Gecələr durub  şeir yazan qoca haqda hekayə

Gecələr durub  şeir yazan qoca haqda hekayə
3 noyabr 2016
# 11:09

Kulis.Az gənc yazar Həmid Pirinin “Sərçələr üçün poema” hekayəsini təqdim edir

..Sübh ayazı hələ özü görünməyən günəşin ilk şüalarıynan dabanbasma özünü çatdırmışdı. Dekabr acı üzünü göstərirdi..

Mirzə gözlərini açıb yerinin içində dikəldi, ən əvvəl çarpayının sağ tərəfindəki stulun üstündən dəftəri götürdü. Yaşıl üzlü, on iki vərəqli birmil məktəbli dəftəriydi, ortasından bir qoşa vərəq çıxartmışdılar, indi onu qalmışdı. Mirzənin şairliyi də vardı və bir də görürdün gecə yatdığı yerdə birdən-birə durub otururdu, başlayırdı şeir yazmağa. Nabat uzun illərdi onun çarpayısının yanına oturan stul, stulun da üstünə dəftər-qələm, bir stəkan da su qoyurdu gecələr. Mirzə dəftəri vərəqlədi. Dəftər boşdu. Bu gecə də heç nə yazmamışdı. Mirzənin şairliyi həvəsdi, heç kənddə çox adam bilmirdi ki, şeir yazır. Özü dəmiryolçuydu, üç il qabaq pensiyaya çıxmışdı. Belə çox şeir yazmışdı, çoxusu itib-batmışdı. Əldə-ovucda qalanı yığıb balaca kitabça çap etdirmişdi beş-altı il qabaq. İçində iyirmi üç dənə şeir, bir dənə də kiçik poema. Satış üçün nəzərdə tutulmayan, ancaq yaxın qohum-qardaşa payladığı əl boyda kitabça..

Durub üst paltarlarını geyinib şüşəbəndə çıxdı. Nabat odun peçini qalamışdı, dəmiri qızaran peç çartaçart yanırdı. İki armudu stəkan çay içib papiros çəkdi. Durub kürkünü geyindi.

Mirzə ev qapısından çıxanda arvadı səslədi:

“Lap yadımnan çıxmışdı, duz da alarsan.”

Mirzə bayıra çıxan kimi soyuq canına işlədi. Kürkünün yaxasını qaldırdı. Küçədə ins-cins yoxdu.

Dükanda da adam yoxdu. Bircə satıcı işləyən qardaşı oğlu Rasimdi, o da piştaxtanın dalında əsdirirdi. Rəfdən çörək götürüb piştaxtanın qabağına gəldi.

“Əmi sabahın xeyir.”

“Ağabatın xeyir.”

Rasim çörəyi torbaya qoydu.

“Əmi başqa?”

“Başqa sağlığın.. Hə, duz da ver.”

“Hansınnan? Xörək duzu, ya süfrə duzu?”

Mirzə duruxdu bir az.

“Onu demədi. İkisinnən də ver.”

Mirzə başını döndərəndə yan tərəfdə qutunun içindəki hisə verilmiş çapaq balıqlarını gördü, dünən yox idi, gavar axşam gəlibmiş. İndi bildi bayaqdan burnunu qıcıqlandıran nə iydi.

“Balıq taza gəlib?”

“Hə, əmi. Yaxşı balıqdı.”

“Bir dənə yekəsini çək. Haçandı südlü aş yemirik. Nabat bişirsin bu gün.”

Rasim balıqların ən böyüyünü seçib çəkdi.

“Onda düyü də ver də.”

Rasim rəfdəki düyülərə baxdı.

“Hansınnan verim?”

“Nə bilim, hansı yaxşıdı onnan ver.”

Pulu verib bayıra çıxdı. Yenə ayaz sümüklərini sızıldatdı.

Evə girib aldıqlarını stolun üstünə qoydu.

“Taza balıq gəlmişdi, nöösüm çəkdi. Günortaya südlü aş bişirərsən. Düyü də almışam.”

“Həə, yaxşı. Onda süd də alarsan.”

Bir stəkan da acı çay içdi. Çörək yemədi, iştahı yoxdu. Yenə kürkünü geyindi.

“Süd almağa gedirsən?”

“Hə.”

“Gözlə banka verim.”

Mirzə bankanı alıb Heybətgilə gəldi. Heybətnən həmtaydılar, qohumluqları da çatırdı. Heybəti səslədi, qızı çıxdı.

“Atam tövlədədi.”

Tövlə həyətin başındaydı. Çataçatda içəridən Heybətin səsini eşitdi: “Ay

çərdəymiş, hoooo! Sənin yiyəvin!..”

“Heybət, ay Heybət!..”

“Hay kimdi?”

Səsin dalınca qapıdan Heybətin başı çıxdı.

“Mirzə? Bu vaxt xeyr ola?”

“Südçün gəlmişəm.”

“Gözlə çıxıram.”

İki-üç dəqiqə sonra Heybət süd verdəsiynən çıxdı. Vedrə yarısınacan doluydu.

“Çərdəymişlər süddən də kəsilib. Havayı yerə o qədər yem yeyillər. Heç nəyin bərəkəti qalmayıb.. Gəl süzüm verim. Neynirsən südü?”

“Şor balıq almışam, deyirəm Nabat südlü aş bişirsin. Haçandı yemirik..”

Tövləyə bitişik mitbaxa girdilər. Heybət bidonun ağzına tənzif salıb südü süzdü. Mirzədən bankanı alıb onu da doldurdu.

“Mirzə, özün neynirsən?”

“Mənəm də. Dolanıram. Səndə nə var, nə yox?”

“Eh.. Heç soruşma. Ayaqlarım öldürür məni. Gecə səhərəcən yerimdə fırlanıram, gözümə bir hovur yuxu getmir. Üreyim də incidir məni. Kəleyimi kəsib lap. O gün həkimə getmişdim, Elmanın yanına. Yenə bir palaz iynə-dərman yazdı. A kişi, adam da buğada dərman içər?”

“Əşi, qocalmışıq da..”

Mirzə bankanı aldı.

“Nə qədər verəciyəm?”

“Heç nə. Götür get.”

Mirzə bir manat çıxartıb stolun üstünə qoydu.

“A kişi, deyirəm lazım deyil də.”

“Süftədi.. Getdim. Sağ ol.”

Evə çatanacan yazmaq istədiyi şeiri fikirləşdi. Haçandı yazmaq istəyirdi, alınmırdı. Tək-tək misralar beynində fırlanırdı, amma bir-birinə uyğunlaşıb bənd olmurdular..

Yolda qardaşı Arifi gördü.

“Hara belə?” Arifdən soruşdu.

“Toyuqların dəni qurtarıb. Bir az buğda alım.”

“Yumurtlayıllar?”

“Pis deyil. Özümüzə çatır. Sən hardan gəlirsən?”

“Heybətdən süd almışam. Gördüm taza balıq gəlib, aldım səhər. Nabat südlü aş bişirsin, haçandı yemirik.”

Yem dükanının qabağında qardaşından ayrıldı. Evə getdi.

Südü Nabata verib kluba getdi. Klubun dalındakı balaca otaq nərd otağıydı. Yay-qış işi olmayanlar bura yığışıb nərd, domino oynayırdılar. Balaca elektrikli samavar daim istiydi. Qəndi-çayı da hərdən biri alırdı. Akif təkdi. Akif klubda işləyirdi, amma nə işlədiyini heç kim bilmirdi, heç özü də. Hər gün səhər gəlib qapını açırdı, axşam da bağlayıb gedirdi. Bütün gününü oyun oynamaqnan keçirdirdi. Mirzə pəncərədən içəri boylandı. Akif təkdi, qəzet oxuyurdu. Mirzəni görən kimi qəzeti büküb qırağa qoydu.

“Gəl bir dənə nərd ataq.”

Pəncərənin dalından səsi gücnən gəldi.

“Papruz alım gəlirəm.”

Heç Akif də Mirzəni yaxşı eşitmədi. Eləcə başını tərpətdi.

Mirzə dükana girib əlində hazır tutduğu üç manatı piştaxtanın üstünə qoydu.

“Bir dənə papruz ver, bir dənə o balaca qutuda qənd olur e, ondan ver. Qalanına da atma çay ver.”

Dediklərini alıb kluba qayıtdı. Başladılar nərdə. Oynaya-oynaya danışmağa başladılar. Akif arada bir dəfə durub boşalan samavarı doldurub tazadan qaynatdı. Başqa gələn olmadı.

“Xeyir ola bu gün gələn-gedən yoxdu?”

“Soyuqdu da. Baxsan hamı xəşil çaldırıb, yeyib yatır.”

“Qar yoxdu axı. Xəşili qar yağanda çalallar.”

“Əşi, ona baxan var? Hava soyuqdu, deməli olar. Qarı gözləsən, gərək xəşil yeməyəsən heç. Görmədin, bildir qar yağmadı.”

“Təbiət dəyişib də. Görmürsən, otlar da dəyişib. Əvvəl çıxan otlar day çıxmır. Yerinə başqaları çıxır.”

“Hə, fikir vermişəm.”

“Quşlar da dəyişib e. Sığırçın yığışıb, yerinə qaratoyuq gəlib. Qabaqlar buralarda qaratoyuq olmazdı axı. Sərçələr də cırlaşıb. Hələ kələkovdarı(taclı sərçə-red) ... Nəsli kəsilib.”

Danışa-danışa hesabı da itirdilər. Bilmədilər kim uddu, kim uduzdu..

Pəncərənin qabağından keçən məktəbliləri görəndə saata baxdı. Günorta olmuşdu.

“Akif, gedim bir az çörək yeyim, gəlirəm. Səhər gördüm taza balıq gəlib, almışam. Nabata dedim südlü aş bişirsin. Meylin çəkir, gəl gedək bizə.”

“Nuş, nuş. Çox sağ ol. Axşam gələcəysən?”

“Hə, keçərəm axşamüstü.”

İsti aşı yeyəndən sonra yuxusu gəldi. Divanda uzanıb televizora baxa-baxa huş apardı onu, iki saat yatıb durdu. Çay içəndən sonra yenə kluba getdi. Hava qaralanacan nərd atdılar. Akif tək deyildi, Tahirnən Əli də gəlmişdilər. Növbəynən oynadılar.

Klubdan çıxıb evə gələndə havanın şaxı sınmışdı, sakit, xoşagələn havaydı. Sən deyən soyuğu da yoxdu.

..Yaxşı şeir olmalıydı bu şeir. İnsanların düzlüyündən, vəfadan, sədaqətdən, dostluqdan olmalıydı. Yaza bilsəydi əgər...

İki nimçə də aş yedi. Çayı içəndə əsnəyə-əsnəyə dedi:

“Ay Nabat, yuxum var, bu gün tez yataciyam. Yerimi sal.”

Çayı içib içəri keçdi. Yerinə uzanan kimi yatdı.

..Gecənin hansı vədəsiydi oyandı. Otaq aydınlıqdı, bayırdan nur yağırdı otağa. Qulaqbatıran sükut hakimdi ətrafda. Durub pəncərədən bayıra baxdı. Qar yağırdı. Hər tərəf ağappaqdı. Qara baxdı. Beş dəqiqə, on dəqiqə.. Bir də gördü hardansa ovuciçi boyda sərçə uçub gəldi, düz pəncərənin qabağındakı albalı ağacının çılpaq budağına qondu. Oturan kimi də tazadan uçdu. Budağın üstündəki qar ayaqlarını üşütmüşdü sərçənin. Dimdiyin budağa vurdu, budaq silkələndi, üstündəki qar dağıldı. Sərçə qarını təmizlədiyi budaqda oturdu. Tüklərini qabardıb Mirzəyə baxdı, boynunu bükdü, sonra uçub getdi.

Mirzə keçib çarpayıda oturdu. Dəftəri açıb yazmağa başladı. Haçandı yazmaq istədiyi şeirdi, misra-misra, bənd-bənd kağızın üstünə tökülürdü. Yazdı, yazdı, dəftər doldu. Axırıncı iki bəndi yaşıl dəftərüzünün içəri tərəfinə yazdı. Qurtarandan sonra dəftərin üzünə iri, aydın xətnən “Sərçə poeması” yazdı..

Səhər həmişəkindən gec durdu. Yerində dikəlib pəncərədən baxdı, daha qar yağmırdı. Ölüşkün qış günəşi zəif-zəif parıldayırdı. Əl atıb dəftəri götürdü. Şeiri görəndə rahatlandı. Yuxuda görməyibmiş. Doğrudan yazıbmış. Şeiri iki dəfə başdan-ayağa oxudu. Əslində şeir yox, poema. İstədiyindən daha yaxşı alınmşdı. Dəftəri şkafın gözünə, kitabının qalan nüsxələriynən əlyazmalarının yanına qoydu..

..Gecə Nabat onun yerini salmağa gedəndə dedi:

“Dəftər qoyma. Elə o stulu da götür içəridən..”

Beş-on saniyə sonra yavaş-yavaş, az qala pıçıltıynan əlavə elədi:

“Daha şeir yazmayacağam.”

16 sentyabr

2016

# 2171 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #