“Kamal Abdullanı oxuyub filoloq olmuşam”

 “Kamal Abdullanı oxuyub filoloq olmuşam”
5 iyul 2013
# 12:00

Kulis.Az tənqidçi İradə Musayevanın müsahibəsini təqdim edir.

- Özünüzü tənqidçi hesab edirsinizmi?

- Vallah elə tənqidçilər var ki, onların yanında özümü tənqidçi hesab edirəm. Amma həqiqi tənqiddən söhbət gedəndə qorxuram.

- Adətən insanlar uşaqlıqdan yazıçı və ya şair olmaq istəyirlər. İnanmıram kimsə könüllü tənqidçi olmaq istəsin.

- Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişəm. Üçüncü kursda oxuyanda “Ədəbiyyat və incəsənət” qəzetinə məqalə vermişdim. İndi dəqiq yadımda deyil hansı vəzifədə, amma Sabir Əhmədli də orda işləyirdi. Deyəsən nəsr şöbəsinin müdiri idi. Mehriban Vəzir də orda işləyirdi. Redaksiyaya gedəndə məni gördü və dedi ki, Sabir müəllim sizi axtarır. Onda da Sabir Əhmədli tələbələrin həyatda görmək istədiyi, ideal yazıçı idi.

Məqalənin adı “Qiymət” idi. Ədəbi gənclik haqqında yazılmışdı. Məqalə ixtisarla çap olundu. Universitetdə tələbə-müəllim heyəti məni təbrik edəndə ağlayırdım. Cəlal Abdullayev var idi. O soruşdu ki, niyə ağlayırsan? Dedim, cümlələrimi çıxarıblar. Elə bilirdim bütün fikrim məhz elə o çıxartdıqları cümlədə imiş.

- Haqqında yazdığınız gənclər kim idi?

- Ümumiyyətlə mühit, şəxsiyyət, mənəviyyat haqqında məqalə idi. Konkret bir adam haqqında deyildi. Bu ardıcıllıqla da məqalə yazmağa başladım. Vaqif Səmədoğlunun, Anarın və başqaların haqqında, 1980-90-cı illər nəsri, poeziyası haqqında məqalələrim oldu. Sonralar “Azərbaycan” və başqa jurnallarda məqalələrim çıxanda adımın qabağında tənqidçi yazdıqlarını gördüm. Beləcə özüm də bunu qəbul elədim.

- İlk dəfə neçəni ildə çap olundunuz?

- İlk məqaləm 1985-ci ildə çap olundu.

- Mətbuatla sonrakı əməkdaşlığınız mütəmadi xarakter daşıdı?

- Bir müddət ailə ilə bağlı fasilələr oldu. Onsuz da çox çap olunmuram. Hal-hazırda tənqidlə bağlı hardasa iki kitablıq materiallar var. Amma onları toplayıb çap etməyə vaxt yoxdu. Bəlkə də kitablarımın sayının artmasına xüsusi marağım yoxdur. Hətta kitab çap olunandan sonra onun reklamı ilə də məşğul olmuram. “Sözün tənqidi” adlı kitabım 2010-cu ildə çıxıb.

- Nəsr, şeir təcrübələri necə olubmu?

- Orta məktəbdə bəzi şeirlərim olub. İndi bilirəm ki, o şeirlər xırda hisslərdən doğan şeirlərdi. Tutaq ki, böyük qardaşım əsgərliyə getmişdi, mən elə bilirdim ki, bunu poeziya məsələsi eləmək lazımdır. Və ya hansısa rəfiqəmin ailəsində problemi olmuşdu, mən elə bilirdim bunu mütləq şeirlə reallaşdırmalıyam ki, hamı o problemi bilsin.

- Müasir poeziyamızda mənzərə necədi? Dırnaqarası poeziya məsələləri çox deyil ki?

- “Ədəbi Azadlıq” müsabiqəsində münsif olduğuma görə şeir, nəsr nümunələrini ən çox orda oxuyuruq. Material çoxluğu müasir poeziya haqqında təsəvvür yaratmağa kömək edir. Keçən ilki müsabiqədə əsəbiləşdirici materiallar çox idi. Təsəvvür edin ki, şikayət ərizəsi, məktub, gündəlik, xatirə, hamısını hekayə adı ilə verirdilər. Bunları da oxumağa məcbursan. Üstəlik o biri münsiflərin fikirləri sənin seçiminlə üst-üstə düşməyə bilər.

- Fikrinizin kiminləsə üst-üstə düşüb-düşməməyi sizdə narahatlıq yaradır?

- Yox, onsuz da səsvermənin nəticələri açıqlanana kimi münsiflərin kimliyi haqqında qəti təsəvvürümüz olmur. Builki materiallar keçənilkindən xeyli fərqli idi. Mən onları oxuyanda zövq aldım. Maraqlı orasıdır ki, müəlliflərin adı olmadığında görə oxuyanda göz önündə yalnız mətn olur. Mən gördüm ki, digər münsiflər də eyni əsərləri seçiblər. Demək olar ki, əksər hekayə və şeirlərdə fikrimiz üst-üstə düşmüşdü. Hardasa beş materialda fərq var idi.

- Tənqidçilərin qarşısına qoyulan suallardan biri də tənqidin nə qədər vacib olub-olmamağıdır. Misal üçün, heç bir şairə demirlər ki, niyə şeir yazırsan. Ən çox şair-yazıçılar deyirlər ki, bizə tənqidçinin fikri önəmli deyil.

- Əvvəla tənqidin tarixinə baxanda biz görürük ki, ilk professional tənqid Axundovla başlayıb. Düzdür ondan əvvəl Xətib Təbrizi də olub. Onu daha çox şərhçi kimi qəbul edirik. Axundovdan sonrakı dövrdə ancaq epizodik adlar çəkə bilərik. Məsələn, Firudin bəy Köçərli daha çox ədəbiyyat tarixi ilə məşğul olub. Bir sıra yazıçılarda tənqid notları olsa da peşəkar tənqidçi olmayıblar.

Tənqidi hörmətdən sovet dövrü salıb. Azərbaycan sovet hakimiyyəti qurulandan sonra tənqid yaradıldı. Bir sıra tənqidçiləri seçib yoxladılar ki, görsünlər bunların nə qədər tab gətirmək gücü var. Onlar biz deyəni deyəcəksə, tənqidçi kimi qəbul edəcəyik. Ədəbiyyat artıq təsərrüfatın bir hissəsi olmuşdu.

Sovetlərdəki quruculuğa insanları həvəsləndirmək, öz ideologiyalarını təbliğ etmək üçün yazıçılarından istifadə olunurdu. Yazıçılara diktə etmək üçün isə tənqidçilərdən istifadə olunurdu, ciddi imzalar ola biləcək tənqidçiləri isə sıradan çıxartdılar. Salman Mümtaz, Bəkir Çobanzadə kimi ciddi söz deyə bilən adamları, belə deyək də dişlərinə vurub yoxladılar və məhv elədilər. Ancaq hökumətin sözünü deyən tənqidçilər qaldı. Bu isə artıq tənqid olmadı. Tənqid diktə ilə işləyirsə, əsərlə tənqidçi arasında qərəz yaranır.

Rıbak adlı çex yazıçısı deyir: “Tənqidçilər ədəbiyyatın zərərvericiləridir”. Görünür o da belə bir münasibətlə rastlaşdığına görə deyib. Mən dissertasiya yazanda 1950-60-cı illərin kitablarına nəzər yetirdim. Özü də o vaxt universitetdə auditoriyaya girən hər müəllim nəhəng Məmməd Arif, dahi Əli Sultanlı, nəhəng Məmməd Cəfər, nəhəng Cəfər Xəndan dediyinə görə məndə onlara qarşı bir qorxu, xof yaranmışdı. Elə bilirdim onları oxusam başa düşməyəcəm. Bəzən yazını terminlərlə doldurub onun boşluqlarını ört-basdır eləmək var də, bilirsiz. Mən də bu kitabların altından çıxan mənalara fikir verib gördüm ki, heç nə yoxdu. Akademik Məmməd Arifin Rəsul Rza haqqında məqaləsini, poeziya haqqında digər məqalələrini oxudum, amma dissertasiya üçün normal bir sitat tapa bilmədim.

Bax, bu dəqiqə sizin, elə bir çoxlarının içində olan mənfi assosiasiya o dövrdən qalma ənənədi. O vaxt akademiyanın ədəbi toplusu çıxırdı. Şamil Salamov poeziya sahəsindən, Akif Hüseynov isə nəsr sahəsindən yazırdı. Bu materiallara baxanda görürdün ki, bunlar da 5 illik plan kimidi, statistikadı. Hamısı son 5 ilin poeziyası, son 5 ilin nəsri, şəhər nəsri, kənd nəsri haqqında ümumi məlumatlar idi. Orda ciddi ədəbiyyat, ədəbiyyat axtarışı yox idi. Elə bil yalnız hesabat verirdilər. Son 5 ildə ədəbiyyata hansı şair gəlib, hansı yazıçı gedib. Bunlar hamısı statistik hesabatlardı, amma tənqid adı ilə nəşr olunurdu.

- Sanki ədəbiyyatdan çox yuxarılara xidmət edirdi.

- Məsələ də onda idi. 90-cı illərdə yaxşı da olsa, pis də olsa senzura götürüldü. Tənqidçilər rahat nəfəs aldı. Sonra isə başqa bir mühit yarandı. Bir-birinin haqqında məqalə yazmaq, maddiyyatçılıq etmək və sair... Mən belə şeylərdən bir az uzağam. Bu, qeyri-ciddi materialların üzə çıxmasına xidmət edir. Səksəninci illərdə bir boşluq yarandı. Vaqif Yusifli tək və silahsız qalmışdı. O illərin “Azərbaycan” jurnalına baxın, elə bil tənqid postu boş qalmışdı, bütün yük bircə Vaqifin üstündə idi. Vaqif Yusifli o illərdə çox fədakarlıq etdi. Sağ olsun, duruş gətirirdi.

- Sovet tənqidi ilə müasir tənqidi müqayisə edərkən sanki sovet tənqidi daha funksional, daha güclü idi.

- Çünki, elə bilirlər ki, kiminsə haqqında yazılmış bir məqalə də tənqiddir. İndi biz hər şeyi tənqid adlandırırıq. Tutalım, dilçilər məqalə yazır, onu da tənqid hesab edirlər. Halbuki onlar əsərə ədəbi tənqid prizmasından baxmırlar, sadəcə onları dil baxımından bəzi məsələlər maraqlandırıb. Ya kiminsə hansısa kitabın çıxması ilə bağlı reklam və ya resenziya xarakterli məqaləsini də tənqidin ayağına yazırlar. Axı bunlar tənqid deyil.

Əslində ciddi götürsək tənqid olduqca məşəqqətli bir sahədir. Tənqidçi üslubiyyatı, ədəbi dil normalarını, dil qanunlarını, ədəbiyyat nəzəriyyəsini, psixologiyanı, estetikanı bilməlidir. Tənqidi hörmətdən salan 1920-ci illərdən davam edərək 1990-cı illərədək gələn nüanslardır. 1990-cı illərdə yaranan yeni problemlər, o köhnə qorxu və sosial problemlər qalmaqda davam edir. Kimsə kiminsə haqqında məqalə yazır. Axı bu səndən tələb olunmur. Axı kim məcbur edir ki, 101-ci adam olub kiminsə haqqında bir yazı da sən yazasan? Bu haqqında yazılan adam üçün də təhqirdir.

- Haqqında ən çox tənqidi məqalə yazılan yazıçı Kamal Abdulladı. Amma siz onu tənqid edirsiniz...

- O müsahibələrindən birində mənim haqqımda danışmışdı. Hətta bir ifadə işlətmişdi. Mən ona cavab yazdım. Tənqidçi-yazıçı münasibətlərində, xüsusilə də elm adamları arasında bu cür davranmaq yaramaz. İkimiz də elm ocaqlarında çalışırıq. Üstəlik o məndən yaşca böyükdür, titulları çoxdur, onun belə eləməyi düzgün deyildi.

Mənim nəzəri baxımdan nəyisə səhv hesab etməyimi insan münasibətlərinə gətirmək yanlışdır. Kamal Abdullanın dillə bağlı, mətn sintaksisi ilə bağlı böyük əsərləri var. Biz 1980-ci illərdə tələbə olanda onun əsərlərini oxumuşuq. Mənim Kamal Abdullaya ali məktəb rəhbəri, pedaqoq kimi çox böyük hörmətim var. Mən onun əsəri haqqında məqalə yazdım. Məqalənin çox hissəsində əsəri müsbət qiymətləndirmişdim. Əsəri oxumağa başlayanda elə bilirdim ki, onunla bağlı nəsə tənqidi bir yazı ortaya çıxacaq. Amma əsəri oxuyandan sonra gördüm ki, onun üsulu yaxşı alınıb. Məqaləmin adı “Əzabları bitməyən Gəncə zəlzələsi” idi.

“Yarımçıq əlyazma”nı isə kəskin tənqid etmişdim. Hamı bundan yapışıb dedi ki, Kamal Abdullanın əsərində bu tənqidi notlar var. Vallah mənə gülməli gəlir. Mən onu yazanda qorxmurdum. Amma camaat necə hay-küy saldısa dedim yəqin qorxulu vəziyyətdi, mən bunun fərqində deyiləm.

- Kamal Abdullanın dili ilə bağlı da iradlarınız vardı...

- O deyir ki, mən Azərbaycan dilində yazmıram. Hər halda Kamal Abdulla dilçilik elmi haqqında olan kitablarında dillə bağlı nəzəriyyələr, qaydalar yazır, sonra götürüb o qaydaları pozur. Mən də Kamal Abdullanın dilçi kim yazdıqlarını oxuyub filoloq olmuşam.

İndi də onun romanlarını oxuyanda deyirəm ki, Kamal Abdulla yazıçı kimi, filan qaydaları pozub. O alim kimi deyə bilər ki, mən bədii dillə başqa cür hərəkət eləmişəm. Amma məsələ burasındadır ki, bədii dilin də qanunları var. Dildə inversiya hadisəsi da eybəcər şəkildə olmamalıdı. Bu bir harmoniya, bədii qiyafədə olmalıdır ki, mən onu qəbul edim. Mən niyə mütaliə prosesində zövqümü korlamalı, estetik duyumumu cəngəlliyə göndərməliyəm? Əgər mənim estetik qavrayışım, bədii hissim özü bunun dalınca gedirsə, qavrayırsa mən onda heç cümlənin düz, yoxsa səhv qurulduğunu araşdırmıram. Həmişə deyirlər ki, Sabir Əhmədlinin dili qəlizdir. Sadəcə biz bayağı rahat əsərlər oxumağa öyrəşmişik.

- Sabir Əhmədlinin dili doğurdan da qəlizdir.

- Nə mənada qəlizdi, cümlələri səhvdir?

- Özünün naturalist yanaşması ilə cümləyə birbaşa predmetə aid olmayan əlavələr edir. Məsələn tutaq ki, binanın yanından keçir, onu ən xırda detallarına qədər təsvir edir; dördmərtəbəli, balkonunda dibçəklər qoyulmuş binanın yanından keçdim. Halbuki o element artıqdır.

- Sabir Əhmədlinin ”Yanvar hekayələri” var. Çox maraqlıdı, orda qəhrəmanın başına gələnlər sonradan Sabir Əhmədlinin özünün başına gəlib. Ədəbiyyatda bu cür peyğəmbərliklər olur. Əsərin qəhrəmanı tezdən evdən çıxıb oğlunu axtarmağa gedir. Qanlı meydanları, küçələri gəzir. O oğulun axtarılması prosesində yazıçı bütün şəhəri təsvir edir. Onun binaları təsviri, tankların dayandığı yerlər, kəsik bədənlər, qanın küçədən axması, küçələrin adları, ünvanları verməsi əvvəl mənə də qəribə gəldi, amma sonra fikirləşdim ki, əslində bu lazımdı. Dostoyevskidə də, rus ədəbiyyatında da bu var.

Əvvəla ona görə lazımdır ki, 20 ildən sonra yanvar hadisələri ilə bağlı yazıçının gördüyü mənzərəni mən təzədən görürəm. Yəni bu hadisə bədii əsərdə əbədiləşir. İkincisi şəhər dəyişib. Manaf Süleymanovun kitabındakı Bakı ilə indiki Bakı arasında nə qədər fərq var. Mən onu oxuyanda keçən əsrin Bakısını gözümün qabağına gətirirəm. Və özümü o küçələrdə hiss edə bilirəm. Düzdür deyə bilərsiz ki, “Eşitdiklərim, gördüklərim, bildiklərim” bədii əsər deyil, amma orada bədiilik çoxdur. Axı Sabir Əhmədlinin “Yanvar hadisələri” də bədii əsər deyil. Orda da faktlar var. Onun “Axirət sevdası” əsəri də sırf bədii əsər deyil.

- Belə olanda yazıçı az oxunur.

- Axı populyarlıq meyar deyil. Ramiz Rövşənin az tanınmış Ələkbər Salahzadə haqında bir cümləsi var. Heç Ələkbər Salahzadəni indiki ədəbiyyatçıların çoxu tanımır. Ramiz deyir ki, çox böyük şairdir Ələkbər, amma heyf ki, şairlər içində şairdir, kütlə şairi deyil. Yəni ola bilər ki, kütlənin yazıçısı, şairi olasan, ola da bilər ki, səni ancaq dar çevrə oxumağı bacarsın. Hamı eyni cür ola bilməz axı.

- Sabir Əhmədliyə qarşı tənqidçiləri münasibətləri necə olub?

- Tənqiddən ən çox əziyyət çəkən Sabir Əhmədli olub. O vaxt Cəlal Məmmədov onun haqında məqalə ilə çıxış etmişdi, Mərkəzi Komitədə iclas çağırılmışdı. Nəticədə 10 il onun əsəri çap olunmadı. Bizim təriflədiyimiz Akademiyanın əməkdaşları-alimlər, yazıçılar Sabir Əhmədlinin əsərlərini məhz o prinsiplərlə alt-üst ediblər. Guya bu əsərlərdə Sovet insanı lazım olduğu kimi təsvir olunmayıb. Bu baxımdan Sabir Əhmədli hələ tənqidin obyektinə çevrilməmiş yazıçıdır.

- Tənqidçi çap olunan bütün əsərləri oxumalıdırmı?

- Biz tənqidin prinsipləri deyəndə müasir ədəbi prosesləri izləməkdən danışırıq. Tənqidçi müasir ədəbi prosesi izləməlidir. Amma işimizi ağırlaşdırırlar. Ona görə ki, hamı yazır, hamı özünü yazıçı hesab edir. Hətta kimsə Facebook səviyyəsində əsərlərini paylaşaraq yazıçı, şair olur. Sonra deyirlər ki, filankəsi oxumamısan, Facebookda şeiri çıxmışdı? Hətta artıq status da bədii mətnə çevrilib. İnsanlar özlərini sosial şəbəkədə şair, yazıçı elan edirlər, orda onların tənqidçiləri yaranır, orda nasirlər yetişir. Özü də o qədər iddia ilə yazırlar ki, sonra da deyirlər tənqid boş şeydi.

- Özünüz üçün nə oxuyursuz?

- Mən tədris sahəsində olduğuma görə sırf ədəbiyyatla məşğul ola bilmirəm. Müasir ədəbi prosesi bacardıqca izləməyə, oxumağa çalışıram. Hətta buna görə şəxsi həyatımda, məişətdə bəzi məsələləri ixtisara salıram.

# 1700 dəfə oxunub

Oxşar xəbərlər

İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

16:15 16 sentyabr 2024
Laçına hamıdan qabaq kim getmişdi? - Əsgər forması geyinən səslər

Laçına hamıdan qabaq kim getmişdi? - Əsgər forması geyinən səslər

12:00 16 sentyabr 2024
Ərinə xəyanət edən qadın - Onu liftdə kim öldürmüşdü?

Ərinə xəyanət edən qadın - Onu liftdə kim öldürmüşdü?

14:41 13 sentyabr 2024
"Rəzalətin son həddi" - Çingiz Abdullayevin romanı haqqında

"Rəzalətin son həddi" - Çingiz Abdullayevin romanı haqqında

09:27 13 sentyabr 2024
O kitabı Turan xanım mənim üçün imzalayıb... - Nadir Yalçın

O kitabı Turan xanım mənim üçün imzalayıb... - Nadir Yalçın

18:00 12 sentyabr 2024
22 il sonra alınan qonorar - Dağınıq əlyazma...

22 il sonra alınan qonorar - Dağınıq əlyazma...

09:00 11 sentyabr 2024
# # #