Murakami: Ən yaxşı yazıçı və qaçış çempionu

Murakami: Ən yaxşı yazıçı və qaçış çempionu
15 dekabr 2012
# 08:00

Yapon ədəbiyyatında Qərb dəyərlərinə meyilliliyi ilə seçilən Haruki Murakami Azərbaycan oxucusuna da yaxşı tanışdır. “Franz Kafka” adına mükafata, “Qüds” mükafatına və digər uğurlara nail olmuş Murakaminin maraqlı bir hobbisini və bu barədə yazdığı kitabdan hissələr təqdim etmək istəyirik.

Murakami 1982-ci ildə caz barını satıb bütün vaxtını yazmağa ayırmağa başlayıb. Həmin vaxtlarda bədəninin gümrahlığını qorumaq üçün qaçışla məşğul olub. Qaçış nə qaçış! 33 yaşına qədər qaçışla məşğul olmayan Murakami birdən-birə marafon qaçışçısı olub yarışlara qatılmağa, qalib gəlməyə başlayıb. Həyatının bu maraqlı macərasını 2008-ci ildə yazdığı “Qaçış haqda danışanda nə danışıram” kitabında geniş əks etdirib.

Murakami kitabda qaçışa necə başladığını, niyə qaçdığını, uzun məsafələri qət edən qaçışların ona hansı hisslər yaşatdığını, bir tərəfdən də öz yazıçılıq təcrübəsini və yaşının artmağı ilə bağlı yaranan problemlərdən bəhs edir.

Yazıçılıqla marafon qaçışının oxşarlığı nədir?

Murakami yazıçılıqla marafon qaçışının paralelliyindən yazanda hər iki fəaliyyətin də daxili motivasiya ilə yarandığını, xaricdən hər hansı reaksiya gözləmədiyini deyir. Yazdıqlarının öz standartlarına cavab verib-vermədiyini onun üçün çox vacibdir. Neçə kitabı satılıb, hansı mükafatlara layiq görülüb, kimlər tənqid edib – heç biri onun marağında deyil.

Bunlarla yanaşı yazıçı insanların onu düzgün başa düşməyi barədə narahatlığını da etiraf edir:

“İnsanlar fərqli dəyərlərə sahibdirlər, aralarında böyük fikir ayrılıqları olur. Əlbəttə, bu fakt yazıçının düzgün başa düşülməyini çətinləşdirir. Səhv başa düşülmək və tənqid edilmək heç kimə xoş deyil. Mən fərqli yaza bilmə bacarığımı digərlərindən fərqli olmağıma borcluyam. Ona görə ancaq özümə məxsus hekayələr yaza bilirəm. Bunun qaçılmaz nəticəsi isə təklik və təkliyin gətirdiyi ağrıdır. Yazıçı daim təkliyin arxasınca qaçır, baxmayaraq ki, bu onun qəlbini parçalayır və zədələyir”.

Yazıçı necə olmalıdır?

Murakamiyə görə, istedad çox vacib amildir: “Yazmağa nə qədər böyük həvəs və enerji ilə başlasan da, bütün fikrini-zikrini yazmağa yönəltsən də, istedadın yoxdursa, yazıçılıqdan əlini üzməlisən. İstedad hər şeydən əvvəl gəlir. Üstəlik istedad öz xəmirini özü yoğurur, onu artırmaq yaxud azaltmaq sənin əlində deyil. Elə yazıçılar var ki, qoca yaşlarında da istedadları azalmır (Bunlara Şekspir, Balzak, Dikkens misal ola bilər). Hər yazıçı onlar kimi ola bilməz. Onlar əfsanədir. Yazıçıların çoxu isə (Murakami bu sıraya özünü də daxil edir) istedadlarındakı əksikliyi yaxud azalmanı kompensasiya etməlidirlər”.

Digər vacib məsələ isə bütün istedadını yazdığına cəmləməkdir. Murakami hər səhər tezdən (saat dörddə) durub 3-4 saat yazır. Romanını bitirənə qədər bu rejimlə işləyir: “Altı ay, bir il və ya 2 il ərzində hər gün eyni mövzu üzərində işləmək xeyli enerji və səbr istəyən işdir”.

Onun yazı sirlərindən biri də həmin gün yazacaqlarını bitirməmiş masadan qalxmaq və hələ yazmaq istədiklərini sabaha saxlamaqdır.

“Yazı zehni əməkdir, bir romanı yazıb qurtarmaq isə daha çox əl əməyidir”- deyir yazıçı.

Oturub fikrini bir mövzuya cəmləşdirmək, xəyali qəhrəmanlar yaratmaq, hekayəsini qurmaq, o hekayəni ən yaxşı formada oxucuya çatdırmaq, hekayənin axışını nəzarətdə saxlamaq bir çoxlarının ağlına gəlməyəcək qədər ağır işdir. Gənc və istedadlı yazıçılar bu prosesi daha rahat keçirə bilirlər”.

Murakaminin fikrincə, bədənini formada saxlamaq yazıçı üçün vacibdir. Çünki insanın beyni bədəninə nəzarət edir. Yaxud əksinə. Beyin bədəni formalaşdırır. Bir-birinə təsir edirlər. Hər vəziyyətdə bədən gümrahlığı beyin gümrahlığı üçün lazımlıdır.

Yazıçılığın sağlamlıq bahasına başa gəldiyini də vurğulayır Murakami: “Yazmağa, hekayə yaratmağa başlayanda insanların içində yatan “zəhər” hansısa yolla üzə çıxır. Bütünü yazıçılar bu “zəhər”lə üzləşirlər, onunla mübarizə aparırlar. “Zəhər”i məhv etmək üçün gərək immunitet güclü olsun. Qeyri-sağlam işlə məşğulsansa, sağlam bədənin olmalıdır. Qeyri-sağlam ruhun sağlam bədənə ehtiyacı olduğu kimi”.

# 2245 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #