Mərhum yazıçı və dramaturq Aslan Qəhrəmanovun Kulis.Az-a verdiyi müsahibəni yenidən təqdim edirik.
- Sizi çətinliklə tapdıq, niyə kənara çəkilmisiniz?
- Kənara çəkilməmişəm, sadəcə, heç yerə zorla getmirəm, heç nəyin davasını eləmirəm. Oturub işləyirəm, yazılarım mətbuatda çap olunur.
- İxtisasınız riyaziyyatçıdır, kibernetika sahəsində uzun illər çalışmısınız, elmi işləriniz vergilərlə bağlıdır. Ümumiyyətlə, Aslan Qəhrəmanlını necə təqdim etmək daha yaxşı olar?
- Elə Aslan Qəhrəmanlı kimi. Haqverdiyev mühəndis olub, Cabbarlı sənaye institutunu da yarımçıq buraxıb, Tibb İnstitutunu da. Əli Vəliyev, Süleyman Rəhimov tarixçidirlər. Vaqif Səmədoğlu pianoçudur, amma heç onu piano ifaçısı kimi görən olmayıb. Soljenitsin riyaziyyatçıdır. Özü də onu müharibə vaxtı antisovet təbliğatına görə həbs ediblər. Bir gün həbsxanada dustaqlardan gəlib soruşurlar ki, aranızda riyaziyyatçı var? O çıxır qabağa. Bunu aparırlar kosmik tədqiqatlar, atom bombası ilə bağlı Kurçatovun idarəsi vardı orda işləməyə, riyazi hesablamalarla işləyir. Onu riyaziyyat belə xilas edir.
- Riyaziyyatçı olmaq sizin də çox karınıza gəlib...
- Elmi fəaliyyətim, dolanışığım riyaziyyatla bağlıdır. Mən ədəbiyyatla dolanmamışam. 7 il “Vergi” jurnalında işləmişəm. Sonra Azərbaycan Universitetində dərs demişəm. Rostov Dəmir Yol İnstitutunda işləmişəm, Neft Akademiyasında tətbiqi riyaziyyatdan dərs demişəm.
- Bu vəzifələrdə işləyə-işləyə yazmağa necə vaxt tapmısınız?
- Bu vəzifələrdə işləyəndə televiziyada tamaşalarım oynandı, radioda 13 tamaşam səsləndirilib.
- Yaradıcılığa hekayə ilə başlamısınız, “Dağların mahnısı” ilk hekayəniz olub...
- O çap olunan ilk hekayəmdir. O vaxt da monopoliya vardı, heç kimi çap eləmirdilər. “Gənc qələmlər” dərnəyinə gedirdim, ora Cabir Novruz, Məmməd Araz, Kələntər Kələntərli gəlirdilər, şeirlərimizi oxuyurduq, qiymət verirdilər. Onlar da öz şeirlərini oxuyurdular. Orda bir hekayəmi oxudum, dedilər bunu ver çapa. Verdim çap olundu.
Ondan sonra uzun müddət çap olunmadım. Bir dəfə “Azərbaycan” jurnalına hekayə verdim, dedilər qoy burda, bir ay sonra gəl. Ay yarım sonra getdim katibə qaytardı hekayəmi, gördüm kənarında yazılıb ki, bəyənilmədi. Soruşdum ki, kim bəyənməyib bunu, dedilər Sabir Süleymanov. Getdim yanına ki, görüm harda səhvim var, dedi mən bu hekayəni oxumamışam, bu sözü də mən yazmamışam. Ondan soruşdum, bundan soruşdum məlum oldu ki, heç kim oxumayıb. Bir ay ortada qalıb sonra da katibə üstünə yazıb bəyənilmədi, atıb kənara.
Ondan sonra sındım elə bil, uzun müddət çapa vermədim yazılarımı. Deyirdilər, get, İsmayıl Şıxlının, İsa Hüseynovun yanında, de ki, məni çap eləmirlər. Getmirdim, niyə gedim e, çəkinirdim. Verirdim jurnallara bəyənirdilər hekayəmi, amma qalırdı orda, çap eləmirdilər. Bir dəfə “Ədəbiyyat qəzeti ”nə getdim. Hekayələrimi bir nəfərə verdim, dedi ki, 3-4 günə gəl. Bir ay sonra getdim dedi ki, bəyənmişik, çap olunacaq, amma indi şöbə müdiri ezamiyyətdədir, gərək o baxsın ki, çapa verək.
Sən demə, bu adam Fərman Kərimzadə imiş. “Ədəbiyyat qəzeti ” ndə ardıcıl hekayələrim çıxdı. Sabir Əhmədli orada şöbə müdiri idi. Bir gün Sabir Əhmədli məni çağırdı ki, sən elmi mühiti yaxşı bilirsən, Akademiyada işləyirsən, yaz, nə yazsan gətir, çap edəcəyəm. Sonra ardıcıl kitablarım çıxdı. O iki şəxsiyyət Fərman Kərimzadə ilə Sabir Əhmədli yolumdakı buzları qırdılar.
- “Səni axtarıram” adlı kitabınız tamaşa efirdə gedəndən sonra çıxıb?
- Çox sonra. Əslində o hekayə idi, sonradan pyes halına saldım. Tamaşa üç hissədən ibarət oldu, çünki tamaşaçılardan çoxlu məktublar gəlirdi. Bəlkə dördüncü hissə də olacaqdı, amma Sovet İttifaqı dağıldı, sponsor tapılmadı.
- AYB-nə nə vaxt üzv oldunuz?
- 1985-ci ildə, çox çətinliklə üzv oldum, qəbul eləmirdilər. Monopoliya idi, açıqca deyirdilər ki, sən kimsən, kimin adamısan? “Zəmanət” adlı bir oçerkimdə də yazmışam, üç nəfər zəmanət vermişdi, Sabir Əhmədli, Fərman Kərimzadə, Əlibala Hacızadə. Səsə qoymurdular ki, qoymurdular. Axır İsmayıl Şıxlının vaxtında səsə qoyuldu, məni üzv qəbul etdilər.
- Bunun yaradıcılığınıza təsiri oldu?
- Yox, heç bir əhəmiyyəti yox idi, amma qəbul etməməkləri adama mənfi təsir göstərirdi. Bir kitabı çıxanı üzv qəbul edirdilər, mənim 5-6 kitabım vardı, qalmışdım qıraqda.
- Müxtəlif vəzifələrdə işləməsəydiniz, daha çox yazardınız?
- Yox, mən yazmaq istəyəndə üstdə yağım daşsa da bunu edirəm.
Müəyyən saatlarda yazanlardan deyiləm. Bir şey içimə doldusa, bir-iki günün içində yazıb bitirməliyəm. Məsələn, İsi Məlikzadə deyirdi ki, mən başlığı yazmasam, heç nə edə bilmərəm, ad qoyub sonra yazıram. Doğrudur, insan zahirən dəyişir, amma yazı vərdişi xarakter kimi dəyişməzdir. 6 yaşdan sonra insan mükəmməl bir şəxsdir, necədirsə, elə də qalacaq. Yaxşıdırsa yaxşı olacaq, müştəbehdirsə elə də qalacaq.
- İndi elə olmaq zamanın tələbidir...
- İş ondadır ki, biliyi az, heç bir dəyəri olmayan adamlar özləri haqda yüksək fikirdədirlər.
- Özü haqda yüksək fikirdə olmaq həmin o biliksizlikdən irəli gəlir də, Sokratın dediyi kimi...
- Sokrat da deyib, peyğəmbərimizin də fikri var: “Elm üç qisimdən ibarətdir - birinci qisim bilənlər çox təkəbbürlü olurlar, elə bilirlər ki, hər şeyi bilirlər. İkinci qisim bilənlər-heyrətlənirlər ki, elmdə nələr varmış, üçüncü qisim deyir ki, mən heç nə bilmirəmmiş”. Üçüncü qismi Sokrat da deyib, amma mən Məhəmməd Peyğəmbərin Sokratı oxumağına inanmıram. Çox bilən adam bilir ki, heç nə bilmir. Az bilən adam elə bilir ki, olan budur.
- İndi təqaüddəsiniz, yazmaq imkanlarınız daha genişdir, nə yazırsınız?
- Miniatür hekayələr yazıram. Mənə elə gəlir ki, indi iri əsərlər oxunmur. Xatirələrimi də yazıram. Özü də elə yazıram ki, kitabı açanda hansı hissəsini oxumaq istəsən, digəri ilə heç bir əlaqəsi olmasın, başa düşülsün. Kitabın adı “Baxdım bu dünyanın pəncərəsindən”dir.
Ramilə QURBANLI
“6 kitabım çıxmışdı, AYB-yə götürmürdülər”
21 yanvar 2014
10:09
2053 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024