Kulis.Az Nobel mükafatı almış ilk ABŞ yazıçısı Luis Sinklerin Nobel nitqini təqdim edir.
12 dekabr, 1930-cu il
«Amerikalıların ədəbiyyat qarşısında qorxusu»
Hörmətli akademiya üzvləri! Xanımlar və cənablar!
Nobel mükafatına layiq görülməyim mənim üçün böyük şərəfdir və əgər içimdəki bütün hissləri ifadə etməyə çalışsaydım, yəqin ki qeyri-səmimi və həddindən artıq çoxdanışan təəssüratı bağışlayardım. Ona görə də sadəcə, «sağ olun» söyləməklə kifayətlənirəm.
Mən burada müasir Amerika ədəbiyyatının bəzi tendensiyalarına, onu təhdid edən bəzi təhlükələrə və bəzi sevindirici xüsusiyyətlərinə nəzər salmaq istərdim. Bütün bunları tam və səmimiyyətlə təhlil etmək üçün ola bilsin ki, bir qədər açıq danışdım. Amma bu məqamda səmimiyyətlə deyil, başqa cür danışmaq, mənim düşüncəmə görə, sizi təhqir etmək olardı.
Bununla belə, deməliyəm ki, böyük məhəbbətlə sevdiyim ölkəmin bəzi tanınmış institutları və ictimai xadimləri haqqında hörmətsiz danışmaq məcburiyyətində qalacağam.
Amma söylədiyim fikirlərdə qərəz olmadığına inanmağınızı xahiş edirəm. İstəyirəm biləsiniz ki, tale mənə qarşı yetərincə lütfkar olub. Mən mövcudluq uğrunda aparılan ağır mübarizənin nə olduğunu bilməmişəm, kasıblıq içərisində yaşamamışam, həyatım boyu bir çox xeyirxah insanlarla qarşılaşmışam. Amma zaman-zaman ya özüm, ya da kitablarım kifayət qədər sərt hücumlara məruz qalıb. Məsələn, bir xoş niyyətli kaliforniyalı pastor «Elmer Gentri»ni oxuduqdan sonra kütləni toplayaraq mənə Linç məhkəməsi qurmaq istəyirdi… Men ştatından olan başqa bir allah adamı isə məni həbsxanaya dürtmək üçün layiqli və qanuni yolun olub-olmadığını araşdırırdı. Bu qəzəbli lənətlərdən başqa və daha betər şeylər də baş vermişdi. Mənim köhnə tanışlarım qismindən olan və adətən tez-tez klublarda görüşdüyüm bəzi jurnalistlər isə haqqımda yazmağa başladılar ki, guya məni şəxsən tanıyır, alçaq adam olduğumu və yazıçı olmadığımı bilirlər.
Əlbəttə, mənə tərəf ağır daşlar atırdılarsa, mən də cavabsız dayanmır, az daş tolazlamırdım. Yenidən və daha ağır zərbələr alacağımı düşünməmək isə ağılsızlıq olardı.
Yox, şikayətlənmək üçün əsasım yoxdur. Amma ümumilikdə Amerika ədəbiyyatına gəlincə, deməliyəm ki, iqtisadiyyatın, kapitalın və elmin inkişaf etdiyi, incəsənət növlərindən yalnız memarlığın və kinonun vacib və hörmətə layiq sayıldığı bir ölkədə onun mövqeyindən razı deyiləm. Və bunun üçün yetərincə səbəbim var.
Təsəvvür yaratmaq məqsədilə İsveç Akademiyası ilə mənim aramda bir neçə gün əvvəl, yəni hələ Nyu-Yorkdan bura gəlməmiş yaranan anlaşılmazlığı nümunə gətirə bilərəm. Amerikada əvvəllər pastor, universitet professoru və diplomat olmuş çox xeyirxah bir alim var. O Amerika İncəsənət və Ədəbiyyat İnstitutunun üzvüdür, həmçinin bir çox universitetlər onu özlərinin fəxri üzvü seçiblər. Yazıçı kimi isə o balıq ovunun ləzzəti ilə bağlı yazdığı sevimli balaca məqalələri ilə tanınıb. İnanmıram ki, mövcudluqları treska və siyənək balıqlarının hərəkətindən asılı olan əsl balıqçılar balıq ovunu əyləncə hesab etsinlər; amma hələ gənc ikən adlarını çəkdiyim məqalələrdən öyrəndim ki, əgər siz balıq ovu ilə ehtiyac üzündən məşğul olursunuzsa, bu işdə nə isə vacib və ali bir şey tapacaqsınız.
Həmin alim artıq kütləvi şəkildə elan edib ki, Nobel mükafatının Amerika qanunlarını ələ salan bir adama verməklə Nobel mükafatı üzrə Komitə və İsveç Akademiyası Amerikanı təhqir edib. Bilmirəm, o köhnə diplomat kimi bu vəziyyətdən münaqişə yaratmaq üçün istifadə edir, ya yox?! Və ya Amerika dövlətinin Amerika ədəbiyyatının hüquqlarının müdafiəsi üçün Stokholma dəniz qoşunları göndərməsini tələb edəcəkmi, yoxsa yox… Hər halda, ümid edirəm ki, yox.
Təxmin etmək olardı ki, ilahiyyat elmləri doktoru, filologiya elmləri doktoru və daha nə bilim hansı fəxri adlara layiq görülmüş bu cür savadlı adam bu məsələyə tamamilə fərqli yanaşacaq. Onun belə bir şəkildə mühakimə yürüdəcəyini məncə, daha ağıllı olardı: «Baxmayaraq ki, bu yazıçının kitabları şəxsən mənim xoşuma gəlmir, bununla belə, onu mükafata layiq görməklə İsveç Akademiyası Amerikaya böyük şərəf verdi, bununla da amerikalıları artıq qeyri-ciddi və geridə qalmış tayfa hesab etmədiyini nümayiş etdirdi. Özü də o dərəcədə geridə qalmış ki, hələ də tənqiddən qorxur… Əksinə, Akademiya göstərdi ki, onu ölkə nə dərəcədə zəhərlənmiş olsa da, istənilən bir təhlilə sakit və ciddi yanaşmağı bacaran yetkinləşmiş bir millət sayır».
Dünyəvi şöhrətə malik olan bir alim başa düşə bilərdi ki, Strindberq, İbsen və Pontoppidanın əsərlərinə adət etmiş Skandinaviya çətin ki, anarxist mühakimələri ilə Amerikanın güc və qüdrətinə baxmayaraq hələ də insanlığın ən zəruri tələblərinə cavab verə biləcək yetərincə yüksək sivilizasiya yaratmadığını söyləyən bir yazıçının əsərlərinə təəccüblənəydi.
İnanmıram ki, Strindberq «Ulduzlu bayraqlar»ı tez-tez oxuyaydı və ya rotarian klublarında tez-tez nitq söyləyərdi… Amma İsveçrə, bununla barışmışdı.
Mən öz alim balıqtutanımıza bu qədər diqqəti ona görə ayırmadım ki, bu mühakimələr öz-özlüyündə vacibdir. Sadəcə, qeyd etdiyim fikirlər yetərincə səciyyəvidirlər. Amerikalıların əksəriyyəti – həm də təkcə oxucular yox, yazıçılar da - hələ də Amerikanın şənini göylərə qaldırmayan ədəbiyyatdan qorxurlar… Bizdə bestsellərin sadə müəllifi yox, əsl sevimli yazıçı olmaq üçün mütləq təsdiqləmək lazımdır ki, bütün amerikalılar hündürboylu, yaraşıqlı, varlı, dürüst adamdırlar, çox gözəl qolf oynayırlar; Demək lazımdır ki, bizim şəhərlərin sakinləri yalnız bir-birlərinə xeyirxahlıq etməklə məşğuldurlar. Demək lazımdır ki, amerikalı qızlar dəlisov olmalarına baxmayaraq, çox gözəl arvad və ana olurlar; coğrafi Amerika milyonçuların məskən saldığı Nyu-Yorkdan, 1870-ci illərin coşqun ruhunu qoruyub saxlayan Qərbdən, ayın işıq saldığı və maqnoliyaların ətri ilə ətirlənmiş plantasiyaların mövcud olduğu Cənubdan ibarətdir.
Bizim İsveçrədə yaxşı tanınan yazıçılarımız Drayzer və Uilla Keser belədirlər – iyirmi il əvvəl olduğu kimi az populyar və az nüfuzlu... Çox hörmətli balıqçı-akademikin yuxarıda sitat gətirdiyim etiraflarından məlum olur ki, bizdə əvvəlki kimi yalnız ədəbi jurnallarda fəaliyyət göstərən və Amerikanın sadə və sentimental qaldığını əminliklə söyləyən yazıçılar populyardılar. O yazıçılar deyirlər ki, on minlərlə adamın işlədiyi zavodda sahibkarla fəhlələr arasındakı münasibət yenə də mehriban qonşu kimi və səmimidir. Eynilə 1840-cı ildə cəmi beş nəfərin işlədiyi fabrikdə olduğu kimi. Deyirlər ki, otuz mərtəbəli həyətdəki apartamentlərdə yaşayan, qapısında üç avtomobil dayanan, rəfində cəmi beş kitab olan, növbəti həftə isə boşanması labüd görünən ailələrdəki ata və övladlar, ər və arvad arasında münasibət 1880-ci ildə qızılgüllərlə əhatələnmiş beşotaqlı koteclərdə yaşayan ailələrdə olduğu kimidir. Uzun sözün qısası, bu yazıçılar iddia edirlər ki, Amerika kənd təsərrüfatı koloniyasından dünya liderinə çevrilib. Özü də bu zaman Sem əminin patriarxal və puritan sadəliyini bütünlüklə qoruyub saxlaya bilib.
Yox, mən balıqçı akademikə həddindən artıq minnətdaram ki, o məni bəzi sözləri söyləməyə vadar edə bildi. Amerika İncəsənət və Ədəbiyyat Akademiyasında vacib adam hesab olunan bu alim məhz bu xüsusiyyəti ilə mənim əl-qolumu açdı və akademiya haqqında eyni açıqlıqla danışmaq hüququ verdi. Axı o mənim haqqımda məhz belə danışırdı.
Müasir Amerikanın intellektual həyatının istənilən dürüst təhlili mütləq bu qəribə təsisata diqqət ayırmalıdır.
Bununla belə, Akademiya haqqında danışmamışdan əvvəl icazə verin sizin diqqətinizə bir fantaziyanı təqdim edim. Atlantik okeanın coşqun sularında səyahət zamanı məcburi işsiz qaldığım üçün bu fikir mənim ağlıma gəlib. Siz, əlbəttə, artıq bilirsiniz ki, Nobel mükafatına layiq görülməyim Amerikada yaxşı qarşılanmadı. Buna bənzər situasiya çox güman ki sizə tanışdır. Məsələn, bu mükafat Tomas Manna (onun «Sehrli dağ»ı mənə Avropanın mənəvi həyatının kvintessensiyası kimi görünürdü), cəmiyyətin həyatında mühüm rol oynayan və buna görə Britaniya İmperiyasının yaradıcısı adlandırılan Kiplinqə, hətta Bernard Şouya təqdim edəndə belə bu yazıçıların həmvətənləri arasında bu seçi milə razılaşmayanlar tapıldı.
Sizin seçiminizin mənim yerimə başqa bir Amerika yazıçısı üzərinə düşsəydi insanların nə danışacaqlarını təxmin etməyə çalışdım. Deyək ki, mükafatı alan Teodor Drayzer olsaydı… Öz tənha yolu ilə addımlayan və demək olar ki, başa düşülməyən və bundan da daha tez-tez nifrət qazanan Drayzer… Halbuki o, həm mənim, həm də bir çox digər Amerika yazıçıları üçün çox iş görüb. Amerika ədəbiyyatını viktorian cəsarətsizliyindən, lovğalığından xilas edib. Onu həyatın düzgün, cəsarətli və ehtiraslı təsvir istiqamətinə istiqamətləndirib.
Şübhə edirəm ki, ilk cığır salan Drayzer olmadan bizlərdən kimsə həyatı, onun bütün gözəlliyini və dəhşətini olduğu kimi təsvir etməyə cəsarət edəydi. Təbii ki, dəmir barmaqlıqlar arxasına düşməyi arzulayanları çıxmaq şərtilə…
Mənim dahi həmkarım Şervud Anderson Drayzeri bizim öndəgedən yazıçımız adlandırıb. Mən böyük sevinc hissi ilə ona qoşuluram. Drayzerin ilk gözəl romanı olan «Kerri bacı» azad qərb küləyi kimi üfunətli Amerika cəmiyyətinə zorla soxuldu və Mark Tvenin, Uitmenin zamanından sonra ilk dəfə olaraq bizim dünyamıza təmiz hava axını gətirdi. Bu əsəri o, hələ otuz il əvvəl çap etməyə cəsarət etmişdi. Mən isə onu iyirmi beş il əvvəl oxumuşam.
Bununla belə, əgər siz cənab Drayzeri mükafata layiq görsəydiniz, Amerikada inilti dolu etirazlar səslənərdi. Sizə onun üslubunun ağır olduğunu, onun sözü hiss etmək qabiliyyətinə malik olmadığını və romanlarının həddindən artıq uzunluğunu söyləyəcəkdilər. Mən əlbəttə, bu sirli-sehrli üslub kateqoriyasının nə olduğunu başa düşmürəm, amma ikinci dərəcəli tənqidçilərin məqalələrində onun haqqında o qədər tez-tez söhbət açılır ki, mövcud olduğunu düşünürsən. Deməli belə, mükafata Drayzer layiq görülsəydi, çox hörmətli alim ərlər hiddətlənərək deyəcəkdilər ki, onun təsvir etdiyi qadınlar və kişilər əsasən bədbəxt, ümidsizlik içində olan günahkarlardı. Halbuki onlar əsl amerikalılar kimi həyat eşqi ilə dolu, şən və səxavətli olmalıydılar.
Əgər mükafatı cənab Ceyms Brenç Kebellə versəydilər, sizə deyərdilər ki, o son dərəcədə qərəzlidir. Həmçinin deyərdilər ki, miss Uilla Keser Nebraska kəndlilərinin həyatı haqqında danışan əsərlərinin patriarxal məziyyətlərinə baxmayaraq,«Həlak olmuş qadın» romanında Amerika ləyaqətinə o dərəcədə xəyanət edib ki, əxlaqsız qadını təsvir edib. Və bu qadın hətta ləyaqətli insanlara belə cəlbedici təsir bağışlayır. Ona görə də bu əsər hər cür mənəviyyatdan məhrumdur. Sizə deyəcəklər ki, cənab Henri Menken həddindən artıq acıdildir, cənab Şervurd Anderson cinsi həyatı balıq tutmaq kimi vacib faktor hesab etməklə çox yanılır; deyəcəklər ki, cənab Epton Sinkler əsl sosialist kimi Amerika kapitalist sisteminin mükəmməlliyinin inkar edir; deyəcəklər ki, cənab Cozef Hergeysgeymer əsl amerikalı deyil, ona görə ki, yaxşı ədaların və zahiri parıltının gündəlik həyatın ağırlığına davam gətirmək üçün bizə yardım edir deyə düşünür; deyəcəklər ki, cənab Ernest Hemenquey nəinki cavandır, həm də elə ifadələrdən istifadə edir ki, onu əsl centlmen bilməməlidir. Deyəcəklər ki, o sərxoşluğun xoşbəxtliyə aparan yol olduğunu düşünür və deyir ki, əsgər üçün məhəbbət döyüş meydanındakı vuruşmadan daha vacibdir.
Bəli, mənim həmkarlarım çox yaxşı insanlardılar. Onlardan hansınısa mükafata layiq görsəydiniz yenə də pis addım atmış olacaqdınız. Mən isə Amerikalı patriot kimi – amma xahiş edirəm nəzərə alasınız ki, 1840-cı ilin yox, 1930-cu ilin patriotluq nümunəsi kimi – xoşbəxtəm ki, onlar mənim həmvətənlərimdir və onların adlarını hətta Avropada qürur hissi ilə çəkə bilirəm. Tomas Mann, Herbert Uells, Qolsuorsi, Knut Hamsun, Arnold Bennet, Feyxtvanger, Selma Laqerlyöf, Siqrid Unset, Verner fon Haydenstam, de Annunsio və Romen Rollan.
Deyəsən, taleyim belədir… Bu məqalədə tez-tez optimizmdən pessimizmə və əksinə keçid etməli olacağam… Amma dünyanın ən ziddiyyətli, ən dözülməz və ən həyəcanverici ölkəsi olan Amerika haqqında yazan və danışan hər kəsin qismətinə eyni şey düşür.
Beləliklə, müasir Amerika ədəbiyyatının ən gözəl nümayəndələri hesab etdiyim insanların adlarını danılmaz bir qürur hissi ilə sadalayaraq və bir sıra digər imzaların üstündən keçərək (əgər zamanım olsaydı, onlarla da öyünə bilərdim) mən yenə də öz əvvəlki qənaətimə qayıtmalıyam: müasir Amerika ədəbiyyatında, həmçinin memarlıq və kino istisna olunmaqla incəsənətin digər növlərində biz - bəli, bəli, kommersiya və elm sahələrində bu dərəcədə davamlı bünövrə yaradanlar - heç bir dayağa, sağlam əlaqələrə, təqlid etməli ola biləcəyimiz qəhrəmanlara, lənət yağdırmağı bacara biləcəyimiz cinayətkarlara sahib deyilik. Bu sahədə gedə biləcəyimiz yol və qaçmalı olduğumuz cığır yoxdur.
Amerika yazıçısı, şairi, dramaturqu, heykəltəraşı, ya da rəssamı tənhalıqda işləməyə məhkum edilib. Yəni heç bir meyarlara malik deyil, yalnız öz şəxsi düzgünlüyün əsaslanır. Əlbəttə, əsl yaradıcının taleyi həmişə belə olub. Fransua Viyonun səfil və cinayətkarının da isti və rahat yuvası yox idi ki, gözəl xanımlar orada onun uzun müddət ac qalmış ruhunu və bundan da daha artıq acmış qarnını doyuzdura bilsinlər. Xatirəsi bütün hersoqların və qüdrətli kardinalların xatirəsindən daha çox tarixə düşmüş bu dahi insanı tale adi xəndək və bir parça bayat çörəklə mükafatlandırdı. Halbuki dahiliyinə baxmayaraq, o ümumi düşüncəyə görə, hersoqların paltarlarına belə toxunmağa cürət etməməliydi…
Əlbəttə, Amerika yazıçısı bu cür kasıblıqla tanış deyil. Bizə yaxşı pul ödəyirlər, hətta həddindən artıq yaxşı…. Yazıçılar arasında o adamlar bəxti gətirməyənlər hesab edilirlər ki, onların qapısında qulluqçusu, avtomobili və Plam-Biçdə villası yoxdur. Olanlar isə orada bank maqnatları ilə öz tay-tuşları kimi münasibət qura bilirlər. Amma Amerika yazıçısı kasıblıqdan da ağır bir yük daşıyır: o, öz əsərlərinin lazımsız olduğunu dərk edir. Dərk edir ki, oxucular onun timsalında yalnız təskinlik verən insan və təlxək görmək istəyirlər. Dərk edir ki, böyük əksəriyyət onu daim donquldanan ziyansız adam hesab edir… Və bu adam bütün ehtimallara görə heç kimə ziyan yetirmək istəmir… Dərk edir ki, istənilən halda səksən mərtəbəli evlərin tikildiyi, milyonlarla avtomobillərin istehsal edildiyi və milyardlarla buşel buğdanın əkildiyi ölkədə o heç bir əhəmiyyətə malik deyil. Elə bir təsisat və ya insan qrupu yoxdur ki, yazıçı yardım üçün müraciət edə bilsin… Elə bir təşkilat ki, onun tənqidi ilə hesablaşsın, tərifini isə dəyərləndirsin.
Bizdə hansı idarələr var?
Amerika İncəsənət və Ədəbiyyat Akademiyasında çox gözəl sənətkarlarla, rəssamlarla memarlarla və dövlət xadimləri ilə bir sırada həqiqətən də məşhur olan universitet prezidenti Nikolas Mürrey Batler var… Həmçinin çox gözəl cəsarətli alim Uilber Kross da ordadır… Və bir neçə birinci dərəcəli yazıçı və şairlər Edvin Arlinqton Robinson və Robert Frost, müstəqil publisist Ceyms Treslou Adame və roman ustaları Edit Uorton, Hemlin Qarlend, Ouen Uister, Brand Uitlok və But Tarkinqton.
Amma Akademiya üzvləri arasında Teodor Drayzer yoxdur, bizim ən parlaq tənqidçilərimizdən olan Henri Menken yoxdur, Corc Cin Natan yoxdur… Halbuki öz cavanlığına baxmayaraq o, bizim teatr tənqidçilərimizin başında durur…Ən yaxşı drmataturqumuz Yucin O»Nil yoxdur, əsl şairlər olan Edna Sent-Vinsent Milley, Karl Sendberq, Robinson Ceffers, Veçel Lindsey, «Spun Piver Antalogiyası»nın müəllifi Edqar Li Mastere yoxdur. Akademiklər arasında siz Uill Keser, Cozef Hergeysgeymer, Şervud Anderson, Rinq Lardner, Ernest Hemenquey, Luis Bromfild, Uilber Deniel Stil, Fanni Herst, Meri Ostin, Ceyms Brenç Kebell, Edna Ferber kimi yazıçıları tapa bilməyəcəksiniz. Və əlbəttə ki, orada Elton Sinkler də yoxdur. Halbuki onun döyüşkən sosialist baxışlarına necə münasibət bəsləyirsinizsə, bəsləyin, o, Amerika yazıçıları, şairlər, rəssamlar, heykəltəraşlar, musiqiçilər, memarları arasında dünyaya daha yaxşı tanınan biridir.
Əlbəttə, akademiyanın bütün bu yazıçıları öz sıralarında alması kimi xoşbəxtliyə nail olacağını gözləmək düzgün deyil. Amma onlardan birini belə öz cərgələrinə cəlb etməyi bacarmayan və Amerika ədəbiyyatında canlı, inkişaf edən, orijinal olan bütün şeylərdən kənar qalan təəsisat bizim həyatımızla və ümidlərimizlə ortaq heç bir şeyə sahib də ola bilməz. Akademiya müasir Amerika ədəbiyyatını təmsil etmir. O, yalnız Henri Uodsuort Lonqfellonu təmsil edir.
Buna etiraz olaraq söyləyə bilərlər ki, akademiyada cəmi əlli yer var və o bu şərəfə layiq olan bir adamı özünə üzv edə bilməz. Amma iş orasındadır ki, akademiyada bizim azsaylı görkəmli yazıçılarımıza yer tapılmasa da, orada üç həddindən artıq zəif şair, iki zəif dramaturq və yalnız universitet prezidenti olması ilə tanınan iki centlmen var. Otuz il əvvəl yetərincə fərasətli karikaturaçı kimi tanınan biri və haqlarında biliksizliyimi böyük kədərlə etiraf etdiyim digərləri haqqında isə ümumiyyətlə heç bir şey deyə bilmərəm.
İcazə verin bu faktı bir daha qeyd edim ki - və bu həqiqətən də faktdır – mən ümumiyyətlə, akademiyanın üzərinə hücuma keçmək istəyində deyiləm. Bu qonaqpərvər, səxavətli və sözsüz ki, həm də sanballı bir təsisatdır. Bizim gözəl yazıçılarımızın onun sırasında olmaması yalnız onun günahı deyil. Bəzən bunda yazıçıların özləri də günahkardılar. Təsəvvür edə bilmirəm ki, yöndəmsiz Teodor Drayzer özünü gözəl akademik naharlarda evdəki kimi hiss edə bilsin… Əgər bu naharlarda Menken iştirak etmiş olsaydı, o hamını öz zəhərli zarafatları ilə cin atına mindirərdi. Xeyr, mən akademiya ilə müharibə aparmıram, mən sadəcə ürək ağrısı ilə oradakı vəziyyət haqqında danışıram. Ona görə ki, o, Amerikanın intellektual həyatının bütün real və mühüm tələblərdən qopduğunu əks etdirən parlaq bir nümunədir.
Eyni qopma təəssüf ki, bizim digər universitetlərimizdə, kollec və məktəblərimizdə də müşahidə olunur. Mən onlardan yalnız dördünün adını çəkə bilərəm ki, onlar həqiqətən də müasir Amerika ədəbiyyatına qarşı həqiqi bir maraq nümayiş etdirə bilmişdilər. Xüsusilə də Floridadakı Rolinz-kollecin, Vermont ştatındakı Midlberi kollecin, Miçiqan və Çikaqo universitetlərinin (sonuncuda Robert Herrik kimi məşhur yazıçı və cəsarətli tənqidçi Robert Mors Lovett dərs demişdi). Yalnız dördünü. Halbuki Amerikada universitet, kollec, konservatoriya, ilahiyyat, sənət məktəbləri, incəsənət məktəblərinin sayı küçədə avtomobillərin sayı qədərdir. Hər dəfə qotik üslublu pəncərələri olan və davamlı beton özüllərin üzərində qurulmuş ictimai bina gördüyünüz zaman əmin olun ki, qarşısında duran növbəti bir universitetdir. Onların hər birində iki yüzdən iyirmi minə qədər tələbə təhsil alır.
Oooo, ictimai nöqteyi-nəzərdən bizim universitetlərimiz geniş kütlə ilə sıx əlaqə saxlayırlar. Məsələn əgər iş idmanla bağlıdırsa. Hansısa bir kollecin futbol matçında səksən minə yaxın pərəstişkar iştirak edir. Hər biri biletə görə beş dollar ödəyib matça baxmaq üçün on mildən min milə qədər yol qət edirlər. Futbol sezonu vaxtı bacarıqlı oyunçu bizim ən dahi və sevimli qəhrəmanlarımız kimi hörmət və ehtirama layiq görülür: Məsələn, Henri Ford, prezident Quver və polkovnik Linberq kimi.
Amma incəsənət sahəsində bizim universitetlər həyatdan və yaradıcılıqdan eyni şəkildə uzaqdırlar… Amerika universitetinin qatı professoru üçün ədəbiyyat onun müasiri olan adi ölümlü insanın əzabları içərisində yaranan bir şey deyil. Qətiyyən. Bu nə isə ölü bir şeydir, hansısa müəmmalı bir şəkildə fövqəlbəşər tərəfindən yaradılıb… O yazıçılar əsl sənətkar hesab edilə bilərlər ki, onlar ən azı bu iblisanə kəşfdən yüz il əvvəl dünyasını dəyişiblər… Söhbət yazı makinasından gedir. Əsl universitet professorunu bu fikrin özü belə qorxudur ki, ədəbiyyatı adi insanlar yarada bilər… O adamlar ki, küçə ilə gedir, heç nə ilə fərqlənməyən adi şalvar və pencək geyinir və öz xarici görünüşləri ilə sürücüdən, ya da fermerdən fərqlənmirlər. Bizim Amerika professorlarının aydın, soyuq, qüsursuz və tamamilə ölü ədəbiyyat xoşuna gəlir.
Düşünmürəm ki, bu xüsusiyyət yalnız Amerika universitetlərinə xasdır. Mən bilirəm ki, Oksfordun və Kembricin professorları hələ də ədəbsizcəsinə yaşamağa davam edən Uelsi, Benneti, Qolsuorosi və Corc Muru ölü olan Semuel Consonla müqayisə etməyi ədəbsizlik sayardılar. Düşünürəm ki, İsveçrənin, Fransanın və Almaniyanın universitetlərində bir çox alimlər tapılar ki, meyit yarılmasını başa düşməkdən daha üstün tutsunlar. Amma Amerika kimi bu cür gənc, həyat enerjili, həmişə axtarışda olan bir ölkənin müəllimləri köhnə Avropanın kölgəsi altında mövcud olan ədəbiyyata öz qardaşlarından daha az şübhə və daha insani yanaşsalar yaxşı olardı.
Bu yaxınlarda Amerikada universitetlərdən qeyri-adi bir şey baş verdi – «yeni humanizm». Humanizm sözü o qədər mənalarla işlədilib ki, artıq öz ilkin mənasını itirib. Onun işlədərkən istədiyn hər şeyi nəzərdə tutmuq olar: qədim yunan və latın dilinin müasir kəndlilərin danışdığı dialektdən daha yüksək olduğu iddiasından tutmuş, hazırda yaşayan istənilən bir kəndlinin qədim ölü yunandan daha maraqlı olduğu iddiasına qədər…. Amma xarakterik olan budur ki, bu naməlum kult bu naməlum sözü öz devizi seçib.
Mənim başa düşdüyümə görə, həyəcanverici və çox şey vəd edən müasir dünyada heç bir yazıçının zamanı olmayacaq ki, yeni humanistlərin şüurlu şəkildə vəcdə gəldiyi ideyalardan baş açsın. Sektalar içərisində yeni olan bu sekta insan təbiətinin dualizmini təsdiqləyir. Onlara qulaq assaq, o zaman ədəbiyyat gərək insan ruhunun allahla və ya şeytanla mübarizəsini təsvir etməklə məhdudlaşsın.
Amma maraqlı olan budur: nə allah, nə də şeytan müasir geyim geyinə bilməz… Onlara yunanların geyimi lazımdır. Yeni humanistlər üçün Edip faciəli fiqurdur, alver dünyasında maşın hücumlarının qarşısında qalan, özündə allahın obrazını və oxşarlığını qoruyub saxlayan insan isə faciəli deyil. Onlar iddia edirlər ki, həyatın mənası özünü məhdudlaşdırmadadır. Əzab çəkən insanlığa onlar başqa heç bir təskinlik təklif edə bilmirlər. Son nəticədə yeni humanistlərin o qədər də yeni olmayan doktrinaları onunla nəticələnir ki, həyatda və sənətdə vacib olan inkardır. Bu doktrina bizim narahat, tərəqqiyə can atan dünyamıza soxulan ən pis reaksiyadır…
Nə qədər qəribə olsa da, bu ölüm doktrinası bizim professorlar arasında geniş populyarlıq qazanıb. Halbuki o professorlardan cəsarət və mənəvi qoçaqlıq gözləmək olardı. Nəticədə də yazıçılar istənilən bir səmərəli təsirdən tamamilə məhrum edilirlər. Halbuki onlara bu təsiri universitetlər göstərə bilərdi.
Amma hər zaman belə olub. Amerikada heç vaxt Brandes, Ten, Höte, Kroçe olmayıb.
Bu qədər istedadlar çoxluğunda bizim tənqid böyük əksər hallarda soyuqdur və azlıq təşkil edir. Onunla adətən paxıl qarımış qızlar, əvvəllər idman repartyoru olmuş adamlar, rəngi saralmış professorlar məşğul olur.
Bizim Erazmlarımız – keçmiş kənd müəllimələridir. Bizdə bədii normalar haradan olacaq ki, əgər onları yarada biləcək adamlar yoxdursa?
Böyük Kembric Birliyinin ədəbiyyatı on doqquzuncu əsrin ortalarının Konkordu idi… Emerson, Lonqfello, Louell, Xolms, Olkottalar bura daxil idi və o, Avropa ədəbiyyatının sentimental inikası hesab oluna bilərdi. Bu yazıçılar məktəb yaratmadılar, heç bir diqqəti çəkən təsir göstərmədilər.
Uitmen, Toro, Po və müəyyən mənada da Qotorn cəmiyyətdən qovulmuş insanlar idilər və tənhaydılar. Onlara nifrət edirdilər və onlarla eyni nəsildən olanları «yeni humanist» adlandırırdılar. Yalnız Uilyam Din Xouellsin ədəbiyyata gəlişi ilə bizdə ilk dəfə olaraq ideala bənzər bir şey peyda oldu. Amma bu ideal necə də iyrənc bir idi.
Cənab Houells mehriban, xoş və dürüst adamlardan biri idi, amma o qarımış qız məsləyinə etiqad edirdi… Onun üçün y keşişin evinə çaya dəvət edilmək yeganə sevinc idi. O yalnız kafirliyə və ədəbsizlyə qarşı ikrah hiss etmirdi… Həm də Herbert Uelssin «həyatın valehedici kobudluğu» adlandırdığı şeylərə qarşı ikrah duyurdu. Onda həyatla bağlı fantastik bir təsəvvür var idi… O sadəlövhcəsinə hesab edirdi ki, fermerlər, dənizçilər, fabrik işçiləri, ola bilsin ki, mövcuddurlar, amma fermerlər heç vaxt peyinlə iş görməməli, dənizçilər ədəbsiz mahnılar oxumamalı, işçi həmişə xeyirxah sahibkara minnətdar olmalıdır… Və onların hamısı Florensiyaya səfərlə bağlı xəyal qurmalı və dilənçilərin qəribə geyimlərinə baxaraq gülümsəməli idilər. Houells «yeni humanizm» adlı bu ədəbli fəlsəfəyə o qədər inanırdı ki, öz müasirlərinə 1914-cü ilə – müharibənin tufanı başlayana qədər əhəmiyyətli təsir edə bilmişdi.
O bəlkə də bizim yazıçıların ən dahisi olan Mark Tveni belə ram edə bilmişdi. Bu qoca adamayovuşmazı intellektual fraka və silindirə bürüyə bilmişdi. Onun təsiri bəzən bu gün belə hiss olunur. Onun qarşısında hələ də yaltaq Hemlin Qarlend mədhiyyəlik edir. Houellsi bütün münasibətlərdə ötüb keçə biləcək bir yazıçı…. O yazıçı ki, təsirə düşərək gözəl realist yazıçıdan rəhmli, amma rəngsiz bir öyüd-nəsihət verənə çevrildi. Cənab Qarlend müasir Amerika ədəbiyyatının patriarxıdır, əgər belə birisi ümumiyyətlə mövcuddursa. Patriarx kimi gənc yazıçılar onu həddindən artıq narahat edirlər. Çünki onlar çox pis zövqə malikdirlər. Bununla belə həmin o Hemlin Qarlend Bostona köçməmişdən mədəniləşmiş və houelləşmişdən əvvəl iki cəsarətli, həmçinin ifşa edən realist əsər yazmışdı.
Mən Minnesota adlı balaca şəhərdə yaşayarkən bu əsərləri oxumuşdum. Onun povestləri məni həyacanlandırırdı. Balzakı və Dikkensi oxuyaraq mən başa düşdüm ki, Fransa və İngiltərənin sadə insanlarını təsvir etmək olar - onları necə görürsənsə elə... Amma heç vaxt ağlıma gəlməzdi ki, ədəb qaydaları çərçivəsində qalaraq Minessota ştatının Sok-Senterin sakinləri haqqında belə bir şey yazmaq mümkündür. Amma qorxuram ki, cənab Qarlend əgər bilsəydi ki, Amerikanı necə görürəmsə o cür təsvir etməyimə o kömək edib, bundan özünü təhqir edilmiş sayardı.
Beləliklə, biz heç bir bədii normaya malik olmasaq da, hər halda sağ qaldıq.
Güclü gənc insanlar üçün məncə, bizdə heç bir normanın olmaması daha yaxşıdır. Çünki mənim doğma və sevimli ölkəm haqqında pessismist notda fikir söylədikdən sonra mən bu cənazə duasını optimist notla yekunlaşdırmaq istəyirəm.
Mənim ürəyim Amerika ədəbiyyatının gələcəyi ilə bağlı ümid və inamla doludur. Əminəm ki, biz xoş niyyətli, sağlamdüşüncəli və qeyri-adi dərəcədə boz rəngli provinsializmin boğucu havasından çıxacağıq. Bizdə elə ehtiraslı və həqiqi mənada bədii kitablar yazan gənc yazıçılar var ki, yaşıma görə onların arasında olmadığıma təəssüf edirəm.
Bizdə Ernest Hemenquey var, coşğun və cavan yazıçı… Qəddar həyat məktəbini keçmiş, özünə qarşı tələbkarlıq təlimi almış əsl yazıçı… Onun üçün həyat doğma mühitdir. Tomas Vulf var. Yaşı az olsa da, yeganə romanı olan «Geri bax, mələk» bizim ədəbiyyatın ən yaxşı nümunələrindən biridir. Tronton Uaylder var… O bizim realist əsrimizdə köhnə, gözəl və hər zaman romantik yuxular görür; Con Doss Passos var… Bebbitlərin xoş niyyətli və ayıq ideallarına nifrət edən gözəl inqilabi coşqunluğu ilə seçilir. Stiven Benet var. O bizim yeknəsək Amerika ədəbiyyatına epik poema janrını qaytarıb. Mayk Qold var: İst-saydın yəhudi kvartallarının indiyə kimi görünməmiş həyatını təsvir edib. Uilyam Folkner var: Cənubu olduğu kimi təsvir etməyi bacaran bir yazıçı. Bundan başqa onlarla şair və yazıçılar var ki, onların böyük əksəriyyəti Parisdə yaşayır və Ceyms Coysun ənənəsinə aludə olublar; amma onlar nə dərəcədə ağılsızlıq etsələr də, ədəbli, ənənəvi və boz olan şeylər artıq onlar üçün qəbuledilməzdir. Mən onları salamlayıram. Sevinirəm ki, onların Amerikaya – uca dağlar və sonsuz çöllər, möhtəşəm şəhərlər və gələcəyə böyük inamlar diyarına, Rusiya kimi orijinal və Çin kimi təzadlı bir ölkəyə və onun böyüklüyünə layiq olan bir ədəbiyyatı vermək qərarları mənə yaxındır.
Tərcümə: Nərgiz Cabbarlı