Yaxın tarixin dərsləri: Bir müsahibənin qarasınca

Yaxın tarixin dərsləri: Bir müsahibənin qarasınca
21 dekabr 2012
# 12:49

Bilmirəm Rasim Qaracanın yadında olar, ya yox, təxminən on il əvvəl YeniSi olaraq AYO-ya nöqsan tuturduq ki: 1960-1980-ci illər ədəbiyyatını, məxsusən də Anarı tənqid hədəfi, özlərinə rəqib seçməklə, əslində, bu ədəbiyyatı “dirildir”, gündəmə gətirir, “köhnəlməyə” qoymurlar… Halbuki, deyirdik, həmin ədəbiyyat başlıca dəyərlərində “tarix” kimi maraqlıdır, “bugün” kimi yox!

İndi həmin iradı daha əsəbi və kəskin şəkildə Rasim Qaraca Qan Turalıya yönəldir, bəs: “Qan Turalının bu davranışı ən yaxşı halda təslimçilikdir, artıq sovetlərdə qalmış köhnə simaları diriltmək, dolayısıyla yeni ədəbi gücləri aşağılamaq, onları gözdən salmaqdır …” (“Şərq” qəzetinə müsahibəsindən) “Əsəbi” – yəqin ona görə ki, Qan Turalı, necə olsa da, AYO-dan çıxıb bugünə gəlmişdir; “kəskin” – ona görə ki: necə bir zamanlar biz zənn edirdik, az qala Rasim Qaraca da əmindir ki, ədəbiyyatda “Anar epoxası”nı məhz onlar (AYO) qapatmışdır… İndi təzə ədəbi nəsil, keçmiş AYO-çu Qan Turalının səyi ilə əvvəlcə gündəmə gətirib, sonra da “Anar epoxası”nı təzədən qapatırsa, əsəbiləşməyəsən neyləyəsən…

Oyunun olsun, Azərbaycan ədəbiyyatı!; post-modern simulyakrlar istehsalında Qərb hələ sənin əlinə çox sular tökməli olasıdır… Deyim ki, bizim “Anar epoxası”nı qapatmaq ehtirasımız-istəyimiz-səyimiz daha əsaslı idi; çün biz Ədəbiyyata məhz bunun içindən keçib gəlmişdik: müqaviməti qırmasaq, ola-oluşa bilməzdik! Sonralar “Anarı anlamaq zamanı” adlı yazımda həmən 1990-cı illər çabalarım – “Ədəbiyyat söhbəti”, 1995-1997 barəsində yazırdım: “Sonrası ayrı, sonrası Anarı gömmək sənəti gəlir, tarixə, Ədəbiyyata gömmək istəyi, iştahası…” (“Tənqid.net” jurnalı, № 5, 2008) Bir az sonra Rasim Qaracanın: “İnkar mübarəkdir!” şüarı altında başlatdığı AYO hərəkatı isə (2002) daha radikaldı; ona görə ki: 1960-1980-nin “tarixləşməsi”ndən artıq on il ötsə də, ədəbi qovğalar eyzən, eyni estetik sevdalar üzərinə dayanıb-dururdu: Anar – Əkrəm Əylisli – Elçin… – olsunlarmı, olmasınlarmı?!

Üstündən daha on il, yəni bütövlükdə müstəqillik illərinin 20 ili ötür, amma Qan Turalının simasında təzə nəsil Ədəbiyyatla söhbətini yenə bizim başladığımız yerdən, “Anar epoxası”ndan başlayır… Amma o (bu nəsil Qanturalının simasında) həmin dövrün içindən gəlmir ki; əksinə, “sonra”nın (yəni bugünün) növbənöv post-modern hədəfləri ardınca qoşub da (o sıradan AYO-çu Qan Turalının Anara kortəbii məsxərələri yadınızdamı?!), bura – 1960-1980-ci illər ədəbiyyatına hələ indi gəlib-çıxır. O bu ədəbiyyatı bilmir, hələ indi “oxuyur”, o cümlədən guya postmodernistcəsinə (yəni soyuq ironiya qataraq) kəşf eləyir özüyçün… Alınırmı? – başqa məsələdir…

Yazıdan görünür ki: müsahibə boyu özünü ciddi tutmuş Qan Turalının sualları-replikaları müqabilində Anar bir xeyli dəfə “gülür”… Bilirsizmi, nədən? O bu cavan uşağın kəşf edirmiş kimi toxunduğu məqamları azı yüz dəfə açıqlamışdır ictimaiyyətə, bu da olsun yüz birinci! Bəli, Qan Turalının sanki o həqiqətləri qazıb-çıxardığı yazılarında da, çoxsaylı müsahibələrində də…

Bu, yazıçının 1968-ci il Praqa hadisələrinə qədər “sosializm ideyalarına hələ də inanması” məsələsidir; Ədəbiyyatın qadağalarla inkişafı barəsində fikirləridir; “Qobustan” jurnalında N.Nərimanovun şəklinin Orconikidze və Mikoyandan azca öndə getməsinə görə KQB-yə çağrılması faktıdır; əsərlərinə senzura məsələsidir; “Anlamaq dərdi” essesinin çapı məsələsidir; şəhər-kənd nəsri, “Kamança” pyesi haqqında mülahizələridir, İsa Hüseynovun Çingiz Aytmatov ola bilməməsi məsələsidir; Sabir Əhmədlinin Fəxri xiyabanda basdırılmaması, Ramiz Rövşənin xalq şairi adını almaması qayğılarıdır və s. Xoşdur, başucalığıdır; amma nə əcəb cavan nəsil bütün bu “tarixi xidmətləri” bilmir?! Anar ədəbiyyatımızda epoxadır axı…

Doğrudur, müsahibədən sonra “Yeni Müsavat”a P.S-də Qan Turalı təzəcə kəşf elədiyi həmin epoxanı: “ədəbiyyatın keçmişi”, “qapanmış dövr” kimi təqdim eləməyə tələsir; amma söhbətin özündən heç də bu görünmür. Nəylə “keçmişdir” axı Anar, Vudi Alleni tanımaması iləmi?, türk filmlərinəmi baxması ilə, ya bəlkə serial ssenarisi yazmağa hazır oması ilə? Diqqət etsəniz, müsahibədə məhz “son 20 ilin Ədəbiyyat sualları”, o cümlədən Qan Turalının da oluşduğu AYO sualları çatışmır, əskikdir, sönükdür… O şəkildə ki, müsahibədə Rasim Qaraca, Murad Köhnəqala barəsində sorulur (bu məqamda R.Qaracanın etirazı yerindədir): elə bil 1980-lərin sonlarıdır və bu da təzə imzalardır, heç ortada AYO deyilən son on ilin hadisəsi, içi Qan Turalı qarışıq yoxmuş…

Bəlkə doğrudan da, heç yoxmuş… Axı o şəkildə ki, Qan Turalı sabiq həmfikirlərini (Elnur Astanbəyli, Aqşin Yenisey) sual altda qoyub, “müdafiəsi”nə heç bir cəhddə-mövqedə bulunmur , ən azı fikirləşirsən: növbəti sual QanTuralının özü barəsində olmalı, bəs görək, Anar müəllim həmən bu keçmiş radikal opponenti haqqında nə deyəsidir… Belə olmur; və filan qədər imzalar paradının Xalq yazıçısı qarşısında nümayişinin mənası ora dirənir ki: məsələn, Elçin Hüseynbəyli, Qismət, Cavid Zeynallı məhz AYB-də olduqlarına görə “layiqli”dirlər, digərləri, o cümlədən Qan Turalı isə orda olmadıqlarına görə bu şansdan məhrumdurlar…

Rasim Qaraca Qan Turalını “təslimçilik”də suçlayır; nəyi təslimçilikdə – Ədəbiyyatımı, AYO-numu, AYO ədəbiyyatınımı? Və ordaca əlavə edir: “Qan Turalı “qurtaraq bu davaları” deyir, təəssüf ki bu günə qədər başa düşməyib, bizim davamız şəxsi deyil, ictimai davadır…” Allah, Allah!, Qan Turalımı bilmir “ictimai dava” nədir, qəhrəmanı az qala dünyanı çevirməyə hazırlaşan “Mustafa” romanının müəllifimi bilmir? Yəni belə çıxır ki: sabiq AYO-çu Qan Turalı durmadan AYB-nin və Anarın hər addımına məsxərə qoşurkən də bilmirmiş neyləyir?! Məncə, belə deyil; məncə, Qan Turalı həmişə nə etdiyini, nə istədiyini yaxşı bilənlərdəndir…

Yadınıza salıram: düz iki il öncə AYO MKM-i boykot etmişkən, AYO, yoxsa MKM dilemmasında Qan Turalı MKM-i seçdi; bu da mı “təslimçilik” idi? Ya bir az da əvvəl Qan Turalı qəfil Adyazar saytını buraxıb, Abzas.net yaradarkən yenə də Rasim Qaracanın möhkəm qınağına gəlmişdi; “təslimçilik”dimi? Təxminən, 6-7 il öncə, Qan Turalının AYO-da təzə-qızğın çağlarıydı hələ, yanılmıramsa, Rəşad Məcid 525-də ona səhifə aparmağı həvalə etmişdi, heç “təslimçiliy”ə bənzəmirdi amma… O da yadımdadır ki: vaxtilə bizim YeniSi saytda da (2002-2005), Rafiq Tağıdan sonra bircə Qan Turalı AYO-nun “qısqanclıq” sindromunu qırıb, təmsil olunmuşdu…

Diqqət çəkdiyim odur ki: bütün bu halların hər birində, adına bəlkə “təslimçilik” deməyək, “təmsilçilik” deyək, Qan Turalının özü var; bəlkə özünü, Ədəbiyyatını, ya nəsə başqa şəkildə, məhz “ictimai ideal”ını axtarıcılığı var… Yəni, əslində, Qan Turalı üçün heç fərqi yoxdur: dünən Rasim Qaracanın yanında, sabah Rəşad Məcidin, Anarın, ya bəlkə də Kamal Abdullanın yanında olsun (Anara qəfil sualı xatırlayırsızmı: “- Kamal Abdulla necə, sizin yazıçınızdır, yoxsa yox? Borxesdən söz düşüb deyə soruşuram…”) Əsas o nöqtələrdir ki: “hamı”nın və “hamı” da onun yanında, yəni daim “əfkari-ümumiyyə”nin diqqətində olsun… Elə ordan götürün ki: məgər bu gün Kulis.az kimi, Ədəbiyyat dairələrində “əfkari-ümumiyyə”ni ələ almağa çalışan bir saytın dalında durmaq asanmıdır?!

Gəlib-çıxdıq məsələnin kökünə. Baxın, Kulis.az kimi ədəbi-mədəni gündəmə iddialı bir sayt, Qan Turalının sözlərini çevirsək, Anar kimi Ədəbiyyatın canlı “keçmişi” olan bir epoxa ilə dialoqa girir… Və sanki “keçmiş” bugündən çəkinməli ikən (necə ki, R.Məcidin Anarı müsahibəyə razı salması faktında görürük), müsahibədən sonra əksinə şahid oluruq… Müsahibənin dərcindən əvvəl Qan Turalının “Ədəbiyyata xəyanət”də suçlanacağı barədə narahat anonsunu yada salaq və sonrası isə: müsahibəni sanki Ədəbiyyat adına deyil, jurnalist kimi, Kulis.az-ın yönəltməni kimi götürdüyü barədə alibisini… Guya ki, Anar kimi Ədəbiyyat adamı ilə söhbətdə Kulis.az-ın Ədəbiyyatdan kənar hansısa başqa (jurnalist!) mövqeyi ola bilərmiş…

Əvvələ qayıdaq. Dedik: Anarla Qan Turalının söhbətində nəinki həmən o tərs “AYO sualları” yoxdur, heç son 20 ilin özü də, üstünlüyü də hiss olunmur. O post-modernist miqyas və əhatə ki, guya bugünün üstün (müstəqillik, plüralizm) nöqteyi-nəzərindən səslənib, “keçmiş”i dekonstruktə edəsi, çoxsaylı aydın sitatlara çevirəsiymiş: bu – Mirzə Fətəli-Mirzə Cəlil irsidir; bu sovet dönəmi ədəbiyyatı və 1960-cıların mövqeyidir; bu – dünya mədəniyyətinə Azərbaycanın gözüylə baxışdır; ən nəhayət bu – müstəqillik illərinin gəlişmələridir… Ki, əksinə, hər yerdə, bütün məqamlarda məhz Kulis.az Anara, gündəm isə o möhtəşəm “keçmişimiz”ə, “Anar epoxası”na uduzur (bir daha müsahibə boyu müşaiyət olunan sürəkli gülüşləri yada salmaq yerinə düşər)…

O post-modernist platforma ki: şüurlumu, ya instinktiv – zəmanənin tələbi ilə Qan Turalının Kulis.az çabalarında formalaşdırılmağa səy olunur (“Bu dövr qapanıb, biz yeni səhifə açmalıyıq…”), Anarla söhbətdə ucu belə görünmür… Hətta birbaşa tarana getdiyi məqamda belə, kənara çəkilib, nəsildaşlarını (Şərif Ağayarı, Nərmin Kamalı) “zərbə altı”na salmaqla kifayətlənir Qan Turalı… Əslində, yolu yarı-modernist, yarı post-modern AYO-dan keçib gələn Qan Turalının “yeni səhifə”, yeni dövr başlatmaq sevdaları yerində, başadüşüləndir… Post-modern zəmanə öz övladlarını yetirir və istəyir! Amma Qan Turalının səhvi ondadır ki: platform yapırkən dekonstruktəyə ən yaxın sələfi, içindən çıxdığı AYO-dan deyil, belə uzaqlardan başlayır…

Axı prinsipcə Rasim Qaraca haqlıdır; indi nə elə də AYB məsələsi aktualdır, nə də Anar yaradıcılığı (məsələn, müsahibədə də Anarın son 20 ildə yazdıqlarından heç nə söhbət predmeti olmur: nə “Otel otağı”, nə “Ağ qoç, qara qoç”, nə də “Unudulmaz görüşlər”)… Əksinə, 1960-1980-ci illər ədəbiyyatının dekonstruktəsində yaxşı, ya pis müəyyən iş görmüş (M.Köhnəqala şeirdə, H.Herisçi publisistikada-nəsrdə, R.Qaraca və N.Kamal fikir mövqeyində…) AYO-çuların isə gündəmə hacəti var: niyə və nəyi düz eləyirdilər, nəyi yanlış… – bunu çözmək daha mühüm və Qan Turalının gücündə olan məsələdir…

Yoxsa ki: Anar kimi qosqocaman bir Ədəbiyyat epoxası ilə oxuduğun kitablardan adda-budda sitatlarla kəllə-kəlləyə gəlmək son halda profanasiyadan özgə nəsə verməyəsidir; necə ki, olmuş. Ədəbiyyatda yeni epoxaları kitablardan başlatmırlar, içindən keçib bura gəlirlər. O sıradan: Mirzə Fətəli-Mirzə Cəlildən bu yana uzun bir yol gələn Ədəbiyyatımız o qədər belə “pərdəarxası”lar (“Kulis”lər) görmüş ki …

16-21 dekabr 2012
ANN.Az

# 1545 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #