Sevinc Elsevər: “Bu qədər azadlıq kifayətdir”

Sevinc Elsevər: “Bu qədər azadlıq kifayətdir”
1 avqust 2014
# 07:45

Kulis.Az gənc yazar Sevinc Elsevərlə müsahibəni təqdim edir.

- İstərdim ilk olaraq qoşulduğun və qalib olduğun “Anamın kitabı” ədəbi müsabiqəsindən danışaq. Səni təbrik edirəm. Necə oldu müsabiqəyə qoşulmağa qərar verdin? Deyəsən heç vaxt pyes yazmamışdın?

- Heç vaxt pyes yazmaq ehtimalı olmayıb ki, yazım. Çünki pyes teatr üçündür, səhnəyə qoyulmaq üçündür. Belə bir imkan olmadığına görə yazmaq ehtimalı da olmayıb. Pyes o adamlar üçün yazılır ki, oxuyub teatrda səhnəyə qoysunlar. Özüm də uşaqlıqdan pyes oxumağa həvəsli olmamışam.

- Dialoqlar, sadə cümlələr, təsvirin yoxluğu...

- Müəllim “filan dramaturqun filan pyesini oxuyun, dərsdə müzakirə edək” tapşıranda böyük problemə çevrilirdi. Romanı məmnuniyyətlə oxuyurdum. Hətta poemanı belə oxuyurdum. Müsabiqə mənim üçün stimul oldu. Elan getdi, şərtlərlə tanış oldum və stimul yarandı. Şərtlərdən biri də bu idi ki, qalibin əsəri səhnəyə qoyulacaq.

- Sən də həvəsləndin.

- Əlbəttə.

- Niyə məhz Xocalı faciəsindən bəhs edən əsər yazdın?

Mən həmişə Xocalıda öldürülən uşaqların əzabını çəkmişəm. Müharibələrdə ən çox əziyyət çəkənlər həmişə qadınlar olur. Qadınlar əsir götürülür, zorlanır. Ən pis iş onların başına gəlir. Ər gedir müharibəyə, ölür ailə başsız qalır. İnsan ağrısı məni hər zaman narahat edir. Zori Balayan 9 yaşlı bir qız uşağının tonqala atılmağını yazmışdı. Mən bu cür hadisələri 60 il keçsə də unuda bilmərəm.

- Yəni bu mövzuda yazmaq içindən gəldi. Publikaya oynamadın.

- Qətiyyən. Xocalıda zorlanan, öldürülən qız uşaqlarına görə həmişə vicdan əzabı çəkirəm. Çünki mən isti yatağımda yatanda (baxmayaraq ki, Xocalı faciəsi baş verəndə mənim cəmi 9 yaşım vardı) 9 yaşlı qız uşaqları Xocalıda güllələnir, yandırılır, hətta zorlanırdı. Mənim də övladlarım var. Həmişə o uşaqları efirdə göstərəndə, Xocalı haqqında oxuyanda öz uşaqlarımı düşünürəm.

- Amma bəziləri o kadrların efirdə göstərilməsinə qarşı çıxır, uşaqların psixologiyasına ziyanından danışırlar...

- Mən də qarşı çıxıram.

- Müharibə şəraitində yaşayan xalq üçün bu fikir doğrudurmu?

- Mən buna qarşıyam. Hətta bir şeirimdə bu barədə yazmışam. Qızımı Xocalı hadisəsi ərəfəsində məktəbə aparırdım. Məktəbdə dəhliz boyunca bu faciəni əks etdirən şəkillər vurulmuşdu. Xüsusən də uşaq şəkilləri. Qızım məndən soruşdu ki, ana, o uşaqları ermənilər öldürəndə ataları, anaları niyə imkan verdi? Mən bilmədim bu suala nə cavab verim. Reallığı desəm uşaqda inamsızlıq yaranacaq. Çünki bütün uşaqlar valideynlərini güclü sayır. Bu inam sarsılanda uşaq travmalı böyüyür. Buna görə bu şəkillərin məktəbdən asılmasına qarşıyam. Ən azından ibtidai siniflər bu şəkillərdən təcrid olunmalıdır.

- Ədəbiyyata yeni gəldiyin vaxtlarda səndə, elə məndə də cəmiyyətə, mentalitetə qarşı nihilist düşüncə vardı. İndi uşaqları necə böyütməyə çalışırsan? Adət-ənənələrə məğlub olmamısan ki?

- Mentalitetimizdə elə şeylər var ki, dövrümüzlə uyuşmur. Böyük filosof kimi qəbul elədiyim İmam Əlinin bir fikri var: “Uşaqları öz dövrünüzə görə yox, onların dövrünə görə böyüdün”. Atalar öz uşaqlarını öz dövrlərindəki kimi görmək istəyirlər. Elə mental dəyərlərimiz var ki, qorunub saxlanmalıdır. Prosesin qarşısını almaq və yönləndirmək olmaz. Məsələn, şortik geyinməkdən danışırlar. Amma bizim uşaqlar şortiklə böyüyürlər.

- Sənin şeirlərində, ilkin yaradıcılığından bu günə qədər qabarıq qadın obrazı var. Əgər əvvəllər o yeniyetmə qız idisə, indi anadır. Və dünyaya bu gözlə baxır. Bu nədən yaranır?

- Biz qız uşaqları ilə oğlan uşaqlarının arasında ciddi fərq qoyuruq. Fərq qoyula bilər. Amma bu qıza basqı formasında olmamalıdır. Uşaqlıqdan eşidirik: “Sən qızsan, bu olmaz”. Mən də uşaqlıqdan bu travmaları almışam. Mənim də uşaqlarıma qadağalarım var, amma bu qadağaları izah edirəm. Bizdə cinsi ayrı-seçkilik çox ciddi problemdir. Bütün şeirlərimə bu məsələlər yansıyır. Məsələn, mən Elsevərlə evliyəm və müqayisə edib görürəm ki, o, məndən daha xoşbəxtdir.

- Elsevər sənə kömək edir, yoxsa əngəl olur?

- Yox, o mənə əngəl olmur. Amma yazıq qadın elə yaradılıb ki, müəyyən məsələlərdə kişi kimi ola bilmir. Mən uşaq saxlayıramsa, evdə oturmağa məcburam. Bunu Elsevər qadağan etmir, qadın təbiətim qadağan edir.

- Eyni vaxtda həm uşaq saxlamaq, həm də yaradıcılıqla məşğul olmaq çətindir.

- Çox çətindir. Şeir yazmaq asandır. Amma roman, hekayə, köşə yazmaq çətindir.

- Bir uşaq kitabı, iki roman yazmısan. Bunları necə vaxt tapıb yazırsan?

- Səhərlər tezdən durub uşaqlar oyanana qədər yazıram. Bir də uşaqlar məktəbdə olanda mən daha məhsuldar oluram.

- Bəs Elsevər evə gələndə narazılıq etmir ki, filan iş tökülüb qalıb, amma sən hekayə yazırdın?

- Yox, o tərəfdən bəxtim gətirib.

- Seymur Baycan Azərbaycan qadınının yaradıcı insanı başa düşmədiyini deyir. Azərbaycan kişisi necə, yaradıcı qadını başa düşürmü?

- Mənim də çətinliklərim var. Amma paylaşmaq istəmirəm. Müəyyən qısqanclıqlar olur, hansısa tədbirə Elsevər istəmədiyi üçün getmirəm. Qalmaqal istəmir. Ümumi olaraq narazılığım yoxdur. Mən Elsevərin hesabına yazıram, onun yazmaq imkanı yoxdur. Birimiz güzəştə getməli idik. İkimiz də ədəbiyyatla məşğul olsaq, üç uşağı böyüdə bilməzdik. Sağ olsun, o güzəştə getdi.

- Kişi yazıçıların çoxu deyir ki, mənim ilk oxucum arvadımdır. Bəs sənin ilk oxucun necə, Elsevərdi?

- Oxuyur. Hətta bir neçə dəfə o oxumadan göndərmişəm, inciyib.

- Oxucu kimi oxuyur, yoxsa senzor kimi?

- Bir az oxucu kimi, redaktə etmək üçün, bir az da senzor kimi. Şərq ölkəsində başqa cür mümkün deyil.

- Bəlkə də səni qorumaq üçün əvvəlcədən oxuyur.

- Mən naşükür deyiləm. Bu qədər azadlıq yetər.

- Neçə illərdir əyalətdəsən. Özünü əyalət yazarı kimi hiss edirsən, yoxsa internet bu sərhədləri aşır?

- Mən özümü adada hiss edirəm. Heç kəslə əlaqəm yoxdur. Mən və ailəm var bu adada.

- Şamaxıda, Salyanda yaşamısan. İndi də Lənkəranda yaşayırsan. Yaşadığın yerlərdə ədəbi mühitlə əlaqələrin olub?

- Lənkəranda var. Cənub TV-nin sayəsində burdakı ədəbi mühitlə əlaqələrim olub. Bir neçə dəfə Cənub TV-də qonaq olmuşam, kitab sərgisində iştirak etmişəm, Cavidanla görüşmüşəm. Bir neçə başqa adamla da görüşmüşəm, ancaq adlarını unutmuşam. Ümumilikdə demək olar ki, adadayam.

- Mütaliəyə vaxt ayıra bilirsən?

- Vaxt ayırıram. Amma əvvəlki kimi sürətlə oxuya bilmirəm. İndi daha çox uşaq ədəbiyyatı oxuyuram. Ümumiyyətlə, özümü uşaq ədəbiyyatına həsr etmək istəyirəm. “Donu qırmızı” adlı bir uşaq romanı yazmışam. Roman “Qanun” nəşriyyatında nəşr olunacaq. Bir də 10 Azərbaycan nağılını dekonstruksiya etmişik. Nağıllarda müəyyən şeylər dəyişib.

- Oğluma bir dəfə “Cırtdan” nağılını oxuyurdum. Gördüm ki, Cırtdan tənbəlin, yekəbaşın biridir...

- Mənim Cırtdanım nə tənbəldir, nə də yekəbaş.

- Nağılın sonunda məlum olur ki, rüşvətxorlar, tənbəllər gəlib qəhrəman olur.

- Mən uşaqlar arasında populyar olan nağılları götürüb işləyib təkmilləşdirmişəm. “Tıq-Tıq” xanımda Tıq-Tıq xanıma, qadına qarşı kampaniya var. Siçan bəy Xan evinə gedir, Tıq-Tıq xanım gəzməyə çıxanda düşür gölməçəyə. Siçan ona köməyə gəlir. Çıxmaq istəmədiyi üçün başına bir daş atır. Qadına qarşı yazılan nağıldır. Elə bil Seymur Baycan yazıb (gülür). Mən bunu dəyişdirmişəm. Mənim Tıq-Tıq xanımım ata-anasının məsləhəti ilə dost axtarır. Yenə həmin obrazlarla rastlaşır. Siçan onu qoyub Xan evinə gedəndə Tıq-Tıq onun ardınca gedir. Bu dəfə Siçan düşür su çuxuruna, Tıq-tıq onu xilas edir.

- Bəs niyə “ öz nağılını” yazmırsan?

- “Donu qırmızı” romanımda nağılvarı şeylər var. Orda Xoxan var. 12 yaşlı uşaq onunla rastlaşır, sirlərini onunla bölüşür. Hətta bəzən ona doğru yol göstərir.

- Uşaqlarının köməyi dəyir?

- Uşaqlarım olmasa çətin olardı. Məsələn, Nilufər Xoxanı təsəvvür etdi, şəklini çəkdi. Mən də köçürdüm romana. Mənim 2010-cu ildə “Varmı məndən gözəli” adlı bir uşaq kitabım çıxıb. O kitabda şeirlərim və bir neçə hekayəm toplanıb. Eyni zamanda Nilufərlə söhbətlərimi yazmışam. İndi başqa uşaqlardan da götürürəm. Uşaq mənim üçün materialdır.

- AYB üzvü olmaq istəmirsən?

- Yox, yox, yox. Qətiyyən yox. Özümü hələ də AYO-çu hesab edirəm.

- 10 il əvvəlki ədəbi mühitlə indiki arasında fərqlər varmı? Sanki ədəbi mühit əvvəllər daha təmiz idi, indi çirklənib.

- Fərq var. Mən əvvəlki mühit üçün darıxıram. Hamı deyir ki, o dövr başqadır. İndi fikir ayrılıqları çoxalıb, parçalanıb. Yazıçıların dostluğunu istəməyən qüvvələr var. Buna da nail olublar.

- Ədəbi mənzərə necədir? 2000-ci illərin şeiri ilə, indiki gənclərin yazdığı arasında fərq nədir? Məncə, o vaxt şeirlər daha inqilabi idi. Həmid Herisçinin, Murad Köhnəqalanın, Rasim Qaracanın, Aqşinin, Nərmin Kamalın, Günel Mövludun, sənin şeirlərin vardı. Amma indi sanki yenidən o tənqid edilən sevgi, ağlamaq, irin-qan poeziyasına qayıdış var.

- İndi istedadlı uşaqlar var. Amma əvvəlki irin-qan poeziyasına da qayıdış var. Mən isə daha çox sosial problemlərdən yazıram. Mənə çatmır qadın və kişi özünü niyə alçaldır.

- Gənc şairlərdən kimləri bəyənirsən?

- Fəridənin şeirlərini bəyənirəm. Şəhriyarın yaradıcılığını bəyənirəm. Ümumiyyətlə, Şəhriyar çox istedadlı oğlandı. İstedadlı uşaqlar çoxdur, sadəcə ad çəkib düşmənlərin sayını artırmaq istəmirəm. Aqşin Evrənin də şeirləri maraqlıdır. Ümumilikdə istedad var, ancaq köhnə mövzulara qaçırlar.

Mirmehdi Ağaoğlu, Cəlil CAVANŞİR

# 5131 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #