“Hadi küçədə şeir satırdı, Koelyo isə...”

“Hadi küçədə şeir satırdı, Koelyo isə...”
30 iyun 2015
# 20:00

Kulis “Blitz müsahibə” layihəsindən yazar Mirmehdi Ağaoğlunun cavablarını təqdim edir.

- Azərbaycan ədəbiyyatının ən mühüm nəsr əsəri sizcə hansıdır və niyə?

- Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əsərində belə bir yer var: “Elə ki, bu səda kənd arasında şöhrət tapdı, xalq hamı başa düşdü ki, mərhum Kərbəlayı Heydərnən Xudayar bəy nə qəlp pul qayırırmışlar, nə də kandrabat malı o taydan-bu taya keçirirmişlər. Hamı başa düşdü ki, bu rəfiqlərin məhəbbəti nəinki bir-birinə imiş, bəlkə bir-birinin övrətinə imiş. Kim nə bilsin, bəlkə Xudayar bəy ölsəydi, Kərbəlayı Heydər də onun övrətini istəyəcəkdi.”

Bu povestin yazılmasından yüz ildən çox bir vaxt keçib və təəssüf ki, Mirzə Cəlil dəqiqliklə qoyduğu diaqnoz hələ də düz çıxır. Xalqın xarakterini bundan yaxşı təyin edən bir fikrə rast gəlməmişəm. Bəla burasındadır ki, naqis olan təkcə Xudayar bəy deyil, elə Kərbəlayı Heydər də potensial naqisdir. Toplananların yerini dəyişdikdə cəm dəyişmədiyi kimi Xudayar bəylə Kərbəlayı Heydərin yerini dəyişsən də əsərin nəticəsi dəyişməyəcək, toplum naqisdir və axtarsan Danabaş kəndində beləsi nə qədərdir. Bir xalqın xarakterini, içini bundan dəqiq göstərmək olmaz. Milan Kundera deyir, yazarlar dövrün kahinləridir. Mirzə Cəlilin timsalında buna əmin oluruq. Allahın bu xalqa yazığı gəlsin. İkinci 100 ilə də bizə "Danabaş kəndi"ni güzgü eləməsin.

- Özünüzü hansı milli və xarici yazıçının davamçısı sayırsınız?

- Dünya nəsrinin çağdaş istiqaməti ilə ayaqlaşan, yerində saymayan, dünya romançılığı ilə mənəvi bağlar qurmağa çalışan, məhəllilikdən qaçan bütün milli yazarlarımızdan nəsə öyrənməyə çalışıram. Ümumiyyətlə, mən yaxşı əsərdən necə yazmağı, pis əsərdən necə yazmamağı öyrənirəm. Burda demək istədiklərimi məncə Mario Varqas Lyosa Nobel nitqində daha yaxşı ifadə edib: “Yazıçılıq asan məsələ deyil. Bir də görürsən təsəvvür etdiyin əhvalat kağıza köçürüləndə istədiyin alınmır, sözlər ürəyini isitmir. Onları təzədən necə cana gətirəsən? Xoşbəxtlikdən, ustadlar, müəllimlər, nümunə götürüləsi insanlar yanındadır. Flober mənə istedadın intizam və dözüm olduğunu öyrədib. Folkner formanın (üslub və struktur) süjeti zənginləşdirmək qabiliyyətində olduğunu öyrədib. Martorel, Servantes, Dikkens, Balzak, Tolstoy, Konrad, Tomas Mann romanda vüsət və genişliyin üslub və süjet xətlərinin dəqiq işlənməsindən heç də az əhəmiyyətli olmadığını öyrədib.”

- Ölkəmizdə ədəbiyyata olan münasibət sizi narahat edirmi?

- Danimarkada paytaxt Kopenhagendən yarım saatlıq məsafədə, dəniz qırağında bir heykəl var. Kopenhagenə gələn turistlərin mütləq əksəriyyəti taksiyə minib bu heykələ baxmağa gedirlər. Sonra da sanki buna vaxt ayırdıqlarına təəssüf edərmiş kimi belə bir sual verirlər: “Aaa, nə balaca heykəldir?”

Bu heykəl Hans Kristian Andersonun nağıllarından birinin qəhrəmanı Su pərisinin balaca heykəlidir. Ölkənin görməli yerlərindən biri hesab olunur. Bu bir xalqın, bir dövlətin öz yazarına verdiyi qiymətin nəticəsidir. İstər Danimarka xalqı, istərsə də Danimarka dövləti özünün qədim abidələri, təbiəti, iqlimi, meşələri və dəniz sahillərindən əvvəl yazıçısı Hans Kristian Andersonla öyünür. Bu, bir xalqın yazıçıya verdiyi qiymətdir. Onlar yazıçının bir qəhrəmanının heykəlini də turistik obyektə çevirə bilirlər.

Sadə bir misal dedim. Mən daha “Bizim xalq kitab oxumur”, “Dövlət ədəbiyyata qayğı göstərmir” kimi deyilməkdən “hayhayı gedib, vayvayı qalmış” fikirləri işlətmək istəmirəm. Bu nümunədə xalqın da, dövlətin də yazıçıya münasibəti var. Anderson misalından hər kəs özünə dərs götürə bilər.

- Sizcə, Azərbaycan yazıçıları dünyaya çıxmaq üçün nə etməlidir?

- Bu məsələyə fərdi şəkildə yox, fundamental yanaşmaq lazımdır. Burada yük yazarların yox, dövlətin üzərinə düşür. Dövlət bu sahəyə diqqət göstərməli, Azərbaycan yazarlarının dünyada tanıdılmasını xarici siyasətin prioritetlərindən birinə çevirməlidir. Bir çox Avropa ölkələrində Xarici İşlər Nazirliklərinin xüsusi bölməsi var ki, onlar bu işlə birbaşa məşğul olur, yazarların dünyada tanınmasına, tərcümə olunmasına çalışırlar.

Buna görə müsabiqələr keçirirlər, tərcümə olunan əsərə görə məbləğ ödəyirlər. Yazar dostum Qismətlə İstanbul Kitab Fuarında olanda TEDA-nın əməkdaşı Nizar Karadan müsahibə aldıq. TEDA - türk ədəbiyyatının dışa açılımı deməkdir. Türkiyə Mədəniyyət Nazirliyinin tərkibində olan bu qurum türk yazarlarının dünyada tərcümə olunmasını təmin edir. Dünyanın istənilən ölkəsində hansısa bir türk yazarını çevirən tərcüməçi əsəri onlara göndərir, bundan sonra təşkilat tərcüməyə görə nəşriyyata da, tərcüməçiyə də qonorar ödəyir.

Bizdə də əlaqədar təşkilatlar bu cür təcrübələrdən istifadə edə bilərlər. Dövlət xarici tərcüməçiləri Azərbaycan yazarlarını tərcümə etməkdə motivasiya edə bilər. İndi kimsə çıxıb deyə bilər ki, baxın tərcümə etmişik, Nizami, Nəsimi, Füzuli... Axı nə vaxta qədər biz Azərbaycan yazıçılarının dünyaya tanıdılması deyəndə Nizamidən, Füzulidən danışmalıyıq? Olmazmı gənc yazarları çevirək, onları dünyaya tanıdaq? Məsələn, eyni tərzdə Joe Dunthorne adlı ingilis yazıçı 2012-ci ildə dilimizə tərcümə olunub. Kitab Böyük Britaniyanın “Cyrnewidfa Len Cymru Wales Literature Exchange” təşkilatı tərəfindən maliyyələşdirilib. Bu təşkilat tərcümə üçün nə Cefri Çozeri seçib, nə də Şekspiri, təşkilat sadə bir cavan oğlanın kitabının çap olunmasına maliyyə ayırıb. Bilirsinizmi Joe kimdir? Neçə yaşı var? Mənimlə yaşıddır... 33 yaş...

- İnternetin kütləviləşməsi ədəbiyyata necə təsir edir?

- Təəssüf ki, hər dəfə “İnternet və ədəbiyyat...” sualı qoyulanda bizim əksər yazarlar bunu kağız və elektron ədəbiyyatın davası kimi qələmə verirlər. Və məsələyə bu prizmadan yanaşırlar. Yəqin ki, bunun bir səbəbi də yuxarıdakı “Dünyaya çıxmaq” sualında gizlənir. Çünki artıq dünyada elektron ədəbiyyatmı, kağız ədəbiyyatmı deyə sual qoyulub onlar arasında müqayisə aparılmır. Səbəb də çox sadədir. İnternet, elektron cihazlar artıq həyatımızın hər bir sahəsinə nüfuz edib. Bu qaçılmaz haldır. Bir çox sahələrdə elektron yeniliklərdən istifadə olunur, həyatımız inqilabi şəkildə dəyişir. Artıq mobil telefonlarımız təkcə mobil telefon deyil, həm də həmişə bizimlə olan kitabxanadır. Əlbəttə Quttenberqin kitab çapından üzü bəri düşüncəmizdə bir kitab arxetipi formalaşıb. Onun öz quruluşu, qoxusu, görkəmi, rəngi, qocası, cavanı, təravətlisi, kiflənmişi, təzəsi var. Məsələn, biz kitab oxuyanda təkcə oxumuruq, kitabın qoxusu, bizdən əvvəl onu oxuyanın, vərəqin kənarında etdiyi bir qeyd, yaxud bir ləkə bizdə müxtəlif təəssüratlar yardır.

Deyə bilərik ki, elektron kitablar bu hissləri oyatmır. Nə olsun, əvəzində başqa hisslər yaradır və yaxud zamanla yaradacaq.

İnternetin nə qədər üstünlükləri var. Artıq hansısa bir əsəri axtarmaq, baxmaq üçün durub kitabxananı araşdırmaq lazım olmur. “Google”da axtarış verməklə tapmaq mümkündür. Bunlar məgər pisdir? Biri var Əli Kərimin “İki sevgi” şeirini oxumaq üçün kitabların arasında var-gəl edəsən, biri də var elə divanda oturduğun, yolda getdiyin yerdə telefon vasitəsilə axtarış verib tapasan. Vallah, mən şair dostlar tanıyıram, məclisdə ondan şeirini oxumasını istəyəndə daha cibindən vərəq filan çıxarmır, elə telefonda axtarış verib şeirini tapıb oxuyur.

Başqa bir məsələyə də toxunmaq istəyərdim. Bizim yazarlar təəssüf ki, sosial şəbəkələrdə şair-yazar kimliyindən çox adi istifadəçi kimi yararlanırlar. Bunu daha çox yaşlı yazarlara aid etmək olar. Onlar sosial şəbəkə vasitəsilə ədəbiyyatın, yaradıcılıqlarının yayılmasında çox da aktiv deyillər.

Məsələn, türk detektiv yazarı Ahmet Ümidin İnstagramda belə səhifəsi var. Orda mütəmadi olaraq yazıçının qatıldığı tədbirlərdən şəkillər, kitablarının kover-fotoları paylaşılır. Bu sıraya şair Sunay Akını, Elif Şafakı, Orhan Pamuku, Murat Menteşi əlavə etmək olar. Dərgilər, jurnallar da bu sahədə heç geri qalmırlar. “Ot” və başqa dərgiləri misal gətirmək olar.

Deməli, çatdırılma vasitəsi dəyişə bilər, harda olsan belə, yeri gələndə Məhəmməd Hadi kimi şeirlərini vərəqlərə yazıb küçədə satmaqla da, yeri gələndə də Paolo Koelyo kimi Twitterdə status yaymaqla ədəbiyyatı, sözü paylaşa, insanlara çatdıra bilərsən. Yetər ki, istəyin bu olsun.

# 1533 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #