“Sərgərdan”, “Aclıq”, “Torpağın bərəkəti”

“Sərgərdan”, “Aclıq”, “Torpağın bərəkəti”
28 aprel 2014
# 14:25

Vurğun Maşıyev

Heç bir yazıçı bilmədiyi, dadmadığı, yaşamadığı hissləri kağıza köçürə bilməz. Buna cəhd etdikdə təhkiyəsindəki səthilik o qədər aydın sezilər ki, həm oxucu zövq almaz, həm də onu özündən uzaqlaşdırar. Aşiq olmadan insanı alıb aparan o hiss selini dilə gətirə, müharibəni yaşamadan insanların gözlərindəki dəhşəti, qəzəbi, ağrını sözlərə izhar edə bilmərik, ac qalmadan aclığın nə demək olduğunu ifadə etməkdə aciz qalarıq.

Knut Hamsun, uşaqlıqdan bəri ona bəlkə də ən yaxşı tanış olan şeyi nağıl edərək başladı yazmağa: aclığı. Soyuq bir çardaqda, vərəqlərə karandaşla yazdığı məqalələri qəzetə sata bildiyi vaxtlarda doyura bildirdi qarnını. İlk romanı olan "Aclıq" o günlərinin romanıdır. Yazıçı bir tərəfdən öz mübarizəsindən danışarkən, digər tərəfdən də şüuraltımıza səslənir. O, əlverişsiz şəraitdə də yazma əzmindən vaz keçmədiyindən, ruh düşkünlüyündən, insanlara qarşı nikbin olmağından, aclıqla necə mübarizə apardığından qeyri-adi tərzdə bəhs edir. Romandakı səfalət içində keçən günlərlə bağlı mənəvi təhlilləri qarşıdakı illərdə ona ən böyük mükafatı - Nobeli qazandıracaq.

Knut Hamsun romanlarında balaca qəsəbə və kəndlərdə yaşayan insanların həyatlarını, məhəbbətlərini, ümidlərini, çarəsizliklərini qələmə alır. Haqqında danışdığı insanlar sadə və adidir. Onları necə varsa, elə də yazıya köçürür. Gənclik illərindəki sərgərdan həyatını, tənhalığını, çöllərdə, təbiət qoynunda başına gələn sərgüzəştlərini birbəbir nağıl edir. Çox vaxt əsərlərində deyilməyənlərin fövqündə olanı axtarıb tapmaq oxucuya düşür.

Hamsun da Russo kimi əsl xoşbəxtliyə yalnız şəhərdən uzaq, təbiətin qoynunda, tək yaşayaraq çata biləcəyinə inanır. Buna görə də təbiətdəki pastoral həyatı müfəssəl surətdə və məharətlə təsvir edir romanlarında. Onunla birgə fiordlarda siyənək ovlayır, qarlı Norveç meşələrində gəzintiyə çıxırıq. Bir qaya oyuğunda daldalanıb yağışı seyr edir, yazda torpağın oyanışına tamaşa edirik. Təbiət onun üçün bəzən bir sevgili qoynu, bəzən də bir ana şəfqətidir: "..indi olduğum yer bir yamaclıq yox, bir sinə, bir qucaqdır sanki. O dərəcədə yumşaqdır. Aram-aram dırmaşır, ayağımı yerə ehmalca basır, məftun oluram. Həssas, aciz və böyük... Bir ana kimi hər şeyə dözür, hətta üstündə bir qarışqanın ora-bura qaçmasına da. Həndəvərdə üstünü ot-alaq basmış bir qaya parçası... Elə bil nəfəsini dərmək üçün dayanıb, uzun müddətdir istirahət edir. Nə gözəl!"

Sitat gətirdiyim cümlələr hadisələrin təbiət qoynunda baş verdiyi iki hissəli "Sərgərdan" əsərindədir. Burada orta yaşını çoxdan haqlamış bir adamdan bəhs olunur. "Payız ulduzları altında" və "Həzin nəğmələr" adlanan romanların qəhrəmanı Knut Pedersen adını və ruhunu yazıçısından alıb sanki. Şəhərdən uzaqlaşıb çöllərdə, meşələrdə ötüb keçən gəncliyin ardınca qocalığa keçidi heç cür qəbul etməyən bir ürək və qarşılıqsız sevgi haqda danışılır bu romanlarda. Son hissədə Pedersenin ruhundakı melanxoliya pik nöqtəyə çatır: "Deyilənə görə, qocalıqda başqa sevinclər, başqa xoşbəxtliklər var, insanın əvvəl heç bilmədiyi həzlər, daha dərin və bitməz sevinclər var. Yalandır!"

Yazıçının böyük marağa səbəb olan digər romanı "Torpağın bərəkəti"dir. Tənqidçilər tərəfindən bir təbiət klassikası olaraq qəbul edilən və ekranlaşdırılan romanda insanın təbiətlə mübarizəsi ön plandadır. Quraq torpaqların səbirlə şumlanaraq bərəkətli torpaqlara çevrilməyi insanın təbiət üzərində qazandığı qələbədir.

Hamsunun romanlarında təbiətlə vəhdət təşkil edən eşqlər həmişə natamam, qüssəli, bədbəxtdir. "Sərgərdan"da, "Benoni"də görə bilərik bunu. Cəmiyyətdən öz istəyilə təcrid olunan qəhrəmanların eşq macəraları da başqa cür ola bilməz zatən. İçinə qapanmş və az danışan bu qəhrəmanların hiss və düşüncələrini yalnız daxili monoloqlarla başa düşmək olar.

Hamsunun yoxsul bir ailədə doğulmağı, təhsil ala bilməməyi, uşaqlığı və gəncliyi aclıq və çətinliklərlə keçməyi ürəkləri dağlasa da, Hitler sevgisi və ölkəsini işğal edən almanlara qarşı hüsn-rəğbəti hiddətə səbəb olur. Bir yazıçının şəxsi həyatı oxucuların reaksiyasına səbəb olursa, o yazıçı üçün yolun sonu deməkdir. Knut Hamsun hərdən bunu yaşasa da, artıq əsərləri şəxsiyyətindən müstəqil olaraq dəyərləndirilir.

# 1764 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #