Arvadının göbəyinə imza atan yazıçıya ərin cavabı

Arvadının göbəyinə imza atan yazıçıya ərin cavabı
26 dekabr 2013
# 14:28

Kulis.Az Azad Yaşarın tərcüməsində Trumen Kapotenin (ABŞ) “Tennessini xatırlayarkən” hekayəsini təqdim edir.

(1983, “Portretlər” silsiləsindən)

Tennessi Uilyams 71 yaşında vəfat elədi. “Nyu-York Tayms” qəzeti ilk səhifəsində verdiyi başlıqla bu xəbəri oxucularına car çəkmişdi. Deyilənlərə görə, o, plastik qabın qapağından dərman içəndə (adamın buna heç inanmağı gəlmir!) qapaq onun qırtlağına gedib və o, boğulub. Bu hadisə şəhərin İst səmtindəki 50-ci küçədə yerləşən kiçik və aztanınan “Elysee” otelində baş veribmiş. Halbuki Tennessinin mənzili Nyu-Yorkun özündə yerləşirdi.

Hər dəfə şəhərə baş çəkəndə o, mütləq bu “Elysee” otelində qalırdı. Uestdəki 42-ci küçədə yerləşən və kiçik otaqlara sahib bu apartamentlər nadir mebellərlə, həm də necə gəldi döşəndiyi üçün orada istənilən səviyyədəki qonaqları ağırlamaq ona daha əlverişli görünürdü.

Ölümün poetik yaşantı olduğuna inanan insandan ötrü bu - son dərəcə qəribə bir sonluq idi. Çünki hələ gənclik illərindən özünü inandırmışdı ki, sabahkı gün onun ömründə sonuncu ola bilər.

Vaxtilə aramızda yaşanan ciddi bir mübahisə sonucu sərgilədiyi ipoxondrik (sağlamlığına hədsiz dərəcədə düşkün – A.Y.) həssaslıq onu bu həyat həqiqətinə daha da yaxınlaşdırmışdı.

Həmin vaxt biz “Yay və tüstü” pyesinin məşqlərini aparırdıq. Bir süfrədə nahar edərkən, sırf əyləndirmək (buna hər hansı şübhə bəsləmirdim) məqsədiylə mən öz texaslı qadın rejissorum barədə aktyorların birindən eşitdiyim əhvalatı Tennessiyə danışdım. Sən demə, bu xanım az qala hər məşqdən öncə bütün truppanı toplayıb onlara bu tamaşada canla-başla iştirak etməyi tapşırır və deyirmiş ki, bu səhnə əsəri - Tennessi dühasının bizlərə bəxş elədiyi çiçəkdir, indi onu yazan adam artıq ölüm ayağındadır, həm də guya bu faktın doğruluğunu Tennessi şəxsən özü də bu sözlərlə təsdiqləyibmiş: “Hə, mən ölüm ayağındayam və ölməyimə sayılı aylar qalıb”. Guya o, tezliklə öləcəyini orda-burda durmadan təkrarlayırmış. Qadını qorxudan da o imiş ki, birdən növbəti şayiə təsadüfən doğru çıxar. Bu şayiəyə hətta yazarın ədəbi agenti də inanırmış”.

Məndən yaşlı olan qələm dostum deyib-gülməyi sən deyən sevməzdi və o vaxt danışdığım məzəli əhvalat onu tamamilə özündən çıxartdı. Əvvəlcə o, süfrədəki fincan və nimçələri süpürləyib, yerə tökdü, sonra durub, arxasını mənə dönərək, bütün restoranın içiylə keçməklə, şəstlə çıxışa doğru üz tutdu və bu hərəkətiylə məni hədsiz dərəcədə heyrətləndirdi. Üstəlik, mən bütün bu qırılan qab-qacağın pulunu ödəməli oldum.

Onunla tanış olduğumda cəmi on altı yaşım vardı. O vaxt Qrinviç Villicdəki bir kafedə ofisiant işləyir və dramaturq olmağa hazırlaşırdım. Aramızdakı yaş fərqi otuz il idi. Onunla möhkəm dostlaşmışdıq. Adi adamlar hər nə qədər pisə yozsalar da, aramızda sözün həqiqi mənasında intellektual dostluq vardı. Səmimiyyətimizin ilk günlərində o, özünün qısa, təksəhnəli pyeslərini mənə oxumağa verirdi. Hətta bəzən rolları aramızda bölüşməklə, oyunu özümüz səsləndirirdik də. Yavaş-yavaş, həm də illər ərzində biz ortaq səylər sayəsində “Şüşə qəfəs” pyesini yaratdıq. Mən oradakı qızın, Laura Uinqfildin rolunu səsləndirirdim.

Seksə və əyyaşlığa günlərcə qurşana bilən Tennessinin canı çox da möhkəm deyildi və əgər o, həyatda nə vavtsa Frenk Merlo ilə rastlaşmasaydı, bəlkə heç qırx il də ömür sürməzdi. Dənizçi olan Frenk Merlo müharibə illərində minaları zərərsizləşdirməklə məşğul imiş.

Onunla tanışlığımızın beşinci ilində, bir italyan restoranındakı rahat guşədə oturub, qəhvəaltı edirdik. Onda o, hərbi donanmadakı işindən çoxdan ayrılmışdı. Bu vaxt Tennessi bizi gördü. Nə o vaxta qədər, nə də sonra mən onu belə çılğın halda görməmişdim. Sən demə, o, öz partnyoru və ədəbi agenti Odri Vud ilə bir lançdan çıxıbmış. Bizi görcək, dəvət-filan gözləmədən masamıza oturdu. Masa yoldaşımı ona təqdim edəndən heç ikicə dəqiqə ötməmiş, Tennessi ona gözlənilməz bir təklifdə bulundu: “Bugünkü şam yeməyinə sizi dəvət eləsəm, buna necə baxarsınız?”

Belə anlaşıldı ki, bu dəvət mənə aid deyil. Bunu sezən Frenk hədsiz dərəcədə tutuldu, özünü itirdiyi üçün nə deyəcəyini bilmədi. Onun yerinə mən cavab verəsi oldum: “Hə, əlbəttə ki, hə, axı, o, sənə “yox” deyə bilməz”.

Frenk həmin yeməyə getdi və sonrakı on dörd ili onlar ayrılmaz cütlüyə çevrildilər. Həmin dövrü Tennessinin həyatında ən bəxtəvər illər saymaq olar. Frenk onun həm əri, həm məşuqu, həm də iş ortağı idi. Onun indiyədək gizli qalan aktyorluq istedadının üzə çıxması isə Tennessinin daha çox ürəyinə yatırdı.

Görkəmli yapon yazarı Yukio Misima (öz ordusunu yaratmaqla o, Yaponiya hərbçiləriylə qarşıdurmaya girmiş və yenilgisi ilə barışmadığı üçün xarakiri edərək canına qıymışdı) 1952-ci ildə Nyu-Yorkda olanda Tennessi onun şərəfinə bir ziyafət vermək istədiyi barədə fikrini də öncə Frenk ilə paylaşmışdı.

Nyu-Yorkda və San-Fransiskoda yaşayan nə qədər geyşa var idisə Frenk onların hamısını həmin ziyafətə çağırmış və bununla kifayətlənməyərək, geyşalara ziyafət paltarları geyindirmişdi. Həyatım boyu qatıldığım ziyafətlərin heç birisi o tədbirlə müqayisəyə belə gəlməz. Hətta Tennessi də geyşa paltarı geyinərək, o gecə kübar qadınlar kimi davranmış, ta səhərə qədər parkda dolaşaraq, şampan şərabı içmişdi. Qərb həyat tərzinin gerçək məğzini məhz həmin ziyafətdə anlayan Misima o vaxt deyibmiş ki: “Mən bir daha Yaponiyaya dönmərəm”.

1962-ci ildə Frenk xərçəng xəstəliyindən vəfat edəndə Tennessi yaman sarsılmışdı. Frenkin son saatlarını indi mən tam dəqiqliyi ilə xatırlayıram. Onu Nyu-Yorkdakı hospitallardan birinə yerləşdirmişdilər. Yatdığı palata ziyarətə gələnlərin fasiləsiz axınına uğramaqdaydı. Bundan cana yığılan həkim bütün ziyarətçiləri, içi Tennessi də qarışıq, oradan qovmağa məcbur qalmışdı. Lakin o, dirənmiş, getmək istəməmişdi. Ensiz çarpayının yanını kəsdirib, Frenkin əlini ovuclarına almış, nəvazişlə onun yanaqlarını sığallamışdı. Bütün bunlara məhəl qoymayan həkim onun da palatanı tərk etməsini istəmişdi. Qəfildən Frenk pıçıldamışdı: “Yox, qoy o, qalsın. Ondan mənə heç bir zərər gəlməz. Həm də ona hədsiz öyrəncəliyəm”.

Başını tərpədən həkim onları palatada baş-başa buraxmışdı.

Bu yaşananlardan sonra Tennessi tanınmaz dərəcədə dəyişmişdi. Durmadan içir, həm də alkoqolla narkotiklərdən eyni vaxtda yararlanırdı. Üstəlik, kimliyi şübhəli adamlarla əlaqələr qurmuşdu. Qənaətimə görə, o, ömrünün sonrakı iyirmi ilini yalqız yaşamaq, daha doğrusu, Frenkin kabusu ilə yaşamaq qərarına məhz onda gəlmişdi.

Lakin indi oturub, Tennessini xatırlayanda yadıma gözəl əyyamlar, xoş saatlar düşür. İçini hər nə qədər qüssə dumanı bürüsə belə, o, daim gülümsəməyi bacaran bir insan idi. Bənzərsiz bir gülüşü vardı: nə kobud, nə vulqar, nə də gur idi qəhqəhəsi. Qırtlağında qaynayan o qəribə gülüşünə görə onun Missisipi çayının sahillərində doğulduğunu zənn edirdi adam. Otaqda nə qədər adam olursa-olsun, onun oraya girdiyi vaxtı bu bənzərsiz qəhqəhəyə görə tam dəqiqliklə söyləmək mümkün idi. O ki qaldı onun yumor hissinə, etdiyi zarafatlar ilk dəfədən çoxlarının qulağına sərt gəlirdi. Cin atına mindiyi vaxtlarda o, iki əks qütb arasında var-gəl edirdi: beş qədəh martini içdiyi lanç zamanı o, durmadan gülürdüsə, yəni yumor hissini cilovlaya bilmirdisə, öz taleyini, atasını və ailəsini düşündükcə dərin kədər hissinə qapılırdı. Atası heç vaxt onu başa düşməmişdi və deyəsən, bacısının dəli olmasının təqsirini də bütün ailə Tennessinin ayağına yazmışdı. Həm də deyəsən, elə Tennessinin özü də çarəsiz qalıb, bu qənaətlə razılaşmışdı.

Məncə, o, özünü ümumiyyətlə götürəndə psixi cəhətdən sağlam adam saymırdı. Baxışlarındakı ifadə gah qüssəli, gah şən çalar qazandığından bu dəyişkən ruh halını onun gözlərindən oxumaq elə də çətin deyildi. Ancaq bu o mənaya gəlməsin ki, adam onunla olanda darıxırdı.

Çox vaxt birlikdə kinoya gedərdik. Başqa heç kəslə onunla getdiyim qədər kinoteatrlarda olmamışdım. Adətən Coan Kroufordu yamsılayaraq, titrləri uca səslə oxumağa bayılırdı. Axırda kinoteatrın sahibi bizə yaxınlaşıb, zaldan çıxmağı tələb edənə qədər o, bunu davam etdirirdi.

Ölümündən dörd və ya beş il qabaq baş verən məzəli bir əhvalat yaddaşıma yamanca həkk olunub. Tennessi ilə Key Uestdəki və içi müştərilərlə dolub-daşan bir bara getmişdik. İçəridə təxminən üç yüzə qədər homoseksualist və natural var idi. Bizdən bir az aralıda oturan və tanımadığımız ər-arvad lül-qənbər sərxoş idi. Yerindən durub, əlindəki qaş qələmi ilə masamıza yanaşdığı vaxt həmin qadının içində qətiyyətsizliklə sürtüklük arasında gərgin mübarizə getdiyinin fərqindəydim. O, qarnının üstündə həmin qələmlə avtoqraf qoymamı məndən rica elədi.

Gülməkdən uğunaraq, dedim: “Allah xətrinə, bizi rahat buraxın!” Məni heyrətlə süzən Tennessi, sanki bütün zalın diqqət mərkəzindəymişik kimi, mənə təpindi: “Necə bu qədər qəddar ola bilərsən?” Sonra o, qələmi alıb, qadının göbəyinin çevrəsinə mənim adımı yazdı.

Qadın təkrar masasına döndüyü zaman əri qısqanclıqdan dəliyə dönmüşdü. Bir də gördük ki, indi də kişi həmin qaş qələmini arvadından alıb, bizə yanaşdı, nəfəyini açmaqla, oradan penisini çıxardıb, mənə dedi: “Bir halda ki, siz hara gəldi imza atırsınız, onda yəqin bu şərəfi əsbabıma da çox görməzsiniz?”

O cür hay-küylü bar bircə anda lal sükuta qərq oldu və bənzər halla mən həyatım boyu heç rastlaşmamışdım. Çətin duruma düşdüyüm üçün kişiyə nə cavab verəcəyimi bilmir, mat-məəttəl onu süzürdüm.

Bu yerdə Tennessi dadıma yetişdi. Qaş qələmini naməlum kişinin əlindən alaraq: “Heç bilmirəm ki, dediyiniz o yer Trumenin avtoqraf qoyması üçün nə dərəcədə uyğundur, - deyib, mənə göz vurdu: - Ancaq mən hər ehtimala qarşı öz inisiallarımı oraya yazmaq fürsətini əldən vermərəm”.

Zalda hamı uğunub getdi.

Son kərə Tennessini ölümündən bir neçə həftə əvvəl görmüşdüm. “Le Club” adlanan, son dərəcə özəl bir yerdə ikimiz şam edirdik. Fiziki cəhətdən kifayət qədər yaxşı vəziyyətdə olsa da, Tennessi xeyli qəmgin görünürdü. Etiraf elədi ki, bu dünyada dostsuz-həmdəmsiz qalıb. Ona yaxından bələd olan nadir insanlardan biriydim mən. Keçmişlərdəki kimi onunla yaxın olmamızı arzulayırdı yəqin. Buxarıda közərən qorların işığında deyirdi bunu. Öz-özlüyümdə düşündüm: “Hə-ə, düşdüyün bu durumu çox gözəl anlayıram”.

O an eşitdiyim etirafın gerçək olduğunu mən çox-çox illər öncə, bir premyera əsnasında dərk eləmişdim. 1947-ci il idi. “Arzu” tramvayı” tamaşasının premyerası son dərəcə təsirli və sarsıdıcı keçmişdi. Final səhnəsində işıqlar öləziyəndə şəfqət bacısıyla həkimin ardınca qarşıdakı zülmətə doğru əllərini yana açaraq gedən Blanş Dübua pıçıltıyla: “Hər kim olursunuzsa olun, onsuz da mən həyatım boyu ancaq yad insanların nəcibliyinə arxalanmışam” deyəndə yaranan lal sükut bütün tamaşaçıların damarlarında axan qanı dondururdu. Səhnədəki dəhşət və gözəllik tamaşaçı qəlblərinin döyüntüsünü azaldırdı.

Hətta pərdə enəndən sonra da zaldakı donuqluq davam edirdi. Az sonra isə bir-birinin ardınca, partlayan şar misalı, tək-tək çəpiklər güclənib, gurultulu alqışlara dönürdü. Uğultulu alqışlar, ehtiramla ayağa durmalar tamaşanın bir tayfun qədər gözlənilməz və nəfəskəsən təsirindən qaynaqlanırdı. Baş rolları ifa edən ulduz aktyorları – Cessika Tendini və Marlon Brandonu – düz on altı dəfə ard-arda səhnəyə çağırandan sonra tamaşaçılar: “Müəllif! Müəllif!” - deyə çığırmağa başladılar.

Lakin cavan mister Uilyamsın səhnəyə çıxmağa heç həvəsi yox idi. Elə pörtmüşdü ki, deyərdin, onu ilk dəfə, həm də tamamilə yad adamlar öpüblər. Əlbəttə, o, ziyafətlərdə sağa-sola pul dağıtmazdı (onun pullar qarşısında duyduğu qorxu hissi anlaşılmaz dərəcədə böyük idi, çünki həyatındakı bu cür əlamətdar gündə də o, yeni kostyum almağa gərək duymamışdı) və əynindəki tünd göy rəngli kostyum metronun sürtülmüş oturacaqlarını xatırladırdı, qalstukunun düyünü boşalmışdı, köynəyinin isə bir düyməsi sapdan sallanırdı. Bütün bunlara rəğmən, o, cazibədar idi: orta boyluydu, saçını qısa kəsdirmişdi, üzündən sonsuz gümrahlıq yağırdı. Cavan oğlanınkı qədər güclü, lakin xırda əllərini yuxarı qaldırmaqla, o, tamaşaçıların heyranlıq dolu təzahüratlarını susdurdu və sadəcə: “Sağ olun, sağ olun! Həm də çox, çox, çox...” deyə bildi. Səsində viski ilə qarışmış Missisipi sularına və ya cənublularınkına xas bir durğunluq sezilməkdəydi. Həmin an onun hiss etdiklərini bəxtəvərlik adlandırmaq olmazdı, o, sadəcə sevinirdi. Sevinc - kokain bükməsindən alınan qısa qullab olduğu halda, bəxtəvərlik - ona nisbətən daha uzun sürən xumarlıq hissidir.

Hətta güləndə də, gülməkdən tərləyəndə də Tennessi bədbəxt bir insan idi. Bütün həqiqət isə ondadır ki, (bəlkə də bu, təkcə mənə görə belədir) Blanş və onun müəllifi bir-birinə hədsiz dərəcədə oxşayırdılar. Onların həssaslığı da, kimsəsizliyi də, ehtirasları da bənzər idi.

Bir ara mənə elə gəldi ki, qulaqbatırıcı alqışlar altında, həm də oradakı hər kəsdən daha öncə mən müəllifin baş əyərək, geri-geri getdiyini sezdim. Bəlkə də bunu edərkən o, kulis arxasına yollanan və öz ardınca Blanş Dübuanı da insan ehtiraslarından uzaq, dumanlı bir aləmə çəkib aparan həkimi artıq özünə bələdçi seçmişdi.

https://www.facebook.com/azadyasharofficial

# 5667 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #