Həkim məsləhəti: “Sevişəndən sonra mil durun”

Həkim məsləhəti: “Sevişəndən sonra mil durun”
25 yanvar 2013
# 12:48

Patrisiya Haysmit - amerikalı yazar, psixloji detektivlər müəllifi. 1921-ci ildə ABŞ-da doğulub, 1995-ci ildə İsveçrədə vəfat edib.

1950-ci ildə yazdığı “Qatardakı yad adamlar” adlı ilk romanı əsasında məşhur rejissor Alfred Hiçkok film çəkib.

Baş qəhrəmanı Tomas Ripsli olan bir sıra psixoloji kriminal romanların müəllifidir.

Doğurqan qadın

Elenin aləmində «evlilik» ilk növbədə «uşaq» demək idi. Əslində «evlilik» anlayışı özündə bəzi başqa şeyləri də birləşdirir, məsələn, isti bir yuva qurmaq, ərinə arxa-həyan və gülərüz həyat yoldaşı olmaq və sair kimi. Amma onun anladığı qədəriylə, evliliyin əsas və birinci mənası – övlad sahibi olmaq idi, vəssalam.

Duqlasla evləndikləri gündən Elen xəyalında canlandırdığı ideal qadına çevrilmək üçün əlindən gələni elədi və dörd ayda bu yöndə xeyli irəlilədi. Tərtəmiz saxladığı ev-eşiyi göz oxşayırdı, təşkil etdikləri partilər uğurlu alınırdı və Duqlas işlədiyi «Athens» sığorta şirkətindəki karyerasında bir pillə yüksəlmişdi. Həyatlarındakı yeganə əskiklik - Elenin hələlik hamilə qalmamasıydı.

Şəxsi həkimiylə keçirdiyi növbəti məsləhətləşmədən sonra bu problemə də təcili qaydada aydınlıq gətirildi: sən demə, ər-arvad arasında bir uyuşmazlıq var imiş və bu üzdən toydan üç ay keçməsinə rəğmən, gənc qadın hamilə qala bilməmişdi. Görəsən bunun günahı Duqlasda deyildi ki? Duqlas xəcalət içində və könülsüz həkimin qəbuluna gedəndə onun yetərincə sağlam olduğu meydana çıxdı. Bəs elə isə yetərsizlik nədə idi? Daha dəqiq sınaqlar aparılandan sonra məlum oldu ki, döllənmiş yumurta (indiyədək ən azı bir yumurtanın döllənmiş olduğuna hər hansı şübhə yox idi) yuxarıya doğru hərəkət etmək əvəzinə, Yerin cazibə qüvvəsinin tam əksinə, aşağıya doğru irəliləyirmiş, içərilərdə özünə bir yer tapsa da, inkişaf etmək əvəzinə qəfildən qeybə qarışırmış.

İş yerində Duqlasla məzələnməyə can atan birisi gündüz yeməyində bir-iki qədəh gillədəndən sonra ona belə bir məsləhət verdi: «Məncə, iş tutandan sonra arvadın yataqda mil vəziyyətində, yəni başıaşağı durmalıdır».

Duqlas bunun cavabında özünü sındırmamaq üçün gülümsədi. Ancaq hər zarafatın ardında bəlli bir gerçək payı dayanır. Elə həkim də onlara buna oxşar nələrsə tövsiyə eləmişdi.

Həmin gecə o, yataqda mil durmağı Elenə məsləhət gördü.

Gecəyarı isti yorğanın altından çıxan Elen ayaqlarıyla divara dayaq verməklə mil dayandı. O ara sir-sifəti açıq çəhrayı rəng aldı. Duqlas bundan təlaşa qapılsa da, Elen qədim spartalılara xas sonsuz dözüm sərgilədi və haradasa on dəqiqə başıaşağı durdu. Bu müddət bitincə divarın dibində çöküb qalan qadın al qırmızı ləçəkli bir qucaq qızılgülü xatırladırdı.

İlk övladları Edvard bu «duruş» sayəsində dünyaya gəldi və digərlərinə də yol açdı. Aradan heç bir il keçməmiş ailədə əkiz qızlar doğuldu. Elen ilə Duqlasın valideynləri bundan böyük sevinc duydular, çünki «baba» və «nənə» titulları vaxtilə ata-ana olanda duyduqları sevinci onlara təkrar yaşatdı. Bu şərəfə qonaqlıq da verdilər. Elen ilə Duqlas öz ailələrinin yeganə övladları idilər, buna görə də nəsillərinin davam etdiyindən əminlik qazanan ata-analarının sevinci yerə-göyə sığmırdı. Artıq Elenin yataqdan qalxıb, mil durmasına da gərək qalmırdı. On aydan sonra ikinci oğulları – Peter dünyaya göz açdı. Ardınca Filip, sonra isə Madlen doğuldu.

İndi ailədə altı körpə böyüyürdü. Elen ilə Duqlas əlavə bir otağı da olan, nisbətən geniş sahəyə malik evə daşınmağa məcbur qaldılar. Oraya tez-tələsik köçdükləri üçün ev sahiblərinin uşaqlardan, xüsusilə də gecələr zırıldayanlardan zəhlələri getdiyini öyrənməyə macal tapmamışdılar. Yaxşı ki, onlara cəmi dörd uşaqları olduğunu goplamışdılar. Altı ay sonra onlardan evi təcili boşaltmaları tələb olundu, çünki o ara Elenin yaxın vaxtda təkrar ana olacağı dəqiqləşmişdi. Həmin vaxtlar Duqlas pul sarıdan korluq çəkməyə başlamışdı. Ata-anasının verdiyi iki min dollar və qayınatasından aldığı üç min dollar sayəsində Duqlas öz iş yerindən maşınla on beş dəqiqəlik məsafədəki bir ev üçün beh ödəmək imkanı qazandı.

Elenə:

- Ev almamıza sevinirəm, sevgilim, - dedi. – Ancaq ipoteka ödənişinə başlayandan sonra pulumuzu çox qənaətlə xərcləməliyik. Ən azından bir müddət bu, belə olmalıdır… Həm də… hələlik uşağımız olmasa, yaxşıdır. Yeddi uşaq da az sayılmaz hər halda…

O ara onların Tomas adlı oğulları da dünyaya gəlmişdi artıq. Ailə planlamasını aparmağı lap əvvəldən Duqlas yox, Elen öz üzərinə götürəcəyini vəd etmişdi. Odur ki:

- Səni anlayıram, Duqlas. Tamamilə haqlısan, - dedi.

Təəssüf ki, tutqun və zəhlətökən bir qış günü Elen təkrar hamilə qaldığını ərinə açıb söylədi:

- Bu necə oldu, heç cür anlaya bilmirəm. Sən ki bilirsən, hələ həb də atırdım…

Əlbəttə, Duqlas onun həb atdığından tamamilə arxayın idi. Bir ara dinib-danışmadı. Bu vəziyyətdə necə baş girləyəcəkdilər? Duqlas Elenin boylu olduğunu indi aşkar sezə bilirdi. Halbuki son günlər ərzində hər cəhdlə bunu bir qarabasma kimi dəyərləndirməyə çalışmışdı. Valideynləri də ötən illərdə bunlara hər doğum günlərində əllilik, yüzlük əskinaslar bağışlamışdılar: həm də, axı, doqquz nəfərlik ailədə ad günlərinin arası sən deyən çox çəkmir və onların bundan artığına gücləri yetməyəcəyini Duqlas da yaxşı anlayırdı. Hər halda yeddi körpənin təkcə ayaqqabılarına nə qədər pul xərcləndiyini öyrənsəniz, yəqin elə siz də çaşarsınız!

Hər şeyə rəğmən, xəstəxana çarpayısında yastıqlara söykənən, bir əlində körpə qız, digərində isə körpə oğlan tutaraq mürgüləyən Elenin üzündəki bəxtəvər və tox təbəssümü görəndə Duqlas övladlarının sayının doqquza çıxmasından hər hansı peşmanlıq hissi keçirmədi.

Halbuki nikahlarından cəmi yeddi il ötmüşdü. Əgər belə getsəydi… Yaxın dostlarından bir qadın bir gün partidə ikən: «Canım-gözüm, bu Duqlas nə vaxt Elen tərəfə baxsa, qadın həmin dəqiqə ondan hamilə qalır» - demişdi.

Öz kişilik gücüylə bağlı bu üstüörtülü zarafat Duqlası əsla açmamışdı.

Ofisdəki zarafatcıl bir tanışı isə:

- Elə isə qaranlıqda sevişsinlər barı! - deyə söhbətə qoşulmuşdu. – Ha, ha, ha! Çünki bunun sadəcə Duqlasın baxışlarından qaynaqlandığına zərrəcə şübhəm yoxdur!

Bir başqa hərif:

- Hey, Duq, məbada bu gecə gözlərini Elendən ayırasan ha! – deyə bağıranda bütün məclis əhli uğunub getmişdi.

Elen o ara nazla gülümsəməkdəydi. Ətrafındakı qadınların ona aşkar həsəd apardıqlarını düşünməklə qalmırdı o: hətta bundan tam əmin idi. Bircə uşağı olan və ya heç övladı olmayan qadınları o, nimçədə qalıb quruyan lobya maşları sayırdı. Həm də qısqanclıqdan saralmışdı həmin lobyalar.

Duqlasa görə isə vəziyyət betərdən daha betərə doğru getməkdəydi. Bir ara həblərini vaxtında qəbul etdiyi üçün Elen düz altı ay boyu hamiləlikdən qoruna bildi. Ancaq günlərin bir günü onun təkrar hamilə qaldığı qəfildən ortaya çıxdı.

Qadın öz həkiminə və Duqlasa: «Heç nə anlamıram» - deyib, dururdu və həqiqətən də heç nə anlamırdı. Hərçənd həkiminə bu durum tanış gəlirdi, çünki onun bəzi pasiyentləri həbi ardıcıl atıb-atmadıqlarını çox da dəqiq xatırlamırdılar.

Buna görə də həkim hər hansı yozuma gərək duymadı. Həmin an onun dodaqları Hippokrat andıyla möhürlənmişdi.

Bir müddətə də olsa, öz doğurqanlığını azaltmağa, xeyir-bərəkət selinin önünə sədd çəkməyə çalışdığına görə sanki Tanrı Eleni ağır cəzalandırdı: bir dəfədə düz beş çağanı onun qucağına verdi. Xəstəxanaya getməyə özündə güc tapmayan Duqlas iki gün yorğan-döşəkdən qalxmadı.

Sonra ağlına bir ideya gəldi: eyni vaxtda bir neçə qəzetə zəng etsin, müsahibə və beş çağanın fotoları qarşılığı redaksiyalardan bir az para-pul istəsin. Ancaq Duqlasın belə cəhdlərə girişməsi ona daxili iztirablar verirdi, çünki bu cür qoparaqçılığı öz mənliyinə heç cür sığışdırmırdı. Heç qəzetlər də bu xəbərə sən deyən maraq duymadılar və bildirdilər ki, bu ara xeyli ailədə bir dəfədə beş övlad dünyaya göz açıb. Əgər altı çağa doğulsaymış, bu faktla maraqlanarmışlar, yoxsa beş çağa onlar üçün maraqsızmış. Üstəlik, gəlib, foto çəksələr belə, buna görə para-pul verməzlərmiş.

Qəzetdə çıxan fotoya görə ailə planlama təşkilatları onlara sadəcə bir yığın buklet göndərdi, bəzi vətəndaşlar isə ekologiyanın kirlənməsinə verdikləri «töhfələrə» görə Elenlə Duqlasa xoşagəlməz, hətta alçaldıcı məktublar yazmağı özünə borc bildilər, çünki qəzetlər bu cütlüyün səkkiz il ərzində on dörd övlad sahibi olduqlarını bütün aləmə car çəkmişdilər.

Artıq həblər də bir işə yaramadığından Duqlas özüylə bağlı bir çarə axtarışına girişdi. Elen isə qəti şəkildə buna qarşı idi və səsini başına ataraq:

- Elədə həyatımız əvvəlki axarından çıxar, axı! – dedi.

- Bir dənəm, hər şey əvvəlki kimi olacaq. Sadəcə…

Elen ərinin sözünü ağzında qoydu və beləcə, hər hansı nəticəyə vara bilmədilər.

Yenə başqa evə daşınmalıydılar. Yaşadıqları ev onların və on dörd uşaqlarının sığacağı qədər böyük olsa da, beş əkizin əlavə məsrəfləri ipoteka ödənişlərinə heç cür imkan vermirdi. Beləcə, Elen ilə Duqlas övladları Edvardı, Süzanı, Saranı, Peteri, Toması, Filipi, Madleni, adları Ursula və Pol olan əkizləri, habelə Luis, Pamela, Helen, Samanta və Bricit adlı beşəmlərini də götürüb, şəhərdəki sosial sığınacağa köçdülər.

Hüquqi dildə «Sosial sığınacaq» ikidən çox uşağa sahib ailələrin yaşaması üçün tikilən binalara deyilir. Xalq arasında isə bu termin «yoxsullar üçün ucqarda tikilən ev» deməkdir və əslində bu, həqiqətə daha uyğun gəlir.

Artıq Elenlə Duqlas aşağı-yuxarı özləri qədər övlada sahib ailələrin arasına düşmüşdülər. Ara-sıra ofisdən evə yarımçıq işlər gətirən Duqlas bunları bitirməkdən ötrü qulaqlarını pambıqla tıxamağa məcbur idi və hər şeydən cırnayırdı. Öz-özünə belə təsəlli verirdi: «Bütün bunlardan dəli olacağımı düşünə bilirəmsə, deməli, hələlik ağlımı itirmək təhlükəm yoxdur».

Hər ehtimala qarşı, Elen yenə də həb qəbul etməyə başlamışdı.

Amma neyləyəsən ki, qadın yenə də uşağa qaldı. Artıq bununla bağlı müjdə baba-nənələri əvvəlki kimi sevindirmirdi. Çünki getdikcə artan nəvə sayının Elenlə Duqlasın güzəranını necə ağırlaşdırdığının fərqindəydilər və nənələrlə babalar ailədəki artımlarla bağlı artıq heç nə eşitmək istəmirdilər. Duqlas öz qara taleyindən şikayətçiydi. Arvadının gündən-günə şişən qarnını çarəsizliklə süzdükcə, nəyinsə, həm də hələlik ona qaranlıq qalan nəyinsə baş verəcəyinə ümidlər bəsləyirdi.

Bu səfər də beşi birdən doğulsaydı, nə olacaqdı? Bəs altısı birdən? Dəhşətli təxminlər idi bunlar! Görəsən bu həblərdə nə vardı belə? Yoxsa Elen kimya qanunlarından bir istisna idi? Bu tip şübhələriylə bağlı ailə həkiminə verdiyi suallara saqqız kimi, yəni dartdıqca uzanan cavablar aldığını xatırladı Duqlas. Həkim ona elə dolaylı cavab vermişdi ki, Duqlas nəinki onun ayrı-ayrı sözlərini, hətta həmin sözlərin hansı mənaya gəldiyini də yerli-dibli anlamamışdı. Bəyəm bu qədər qaç-qovda nəyi isə dərk eləmək asan məsələ idi ki?!

Alt tumanlarına bez (pampers) qoyulan körpələr evdə oyuncaq zınqırovlarını cingildədir, şeypur və tütəklərini çalırdılar. Taxta ata birinci kim minəcək deyə, Edvardla Peter dalaşırdı. Qızların hamısı sırf analarının diqqətini çəkmək üçün yalandan göz yaşı axıdaraq zırıldaşır, özlərinə arxa-həyan tapmağa çalışırdılar. Filip qarın ağrılarından əziyyət çəkirdi. Beşəmlər isə hamısı birdən diş çıxartmağa başlamışdılar.

Bu dəfə Elen dünyaya üç körpə gətirdi. İnanılmaz iş idi bu! Yaşadıqları mənzilin üç otağı uşaq çarpayılarıyla doluydu, hər otaqda əlavə təkyerli çarpayılar düzülmüşdü və bunların hərəsində ən azı iki uşaq yatırdı. Duqlas düşünürdü ki, əgər bunların arasındakı yaş fərqi bir az çox olsaydı, bəlkə bu dərdə birtəhər dözmək mümkün idi. Körpələrin çoxusu iməkləmə dönəminə hələ yeni girmişdi və mənzilə daxil olan kənar adam səhvən bir uşaq bağçasına girdiyini sanardı. Ancaq yox, bu on yeddi uşağın hamısı tək atanın, Duqlasın belindən gəlmişdi. Döşəmədə yer qalmadığından sonuncu üç körpə üçün tavandan bir taxt asdılar: bu, inanılmaz bir tapıntı idi! Taxtın məhəccərinin arasından çağaların əskiləri dəyişdirilir, yeməkləri verilirdi. Bu durum Duqlasın yadına istər-istəməz heyvanat parkını salırdı.

Həftə sonlarında əsl cəhənnəmə dönürdü ev. Dost-tanış artıq onların düzənlədiyi partilərə qatılmırdı. Buna görə onları qınamaq da olmazdı! Çünki Elen qonaqlardan qımıldamamalarını xahiş etməyə məcbur olurdu. Bununla belə, saat doqquza doğru körpələrdən ən kiçiyi mütləq yuxudan oyanır, digərlərinin də yuxusuna haram qatırdı və dəstəylə zırıldaşmağa başlayırdılar. Hətta yeddi-səkkiz yaşında olanlar da həmin xora qoşulurdular. Bu səbəbdən Elenlə Duqlasın sosial həyatı sıfıra enmişdi. Digər tərəfdən bəlkə də bu, daha yaxşıydı, çünki onsuz da qonaq-qara qarşılamağa pul tapmırdılar.

Bir bazar günü günortadan sonra Duqlas oturub, şirkətdən gətirdiyi kağız-kuğuzla əlləşirdi. O ara Elen sakitləşdirmək məqsədiylə əlini ərinin alnına qoyub, dedi:

- Ancaq mən, sevgilim, özümü həqiqətən də son dərəcə doymuş birisi kimi hiss edirəm.

Həmin vaxt Duqlasın başı hesablamalara qarışmışdı və «qonaq otağı» adlandırdıqları, onsuz da dar otağın bir küncünə qısılmışdı. Elen yarıçılpaq idi və ondan ötrü bu, adi hal sayılırdı. Çünki əynini geyinmək istəyən kimi mütləq uşaqlardan birisi nə isə istəməklə ona mane olurdu və o ara qadın südəmər çağalarını yedirməyə başlayırdı.

Qəfildən Duqlasın içində sanki bir şey qopdu: o, yerindən qalxıb, özünü bayıra atdı və birbaşa yaxınlıqdakı telefon köşkünə sarı yönəldi. Evdə telefonları yox idi. Hələ maşınlarını da satmağa məcbur qalmışdılar.

Bir klinikaya zəng edən Duqlas vazektomiya əməliyyatı (kişilərdə spermlərin boşalmasının qarşısını almaqla nəticələnən əməliyyat-red.) barədə məlumat istədi. Pulsuz əməliyyata girmək üçün dörd ay gözləməli olacağını söylədilər ona. Bununla razılaşan Duqlas adını siyahıya yazdırdı. İndi o, bakir həyatda bəxtini sınayacaqdı. Olsun! İlahi pərvərdigara, indi onun ailəsi düz on yeddi baş idi! Ofisdə Duqlasın qaş-qabağı yerlə gedirdi. Vaxtilə onunla məzələnənlər də daha susurdular.

Duqlasa elə gəlirdi ki, çevrəsindəkilərin ona yazığı gəldiyindən uşaq söhbətini ortaya atmırlar. Təkcə Elen bəxtəvər idi. Sanki tamamilə başqa bir dünyada yaşayırdı o. Son vaxtlar danışıq tərzi də uşaqlarınkını xatırladırdı. Duqlas isə öz əməliyyat gününü intizarla gözləyirdi. Elenə heç nə söyləmədən, eləcə hay-küysüz əməliyyata girməklə bu bəladan həmişəlik qurtulacaqdı. Bir həftə əvvəldən tarixi dəqiqləşdirmək üçün zəng edəndə ona bildirdilər ki, daha üç ay gözləməli olacaq. Sən demə, əməliyyat tarixini deyən adam bir yanlışa yol veribmiş.

Duqlas zərblə dəstəyi asdı. Problem heç də sekssiz yaşamaqdan qaynaqlanmırdı. Sadəcə öz qara bəxtinə qəzəblənirdi o. Hətta qarşıdakı bu üç ayda Elenin özbaşına hamilə qala biləcəyi qədər maniakal bir qorxu da ürəyinə dammaqdaydı.

İşin tərsliyindən evə girən Duqlasın nəzərləri oyuncaq arabacığı ora-bura sürən və əynində bircə don olan qızı Ursulaya sataşdı. Qızcığaz birə-bir öz bənzəri olan kuklanı arabacığına oturtmuşdu.

Duqlas ağzını göyə tutub, arvadına səsləndi: «Ehey, bir buna baxsana! Doğru-dürüst yeriməyi bacarmır, ancaq indidən ana olmaq arzusundadır!» Arabacıqdan götürdüyü kuklanı o, hirslə pəncərədən bayıra vızıldatdı.

Elen ərinə tərəf qaçdı:

- Duq! Nə olub sənə?!

Bu vaxt qadının bir məməsi bayırda qalmışdı və körpə Çarlz zəli kimi bu məməni əmməkdəydi.

Duqlasın atdığı təpik uşaq çarpayılarından birinin çökməsinə səbəb oldu. Əlinə keçən taxta atı o, qarşı divara çırpdı. Təpiyiylə göyə uçan və sonra yerə düşən oyuncaq evciyi ayaqları altda əzib, tikələdi.

- An-a!.. A…na-a!

- A…ta-a! Ata…a-a!

- Ü…ü…ü…ü!

«Ühü... ühü, ühü» səsləri bir dəstə ağızdan eyni vaxtda çıxmaqdaydı!

Ən azı on beş uşağın zırıltısı və Elenin qara-qışqırığı ucbatından evdə ağız deyəni qulaq eşitmirdi. Duqlas isə oyuncaqları özünə hədəf seçmişdi. Cürbəcür ölçüdə toplar pəncərədən bayıra uçuşdu. Sonra növbə plastik şeypurlara, xırda pianolara, daha sonra isə maşınlara, telefonlara, ayılara, zınqırovlara, tapançalara, rezin qılınclara, tennis raketlərinə, geyişən damaqlar üçün rezin fiqurlara və rebus lövhələrinə gəldi. Bir cüt plastik süd qabını əlinə alıb sıxan Duqlas onların ucundakı rezin əmzikdən süd fışqırdığını görüncə çılğınlıqla qəhqəhə çəkdi. Elenin üzündə donan ifadədəki çaşqınlıq çaları isə dəhşətlə əvəz olunmuşdu. Bayaq qırılan pəncərədən başını bayıra çıxaran gənc ana dışarıya uzanmaqla nalə çəkməyə başladı.

Duqlas əlindəki hansısa alətlə şişman marionet kuklanı qırmağa çalışırdı. Köməyə yetişən adamlar həmin aləti kişinin əlindən zorla aldılar, onu sürüyərək evdən çıxartdılar. Boyun nahiyəsinə vurduğu iynə ilə növbətçi həkim onu yatırtdı. Ağlı üstünə gələndə o, özünü divarları üzlənmiş bir kamerada gördü. Harada olduğunu heç cür anlaya bilmirdi.

Vazektomiya əməliyyatının aparılmasını israrla tələb eləyəndə ona daha bir uyuşturucu iynə vurdular. Oyanınca təkrar vazektomiya tələbini dilə gətirdi. Elə həmin gün onun bu istəyi gerçəkləşdi. Bunun ardından Duqlas nisbətən dirçəldi, yaxşılaşdı. İndi o, əgər belə demək mümkünsə, ağlının başından «uçduğunu» etiraf edəcək qədər ağıllıydı.

Bir daha işinin başına dönməyi, ümumiyyətlə, nə isə eləməyi isə əsla arzulamırdı. Köhnə dostlarıyla görüşmək istəmirdi. Onları həmişəlik itirdiyinə özünü inandırmışdı artıq. İçindəki yaşamaq həvəsi, ehtirası qeybə çəkilmişdi. On yeddi illik qısa bir müddətdə on yeddi uşaq dünyaya gətirdiyi üçün bütün şəhərin dilində məsxərəyə çevrildiyini indi o, dumanlı şəkildə xatırlayırdı. Yoxsa uşaqlarının sayı on doqquz idi? Bəlkə iyirmi səkkiz? Sayı-hesabı itirmişdi tamam.

Elen onun ziyarətinə gəldi. Birdən yenə hamilə olar ha?! Yox, canım, olmaz. Hərçənd Duqlas onu boylu görməyə adətkar idi daha. Elenin fikri-zikri sanki uşaqlarının yanındaydı. Çox yəqin, yenə də doyum həddinə gəlmişdi qadın… Hə, hə, bu məqam Duqlasın xatirinə məhz indi düşdü.

Gic-gic hırıldayan Duqlas dedi:

- Yenə mil dur və hər şeyi tərsinə döndər.

Yanındakı həkimə soyuqqanlı tərzdə:

- Havalanıb bu, - deyən Elen tam biganə halda kameranı tərk elədi.

Dilimizə çevirdi – Azad Yaşar

# 5492 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #