Viktor Pelevindən postmodernist hekayə: "Nika"

Viktor Pelevindən postmodernist hekayə: "Nika"
3 avqust 2019
# 13:53

Kulis.az rus postmodernist yazıçısı Viktor Pelevinin "Nika" hekayəsini təqdim edir.

İndi bu zərif nəfəs dünyaya yenidən yayılmışdı, buludlu səmaya, bu soyuq bahar küləklərinə və mənim dizimin üstündə İvan Buninin silikat kərpic ağırlığında qalın kitabı var, hərdən gözlərimi kitab vərəqindən ayırıb, divara dikirəm, Olya Meşerskayanın təsadüfən bu günümüzə qədər gəlib çatmış şəklinə.

Nika yaşda məndən xeyli kiçik idi. Tale bizi təsadüfən görüşdürdü. Onun mənə bağlılığının yaxşı cəhətlərimdən doğduğu qənaətində deyildim. Əksinə, mən onun üçün, əgər fizioloji termindən yararlansaq, reflekslər oyadan, reaksiyalar doğuran bir qıcıqlandırıcıydım. Əgər mənim yerimə, başında akademik təsək olan fizik-fundamentalist, satılmış millət vəkili və ya Nikanın əsmər cənub gözəlliyinə dəyər verməyə, səhvən doğulduğu ac şimal ölkəsində qədim vətənindən qürbətdə mövcud olmaq ağırlığını yumşaltmağa hazır istənilən birisi olsaydı belə, bu reflekslər və reaksiyalar dəyişilməyəcəkdi. Nika başını sinəmdə gizlədərkən, barmaqlarımı boynunda ürkək-ürkək gəzişdirir, xəyalımda bu zərif boynuna, bu zərif kürəyinə nazikbarmaqlı, solğun ovuclu, barmağında kiçik kəllə sümüyü formasında üzük, dəhşət tüklü, göy lövbərli xatirələrdə, Nika kimi yavaş-yavaş aşağı sürüşən başqa əllərin sarılmasını canlandırırdım və bu dəyişikliyin Nikanın ürəyinə heç toxunmayacağını hiss edirdim.

Nikaya heç zaman öz adıyla müraciət etməzdim. “Veronika” mənim üçün botanika termini idi və yaddaşımda boğucu qoxu verən ağ güllər uşaqlıq illərimin yaşıllıqlarını xatırladırdı. Ona görə də “Veronika” sözünün sonuncu üçüncü hecasıyla kifayətlənirdim. Bu, onun heç vecinə də deyildi, musiqi duyumu yox idi, özünün başsız və qanadlı adaş-ilahəsi haqqında isə heç nə bilmirdi.

Dostlarım Nikanı elə ilk gördüklərində bəyənmədilər. Ola bilsin, onu öz dairələrində, lap bir dəqiqəliyinə olsa belə, hörmətlə qarşılamaqlarına baxmayaraq, bunun qarşılığını görmürdülər. Nikadan başqa nələrisə tələb etmək, asfalt yolla gedən bir piyadadan nə vaxtsa yol çəkmiş fəhlələrə minnətdarlıq duyğusu tələb etmək qədər mənasız idi. Nika üçün ətrafdakı adamlar anlaşılmaz səbəblərdən onun yanında peyda olan və gəldikləri kimi də anlaşılmaz səbəblərdən qeyb olan danışan şkaflar idi. Yad adamların hissləri maraqlandırmırdı onu. Özünə qarşı bəslənən münasibəti instinktiv olaraq duyduğundan, ya nədənsə, dostlarım bizə gəldiyində, vaxtını mətbəxə keçirdi. Belə götürəndə, dostlarım onunla kobud rəftar etmirdilər, ancaq saymazyana münasibət bəslədiklərini də gizlətmirdilər, tanışlarımdan heç biri onu tay-tuş hesab etmirdilər əlbəttə.

- Sənin bu Nikan mənə heç baxmaq da istəmir? – dostlarımdan biri istehzalı təbəssümlə soruşurdu. Nikanın ondan zəhləsi getməsi heç ağlına da gəlmirdi. Qəribə bir sadəlövhlüklə inanırdı ki, Nikanın ürəyinin dərinliklərində onun üçün yekə bir qalareya açılıb.

- Sən bunları əhilləşdirə bilmirsən, - başqa birisi sərxoş səmimiliklə deyirdi, - sənin yerində olsaydım, bir həftəyə ipini yığardım.

Bu adamın evdar kişi olduğunu bilirdim, çünki arvadı artıq dördüncü ildir ki onu əhilləşdirir. Həyatda ən az istədiyim şey kiminsə tərbiyəçisi olmaqdır.

Söhbət ondan getmir ki, Nika rahatlıqlara qarşı laqeyd idi – Nika patoloji mətanətlə mənim oturmaq istədiyim kresloda əyləşirdi, - ancaq əşyalar istifadə etdiyi müddətdə onun üçün mövcud olur, sonra isə yox olurdu. Yəqin buna görədir ki, praktiki olaraq özünün heç nəyi yox idi. Hərdən düşünürdüm ki, qədim kommunistlər bax, belə bir insan tipini yetişdirmək istəyirdilər, bu məqsəd uğrunda çəkdikləri zəhmətin nəylə nəticələnəcəyi barədə təsəvvürə malik deyildilər. Nika başqalarının hissləriylə hesablaşmırdı, axmaq xarakterindən irəli gəlmirdi bu, sadəcə bu cürə hisslərin mövcudluğunu duymurdu. Bir dəfə şkafda durmuş farfor qənd qabını təsadüfən sındırdı. Üstündən bir saat keçdi, gözlənilmədən sifətinə şillə tutuzdurdum. Nika nəyə görə onu vurduğumu heç anlamadı, o biri otağa keçdi, üzrxahlıq etmək üçün ona yaxınlaşanda, bir söz demədən üzünü divara çevirdi. Nika üçün qənd qabı parlaq materialdan ibarət kəsik konus idi, mənim üçün isə, varlığın reallığına dair ömrüm boyu yığdığım sübutların - çoxdan mövcud olmayan yazı kitabçasından xatirə qalmış səhifədə bir dəfə də olsun zəng etmədiyim telefon nömrəsinin, “İllüzion” kinoteatrına cırılmamış biletin, balaca bir şəklin və sətirləri doldurulmamış bir neçə aptek reseptinin qorunub saxlandığı pul qabı kimi bir nəsnə idi. Nikanın qarşısında utanırdım, üzr istəmək axmaqlıq olardı, nə edəcəyimi bilmədiyimdən, ibarəli-ibarəli danışıb, qatma-qarışıq cümlələr dedim:

- Nika, acıqlanma mənə. Dəyərsiz əşyalar insan üzərində qəribə hakimiyyətə malikdirlər. Hansısa çatlaq-çatlaq olmuş bir eynəyi tullamaq, bu eynəklər arasından gördüyün dünyanın həmişəlik arxada qalması və ya əksinə, qarşıda - yaxınlaşan yoxluğun hakimiyyəti deməkdir...

Nika, əgər anlasaydın məni... Keçmişin qırıntıları lövbərə bənzəyir, bu lövbər isə ruhumuzu artıq mövcud olmayan şeylərə bağlayır, bununla da ürəyin dibində qalan hisslərin də yox olması aydınlaşır, çünki...

Ovuclarımın arasından Nikaya baxdım, gördüm əsnəyir. Bir allah bilir ki, nə haqda düşünürdü, ancaq dediyim sözlər onun balaca gözəl başına girmirdi, əyləşdiyi divanla da eyniylə elə bu cürə danışa bilərdim. Axşam Nikaynan xüsusi həssaslıqla, zərifliklə davranırdım, bədənində sürüşən əllərimin onun üçün, birlikdə meşədə gəzərkən bədəninə toxunan ağac budaqlarından elə də fərqlənməməsi duyğusu məni tərk etmirdi .

Hər gün birlikdəydik, amma heç zaman birlikdə əsl sevgi yaşaya bilməyəcəyimizi anladım. Pişik kimi elastik bədəniylə mənə qısılarkən, onun mövcudiyyətini tamamən unudub da, başqa bir məkanda ola biləcəyimi duymurdu. Mahiyyət etibariylə, çox bayağıydı, yalnız fizioloji istəkləri vardı – qarnı “yırtılınca” yemək, doyunca yatmaq, yeməyin yaxşı həzm edilməsi üçün əzizlənmək. Saatlarla televizor qarşısında mürgü döyürdü, demək olar, ekrana baxmırdı, çox yemək yeyirdi – piyli qidaya üstünlük verirdi və yatmağı çox sevirdi, bir dəfə kitab oxuduğunu görmədim. Ancaq təbii gözəlliyi və gəncliyi bütün təzahürlərinə hansısa aldadıcı şövqlər qatırdı, onun heyvaniliyində - əgər dərindən məsələyə girişsək – harmoniyanın yüksək parıltısı, incəsənətin ümidsizcəsinə arxasıyca düşdüyü təbii nəfəs vardı və mənə belə gəlirdi ki, onun sadə taleyi, daha gözəl və şüuridir. Mənsə həyatımı başqalarının uydurmaları üzərində qururam. Vaxt vardı, barəmdə nə fikirləşdiyini bilmək arzusundaydım, ondan cavab almaq isə faydasız idi, bir gündəlik də tutmamışdı, oğrun-oğrun oxuya biləm.

Və birdən anladım ki, Nikanın dünyası məni həqiqətən maraqlandırır.

Nikanın uzun müddət pəncərə qarşısında oturub aşağı, bayıra baxmaq vərdişi vardı. Bir dəfə arxadan ona yaxınlaşdım, ovcumu boynunun ardına qoydum, bir az səksəndi, amma kənara çəkilmədi və düşünməyə çalışdı ki, nəyə baxır və gördükləri hansı əhəmiyyət kəsb edir onun üçün. Qarşımızda adi bir Moskva həyəti vardı – qum içində eşələnən bir neçə uşaq, üzərində xalçaların çırpıldığı turnik, bir neçə qırmızı metal borudan düzəldilmiş karkas, uşaqlar üçün ağacdan hazırlanmış komacıq, zibilxana, qarğalar və işıq dirəkləri. Hər şeydən çox mənə bu qırmızı karkas zülm verirdi – yəqin ona görə ki, uşaqlıda nə zamansa, bir boz qış günündə, qəlbim Almaniya demokratik respublikasının çoxdan yer üzündən silinmiş mamontların ovlanması mədəniyyətinə həsr olunmuş albomu altında saxsındı. Bu, çox təəccübləndirici möhkəm bir sivilizasiya idi. Heç bir dəyişikliyə məruz qalmadan bir neçə min il mövcud olmuşdu hardasa Sibirdə - insanlar mamont dərilərindən dartılmış yarımdairəvi evciklərdə yaşayır, ağac gövdələri isə uşaqların meydançadakı komasına bənzəyirdi, o zamanlar dəmir boruların əvəzinə mamontların möhkəm dişlərindən istifadə olunurdu. Ovçuların həyatı albomunda – yeri gəlmişkən, bu romantik söz, ayda bir dəfə sadəlövh heyvanı aldadaraq çuxura salmış çirkli əclaflara yaraşmır - necə ov etmələri təfərrüatıyla təsvir edildiyindən, çox xırda məişət detallarını öyrəndim, mənzərələr və üz cizgilərinə baxıb, belə məntiqi nəticə çıxartdım ki, rəssam heç şübhəsiz Sovet əsarətində olub.

Albomla tanışlıqdan üzü bəri, qəfəs formasında olan, demək olar hər həyətdə gözə dəyən bu yarımkürələr, bizi formalaşdıran, yetişdirən mədəniyyətin əks-sədası kimi mənə görünməyə başladı. Digər bir əks-sədaya, minilliklərin qaranlığından sürünə-sürünə gələcəyə, milyonlarla sovet bufetlərinə gələn kiçik farfor mamont sürülərini nümunə göstərmək olar. Bizim digər əcdadlarımız da var, bu barədə düşünmüşdüm, məsələn, tripolililər – “Tripoli” sözündən yox, “Tripolye”, - dörd və ya min illər əvvəl əkinçilik və maldarlıqla məşğul olurdular, boş vaxtlarında isə daşdan yekə arxası olan çılpaq balaca arvadlar yonurdular, “Venera” - indi belə adlandırılan arvadlardan çox qalıbdır – görünür hər evin qırmızı küncündə var idilər. Bundan başqa, məlumdur ki, tripolililərin ağac tirlərindən qayrılmış geniş küçəli kolxozlarının çox ciddi planlaşdırması vardı, qəsəbələrdəki evlər isə tək-tənhaydı. Nikaynan baxdığımız uşaq meydançasında bu mədəniyyətdən rezin çəkməli bir qızın oturduğu işıq düşən tərəfə səmtlənmiş ağac tirlərindən düzəldilmiş evcik qalmışdı. Qız görünmürdü, görünən yalnız tərpənən yumşaq-mavi uzunboğaz rezin çəkmələriydi.

Tanrım, Nikanı qucaqlayaraq düşünürdüm, bəs görən, məsələn, qumqabı haqqında nə qədər danışa bilərdim? Bəs zibilxana haqqında? Bəs fənər haqqında? Ancaq bütün bunlar mənim xeyli yorulduğum, heç hayana qaça bilməyəcəyim, zehni mühakimələrin milçəklər kimi gözlərimin torlu qişasına istənilən predmetin təsvirini yapışdırdığı dünyam olacaq. Nikanın beyni isə zibil qabının yanmasını 1737-ci ilin Moskva yanğınları ilə və ya universal mağazada satılan tox qarğanın yarımgəyirməsini-yarımqarıldamasını “Mürtəd Yulian”da haqqında bəhs olunan qədim Roma nişanəsiylə alçaldıcı əlaqələndirmək ehtiyacından tamamilə azad idi. Bəs onda Nikanın qəlbi niyə beləydi?

Tamamilə mənim hakimiyyətim altında olmasına baxmayaraq, Nikanın daxili dünyasına reallaşdıra bilmədiyim qısamüddətli marağımın səbəbi, yəqin dəyişməyə cəhd göstərməyimdən, daim guruldayan, beynimdə yol açmış və bu yoldan kənara çıxa bilməyən fikir yığınından azad olmaq istəyimdən doğurdu. Əslində çoxdan həyatımda yeni nələrsə olmurdu, Nikanın yanında olarkən, hiss etməyin və yaşamağın naməlum üsullarını görəcəyimə ümidlənirdim. Nikanın ağlı keçmişə və gələcəyə səyahət etməyə meylli olmadığından, bayırda sadəcə hal-hazırda mövcud olan həqiqəti görməklə kifayətlənirdi, bunu öz-özlüyümdə boynuma aldıqdan sonra, real mövcud olan Nikayla yox, Nikanın görünüşünü almış, həmişə qarşımda olmuş və həmişə də var olacaq düşüncələrimin yığınıyla münasibət qurduğumu anlayırdım. Məndən yarım metr aralıda əyləşmiş Nikanın özü isə, Spasski qalasının zirvəsi kimi əlçatmaz olduğundan, çiyinlərimdə tənhalığın çəkisi olmayan yükünü hiss etdim.

- Bilirsən nə var, Nika, - kənara çəkilib dedim, - sənin həyətə baxmağına da tüpürüm, həyətdə nə görməyinə də. Maraqlı deyil mənə.

Nika mənə baxdı və üzünü yenə pəncərəyə çevirdi, görünür nəzakətsiz davranışıma öyrəşmişdi. Nə deməyimdən asılı olmayaraq, bütün dediklərimi vecinə almırdı. Bunu etiraf etməzdi. Bir ifratdan başqa bir ifrata varırdım. Nikanın gözlərinin yaşıltəhər olmasına optik hadisənin səbəb olduğuna əmin olduqdan sonra, barəsində hər şeyi bildiyimə inandım və ona bağlılığım, demək olar, gizlətmədiyim yüngül nifrətlə durulaşdı. Elə sanırdım, Nika bu nifrətimi hiss etməyəcək. Ancaq tezliklə həyatımızın qapalılığından sıxıldığını, buna görə də əsəbi və tez küsəyən olduğunu hiss etdim. Yaz fəsliydi, demək olar bütün günü evdə otururdum, Nika da mənimlə birgə olmağa məcbur qalırdı, pəncərə arxasında ot yaşıllaşır, bütün səmanı bürümüş dumana bənzər boz nazik bulud pərdəsinin arasından, böyük tutqun günəş sayrışırdı.

İlk dəfə mənsiz nə vaxt gəzməyə getdiyini xatırlamasam da, bu məsələylə bağlı nələri hiss etdiyimi xatırlayıram. Nikanı həyəcansız-filansız gəzməyə buraxdım, “birlikdə getməliyik” kimi bir fikri beynimdən tulladım. Bu, heç də onun cəmiyyətindən usanmağım anlamına gəlməsin, sadəcə mənimlə necə rəftar edirdisə, tədricən, mən də onunla eləcə rəftar etməyə başladım, kətil kimi, pəncərə altındakı kaktus kimi və ya pəncərə arxasındakı yumru bulud kimi. Özümdə əvvəlki qayğıların illüziyasını saxlamaq üçün adətən, onu qapıya kimi, binanın giriş pilləkənlərinə kimi ötürür, arxasıyca dolaşıq-qarmaqarışıq nələrsə söyləyir və geriyə qayıdırdım, Nika heç vaxt liftlə enməzdi, sürətli ürkək addımlarla pilləkənlərlə enərdi. Bu enişdə idmançı olduğunu göstərməyin əlaməti yox idi, Nika doğrudan elə gənc, elə güclüydü ki, üç dəqiqə ərzində pilləkənlərə demək olar, toxunmadan enmək, həyəcanlı sarı rəngə bələnmiş, sidik iyi verən və "Depeche Mode" qrupunu şöhrətləndirən tabuta bənzər yeşiyin vızıldamasını gözləməkdən asan gəlirdi ona. (Yeri gəlmişkən, Nika ümumiyyətlə roka qarşı laqeyd olduğundan, "Depeche Mode" qrupuna da çox laqeyd yanaşırdı, yaddaşıma həkk olunmuş bir məqam Nikada maraq oyatmışdı, bu “Animals”da o məqamdır ki, tanış tüstünün buludları arasından hərbi üç tonluq maşın uzun sintezator uçurdur və Boris Qrebenşikov tərəfindən hələ yedizdirilməmiş elektrik itlər fikirli-fikirli hürürlər.) Nikanın hara getməsi onu güdməyə başlayacaq qədər məni maraqlandırmasa da, getdikdən bir neçə dəqiqə sonra əlimdə binokl eyvana çıxmağa məcbur edəcək qədər maraqlandırırdı. Bu cürə hərəkətimdən xoşlanırmışam kimi bir görkəm almırdım öz-özlüyümdə. Nika yaşıl xiyabanların döşənmiş yollarıyla gedirdi. Skamyaların yanından, sifarişlər masasında iri yeşiklərdəki içkilərin və dolayı yolların yanından keçirdi, sonra on altı mərtəbəli yaşıl binanın küncünə burulurdu – uzun tozlu boşluqda meşənin başladığı yerə. Sonra mən onu itirirdim və - Tanrım! – elə təəssüflənirdim ki, axı niyə mən bir anlıq da olsun, bir neçə saniyəlik də olsun, Nikaya çevrilə bilmirəm və buna görə də mənim üçün adiləşmiş, görünməz olmuş nəsnələri görə bilmirəm. Əgər Nikaya çevrilsəydim, onda bütün adiləşmiş nəsnələr təəccübləndirərdi məni. Sadəcə özüm olmaq istəmədiyimi anladım, yəni mövcud olmaq istəmədiyimi; bu tənhalığın yeni bir növüdür – bu, Rusiyada intihar kompleksi yaradan tənhalığın ən həlim formasıdır.

Belə bir ingilis məsəli var – “hər kəsin şkafında öz skeleti gizlənib”. Düzgün mühakimə yürüdən ingilislərin mütləq həqiqəti dərk etməsinə nəsə mane olur. Ən dəhşətlisi odur ki, bu skelet “özlərinindir” – mülkiyyət hüququ anlamında yox və ya mülkiyyəti gizlətmək ehtiyacı anlamında yox, o anlamda ki, “özlərinin xüsusi mülkiyyətidir” və şkaf burda – bədənin evfemizmidir, şkafın yox olacağı səbəbindən, bu bədəndən bu skelet nə zamansa düşəcək. Heç zaman ağlıma da gəlməzdi ki, “Nika” adlandırdığım şkafda da skelet var, onun mümkün olacaq ölümünü qəbul etmədim heç zaman. Bu şkafdakı hər bir nəsnə “Nika” sözünün mənasına yad idi, çünki Nika həyatın qatılaşmış südüydü (bir dəfə, qarlı-çovğunlu bir qış günündə, Nika tamamilə qarla örtülmüş eyvana çılpaq çıxdı, birdən məhəccərə göyərçin qondu və Nika bu göyərçini hürkütməkdən qorxurmuş kimi ürkək-ürkək əyləşib yerindəcə dondu, bir dəqiqə keçdi, onun qarabuğduyı kürəyinə tamaşa etməkdəykən, heyrətlənib anladım ki, Nika soyuğu zərrə qədər hiss etmir və ya tamamən unudub soyuğu). Buna görə də Nikanın ölümü məndə xüsusi təəssürat oyatmadı. Nika sadəcə, şüurun hisslərlə bağlı hissəsinə süzülmədiyindən, məndə həyəcan doğuracaq bir fakta çevrilmədi. Bəlkə də bu, bütün hadisələrin etdiyim hərəkətlərdən doğmasına xüsusi psixi bir reaksiya idi. Aydın məsələdir ki, mən Nikanı öz əllərimlə öldürmədim, lakin tale vaqonunu bu cinayəti törətməyə sürüklədim, tale vaqonu bir xeyli vaxt keçdikdən sonra Nikanı haqladı. Uzun hadisələr zəncirinin başlanmasında günahkaram, bu zəncirin son halqalası Nikanın ölümü oldu. Həyatda ən son gördüyü ağzısulu və geniş alınlı vətənpərvər onun ölümünün konkret təcəssümü oldu. Burda günahkar axtarmaq axmaqlıqdır. Hər hökm özünə münasib cəlladını tapır və bizim hər birimiz bir çox qətllərdə əlbirik. Dünyada hər bir nəsnə biri-birinə hörülüb və səbəb-nəticə əlaqələri bərpaedilməzdir. Kim bilir, bəlkə də metroda hansısa bir hirsli-hikkəli qarıya yer verərkən, Zənzibar uşaqlarını aclığa məhkum edirik?! Bizim bəsirətimizin və məsuliyyətimizin sahəsi çox darısqaldır və bütün səbəblər nəticə etibariylə naməlumluğa, dünyanın yaranmasına gedib çıxır.

Mart günlərindən biriydi. Hava çox soyuq idi. Bayırda qarabuşlatlı duman vardı, hansı ki, bu dumanın arasından qaldırıcı kranın paslanmış “Ziq hayl”ı zornan görünürdü. Yaxınlıqdakı tikinti meydançasında dirəklərin vurulmasında istifadə olunan aqreqat rayon şəfəqləriylə içirdi. Dirək yerin dərinliklərinə girməkdəykən, gurultu sükutla əvəzlənməkdəykən, dumanda sərxoş adamların səsləri və donuqluq yaranırdı. Bu səslərin arasında hündürdən səslənən, titrəyən tenor səs aydın fərqlənirdi. Sonra nəsə cingildəməyə başladı – yeni relsi sürüyürdülər. Yenə zərbələr eşidilirdi. Hava toranlaşanda, bir az özümə gəlib rahatlaşdım, Nikanın uzandığı divanın qarşısındakı kresloda əyləşib, Qayto Qazdanovun kitabını vərəqləməyə başladım. Səsli oxumaq kimi bir şakərim vardı. Nikanın məni eşitməməsindən heç vaxt qıcıqlanmırdım. Kitabın bəzi hissələrini intonasiyaynan oxuyaraq ayırırdım:

“Yelena Nikolayevnanı qapalı qadın adlandırmaq olmazdı, ancaq nələri yaşadığını, nələri sevdiyini, nələrlə maraqlandığını, qarşılaşdığı insanlarda nələrə dəyər verdiyini anlamaq üçün uzunmüddətli tanışlığa və sıx səmimi yaxınlığa ehtiyac vardı. İndiyə kimi Yelenadan özünü xarakterizə edə biləcək fikirlər eşitmədim, halbuki onunla müxtəlif məsələlər barədə söhbətlər edirdim, Yelena adətən qımıldanmadan qulaq asardı mənə. Çoxlu həftələr ötməsinə baxmayaraq, onun haqqında ilk günlərdəkinə nisbətən, bir az çox məlumat toplaya bildim. Yelenanın məndən nələrisə gizlətməsi üçün bir səbəb də yox idi. Bu, sadəcə təbiətindən irəli gələn təmkininin nəticəsiydi. Mənə qəribə görünən də elə bu təmkiniydi. Suallarımdan yayınıb, cavab vermək istəməməsi daim təəccüb doğururdu məndə...”

Həmişə başqa bir şeyə təəccüblənmişəm, demək olar, bütün kitablar, bütün şeirlər, əgər diqqətlə oxusaq, Nikaya həsr olunub – Nikanı necə adlandırmalarından, Nikanın necə təğyiri-libas olmasından asılı olmayaraq, rəssam nə qədər ağıllı və incə olurdusa, Nikanın tapmacası bir o qədər həlledilməz və mistik olurdu. Ən yaxşı qəlblərin ən böyük gücü dilsiz-ağızsız yaşılgöz anlaşılmazlığın həmləsinə sərf olunurdu və hər şey görünməzliyi zədələyirdi və ya sadəcə mövcud olmayanı – yəni, həqiqətən rəfedilməzliyi – maneəni zədələyirdi, hətta son anda lirik qəhrəmanın hesabına özünü pərdələməyə imkan tapan parlaq Vladimir Nabokovdan iki kədərli göz və bir fut uzunluğunda fallos qaldı (sonuncu dediyimi onunla izah edərdim ki, Nabokov ən məşhur romanını Vətəndən kənarda yazıb-yaradıb).

“...Və sərxoşların arasından yavaş-yavaş keçərək, peyklərsiz-filansız, tək-tənha.., - güllü-çiçəkli yaşıllıqların arasıyla gedə-gedə, Aleksandr Blokun “Naməlum qadın” şeirini oxuyub, əsrlərin arasından keçən, bənzəri olmayan ürəklərin əks olunduğu sirli sükut barəsində düşünür, ardınca da Nabokovun “Lilit” şeirini oxuyurdum, - “...tüklü yunan divanı və iradəli divar naxışları...”

Kitabın üstündə yatdım, oyananda isə Nikanı otaqda görmədim. Çoxdan fikir vermişəm, həmişə gecələr harasa gedib, tez də qayıdırdı. Elə düşünürdüm ki, yatmazdan əvvəl bir az gəzməyə, bir neçə dəqiqə küçə işığında toplaşan özü kimi nikalarla söhbətləşməyə, dərdləşməyə ehtiyacı var. Deyəsən, Nikanın Maşa adlı rəfiqəsi vardı. Maşa – kürənsaçlı çevik qızdır, ikisini bir yerdə bir neçə dəfə görmüşəm. Onların ünsiyyətdə olmasına iradım yoxdur. Hətta qapını açıq qoyurdum ki, qaranlıq dəhlizdə ora-bura vurnuxmasıyla yuxudan oyatmasın məni və gecələr harasa getməsindən xəbərsiz olmadığımı bilsin. Yeganə duyduğum hiss dəyişilməz paxıllığım idi. Yenə məndən dünyanın hansısa hüdudları sürüşür, Nikayla bir yerdə getmək ağlıma gəlmirdi. Dövrəsindəki adamların arasında nə qədər yersiz birisi olacağımı anlayırdım. Onun əhatə darisə çətin ki mənim maraq dairəmə daxil ola bilərdi. Amma azacıq da olsun ürəyimə toxunurdu ki, onun öz dairəsi var, bu dairəyə isə mənim girişim qapalıdır. Dizimin üstündə kitab yuxudan ayılarkən gördüm otaqda təkəm, aşağı düşüb, binanın qarşısındakı skamyada oturub siqaret çəkmək könlümə düşdü. Nikanı görəcəyim təqdirdə, aramızda əlaqənin olmasını büruzə verməməyə çalışacam. Liftlə aşağı şütüyərkən, hətta təsəvvürümə gətirdim ki, məni necə görəcək, necə səksənəcək, amma laqeydliyimi hiss edib, üzünü Maşaya çevirəcək – nəyə görəsə hesab edirdim ki, Nikayla Maşa skamyada birgə oturacaqlar və ancaq özlərinin anladıqları dildə söhbətlərinə davam edəcəklər.

Evin qarşısında heç kim yox idi və birdən məni anlaşılmazlıq bürüdü, Nikanı görəcəyimə niyə belə əmin idim?! Dükanın düz yanında qəhvəyi rəngli idman avtomobili dururdu. “Mersedes” – bu maşın bəzən qonşu küçələrdə, bəzən də binamızın qarşısında gözümə dəymişdi, elə həmən maşın idi, yadda saxladığım nömrəsindən bilirdim – hansısa “XRYA” və ya “XAM”. İkinci mərtəbədən həzin musiqi eşidilir, küləklər kolları yelləyir, kolların ətrafındaysa qar qalmamışdı yay deyirdi. Amma yenə hava soyuq idi. Evə qayıdarkən qurumuş, solğun qızılgülə bənzəyən bir qarı narazı, hirsli-hikkəli gözlərini mənə zillədi, binanın dəhlizində oturub qarovul çəkirdi – gərək binanın girişini bağlayaydılar. Liftlə qalxaraq keçmiş cəmiyyətin təqaüdçüləri haqqında düşünürdüm, bu təqaüdçülər zəifləmiş ümumxalq növbələrinin sonuncu sağlam budaqcığını dəhlizlərdə aparırdılar – bu təqaüdçülərin faciəvi toplanmalarından görünürdü ki, yaxın gələcəyə kimi onlar bu budağı daşıya bilməyəcəklər, verməyə isə bir kimsə yoxdur. Ayağımı pilləkənin sonuncu pilləsinə uzatdım, siqaret kötüyünü vedrəyə atmaq üçün qapını açdım, nəsə qəribə səslər eşitdim aşağı meydançada, əyilib Nikanı gördüm.

Kəskin psixikaya malik adama elə gələrdi ki, Nika bu yeri öz mənzilinin iki addımlığında ailə ocağının təhqirindən xüsusi həzz almaq üçün seçib. Nikanın belə hərəkət etməsi onun üçün ağır olardı, ancaq gördüklərim məndə instinktiv nifrət oyatdı. Əsməcə tutmuş nasaz lampanın işığında dəli kimi işləyən iki bədən mənə canlı tikiş maşınını xatırlatdı, bu iniltilər insana xas səslər deyildi, yağlanmamış dişli çarxların cırıltısına bənzəyirdi. Bilmirəm neçə saniyə baxdım, ya neçə dəqiqə baxdım, bir onu bilirəm ki, Nikanın gözlərini gördüm və əlimlə zibil vedrəsinin paslı qapağını qaldırıb, gurultuyla divara çırpdığımda, qapaq Nikanın başına düşdü.

Görünür onları çox qorxutdum. Onlar aşağı qaçmağa başladılar. Və mən Nikanın yanında kimin olduğunu tanıya bildim. Haradasa bizim binamızda yaşayırdı. Lift söndürülərkən, bir neçə dəfə pilləkənlərdə qarşılaşmışdım onunla. İfadəsiz gözləri, uzun rəngsiz bığları, özünə hörmət qoyan siması vardı. Bir dəfə, mənliyini itirməyərək zibil vedrəsində eşələnən görmüşdüm onu, yanından keçirdim, gözlərini qaldırdı, mən bir neçə pillə enməkdəykən, donuq baxışlarını mənə zillədi, onunla rəqabət aparmadığıma əmin olduqdan sonra, arxamda yenə kartof qabıqlarının xışıltısını eşitdim, içində nəsə axtarırdı. Nikanın məhz belələrindən, sözün birbaşa mənasında heyvan kimilərdən xoşlanmasını çoxdan bilirdim və ay işığında, ya hansısa başqa bir işıqda kimə bənzəməyinə baxmayaraq, həmişə belələrinə meylli olacağını bilirdim.

Doğrusu, özü-özlüyündə Nikanın bənzəri yoxdur, mənzilin qapısını açarkən düşündüm, əgər o, mənə incəsənət əsəri kimi görünürsə, bunun taqsırı Nikada yox, məndədi. Bütün gördüyüm gözəlliklər ürəyimdə həbs olunub. Çünki kamerton məhz ürəyimdə yerləşir, bu kamertonun sözlə izah edilə bilməyəcək notuyla müqayisə edirəm yerdə qalan nəsnələri. Həmişə özümü özüm kimi qəbul edirəm. Bu anda da düşünürəm ki, bu, özüm deyiləm, hansısa fövqümdür, ətrafımdakı dünya isə müxtəlif əyrilikləri göstərən güzgüdür. Biz qəribə yaradılışıq, düşünürdüm, biz yalnız görməyə hazırlaşdığımızı görürük, amma həqiqətən göstəriləni görməliyik, qonşu evin pəncərəsində, hamiləliyi inkişafdan qalmış nimfetka tərəfindən piyli sosial-demokrat dirsəyini qəbul edən Qumbert Qumbert kimi.

Nika gecə evə gəlmədi. Səhər tezdən, qapını bağlayıb, iki həftəliyə şəhərdən getdim. Qayıdarkən çəhrayı saçlı qoca qarı qarşıladı məni. Bu qarı digər qarılarla evin qarşısındakı stolun ətrafında əyləşmiş, özləri üçün mənzillərindən stullar gətirmişdilər, qarılardan biri Nikanın bir neçə dəfə gəldiyini, ancaq açarı olmadığından mənzilə girə bilmədiyini ucadan xəbər verdi. Son bir neçə gündə isə Nikanı ümumiyyətlə görmədiklərini dedilər. Qarılar maraqla mənə baxırdılar. Yeyin addımlarla yanlarından keçdim, elə ya belə, mənəvi simam haqqında hansısa töhmət liftdə yaxaladı məni. Nikanı harda axtaracağımı bilmədiyimdən narahat oldum. Amma qayıdacağına əmin idim. Çoxlu işlərim olduğundan, axşama kimi bir dəfə də olsun Nika haqqında düşünmədim. Axşam telefon zəng çaldı. Həyatımda iştirak etmək istəyən qarılardan biri - Tatyana Qriqoryevna Nikanı indicə gördüyünü dedi.

Evin qarşısındakı asfalt gözlərimdə qaraldı, yağış çiskinləyirdi. Binanın dəhlizində bir neçə qız ritmik qışqırtılarla, boyunları səviyyəsində dartılmış rezin üzərindən tullanırdılar, hansısa möcüzəylə, necə də ustalıqla ayaqlarını atırdılar. Külək başımın üstüylə cırıq polietilen paket daşıyırdı. Nika heç yerdə yox idi. Küncə burulub, evlərin arxasında görünməz olan meşə istiqamətində getdim. Hara getdiyimi dəqiq bilmirdim, amma Nikayla görüşə getdiyimə əmin idim. Boşluqdakı evlərdən sonuncusuna çatdıqda isə, yağış demək olar kəsmişdi, küncə buruldum. Nika qəhvəyi “Mersedes”in qarşısında durmuşdu, kobud nömrəsi vardı maşının, pijon qoçaqlığıyla yerləşdirilmiş nömrəydi. Təkərin biri səkinin üzərindəydi. Qabaq qapısı açıq idi, ön şüşənin arxasında isə gözəl zolaqlı pencəkdə gənc Stalinə bənzəyən adam siqaret çəkirdi.

- Nika! Salam, - yerimdə duruxub dedim.

Nika mənə baxdı, ancaq məni tanımırmış kimi göstərdi özünü. İrəli əyilib ovuclarımı dizlərimə dirədim. Mənə tez-tez deyirdilər ki, Nika kimiləri qəlbi kövrək oluqlarından, tez bağışlamırlar, ancaq bu sözləri ciddiyyətlə qəbul etmirdim, yəqin bunun səbəbi oydu ki, əvvəllər Nikanın xətrinə dəyəndə bağışlayardı. “Mersedes”ə əyləşmiş adam çimçəşmiş birisi kimi qaş-qabağını salladı.

- Nika, bağışla məni – maşındakı kişiyə fikir verməyib pıçıldadım, əlimi Nikaya uzatdım, kədərlə gənc Nikolay Çernışevskiyə bənzədiyimi hiss etdim. Ehtiyac üzündən peterburq dəhlizinə qaçan və qardaşlıq əlaməti olaraq, çöməlmiş vəziyyətdən qalxıb, şaxtadan uçunmuş qıza yaxınlaşan Çernışevskiyə. Belə bir müqayisə çətin Nikanın və ya maşının ön şüşəsi arxasında qızıl dişlərini köpək kimi qıcırdan kişinin ağlına gəlsin, bu da məni sakitləşdirirdi.

Nika fikrini dəyişmək istəyirmiş kimi başını aşağı salladı və birdən kapot rəngli gözləriylə gözlərimdə dəlik açan sürücüsü olan bu oğurluq “Mersedes”dən mənə tərəf addımlayacağını hansısa qeyri-müəyyənlikdən anladım və bir neçə dəqiqədən sonra mən Nikanı binamızın dəhlizində, qarıların yanıyla aparacağımı xəyalımda canlandırdım. Mənə tərəf addımlamalıydı, yağışın çiskinləməsi kimi aydın məsələydi bu, amma Nika kənara çəkildi, arxasında isə hürkmüş uşaq qışqırtısı eşidildi:

- Dayan! Demirəm dayan?!

Yaşıllıqlardan bizə tərəf gələn böyük bir çoban iti gördüm. Uzun kepkası olan, boynunda xaltasını yelləyən sahibi balaca oğlan idi, qışqırırdı:

- Patriot! Geriyə! Ayağıma!

Bu dartılmış saniyəni yaxşı xatırlayıram – otun üstündə asta hərəkət edən qara bədən, sanki yoldan keçən, bizə baxan kimlərisə şallaqlamağa hazırlaşan, əllərini qaldırmış fiqurcuq, hətta başlarına amerikansayaq kepkalar qoymuş uşaqlar da bizim tərəflərdə sərhəd-düşərgə jarqonunda danışırlar. Arxa tərəfdə kəskin tormoz səsləri eşidildi və hanssıa qadının qışqırtısı aləmi götürdü, gözlərimlə Nikanı axtarırdım və gördükdən sonra nə baş verdiyini anladım.

Maşın – “lada” idi, kooperativ tövrüylə arxa şüşəsində parlaq yapışqanlarla – yenə sürət yığmaq istəyirdi, amma görünür sürücü qorxdu, halbuki sürücününün günahı yox idi. Nikaya tərəf qaçarkən, maşın küncə burularaq gözdən itmişdi. Gözlərimin kənarıyla sahibinə tərəf qaçan iti gördüm. Ətrafımızda hardan gəldiyi məlum olmayan yol keçən piyadalar peyda oldu. Xəsis diqqətləriylə asfaltdakı süni parlaq qana baxırdılar.

- Əclafın biri əclaf, - arxamda kimsə gürcü ləhcəsiylə dedi. – Yazıq pişiyi vurub aradan çıxdı.

- Belələrini öldürmək lazımdır, başqa bir qadın dedi. – Hamısını satın alıblar, anlayırsan... Hə, hə, niyə elə baxırsınız... Belə görürəm, elə siz özünüz də...

Camaat arxada topalanırdı. Daha bir neçə nəfər söhbətə qoşuldu. Ancaq mən onları artıq dinləmirdim. Yenə yağış yağdı və gölməçələrdə qovuqcuqlar üzməyə başladı, bu qovuqcuqlar bizim fikirlərimizə bənzəyirdilər, bizim ümidlərimizə, talelərimizə bənzəyirdilər bu qovurcuqlar, meşə tərəfdən uçan külək yayın ilk qoxusunu yayırdı ətrafa, bu qoxu sözlə ifadə edilə bilməyəcək qədər təravətliydi və sanki heç vaxt olmamış bir şeyin baş verəcəyinin nişanəsiydi. Kədərlənmirdim, qəribə hüzn içindəydim. Onun qırağa atılmış qara quyruğuna, hətta ölümündən sonra da sirrli Siam gözəlliyini itirməmiş bədəninə baxanda, bilirdim, həyatımın necə dəyişəcəyindən, sabahın necə olacağından, sevdiklərimin və nifrət etdiklərimin nəylə əvəzlənəcəyindən asılı olmayaraq, heç zaman pəncərəmin qarşısında əlimdə başqa pişik tutmayacam.

Tərcümə: Ramil Rahiboğlu

# 2406 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #