Səfil-sərgərdan Tanrı - ŞEİRLƏR

Səfil-sərgərdan Tanrı - <span style="color:red;">ŞEİRLƏR
3 fevral 2016
# 08:30

Kulis gənc şair Əsəd Qaraqaplanın yeni şeirlərini təqdim edir

Səfil-sərgərdan Tanrı

səfil-sərgərdan bir həyatım var abi
səfil-sərgərdan bir Tanrım...

həmişə yanlış bir şey kimi düşündüm
kimsənin yanında olmaq –
kiminsə yanımda olmağını abi...

belə biri olduğumçün Tanrı məni bağışlasın
belə sərsəm –
belə ayrılıqla dolu...

belə biri olduğuma baxma abi
onlar belə məni bu halımla sevdi
onlar – məni sevməyənlər
kimsənin sevgisinə möhtac olduğumda belə
kimsəyə boyun əymədim məni sevsin
sevgilərin tək halını yaşayarkən
sevgilərin cəm halını heç vaxt başa düşmədim...

mən yalnız KİMİSƏ sevdim –
kimsələri sevmədim
mən yalnız KİMSƏnin məni sevməsini istədim...

anan ya sevdiyin olsun
bir qadının sevgisi daha Tanrıca sevgi
bir kişinin sevməyi
daha Tanrıca sevmək...

tanrılara baxma abi
onlar belə azalıb BİR oldular
səfil-sərgərdan bir Tanrımız qaldı sonda
hamıdan sevgi uman –
hamını sevən Tanrı
hamının sevgi umduğu
kimsələrin sevmədiyi bir Tanrı...

Tanrı belə yanılmışdı kimsələrdən sevgi umub
KİMSƏdən ummamaqda
kimsələri sevməkdə –
KİMSƏni sevməməkdə...

Tanrıya baxma abi
mən insanam –
səfil-sərgərdan insan...

Bu Qədər Yalnız Olmağa...

hər kəs burdadı bilirəm
bütün dost-tanışlar burda
bütün qohum-əqrəba
mamam da burdadı hətta – əslində heç burda deyil
mənsə bunu kimsəyə söyləmək gücü olmayan bir xəstəyəm
bir azdan əməliyyatım başlayacaq və hər şey bitəcək bəlkə...

hər kəs çıxıb gedəcək mən çıxıb gedəcəm deyə
bir daha dönməyəcəyəm kirayə qaldığım evə
səhərə qədər içməyəcəm
yalnız olduğuma deyil yalnızlığımı düşünərək
səhərə yaxın bir türlü can ağrısıyla yatmayacam
və ağrılarla oyanıb acıların içində
ehtiyacımdan dolayı işimə getməyəcəm...

nahar vaxtı o qadın gəlib mənimlə nahar etməyəcək artıq
və şənbə günü bir qadın gəlib susmayacaq daha
hər şey danışacaq artıq
və hər kəsin sözlərini bircə mən duymayacam
nəyəm kiməm hardayam
nədən olmuşdum kimdim niyə yoxam - bilməyəcəm...

o qədər kədərliyəm ki kədərlənmək duyğumu da itirdiyim bu hala
o qədər yoxluğa nifrət edirəm ki heç doğulmasaydım sanki deyirəm

heç doğulmasaydım və mən bir qadını sevməsəydim
bu qədər yalnız olmağa nə haqqım var bu qədər adam varkən
dostlarım gəlməsəydilər mənim yalnızlığımı görüb üzülməyə...

deyirəm ki kimsə gəlməsəydi mənim yox olmağı
səmimi qəbul eyləyə bilmədiyim günə
və guya nə olacaqdı hər kəsi sevdiyim dünya
bir az daha Tanrı olmaq şansı tanısaydı mənə...

Divar

mən ölüm günlərimi sənin yoxluğunla yazdım
o qədər divarlar çizib o qədər betonlar sökdüm
hamısı birlikdə mənə bir ev ola bilərdi
mən nəfəsim gələn qədər divarları aşıb keçdim
evləri yıxıb keçdim nə qədər evsiz varsa
hamısı mənim qardaşım oldu iki qardaşım var

və bacılarımı sevib səni unuda bilmədim
çılğın bir az daha çılğın ondan daha da çılğın
nə qədər sakit adam – nə qədər susqun divar
varsa girdim içinə – üzünə tüpürüb yazdım misraları
ən zəhrimar sözlərimi ən şirin misraya salıb
divar-divar aşa-aşa yalnızlığıma gəldim
mən sənə gəldim əslində nə qədər yalnızlığım var
nə qədər qadın varsa sənə görə risk elədim
və sənə görə sevdim sənə görə tərk elədim...

divar-divar divar divarlar gördüm
öləcək dedilər mənsə divar kimi dayandım
sinəmi ölümün sonsuz meydanına çevirdim
orda nə qədər dost nə qədər qadın öldü
orda mən nə qədər öldüm söyləmədən bilərsən
və bilərsən mən nə qədər səni sevib ölmüşdüm
içmişdim ansızın gəlib bu dünyaya içmişdim
içə-içə sevmiş səni sevə-sevə içmişdim
sevmişdim içərək səni ölə-ölə sevmişdim
ama ölməyib divara çevrilmişdim...

Qan Orqazmı

nə qanlar tökmüş içimizə - xəbəri olan varmı
nə qədər adamı unutmuşuq adına sevgi deyib
elə gecələr olub ki qanımızı içəcək adam gəzmişik
qanımızı içəcək və bizi rahatladacaq biri
kim dözə bilərdi ki qanımızı içməyə və bizi
rahatlatmağa qatilimiz olmadan
və mən indi anlayıram ki, hər qanımızı içən bizi öldürmür
bizi bir az daha yaşatmağa çalışır bəlkə
kürəyimdən içdiyin qanları sənə halal edirəm qadın
halal edirəm məni bütün pisliklərdən çəkib
bütün yaşamağa dair qoruduğun nələr varsa
və içidiyim hər içkinin bir də sən içmisən ki qanımdan
mənim nə qədər acılar çəkdiyimi daha ölməmişdən duyub
daha yaşarkən məni anlayan son adam olub
son dəfə canımdakı zəhərlə tanış olasan...

indi o qədər rahatam bir siqara alışdırmaq
və dünyanın kürəyimdən qopub ayrıldığını görmək
və ən dəhşətlisi ağrıya sənin ağzınla dözmək
sənin ağzınla hiss etmək acı – donan qanımı
və artıq nə varsa məndən çox rahatca çıxıb getmək
və sənin dodaqlarına şahid olması ki sənin dodaqlarında duyub
daha çox rahatlaşmaq
daha çox hiss eləmək ki daha gözəl yaşamağın bir sirri də
qan verməkdi – qanından qan verməkdi
qanından qan verməkdi ki bütün zəhərli nə varsa rahatlamaq
ölüb dirilmək yenidən – qan orqazmına çatmaq...

və qanını əmən dişlərə sonsuz sayğıyla yanaşmaq gecə
bütün qadınları atıb qanını içən qadına sahiblənmək
və durub baxmaq ki bütün acı qanların gedib
yenidən doğulmuş kimi qanında qandan qaçırsan
və sənə verilən zəhər qanında dolaşarkən
daha çox can atmaq zəhər qanını əmdirməyə
və dodaqlar qanında əl gəzdirərkən şeir yazmaq
kürəyin təslim olarkən o vəhşi dodaqlara
və sən təslim olarkən səni sevən qadına
və sorarkən səndən ən acı zəhəri
sən sadəcə dönüb onu öpüb qucaqlamaq istər
qanını içən birinə təşəkkürlər edirsən
və bu ağrılar canına yeridikcə heç yerə getməzsən ama
ağrının ən eşiyinə gedirsən...

Zamana Oxunmuş Hökmlərin Arxa Üzünə Yazılmış Avtoqraf


biz yaxşı şairlər idik ama yaxşı dost deyildik
hamımız – heç birimiz istəmədən birər pisliyə batmışdıq
biz – yaxşı şair olmadan ölkə yaxşı bir ölkə
ya da ölkəmiz – yaxşı olmadan biz yaxşı şair deyildik
gözəl dostlarımız vardı gözəl sevdiyimiz qadın
gözəl olan hər şeyi pis yerlərdə sevirdik
hamımız bir şər-xəta hamımız bir az acılı bir az zavallı idik

ölkə başdan-başa bizi pis olmağa səsləyir
biz ölkəmizi başdan-başa gözəl istəyirdik
adamların üzündən zəhəri yığışdırmağa gülüşümüz yetmirdi
pulumuz yetmirdi evsiz bir insana ev olaq
sevgisiz bir insanı sevməyə vaxtımız yoxdu
gücümüz yoxdu haqqı tapdalanan birinə çiyin qılaq
və qalaq-qalaq şeirlər imkansız ruhlarımızı
ölkəmizə həbs edib azad edilmiş hər yerdən ayırırdı
və sərhədlər yanına gəldiyində
səni bir daha geriyə buraxmayacaq qədər sərtləşirdi
ki getsən bir də irəli – dönə bilməzsən geri...

heç kəsin heç bir kəsin sevgisində haqqı yoxdu bilirdik
bilirdik çıxıb getmək uzaqlaşmaq –
dünyayla bərabər olmaq haqqımızdı
ama haqqımız deyildi haqqımız olan hər şey
biz nə silah yaradırdıq insanları öldürək
nə ssenari qurudur oyun oynayaq xalqla
hiyləylə heç bir kəsin cibinə girmək üçün nə vaxtımız vardı
nə də həvəsimiz vardı belə insan ruhuna uzaq olan şeylərə

ama hər kəs – şair olmayan hər kəs
elə rahat yaşayırdı bu narahat ölkədə
bütün dünyaya rahat gedib-gələ bilirdi
onlara yollar açıq, onlara pullar saçıqdı
biz – bir yığın şairsə sadəcə tək-tək düşüb
düşmən olaraq qalırdıq
və hər günümüzü keçmiş zamana bağlamaqla
gələcəkdə dünyanın daha gözəl olacağını düşünür
daha çox pis olurduq gözəl olmayan sabahlar
və bizi öz içimizdə o qədər atmışdı dindar allahlar
şeytan düşmənimiz olmuş – heç bir yanımız qalmamış
olmamış kimi olmuşduq – olmamış...

# 1142 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #