48-ci səhifədə Aqil Abbas çıxır qabağımıza...

48-ci səhifədə Aqil Abbas çıxır qabağımıza...
18 dekabr 2012
# 08:00

Çoxdanın vərdişkarıyıq: bizi oxumurlarsa, deməli kütlə savadsızdır, kitablarımız satılmırsa əlbəttə, bizi anlamırlar, başları boşdur, eləcə gur-gur guruldayırlar. Lap yürüş davulu kimi...

Xub, bəs biz nə yazırıq? “Nə yazmaq əə, ağlınıza gələni hüdüləyib tökürsünüz, gic-gic şeylər sayıqlamaqdan başqa əlinizdən nə gəlir ki?”

Tənələr də bir tərəfdən adamı yorur, darıxdırır...

Kənan Hacının “Atamın sevgilisi” kitabı işıq üzü görüb. Kitabda “Çəhrayı qan” romanı və bir neçə hekayəsi yer alıb. Birnəfəsə oxudum: dilim büdrəmədi, kələ-kötür cümlələr zəhləmi tökmədi. Əlbəttə, Kənan Hacının nəsr dili rəvandır, laxlaq cümlələr, naşı ifadələr ən azı addımbaşı əl-ayağa dolaşmır. O Kənan Hacının ki, istedadına, ədəbi zövqünə də mənim şəkk-şübhəm yox. Billah! Di gəl,...

“Çəhrayı qan” romanını Nabat adlı bir qıza dəlicəsinə vurulmuş talesiz gəncin həyat hekayəsi də saymaq olar. O Nabatın ki: “Mən həyatında bəlkə də yeganə kişiydim ki, onunla fahişə kimi davranmırdım”. Qəhrəmanı da belə təsəvvür edin: daxili azadlığı əldə bayraq edib dərdi yamsılamaqla özünü kədərə pərçim edən zavallınını biri. Amma yaşanmış həyatmı, yoxsa illərin qələm təcrübəsimi, bilmirəm: Kənan qəhrəmanının düşdüyü acınacaqlı durumu əla təsvir edə bilib. İfadələr dəqiq, boyalar rəngarəng, gözəl...

Bir fahişəyə olan sevgisi hər şeyi alt-üst edir. İşdən uzaqlaşır, qəzetin baş redaktorunun “Təhminə”dəki Dadaş sayaq nəsihətləri kara gəlmir. Bir tərəfdən də zəhrimar içki... Bahoo, romanın 48-ci səhifəsində qarşımıza kim çıxsa yaxşıdır: Aqil Abbas! Heç nədən, elə qəfildəncə: “Bir dəfə Aqil Abbas məni yaş yuyub quru sərdi, dediyi sözlər indiyəcən qulaqlarımdadır. “Bala, sən çox istedadlı oğlansan, amma bu zəhrimara çox aludə olma. Heyifsən, vallah. İçki çox istedadlıların başını yeyib, axırına çıxıb. Hələ dünyada arağı yıxan adam olmayıb, həmişə araq adamı yıxıb”

Bir xəbər alın görək, Kənan romanı kiminçün yazıb: hamı üçün, məsələn, həm də ucqar dağ kəndində yaşayan yeniyetmə Cəfər, çoban Kərəm üçün, yoxsa bir ovuc ədəbi mühitdən ötrü? Ki, ədəbi mühitdə Aqil Abbası tanımayana lənət! Əgər bunun adı ədəbi priomdursa, Kənan bəy çox üstünü vurmasın, bilməzlikdən çox şeylər olur.

Romanı oxuyanda bu kiçik həcmli əsərin üç-dörd ilə yazıldığı gümanına düşməyim, məni aldatmadı, müəllifin öz dilindən eşitdim. Təxminən 35-ci səhifədən sonra nəsrə tamam yad və yabançı olan belə-belə cümlələr başlayır: “Bununla belə, 37-ci ilin repressiyası tariximizin hələ də qan verən yarası kimi qalır və bu qətliamı qoca tarix və uca zaman Mir Cəfərə bağışlamayacaqdı”( səh, 46); “Elə bir insan yoxdur ki, onun bu və ya digər hadisədə özünü necə aparacağına qəti proqnoz vermək mümkün olsun” (səh, 48); “Almazın da yağlı müştəriləri bilirsiniz kimlər idi? Yüksək rütbəli polis işçiləri, qudurğan papa uşaqları, prokuror balaları” (səh, 50). “O vaxt Bakıda hakimiyyət uğrunda mübarizə gedirdi, bütün diqqət ora yönəlmişdi, nizami demək olar ki, yox idi” (səh, 67). Yeri gəlmişkən, bu tipli cümlələrə kitabdakı hekayələrdə də rast gəlmək olur. Və zəhlətökən nəsihət olmasın, könül istər, Kənan Hacı bu sayaq cümlələrdən qaçıb “aşına su qatmasın”. Öz axmaq vasvasılığımı da boynuma alıram, mübaliğəli çıxmasın, adda-budda qarşılaşdığım belə-belə ifadələr məni şapalaq kimi diksindirirdi: “əks təqdirdə, müşayiət edirdi, hökm sürürdü, müşahidə edirdi, buna baxmayaraq...” və s.

Adama elə gəlir, roman ya sonradan ixtisar olunub (özü də naşıcasına), ya da müəllif hadisələri təmkinlə, ləngərlə təsvir etməkdən təngə gəlib də, əsəri tezbazar yaxasıdan uzaqlaşdırıb. Məsələn, Almazın qızı Şahanə lapdanca peyda olur, avtobus şoferi Məmməd necə olur səhifələrin içindən çıxır, bilmirsən. Adam qalır çaş-baş... Və məlum olur ki, Nabat Pakistandan baş örtüyü ilə qayıdıb “mömin” qadın həyatı yaşayır: “Namaz qılmaq onun işi deyildi, sadəcə bədənini dincə qoymuşdu.”

Yazını necə, harda bitirməyi bilmirəm. Deyəsən, Kənanın başını itirən qəhrəmanının halına mən də yoluxdum. Buna müəllifin tələskənliyinə tutulmaq da demək olar. Amma bir şeyi qulağımızda sırğa edək: Kənan Hacının yazıçı səmimiliyi məni hədsiz sevindirdi. Aldandığını hiss edə-edə müəllifin ardınca düşüb ta son səhifəyəcən nəfəs dərmədən ayaq döyməkdən yorulmamaq... Çoxmu yazıçı bunu bacarır?! Ona görə də Kənan Hacını oxumağa dəyər! Elə birnəfəsə... Yorulmadan...

# 2879 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #