Qoca rəssamın Ceyranı-HEKAYƏ

Qoca rəssamın Ceyranı-<span style="color:red;">HEKAYƏ
27 noyabr 2014
# 14:31

Kulis.az yazıçı Natiq Rəsulzadənin “Pəncərə” hekayəsini təqdim edir...

Bizim bu Allahapənah şəhərimizdə belə həyətlərin sayı get-gedə azalırdı. Bu da təbii idi. Əvvəla, şəhər ötən əsrin ortalarına xas əvvəlki simasını itirirdi. Ən adi rahatlıqdan (çox vaxt sakinlərin hamısına bir tualet, köhnə, salxaq su kranı düşürdü, o da həyətdə, çimməyə isə, adətən, həftədə bir dəfə şəhər hamamına gedərdilər) məh rum kommunal mənzillərə və kiçik evlərə sığınan insanlar-müxtəlif xalqların nümayəndələri, bütün bünlara rəğmən, mehriban ailə kimi qaynayıb - qarışır, özləri barədə danışdıqları lətifələrə birgə gülür, bir-birlərinə əl tutur, çətinliklərini bölüşürdülər, kasıblıq şən yaşamalarına mane olmurdu. Hər bir ailədə olduğu kimi, söz-söhbət, inciyib - küsmək də olurdu, amma müvəqqəti. Bir müddət keçirdi, nəyisə bölə bilməyən qonşular, əsasən, qonşu qadınlar gün ərzində on dəfə üz-üzə gəlir və boş bir şeydən yaranmış münaqişə yaddan çıxır, hər şey əvvəlki axarına düşürdü. Lakin indi ilə müqayisədə bütün bunlar Nuh əyyamının tarixi səhvi anlamına gəlir. On beş il ərzində şanlı şəhərimiz məlum səbəblər: müharibə, qaçqınlıq üzündən beynəlmiləlçiliyini itirib və bununla bənzərsiz cazibədarlığını da qeyb edib. Təbii ki, ötən əsr üçün səciyyəvi olan köhnə beynəlmiləl (bu millətlər üçün ən önəmli onların hamısının bakılı olması idi) həyətlər qeybə çəkilirdi. Bu yaşayış yerlərinin təkrarsız, xüsusi ab-havalı həyətləri ilə bərabər kütləvi məhvi onların yerinə - başıbəlalı şəhər mərkəzinə adi memarlıq və şəhərsalma şərtlərindən uzaq iyirmi mərtəbəli bəd- heybətlərin dürtülməsi ilə əvəzlənirdi.

Nə etmək olar, Allah bilsin, zamana qarşı çıxmaq mümkün deyil, zaman dəyişir, onunla bərabər xeyirxahlıq, insanpərvərlik, yaxınlara sevgiyədək hər şey dəyişir. Və ziddiyyətli dəyişir, əks keyfiyyətə - tamahkarlığa, acgözlüyə, paxıllığa çevrilir.

Hər halda, şəhərin köhnə küçələrində bəzi həyətlər qalıb, yeni pırtlamış burjua qalıqlarının uzunqolları hələ ki, oralara çatmayıb. Lakin onların yaxın planlarında oralara əl atmaq, sökmək, dağıtmaq, yerlə yeksan etmək, bünövrə üçün dərə qazmaq, tikmək, satmaq, ölüm-itimi unudub bacardıqca çox qazanmaq vardı. Kasıb teatrın səhnə dekorasiyalarını xatırladan çatlaq qır damlı (yeri gəlmişkən, da ma diqqət edin... Nə? Antena! Əladır, eləmi? Sonra deyərəm...) birmərtəbəli evin həyəti də salamat qalanlardandır. Köhnə qonşular gec-tez köçürüləcəklərini bilirdilər və bu, onların hər biri üçün şəxsi faciə idi. Bu, ailənin dağılması kimi bir şeydi. Burada kiçik, darısqal otaqlarda üç ailə və yetmiş iki yaşlı yalqız qoca yaşayırdı. Qoca rəssam idi: tanınmamış və aztəminatlı. Kiçik təqaüdü heç rəng almağa çatmırdı. Hərdənbir zühur edən işləmək həvəsinin də gəlməyi ilə getməyi bir olurdu. Qocalıqdan doğan tənbəllik əl-qol atmağa imkan vermirdi. Özünü inandırmağa çalışırdı ki, geyimə (yəni, təzəsinə) ehtiyacı yoxdur və bir kostyumu iyirmi il geyə bilər. Lakin qəlbi üsyan edirdi, bu ədəbsiz və sərt qərara etiraz edirdi. Bütün rəssamlar kimi, təbiətən o, hətta bir az pijon idi. Bir vaxtlar boynuna əlvan yaylıq bağlayardı. Yaylıq yuyulmaqdan bozarmışdı. Döş cibindən görünən eyni rəngli dəsmal isə az yuyulduğundan təzə qalmışdı.

Rəssamdı da, nə etmək olar?! Kiçik otağının divarlarına başdan-başa rəsmlər çəkmişdi. Otağın pəncərəsi yoxdu, deyilənlərə görə, çox-çox əvvəllər bura anbar imiş, bəlkə də taleyin istehzasıdır-nədir, burada boya və başqa rəngsaz ləvazimatları, əlif, skipidar və başqa şeylər saxlanırmış, bir sözlə, pəncərə gərək olmayan anbar. Bir divarda pəncərə çəkmişdi qoca. Rəsm çox təbii alınmışdı, əsl pəncərəyə bənzəyirdi. Pəncərə arxasında bir parçası görünən dəniz hiss olunmadan mavi səmayla qovuşurdu. Pəncərədən o yana gözəl hava bərqərar idi Giriş qapısının üzərində tunel şəkli çəkmişdi. Qapıya yaxınlaşanda adama elə gəlirdi ki, dərinliyindən işıq süzülən qaranlıq tunelə girir. Beləliklə, qocanın dünyaya baxışı, bağışlayın, dünyagörüşü müəmmalı qalırdı: bir tərəfdə gözqamaşdırıcı günəş altında mavi, geniş, intəhasız aləm (nə olsun ki, divarda bu aləmin bir parçası təsvir olunmuşdu, hətta yaradıcı təxəyyüldən uzaq qonşular belə bu zənginliyi sezirdilər, digər tərəfdə haraya apardığı bilinməyən darısqal, qaranlıq tunel, ümumiyyətlə, harayasa aparıb çıxaracaqmı- bəlli deyil və güclə nəzərə çarpan bulanıq işıq ləkəsi...

Tunelin qaranlığı səni udmaq üçün bircə addımına bənddi. Rəssamın xasiyyəti də belə təzadlı idi. Bəzən özünü bütün imkanlarını ifadə etməmiş böyük istedad sahibi hesab edir, bəzən "peşəsini düz seçibmi?" deyə şübhələr məngənəsində əzilirdi. Dözülməz qəzəbdən oyunbazlıq edir, qonşular ailəsində təlxək rolu oynayırdı, lakin ətrafdakıları güldürməyi adət etmiş təlxək, oyunbaz rolundan ailədənkənar şəraitdə də qurtula bilmirdi. Bir sözlə, yaxşı ad çıxarmamışdı, amma inandırmağa çalışırdı ki, qonşuların münasibətinə tüpürmək belə istəmir. Lakin hər şeyə tüpürmək olmurdu. Düzgün və vaxtında istiqamətlənmiş bir çox yaşıdı fəxri adlar, bahalı sifarişlər, yüksək təqaüd və mənzillər ( aman, Allah! Necə mənzillər almışdılar?! Mənzil deyil, saraydı. Bu həyətin bütün sakinləri oraya yerləşə bilərdilər, hələ rəssam üçün emalatxanaya da yer qalardı) almışdılar, mətbuat səhifələrində də, televiziya ekranlarında da sayrışırdılar. Belə hallarda qoca bacarıqsızlığına və həyatla ayaqlaşa bilməməsinə bəraət qazandırmaq üçün hər dəfə bir şey uydururdu. Televizorda yeni laureatı görüb: "Vaxt vardı, mən ona rəsm çəkməyi öyrədirdim, düzdür, gələcəyinə ümid vardı, amma göydən zənbillə də düşməmişdi. İndi gör haralara qalxıb?! Küçədə görsə, adamı dindirməz", deyə düşünürdü. Amma onu dindirirdilər. Onu dindirən hər kəsin üzündə eyni təkəbbürlü, saymazyana təbəssüm görünürdü: yəni, bax bu da bizim qoca, indi rahatlaşmaq, dincəlmək, gərginliyi atmaq, usandırıcı işləri unutmaq olar.

- Hə, qoca, nə vaxt Parisdə fərdi sərgin açılacaq?

- Məndə o bəxt?- Qoca da sancırdı,- Parislərdə gəzməyə siz öyrəşmisiniz. Məni Masazırdan o yana heç kim tanımır.

Qoca xatırlayırdı ki, aşnanın işləri hansısa mədəniyyət proqramı çərçivəsində Parisdə sərgilənib, bu mədəniyyətsiz qocanı təbii ki, siyahıya salmazdılar.

Həmkarının da suallarında uşaqlara xas paxıllığın gizləndiyini hiss edirdi. "Aman, Allah, - deyə qoca düşünürdü,- gör insanlar nədən həzz alırlar, belə şey olar?"

- Eybi yox,- həmkarı guya ürək-dirək vermək istəyirdi.- Əsas can sağlığıdır, bunu bil.

- Hə, - qoca deyinirdi,- sizinlə adamın canı sağ olar, əlbəttə...

- Həsəd aparmaq lazım deyil,- aşna öyüd verirdi. -Yaradıcı adamların bütün xəstəlikləri bundan törəyir.

- Həsəd aparmaq?!- Bu söz qocanın çızdağını çıxarırdı. - Mən sizin sərginizə...- Bunu deyib qoca küçənin ortasında ucadan yel buraxırdı, gəlib keçənlərin onun haqqında nə düşünəcəkləri vecinə gəlmirdi.

- Bax bunu sübut etmək tələb olunurdu!- Söhbətin əvvəlindən bəri təlxəkdən buna bənzər bir hərəkət gözləyən bəxtli həmkar məqsədinə çatıb sevincək ürəyində yekunlaşdırır və qaçaraq bahalı xarici avtomaşınına oturub, buradan tez uzaqlaşmağa çalışırdı.

Qoca əlində çörək və qatıq paketi divarlarına qanadlarını gərib yatmış qeyri-adi gözəllikdə iri əlvan kəpənəklər çəkilmiş mənzilinə qayıdırdı...

Həyətin küncündə köhnə taxta tualet vardı. İllərlə xroniki qəbizlikdən əziyyət çəkən təlxəyin hoqqalarından biri də bu idi ki, tualetdə yerini rahatlayan kimi qışqırmağa başlardı:

- Bozbaş, çıx bayıra! Kabab, çıx bayıra!

Qonşular, ən çox da qadınlar, həmin dəqiqə bu ürəkaçmayan monoloqa müdaxilə edirdilər:

- Tualetdən reportaj. Hələ ki, çıxmır!

- Gopa basır! Nə bozbaş, nə kabab? Gör könlündən nə keçir?!

- Onun təqaüdü ilə dolanmaq olar? Ayda bir dəfə ət yesə, böyük şeydir.

- Yox, yox, yalan demir. Dünən axır ki, Rövşənin üçaylıq maaşını verdilər, mən də bozbaş bişirdim, bir qab da ona verdim...

- Kompot, çıx bayıra!-Tualetdən səslər eşidilirdi.

- A!- Qonşu qadınlar anında münasibət bildirirdilər. -Desertə çatıb. Demək, tezliklə tualeti boşaldacaq.

Qoca ağır iş görmüş kimi tər içində tualetdən çıxırdı, özündən sonra aftafanı kranın altında yumağı da unutmurdu. Köpək oğlu, çox təmizkardı.

- Həmişə rahatlıqda! -Qonşu qadınların səsi həyəti başına alırdı, - Deyirdik, daha bu dəfə oradan çıxmazsan.

- Gülün, gülün,- deyirdi qoca,- Nə təhər edim, axı çıxmır?!

- Yemə, altını da çəkmə.

- Çox ağıllı fikirdir.

Sadə adamların məskən saldıqları bu evdə belə zarafatlar çox olurdu. Savadlanmaq sarıdan özünə əziyyət verməmiş sakinlər arasında fərqlənən elə qocanın özü idi. Rəssamdı. Ruhən aristokratdı. Demək olar ki, ziyalıydı. Amma özünü ziyalı kimi aparmırdı, içirdi. Adətkərdə idi. Sərxoş olanda yaşı da yadından çıxırdı, dava salır, şuluqluq edirdi. Bəzən yüngülvari kötəklənirdi də, hər halda, yaşını nəzərə alırdılar və qulaqburması da yaşına uyğun verilirdi, o da cızığından çıxmasın, deyə.

Nə olsun ki, rəssamdı? Daş atırsan rəssama dəyir, hamısı da sponsor axtarır. İndi biznesmenlərin, bankirlərin, işbazların zamanıdır... Rəssamlar kimə lazımdır? Lakin cəmiyyət nə qədər dəyişsə də, rəssamlar da dolanmalıdırlar, ya yox?!

Qoca bəzən narahat olmağa başlayır, sifariş soraqlayır, köhnə rəsmlərini satmağa çalışırdı. Amma sərt rəqabət və qocanın kiminləsə razılaşmağa imkan verməyən uyuşmazlığı ilə bu nadir hallarda baş tuturdu. Əsasən təqaüdlə yaşayırdı, nə qədər aza qane olsa da, çətinlik çəkirdi. Yalqız idi. Yalqız idi, zəhər tuluğu idi, kinli idi. Bəzən yalquzaq kimi evə qapanır, kimsəni görmək istəmirdi. Qocanın qəribəliklərinə adət etmiş qonşular belə hallarda onu narahat etməməyə çalışır, qapıda yemək qoyub çəkilirdilər. Bəzən də gecə yarıya kimi kranın yanında oturub, yuyunan, çaydan dolduran, camaşır yuyan hər kəsi söhbətləri ilə bezdirirdi.

Gəncliyində evlənməməyinin səbəbi bəlli deyil, yetkin yaşda da evlənməyib, bir sözlə, heç vaxt evlənməyib, uzaq qohumlarından başqa kimsəsi yoxdu, onlarla da əlaqəsi olmayıb, daha doğrusu, qohumlarının onunla münasibəti olmayıb. Ailəsini də, qohumlarını da qonşular əvəz edib. Otağında telefon yoxdu, kiməsə telefon nömrəsi verməli olanda, heç sıxılmadan, özününkünü verirmiş kimi qonşunun nömrəsini verirdi. Ona nadir hallarda zəng edirdilər, bu zaman qonşular onu çağırırdılar. Qocanın televizoru da yoxdu. Qonşular televizorlarını pəncərəyə tərəf çevirirdilər və yay axşamları boğanaq otaqlarda oturmamaq üçün hər kəs stulunu çıxarıb verilişlərə baxır, zarafatlaşaraq uzun-uzadı kanalları seçirdilər. Ona görə yox ki, onların televizorları yoxdu, belə deyildi, bu barədə bir tək qoca istisna idi. Sadəcə, oturub televizoru birgə seyr etmək daha maraqlı idi. Kişilər ara-sıra ekrana baxaraq nərd atırdılar, qadınlar xahiş edirdilər ki, oyunçular damaları yavaş vursunlar.

- Bax rəssamımız da gəlib çıxdı!- Qoca kətillə həyətə çıxanda kimsə dillənirdi.

- Məgər rəssamlar televizora baxırlar?- Oyunçuların biri zarafata başlayırdı.

İkinci nərdçi ona səs verirdi:

- Bəs nə bilmişdin? Rəssamlar adam deyil? Bilmək istəyirsənsə, onlar televizora daha yaxşı baxırlar.

Birinci nərdçi bic-bic gülümsəyib zarafata zəmin hazırlayaraq davam edirdi:

- Necə yəni daha yaxşı?

- Yəni onlar hər şeyi fərqli görürlər.

- Necə yəni fərqli? - Hər şeylə maraqlanan ikinci nərdçi əl çəkmirdi.

- Başa salım da, sən, məsələn, baxırsan, nə görürsən?

- Sənin gördüyünü.

- Bəli. Düzdür. Ona görə ki, biz rəssam deyilik.

- Bəs onlar?

- Onlar da baxırlar və bizim gördüyümüzü görürlər, amma bundan başqa, onu da... Nədir onun adı?

- Nə?

- A! Yadıma düşdü! Daxili mahiyyətini görürlər, bax belə!

- Gör e! O nədir?

- O? Sən başa düşməzsən... O baş səndə yoxdur.

- Get eee!..

- Sakit! Qadınlar var. Söyüş söymə.

- Hələ başlamamışam.

- Başlamasan yaxşıdı.Get, oyun sənindi.

Qoca buna bənzər atmacaları dinləyib gülümsəyirdi, arada o da bir söz deyirdi, incimirdi, belə şeylər ona təsir etmirdi. Onu haqsızlıq incidir, təhqir edirdi. Ona qarşı üsyan edirdi bacardığı kimi. Amma yaxşı bacarmırdı. Bununla belə, ona və başqalarına yönələn hər hansı bir haqsızlığa etiraz etdiyini bildirməyə çalışırdı.

Oyunçulardan biri uzun fasilədən sonra rəssama müraciət edirdi.

- Qoca, de görüm, həyatından razısan?

- Niyə razı olmasın ki?- Qonşu qadın televizordan ayrılıb söhbətə müdaxilə edirdi: - Qarnı tox, əyin - başı var. Allaha şükür...

- Səndən soruşan yoxdu,-nərdçi qadının sözünü kəsirdi.-Şəxsi sualdır.

- Həyatımdan razıyam,- deyə qoca cavab verirdi. -Xasiyyətimdən narazıyam.

- Xasiyyətinə nə olub ki?

- Xasiyyətim belədi ki, elə bilirəm həyatımdan narazıyam.

Yeri gəlmişkən, qoca bu həyətdə yaşayanların ən yaşlısı deyildi. Səksən səkkiz yaşlı Qasım kişi oğlanları, gəlinləri, böyük nəvələri, hətta, bir nəticəsi ilə burada yaşayırdı. Həyətə az-az çıxırdı, qoca rəssamın adını bəzən unudurdu, onu "oğul" deyə, çağırırdı. Hərdən soruşurdu: "Oğul, evlənməmisən?" Rəssam cavansayağı cavab verirdi: "Evlənərdim, amma alınmır..." "Nə?- Qasım kişi qulaqlarını geniş açmağa çalışaraq soruşurdu. -Hə, hə, düz deyirsən, neyləmək olar, elə darısqallıqda yaşayırıq ki, mütləq kiminləsə toqquşursan. Bir-birimizə sürtünməkdən aləmi uşaq basıb". Qonşunun getdiyini duymayan qoca öz-özünə danışdığını bilmirdi.

Qonşulardan kimsə nəyisə rəngləmək istəsə, rəssamı səsləyirdı:

- Mirağa, ay Mirağa!

O da hər işə hazırmış kimi cavab verirdi :

- Nə var, Çimnaz?

- Mirağa, tavan qopub tökülür, ağartmaq lazımdır, sənə əziyyət verməzdim, amma axşam qızıma- Solmaza elçi gələcək, qoy hər yer təmiz olsun...

Mirağa qonşugilə keçib, tavanı ağardırdı, bu, onun rəssam şəxsiyyətinə zərrə qədər toxunmurdu, əksinə, kiminsə işinə yaramasından xoşhal olurdu, öz otağının divarlarına fantastik kəpənəklər çəkərkən necə ürəklə, şövqlə işləmişdisə, tavanı da eyni vəchlə ağardırdı. Ev sahibəsi hər hansı bir iş üçün çıxdıqda, özünü saxlaya bilmir, otağına gedib rəngləri götürür, əgər tapılsa, boş, sıxıcı divarlarda ecazkar quş və nağıl kəpənəklərinin rəsmini çəkirdi.

- Nə etmisən, Mirağa?!-Otağa qayıdan ev sahibəsi ah-vay edirdi.

- Elçiliyə ciddi, mədəni adamlar gələcəklər. Oğlanın atası polisdə işləyir, oğlan özü də artıq çavuşdur, onun qazandığının yarısını Allah bizə də yetirsin. Sənsə divara gör necə gic-gic şeylər çəkmisən!

- Mənim otağımda eynən belə quşlar xoşuna gəlmişdi axı! -Mirağa təəccüblənirdi. - Gözəldi axı!

- Sənin otağında- hə! - Qonşu qadın mənalı-mənalı cavab verirdi.-Sənə elçi gəlmirlər ki.

- O da düzdür, - Mirağa dincliklə razılaşır, azacıq da olsa, incimədən, əslində sonu əvvəlcədən təxmin edirdi, çəkdiklərinin üstünü boyayırdı.

Divar göz qabağında soyuq, lal səddə çevrilirdi.

Bax belə, qocanın əlləri gicişirdi, boyamadığı yer qalmamışdı: bir bu evə baxın, bütün həyətdə boş divar yoxdur - hər yan gül-çiçəyə və anlaşılmaz abstrakt ləkələrə qərq olmuşdur, tualetin qapısına çəkdiyi insan arxasından ətrafa al-qırmızı qızılgüllər və ürəklər səpələnirdi. Başınızı qaldırın, baxın, baxın, damda haqqında danışmağa söz verdiyim və az qala unutduğum, bu da onun əl işidi, televizor antenalarının başına nə oyun açıb? - Diqqətçəkən nəhəng, əlvan kəpənəklərə çevirib. Küçə qapısına vurulmuş xoruz isə sankı ındicə banlayacaq, elə quyruğu bir tamaşadır. Məhəllə uşaqları neçə dəfə bu xoruzları qoparıb qənimətləri ilə qaçışırdılar (elə şeylər var ki, əllər dinc durmur, xüsusən də oğlan uşaqlarının əlləri), Mirağa da tənəkədən yeni xoruz kəsir, rəngləyib qapıya mıxlayırdı.

- Qoca, belə çıxır ki, burada yaşayan kişilər xoruzdur? Sən nəyə işarə edirsən? - deyə qonşular deyinirdilər.

Mirağa vəziyyətdən çıxmağa çalışırdı:

- Mən heç nəyə işarə etmirəm. Xoruz gümrahlıq, qıvraqlıq rəmzidir. Tezdən durur, hamını oyadır...

- Elədirsə, mən də hamını oyadıram, - qonşu onun sözünü kəsirdi.

-...Boş-boşuna uzanıb qalmağa doymur, hamını işə-gücə səsləyir. Bax belə. Ən başlıcası - gözəldi axı. Elə deyil məgər?

- Hmm,- qonşular baxışıb başlarını yelləyirdilər.- Gözəl olmasına gözəldir, uşaqların xoşuna gəlir, deyirlər, təkcə bizim həyət belə şəkilli-məkillidi. Başqaları bizim haqqımızda pis düşünməsinlər.

- Siz də pis düşünənlərə tüpürün.

- Necə tüpürək?.

- Mənim kimi.

- Deyirsən də... Adamların arasında yaşayırıq. Hamıya tüpürmək olmur.

Mirağa məhz bunu anlamırdı. O hesab edirdi ki, yaxşı adamlar pis fikrə düşmədən gözəlliyə sevinməlidirlər, daha bunda başqa, xoşagəlməz məna axtarmamalıdırlar.

Ozünə güclə yetən təqaüdünə aldığı hava şarlarının üzərinə şən sifətlər çəkib məhəllə uşaqlarına paylayırdı. Uşaqların şadlandığını görəndə onlardan artıq sevinirdi. Qonşu qadınlar: "Sən gərək kloun olaydın, Mirağa", deyirdilər ona.

Qonşuları da, həmkarları da, bütün tanışlar da onu normal yaş mərhələlərini ötüb birdən-birə yetmiş iki yaşda zühur etmiş böyük, yox, qoca uşaq sayırdılar. Bəlkə elə ona görə evlənməmişdi? Kim belə qeyri-ciddi, bivec adama qız verərdi? Lakin keçmiş dəblə ifadə etsək, həyatında romanlar olmuşdu. Bu qızları, qadınları vaxtilə ona bəxş etdikləri isti duyğulara görə minnətdarlıqla xatırlayırdı. Bir müddət yaxınlıqdan sonra onlar hər bir ağıllı qadın kimi onda dayaq, etibarlı həyat yoldaşı axtarmağa başlayırdılar. Özünüz anlayırsınız, qeyri - ciddi, təlxək xasiyyəti ilə o, kiməsə dayaq, həyat yoldaşı ola bilərdimi? O, şəkillərini çəkməyi çox sevdiyi fantastik quşlar kimi bu günlə yaşayırdı. O, quşları belə görürdü və çəkdikləri adi, canlı sərçələrdən, sığırçınlardan, qarğalardan fərqlənirdi, yalnız zənn etmək olurdu ki, buradakı sərçə, sığırçın, qarğa təsviridir və zənn edən fəhmlə anlayırdı ki, müəllif tədriclə, sırımadan tamaşaçıya fantaziya, gözəl nağıla sevgi aşılayır. Amma hər kəsin göylərdə uçmağa deyil (oradan yıxılıb möhkəm əzilmək, hətta ölmək də olar), torpaq üzərində möhkəm dayanmağa cəhd etdiyi bizim bu amansız çağda fantaziya, gözəl nağıllar kimə lazımdır? Yeməli deyil, geyməli deyil. Lakin ömürlərinin hər saatında, hər dəqiqəsində işgüzarlığı əldən verməməyə çalışan insanlar oyadılmış fantaziyalarının və ayıldılmış ruhlarının, gözəllik qarşısında heyrət və pərəstişin onları real həyatdan uzaqlaşdıracağından, yumşaldacağından, mərhəmətli edəcəyindən, nəticədə ətrafdakıların nəzərində bu yoxsul, dəli məchul kəpənəklər rəssamından seçilməyəcəklərindən qorxurdular - bu adamlar Mirağaya həqarətlə baxır və nifrət edirdilər.

Bəzən Mirağanı fərdi və ümumi sərgilərə dəvət edirdilər, rəssamlar ittifaqından Çimnaz xanıma zəng edib bildirirdilər ki, Mirağanın dəvətnaməsi orada - ittifaqdadır, gəlib götürə bilər. Mirağa hər belə xəbərdən sonra qonşudan ütü alıb şalvarını ütüləməyə başlardı ki, həmkarlarının yanında layiqli görkəmdə olsun. Lakin hər dəfə qonşulardan kimsə onu qabaqlayıb, oğlunu Mirağanın biletini almağa göndərər, bu ara hər şeyi keyfiyyətlə etməyə alışmış tədbirli Mirağa tələsmədən, nəhayət, qutu kimi ütülənmiş köhnə şalvarını geyib ütünü qonşuya qaytaranda bileti ona təqdim edərdilər. Xoşbəxtlikdən rəssamlar ittifaqı Mirağanın evinə yaxındı və oğlan birnəfəsə gedib qayıdırdı.

- Niyə, axı niyə zəhmət çəkirdiniz? - Mirağa həyəcanlanırdı, bir yandan da qayğısının çəkilməsindən məmnun olurdu. -Şikəst deyiləm ki!

- Şikəst deyilsən, əzizim,- qonşu qadın cavab verirdi. -Amma mötəbərliyin çatmır. Belə şeylər insanın hörmətini artırır. Yaşın yetmişi keçib, əgər onlar sənə dəvətnamə göndərə bilmirlərsə, özün getməməlisən, kimisə göndərməlisən. Sənə daha artıq hörmət edəcəklər. De görüm, düz demirəm?

Mirağa belə müəmmalı həqiqətlərin dərinliyinə varmaqdan xoşlanmazdı, ona görə də mübahisə etmədən razılaşardı. Mübahisə etməyi də sevməzdi, bir şeylə razılaşmayanda müsahibinə cavab verməməyə çalışardı.

Səliqə ilə ütülənmiş köhnə kostyumunu, məharətlə təmizlənmiş çəkmələrini geyib sərgiyə yollanırdı və orada əmin olurdu ki, Allaha şükür, onun şəhərində istedadlı, maraqlı, bənzərsiz rəssamlar var. Bu, onu çox sevindirirdi, amma yaradıcı, şöhrətpərəst adam kimi o, gənc rəssamlara bir az həsəd aparırdı, bu hissi özündən uzaqlaşdırmağa çalışır, özündən xeyli cavanların bir çoxunun onu sənətkarlıqda, Mirağaya heç bir zaman müyəssər olmamış populyarlıqda ötüb keçdikləri barədə düşünmək istəmirdi, çünki bu düşüncələr sərgidə gördüklərinə yetərincə sevinməyə imkan vermirdi. Bu sərgilərdə, əlbəttə, orta işlər də olurdu, lakin ortabablar, cızma-qaraçılar ordusunun müqabilində bir-iki əsl rəssamın olması az deyildi, Mirağa bunu anlayırdı, anlayırdı ki, istedad nadir hadisədir və boşboğazlar, haramzadələr titullu istedadsızları nə qədər yüksəklərə qaldırmağa çalışsalar da, onlar bununla heç bir zaman əsl sənətkar olmayacaqlar.

Sirr olaraq qalır: Mirağa - gözəlliyin bütün təzahürlərinə, sövqedigci istəklərə qəlbini açmağa hazır, insanın hər bir hərəkətini - biganəlikdən başqa anlaqla qarşılayan insan niyə bir kərə də olsun aşiq olmayıb, güclü, ehtiraslı, ağlı başdan alan məhəbbətlə sevməyib, elə məhəbbətlə ki, ömürlük sevdiyi qadınla bərabər olmağı, ondan heç ayrılmamağı istəsin. Niyə bir çox həmkarı bir neçə dəfə evləndiyi halda, o, bir dəfə də olsun evlənməyib? Çətin sualdır. Lakin özgə qəlbi bağlı sandıqdır. Gəncliyində canına qorxu düşüb: evlənincə azadlığını itirəcək, bəlkə, aşiq olarkən, heç dərindən, fədakarcasına sevməyib? Bəlkə kasıb yaşadığı üçün sevdiyi qadını bədbəxt etmək istəməyib? Çox səbəb ola bilər. Sizə deyim ki, insanların şeytan belə baş çıxarmayan izaholunmaz, səbəbsiz, qeyri - müəyyən hərəkətlərində və hərəkətsizliyində çox da səbəb axtarmayın. Həyatda hər şey olur. Bədbəxtliyimiz ondadır ki, bütün insanların özümüzə oxşamasını tələb edirik. Əslində isə hər şey əksinədir. İnsanlar bütün bənzərlikləri ilə yanaşı, o qədər fərqlidirlər ki, o qədər fərdi, təkrarsızdırlar ki, bir çox fərdin hədsiz ünsiyyətli olmasına baxmayaraq, mahiyyətdə insan bu dünyada ziyadə yalqızdır.

Bəzən məhəllə uşaqları gəlib Mirağanı qumar oynamağa çağırırdılar. Çox vaxt zirək uşaqlar onu udurdular, amma bəzən Mirağa da onların ciblərini boşaldırdı və qazandığı pullara onlar üçün lala-gilə: şirniyyat, dondurma, saqqız alır, "uduzanlara heç nə düşmür", deyən həyat qanunlarının əksinə gedərək, uduzanlar üçün dəymədikləri bayram təşkil edirdi. Bəlkə, Mirağa bununla uşaqlara həyat qanunlarının hamısının düz və ədalətli olmadığını isbat etmək istəyirdi, uduzanları da unutmaq olmaz. Oğlanlar isə, əksinə, udan kimi qazandıqlarını ciblərinə qoyub aradan çıxır, Mirağanın yazmadığı qanunların doğruluğunu təsdiq edərək, hərəsi bir tərəfə qaçır, qocanın pullarını dağıdırdılar. Mirağa nə qədər bikef olduğunu göstərməyə çalışırdı ki, balaca quldurların sevinci yetərincə olsun. Özlərinə görə xeyli qazancla qaçan uşaqların arxasınca baxan qoca ürəyində sevinir, uşaqlarla ünsiyyətdən sanki cavanlaşırdı. Qocalarla söhbət etməyi xoşlamırdı, qoca həmsöhbətlərinin mövzusu xəstəlik, müalicə proseslərindən ibarət olurdu. Yaşına görə Mirağanın da azar - bezarı vardı. Lakin bu barədə danışmağı, xüsusən, şikayətlənməyi sevmirdi, ya da söhbəti şit, kobud zarafata çevirirdi ki, müsahibi belə söhbətlərdən xoşlanmadığını anlasın.

- Bəli, - adəti xilafına qoca adamlar kimi xırıldayaraq, ufuldayaraq, öskürərək deyirdı, - mənim də səhhətimdə problem var.

- Nə olub ki?- Qoca ürəyində Mirağanın probleminin onunkundan daha ciddi olduğuna ümüd edərək qəfildən dirçəlıb soruşurdu.

Mirağa halını pozmadan cavab verirdi:

- Bax elə bu yaxınlarda aşkar etmişəm ki, sol xayam sağ xayamdan uç millimetr gödəkdir.

- A!- həmsöhbəti hələ də anlamırdı ki, onu zəhlətökənliyinə görə dolayırlar, handan-hana anlamağa başlayıb qeyri-ixtiyari soruşurdu: - Yəni elə qorxulu şeydi?

-Yox, - Mirağa cavab verirdi, - Allaha çox şükür ki, qorxulu deyil, amma hər halda fəsaddı da.

Bax beləcə zarafat, lağ - lağı edə-edə, iynələyə-iynələyə, gülə-gülə, lətifələr danışa-danışa Mirağa yetmiş yaşı haqlamışdı. Və təbii ki, həyatda nail olduğu şey az idi, yəni maddi dəyərlər və rifah anlamında.

Günlərin birində otağın ortasında kətildə oturub pəncərə şəklini seyr edirdi. Nə barədəsə ciddi-ciddi düşünsə də, bu, seyrdən zövq almasına mane olmurdu. Televizoru və radiosu yoxdu, bu barədə, deyəsən, əvvəldə demişdik. Olsun, yenə deyirəm. Nə qədər çox düşünürdüsə, narahatlığı və onunla bərabər ruh düşkünlüyü - bir ilanın yola getməyən iki başı - alınmamış həyatının kabusu bir o qədər güclü baş qaldırırdı. Allah bilir, nə fikirləşirdi, birdən ona elə gəldi ki, pəncərənin şəkil pərdəsi qəfil mehdən yelləndi. Mirağa qalxıb kətilini 180 dərəcə çevirdi və yenidən oturdu. Qarma-qarışıq düşüncələri aydınlaşdı. Qəlbi sıxıldı, hər dəfə həyatını götür - qoy etdiyi vaxtlarda olduğu kimi qəlbi dözülməz dərəcədə sıxıldı.

Mirağa bu an tənhalığının bütün təhlükəsini hiss etdi və həyətə çıxmaq istədi. Bayır qapısını açarkən sanki qaranlıq tunelə addayacaqdı. Ürəyi sıxıldı... "Bax, -düşündü, - həyatım pəncərədən görünən dənizin yay mənzərəsi kimi işıqlı ola bilərdi, amma tunel kimi qaranlıq oldu". Öz düşüncəsindən xoflanıb tək qalmamaq üçün həyətə çıxdı. Lakin kimsə yoxdu, həyətə süpürgə çəkilmişdi. Burada, su kranın başında həmişə kimsə iş-güc görürdü, indi isə ev də, həyət də elə bil ölmüşdü, sanki hamı sözü bir yerə qoymuşdu ki, Mirağanın dəli olmasına maneçilik etməsinlər. Mirağa həyət qapısına yönəldi ki, küçəyə çıxsın. Bu vaxt qonşu mənzildən inilti səsi eşitdi. İnilti xırıltılı idi, qocaya məxsusdu, can çəkişdirənin iniltisinə bənzəyirdi. Mirağa anladı ki, inildəyən olsa-olsa Qasım kişi olacaq. O, ehtiyatla aralı qapıdan keçib, darısqal dəhlizdən yarıqaranlıq otağa boylandı və sınıq-salxaq, köhnə divana uzanmış qoca ilə göz-gözə gəldi. Qoca ona baxıb inildəyirdi. Görünür, o, kiminsə girəcəyi ümidi ilə gözünü qapıdan çəkmirmiş. Qocanı tək buraxmışdılar, hamı işinin dalınca getmişdi və bütün evdə Mirağa ilə qoca qalmışdı. Adətən, qocanı qonşulardan birinə tapşırırdılar, yəqin ki, Mirağanın da qapısını döymüşdülər, lakin o, otağında oturub televizordan, radiodan, qəzetdən və sivilizasiyanın bütün informasiya vasitələrindən təcrid olunmuş halda ağır düşüncələrə dalmışdı.

- Sənə nə olub?- Mirağa qocanın yatağına yaxınlaşıb soruşdu:

Qoca gücünü toplayıb cavab verdi:

- Gic, görmürsən, ölürəm?

Qoca sözünü deyib zorla nəfəs aldı, görünür, Mirağanın kütlüyü onu həqiqətən hiddətləndirmişdi.

- Mən "təcili yardım"a zəng edim,- deyə Mirağa Çimnazın telefonundan zəng etmək üçün çıxmaq istədi, qonşuların qapıları nadir hallarda kilidlənirdi, evdə heç kim olmayanda yalnız küçə qapısı qıfıllanırdı, buna görə də ev sahibləri evdə olmayanda belə telefonla zəng etmək, qazan götürmək və ya televizor seyr etmək mümkün idi.

- Lazım deyil, - qoca xırıltılı səslə dedi: - Allahdan başqa heç kəs ölən adamı qaytara bilməz. -Yenə ağır-ağır nəfəs aldı.

Mirağa gözlədi, görsün, qocanın ağzından daha hansı nəsihət çıxacaq, qocanın isə davam etmək niyyəti yox idi.

- Yaxşı, nə istəyirsən? - Mirağa astaca soruşdu.

Qoca fikrə getdi, nəfəsi sakitləşdi, yavaşıdı, zəif hərəkətlə Mirağanı yaxına çağırdı. Mirağa qulağını yaxınlaşdırdı.

- Oğul, - qoca dilləndi, Mirağanın yadına otuz il əvvəl, Mirağa nisbətən cavan ikən atasının çətin can verməsi düşdü, artıq o zaman Mirağanın bacarıqsız və müdafiəsiz olması bəlli idi və atası yeganə - belə alınmışdı-gec doğulmuş oğlundan nigaran ölürdü.

- Oğul,- qoca Mirağanı düşüncələrdən ayırmaq istəməyərək, uzun fasilədən sonra təkrar etdi. - Mən istəyirəm...

- Nə?- Həyəcandan boğazı tutulan Mirağa bir az da astadan soruşdu.

- Don...-Qoca təngnəfəs oldu.

- Don?-Mirağa soruşdu- Nə, Qasım, nə? De, yerinə yetirərəm, -tələsik vəd etdi, o dəqiqə də ehtiyatlandı, birdən qocdanın xahişini yerinə yetirməyə gücü çatmaz, bu dünyada əlindən çox az şey gəlirdi.

- Don...dur...ma.-Qoca çox çətinliklə heca-heca söylədi.

- Dondurma?-Mirağaya elə gəldi, yanlış eşitdi, amma dəqiqləşdirə bilmədi, qoca yorulub gözlərini qapadı.

Mirağa qocanın çəkilmiş sifətinə baxıb gözləyirdi, deyəsən, qoca ölmək məsələsində qərarlı idi.

Bir neçə dəqiqə keçmiş qoca aydın, yalvarıcı səslə təkrar etdi :

- Dondurma.

Mirağa kömək umurcasına ətrafa boylandı, dövrəsində kimsə yoxdu, hamı harayasa yox olmuşdu, görünürdü ki, qoca ölməyincə qayıtmayacaqdılar. Burada, bu havasız otaqlarda, siçovulların qaçdı-tutdu oynadıqları bu üfunətli həyətdə nə işləri vardı?!

Mirağa əlini cibinə saldı, dondurma almağa yetəcək qədər pulu vardı.

- Qoca, hansından alım?- Adəti üzrə təlxək roluna girib səfehcəsinə soruşdu.

- Don-dur...- qoca pıçıldadı.

Mirağa küçəyə tələsdi, tez tindəki xırda-xuruş satılan köşkdən dondurma alıb, həyətə döndü. Qoca gözləri bağlı, ağzı açıq halda uzanmışdı və Mirağa uşaqlıq illərinin sadə oyununu xatırladı: - "gözünü yum, ağzını aç", beləcə uşaqlar bir-birlərini çərəzə qonaq edərdilər, yoldaşlarının ağzına ya əncir, ya alça, çox vaxt isə yeyilməyən şeylər atardılar. Ona görə də oyun oynayarkən diqqətli olmaq, verilən şeyin yeməli olduğunu müəyyən etmək lazım gəlirdi. Mirağa soyuq dondurmanı qocanın dodaqlarına yaxınlaşdırdı. Qoca hiss edib gözlərini açdı və acgözlüklə dondurmanı yalamağa başladı. Mirağa yatağın kənarında oturdu. Yalamaqdan yorulub qoca yenidən gözlərini yumdu və bir neçə dəqiqə sonra sakitcə öldü. Fikrə dalmış Mirağa birdən ayıldı ki, qocanın xırıltılı nəfəsi kəsilib. Otağa qeyri-adi sükut çökdü. Mirağa bir anlıq özünü itirdi. Atasını dəfn etmişdi, amma bu çoxdan olmuşdu, indi hər şey başqa cür idi yəqin ki, hər ehtimala qarşı Çimnazın otağına girdi və "təcili yardım"a zəng etdi. Dəstəkdə cavabı eşitməyə macal tapmamış Qasımın oğlanları gəldilər. Mirağa dəstəyi yerinə qoyub, qocanın son dəqiqələrini anlatdı, yalnız dondurma məsələsini gizlətdi.

- Yazıq atam,- təxminən Mirağanın yaşıdı böyük oğul dilləndi. Heyf ki, yanında olmadıq.

Ortancıl oğul dedi:

- Mirağa yanında idi, o da atamıza doğma kimidi.

Kiçik oğul heç nə demədən susurdu.

- Hə, - Mirağa dedi,- mən də ona oğul kimiyəm.

Qocanı dəfn etdilər. Oğlanları həyətdə ehsan verdilər. Mirağa da o biri qonşular kimi süfrə başında idi. Məclisdə molla bir an susmadan danışırdı, birdən Mirağaya müraciət etdi.

- Siz rəssamsınız, eşitdiyimə görə, bütün həyətə rəsm çəkmisiniz. Amma bilirsinizmi ki, Allah Peyğəmbər Məhəmməd vasitəsilə müsəlmanlara insan sifətini kağıza çəkməyin günah olduğunu buyurub?

Mirağa mollaya baxdı, o yaşda xeyli cavandı və səbirlə cavab gözləyirdi. Mirağanın ürəyindən mollanı dolamaq keçdi, amma yeri deyildi, başqa yerdə, başqa vaxt yaxşıca cavabını verərdi, amma burada...

- Bəli, Mirağa dilləndi. -Amma mən insanları çəkmirəm.

- Nə çəkirsiniz?

Mirağa bir az fikirləşdi: "doğrudan da - nə?". Hər halda, çəkdikləri insanlardı, amma mollanı başa salmaq çətin olacaqdı, qonşular da çətin ki, anlasınlar.

- Fantaziyalarımı.

Molla elə görkəm aldı ki, guya hər şeyi anladı və ondan əl çəkdi, amma çox ola bilsin ki, qarşısına qoyulan plovun iştahaçan görünüşü onu yayındırdı.

Qasım kişinin qırxı çıxandan sonra Çimnazın qızı gənc polislə evləndi. Ata - oğul nişana da polis formasında gəlmişdilər. Atası, hətta, dəyənəklə gəlmişdi və dəyənəyi gizlicə həyətdə bir küncə qoymuşdu, kişi mitinq dağıtmaqdan gəlirdi, necə deyərlər, həyəcanlı idi, amma öz işini, yəni oğlunun işini, daha doğrusu, ümumi işlərini axıra çatdırmışdı.

Tezliklə rəhmətlik Qasımın ailəsi yeni mənzilə köçdü, onların evinə isə qaçqınlar yerləşdilər - ana, on yeddi yaşlı qızı və kiçik oğlu. Uşaqların atasını Xocalıda öldürmüşdülər. Onlar uzun müddət cadır şəhərciyində yaşamışdılar. Yetmiş iki yaşlı Mirağa təzə qonşunu - on yeddi yaşlı qızı görəndə eiə bil sifətinə sillə çəkdilər, yerində quruyub qaldı, gözlərini qızdan çəkə bilmirdi, əslində qızda nəzəri cəlb edəcək bir şey yox idi, minlərlə yaşıdından seçilməyən adi qızdı, yapışıqlı idi, vəssalam. Kişi qızda nə görmüşdü? Allah bilir, amma təsəvvüründə xəncər yarası kimi dərin iz buraxmışdı.

- Qonşu, adın nədir?-Qızı həyətdə görüb soruşdu. Titrəyən səsi çox şey bəyan edirdi.

Qız sıxılmadan cavab verdi:

- Ceyran.

- Oxşarlığın var, - Mirağa təsdiqlədi.

Və qoca aşiq oldu. Ehtiraslı eşqlə, zərif, platonik, fiziki... daha hansı varsa. Bu, bəlkə də həyatında ilk əsl, güclü eşq idi. Uzun illər gəncliyindən bu yana anlaşılmaz azadlığını itirməmək, onu sevən qadının hamiləliklə başına bəla açaraq əl - ayağına dolaşıb xülyalarını dağıtmaması, həyat amalı hesab etdiyi sənətinin ailə, arvad-uşaq qayğılarının təminatına çevrilməməsi, istedadının, qabiliyyətinin qarşısında duruş gətirə bilməyəcəyi məişət burulğanında qərq olmaması naminə cilovladığı hissləri coşub ərşə qalxdı. Sanki qocanı dəyişdilər. Sevib-sevilmək ehtirasının qarşısını alacaq halda deyildi, ona heç bir şey verməmiş, acıdil təlxəyə çevirmiş, onu təngə gətirmiş azadlığından qurtulmaq istəyirdi. Bu qızla xəyallarında və yuxularında görməyə başladığı sadə, başqalarından seçilməyən ailə qurmaq istəyirdi. Qoca sadəlövh, çılğın yeniyetmələr kimi aşiq olmuşdu. Yatağına girərkən zəifliyinə, gerçəklikdən uzaq əlçatmaz xəyallarına görə özünü danlayırdı. Lakin səhərlər oyananda o qızsız - Ceyransız həyatının boş, birtərəfli, eybəcər olduğunu bütün dəhşəti ilə hiss edirdi.

Otağının qapısını aralı qoyurdu, qız su kranından çaydanı doldurarkən və ya nə isə yuyarkən ona baxmaqdan özünü saxlaya bilmirdi. Qızın bilməyərəkdən ona yönəlmiş hər bir hərəkəti, hər bir baxışı qoca üçün ərməğan idi, xoş idi və qəlbini alt-üst edirdi. Qocanın tualetin qapısına çəkdiklərini görən qız böyüklər kimi gülümsəmişdi. Qoca xoşbəxt idi.

İndiyədək qızın yaşıdları kimi ucadan güldüyünü, qəhqəhə çəkdiyini eşitməmişdi. Atasını gözləri qarşısında öldürmüşdülər. Qəlbindəki yara sağalmamışdı. Yaşayışları da ürəkaçan deyildi, bir sözlə, gülmək üçün səbəb yoxdu. Qoca bacardığı qədər, açıb-ağartmadan onlara kömək etməyə çalışırdı. Qapının üstündəki xoruz şəkli qızın xoşuna gəlmişdi, bundan ürəklənib otağındakı şəkilləri göstərmək üçün qızı evə dəvət etdi. Qapını açıq qoydu ki, qonşular və qızın anası içərini görə bilsinlər. Otağa girən kimi pəncərə rəsmi qızı heyran etdi.

- Mən elə bildim ki, doğruçu pəncərədi. Fikirləşdim ki, burada dəniz haradan? Birinci mərtəbə, şəhərin içi... Amma baxırsan, elə bil, hündürdəsən, elə deyilmi? Sanki aşağıda dəniz var.

Qoca minnətdarlıqla qızın əlinə toxundu və bir söz demdən divardakı uçmaq həvəsi ilə çırpınan əsrarəngiz quşları və yaraşıqlı nəhəng kəpənəkləri göstərdi. Qız heyrətlə içini çəkdi.

- Nə gözəldir! Deməli, siz rəssamsınız?

Qoca qıza baxıb cavab vermədi.

- Ömrümdə birinci dəfədir canlı rəssam görürəm.

Qoca yenə dillənmədi. Nə desin? Qızın əlini ovcuna aldı, qız bir an əlini çəkmədi, canına yayılan coşqudan qoca divardakı quşlar və kəpənəklər kimi uçmaq istəyirdi.

- Dama baxaq, - qoca dilləndi. - Hərçənd qızın otaqdan çıxmasını istəmirdi, lakin pəncərəsiz, havasız otaq bürkü idi, yeniyetmə qıza genişlik, gül rayihəli açıq sahə, bax bu divardakı kimi, amma əsl, coşqun təlatümlü dəniz sahili gərəkdi, çünki gənclik canlı gözəlliyi sevir, nə qədər gözəl görünsə də, elə donuq, cansız gözəlliyi sevməz.

Onlar həyətə çıxdılar və qoca damdakı antenaları göstərdi. Antenaların qanadları küləkdən yellənirdi, sanki indicə uçacaqdı. Qız yenə uşaq kimi heyranlıqla içini çəkdi. Elə bil ki, dünyanı qocaya bağışladılar.

Qız ətrafı yaxşı tanımırdı və bir dəfə qoca yaxın küçələri, döngə və dalanları göstərmək üçün onunla şəhərə çıxdı, köhnə evlərin sıx olduğu bu hissədə belə qarma-qarışıqlıq çox idi. Ceyranın anasının ürəyinə başqa şeylər gəlmirdi və qızını rahatca qoca ilə buraxırdı. Mirağa uşaq kimi qızın əlindən yapışırdı və bundan hədsiz zövq alırdı. Qoca sanki cana gəlmişdi. Getdikcə cavanlaşırdı, qonşular əvvəlki acıdil təlxəyi tanıya bilmirdilər. İçkini atmışdı, hər gün üzünü taraş edirdi, artıq həftənin günlərini qarışdırmırdı, eyni şeyi bir neçə dəfə təkrar etmir, özünü sakit, ciddi aparırdı və əlbəttə ki, qonşu qadınları əyləndirmək üçün oyun çıxarmırdı. Özünə baxmağa başlamışdı, həyətdə azğınlıq edən siçovulları məhv etmək üçün çox güclü zəhər də tapmışdı. Hər şey qızın naminə idi. Hərçənd qız az yaşı ilə çox şeylər görmüşdü. Çadırlardakı, vaqonlardakı qaçqın həyatında bundan da betər natəmiz şəraitdə yaşamışdı. Nə etmək olar? Müharibədən heç kimə xeyir gəlməyib, yurd-yuvalarından qovulmuş qaçqınların isə halı daha betərdi. Hələ uşaq yaşından başqaları kimi, anası və kiçik qardaşı kimi müsibətlərdən keçmişdi, həyətdə qaçışan siçovullar onu qorxutmurdu. Bununla belə, qoca onun məişətini yaxşılaşdırmaq üçün əldən-ayaqdan gedirdi. Qocanın qıza olan münasibətinin əsl mahiyyətini heç kim anlamırdı, qonşular da, Ceyranın anası da onun Ceyrana qızı kimi, nəvəsi kimi bağlandığını, övladı olmayan bu kişidə atalıq hissinin oyandığını zənn edirdilər. Ceyran qoca ilə dostlaşdı. Son günlər Mirağa qızın şəklini çəkməyi düşünürdü. Heç bir zaman müraciət etmədiyi bədii fonddan yardım aldı, qəribədir ki, xahişi rekord sayıla biləcək qısa müddətdə təmin edildi. Gözlərinə inanmayan qoca pulları saydı, inanmaya-inanmaya cibinə qoydu, əminlik üçün üstdən cibini əllədi. Pula boya, kətan, fırça, üstəlik, Ceyrana hədiyyə də aldı.

Qız onu qapıda qarşıladı, qoca gözünü qızdan çəkməyərək bağlamanı ona uzatdı.

- Oy, nə edirsiniz, Mirağa baba, lazım deyil, sağ olun. Siz bizim üçün çox şey edirsiniz.

- Xırda şeydir, - qoca sınayıcı nəzərlərlə qızı süzüb dilləndi, -götür. Bir də bilirsən, Ceyran...

- Nəyi?- Qız soruşdu:

- Səndən bir xahişim var...- Qoca özünə bənzəmirdi, cəsarəti onu tərk etmişdi.

- Eləmi?

- Mənə baba demə.

Qız anlamadı, əsl səbəb heç yuxusuna da girməzdi:

- Niyə?

- Çünki özümü baba yaşında hiss etmirəm,- qoca anlatmağa çalışdı

- İndi özümü... belə də... təxminən sənin yaşıdın kimi hiss edirəm.

- Allah sizə can sağlığı versin,- deyib qız kənara çəkildi ki, qoca otağa keçə bilsin,- Gəlin çay içməyə, anam evdədir.

Bu xəbər ürəyini açmasa da, otağa keçdi, qızın dəmlədiyi ətirli çaydan içə-içə qızın anasına Ceyranın rəsmini çəkmək istədiyini bildirdi.

Qızın anası qayğılı-qayğılı fikrini bildirdi:

- Nə danışırsınız, Mirağa dayı, portret bizim haramıza yaraşır?

Ceyran zarafatla xəbərdarlıq etdi:

- Ona dayı demə.

Anası zarafatı anlamadı:

- Bəs nə deyim?

- O, indi özünü mənimlə həmyaş hiss edir.

- Belə de!

- Onun portretini bax burada, həyətdə çəkəcəyəm,- Ceyranın anasından ehtiyatlanan Mirağa yeri göstərdi. - Bizim otaqlar çox bürkülü olur.

- Bu yaz instituta imtahan verməlidir, hazırlaşmalıdır,-anası bildirdi.

- Lap əla. Qoy hazırlaşsın. Mən də öz işimlə məşğul olacağam. Bir də görərsiniz ki, ikimiz də mətləbimizə çatmışıq.

Qızın portretini də eləcə, kitaba sarı əyilmiş vəziyyətdə çəkmişdi. Portretə canını qoymuşdu. Şəkli naturadan çəkdikdən sonra, portretin bütün detallarını diqqətlə işləmiş və nəhayət, portreti bitirmişdi. Əsər alınmışdı. Portretdə naturaçının təmiz qəlbi duyulurdu və bu, zahiri bənzərlikdən daha vacib şərtdir. Lakin zahiri bənzərlik də yerində idi, qızın eyni idi. Alınmışdı, alınmışdı, Mirağa bunu hər kəsdən yaxşı görürdü, öz işlərinə tənqidi yanaşmağa adət etmiş, heç bir şeydə özünə güzəşt etməmiş, zəiflik göstərməmiş qoca görürdü ki, indiki işi, indi yaratdığı əsl sənət əsəridir. Portretdəki qız məhəbbətin özü idi, müəllifin qarşısındakı sadəcə qız portreti deyildi, bu, sevimli, arzuladığı qızın, yeganə və son məhəbbətinin rəsmi idi və rəngkarlıqdan başı çıxan adam bunu anında hiss edərdi. Lakin ətrafdakılar - qonşular, qızın anası, Ceyran özü rəssamlıqdan baş çıxarmırdılar və yalnız zahiri oxşarlıq axtarırdılar, bu da əsərdə istənilən səviyyədə idi. Heyrətlə çıqqıldayırdılar: "gör necə oxşadıb e!" Ya da özlərini heyran olmuş səfehlər kimi göstərməmək üçün dayaz şərhlər verməyə, ciddi görkəmlə hansısa keyfiyyəti izah etməyə, irad bildirməyə çalışırdılar, "yəni rəssamlıqdan bizim də başımız çıxır". "Mirağa müəllim! (tamaşa zamanı birdən hamının yadına düşdü ki, Mirağa rəssamlar zümrəsinə məxsusdur və ona hörmətlə müraciət etməyə çalışırdılar, ələlxüsus, Mirağanın biganə olmadığı təzə qonşular da buradaydılar) Əlbəttə, bağışlayın, amma məncə, sol göz sağ gözdən bir az iridirr. Belə deyil?!"

Portreti ilhamla işləmişdi, vaxtı, özünü, aləmi unutmuşdu, yaxşı, saf, xoş hisslər canını sarırdı. "Hər halda,-düşünürdü- işləyərkən, xüsusən, yaradıcı iş zamanı, insan yaradıcı qismindədirsə və ilahi qığılcım alışıb gur işıq salırsa, Allaha daha yaxın olur, dua edərkən belə bu qədər yaxın olmaq mümkün deyil".

İşləyərkən imanlı olurdu. Lakin gündəlik həyatında hər şey daha mürəkkəb idi, əsl inamının olmamasına, hər şeyə şübhə ilə yanaşmasına, özünü yeyib tökməsinə təəssüf edirdi. İnamla yaşamaq rahat idi, əlbəttə, əsl inamla, daha inamın fərziyyəsilə deyil, yəni yalançı inananlardan faydasız zahiri əlamətləri səthi olaraq əxz edib özünü inanan kimi göstərənlər kimi deyil, axı onun əsl, möhkəm inamı yoxdu, o, aləmin dərk olunmasını inkar edirdi, yəqin bunda şeytan əməli var. Çox olub ki, həyatının ən ağır çağlarında Allahdan iman diləyib, anlayıb ki, inamla yaşamaq, xüsusən, ölmək daha asandır. Amma şübhələrini boğa bilməyib, şübhə qurdu onu içindən yeyib. Cana doyanda rahatlığı işdə tapıb, işləyərkən şübhələrdən azad olub, Allaha məhəbbət və inamını izhar edirdi. Lakin son illər az işləyirdi, tənbəllik edirdi, onu ətalət basırdı. Durduğu yerdə şövqü onu yada salmış, belə bir portreti yaratmağa vəsilə olmuşdu.

Mirağa gerçəkliyə qayıdıb ətrafındakı səslərə qulaq kəsildi.

- Heç bir dəfə də olsun bizim şəklimizi çəkmədin,- danışan Çimnaz idi, - ömür boyu bir yerdə yaşamışıq. Ceyran gələn kimi portretini çəkdin. Afərin sənə, qonşu qız! Daha sözüm yoxdu.

Mirağa gözaltı Ceyrana baxıb vəziyyətdən çıxmağa çalışdı.

- Nə etmək olar, gənclik cazibədardır, cəlb edir, təsirləndirir, - özünü sadəlövh göstərmək istədi.

Hamı sakitcə gülümsəyir, başları ilə təsdiq edirdilər, yəni elədir, cavanlıq başqa şeydir.

Çimnaz isə təslim olmaq istəmirdi:

- Mənim qızım Solmaz ərə gedənəcən bu evdə yaşayırdı, qarımışdı məgər?

Tezliklə Ceyranın qəbul imtahanları başladı. Qoca qızın anasını inandırmağa çalışdı ki, onsuz da boş-bekardı. Qızı aparıb - gətirir, saatlarla qızmar günəşin altında dayanıb qızın çıxmasını gözləyirdi.

Həyəcanlanırdı, yəqin ki, yalnız doğma övladı üçün belə həyəcan keçirə bilərdi. İmtahanlardan sonra məlum olanda ki, Ceyran keçid balı toplamayıb, qəbul komissiyasına gedib, dəqiq araşdırmalar aparılmasını tələb etmış, dava-dalaş salmış, yumruğunu masaya çırpıb bunu belə qoymayacağını demiş, qəribə olsa da istədiyinə nail olmuşdu. Ceyran İnstituta qəbul olunmuşdu.

Mirağa sevincindən həyatının nə çətin maddi durumunda etmədiyini (etiraf etmək lazımdır ki, bu dövrdə o, ömrü boyu etmədiyi şeylər etməyə başlamışdı, hərəkətləri yeniyetmələrə xas çılğındı, dəlilikdi, mənasızdı, lakin qeyri müəyyənliyi ilə son dərəcə gözəldi və cəngavərsayağıydı) etdi, prinsiplərinə rəğmən, tanınmış, imkanlı heykəltəraşdan (son illər biznesdə əli gətirirdi, daha dəqiq, Rusiyanın Tambov vilayətinə vaxtı keçmiş fransız prezervativləri, saxta kosmetika göndərirdi və xeyli yatır əldə etmişdi) onun son illər incəsənətdən uzaq işlərinin fərqinə varmadan böyük məbləğdə (təbii ki, öz anlayışlarına görə, lakin yuxarıda adı çəkilməyən heykəltəraş üçün bu nəzərə çarpmayacaq dərəcədə idi) borc aldı və həyətdə Ceyranın instituta qəbul olunması şərəfinə ziyafət qurdu. Pulun bir hissəsini Ceyranın anasına verdi və aldatdı ki, köhnə rəsmlərindən birini satıb. Çox məharətlə yalan satdıqdan sonra birdən-birə yüngülvari vicdan əzabı hiss etdi, bu içki içərkən hiss etdiyi mədə qıcqırmasına bənzəyirdi. Və elə o an da xatırladı ki, çoxdandır yalan danışmır (aldatmalı adam da yoxdu, buna ehtiyacı da olmayıb, demək olar ki, heç kimlə ünsiyyətdə deyildi ki, kimisə də aldatsın), bir sözlə, yadırğamışdı. Bu qərəzsiz, ziyansız yalandan sonra elə bil ki, dilində xoşagəlməz tamın ərpi qalmışdı. Yadına düşdü ki, o, kiçik olanda, anası qorxudurdu ki, əgər yalan danışsa, belinə qızmış ütü basacaq.

Ertəsi gün Ceyranı mağazaya aparıb təzə əyin- baş, ayaqqabı, kofta aldı, qız anasının etiraz edəcəyini, onu danlayacağını bəhanə gətirib əvvəlcə imtina etdi. Lakin pal-paltarı görüb təslim oldu, yumşaldı, əridi, qadındı da - nə gözləyirsən?!. Fürsətdən istifadə edib qızı zərgərlik şöbəsinə dartdı. Nazik, ucuz bir üzük də aldı.

- Ay!- Ceyranım heyranlıqla dilləndi .- Bu, qızıldı?

Qoca üzüyü qızın barmağına keçirib dedi:

- Qoy bu bizim kiçik sirrimiz olsun.

Qız pörtdü:

- Oy, lazım deyıl, Mirağa, müəllim bahalıdır axı!

- Sənin üçün, nə etsəm azdır. Sən mənə qızım kimi doğmasan özündən asılı olmayaraq ağzından çıxdı və tutuldu.

Qoca hiss etdi ki, son günlər hədiyyə etdiyi üzüyü qız gizlədir, anasının, qardaşının yanında taxmır. "Yəqin mənim kimi o da yalan danışmağı bacarmır,- deyə Mirağa məmnunluqla düşündü, - həqiqəti də demək istəmir".

Rəsmi satmaq barədə uydurması yadına düşdükdə, bu barədə ciddi fikirləşməyə başladı, indi ona pul lazımdı, həyatında Ceyran vardı, qız şəhərli yaşıdları kimi yaxşı geyinməli idi, artıq tələbə idi, yeni rəfiqələrinin yanında utanmamalıydı. Borcu da qaytarmalıydı, borc daş kimi ürəyindən asılmışdı, borclu olmağa alışqan deyildi, hərçənd heykəltəraş o cüzi məbləği yəqin ki, unutmuşdu, Mirağa çəkinə-çəkinə borc istəyən zaman çirkli dəsmal kimi pulu cibindən çıxarıb saymadan qocaya vermişdi. Yadına salaraq, daha doğrusu, borcu unutmayaraq borcu qaytarmaq yollarını axtarırdı və düşündü ki, görəsən, həqiqətən rəsmlərindən birini satmağa cəhd etsə, necə olar? Əvvəlki nəticəsiz cəhdləri yeniləsə, Allahın işini bilmək olmaz, bəlkə bu dəfə bir şey alınar. Əvvəllər satdığı bəzi şeylər olmuşdu. Lakin nadir hallarda, sərt rəqabətlə üzləşmişdi, xüsusən, son on-on beş ildə. Hədsiz dərəcə bacarıqsızlığı da işinə əngəl olurdu, bəzən işi alınırdı, amma sonra məlum olurdu ki, yarı qiymətə, dörddə bir qiymətə, onda bir qiymətə satıb, lakin bütün hallarda alğı-satqı ona sərf edirdi, özünü sakitləşdirirdi, dəllallar onu aldatsalar da, əvəzində sənə zövq verən bir iş üçün üstəlik pul da alırsan, axı bunu hər kəs bacarmaz! "Mən də zirəkəm a!..".

Pulun olmaması indi qocaya daha çox уer edirdi. Əvvəllər o yalnız özünü düşünürdü (daha doğrusu, düşünmürdü, istədiyiniz kimi qəbul edin). Yenidən cəhd etməyi qərara aldı, bəlkə, Ceyranın anasına söylədiyi yalan gerçək oldu! Köhnə çərçivəli rəsmlərindən birini götürdü, qalın toz qatını sildi və şəhər mərkəzində açıq səma altındakı rəsm qalereyasına yollandı. Küçənin ortasında rəssamlar əsərlərini sərgiləyib alıcı arayırdılar. Təbii ki, Mirağaya orada yer tapılmadı, lakin onun əsərlərini əjdaha faizlə- 40 faizlə satmağı təklif edən tanış dolandırıcı yarırəssam- yarıdəllal tapıldı. Bazarlıq etməyi bacarmayan qoca hər ehtimala qarşı inamsızlıqla "otuz" deyə təklif etdi. "Yox, qırx, - dolandırıcı təkid etdi,- yoxsa sərf eləmir". "Yaxşı, əl ver"-deyib Mirağa kənara çəkildi. "Nədir, burada atılıb qalacaqsan?"- dəllal təəccübləndi. "Bəs haraya gedim?"- Mirağa maraqlandı. "Evə get, sənin nə xeyrin var, ticarəti pozacaqsan ancaq" - dəllal hirsləndi. Mirağa təslim olmaq istəmədi. "Eybi yox, mən burada dayanaram..." "Neyləyək, işin-gücün yoxsa, dayan!"- Dəllal çiynini çəkib qocadan uzaqlaşdı.

Mirağa axşamadək dayandı. Lakin şəkillə maraqlanan olmadı. Sonrakı günlər o tərəflərə heç fırlanmadı da və hər saniyə, hər an həyatın dolğunluğunu anladan yeni, işıqlı, dərin hissinə dalaraq rəsmini büsbütün unutdu. Hər fürsətdə Ceyrana hədiyyə etməyə çalışır, ona nə isə dadlı şeylər alır, onu kiçik qardaşı ilə karuseldə yellənmək üçün bulvara aparır, bir sözlə, yeniyetmə aşiq kimi hər şey edirdi. Ceyran heyran qalmışdı: o ürəkdən, təmkinlə sevinir, qocaya elə minnətdarlıqla baxırdı ki... Mirağa heç bir zaman yetmədiyi xoşbəxtliyə qovuşmuşdu. O, bunu qocalığında əlinə düşmüş tale hədiyyəsi hesab edirdi.

Günlərin birində Mirağa qalereyanın yaxınlığında mərkəzi küçədən keçirdi, rəsmi xatırladı və dəllalla görüşməyi qərara aldı.

Tanış dəllal onu hay-küylə qarşıladı:

- Sən də qəribə adamsan! -Nə olub ki?-Mirağa bir şey anlamadı.

Dəllal dil-dil ötdü:

- İki həftədi səni axtarıram. Haraya yox olmusan? Şəklini satmışam. Göz dəyməsin. Sevin. Yüzə satmışam. Al, bu sənin altmış dolların, götür və "sağ ol" de. İncimirsən ki, manatla verirəm? Eee, neynirsən dolları, onsuz da içəcəksən. Al, al, bizimkiləri tanı. Rəssam rəssama kömək etməsə, kim kömək edər? Hə, italyan idi, ya ispan idi alan, dövlətli idi, yaman! Səninlə tanış olmaq istəyirdi. Dedim ki, Tokioya, fərdi sərginin açılışına getmisən. Bax belə. Markanı saxla. A, bax e! Özü də gəlir. Bəxtin var da, qoca! Buraya gəlir, alçaq bizi gördü.

Əlli yaşlarında italyan yaraşıqlı tərcüməçi qızla onlara yaxınlaşdı, üzü təbəssümlə işıqlanmış halda fırıldaqçı dəllalın əlini sıxdı. Mirağayla da əl görüşdü, tanış oldular, biləndə ki Mirağa aldığı rəsmin müəllifidir, çox sevindi və üzü əvvəlkindən də artıq işıqlandı.

İtalyan tərcüməçiyə nəsə dedi, qız Mirağaya müraciət etdi :

- O, sizin başqa işlərinizə baxmaq istəyir, olarmı? Dəllal Mirağaya macal vermədi, sevincək cəld cavab verdi:

- Niyə olmur ki?! Mən sizi apararam. Mirağa təəccübləndi. "Məni balqabaq hesab edir", deyə ürəyində fikirləşdi.

Lakin zirək italyan təbəssümünü qeyb etmədən və hövsələsizlikdən yerində dayana bilməyən dəllaldan gözünü çəkməyərək tərcüməçiyə bir neçə kəlmə dedi.

Qız da qısa və lakonik çatdırdı:

- O deyir ki, sizin xidmətinizə ehtiyacı yoxdur. Dəllalın təbəssümü üzündə dondu, özünə gələn- də Mirağanın arxasınca qışqırdı:

- Yadından çıxarma ki, müştərini sənə kim calayıb! Haqqımı verəcəksən.

Mirağa əsərlərini göstərmək üçün babat bir yer barədə düşünsə də, italyanı tərcüməçi ilə bərabər evinə gətirdi. Lakin italyan soyuqqanlı Roma Papası kimi otağa heç fikir də vermədi. Onu yalnız və yalnız rəsmlər maraqlandırırdı. Mirağa rəsmlərin bir neçəsini həyətə, gündüz işığına çıxardı, italyan divarlardakı, tualetin qapısındakı şəkilləri, qeyri-italyanların çox nadir hallarda düzəltdikləri kəpənək antenaları görmüş, buranın ab-havasını almışdı. Otaqda isə diqqət və heyrətlə pəncərəyə baxdı. Xeyli seyr etdi. Mirağa əlində bir neçə çərçivəli rəsm kəndarda, qara tunelin ağzında dayanıb onun rəyini gözləyirdi. Gözlənilən an gəlib çatdı. italyan tərcüməçiyə astadan nəsə anlatdı.

Tərcüməçi qız heç bir hiss - həyəcan ifadə etmədən dedi:

- Senyor Viskonti deyir ki, bu pəncərəni gerçək bilib. Senyor Viskonti təəssüf edir ki, divarı almaq mümkün deyil. O deyir ki, siz qapını açarkən, pərdənin yelləndiyini zənn edib.

- Bəzən olur, - deyə Mirağa rəsmləri həyətə çıxardı.

Tərcüməçi bunu da çox soyuqqanlılıqla tərcümə etdi, italyan isə heyrətlə Mirağanın arxasınca baxdı.

Bütün qonşular artıq həyətdə cəm idilər. "Bekardılar eee, -Mirağa dilxor oldu. -Lazım olanda birini də tapmırsan". Bir az utanırdı, rəsmlər onun üçün nə isə intim, çox şəxsi bir şeydi. Onu da bilirdi ki, bu rəsmlər seyr edilmək üçün yaradılır. Yadına düşdü ki, bu gün bazardır, ona görə bütün qonşular evdəydi. İtalyan, tərcüməçi, qonşular uzun müddət dinməzcə, düşüncəli - düşüncəli rəsmləri seyr etdilər, xüsusən, köhnə qonşular, sanki bu əsərləri ilk dəfəydi görürdülər, sanki illər boyu gözlərini qaraldan bu rəsmlər deyildi. Birdən hamı çığır-bağır salmağa başladı, italyan və Mirağadan başqa. Getdikcə daha ucadan çığırışır, hay-küy salır, bir-birlərinə nəyisə isbat etməyə çalışırdılar, müvafiq olaraq tərcüməçi də qışqıraraq adda-budda kəlmələri, tuta bildiklərini italyanın qulağına ötürürdü. Qonşuların səs-küyü aləmi basmışdı, bir-birlərinin sözünü kəsir, rəsmləri göstərərək əl-qollarını ölçürdülər. Bir sözlə, qaraçı köçü. İtalyan hamını eşitməyə çalışırdı. Tərcüməçi əldən-ayaqdan gedirdi. Birdən italyan onu dayandırdı - deyəsən, Azərbaycan dilini azmaz anlamağa başlamışdı. Səs-küy də qəfil kəsildi. Qurbağa gölünə daş atmışdılar. Tamaşa davam edirdi, lakin indi pıçıltıyla danışırdılar, dillərini çıqqıldadır, sakitcə zövq alırdılar. İtalyan da dilini çıqqıldadır, başını yelləyirdi.

Bir rəsmdən o birinə keçərək astadan:

- Qud, qud, - deyirdi.

- Bellissimo,- sözünün müqabilində qonşular anlayırmış kimi başlar ilə təsdiq edirdilər, yəni, bəli, bellissimo.

İtalyan burnunun altında mızıldanırdı: Yakşi, yakşi.

Nəticədə italyan Mirağadan xeyli rəsm aldı. Mirağa sevindiyindən uçmağa hazır idi. Lakin müvəqqəti olaraq yerində dayanmağa qərar verdi və sənədləri imzaladı ki, senyor Viskonti rəsmləri ölkədən çıxara bilsin. Mirağa tək bir şəkli italyana satmaqdan imtina etdi. Aydındı ki, hansını. Balaca bir mübahisə də düşdü. lakın zirək italyan qonşular içərisində orijinalı görüb nəzərə çarpacaq təəssüflə geri çəkildi və mübahisəni vaxtında yatıra bildi. Lakin anındaca o biri rəsmlərin qiymətini saldı. Mirağa heç bir şey dərk etməyərək onun bütün şərtləri ilə razılaşdı. İtalyan Mirağanın haqqını ödəyəndə qonşular heykələ dönmüşdülər.

- Beş min dollar,- tərcüməçi sirkdə proqramın baş, əsrarəngiz nömrəsini elan edənlər kimi elan etdi: "Danışan begemot!"- Senyor Viskonti sizə təşəkkür edir, mister Mirağa!

- Təşəkkk... ona da,-əlindəki fantastik məbləği qonşulara göstərən Mirağa kəkələdi.

Tilsimlənmiş kimi Mirağanın əlindəki pullara baxan Çimnaz nəticə çıxardı:

- Buradan çıxmaq üçün bizə heç bu qədər pul təklif etməmişdilər.

İtalyan təbəssümünü pozmadan rəsmlər və tərcüməçisi ilə çıxıb getdi. Təkcə özünə məlum idi ki, necə gözəl bir iş bacarmışdı və bu işə görə Bakıya gəlməyinə dəyərdi.

Mirağa hələ beş mini əlindən qoymamışdı. Çimnaz birja dəllalı kimi telefonun dəstəyinə bağırırdı:

- Beş, sənə deyirəm, beş, inanmazsan, Solmaz, o qədər pul!

Bağırıb qurtarınca qaçıb gəldi, bu möcüzəli günün bir anını da gözdən qaçırmaq istəmirdi.

Əlindəki pulları sanki kiməsə uzadırmış kimi çaşıb durmuş Mirağaya baxan Ceyranın anası dedi:

- Gizlədin.

- Necə?- Qoca soruşdu:- Biz burada heç bir vaxt heç nəyi gizlətməmişik.

- Çünki bizim heç, bir vaxt heç nəyiniz olmayıb, - Çimnaz o dəqiqə aydınlıq gətirdi, - indi var. O, düz deyir, get gizlə.

- Bunlar mənim nəyimə azımdı? -Qəfildən Ceyranın gözlərinə baxıb soruşdu. Qız utanıb evə qaçdı. Qonşulardan biri:

- Bir şey taparsan. Təki pul olsun. Xərcləməyə yer tapılar.

İkinci qonşu da dilini saxlamadı:

- İstəsən, nərddə mənə uduza bilərsən.

- Yaxşısı budur, tualetin divarlarına yapışdır, əyani illüstrasiya olar: pul çirkabdır,-deyə üçüncü qonşu təklif etdi.

Birinci qonşu dedi:

- O çirkabdan kaş ki, çox olaydı. Elə olsaydı, biz belə çirkabda yaşamazdıq.

- Başa düşmürəm, nəyə görə evimiz xoşuna gəlmir? - deyə ikinci qonşu soruşdu:

- Nərddə uduzub, ona görə də hirslidir.

Qonşular danışa-danışa evlərinə dağılışdılar. Hələ də bu gün baş verənləri müzakirə edirdilər. Uzun illər ərzində heç kim inanmamışdı ki, Mirağa dəyərli işlə məşğuldur, birdən-birə beş min dollar! Adam dəli olar!

Gecənin bir aləmi Mirağa yuxudan oyandı.

- Hər şey sənin üçündür, səadətim mənim, - dedi və pulları sevimli Ceyranına necə xərcləyəcəyini düşündü, canını sevinc hissi sardı, sakitcə güldü.

Yuxusu qaçdı, yatağının yanındakı kətilin üstünə qoyulmuş zəngli saata baxdı. Səhər saat dörd idi.

- Mənə səndən heç nə lazım deyil, bunu bil. Yalnız səni görmək, sənə toxunmaq, əllərini tutmaq, yanımda olduğunu bilmək.

Mürgülədi. Yuxuda şəffaf, dumduru su dolu hovuz gördü. Yuxudaca - sevindi, su-aydınlıqdır, təmizlikdir, təravətdir...On dəqiqə keçmiş gözlərini açdı və sirr açırmış kimi qaranlıq otağa pıçıldadı:

- Sən yeganə məhəbbətimsən, ilk və son, əsl məhəbbətim...

Gözlərini yumdu və birdən ağladı, səssizcə, çoxdandı, lap çoxdandı, lap-lap çoxdandı belə ağlamamışdı.

- Ay Allah, - dedi.- niyə indi? Nəyə görə, Allahım?

Bütün iddialarının mümkünsüzlüyü, arzularının gülünclüyü fikri canını sıxdı, ölçüsüz yaş fərqini və başqa fərqləri, xüsusən, həyatlarındakı fərqi-o bitirir, qız isə başlayır-bütün dərinliyi, dəhşətli gerçəkliyi ilə dərk edirdi. Lakin qoca onu da anlayırdı ki, Tanrı ona böyük xoşbəxtlik bəxş etmişdi, bu böyük ağır səadət onun bədəninə və ruhuna sancılır, astarını üzünə çevirir, böyük bir bədbəxtlik kimi onu silkələyirdi. Allaha üsyan etmək də günah olardı. insanın arzusundan, iradəsindən asılı olmayan təbii fəlakət kimi qoca yaşında bəxş olunmuş bu səadətlə bəxtinə düşdüyü qədər yaşamağı öyrənməlidir.

- Allahım, sənə minnətdaram,- deyib yuxuya get.

Tezliklə məlum oldu ki, Mirağanın qızına münasibətində yalnız atalıq hissinin gizlənmədiyini iti ana gözləri ilə sezən Ceyranın anası narahat olub altdan-altdan tədbir görürmüş, haradansa Ceyranın adaxlısı peyda oldu. Gənc oğlan onların həmyerlisi idi, o da qaçqın idi, kasıb olsa da, yaxın gələcəkdə bacarıqlı və işgüzar bir adam kimi əsl iş adamına çevrilmək imkanlarına malikdi və anasının fikrincə, belə adama qızının taleyini etibar etmək olardı.

Bu xəbər qocanın ürəyinə ox kimi batdı, halbuki belə bir işin gec-tez olacağını təxmin edirdi, lakin bu qədər tez olacağı ağlına gəlməzdi. Ürəyi doğrudan ağrımağa başladı, əvvəllər belə şey olmamışdı. Yatağa düşdü, Ceyran onu yoluxmağa gəlirdi, amma üzü divara uzanmış qocadan bir söz ala bilməyib, axşamlar gənc oğlanla gəzməyə çıxırdı. Oğlan da onu həmin yerlərə, bulvara, sirkə, karusellərdə yellənməyə aparırdı, o yerlərə ki yaxın vaxtlarda Mirağa onu kiçik qardaşı ilə aparırdı.

Tezliklə Ceyrana elçi gəldi, qızın anası qonşuların hamısını çağırmışdı, bir tək Mirağa yoxdu. O, dərdi ilə baş-başa daxmasında üzü divara uzanıb qalmışdı, heç kimi görmək istəmirdi. Bəlkə də buna görə idi ki, indi qonşular onun yanına tez-tez gəlir, yemək, çay, vacib ürək dərmanları gətirir, onu yalnız qoymamağa çalışırdılar. O isə məhz bunu-yalnız qalmağı istəyirdi. Ceyran da gəldi. Kasad ziyafət süfrəsindən bir parça tort gətirmişdi.

Ceyran boşqabı kətilin üstünə qoyub dedi:

- Sizə gətirmişəm, Mirağa müəllim. Allah şəfa versin. Təəssüf ki, gələ bilmirsiniz. Hamı toplanıb. Anam sizin üçün narahatdır, elə bütün qonşular da...

- Ceyran,-birdən qoca zəif səslə onu çağırdı, qız diksindi, onun danışacağını gözləmirdi, artıq neçə gün idi ki, qoca kimsəylə kəlmə kəsmirdi, son dərəcə yorulmuş, usanmışdı. Hərçənd son günlər heç bir şey etməmişdi, bəzən dərin depressiyaya qapılaraq yatağa düşmüşdü, yemək-içmək, hətta nəfəs almaq, yaşamaq belə istəmirdi.

- Bəli, Mirağa müəllim!

- Yaxın gəl.

Qız yatağa yaxınlaşdı. O, qızın əlini zəifləmiş əlinə aldı, tumarladı, nazik, uşaqlıqdan işə - gücə alışmış güclü barmaqlarına, əllərinə baxdı, özünə tərəf çəkib öpdü.

- Oy, nə edirsiniz, Mirağa müəllim! -Bu cür diqqətə alışmamış qız ürkərək əlini çəkdi.

- Al, - qoca döşəyin altından zərf çıxardı, - sənin toyun üçündür.

Ceyran özünə gəlməmişdi, tez dilləndi.

- Yox, yox, nə danışırsımz, olmaz, o sizindir, lazım deyil, anam icazə verməz, bilsə götürmüşəm, məni öldürər, dünyada almaram, saxlayın, sizə gərək olar.

- Sus, - qoca onun sözünü kəsdi.-böyükləri eşitmək lazımdır. Al,-pul zərfini qızın ovcuna basdı, - mən olmayanda portretini götürərsən. İstəyirəm ki, səndə qalsın...

Birdən qız burnunu çəkərək sakitcə ağlamağa başladı, qocaya alışmış, doğması kimi sevmişdi.

- Nə danışırsınız, Allah eləməsin...

- Get, tək qalmaq istəyirəm.

Ceyran dönüb qocaya baxa-baxa çıxdı və qapını arxasınca kip bağladı. Gözlərini sildi, sorğu-suallara cavab verməyə, kiminləsə danışmağa hal yoxdu. Bununla belə, anasını masanın arxasından qaldırdı, kənara çəkib pulları verdi. Həmin dəqiqə qonşular və qonaqlar bu işdən xəbərdar oldular.

- Bu pula köşk açmaq olar, - deyə bəyoğlan dilləndi.

Heyrətamiz xəbərdən sonra özünə gəlməyə başlayan ana dedi:

- Gedib minnətdarlıq etmək lazımdır.

Hamı masanın arxasından qalxıb həyətə çıxdı. Mirağanın qapısı içəridən kilidlənmişdi.

- Mən qapını örtəndə kilidlənib, - Ceyran günahkar kimi dilləndi.

Çimnaz soruşdu:

- Nə edəcəyik?

- Nə fikirləşirsiniz? - deyib bəyoğlan təpiyini qapıya ilişdirdi.

Hamıdan irəlidə gedən Çimnaz, Ceyranın anası, bəyoğlan və Ceyran ehtiyatla otağa girdilər, yerdə qalanlar həyətdə durub onların çiyinlərindən içəriyə boylanırdılar. Yarıqaranlıq otağa girənlər yerlərində donub qaldılar - yataq boş idi, pəncərədə pərdə yellənirdi və uzaqda - aşağıda günəşin şəfəqlərindən bərq vuran zümrüd dəniz sanki nəfəs alırdı.

Qadınlar dirilmiş ilana yaxınlaşırmış kimi, pəncərəyə yaxınlaşdılar.

- Bu, necə ola bilər axı? - Ceyran qorxmuş halda astadan soruşdu.

O, pəncərəyə yanaşıb aşağıya baxdı.

- A!-qız qışqırdı.

- Nə var orada! - Anası həyəcanla soruşdu.

Otaqdakılar qabağa gəlib pəncərədən aşağıya boylandılar.

Uzaqda, aşağıda qumlu çimərlikdə Mirağanın cəsədi düşüb qalmışdı, bədəni qəribə tərzdə düşmüşdü, ayağının biri qatlanmış, qolları geniş açılmışdı, qoca qəfildən yaxalandığı dəruni gerçək hisslərin bir müddət unutdurduğu təlxək xasiyyətinə sona qədər sadiq qalaraq, sanki indicə rəqsə başlayacaqdı.

# 2516 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #