Orxan Fikrətoğlunun yeni hekayəsi: “Külək adam”

Orxan Fikrətoğlunun yeni hekayəsi: “Külək adam”
14 yanvar 2014
# 13:21

Kulis.Az Orxan Fikrətoğlunun yeni hekayəsini təqdim edir.

Külək adam

Suda qalmaqdan çürüyüb, kəndir rənginə çalan çirkli saçlarının kəpəyi hərbi gödəkcəsinin yaxalığına tökülən bu adamı şəhərdə tez-tez görürəm. Uşaqlar onun İsti gözlərindən siqaret alışdırır. Baxışı da yerişi qədər tələskəndir. Harda yaşadığını, nə işlə məşğul olduğunu heç kəs bilmir. Bəziləri onu küçədə yaşayan sərsəri, bəziləri ağıldankəm sayır. Onun yemək yediyini, kimdənsə çörək pulu istədiyini də görməmişəm. Heç vaxt bir yerdə oturub dincəlmir də. Geyimi köhnə olsa da ütülü və həmişə bir az nəm olur. Başının üstündə halə var. Kölgəsi də işıqlıdır, qara deyil. Bir dəfə onu Göy qurşağının üstündə oturan zaman da görən olub.

Bəziləri deyir ki, bu qəribə adamın evi yoxdur, o hər səhər külək kimi birdən-birə, dənizdə yaranır. O, bu dünyanın adamı deyil. Hardan gəldiyini isə görən olmayıb. Baxışı da fərqlidir, Yerişi də. Görürsən birdən-birə getdiyi yerdə durdu, bir boş, baxılmaz yerə və ya heç kəsin görmədiyi bir adama diqqətlə baxmağa başladı. Qəribəsi budur ki, Həmin O mənasız yer, o adi adam bu baxışdan sonra birdən-birə tamam başqa ağırlıqda görünməyə başlayır. İnsan o baxılana tamam başqa gözlə, elə bil təzədən baxır. O, baxışıyla olmayanı oldurur. Mənası olmayanı mənalandırır. Sonra yenə heç nə olmayıbmış kimi, tələsə- tələsə çıxıb harasa gedir. Əslində heç yerə getməyən bu adam, gecələr gün işığının arxasınca birdən birə şəhərdən yoxa çıxır. Onun hara getdiyini bircə gün izləmiş bir cavanı sonralar dostları özünə qaytara bilməyiblər. O cavan and içərək deyirmiş ki, bu adam küləkdir. Arxasınca qaçsan belə, çatmaq mümkün deyil. Ayağı yerə dəysə də, gözə görünsə də, əslində, o, küləkdir, adam filan deyil. O, adamdan bir qarşı yuxarı baxır. Onun bu yuxarı baxılan baxışına tən gəlməkdən ötrü adamlar, özlərindən asılı olmayaraq bir qarış yuxarı qalxırlar. İndi də onun baxdığı adamlar, baxmadığı adamlardan bir qarış yuxarıdadır. O, kimə baxıbsa, baxdığını bir qarış ucaldıb. Onu hər görəndə dindirmək istəsəm də, alınmır. Hər dəfə baxışımı əzib keçir. Elə gün olur, beş-altı dəfə görünür. Elə də olur ki, iki-üç gün gözümə dəymir. O, yuxu kimidir. Haçan gəlib, haçan gedəcəyini ancaq özü bilir. Hər səhər yolunun üstündə köndələn dayanıram ki, məni görsün. Hər dəfə də görməyib keçir. Gözü üzündə olsa da, baxışı içindədir. O, baxdığına içindəki gözüylə baxır, üzündəki gözü baxmaq üçün deyil. Kimə baxacağını ona elə bil tapşırıblar. Hərdən düşünürəm ki, bəlkə gözünə görünməkdən ötəri nəsə eləməliyəm?. Ya çox pis olmalıyam ki, məni baxışıyla yaxşı etmək istəsin. Ya əksinə çox yaxşı olmalıyam ki, nəyləsə müjdələsin. Həyatında heç vaxt üsyan edə bilməmiş, xətkeşlə çəkilmiş düz xətt boyu adi ömür yaşayan bir adamı o necə görə bilər axı ? Bəlkə adiyəm deyə, heç görünmürəm. Olanlara uyğunlaşıb, təklifsiz, iradəsiz yaşayanlardanam. Həyata öyrəşənlərdənəm. Onu dəyişənlərdən deyiləm.

Dünən dostumla dalaşmışdım. Mənə xəyanət etməsi, əməlli-başlı iradəmi sarsıtmışdı. Bundan sonra kimə inanacağımı bilmirdim. Tək başına dəniz kənarında dolaşırdım. Yorulanda üzü dənizə dayanıb, dalğalara baxdım. Dalğalar ləpədöyənə çıxan kimi sakitləşirdilər. Elə bil, hirsləri soyuyurdu. Dalğalara, hirs verən dəniz imiş. Onlar gücü dənizdən alıb cəsarətlə sahilə cumurdular. Və anlayanda ki, artıq onlara güc verən dənizdə deyillər, yenə qorxa-qorxa geriyə qayıdırdılar. Mən o gecə bildim ki, istənilən dalğa cəmi bir dəfə sahilə çıxmağa özündə güc tapır. Sonra məğlub olduğunu anlayıb, peşman halda geriyə öyrəşdiyi sulara doğru qayıdır. Suyun dalğa olması üçün bilirsizmi nə qədər güc lazımdır? Həmin güc hər bir su damlasına cəmi bircə dəfə verilir. İkinci dəfə suyun dalğa olmağa daha gücü çatmır. Qəfil kürəyimdə kiminsə isti baxışlarını hiss etdim. Arxaya çevrildim. O idi. Dayanıb mənə baxsa da, yenə harasa tələsirdi. Biz bir sakitlikdə idik. Mən yerimdəcə donmuşdum. O isə yenə harasa tələsə-tələsə gedirdi. Həm də, necəsə hər ikimiz dayanıb söhbət edirdik. Bu səfər onun qaynar gözlərini də daha aydın görə bildim. Göründüyündən çox gənc imiş. Yəqin, sürəti başqa olduğundan, gözümə yaşlı görünürmüş. Mənimlə də məndən bir qarış yuxarı baxaraq danışırdı.

– Dostuna məna verdiyin üçün belə əziyyət çəkirsən. Sənin üçün mənalı olan, mənim sürətimdə mənasını itirir. Sənin üçün dost tanıdığın və dəyişməz olmalı olan üz idi. O, bəlli bir ovqatda yaşayaraq sənə gözlədiklərini verməliydi. Onun dost adlı əhvalını, bu süst əhvalın ədalətini, sən uydurmuşdun. O, sənə görmək istədiklərinlə lazım olduğundan, ondan itaət tələb edirdin. Dostun isə bunu bilmirdi. Çünki sizin sürətdə məna ola bilməz. Səni ayıldım deyə, onu mən düşündüm. Sənin üçün o, doğru, mənim üçünsə yalandır. Sən ona bağlanmalı, inanmalı deyildin. Durğun sürətindən, yalan dəyərlərindən ibrət almaqdan ötrü, sən məni görməliydin və mən sənə bu deyəcəklərimi ancaq sən dostunu itirən gecə deməliydim. Bilirsənmi necə yaşamalısan? Sürətlə gedən maşının arxa oturacağında oturub, aşıq şüşədən yol kənarında ani olaraq görünüb itən adamlara, ağaclara baxan kimi. Onların arasında nə dost ola bilər, nə düşmən. Onların içində məna axtarmağa vaxt da yoxdur. Onlar ani görüntülərdir. Onlardan küsməyə, nəsə ummağa sənə zaman verilmir. Hətda sənə doğmaların kimi tanıdılan Anan da, Atan da, əslində, o arxa oturacaqdan baxıldıqda bir anlıq görünüb itən görüntülərdir. Onlar da, səninlə həmişə qalacaq mənalar deyil. Açıq şüşədən görünən o adamların pisi və ya yaxşısı olmur. Onların üzü görünmür, ancaq olduqları bilinir. Onlar sənə əziz deyil deyə, yada da çevrilmir. Sürətini artır. Yavaşsan deyə, belə narazısan, hirslisən.

Onun son sözləri məni silkələdi. Ondan hara gedəcəyimi soruşmaq istədiyim an isə yenə bir qarış aşağı endim...

Və o yenə əvvəlki sürətiylə bircə anın içində gözümdən itdi...

Səhər işə getmədim. Bütün günü şəhəri dolaşdım ki, bəlkə yenə o, külək adamı görəm. Gözümə dəymədi. İki gün sonra eşitdim ki, onu güllə ilə vurub öldürüblər. Yas məclisi də doğulduğu kənddədir.

Səhər Kəndə, onun yas məclisinə getdim. Sən demə, o külək filan deyilmiş adi sürücüymüş. Kəndin lap girəcəyində bir kasıb koması da varmış. İki körpə uşağı bu komada üç il qabaq soyuqdan donub ölübmüş. İşsiz olduğundan hər səhər şəhərə özünə iş axtarmağa gəlirmiş. Arvadını da çox sevirmiş. Heç vaxt göy qurşağının üstünə də çıxmayıbmış. Adi, kasıb bir kişiymiş. Mağar yığılana qədər yasda oturdum. Molla ilə birlikdə məclisin lap axırında ayağa qalxıb, onun yaxınlarına baş sağlığı verdim. Və o gecə, kənddən şəhərə qədər ayaqla gəldim.

O gündən sonra mən də maşınların arxa oturacağında oturub şüşədən şəhərə baxan külək adam kimi yaşayıram. Sürətim artıb. Gördüyüm adamların artıq mənim üçün nə adları var, nə üzləri, nə doğmalıqları, nə də yadlıqları. Onların taleləri, əvvəlləri axırları da mənim üçün daha maraqlı deyil. Belə yaşamaq asan imiş. Daha heç kəsdən küsmürəm, heç kimi sevmirəm, və heç vaxt incimirəm. Onların hara getdiklərini bilmədiyim kimi, onlar da mənim hardan gəldiyimi bilmir. Beləcə biri birimizi görən kimi unuduruq.

Və beləcə illər keçir.

Məsələ onda deyil ki, sürətlə gedən maşının arxa oturacağından şəhərə baxan adam kimi mən bu adamların hara və niyə getdiklərini bilmirəm. Məsələ ondadır ki, özüm də, bu adamlarla birgə harasa gedirəm. Dayanmamışam. Yəni yaşamaq dediyin dayanmayıb, heç nə hiss etmədən harasa getmək imiş? Bu yaşamaq deyil axı, mən yaşayıram. Yaşamaq inciməkdir onda? Ya Yaşamaq ağrıdır? Bəlkə yaşamaq dostdan küsməkdir? Ya Yaşamaq yaşamağı düşünməməkdir? Bu suallarımın cavabını bilmirəm. Onu görürəm ki, sürətlə harasa gedirəm. Hara getdiyimi, niyə getdiyimi isə bilmirəm. Hərdən düşünürəm ki, bəlkə yenə özümü aldadıb hamı kimi yaşayım getsin... Amma bacarmıram. Çünki artıq mən külək adamam. Hardan gəlib hara getdiyimi heç özüm də bilmirəm.

# 2730 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #