Yeddi yaşında ölü gördü, başına nələr gəldi

Yeddi yaşında ölü gördü, başına nələr gəldi
28 avqust 2013
# 16:14

Nursel Duruel türk hekayə yazarıdır. 1941-ci ildə anadan olub. Hekayələrində insanın müxtəlif həyat şərtləri içindəki davranışlarını, onun güclü və zəif tərəflərin qələmə aldı. İlk hekayələr kitabı 1982-ci ildə (“Marallar, anam və Almaniya”), ikinci kitabı isə 1992-ci ildə “Yazılı qaya” adıyla çap olunub.

Kulis.Az Nursel Duruelin “Yazılı qaya” adlı hekayəsini təqdim edir.

Karvansaralı məhəllənin yollarına günortadan axşama qədər qadınlar axışmağa başladı. Çəhrayı və bənövşəyi çadralı qadınlar qabağa uzanmış qollarında bənövşəyi, sarı ipli boğçalar və nimçələr tək-tək və ya topa şəkildə çox uzun bir ilan kimi bütün dar küçələri addımladılar. Əsli gücü çatdığı qədər küçə-küçə qaçdı, yenidən qadınların qələbəliyini görmək istədi və gördü. Arasında özünü də gördü. Beş min illik bir xatirəni canlı gördü.

Karvansaralı məhəllənin yollarında günortadan axşama kimi heç kəs danışmadı. Əsli ilə Zöhrə də.

Əsli karvansaralı məhəllədə yeddi illik ömrünün ilk ölüsünü gördü. Giriftarın ölüsünü. Onu uzun bir daşın üstünə uzatmışdılar. Sarı, dalğalı saçları daşdan aşağı tökülmüşdü. Alçaq səslə ağılar deyən ölüyuyan qadınların arasında ara-sıra göyərmiş bəyaz bədəni hər tərəfi kölgələyirdi.

Məhəllədə hadisə haqda pıçıltılar kəsilmirdi: “Naxışı gərgəfdə (naxış vurmaq üçün parçanın altına qoyulan çərçivə) qaldı”, “siçan zəhəri”, “atası namazını qılmayacaq”, “o gənc müəllim”, “üç gün otaqda dustaq ediblər”, “atası bir damla belə yaş axıtmayıb”, “gənclik!”...

Məhəllədə günlərlə Giriftardan danışdılar. Əsli ilə Zöhrə kədərli bir nağılın dəhlizlərində addımlamağa başladılar:

- Deyirlər qəbrinə hər gecə nur yağır.

- Nur deyil. Müəllim gizlicə gedib şam yandırırmış.

- Doğurdan, Zöhrə, həqiqətən gedir?

- Bilmirəm.

- Qəbiristanlığın orası bataqlıqmış.

- Atası pərdənin arxasına gizlənib şam işığına baxırmış.

- Kim deyir?

- Arvadı. Arvadı onu gizlicə izləyirmiş. Bir gecə qəfildən girib otağa.

- Sonra?

- Arvadını qovub. Çörək yemir, su içmir, heç kəs gözünə görünmür. Bir tək o şamın işığı, həmişə ora baxırmış.

- Zöhrə, biz də baxaq?

- Mən qorxuram.

- Mən də. Amma baxaq. Müəllim qorxmur ki?

- O aşiq adamdı.

- Aşiq necə olur?

- Bilmirəm.

- Böyük qardaşından soruş.

- Soruşdum.

- Nə dedi?

- Uşaqlar belə sual verməzlər, hələ üstəlik qız uşağı, - dedi.

- Müəllim yatan kimi böyük qardaşın yandırırmış şamları.

- Təkcə o yox. Marufgildən Ömər bəy də, Asmazgildən Salih bəy də...

- Həə... Deməli, onlar da.

- Bəli, onlar da.

- Müəllim kimə oxşayır?

- Bığlıdı. Sifəti sarıdı, özü də çox sarı. Qəbirüstündə boyu lap sərv ağacı boyda olur. Giriftarın atası ondan qorxur.

- Qorxursa niyə evinə gizlicə çağırıbmış?

- Boynuna sarılmaq üçün. Bir də... yandırma o işığı məni hər gecə dağlayırsan deyib. Bir də “şərəfim” deyib.

- O nə deyib?

- O da ona sarılıb.

-...

-...

- Zöhrə, sənin bir gizlinin var?

- Necə yəni?

- Sən müəllimin sarı bənizini gördün. Sirrini öyrəndin.

- Sən də ölünü gördün.

- Hə, gördüm. Ölü çox sirli idi, Zöhrə, çox-çox sirrli. Daş idi o. Yalnız saçdan ibarət daş deyildi. Heç nə anlaya bilmədim. Mən gizlini öyrənə bilmədim, çox qorxdum, Zöhrə. Zöhrə, mən sənə görə də qorxuram. Sən qorxmursan?

- Nədən?

- Sənin adın böyük bir ulduzun adından götürülüb.

- Dəlisən, mən mənəm də. Belə danışsan gedərəm yanından.

- Həəə... Deməli, mən dəliyəm.

- Yaxşı o dəqiqə küsmə, söz gəlişi dedim.

- Küsmədim. Mən əgər dəliyəmsə, gizli bir şeyim olub deməli. Yəni dəli necə olur onu bilirəm deməkdir.

-...

-...

- Bəs gəlinciyə çəhrayı paltar tikəcəkdik?

- Fikrimi dəyidşdim.

- Niyə?

- Dağıntının aşağısındakı arxda mavi qanadlı tırtıl axtaracam.

Çarşablı qadınların təsbeh kimi düzülmüş axını böyük şəhərlərə və yeni zamanlara uzanan yolda toza-torpağa qarışdı. Əsli onların son xəyalını dumanların arasından gördü. Bu da son oldu. Həmin günlərdə bir gecə yuxuda uzaqdan zınqırov səsləri eşitdi. Arabaları olmayan təkərlər, dəvələri olmayan zınqırovlar dalğa-dalğa sürüklənib qadınların arxasından getdilər.

Ertəsi gün Əsli karvansarayı görmək üçün tələsdi. Dağıntı həmənki yerində idi. Amma bir gün əvvəlkindən fərqlənirdi. Əsli bunun səbəbini çox axtardı. Sanki nəhayət tapdı. Çəhrayı çarşablı qadınlar gedərkən divarların rəngini, oralarda eşidilən keçmiş zaman dillərinin sədalarını zınqırov səslərinə qatıb aparmışdılar. Əslinin içində böyük-böyük qovuqlar əmələ gəldi. Neçə-neçə köçlərin, yeddi ilə sığmayan neçə-çeçə ayrılıqların kədəri doldu bu qovuqlara.

Əsli mavi qanadlı tırtıllarla, dağıntının divarlarında açan çiçəklərlə ovundu. Sonra iz ardınca düşdü. Zöhrə ilə saysız-hesabsız daş topladılar karvansaranın ətrafından. Tikinti yerlərindən yığılıb qalmış yaşıl, qırmızı, sapsarı çaxmaq daşları ilə evcik-evcik oynadılar. Evlər düzəltdilər, bağça divarları çəkdilər, yollar saldılar, ağır qapılı qalalar qaldırdılar.

Bu oyun çox uzun zaman davam elədi. O vaxta qədər oynadıqları ən şən oyun idi. Hər daşın ayrı bir vəzifəsi, ayrı bir mənası vardı. Zöhrə daşlarla kifayətlənmədi, qırmızı gildən tavalar, duz qabları, eşşəklər, dəvələr, qayıqlar düzəltdi. Çatlamasın deyə ağacların kölgəsində qurutdu, ayaq altında qalmasın deyə ağac dəliklərində saxladı.

Sonra hər birini səliqə ilə daşıyıb tək-tək yerləşdirdi. Əsli çiçək toxumlarından, bitki köklərindən, ağac qabıqlarından, qurumuş böcəklərdən nə tapdısa ən gözəlindən gətirib bəzəylə məşğul oldu. Hər şeyin hazır olduğundan əmin olduqları gün düzəltdiklərini görmək istədi Əsli.

Ayağa qalxdı. Zöhrə də qalxdı, iki addım geri çəkildilər. Qızğın günəşin altında, dümdüz səhralıqda, əyri-üyrü daşlar arasında otdan, tozdan-torpaqdan ibarət bir təpəcik gördülər. Böyük bir boşluqda kiçik bir təpəcik! Deməli, bu idi, ancaq bu idi düzəltdikləri.

Əsli qurumuş bir ovdanın divarlarına dəyə-dəyə boşluğa yuvarlandı. Bədəni dibdəki torpağa qovuşduğu zaman otlarla qucaqlaşıb üzüqoylu düşdü. Heç bir şey eşitmək istəmədi. Heç bir şey görmək istəmədi. Amma eşitdi. Zöhrə həqiqi körpəsinə lay-lay deyirdi. Onun səsini eşitdi.

Tikanlıqların, bütün tanışlarının, bütün ölülərinin, mavi qanadlı tırtılların, yaşlı dağların, köçlərin, hücumların, yıxıb-qurmaların səsini eşitdi.

Sonu gəlməyən bir ağı yayıldı hər yana. Əsli eşitdi bu səsi.

# 3581 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #