Qoyuna təcavüz edən dəli – “Bir dəlinin gündəliyi”

Qoyuna təcavüz edən dəli – “Bir dəlinin gündəliyi”
24 sentyabr 2019
# 09:00

Kulis.az Oğuz Ayvazın “Bir dəlinin gündəliyi” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Atam ağladığımı görür, üzündə təbəssüm süzülən göz yaşlarıma tamaşa edirdi. Onun üzündə parıldayan işıq öləzimiş, saçlarında kül rəngi çoxalmışdı. Əynindəki plaş, boynundakı şərf, başındakı qara papaq da elə bil rəngini itirirdi. Bəlkə də bu mənim göz yaşlarıma bulaşan görüntülər idi. Bilmirəm. Ovcuma yığılan göz yaşlarımı üzümə sürtdüm. Atam dilləndi:

- Ayə, Şabanın filmlərinə baxan adam da ağlayar?

Gülüş bir kəpənək kimi qondu çöhrəmə. Bozarmış dişlərimi ağartdım.

- Gör sənə nə gətirmişəm. Sellofandan qab çıxartdı. De görüm, Şabanın ən çox sevdiyi yemək hansı idi?

- Bilmirəm, yadımdan çıxıb.

- Pahh, sən ki bunu yaxşı bilirdin. “Kuru fasulye”. Yadına düşdü?

Bu dəfə də uşaq kimi ağlamağa başladım. Şabanın filmləri, uşaqlığım, məhəlləmiz, qonşular, sevdiyim qız film lenti kimi şütüdü gözlərimin qabağından (Çox şablon cümlə oldu e).

- Yaxşı, yaxşı, kövrəlmə. Başla yeməyə.

O gün “kuru fasulye”ni göz yaşlarıma qarışan qabdan yedim (bu da lap sentimental çıxdı).

Bufetdə tək oturmuşam. Atam bir az olar gedib. Onsuz darıxdığımı hiss elədim. Dəlilər gözə dəymirdi. Sentimental məftillərin arasından özümü güc-bəla ilə dartıb çıxardım. Daha bəsdir. Durum gəzim görüm, bu dəlilər, həkimlər, sanitarlar hara yoxa çıxıb. Bəlkə də qeybə çəkiliblər? Yox bir quş olub uçublar.

Palataları gəzirəm. Bir inni-cinni gözə dəymir.

- Ay millət! Ay dəli yığını!

Səs gəlmir. Barmağımı dişləyirəm, düşünürəm. Aha, tapdım. Dəlilər qaçıblar. Qalanları da onların arxasınca. Kefdəyəm ki. Artıq tək olacam. Bu boyda dəlixananın Tanrısı da, kralı da mənəm. Amma, bir şey var ki, mən heç kəsin, heç kimin nə Tanrısı, nə də kralı olacam. Mən yalnız öz dünyamın lideriyəm. Kimsəsiz padşah. Kimsəsiz Tanrı. Necə də kədərlidir. Elə deyil?

Bu sizə elə gələ bilər. Mənə görə isə bu zirvədir. Zirvə də təkadamlıq olur. Siz nə bilərsiniz, zirvə nədir. Siz kütləsiz, yəni sürü. Neyləyirəm, sizi idarə edim? (deyəsən, müəllif bu günlərdə fəlsəfə oxuyur)

Gözlərimi açıram. Başımın üstündə xəyal qurduğum epizodları dayandırıram. Bir-iki dəli ailəsiylə danışır. Dəlilərdən birinin anası ağlayır, onu bağrına basır. Uzun-uzun danışmayım. Yenə deyəcəksiniz ki, başladı sentimentallığa. Elə yaxşısı xəyal eləməkdir. Amma sizə bir sirr açım: göz yaşı dəlixanamızdan qırmızı xətt kimi keçib gedir.

Dəlixanamızda təbiət əksik idi. Bir küncdə ağac əkmək, qoyun-quzu saxlamaq lazım gəlir. Belə halda da torpaq mütləqdir. Qapının arxasında kisələrlə torpaq var. Dəlixananın həyətindəki gülləri əkmək üçün gətirilib. Gizlicə onları gətirirəm. Bir küncdə torpaqları boşaldıram. Heç kəs də bu mənzərəni görmür. Dəlilər kor olub. Sanitarlar da öz otaqlarında disko qurublar. Sizə asan gəlməsin e, bu boyda dəli ilə işləmək müşkül işdir. Bu yazıqlar da əylənməlidir ya yox?

Əşi, mənə nə?! Mənə indi öz təbiətim maraqlıdır. Kisələr bir-bir, beş-beş, on-on boşalır. Beləliklə, torpaq sahəmiz hazırdır. Ağacları da tapmışam. Əkməyə başlayıram. Hər ağac əkəndən sonra namaz qılıram. Kor dəlilərdən biri torpağın qoxusunu alır.

- Neyləyirsən?

- Görürsən ki?

- İyi gəlir.

- Nəyin?

- Nəyin olacaq? Torpağın.

- Mənə qoyun-quzu lazımdı. Tapa bilərsən?

- Dayımgilin mindən çox qoyunu var.

Bu dialoqu saxlayıram. Bu ki mənim xəyalımdır.

- Qoyun gəlsin.

Üç-dördü qoyun mələşir. Bu axmaq kor dəli qoyunla cinsi əlaqədə olmaq istəyir.

- Olar o qara qulaqlı qoyunu...

- Niyə?

- Kənddə çox vaxt qoyunla olurduq.

- Çıx, rədd ol, get burdan. Mən burda öz təbiətimi qururam. Bunun dediyinə bax e, sən dəli yox e, zır dəlisən.

Səsə başqa bir dəli gəlir. Onun təklifinə baxın:

- Qaqa, bunların hamısını kəsim, kabab eləyim, necədir?

Başqa bir dəli gəlir.

- Mən də qoyunlar kimi mələşə bilərəm...

- Bəsdi, bəsdi, aaaaaaaaaaaaaa...

Qışqırıram...

Kimsə dümsükləyir məni. Gözüm açanda Lətif həkimi görürəm.

- Nə olub ay Oğuz? Niyə qışqırırsan?

- Həkim, xəyallarımda belə dəlilər məni rahat buraxmır.

- Keçəcək, darıxma.

Üzündə təbəssümlə bufetdən çıxır. Xəyal qurum yenə? Məncə, bəs edər. Durum gəzim. Ayaqlarım keyləşib lap.

Pəncərədən bozarmış şəhərimizə baxıram. Adamlar qaçaqaçdadır. Hamı tələsir. Birdən yağış yağmağa başlayır. Yağış dayanmadan selləyir. Qəfil gün çıxır. İstidən tər basır adamları. İnsanlar tər damcılarına çevrilib maşınların şüşələrinə yapışırlar.

Birdən qar yağmağa başlayır. Lopa-lopa qar. Qar yağır, qar yağır... Adamlar getdikləri yerdə donurlar. Hamı şaxta babaya çevrilir. Mən də bu olanlara tamaşa edib, şaqqanaq çəkirəm.

- Oğuz, dərman vaxtındı... – sanitar çağırır.

Yenə xəyal qurmuşam. Bu gün mövcudluğum məzuniyyətə çıxıb. Kim bilir, hardadır?!

- Oğlum, özünü necə hiss edirsən? – qoca psixoloq soruşur.

- Qadın tabletkası var?

- O nə olan şeydi?

- İçirsən, həzz alırsan, kefin yüksəlir.

- Həə, sabaha taparıq, get palatana.

Bu gün necə də maraqsız, məzmunsuzdu. Həyatımızda belə monoton günlər çox olur. Onda mövcud olmuruq, yaşamırıq, həşərat kimi bir küncdə həyatın gedişini izləyirik. İnsan ömür boyu darıxır, axtarır, acır, istəyir. Biz yeriyən mədələrdən ibarət acgöz varlıqlarıq.

- A bala, çıx get dedim.

- Həkim, elə bildim siz xəyalımdasınız. Bağışlayın. İndi gedirəm.

Divarın qarşısına keçirəm və ucadan bir xəbər oxuyuram:

“XV əsrdə naməlum müəllif tərəfindən qələmə alınan və hansı dildə yazıldığı hələ də öyrənilməyən "Voyniç əlyazması” adlı kitab tarixin ən sirli kitabı hesab olunur.

XV əsrdə yazılan kitabdakı yazı dili, simvollar, işarələr uzun illərdir ki, tədqiq edilsə də, bir nəticə hasil olmayıb. Heç kitabın da adı tam dəqiq deyil. Voyniç həmin kitabı aşkarlayan və onu uzun illər çözmək istəyən şəxsin adıdır. O, məqsədilə nail olmadığını görüb, həmin kitabı Yale Universitetinə bağışlayır. Ondan sonra peşəkar alim və dilçilər kitabı çözməyə başlasalar da, buna nail ola bilməyiblər. Əlyazma şərti olaraq bir neçə bölümə ayrılıb: qadınlar haqqında; ulduzlar, səma cisimləri haqqında; bitkilər haqqında; əlaqəsiz paraqraflar. Bunların hamısı xüsusi əlifba ilə yazılıb və aralarında sirli zəncirin olduğu qeyd edilir. Bölmədən-bölməyə keçdikcə, araşdırıcılarda sinir pozuntuları yaranır.

Mistikaya meyl edən bəzi araşdırmaçıların sözlərinə görə, həmin kitab ölümsüzlük iksirini özündə əks etdirir. Əgər oradakı şifrələri çözmək mümkün olsa, insanlar ölümsüzlüyün sirrinə vaqif ola biləcəklər”.

Oxuduğum xəbər mətnini heç kim eyninə almır. Cəhənnəmə almayın, guya oxuyacaqdınız o kitabı?!

Bir dəqiqə, bu xəbərin bizim yazımıza nə dəxli. Müəllif danışır:

“İndicə siqaret çəkərkən telefonumda bu xəbər diqqətimi çəkdi. Neyləyəsən, informasiya dünyasıdır?! Bu romandan da yan keçə bilmədi. Onsuz da öyrəşmişik. Yutubda filmə baxanda reklamlar bezdirmir sizi? Bu da belə bir zəhlətökən bir şeydi da. Neyləyək, zamana ayaq uydurmalıyıq”.

İndi sizə “Bir dəlinin gündəliyi” romanından maraqlı bir parça paylaşacam:

“Əlbəttə, ağıl da daima deyil, keçib gedən müvəqqəti bir şeydir, lakin mənim ağla nə üçün meyl göstərdiyimi siz artıq bilirsiniz. Həyat insana qüssə verən bir tələdir. Mütəfəkkir bir adam yaşa dolub kamala çatdıqda özünü ixtiyarsız olaraq çıxılmaz bir tələdə hiss edir. Doğrudan da, o öz iradəsinə zidd olaraq, hər hansı bir təsadüf nəticəsində heçlikdən həyata keçirilmişdir... Nə üçün? Mütəfəkkir adam öz həyatının mənasını və məqsədini bilmək istəyəndə, ona demirlər, ya da sarsaq şeylər söyləyirlər, o, qapını döyür, amma açan olmur; ölüm də onun iradəsinə zidd olaraq onu yaxalayır”.

Görürsünüz, necə dahiyanə yazmışam?! Hətta bu yerini bir yerə yazın. Tez-tez oxuyun. Yaxşı, gedim yatım, indi də yuxu görmək vaxtımdı. Bircə çıxa bilsəm, bu dəlixanadan. Göy üzü üçün bərk darıxdım.

ardı var...

# 4560 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #