdi. Amma burası da vardı ki, rus balaları ayın bir yarısını, gecəli-gündüzlü, ayılmadan içirdilərsə, ayın o biri yarısını onlar, qapını-bacanı bağlayıb, oturub gecəli-gündüzlü işləyirdilər. Çərənçilikdə, boşboğazlıqda isə bizimkilər rusları çoxdan ötüb keçmişdi. Misal üçün, Litinstitut yataqxanasının azərbaycanlı tələbələr yaşayan otaqlarında beş ildən bəri idi ki, belə bir “vacib” məsələnin qızğın mübahisəsi gedirdi: Səməd Vurğun yaxşı şairdir, yoxsa Rəsul Rza... (Guya Səməd Vurğun yaxşı şair idisə, Rəsul Rza heç cür yaxşı şair ola bilməzdi və - əksinə). Səməd Vurğunla Rəsul Rzanın müqayisəsi eyni zamanda da, sərbəst şeirlə qafiyəli şeirin müqayisəsi demək idi. Və bu məsələdə o vaxt zəmanənin üzü suyun çoxusunu “Rəsulçuların” dəyirmanına axıtdığından, o uzun mübahisələrdə çox vaxt “Səmədçilər ordusu” ağır məğlubiyyətlərə məruz qalırdı. İş gəlib o yerə çatmışdı ki, Əliağa Vahidin böyük pərəstişkarı, hətta Puşkinin şeirlərini də meyxana və muğam üstündə oxuyub əzbərləyən – bakılı balası Asif Babazadə də son vaxtlar cani-dildən sərbəst şeir yazmağa girişmişdi.

...Günlərin bir günü Asiflə mən mətbəxdə (hərə öz tavasında) kartof qızardırdıq. Və mən həm vaxtı öldürmək, həm də Əliağa Vahidə birdən-birə bu qədər dönük çıxdığına görə Asifi bir balaca tənbeh eləmək məqsədilə, elə o mətbəxdəcə bədahətən quraşdırdığım bir “sərbəst şeiri”, Nazim Hikmətin yeni şeiri kimi, bala-bala Asifə sırımaqda idim. Mən o şeiri: “Eh, dünyanın işi oyundur! Boyunduruq, boyunduruq! “ – misraları ilə “müvəffəqiyyətlə” bitirəndən sonra, dostum Asif “Nazim Hikmətin bu yeni şeirinin” dərin fəlsəfi məzmunu barədə hələ lap təzəcə fikir söyləməyə başlamışdı ki, bu vaxt Vilayət dünyanın ən şaqraq mahnılarında birini ucadan oxuya-oxuya (əlində çaydan) mətbəxə daxil oldu. Və elə çaydan əlindəcə, oxuya-oxuya, oynaya-oynaya Vilayət təzəcə həyata keçirdiyi yeni bir ictimai aksiyanın uğurla nəticələndiyini bəyan elədi.

Litinstitutu həmin o 1964-cü ildə bitirəcək azərbaycanlı tələbələrin Bakıda Mərkəzi Komitənin sərəncamına göndərilməsi məsələsi ilə çoxdan məşğul olan Vilayət özünün bu xeyirxah işini də o gün haradasa axır ki, uğurla başa çatdıra bilmişdi. Bir-iki ay əvvəl bizi Bakıda “evlə təmin eləmiş” Vilayətin özünün dediyinə görə, onun rus şovinizminə qarşı apardığı ardıcıl mübarizənin bu, ikinci tarixi qələbəsindən sonra indi biz öz respublikamızın paytaxtında işlə də mütləq təmin olunacaqdıq.

3

Bakıda, Vilayətin dediyi o ev, doğrudan da, tikilirdi. Təyinatımızın Azərbaycan KPMK-nın sərəncamına verilməsini təşkil etməkdə də Vilayət həqiqətən, necə deyərlər, qanımızın arasına girmişdi. (Biz bunu hələ sonralar biləcəkdik). Ancaq o evi alanacan və o işə girənəcən Bakıda bir yer tapıb yaşamaq və hardansa bir tikə çörəkpulu qazanmaq lazım idi. Və əgər Xeyrulla Abdullayev (indi – Xeyrulla Camal) olmasaydı, o yay mənim Bakıdakı vəziyyətim yəqin ki, çox çətin ola bilərdi.

Xeyullanın şairliyinə (sizdən nə gizlədim) elə o Litinstitutda da mən hez vaxt elə bir köklü-əsaslı etiqad, ya ümid bəsləməmişdim. Bu istedadlı adamın ağlına şair olmaq, Allah bilir ki, haçan və hardan yerləşmişdi. Və bu “şairlik” Xeyrullanın insani istedadına, mənə elə gəlir ki, yalnız ziyan vururdu. Hər halda şəxsən məndən ötrü Xeyrulla yalnız ədəbiyyatdan danışanda maraqsız olurdu. Başqa - nədən danışır-danışsın – ona qulaq asmağa mən həmişə sidqi-ürəkdən hazır idim. (Əgər həyatda hər kəs özü ola bilsəydi, bu dünyada bir nəfər də maraqsız adam tapmaq olmazdı).

Moskvada, tələbəlik dövründə də Xeyrullanın mənə çox köməyi olmuşdu. İndi Bakıda da yenə kişi kimi dadıma çatdı: bu köhnə tanışının evində mənə, pulsuz-parasız, bir müddət qalmaq üçün yer düzəltdi. (Xeyrullanın özü isə haradasa – başqa bir tanışının, ya qohumunun evində qalırdı).

Xeyrullanın düzəltdiyi (çox yox, bir-iki həftə qaldığım) o ev lap indinin özündə də hərdən yuxuma girir. Və dəhşət burasındadır ki, o yuxuların hamısında mən həmişə bir uzun, zil qaranlıq dəhliz görürəm və o zaman bir-iki həftə qaldığım o otağı axtara-axtara o dəhlizdə həmişə çaşıb qalıram. Təsəvvür eləyin ki, indi lap ayıq halda da gedib-axtarası olsam, mən bu şəhərdə o evi tapa bilmərəm, halbuki o ev uzaqda deyildi, Bakının mərkəzində - “Vətən” kinoteatrının yanındaydı. Və mənim qaldığım otaq da zirzəmidə deyildi, ikimərtəbəli köhnə evlərdən birinin ikinci – axırıncı mərtəbəsindəydi.

Qaldığım otaq bəlkə otuz-qırx kvadrat metr sahəsi olan böyük otaq idi. O otaqda mənə məxsus bir dəst yorğan-döşəkdən savayı heç nə yox idi. Mənim yorğan-döşəyim otağın tən ortasında quruca taxta döşəmənin üstündə salınmışdı. Ev sahibi (daha doğrusu, sahibəsi) o otağa bitişik, qapısı mənim qaldığım otağa açılan xırdaca bir otaqda yaşayırdı. Və bu adamın əgər “əşya” adına bir şeyi vardısa, o şey yalnız o balaca otaqda ola bilərdi.

Görəsən, o otaq mənim xatirimdə niyə belə qaranlıq bir yer kimi qalıb. Axı, əslində, o otaq bir o qədər də qaranlıq olmamalıydı. Geniş sahəsi, iki böyük pəncərəsi – qaldığım otağın qarşısında (həyət səmtə) hətta bir uzunsov aynabəndi də vardı. Amma burası da vardı ki, hələ yazmaq bir yana dursun, mən o otaqda heç düşünə də bilmirdim. Bəlkə buna görə o otaq mənim təsəvvürümdə indiyəcən bu dünyanın çox qaranlıq bir yeri kimi qalıb.

O yay Bakıya gələnəcən mən Moskvada “Atalar və atasızlar”ın təxminən yarısını yaza bilmişdim: iki yüzdən bir azca zox əl səhifəsi. Mənə böyük hörmət və ehtiram göstərib, hələ əlyazma təhvil verilməmiş kitabı – “Azərnəşr”də - 1965-ci ilin tematik planına salmışdılar. Mən bu etimadı mütləq doğrultmalıydım: necə olur-olsun, ilin axırınacan povesti bitirib, nəşriyyata təhvil verməliydim. Ancaq ev şəraiti bir yana dursun (bərk ayaqda kitabxanaların birində də gedib oturub yazmaq olardı) vəziyyətin qeyri-müəyyənliyi də sözə ürək qızdırmağa heç cür imkan vermirdi.

Biz hər gün Yazıçılar İttifaqının qabağına yığışırdıq. Vilayət Rüstəmzadənin başçılığı altında hərdən Mərkəzi Komitəyə də əlbir “yürüşlərimiz” olurdu. Və (Vilayəti min budaq olsun!) təyinatımızın Mərkəzi Komitəyə verilməsini Moskvadan təşkil etməkdə sən demə, quşu lap gözündən vurmuşdu. Yaxın gələcəkdə bizi daimi, yaxşı bir işlə təmin edəcəyini mərd-mərdanə öhdəsinə götürən Mərkəzi Komitə - Bakıya gəlməyimizdən hələ heç bir ay da keçməmiş – maaşsız qalmayaq deyə, bizə müvəqqəti iş yeri düzəltdi. Daha doğrusu, Mərkəzi Komitənin ideoloji aparatının tabeçiliyində olan sahələrdə - orda-burda bizim (yadımda qalmayıb) ya hamımızın, ya da bir neçəmizin adını, necə deyərlər, “maaş cədvəlinə” yazdırdılar. Bu “bölgüdə” mən (məndəki taleyə bax!) ermənicə “Kommunist” qəzetinin redaksiyasına düşdüm. Əvvəllər mən ora, vicdanla, hər gün baş çəkirdim. Az sonra gördüm ki, burda mənə iş tapşıran yoxdur və bundan bir az da sonra aşkar hiss elədim ki, mənim o redaksiyada görsənməyimdən hətta əməlli-başlı narahatlıq keçirənlər də var – onda ora yalnız maaş alandan-alana getməyi qərara aldım. (Ancaq mən hardan biləydim ki, vaxt gələcək bioqrafiyamın bu mənasız, təsadüfi faktı da bir gün kiminsə qələminə “qüvvət” verəcək!...)

Yenə, söz yox ki, Vilayətin ictimai fəallığının növbəti bəhrəsi olaraq, səhv etmirəmsə, hələ avqustun lap əvvəllərindəcə, “Partşkolanın o vaxtkı Lermontov küçəsində yerləşən tədris korpusunda (Mərkəzi Komitənin göstərişi ilə) bizə müvəqqəti yaşayış yeri verdilər. O vaxt Partşkolanın yataqxanasında ola bilər ki, təmir işi gedirdi və ola bilər ki, Partşkola rəhbərliyi bizi yataqxanada yerləşdirməklə, sonradan öz başına iş açmaq istəmirdi: dərs korpusu məlum məsələdir ki, yaşayış yeri deyildi və adamı qeyri-yaşayış yerindən uzaqlaşdırmaq onu normal yaşayış yerindən uzaqlaşdırmaqdan, əlbəttə, xeyli asan idi.

Partşkolanın binasında bizə ayrılmış otaq, nədənsə, mənim xatirimdə - az qala idman zalı boyda – çox böyük və çox işıqlı bir yer kimi qalıb. Binanın – indiki Prezident Aparatı tərəfə baxan - aşağı başında, sonuncu mərtəbədə, necə deyərlər, gözdən-könüldən uzaqda – asudə bir yer: kim bilir, bəlkə ora elə, doğrudan da, idman zalı idi və özünün bilavasitə tabe olduğu Mərkəzi Komitənin tapşırığını yerinə yetirmək məcburiyyətində qaldığına görə, Partşkola rəhbərliyi o zalı bir müddətliyə boşaldıb, orada bizə müvəqqəti yaşayış yeri düzəltmişdi. Yəqin ki, çarpayı və yorğan-döşəyi də bura yataqxanadan gətirmişdilər. Stullar, bir neçə stol, otağımızda hətta buz dolabı – yəni soyuducu da vardı...

Bu kitabın birinci fəslində mən sizə artıq demişəm ki, Litinstitutu o ilki buraxılışı Azərbaycan üçün çoxsaylı ədəbiyyatçı kadrlar hazırlamağı planlı şəkildə nəzərdə tutan xüsusi buraxılış idi. O il Litinstitutu Azərbaycandan düz on nəfər adam bitirmişdi. İki nəfərimiz (Alla Axundova və Ədilə Hüseynova) moskvalıydılar və Moskvada da qalmışdılar. Qalanlardan üç nəfərimizin Bakıda pis-yaxşı yaşayış yeri vardı. Deməli, Partşkolanın yataqxanasındakı (indi mənim xatirimdə idman zalı kimi qalan) o böyük otaq bizim cəmi beş nəfərimiz üçün idi. Və o beş nəfərin biri kimi, öz barəmdə yalnız bunu deyə bilərəm ki, “Vətən” kinoteatrının yanındakı o qəribə insan yuvasından Partşkolaya köçəndə (lap nağıllarda olduğu kimi) mən sanki qaranlıq dünyadan işıqlı dünyaya çıxdım. Və madam ki, bu yazıda mən sizdən hələ ki, heç nəyi gizlətməmişəm, əvvəlki yaşayış yerimin məndən ötrü o cür cəhənnəm olmağının belə bir “intim” məqamını da mən sizə ürək açıqlığı ilə deməliyəm. Ev yiyəsi cavan idi. Ancaq (mənim nəzərimdə) çox kifir idi. Və o vaxt məndə haradansa belə bir dəli ovqat yaranmışdı ki, onun hər gecə könlündən keçənə bircə dəfə yol verəsi olsan, ondan sonra mənim yer üzünün heç bir qızına – qadınına “səni sevirəm” deməyə ixtiyarım qalmayacaq və bununla da mən özümü bu dünyada insanın ən gözəl qismətindən – sevməkdən və sevilməkdən əbədi məhrum edəcəyəm. Və deməli, əvvəl yaşadığım yerdən Partşkoladakı o otağa köçməklə mən təkcə qaranlıqdan işığa çıxmamışdım, həm də natəmizlikdən (daha doğrusu, natəmizlik qorxusundan və təhlükəsindən) təmizliyə çıxmışdım. (Bu cür əxlaqi çirkabı rahatca gəzdirənlərin ruhən sağlam olduğuna mən heç vaxt inanmamışam!..)

Partşkola binasına köçdüyümüz günün sabahı – otaq yoldaşlarım dağılışandan – ara sakitləşəndən sonra mən o otaqda – Moskvada yazmağa başladığım povestimin bir-iki yeni cümləsini, çox çətinliklə olsa da, yaza bildim. Elə əsas məsələ də bu, bir-iki cümləni yazmaq idi. Sonra iş öz normal axarına düşdü və binasını Moskvada qoyduğum həmin o tələsməmək prinsipi ilə mən o yazının gündə bir-iki səhifəsini yenə yazmağa başladım.

Mən o böyük otaqda gündüzlər demək olar ki, həmişə tək olurdum. Axşamlar otaq yoldaşlarım işlərimizin gedişatı barədə mənə də şəhərdən xəbər gətirirdilər. Onların dediyinə görə, bizi daimi işlə təmin etməkdən ötrü Mərkəzi Komitə “Azərnəşr”də yeni bir şöbə - tərcümə şöbəsi açmağı qərara almışdı, yazıçılar üçün tikilən binanı bölməyin də artıq planını cızmağa başlamışdılar. O binadan özlərinə mənzil qoparmaq üçün otaq yoldaşlarım az qala bütün günü Yazıçılar İttifaqının böyür-başından əl çəkmirdilər. Mənimsə əsas qayğım o povesti bacardıqca tez yazıb qurtarmaq idi. Bir də, mən haradasa bir növ arxayın idim ki, o binada mənə də mütləq mənzil verəcəklər. Bu arxayınlığa mənim az-çox əsasım vardı, çünki Yazıçılar İttifaqının rəhbəri Mehdi Hüseyn idi və Mehdi Hüseynin, mənim, bir yazıçı kimi, parlaq gələcəyimə böyük ümidlər bəslədiyini – hələ 61-ci ildə - mənə İsa Hüseynov Moskvada demişdir. (İsa Hüseynovun dediyinə görə, mənim “Gilas ağacı” adlı ilk kitabımı Mehdi Hüseyn oxuyub, çox bəyənmişdi). 62-ci ildə mən – yay tətili vaxtı – Bakıya gələndə Mehdi Hüseynin özü məni axtatdırıb, yanına dəvət eləmişdi. Həmin kitabın barəsində “Ədəbiyyat və incəsənət” qəzetində “Xeyirxah qocalar, səmimi gənclər” adlı iri bir məqalə yazan Əli Vəliyevlə birgə, Mehdi müəllim də mənə olduqca xoş münasibət göstərmişdi, elə öz yanımdaca katibəsi Kübra xanımı yanına çağırıb, Yazıçılar İttifaqına üzv olmaq üçün mənə anket və sair sənədlər verməyi Kübra xanıma təkidlə tapşırmışdı. Doğrudur, hələ o 64-cü ildə də mən hələ Yazıçılar İttifaqının üzvü deyildim. (O anketləri doldurub Kübra xanıma qaytaranda aramızda nəsə bir anlaşılmazlıq olmuşdu: guya anketlərin birini mən haradasa itirmişdim. Tündməcaz Kübra xanımla bunu səbirlə araşdırmağa hövsələm çatmadı. Deyəsən, Kübra xanımı bir balaca acıladım da. Bundan ötrü Mehdi Hüseynin yanına şikayətə getməyi də şəxsiyyətimə sığışdırmadım. Sonra çıxıb Moskvaya getdim və məsələ beləcə də qaldı).

İndi - Moskvadan həmişəlik qayıdıb gələndən sonra – mən hələ Mehdi Hüseynlə görüşməmişdim, ancaq o arada Mehdi müəllim mənə bir xeyirxahlıq da eləmişdi: “Drujba narodov” jurnalında çap olunan ilk yazıma – “Dağlara çən düşəndə” adlı povestimə ön söz yazmışdı. Belə bir adamın Yazıçılar İttifaqının rəhbəri olduğu bir zamanda məxsusi yazıçılar üçün tikilən o boyda binada mənə də birotaqlı yer veriləcəyinə şübhə eləməyə, doğrudan da, heç bir obyektiv əsas yox idi. Bundan əlavə, o povesti sona çatdırıb, bir vaxt kitabımın da üzünü görməkdən ötrü (gop olmasın) mən bir müddət lap damda yatmağa da hazır idim...

Partşkoladakı o böyük otaqda gündüzlər zox nadir hallarda güzə dəyən otaq yoldaşlarım sonra gecələr də bir-bir yoxa çıxmağa başladırlar. Onlardan kimin harda qaldığını mən bilmirdim və bunu bilməyə də hez vaxt cəhd eləmirdim. Və elə lap indicə, bu sözləri yaza-yaza otaq yoldaşlarımdan yalnız bircəsinin – Xeyrullanın o zamankı Buynakski küçəsində, yəqin ki, zoxdan bəri Bakıda yaşayan qoca əmisinin yanında qaldığını yadıma sala bildim. Və bu da indicə yadıma düşdü ki, Partşkolada da Xeyrulla heç olmasa gündə bir dəfə mənə mütləq başş çəkirdi, əmisinin evində bişirilən yeməkdən mənə də həmişə pay gətirirdi. Və nə qədər qəribə olsa da, lap indicə, birdən-birə mənə məlum oldu ki, bu hadisələrdən təxminən iyirmi il sonra yazdığım – “Gilənar zizəyinə dediklərim” adlı povestimdə - universitet yataqxanasının “Qırmızı guşə”si kimi təsvir elədiyim o yer Partşkola binasındakkı həmin otaq imiş və o povestin ən müsbət qəhrəmanı – Əlabbas da, sən demə, (yazıq canım!) özgə heç kəs deyilmiş – varlığındakı böyük insaniyyətin bir qismini sonralar şairliyin güdazına vermiş – mənim köhnə dostum Xeyrulla imiş!..

...Sonra Partşkolanın o boyda binasında cəmi ikicə adam qalmışdı: aşağıda – qapıçı, yuxarıda – mən . “Gilənar çiçəyinə dediklərim”in dörd “igid” qəhrəmanının bir vaxt bu dünyada olmağından yalnız o otaqdakı (boş qalmış) dörd çarpayı xəbər verirdi. Və elə buna görə də, yəqin ki, avqustun axırlarında (dərslər başlanana yaxın) Bakıda həqiqətən yaşayış yeri olmayan yeganə adam kimi, Partşkolanın yataqxanasında, deyəsən, təkcə mənə yer verməyi lazım bildilər. (Mən bu məsələdə ola bilər ki, səhv eləyirəm, ancaq Partşkolanın Nərimanov prospektindəki o zamanki yataqxanasında keçmiş otaq yoldaşlarımdan hər hansı birinə rast gəlməyim hər halda yadımda qalmayıb).

O yataqxanada nə qədər yaşadığımı dəqiq deməyə də indi çətinlik çəkirəm. İndi dəqiq yadımda qalan o yataqxananın təmizliyi, ideal sakitliyi, povestin (öz zənnimə görə) ən yaxşı səhifələrinin yazıldığı saatların daim ürəkdə yaşayan kosmik yüngüllüyü, bir də (mənə gülməyin) Xruşşovun hakimiyyətdən salındığı günü həyasızcasına bayram eləyən Partşkola tələbələrinin gözlərində o gün tamaşasına durduğum müdhiş bir cin – şəyatin rəqsinin hələ də qulağımda səslənən cəhənnəm musiqisidir. Bu hadisədən bir gün sonra, axşamtərəfi mən ilk dəfə o yataqxanaya kefli gəldim. Foyedə (televizor olan yerdə) toplaşıb, Xruşşovun qarasına yenə cani-dildən hürüşən-hırıldaşan bir bölük gələcək partiya və dövlət xadiminin var-yoxunu yaxşıca qatıb-qatışdırıb, o gecəni milis şöbəsində gecələməli oldum. Ancaq, nə qədər qəribə olsa da, bu məsələnin səsi çıxmadı: nə ertəsi gün, suyu süzülə-süzülə milis şöbəsindən yataqxanaya qayıdanda, nə də bir ayrı vaxt mənə bu barədə söz deyən oldu.

Sanki mən o çağacan harda yaşadığımı bilməmişdim. Xruşşov hakimiyyətdən salınandan sonra bildim ki, Ali Partiya məktəbinin yataqxanasında yaşayıram. Burada yaşayanların bəlkə doxsan doqquz faizi, sən demə, sərt qayda-qanun tərəfdarı olan potensial stalinçilər imiş. Belə isə bu adamları Xruşşovun şəninə tərif deməyə indiyəcən nə vadar eləyirmiş? Bir gündə, bir gecədə sifətini, simasını dəyişən bu adamlar, görəsən, hansı haqla özlərini insan sayırdılar? Bu adamlar biri-birinin gözünün içinə necə baxırdı? Bəlkə rəhbərlər dəyişəndə bu adamların gözünün içi də dəyişirdi və yaxud belə adamların, ümumiyyətlə, “gözünün içi” olmurdu?... Bu gün-sabah hərəsi bir rayonun ağası olacaq bu adamlara baxanda həmişə gözümün qabağında Əylis dayanırdı və o Əylisə mənim yaman yazığım gəlirdi. Sifəti-siması olmayan bu adamların mənim Əylisimi də bir vaxt sifətsiz-simasız qoyacağını fikirləşəndə bir dəli, dəhşətli qısqanclıq varlığımı dibindən çuğlayırdı, çünki gündə bir sifət dəyişən bu cür buqələmunların əlində xalqın əsir-yesir olduğunu mən kitablardan oxumamışdım. Millətin bu buqələmunlara əl çalmağa hər gün hazır olan sürüşkən, sürtük təbəqəsinin hələ xalq olmadığını mən, öz şəxsi müşahidələrimin əsasında, öz qəlbimin səsini eşidə-eşidə birdən yox, tədricən duyub dərk eləmişdim. Məndən ötrü xalq millətin çoxluğunu deyil, azlığını təşkil eləyən – dönməz-dəyişməz, sap-sağlam bir qüvvə idi. Və o yataqxanada hər gün üzünə baxdığım adamların bir vaxt haradasa, planlı şəkildə, o azadlığı da o çoxluğun içində - vicdansız və allahsızcasına - əritməklə məşğul olacağını ağlıma gətirəndə yenə mənim, vallah-billah, o milis şöbəsində gecələməyim gəlirdi!..

Mənim o milis şöbəsinə bir də düşməməyimin xeyirxah baiskarı da, elə bilirəm ki, o povesti yazmağın – artıq iliyimə işləmiş – gündəlik qayğısı oldu. Xruşşovun yıxılmağının matəmini – məndən ötrü çox kədərli və çox gözlənilməz olan bu hadisənin bəlkə heç yeddisi də çıxmamış – tez-bazar “xətm” elədim. Bir səhər özümü güc-bəla stolun arxasına yenidən pərzimləyib – o vaxtacan hələ vur-tut üçdən iki hissəsini yaza bildiyim o yazıya bu dəfə necə ürəkdən girişdimsə, heç ikicə həftə də keçməmiş povestin son sözünə bir yekə nöqtə qoydum.

Amma yox, Xruşşovun “matəmini” o vaxt mən, görünür, heç də tələm-tələsik xətm eləməmişdim. Lap bu, son günlərdə o povesti (bəlkə iyirmi ildən sonra) ilk dəfə görüb oxudum və gördüm ki, o povestin hadisədən sonra yazdığım bütün səhifələrində mən o matəmi o milis şöbəsinə düşüb-çıxandan xeyli sonralar da – dərin hüzn ilə - hər gün saxlayırmışam!..

4

Sən demə, yazıların taleyi də, elə insan taleyi kimi, təsadüflərlə dolu bir şey imiş!..

Əsəri biz yazırıq, ancaq – yazılıb qurtarandan sonra elə bil hər əsər, bir növ bizdən də xəbərsiz, sanki özü öz taleyini yaşamağa başlayır. Və bu tale bizdən ötrü bəzən o dərəcədə gözlənilməz olur ki, biz ona kənardan – yadlıq qədərində uzaq məsafədən – və hətta sıxıla-sıxıla, qorxa-qorxa baxmaq məcburiyyətində qalırıq.

"Atalar və atasızlar" (bircə “Ağ dərə”ni çıxmaq şərtilə) mənim həcmcə ən böyük povestimdir. Üstəlik, mən heç bir yazımı bu qədər uzun-uzadı vaxt içində yazmamışam. (1963-ün axırlarından ta – 1964-ün axırlarınacan!). Sonralar heç bir kitabıma (hətta iki cildlik “Seçilmiş əsərlər”imə də) salmadığım, 120 kitab vərəqi həcmində olan povestin görəsən nəyi məni bu dərəcədə qorxutmuşdu ki, ötüb keçən iyirmi ilin izində onu bircə dəfə oxumaq məndən ötrü bu qədər çətin olmuşdu?... Povesti nəhayət ki, oxudum və gördüm ki, bunun (həm obyektiv, həm subyektiv) xeyli səbəbi varmış. Əvvəla, onu deməliyəm ki, bu povest mənim bundan əvvəl və bundan sonra yazdıqlarımın heç birinə oxşamır. Bir vaxt çox dəbdə olan “insan sifətli sosializm” ifadəsini söz yox ki, siz də eşitmisiniz. Və bu ifadəni ədəbiyyata da şamil eləsək (əsla tərif üçün demirəm) mənim “Atalar və atasızlar”ımı Azərbaycanda “insan sifətli sosialist realizminin” (İsa Hüseynovun bir sıra əsərlərini də unutmamaq şərtilə) yeni ruhda və yeni ovqatda yazılmış – heç olmasa üslub cəhətdən - ən maraqlı nümunəsi saymaq olar. Povest şikəstdir, çünki onun irəli sürdüyü ideyanın özü şikəstdir və bu ideya bəs deyincə saxtadır. Bu povestdə, bu tipli ədəbiyyatın bundan qabaq yazılan bir sıra ən “cəsarətli” nümunələrində də olduğu kimi, riyakarlığın sanki distillə edilmiş yeni mayesi – məhlulu var. Bu riyakarlıq sosialist ideologiyasının gözəlliyini mahiyyətcə qəbul etməkdə və onu guya hansı qara qüvvələrdənsə qorumağın vacib olduğunu başlıca məqsəd saymaqdadır. Belə ədəbiyyat, öz dövründə, əvvəl hakim ideologiyanın kəskin qəzəbinə səbəb olur, sonra oxucu kütləsini ötəri ehtizaza gətirir və günlərin bir günü həmişəlik unudulub gedir. (Dudinsevin bir vaxt bütün Sovet ideologiyasını ayağa qaldıran “Ni xlebom yedinım” romanını indi kim oxuyur?). Ancaq mənim o şikəst povestimdə, nə yaxşı ki, ideoloji münəccimliklə yanaşı, heç olmasa hərdənbir göydəki ulduzların təbii işığını da görmək olur. Bir də bu povestdə mən elə bil gələcəkdə həqiqi psixoloji nəsr əsəri yazmaq üçün öz üzərimdə bir qorxunc və əzablı təcrübə aparmışam. Povestin ən yaxşı parçaları indi mənim nəzərimdə ürəyimdən haçansa isti-isti axan qanın çoxdan quruyub–qaxsımış ağlı-qaralı ləkəsinə bənzəyir. Ancaq bu “ləkələrin canında” sanki bir küt ağrı da qalır hələ. Və bəlkə o ağrını bir də oyatmağın qorxusundan mən bu yazıya düz iyirmi il yaxın düşə bilməmişəm!..

Qulaq asın: "Baxmaq üçün insanın gözdən başqa heç nəyi olmasaydı, ötən günləri görmək olardımı? İnsan-bu dünyaya təkcə gözləri ilə baxsaydı, Marsın varlığını bilərdimi? Nəyi görmək hər sağlam gözün işidir, ancaq nə qədər görmək yəqin ki, gözdən asılı deyildir".

Povestdən başqa bir misal: "Allahın küçüyünü də qamçı atda saxlayanda böyüdüb bircə dəfə it hünəri ilə hürə bilmir”. Yaxud: “Atalılarla atasızlar, yaşıd olsalar da, heç vaxt bir yaşda ola bilməzlər”.

Görkəmindən cin hürkən bir keçəl kəndli balasının sevgisi barədə: “Buludlar o qədər ağ, o qədər təmiz idi ki, Cəbinin buludları bağrına basıb öpməyi gəlirdi. Buludları öpmək istədiyini Cəbi şəhərli rus dili müəlliməsini ilk dəfə görəndən sonra hiss eləmişdi... Bir sözsüz mahnı oxudu. Dərələrdən mahnıya söz qoşulub gəldi”.

O vaxtkı yaşıma yaraşmayan qəribə “müdrik” mülahizələr: “Bəzən ağlın minlərcə tərəddüdü ürəyin bircə siqnalına tabe olur”. “Köhnə sayılan hər şey köhnə deyildir və təzənin özündə də hər şey təzə ola bilməz”. “Maşına minmək istəmirdi, ürəyinin izindəki işığın sürətilə getmək istəyirdi”. “Saz kişidir, özgə aləmdir – Bakıda oturub, bütün Azərbaycanda yaşayır”. “Allahı danmağınan özünü hökumətə sevdirirsən. Bir zolaq ərin olsaydı, gündə on dəfə namaz qılardın".

Təsvirlər: “Payız sarala-sarala öldü”. “Qarın üstündə ayın şüası donmuşdu”. “Yollarda – səhərin sərini, havada – günəşin qoxusu... Susəpən maşınlar, çimmiş küçələr, otlar, zizəklər...” “Haradasa bir maşın yatmağa gedirdi – yolların yuxusu səslənirdi”. “Hər işıq söndükcə elə bil böyük binanın üstündən canlı bir axşam qopub düşürdü”.

Bu isə mənim o vaxtkı ovqatımın indi özümə də hədsiz dərəcədə qəribə görünən xalis faciəvi söz mənzərəsi idi: “Sən ki, Günəşə zata bilməyəcəkdin, niyə yüksəldin, zinar? Sən ki, bu leysan yağışlarında hamıdan çox islanacaqdın, niyə bu qədər boy atdın, çinar? Ucaldın, alçaq ağaclardan uzaqlaşdın. Göyə ki, zata bilmədin! Göy hara, sən hara, bədbəxt zinar!...”

Buradakı (zay ədəbiyyatdan gələn) sırtıq romantik pafosu bir tərəfə qoysaq, bu sözlər mənim indiki halıma bəlkə daha çox uyğun olardı. Yəni: az-çox ucalmağımdan, “alçaq ağaclardan” bir qədər yuxarıda durmağımdan, “göylərə yüksəlmək” arzumun qara daşlara dəyib puça çıxmağından şikayət eləməyə bəlkə indi mənim azdan-çoxdan haqqım çatardı. Bəs o vaxt necə?.. O zaman belə bir “vay-şivən) qoparmağa (bir yandan baxanda) əlbəttə, hez bir obyektiv əsas yox idi, yaşamağa yerim vardı. İşə getməyə-getməyə hər ay gedib maaşımı alırdım. Təzə kitabım nəşriyyatın tematik planında idi. İnstitutu hələ təzəcə bitirdiyim halda, bu gün-sabah ev almağa da bolluca şansım vardı. Belə isə bəs bu bədbinlik məndə hardan idi? Bəlkə bu bədbinliyin mənim o vaxtkı ovqatımla hər hansı bir əlaqəsi olduğunu mən indi özümdən uydururam və əslində, elə bu da (zay ədəbiyyatdan gələn) o sırtıq romantik pafosun belə bir əttökən nazi-qəmzəsiymiş?..

Amma yox... Mən heç vaxt peyğəmbərlik iddiasında olmasam da, yazdığım sözün məndən bir az qabağı görməyinin dönə-dönə şahidi olmuşam. Məsələn, belarus qızı ilə əvvəl Qədir (povestimin qəhrəmanı) evlənib, sonra mən də belarus qızı almışam. Neçə-neçə digər yazımda da əvvəl, necə deyərlər, qələmimin ucundan çıxan – sonra, bu və ya digər şəkildə, öz başıma gəlib. İndi (mistik hissiyyata qapılmadan) açıq-aşkar görürəm ki, “Atalar və atasızlar”ın xüsusilə son səhifələrində peyda olan bədbinlik və çıxılmazlıq ovqatının bu povestin sonralar başıma gətirəcəyi müsibətləri ürəyin əvvəlcədən duymağı ilə - az, ya çox – hər halda, mütləq əlaqəsi varmış. Və elə o müsibətləri yada salmaqdan ağlasığmaz dərəcədə qorxduğuma görə, yəqin ki, mən düz iyirmi il o povesti hətta əlimə götürməkdən də ehtiyat eləmişəm.

...Povesti haradasa makinada yazdırıb, nəşriyyata təhvil verdim. O zaman “Azərnəşr”də Bədii Ədəbiyyat redaksiyasının müdiri Məmməd İbrahimov (indiki Məmməd Araz) idi. Povestin redaktorluğunu Məmməd həmişə çox alicənab bir insan kimi xatırladığım – Əminə xanım adlı bir qadına tapşırdı. Povestdən canım qurtardı və yalnız bundan sonra, deyəsən, Yazıçılar İttifaqındakı ev bölgüsü məndən ötrü də ciddi əhəmiyyət kəsb elədi.

Səhv etmirəmsə, ilin axırlarına yaxın evin bölüşdürülməsini artıq həll eləyib qurtarmışdılar. O vaxtlar Vilayət çox əsəbi gəzirdi. Vilayətin dediyinə görə, onun Moskvada min bir müsibətlə proyektə saldırdığı o tək otaqlı mənzillərin heç birini bizə verməyəcəkdilər: o mənzillərə indi başqa müştərilər tapılmışdı. Bu məsələdən ötrü Mehdi Hüseynin yanına getməyi elə bil, yerli ləhcəmizlə, desəm, şənimə sığışdırmadım. Ya da, kim bilir bəlkə o zaman çox obyektiv və ədalətli bir adam kimi tanınan Mehdi Hüseynin həyatda (Allah göstərməsin!) o adam olmadığını görmək ehtimalının birdən-birə doğru çıxa biləcəyindən hədsiz ehtiyat elədiyimə görə, Mehdi Hüseynlə görüşməyi (ürəyin gizli istəyi ilə) qəsdən təxirə salırdım. Lap yaxın vaxtlarda mənim də evim olacağını mən hələlik bircə dəfə İsa Hüseynovdan eşitmişdim: “Qorxma, sənin evin olacaq”. Bu sözləri deyəndə İsa Hüseynovun necə bir nadir və “bahalı” təbəssümlə üzümə baxdığını da nəzərə alsaq, mənim ev sarıdan narahatlıq keçirməyimə, doğrudan da, heç bir əsas qalmırdı.

Bu məsələ ilə cəmi bircə dəfə özüm də maraqlanmağı qərara aldım. O zaman Yazıçılar İttifaqında ikinci adam sayılan İmran Qasımovu bir gün idarənin qabağında yaxalayıb, ondan öz ev məsələmin nə yerdə olduğunu soruşdum.

Dahilər də ev istəyir? – İmran Qasımovun gözlərindəki (İsa Hüseynovun gözlərində gördüyüm o “bahalı” təbəssümdən məhz ucuzluğu ilə açıq-aşkar seçilən) sintetik təbəssümdən, nədənsə, heç xoşum gəlmədi.

Nə olar, dahiliyimi bir aylığa prokata verirəm, - dedim. – Evin orderini alanacan.

Yazıçılar İttifaqının qapısı qabağında məndən savayı bir xeyli – ürəyi ev almaq eşqi ilə döyünən – gənc vətən şairi və yazıçısı da vardı. İmran müəllim üzünü onlara tutdu:

- Dahiliyini bunların hansına prokata verəcəksən?

- Bunlara yox. Mən dahiliyimi şəxsən Sizə prokata verəcəyəm!

Elə bilirdim ki, mənim bu sözlərim İmran Qasımovun, ən azı, xoşuna gələcək. Ancaq çox təəssüf ki, belə olmadı. Dediyimi eşidər-eşitməz, İmran müəllim qapıda duranlarla tələm-tələsik xudahafizləşib, bizdən sürətlə uzaqlaşdı. Və məni hər şeydən çox ağrıdan bu oldu ki, İmran Qasımovun o qapının yanından uzaqlaşmağı ilə orada durmuş xeyli gənc vətən şairi və yazıçısının gözündəki gur işığın birdən-birə tamamilə yoxa çıxması düz eyni bir məqama təsadüf elədi.

O mənzillərin bizə haçan verilməsi dəqiq yadımda qalmayıb. (Ya 64-cü ilin axırları, ya da 65-ci ilin əvvəlləriydi). Bəri başdan deyim ki, yazıçılar üçün tikilmiş təzə binada o il Litinstitutu bitirənlərin hez birinə mənzil vermədilər. Ümumiyyətlə, bizim ədəbi nəsli təmsil eləyənlərdən (səhv etmirəmsə, cəmi dörd adamın baxtına o binadan mənzil düşdü: Elçinin, Anarın, Yusif Səmədoğlunun, bir də elə o vaxtda dörd-beş baş külfət sahibi olan Fikrət Sadığın. (Fikrətinki birotaqlı mənzil idi). Mənə də, o təzə binaya küsən bir şairin şərikli bir evdəki birotaqlı mənzilini verdilər. Və yeri gəlmişkən, deməliyəm ki, mənim yazıçı ömrümün ən xoş və ən məhsuldar dövrü o birotaqlı mənzildə keçib.

Beləliklə də, yazıçılar üçün tikilən o binanın bölüşdürülməsi Vilayət Rüstəmzadənin ictimai fəallığının ilk böyük məğlubiyyəti və Mehdi Hüseyn “prinsipiallığının” yeni parlaq təntənəsi ilə beləcə sona etdi.

İndi baxaq görək atalılar və atasızların, bağışlayın, "Atalar və atasızlar"ın "Azərnəşr"dəki vəziyyəti nə yerdə idi.

Nəşriyyata – kitabı təhvil verəndən sonrakı – ilk gəlişimdə Məmməd dedi ki, Əminə xanım məzuniyyətə çıxası oldu, kitabını Əzizə xanım redaktə eləyəcək. Və mən buna heç bir əhəmiyyət vermədim, çünki Əzizə xanım nəşriyyatın təcrübəli redaktorlarından idi və - o məndən, mən də heç nədən şübhələnmədim.

Üçüncü redaktorum – Zəkiyyə xanım Qiyasbəyli povesti tez bir vaxtda oxuyub, Məmmədin yanındaca mənə dedi ki, kitabımın redaktoru olmağa razılıq verir, ancaq bu şərtlə ki, adlı-sanlı adamlardan biri gərək povestə rəy yazsın. Bu yerdə, mən Məmmədin üzünə baxdım. Məmməd Zəkiyyə xanımın üzünə baxdı və bu iki adamın belə sirli-sirli baxışmasından mən, nəhayət, anladım ki, yazımın başında nəsə var. Əminə xanımın “məzuniyyətindən” və Əzizə xanımın “bülletenindən” də elə bu yerdəcə qəfilcədən şübhələnib, Məmmədin üzünə bir də baxdım.

Və gördüm ki, yox, balam, keçəl suya (Məmməd riskə) gedən deyil. Bildim ki, bu, “rəy” məsələsi Məmmədin özü ilə əvvəlcədən razılaşdırılıb. Buna görə, ürəyimdə Məmmədə o qədər qəzəbim tutdu ki, onunla neçə illik dostluğu, qardaşlığı da sanki əlbəəl yaddan çıxarıb, əvvəllər Məmmədin bir-iki il Qlavlitdə işləməyini onun bütün həyatının az qala bir nömrəli faktı kimi öz nəzərimdə şişirdib, yekəcə bir problemə çevirdim. Hər halda, haçansa Qlavlitdə işləyib-işləməyəcəyindən asılı olmayaraq, bu konkret məsələdə Məmmədin ümumi qayda-qanuna zidd getməyəcəyi sanki onun gözlərinin izində də - hamımızın rahat oxuya bildiyimiz kiril əlifbasında (iri hərflərlə) aydınca yazılmışdı. Əlac bir “adlı-sanlı” adam tapıb, povestə rəy yazdırmağa qalırdı.

Rəsul Rza yazsa necə olar? – Mən soruşdum. Özü də bəlkə heç, bir saniyə də ölçüb-biçmədən soruşdum, çünki köhnə (“adlı-sanlı”) nəslin izində “yeni ədəbiyyatı” anlayan və müdafiə eləyən yeganə şəxs olaraq, o zaman hər yerdə və hamı yalnız Rəsul Rzanı tanıyırdı.

Lap yaxşı olar! – Məmməd dedi.

Ozen daje xaraşo! - Bunu da, nədənsə, rus dilində, Zəkiyyə xanım bəyan elədi.

Mən yazımı Rəsul müəllimlə, söz yox ki, Anarın əli ilə çatdırmalıydım. Povesti, əvvəlcə, Anar özü (bir gecədə) oxudu. “Mən bəyənirəm”, - dedi, ayrı bir söz demədi. (Anarın ən zəif əsərin haqqında da kəskin bir söz dediyini indiyəcən eşidən olubmu?).

Bir-iki gündən sonra Anar dedi ki, Rəsul əsərini oxuyub, səninlə söhbət eləmək istəyir. Anarla birlikdə Rəsul müəllimin görüşünə getdik. Mən o vaxtacan Rəsul müəllimgildə ya olmamışdım, ya da orada olsam da, Rəsul müəllimin iş otağını heç vaxt görməmişdim. O otaq – mənim təsəvvürümdə - uzunsov, darısqal, pəncərəsi gündoğana yox, günbatana baxan axar-baxarsız bir yer kimi qalıb.

"Atalar və atasızlar" barədə Rəsul müəllimin dediklərindən indi yadımda qalan isə bircə bu cümlədir: “Hadisələr kino lenti kimi oxucunun gözləri önündən gəlib keçir”. Bu da ona görə yadımda qalıb ki, savadlı adamlar arasında o zaman bu sözləri çox tez-tez işlədirdilər və mənim o zamankı anlayışıma görə, təfəkkürün bu cür şablonlaşmış formasında kim danışsa da, gərək Rəsul müəllim danışmayaydı.

Rəsul müəllim, görünür, doğrudan da, çox məşğul idi. Öz iş otağında bizi çox saxlamadı. Birdən cəld hərəkətlə ayağa durub:

- Bir sözlə, mən əsəri bəyənirəm, çapını da lazım bilirəm, - dedi. – Bu sözləri mənim adımdan Məmmədə və Zəkiyyə xanıma da deyə bilərsən. Lazım olsa, zəng eləyib direktora da fikrimi çatdırram. Ancaq kitaba rəy yazmağa bu saat vaxtım yoxdu. Əlimdə təcili iş var.

...Sonra biz Anarla, üzüyuxarı, “Azərnəşr”ə tərəf gedirdik. Mən özümü, elə fiziki cəhətdən də, yaxşı hiss eləmirdim: bədənimin bütün əzalarında küt bir ağrı vardı – yəqin ki, bərk qızdırma içindəydim.

Yolun bir yerində Anara dediyim bu adi sözləri də, nədənsə, indiyənəcən yadımda saxlamışam:

Bədənim yaman ağrıyır. Elə bil naxoş kimiyəm.

Anar qayğılı-qayğılı gülümsədi:

Yəqin naxoşsan da, - dedi. "Naxoş kimi" nə deməkdi?

Və yəqin ki, öz yoldaşlıq borcunu axıracan yerinə yetirməyi qəti qərara almış Anar mənimlə bir yerdə o gün “Azərnəşr”ə getdi. Rəsul Rzanın əsəri bəyəndiyini Məmmədə və Zəkiyyə xanıma öz dili ilə deyib, üstəlik, ayrılanda, məlul-məlul mənə baxıb, bir növ günahkarcasına gülümsədi də.

Anar gedəndən sonra “Azərnəşr”in Bədii Ədəbiyyat redaksiyasında o gün yenə öz adam biri-birinin üzünə baxdı. Və o baxışlar sözsüz-gapsız, səssiz-səmirsiz bircə bunu dedi ki, Rəsul Rzanın şifahi rəyi mənim kitabımın taleyində hələ heç nəyi həll etməyib. Hələ gecə qurtarmayıb. Hələ səhər açılmayıb.

- Bəlkə Məmməd Cəfər müəllimə deyək? – Zəkiyyə xanım oturduğu yerdən olduqca ümidsiz bir səslə dilləndi.

Məmməd yerindən dikəlib, idman eləyirmiş kimi, gərnəşib, boynunu-belini silkələdi.

- Hə, rəsmi məktub yazaq, göndərək rəyə. Elə ən yaxşısı Məmməd Cəfər müəllimdi.

Bu yerdə Zəkiyyə xanım hətta bir azca sevinən kimi oldu:

- Mən özüm aparıb verrəm. Bilirəm, tez yazacaq. Məmməd Cəfər müəllim rəyi heç vaxt gecikdirmir.

Və doğrudan da, bundan bəlkə hez bir həftə də keçməmiş, bir gün “Azərnəşr”dən çıxanda Məmməd Cəfər müəllimlə üz-üzə gəldim.

- Yaxşı rastıma çıxdın, - dedi. – Kitabına yazdığım rəyi gətirmişəm. Ala, özün aparıb verərsən.

Və Məmməd Cəfər müəllim elə o qapıdaca rəyi mənə verib, başqa heç bir söz demədən, dönüb getdi.

Məmməd Cəfər müəllimin rəyi on iki səhifə idi. Makinada yazdırmamışdı. Yəqin ki, əvvəl qaralamasını yazıb, sonra yazdığının üzünü səliqə ilə köçürmüşdü.

Hələ redaksiyaya aparmazdan qabaq, mən özümü xəlvət bir yerə verib, qorxudan ürəyim əsə-əsə o rəyi oxudum. Yazdığının tam 7-8 səhifəsində Məmməd Cəfər müəllim yalnız povestdəki obrazları bir-bir səciyyələndirirdi, onların müsbət və mənfi keyfiyyətlərindən bol-bol bəhs eləyirdi. Bundan sonra düz üç səhifədə povestə kəskin sosioloji ittiham oxunurdu və burada deyilənlərin başlıca mənası bu idi ki, Sovet hökumətinin mövcud olduğu ərazinin heç bir yerində mənim povestimdəki kənd kimi geridə qalmış bir kəndin olmağı heç bir vəch ilə mümkün deyil: “Povestdə müəllifin təsvir etdiyi kənd özünün yalnız geriliyi ilə səciyyəvidir”. – Mehdi Hüseyn mənim bundan qabaqkı povestimə yazdığı (bu fəsildə artıq bir dəfə söhbət saldığım) o ön sözdə belə bir sığorta-cümlə də vardı. Məmməd Cəfər müəllim də eynilə bu fikri bir azca başqa formada – daha kəskin, daha tutumlu cümlələrlə öz rəyində yazmışdı. Və Məmməd Cəfər müəllimin qələmindən çıxan bu zəhmli sözləri oxuyandan sonra hər hansı bir nəşriyyat redaktorunun mənim kitabıma yiyə duracağını fikirləşmək böyük sadəlövhlük olardı.

O dəhşətli öz səhifədən sonra Məmməd Cəfər müəllim siyasəti buraxıb, yenə bədii təhlilə keçirdi: povestdəki dil xüsusiyyətlərindən, buradakı təbiət təsvirlərinin uğurlu nümunələrindən, ümumiyyətlə, bu yazıda onu ən çox razı salan bir sıra faktorlardan səmimiyyət və ürək genişliyi ilə söhbət açırdı.

Rəyi ikinci dəfə (bu dəfə nisbətən az həyəcanla) nəzərdən keçirib, bir də baxıb gördüm ki, o üç səhifənin əvvəldə də, axırda da mətnin o biri səhifələri ilə heç bir birləşən yeri yoxdur: nə bir söz bu səhifədən o səhifəyə keçirdi, nə bir cümlədəki fikir (o ğz səhifədən o tərəfdə, ya bu tərəfdə) yarımçıq qalırdı. Onda bu qərara gəldim ki, istəsəm, bu üç səhifəni Məmmədə və Zəkiyyə xanıma mən heç göstərməyə də bilərəm. Sadəcə, səhifələrin nömrələrinə, bir-iki yerdə ehtiyatla əl gəzdirmək lazım idi. Belə də elədim. Rəyi (o öz səhifəsiz) redaksiyaya verdim və kitab mətbəəyə göndərildi.

65-ci ilin, gərək ki, fevral, ya mart ayında “Azərnəşr”də bizim Tərcümə Redaksiyamızı da nəhayət ki, açdılar. Korolenkonun hekayələrinin tərcüməsi ilə mən orada öz yeni işimə başladım. Və o hekayələrin tərcüməsinə başım necə qarışdısa, bir müddət öz kitabım tamam yadımdan çıxdı.

Bir səhər – elə təzəcə işə gəlmişdim ki, Zəkiyyə xanım bizim otağa girdi.

- Bir yuxarı qalx, Həsən Mehdiyevi gör, - dedi. (Qlavlit “Azərnəşr” olan binanın dördüncü mərtəbəsində yerləşirdi və Həsən Mehdiyev orada şöbə müdiri idi).

Mən yuxarı qalxanda Həsən Mehdiyev otağının ortasında öz-özünə fikirli-fikirli var-gəl eləyirdi. Məni görəndə, elə bil ki, əməlli-başlı sevindi.

- Bu əsəri yaman yazmısan! – dedi. – Əla əsərdi! Səni sidqi-ürəkdən təbrik eləyirəm!

Ürəyim yerinə gəldi. (Bayaq Zəkiyyə xanım “yuxarı qalx” deyəndə, üzə vurmasam da, bərk qorxmuşdum).

Həsən Mehdiyev keçib stolunun arxasında əyləşdi. Mətbəədə son mərhələni keçəndən sonra, indi bircə cildlənməyi qalan “Atalar və atasızlar”ın bir-iki səhifəsini elə-belə - bir növ, məzələnmək xatirinə vərəqlədi. Və birdən Həsən Mehdiyevin üzü döndü, nə döndü:

- Ə, belə şeyi çap eləmək olar? – Həmyerlim Həsən Mehdiyev bizim Cənub ləhcəsində, hər sözü, kündə kimi, əvvəlcə yumrulayıb, sonra sanki yaya-yaya dedi. – Əvvəldən-axıracan Sovet hökumətini yıxıb-sürümüsən. Bu necə kətdi ki, bunun bir dənə əmək qabaqcılı yoxdu. Nə gündədi bu kəndin camaatı? Xalis səfalət içindədi! Əsərin axırlarında məsələni bir az ayrı cür qoysaydın, yenə bir yol tapıb, birtəhər vəziyyətdən çıxmaq olardı. Axırın lap pis qutarmısan. İşıqlı qüvvələr məğlub olur, qara qüvvələr yenə hər şeyi öz əlinə alır. Açıq bilinir ki, söhbət Xruşşovun devrilməyindən gedir.

Həsən Mehdiyev başını aşağı salıb, küsülü uşaq kimi, bir müddət dinməz-söyləməz oturdu. Mənsə, əlbəttə, çoxdan ölmüşdüm – ölümü yerdən götürən lazım idi. Və bu yerdə mənə birdən-birə gün kimi aydın oldu ki, “ölünü” yalnız mən özüm yerdən götürə bilərəm.

- Nə olar, əsərin axırına epiloq kimi bir şey yazaram, -dedim. - Yazaram ki, əvvəl her şey pis idi, indi hər şey dəyişib...

Bu dəfə Həsən Mehdiyev, mənə həqiqətən ürəyi yanan bir adam kimi, ciddi bir qayğı ilə üzümə baxdı:

- Yaza bilərsən?

Niyə yazmıram!

Di get yaz, görək nə yazırsan.

Getdim və povestə təxminən iki kitab səhifəsi həcmində “Epiloq əvəzi” yazdım. “İliç lampalarından” tutmuş, “asfalt döşəli yollaracan”, yer üzündə nə qədər gözəl şey vardısa, hamısnı yığıb, topalayıb “böyük məharətlə” o ikicə səhifəyə yerləşdirdim. Yazdığımı elə öz redaksiyamızdaca makinada çap elətdirib, o gün, axşamtərəfi, Həsən Mehdiyevin kabinetində ikinci dəfə zühur elədim. O “İliç lampalarından” Həsən müəllim çox razı qaldı. Və Qlavlitin “müqəddəs” möhür və ştamplarını elə o gün, öz yanımızdaca kitabın səhifələrinə vurdular.

...Sonra isə: ömrün bir əzablı günü də axır ki, canını cənabi-Cəbrayıla bağışlamışdı. Axşam düşmüşdü. Bakının bütün güllərində İliç lampaları yanırdı...

Mən o küçələrin biri ilə yavaş-yavaş keçirdim. Rahat idim. Hələ bəlkə adicə rahat olmaqdan bir azca da artıq dərəcədə rahat idim. Bircə, ürəkdə sevinc yox idi!..

Mən gedirdim. Və elə bil mənim öz varlığımınca məndən bir azca kənarda və məndən xəbərsiz yaşayan hansı yerindənsə - olduqca yaxın və olduqca uzaq bir “məkandan” qulağıma yorğun, sızıltılı bir səs gəlirdi. Və o səs deyirdi ki, qəhr olsun belə yazıçılığı! Belə yaşamağı Allah kəssin!.. Axı insan – hələ yaşaya-yaşaya – niyə hər gün öz ölüsünü yerdən götürməlidir!..

# 5200 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #