Xanım yazar: “Ən sadiq dostlarım kişilərdir”

Xanım yazar: “Ən sadiq dostlarım kişilərdir”
7 may 2014
# 08:00

Kulis.az şairə Həyat Şəmi ilə müsahibəni təqdim edir...

- Əvvəlcə istərdik təxəllüsünüzlə bağlı bir qədər danışasınız. Qəribə təxəllüsünüz var...

- Familiyamdan gəlmədir. Soyadım Şamıyevadır. Mən son dövrlər bu familiyanın etimologiyasını araşdırmağa maraq göstərirəm. Hələ Azərbaycan Səfəvilər dövləti dövründə türkman, zülqədər, otuzikilər, şahsevənlər, ustaclı, təkəli, rumlu və sair, həmçinin şamlı tayfaları mövcud olub. Bunun dərininə gedib Şamının da o şamlıdan gəlməmi olduğunu araşdıracam. Siz bu sualla son zamanlar beynimi məşğul edən bir məsələyə toxundunuz lap. İsgəndər Bəy Münşi Türkmanın "Tarixi-aləmarayi-Abbasi" – “Dünyanı bəzəyən Abbasın tarixi” adlı kitabında bu tayfadan da bəhs edilir. Bilmirəm, nə dərəcədə haqlıyam, amma mənə elə gəlir ki, familiyam - Şamıyeva o sözdən gəlmədir.

- Lap yaxşı… Siz o adamlardansınız ki, ədəbi mühitdən mümkün qədər uzaq durmağa çalışırsınız. Hər halda bizdə bu cür təəssürat yaranır. Bunun bir səbəbi varmı, yoxsa xarakterlə bağlı məsələdir?

- Bunun əsaslı bir səbəbi yoxdur. Həmçinin ədəbi mühitdən uzaq durmaq cəhdlərim də yoxdur. Amma, sonuncu ola bilər: xaraktercə bir qədər qapalı və sirli olmağı sevən insanam, məncə. Bu göstəricidən irəli gələ bilər.

Digər tərəfdən, ədəbi mühit deyərkən ədəbi proseslərimi, yoxsa ədəbi qalmaqallarımı nəzərdə tutursunuz? Əslində bəzən istəsək də, istəməsək də bu proseslərin, hətta qalmaqalların da içinə daxil edilirik. Bəzən olur ki, siz jurnalistlər hər hansı bir ədəbi qarşıdurmaya, yaxud da prosesə münasibət bildirmək üçün yazarlara müraciət edirsiniz. Bu müraciətə də cavab verəndə olursan ədəbi proseslərin qaynar nöqtəsində.

Əsl ədəbi mühit isə yazı müstəvisidir. Bu müstəvidə hər zaman olmaq həyat amalımdır.

- Dediniz ki, sirli olmağı sevən insansınız. Bəzi qadınlar komplekslərindən dolayı sirli obrazı yaradırlar. Sizə bunu şamil etmək olar?

- Əslində, özümə kompleks edə biləcəyim elə bir xüsusiyyətim yoxdur, şükürlər olsun! Uca Allahın bir qadına verə biləcəyi bir çox özəlliklər cəm olub bizdə (gülür...). Gəlin, təvazökarlıqdan kənarlaşmayaq... Heç zaman bilərəkdən və məqsədli şəkildə sirli obrazı yaratmağa cəhd etməmişəm. Nə bilim, bu mənim daxili naturamdan irəli gəlir. İnsanlarla ünsiyyətə tez girə bilirəm, hamıyla dil tapıram, hər kəsə maksimum dərəcədə hörmətlə yanaşmağa çalışıram, amma heç kimi öz daxili dünyama tam olaraq yaxın buraxmıram. Hesab edirəm ki, bu, mənim daxili aləmim üçün maneələr yarada bilər.

- "Gecə gözlü həyat"dan sonra kitabınız çıxıbmı?

- Çıxmayıb. Amma hazırlaşırıq.

- 2009-dan bu yana kitabınızın çıxmamağı nə ilə bağlıdır?

- Əslində başqa işlərimin çoxluğuyla. Bu ötən beş il içərisində həm dövlət qulluğunda çalışmışam, həm fəlsəfə doktorluğumu müdafiə etmişəm, həm elmi monoqrafiyamın üzərində işləmişəm, həm də paralel olaraq bir çox şəxsi həyat problemləri yaşamışam.

- Deyirsiniz ki, yeni kitabı çap etməyə hazırlaşırsınız... Nə vaxt hazır olacaq?

- Bilmirəm... Həyat göstərəcək. Məndən asılı olsa, bu ilə çıxmalıdır.

- Kimlərdən təsirlənmisiniz? Kimləri öz ustadınız hesab eləyirsiniz?

- Öz ustadım hesab etdiyim konkret bir şair və ya yazıçı yoxdur. Amma oxuduğum və sevdiyim çox şairlər var. İstər Azərbaycan, istər Türkiyə, istərsə də dünya ədəbiyyatından olsun, oxumaqla da təsirlənmə labüddür. Bütün yazıçı və şairlərdə bir-birindən təsirlənmə halları baş verir. Yetər ki, kimisə təkrar etməyəsən və yeni söz deyə, yeni üslub sərgiləyə biləsən. Buna isə yaradıcı olan kəs, özü qiymət verə bilməz. Onun qiymətini Zaman verir.

Bizdə indi dəbdir, bəzi şairlər özünü tərifləyir, dahi hesab edir, "məndən yoxdur" deyir, hətta "ən çox sevdiyiniz və bəyəndiyiniz şair kimdir" sualına özünü arqument göstərir. Bilirsiniz, bunlar hamısı daxili mədəniyyətlə bağlı məsələlərdir, məncə. Heç zaman özümü "şairəm" deyə təqdim etməmişəm, əksinə Allah şahiddir ki, “şairə” deyərək müraciət edənlərə etirazımı bildirmişəm, bu o demək deyil ki, yazdıqlarıma güvənmirəm və ya yazdıqlarımı zəif hesab edirəm. Əksinə, məndə bir mötədillik sindromu da var, bəlkə də... (gülür...)

- Yeni söz əlbəttə əsasdır. Bəs siz necə, yeni söz deyə bilmisinizmi?

- Məncə, yeni Söz demişəm. Həm də bunu mən yox, yazdıqlarımı oxuyan ədəbiyyatçılar və tənqidçilər deyir. Əlavə heç nə demək istəmirəm. Onlardan soruşarsınız.

- Deyirlər ki, Biləcəridən o yana çıxa bilmirik. Amma xaricdə kitabları çıxan yazıçı və şairlərimiz var. Qəşəm Nəcəfzadənin kitabları Hollandiyada çıxıb. Sizin kitabınız da Türkiyədə çap olunub və sairə. Amma sanki bizim xaricdə çap olunan kitablarımız bir o qədər də maraq yaratmayıb. Sizcə bu nə ilə bağlıdır?

- Türkiyədə çıxan kitabımda heç nə deyə bilməmişəm. Çünki, o kitab Türkiyə türkcəsinə uyğunlaşdırma idi və o qədər də uğurlu alınmayıb. Amma, müxtəlif dillərə (ingilis, rus, italyan, fars, ukrayna, qaqauz) tərcümə olunmuş ayrı-ayrı şeirlərim var ki, o şeirləri sevib, bəyənib sonra tərcümə ediblər söylədiyim dillərə. Digər tərəfdən əsərin başqa dilə tərcümə olunması, hələ onun uğuru demək deyil. İndi əsərlərin maraq doğurması da mən deyərdim ki, qlobal və siyasi müstəvidə həllini tapan problemdir. Baxın, Türkiyədə Orxan Pamukdan da güclü yazan yazarlar vardı və var, amma Avropa Orxan Pamuku seçdi... Bunlar çox incə məsələlərdir, məncə.

- Deyirsiniz ki, Orxan Pamukdan güclü yazıçılar vardı, amma “Nobel”i Orxan aldı, siz də o qənaətdəsiniz ki, sırf siyasi səbəblərə, kiminsə əlinə oynadığına görə ona “Nobel” veriblər?

- Qlobal müstəvi üçün iki amil önəmlidir, məncə: yaxşı yazıçı və yaxşı arqumentli əsər. İkisi bir arada. Biri yoxdursa, o birinin önəmi də itir.

Unutmayaq ki, mədəniyyət də dünya siyasətinin tərkib hissəsidir.

- Kimləri bəyəniriniz şair kimi? Kimlər maraqlıdır sizin üçün...

- Azərbaycan ədəbi mühitindən söhbət gedirsə, çalışıram yeni və köhnə olmaqla hamını oxuyum. Amma, ən çox sevdiyim və oxuduğum şairləri, isim göstərmək doğru olmasa da, deyəcəm: Qulu Ağsəs, Aqşin, Salam Sarvan, Kəramət Böyükçöl, Şərif Ağayar, Zahir Əzəmət və s. Çoxdur.... Amma ad çəkmək mənə düşmür . Bir də görəcəm ki, sabah məni inkar edir, adını çəkdiyim, təriflədiyim insan. Ona görə də qadın şairlərimiz məndən inciməsinlər. Qadın adı çəkməyəcəm. Ədəbi mühitdə ən yaxşı və ən sadiq dostlarım kişilərdir. Onlarla yola getmək daha sadə və rahatdır.

- Qadın qısqanclığı... Maraqlı mövzudur...

- Məndə qısqanclıq yoxdur. Daxilim yol vermir. Başqalarının mənə qısqanclıqla yanaşması üçün isə, əslində elə bir göstəricim də yoxdur, məncə. Amma bu, mənim taleyimdir, görünür.

Həmişə əlimdən nəyisə almağa hazır olanlar tapılır.


- Deməli dolayı yolla etiraf edirsiz ki, qadınlar həmişə əlinizdən nələrisə alıb. Belə çıxır ki, zəif qadınsız?

- Əksinə, güclü, çalışqan və bacarıqlı olmağımdan irəli gəlir. Kimsə məndən nəyisə qoparıb almaq istəyirsə, özünün gücsüz və bacarıqsız olduğunu sərgiləyir. Onda bu yoxdur deyə başqasından qoparmaq istəyir. Mənsə, ən zəif görünənlərə güzəştə getmişəm, “apar, sənin olsun” demişəm. “Apardığının yerini doldurmağa gücüm var” misalı...

- Ad çəksəydiniz müsahibə bir az da maraqlı olardı...

- Qalmaqalı sevmirəm, qurban sənə. Bir də hər şey vəsli-pərdədə daha gözəl olur. Vəsli-pərdədə qalsın adlar. Müsahibəni oxuyanlar əslində bu pərdənin altındakı adları gözəlcə görəcəklər, inanın...

- Anna Axmatovadan yaxşı tərcümələriniz var... Bu baxımdan maraqlıdır, şeir tərcüməsi ilə bağlı hazırkı vəziyyəti qaneedici saymaq olarmı?

- Son tərcüməm Raisa Sarbinin kitabı olub. O da 2011-ci ildə çap olunub. "Hər qürubda sən varsan" adı altında. Türkiyə türkcəsindən uyğunlaşdırmalarım olur mütəmadi.

İtaliyanın Milan şəhərində 2013-cü ildə “Azərbaycan Poeziya Antologiyası” çap olundu. Bəndənizin də şeirləri orda yer alıb.

- Bəs başqa Azərbaycan yazıçı və şairlərinin tərcümələri sizi qane edirmi?

- Heç nəyə pis demək olmaz. Pis odur ki, olmasın. Amma keyfiyyətcə fərqli tərcümələr olur. Bilirsiniz, ümumiyyətlə tərcümə əsərin məna və məğzinin yarısı deməkdir. Kaş ki, dünya insanları bütün dünya dillərini biləydilər və hər millətin də əsərini öz dilində oxumağı bacaraydılar. Onda əsərlər daha gözəl və çəkici olardı.

- Məncə şeiri tərcümə etmək o qədər də doğru deyil. Keyfiyyət istər-istəməz itir...

- Musiqinin dili olmadığı kimi, yazının da dili olmasaydı. Haqlısınız...

- Sizin elə şeirləriniz var ki, sanki sizin üslubunuz deyil. Və məncə o qədər uğurlu alınmayıb. Məsələn “Azəri qızıyam, Vətən oğluyam” şeiri...

- Haqq verirəm sizə. Bilirsiniz, bəzən şairə şeir sifariş edirlər. Bax bizim cəmiyyətimizin çatışmayan ən mühüm cəhətlərindən biri budur. "Davamlı insan inkişafı"nın getdiyi bir dönəmdə, neft kapitalının, insan kapitalına, insan potensialına çevrildiyi bir zamanda bu cür hallar təəssüf hissi doğurur. Sizin misal çəkdiyiniz o şeir də, gənclik illərimin sifarişli səhvidir Mən çox nadir hallarda, yüz sifarişdən birinə məcbur olmuşam, o da belə uğursuz nəticələnib.

- Çox maraqlıdır kim sifariş vermişdi?

- Vəsli-pərdədə qalsın...

- Sizin şeirlərinizdə kədər boldur. Amma müasir dövrdə kədəri bol olan şeirlərə münasibət birmənalı deyil. Qaramat şeirlər yazanları ciddi tənqid edirlər.

- Mənim kədərli şeirlərim qaldı kədərlərin yarandığı zamanda : Salam Sarvan da yalnız ölümdən ve qəbirdən yazırdı. İndi şeirlerim postmodernizm üzərində köklənir, məncə... Kədər də kinayə ilə səsləndirilir. Modernizmə xas metafizika, transendentallıq, inam qəbul edilmir daha, kinayə batin, özündə yetərlik səciyyəsi daşıyır daha.

Postmodernizm poetikasına keçirəm: müəllif kateqoriyasının silinməsi, ilkin mənbənin əhəmiyyətsizləşməsi, quramalıq, mətn-söyləmənin aqrammatikliyi səciyyəsinə girir şeirlərim, məncə... Hər zamanın öz tələbi var axı. Bu şairlərə də təsirsiz ötüşmür.

# 4281 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #