Məhbusun özünü asdığı şərfin müdhiş sirri

Məhbusun özünü asdığı şərfin müdhiş sirri
19 oktyabr 2013
# 07:45

Kulis.az İsveçrə yazıçısı Frans Hohlerin “Şərf” hekayəsini Azad Yaşarın tərcüməsində təqdim edir.

Bu hadisəni çox az adam bilir, çünki onun gizli tutulması üçün bütün gərəkli tədbirlər alınmışdı. Buna baxmayaraq, mən onun üstünü açdım. Bir sirdən agah heç kəs onu tam məhrəmliklə qoruya, saxlaya bilməz, onda da qala Sürix şəhərində, çünki bu şəhər sirlərlə doludur. Sürix, əhalisinin sayına görə olmasa da, nüfuzuna görə böyük şəhərdir. Burada qızıl və ləl-cəvahirat alveri gedir, tropik meşələrin kəsilməsi, varlığını Allahın da unutduğu uzaq ölkələrdəki dərələrin torpaqla doldurulması, çalxalanan dənizlərdə neft buruqlarının qurulması, susuz səhralara su çəkilməsi və münbit vadilərin susuz səhraya çevrilməsi, kreditlərin ayrılması və onların geri ödənməsi, keçirilən hərraclarda torpaqların daha karlı müştərilərə satılması, bir tək işarətlə bir yerdə fabriklər bağlanması və onların başqa bir yerdə açılması, taxıl, qəhvə və duz ehtiyatlarının bir arada toplanması, tank və topların həm dostlara, həm də onların düşmənlərinə əl altından satılması gerçəkləşdirilir. Burada sadəcə siyasətlə məşğul olmurlar, dünya ticarətinin təşkili yoluyla böyük ölkələrin cilovlanmasına nail olurlar. Bunun nəticəsində Sürixdə ruslarla zəncilər, yəhudilərlə ərəblər, mafiya ilə Vatikan elçiləri bir araya gələ bilirlər. Düzdür, bunun necə gerçəkləşdiyini aşkar görmək imkansızdır, çünki sıra-sıra düzülmüş şəhər avtobusları və ticarət maşınlarının arasında ilk baxışda onlardan heç nə ilə seçilməyən və içəridən xüsusi zirehlə örtülmüş yük maşınlarında tonlarla qızılın və ya İsveçrə banklarında qandan və hər cür çirkdən təmizlənmiş milyonlarla dolların Paradeplas aeroportuna daşındığı heç kəsin ağlına gəlməz.

Banhofştrassda peyda olan qara diplomatlı cənablar burada bir göz qırpımında səs-küylü alıcılar axınında əriyib, yox olurlar, burada oyuncaq dükanlarından tutmuş iri banklara qədər hər şey bir əl məsafəsindədir, bu şəhərin həqiqi sahibləri universal mağazaların, ayaqqabı və şirniyyat dükanlarının şirması arxasında adi insanlardan ustalıqla gizlənirlər.

Amma pulu olanlar onları fırladaraq bir az da varlanmağa çalışırlar: keçmişdə kirayə verilən mənzillərin yerində şüşə və betondan uca ofis binaları tikilir, geniş avtomobil yolları getdikcə şəhərin lap qoynundan salınır, məktəb siniflərində isə boş partaların sayı artır, çünki köhnə rayonlarda yenidən qurulan mənzillərdə orada yerini tutacaq şagirdlərin valideynlərinin cibinə uyğun deyil və onlar çalışdıqları iş yerlərində yatıb-dura bilməzlər. Belə bahalı apartamentlər Rio-de-Janeyrodan və ya Torontodan gələn cənablar üçün nəzərdə tutulub, axı, onlar İsveçrəyə iki həftəliyinə, deyək ki, meşələrin qırılmasını və ya turbin istehsalını öz monopoliyaları altına almaq üçün gələndə haradasa qalmalıdırlar, axı.

Gölün lap kənarında salınan bu şəhər əsl oktapodu (başıayaqlılar sinfinə aid səkkizayaqlı dəniz heyvanı – A.Y.) xatırladır, onun pəncələri dünyanın hər guşəsinə çatır. Daim alıb-verməyə köklənən bu şəhər qazandığı pullarla bərabər, yerdə qalan dünyanın təlaşını, haqsızlığını, narazılığını və qarma-qarışıqlığını da özünə cəzb edir, belədə o da təşviş dalğalarına qapılır, bürünür. Qəflətən Banhofştrasse küçəsinə uçuşan şüşə qırıqları səpələnir və bu göz-könül oxşayan, həyat eşqi aşıb-daşan, çəmənlərində zanbaqlar çiçəkləyən şəhərdə bir kimsə bunların baş vermə səbəbini izah eləyə bilmir. Zamanla bu sarsıntılar keçib gedir, dünyanı lərzəyə salan məsələlər qəzetlərdə qısa xəbərlər şəklində ortaya çıxır və məlum olur ki, «Hilton» otelində bir livanlı qətlə yetirilib, Klotendə italiyalı bankir yaxalanıb, əyalət türməsində saxlanılan müttəhim isə özünü asıb.

Həmin müttəhim ahıl bir alman idi və yayda keçirilən yol hərəkətinə nəzarət reydləri zamanı yaxalanmışdı. Sürdüyü maşın gümüş külçələrlə tıxa-basa doluymuş və o, bunları haradan əldə etdiyini boynuna almırmış. Bunun böyük həcmli və qanunsuz gümüş ticarəti əməliyyatı ilə bağlı ola biləcəyi ağıllara gəldi: onun üstü açılanda sürixli bir maliyyə müşaviri odlu silahla canına qıymışdı. Bu istintaq da, öz bənzərləri kimi yamanca uzanırdı, uzanırdı. İlkin təcridxanada saxlanma müddəti də, rəsmi açıqlamada deyildiyi kimi, cinayətdə əlbirliyini önləmək məqsədiylə uzadıldı. Payız qapını kəsdirsə də, istintaqda heç bir irəliləyiş sezilmirdi, üstəlik, ittiham olunan şəxs hər hansı ifadə verməkdən boyun qaçırırdı.

Milad bayramına bir həftə qalmış alman müttəhim özünü kamerada asdı. İlkin istintaq təcridxanasında özünəqəsd halları hüquqşünasların heç könlüncə olmur, çünki bu ictimai rəyə olumsuz təsir göstərir. Budəfəki halda isə ictimai rəy çox da diqqətə alınmırdı. Düzdür, müəmma çözülməmişdi və müttəhimin ölümü bu işin aktuallığına xələl gətirirdi, məhz beləcə, təcili həllini gözləyən cinayət işi yoxluğa qarışır. Əgər bu olayın ardınca təzə nələrsə baş vermirdisə, cinayətin özü də, onunla bağlı qaranlıq məqamlar da yavaş-yavaş unudulurdu.

Bu almanla bağlı söhbətlər aradan bir neçə il ötəndən sonra, mənim bir prokurorla onun kabinetində söhbətim zamanı təkrar gündəmə gəldi. Gənclik çağımın dostu sayılan bu adamın yanına mən qonşuluqda baş verən bir hüquq pozuntusuyla bağlı getmişdim və məsələni köhnə dostum olan bu şəxs araşdırırdı. Bildiyim hər şeyi ona açıqlayandan sonra biz ordan-burdan söhbət elədik, öz iş-gücümüzlə bağlı qayğıları paylaşdıq. Sözarası ondan işindəki ən çətin məqamın nəylə bağlı olduğunu xəbər aldım. Doğrusu, ondan insan xislətindəki iyrənc tərəflərlə addımbaşı rastlaşmaqdan cana yığıldığı, şərlə mübarizənin mənasızlığı barədə şikayətlər gözləyirdim. Halbuki buna tamamilə zidd şeylər eşitdim. Dostum fikirləşmədən:

- Üstü açılmamış cinayətlər, - cavabını verdi. – Üstü açılmamış cinayətlər.

Ardınca əlavə elədi ki, şkafı belə qovluqlarla dolub-daşır. Sonra cibindən açarını çıxartdı ki, şkafın qapısını açsın. Şkafın alt qismindəki stellajda sənədlərlə dolu qovluqlar, üstü açılmamış cinayətlərlə bağlı ən müxtəlif əşyalar, bir külqabı, bir çamadanın rəngi getmiş dəstəyi, bir velosipedin köhnə nömrə lövhəsi, sinif fotosu, gərəksiz görünən bir çox xırda-xuruş əşya gözə dəyməkdəydi. Ancaq hərəsi bəlli bir cinayətlə bağlı olduğundan bu cansız əşyaların müəyyən aurası vardı və onlar öz məchulluqlarına çözüm gətirilməsinin intizarında idilər.

Qırıq yazı makinasının böyründəki göy-ağ-qırmızı zolaqlı şərfi göstərərək soruşdum:

- Bəs bu hansı işlə bağlıdır?

Prokuror bir anlığa tutuldu:

- İlkin istintaq təcridxanasında saxlanan birisi onunla özünü asmışdı.

Növbəti sualımı verdim:

- Bəs o cinayətdə gizli qalan nədir?

Prokurorun cavabı ləngimədi:

- Hər şey. Onun niyə sui-qəsdə əl atdığını anlamaqda hələ də acizəm.

Sonra dostum həmin o adamdan niyə şübhələndiklərindən, həbsin detallarından mənə söz açdı.

- Bəs o adam barədə nə isə öyrənə bildiniz?

- Heç nə. Qərbi almaniyalı bu adamın saxta pasportuna görə adı Roman idi. Son nəticədə onun gerçək adını heç cür öyrənə bilməsək də, mən onun vicdanının ləkəli olduğuna zərrəcə şübhə bəsləmirəm.

Diqqətlə süzdüyüm şərfə toxunmağa nədənsə ehtiyatlanırdım. Fikirli halda dilləndim:

- Əcəb işdir, özünü asmağa başqa heç nə tapmayıbmış demək.

O, dedi:

- Hə-ə, məni də heyrətləndirən elə budur.

Evə dönərkən yolda qəfildən xatırladım ki, vaxtilə mənim də eynilə belə bir şərfim var idi. Düz iyirmi il bundan əvvəl, orta məktəbi bitirdiyimiz il bütün siniflə biz Fransanın cənubunda Avinyon şəhərində olanda almışdım onu. Oradakı xırda-xuruş bazarında saxsı qabdan ta balıqçı ləvazimatlarına qədər hər şey tapmaq mümkün idi. Köşklərdən birində qadın cürbəcür şərflər satırdı. Eyni tip mallar satıldığı üçün onun köşkü digərlərindən fərqlənirdi. Şərflər hamısı bir-birinin eynisiydi, hər birinin uc qismində xırda fil rəsmi toxunmuşdu və yəqin bu, köşk sahibəsinin bir növ ticarət nişanıydı, damğasıydı. Aldığım o şərfi qısa müddət taxdım. Sonra onu ilk sevgilimə bağışladım, həm də kinodan çıxıb evlərinə qədər ötürərkən. Qız üşüdüyü üçün şərfi onun çiyninə saldım, sonra da dedim ki, əgər bəyənirsə, bu şərf ona hədiyyəm olsun. Qızın razılıq verməsi yamanca döşümə yatdı, zarafatla dedim ki, bundan belə mən də bir növ sənin boynunda gəzəcəyəm. Qız da gülərək etiraz elədi ki, bu, ancaq şərfi taxıb-taxmamağından asılı olacaq.

Bir müddət sonra o qızın mənə olan meyli söndü. Amerikaya yollanması, orada bir cərrah kosmetoloqa ərə getməsi mənim mənliyimə yamanca toxunduğu üçün aramızdakı məhrəmlik də qeybə qarışdı.

Yaddaş necə də qəribə nemətdir: adamın nə vaxtsa dediyi sözlər, çoxdan unudulmuş duyğular orada necə də dəqiqliklə qorunurmuş, hifz olunurmuş. İndi mən təkrar həmin qız barədə fikir-xəyala dalmışdım, orta məktəbi bitirdiyimiz dövrü xatırlamışdım. İndi oturub-durub o şərfin harada olduğu, naftalinlənərək o qızın ata-anasının evindəki paltar şkafında saxlanıldığı, ya da digər nimdaş paltarlarla birlikdə zəlzələdən zərər görmüş insanlara yardım kimi göndərildiyi barədə düşünürdüm. Nə bilmək olar, bəlkə də o şərf indi hansısa serb kəndlisini açılan sabahın ayazından qoruyurdu. Ya da ilk sevgilim hələ də o şərfi boynunda gəzdirir. Bu sonuncu təxmindən içimi ilıq bir dalğa bürüdü. Qızla bağlı bilgi topladım. Ata-anası elə həmin evdəcə yaşayırdı. Zəng edib, qızlarının Amerikadakı adresini istədim. Onları bu itirib-axtarmam anasının ürəyincə oldu və qadın mənə sirr gəldi ki, qızı amerikalıyla çox da bəxtəvər deyil. Bu xəbər mənə sən deyən təəccüblü gəlmədi, çünki istənilən kişi xeylağı əmindir ki, vaxtilə gəzib-tozduğu qızların ərləriylə, yəni başqa birisiylə xoşbəxt olması imkansızdır.

Hər şeyə rəğmən, mən Amerikadakı rəfiqəmə xəfif həsrət çalarlı uzun-uzadı bir məktub yazdım. Üzərində xırda fil təsviri toxunan şərfin necə olduğunu da ondan xəbər aldım. Fil rəsmi onda qızın çox könlünə yatmışdı. Həmin axşam teatrda prokurorla rastlaşanda ondan xahiş elədim ki, şkafdakı şərfin üzərində fil təsvirinin olub-olmadığına baxsın.

Səhər saat səkkizdə ondan zəng gəldi. Fil təsviri var imiş. Səsində yüngülvarı təlaş duyulan prokuror soruşdu:

- De görüm, o şərf barədə daha nələr bilirsən?

- O, Fransanın cənubundan gətirilib.

- Yoxsa sən milli bayrağın zolaqlarını nəzərdə tutursan? Bu məqama biz də fikir vermişdik. Amma niyə məhz Fransanın cənubundan?

- Bütün məsələ o fillə bağlıdır, - dedim.

Bundan başqa o, məndən heç nə öyrənə bilmədi, çünki bildiyim elə bu idi. Bu cür şərflər çox idi, bəlkə də yüzlərləydi və mənim tək bildiyim o idi ki, iyirmi il bundan əvvəl o cür şərflər Avinyon şəhərində satılırdı. Çox yəqin elə indinin özündə də satılır. Bunu tam dəqiqləşdirmək üçün oraya getmək daha məsləhətlidir. Tezliklə Kolorado Ştatının Denver şəhərindən uzun-uzadı və xəfif qüssə ilə dolu bir məktub aldım. Keçmiş sevgilim məktubda özünün indiki yaşamından söz edirdi (anasının qızıyla bağlı eyhamları özünü doğrultmuşdu) və ən sonda bildirirdi ki, özüylə Amerikaya apardığı həmin şərfi okeanın o tayında təhsilini başa vuraraq, İsveçrəyə dönən bir rəfiqəsinə bağışlayıb. Üstündəki xizək yağının heç cür təmizlənməyən ləkəsinə rəğmən, rəfiqəsi ona hədiyyə edilən şərfi həvəslə alıb, çünki onu bir mənada özü üçün uğur simvolu, nişanəsi sayırmış. Daha sonra amerikalı sevgilim yazırdı ki, gərək duyularsa, rəfiqəsinin ünvanını mənə verməyə hazırdır, bunda naxoş heç nə görmür. Məktubun lap ətəyində onun rəfiqəsinin familiyasını görəndə heyrətdən sarsıldım: bu, mənim hər iki oğlumu müalicə edən qadın pediatrın soyadı idi.

Bu məqamda o xizək yağı ləkəsiylə bağlı hadisə gəldi ağlıma. Qış tətilinin bir neçə gününü dostlarla dağlardakı daxmada keçirmək qərarına gəlmişdik o vaxt. İdmanın bu növünə meyl salmazdan öncə mən uzaq məsafələrə xizək yürüşüylə məşğul olurdum və hər yürüşdən sonra xizəkləri yenidən yağlayırdım. Bir dəfə onları çiynimdən asmaq istəyəndə yağ tam qurumadığından şərfdəki fil təsvirinin böyründə qəhvəyi rəngdə ləkə yarandı. Sonralar nə illah elədimsə, o ləkə getmədi ki getmədi.

Bu məqamda prokurora zəng etmək keçdi ağlımdan. Dəstəyi tutan əlim titrəyirdi. İndiyədək bütün axtarışlarımda mən içimdəki dumanlı bir ehtimala əsaslanırdım: əgər prokurorun şkafda saxladığı şərfin üzərində qəhvəyi ləkə varsa, onda belə çıxacaqdı ki, üzünü belə görmədiyim o alman özünü mənim şərfimlə asıbmış və onunla mənim aramda gözəgörünməz bir bağ var. Bu fikir ilk baxışda son dərəcə ağlasığmaz idi və onun yalan olduğunu sübuta yetirməkdən ötrü mən əlüstü prokurorun nömrəsini yığdım. Xahişimə qulaq verən prokuror soruşdu:

- O şərflə bağlı nə isə öyrənmisən?

Səbirsizlənərək xahiş elədim:

- Bax, gör, onun üstündə qəhvəyi ləkə varmı?

Prokuror şkafı açmaq üçün dəstəyi qoydu. Bir dəqiqə sonra təkrar dəstəyi qaldırıb, dedi:

- Hə, üzərində qəhvəyi rəngdə ləkələr var, ancaq sən bunu haradan öyr…

- Allah xətrinə, rahat burax məni, - deyib, dəstəyi asdım.

Həmin axşam prokuror özü evimə baş çəkdi. Çox qayğılı görünürdü:

- O şərflə bağlı bildiyin hər şeyi mənə danışmanı tələb edirəm, - dedi.

Soruşdum:

- Bəyəm sən onunla bağlı hər bildiyini mənə demişdin ki?!

Tərəddüdə qapıldı:

- Yox, deməmişdim və deyə də bilməzdim.

Kəskin tərzdə:

- Elə isə mən də deyə bilmərəm, - cavabını verdim və o, durub getdi.

Aradan bir müddət ötəndən sonra ona bu barədə hər şeyi niyə açmadığımın səbəbini özüm üçün aydınlaşdırdım. Ondan nəyi isə gizli tutmam üçün hər hansı ciddi səbəb yox idi, son nəticədə o intiharın mənimlə heç bir əlaqəsi ola bilməzdi. Göründüyü kimi, mən o intihar zəncirinin ən ilk halqalarından biri olmuşdum, onun sonrakı, daha həlledici halqalarından isə yerli-dibli xəbərsiz idim. İndi mən əsl həqiqəti öyrənməyə niyyətliydim və inanırdım ki, prokuror dostumdan mənə deməkdən imtina elədiyi məqamları da öyrənə bilərəm və buna bildiyimiz sirləri qarşılıqlı paylaşmaqla nail olacaqdım, çünki mən sirrin ancaq yarısından agah idim. Üstü açılmamış cinayətlərin necə ağır bir yük olduğunu etiraf edərkən o, necə də haqlıymış! Təsadüfən rastıma çıxan bu məqamlara aydınlıq gətirilməsi şəxsən mənə heç nə verməsə də, o şərflə bağlı nələrin olub-bitdiyini öyrənmək ehtiyacı bütün varlığıma hakim kəsildi.

Pediatrla görüşməzdən öncə mən o şərflə bağlı bütün yaşantıları yaddaşımda təkrar canlandırmağa gərək duydum. Bu əsnada indiyədək həmişə diqqətimdən yayınan bir məqam diqqətimi özünə çəkdi. Şərf satan qadının qeyri-adi, nüfuzedici baxışları var idi. Saçları bəyazlasa da, bu əlli yaşlarındakı qadının baxışları son dərəcə diri və şux idi, şərfi aldığım zaman mənə elə hey nələrsə deyirdi, hətta şərfi də boynuma öz əlləriylə bağladı. Lənət şeytana, onda, gözlərimin içinə baxarkən qadın mənə nə demişdi görəsən? Bizi həmin səfərə aparan fransız dili müəlliməmiz o ara yanımızdaydı və sonradan həmin sözləri yarızarafat, yarıciddi tərzdə bütün sinfin qarşısında təkrarlamışdı. Sən demə, qadın həmin cümlədə feilin heç məlum olmayan bir şəklini işlədibmiş… Məktəb illərində fransızca feil şəkillərinin ən çətinləri hansılar idi? Feilin lazım şəkli, eləmi? Hə, hə, o idi, indi xatırladım. «Qu il aille chercher son maitre!» («Qoy bu şərf öz sahibini tapsın») – demişdi onda qadın. Mən isə qarşılığında zarafatla: «İl l a deja trouve» («O, sahibini artıq tapıb») – demişdim.

Qadın soruşmuşdu: «Est-ce que vous en etes sur, jeune homme?» («Siz bundan əminsiniz, cavan oğlan?») Görəsən nüfuzedici baxışlara sahib o qadın haradan bilirdi ki, satdığı o şərf bitib-tükənməz hadisələr zəncirində ilk halqaya çevriləcək? Həm də niyə bunu arzulayırdı, axı? Bu zəncirin son halqası niyə ona şərf satmaqdan daha çox gərək idi? Bundan nə məqsəd güdə bilərdi ki, o? Şəxsən mən indiyədək heç bir bazarda sadəcə şərf satılan köşkə rast gəlməmişəm. Görünür, yalnız ona görə ki, sadəcə şərf satışıyla dolanmaq mümkün deyildir.

Ən nəhayət, pediatra zəng eləyib, qəbul saatlarının sonuna doğru onunla görüşmək üçün izn aldım. Həmin gün mən uşaqlardan daha çox onların valideynləri üçün nəzərdə tutulan kresloda bir pasiyent kimi yerimi tutdum. Ortaq bir tanışımız olduğunu bu yaxınlarda öyrəndiyimi həkimə açıb söylədim. İlk sevgilimdən bəhs edəndən sonra ondan hədiyyə aldığı şərfi xatırlatdım həkimə. Rəfiqəsinin adını eşitcək həkimin üzü güldü, çünki insanlar öz tanışları barədə yad adamlardan təzə nə isə eşidəndə xoşhallanırlar, axı. Bəzən yaxın təmaslar qurduğun adamlar sənə dolanbac küçələri xatırladır və sən onların o biri ucuna qədər getməyə macal tapmırsan. Elə ki söz şərfə gəldi, qadın tutuldu.

Ehtiyatla xəbər aldım:

- Siz onu başqa birisinə bağışlamısınız, eləmi?

Qadın təsdiqlədi:

- Hə, bir adama bağışlamışam o şərfi.

- Deyə bilərsiniz, kimə?

Bir anlığa fikrə gedən qadın sonra gözlərimin içinə baxaraq dedi:

- Yox. Biz bir-birimizi yetərincə tanımırıq. Odur ki, bunu edə bilmərəm.

Daha bir sirlə burun-buruna gəldim. Bununla niyə maraqlandığımı soruşan həkimə dedim ki, o şərflə özünü asan adamın kimliyini araşdırıram və şərfi necə əldə etdiyi mənə maraqlıdır. Rəngi avazıyan qadın intihar edənin kimliyini soruşdu.

- İlkin istintaq təcridxanasında saxlanılan bir müttəhim.

Həmin an əlləriylə üzünü qapayan qadın nalə çəkdi:

- Aman, Allahım!

Bu məsələni ictimaiyyət üçün və ya hər hansı sifariş üzrə etmədiyimi, sırf öz marağım üçün araşdırdığımı dönə-dönə söyləsəm də, qadın bir daha mənimlə kəlmə kəsmədi və oturduğu pozada donub qaldı.

O, heç nə deməsə də, mən çox şey bilirdim. Görünür, o şərf dostluq və sevgi bağları vasitəsiylə son hədəfinə doğru getməliymiş. Pediatrın da başına bənzər hadisə gəlmişdi, görünür, o da məhbuslarla hər hansı əlaqəsi olan bir adamla tanış olubmuş və bu adamın sözügedən intihara bir dəxli olacağından açıq-aşkar qorxub, çəkinirdi qadın. Axı, kim idi o adam? Alman məhbusun vəkili var idi görən? Təkrar prokuror dostuma zəng elədim və heç özüm də gözləmədən tamamilə fərqli bir şey istədim ondan – müttəhimin fotosunu.

Bunu niyə istədiyimi soruşanda tam inamla ona bildirdim ki, foto əlimə keçərsə, o adamın niyə canına qıydığının səbəbini çox asanlıqla aydınlaşdıracağam.

Prokuror bir az fikirləşəndən sonra:

- Yaxşı, - dedi. – Fotonu sənə yollayaram. Ancaq yolunu Fransadan salacaqsansa, ehtiyatı əldən qoyma.

Mən də elə belə edəcəkdim. Daxilən inanırdım ki, o şərfin haradan peyda olduğunu öyrənsəm, zəncirin əskik halqasını mütləq tapacağam. O ara iş-gücdən uzaqlaşmaq üçün tapdığım bir neçə günü Avinyona səfərə ayırdım. Avinyondakı Səyahətlər bürosuna zəng edərək, əvvəlki kimi orada yarmarkaların keçirildiyini bir daha dəqiqləşdirdim. Cavab aldım ki, hər şənbə günü təşkil olunur. Yaxın cümə günlərindən birində Avinyona yollandım.

Təxminlərim özünü doğrultdu: o şərf köşkü oradan götürülmüşdü. Buna rəğmən, göstərdiyim üçüncü cəhddən nələrsə öyrənə bildim. Şirniyyat satan bir qadın dedi: «Mais oui, la Josefine» («Hə də, Jozefinanı deyirsən») və ardınca onun ünvanı kimi Avinyondan xeyli aralıdakı bir kəndin adını çəkdi. Satıcı qadın onu da əlavə elədi ki, tanışı hələ müharibə vaxtından bazara öz əlləriylə toxuduğu şərfləri çıxarırmış. Çoxdan bəri buralarda görünmür, deyilənlərə görə, xəstə düşüb. Bunun ardınca qadın mənə öz şirniyyatından almağı təklif elədi.

Satdığı qozlu noğullardan on-on beş dənəsini alıb, ona təşəkkür elədim və həmin kəndə necə gedəcəyimi xəbər aldım.

Günortadan sonra oraya avtobus yola düşəcəkdi, odur ki, reysə yarım saat qalmış özümü vağzal meydanına çatdırdım. Avtobusa minib, pəncərə tərəfdəki yerdə əyləşdim, bu sayədə həm meydandakı qaynaşmaya, həm də avtobusa minən insanlara göz qoya bildim. Sərnişinlərin çoxu alınan mallarla dolu ağır çantalar və paketlər daşıyan qadınlar idi. Avtobus yarıboş olduğundan qadınlar əşyalarını yan tərəflərindəki boş oturacaqlara yerləşdirirdilər. Bir qadın isə əlində uzun saplı süpürgə tutmuşdu. Sürücü bütün kresloların böyrünü birbəbir kəsdirib, hərənin düşəcəyi yeri öyrənməklə, gediş haqlarını topladı. Tam yola çıxmazdan öncə avtobusa qırx yaşlarında bir qadın mindi, sərnişinləri süzəndən sonra keçib, yanımda əyləşdi. Avtobus yerindən tərpənəndə o, bazarda Jozefinanı soraqlaşan kişinin mən olub-olmadığımla maraqlandı. Bunu təsdiqləyəndən sonra mən də öz növbəmdə ondan həmin qadını tanıyıb-tanımadığını soruşdum.

Qadın dedi: «Bien sur, cest ma mere». («Əlbəttə ki, o – mənim anamdır».)

- Çox şad oldum, - dedim. – Bəs indi o, necədir?

Qadından cavab gəlmədi və sonra qət etdiyimiz uzun yol boyu ağzını bıçaq açmadı.

Kənd çox kiçik idi. Avtobus bir kafenin önündəki xudmani meydançada dayandı. Soyuq mart havasına rəğmən, kafedəki balaca masaların arxasında bir neçə nəfər oturmuşdu və onlar avtobusdan enənlər barədə fikir yürüdürdülər. Jozefinanın qızının yanındakı adamın əcnəbi olduğu da gözlərindən yayınmadı, barmaqlarıyla masanı döyəcləyən potaboy kişinin çığıraraq, böyrümdəki qadına nə dediyini sadəcə kəsdirə bilmədim.

Kəndin girişində təzə məzarlar gözə dəyirdi. Nisbətən köhnə qəbirlər isə bir az irəlidə və aşağı tərəfdəydi. Ölülərin qəhvəyi rəngli, oval biçimli şəkillərinin pərçimləndiyi metal xaçlar artıq azacıq əyilmişdi də. Önündə ayaq saxladığımız mərmər daşın üzərində aşağıdakı adlar oyulmuşdu:

Fransua Udaye 1940-1943

Marsel Udaye 1911-1944

Jozefina Udaye 1910-1976

Başdaşının sağ cinahında, mərhumların adları yazılan qismin üzərində xırda taxça oyulmuşdu və orada Fransanın mərmərdən yonulmuş, göy-ağ-qırmızı zolaqlı bayrağının təsviri vardı. Milli bayrağın üst qismində isə qara rəngli xırda fil rəsmi həkk olunmuşdu.

Jozefinanın qızı mənə aşağıdakı məqamlardan söz açdı. Udayelərin iki övladı varmış: 1938-ci ildə doğulan bu həmsöhbətim, yəni Stefani və ondan iki il sonra dünyaya göz açan qardaşı Fransua. Müharibə başlayanda ataları Marsel bu kəndin burqomistri (bələdiyyə sədri – A.Y.) və əyalətdən öz həmkarları arasında ən cavanı imiş. Fransız ordusu işğalçılara təslim olandan sonra bu adam partizanlara qoşulur, qonşu kəndlərin sakinlərindən ibarət azsaylı bir dəstəyə başçılıq edir. Partizanlar faşistlərə məxsus silah-sursat dolu eşelonu dərədən üzüaşağı buraxandan sonra kəndə eses dəstəsi (SS – faşist cəza dəstəsi – A.Y.) göndərilir.

Kənddə əllərinə cavan oğlanlar və kişilər keçmədiyi üçün faşistlər qadınları, qocaları və uşaqları evlərdən çıxarıb, qəbiristanlıq hasarı boyunca düzür, hamısını güllələyib, kəndi tərk edirlər. Ölənlərin arasında balaca Fransua da olur. Aradan heç bir il ötməmiş alman patrulu ilə atışma əsnasında Fransuanın atası da həlak olur və Jozefina qızıyla başsız qalır. Bu qadın qeyri-adi vergiyə malik imiş, sadəcə əliylə toxunmaqla bəzi xəstələrə şəfa verə bilirmiş. Buna görə də qonşu kəndlərin sakinləri dərdlərinə çarə tapmaq üçün, tövbə ayininə gedərmiş kimi, bu qadını deyib, qapısına gəlirmişlər. Bütün ömrü boyu bu qadın bircə arzuyla yaşayırmış – körpə oğlunun qisasını alsın. Qatilin hələlik həyatda olduğundan da əmin imiş.

Qadın durmadan təkrarlayırmış ki, o cəlladın bədəninin qacıyacağı anı uzaq məsafədən də sezəcək. Cinayətkar barədə axtarış verilməsinə heç cür razı deyilmiş. Deyirmiş ki, mən hər tərəfə öz qasidlərimi göndərəcəyəm və onlar gec-tez o cəlladı dara çəkəcəklər. Bu qətiyyətlə də qadın öz toxuculuq işinə köklənibmiş. Gecə-gündüz və yalqız başına şərflər toxuyarkən o, hansısa duaları təkrarlayırmış ki, içində bəslədiyi nifrət vurduğu ilmələrə hopsun. Xüsusi təlim görmüş itlərə necə izə düşmək əmr olunursa, qadın da öz şərflərinə buna bənzər tapşırıqlar verirmiş. Uc tərəfinə xırda fil rəsmi toxuduğu bu şərfləri hətta öpüb, sığallayırmış da.

- Bəs niyə məhz fil rəsmi? – deyə soruşdum.

- Anam deyirdi ki, fillər heç vaxt və heç nəyi unutmurlar.

Bazarda ağ ciyərlərinə soyuq dəyən Jozefina 1976-cı ildə vəfat edir və canını tapşırmazdan öncə deyir ki, əcəlin cəlladın axırına çıxmasını hansısa şəkildə həyatdakılara o dünyadan xəbər verəcək. Haqq-ədalət aradan üç il sonra zəfər çaldı və yəqin elə buna görə siz indi buradasınız, deyilmi? Məhz buna görə?

Bunu təsdiqlədim:

- Elədir. Məhz buna görə mən indi buradayam. Ancaq qisasın məhz min doqquz yüz yetmiş doqquzuncu ildə gerçəkləşdiyini bəs siz haradan öyrəndiniz?

- Bax, bunun sayəsində, - deyə o, anasının məzarında çiçəkləyən ətirli bostanotu (latınca Cnicus (Knikus) – tikanlı ala qotu növüdür – A.Y.) kolunu göstərdi. – Anam vəsiyyət eləmişdi ki, məzarının üstə bu koldan əkək, çünki bu – ilk baharın gəlişini insanlara müjdə verir. Üç il boyu çiçəkləməyən bu kol 1980-ci ildə ilk dəfə çiçəyə büründü və mən onda anladım ki, Fransuanın intiqamı alınıb.

- Qardaşınıza atəş açanın üzünü heç görmüşdünüz?

Qadının gözləri yaşla doldu:

- O vaxt mənim cəmi beş yaşım vardı, ancaq bu gün, yəni aradan qırx il keçəndən sonra da mən o qatilin ensiz üzünü və soyuq baxışlarını görsəm, mütləq tanıyardım.

Bu yerdə mən ona fotonu göstərdim, sarsılan qadın var gücüylə mənim biləyimdən yapışdı və üzünü yana tutdu. Həm hönkürən, həm də qəhqəhə çəkən Stefani başıyla nəyi isə təsdiqləyirdi.

Bir az aradan sonra xəbər aldım:

- Əminsiniz ki, bu - odur?

Qadın bir daha fotoya nəzər saldı:

- Absolument (Heç şübhəsiz – A.Y.).

- Elə isə heç bir şübhəm qalmadı, - deyərək, bu qatilin ölümü barədə bütün bildiklərimi qadınla paylaşdım.

O, soruşdu:

- Bəs sizin bu məsələyə nə qarışacağınız var? Niyə bununla belə ciddi maraqlanırsınız?

Dedim:

- Bu adamın özünü asdığı o şərfi düz iyirmi il əvvəl ananızdan məhz mən almışdım. Sonradan şərf özü gedib, onu tapmışdı.

Bunun ardınca qadının təlaşı aşkar qürur hissiylə əvəzləndi, kəndə tərəf endiyimiz zaman onun çöhrəsindən rahatlıq və şükranlıq hissi yağırdı. Yarı yolda rastımıza bir keşiş çıxdı və nə isə belə qəribə baxışlarla bizi süzdü, mən bütün bu tarixçəni ona da danışmağa hazırlaşırdım ki, Stefani qolumdan tutub, dartdı.

Kənddə gecələyəcəyimi, yoxsa on beş dəqiqə sonra yola düşəcək avtobusla geri dönəcəyimi xəbər aldı qadın. Bu sonuncu sözləri deyərkən onun baxışlarında xahişə bənzər bir şey oxudum və buna görə də bir an əvvəl bu kəndi tərk eləmək keçdi içimdən.

Biz kəndin girişindəki dar meydançada dayanmışdıq. Kafedəki masalar arxasında əyləşən qocalar yenə də bizə göz qoyurdular, o potaboy hərif isə yenə də barmaqlarıyla stolu taqqıldadır və eyni havanı mızıldayırdı.

Sonra avtobus gəlib çıxdı, vidalaşmaq üçün qadına əlimi uzadanda onun ovcuma bostanotunun çiçəkləyən budağını qoyduğunu sezdim.

Aradan iki gün keçəndən sonra mən Turqau kantonunda (vilayətindəki – A.Y.) kiçik kənddə yaşayan keşişin qapısını kəsdirmişdi. Məzarlıqdan dönərkən qəfil rastlaşdığım bu fransız keşişin məhbusa şərfi vermə ehtimalı qəfildən ağlıma batmışdı: onunla qısa söhbət sonrası qət elədim ki, bunu yalnız və yalnız türmə keşişi edə bilərdi və pediatr qadının susması da məhz bu adamla əlaqəliydi. Vaxtilə həbsxanada keşiş işləyən bu adam indi Turqaudakı dini icmanın başçısıydı. Qapını üzümə açan keşiş gəlişimin məqsədini soruşdu.

Mənə kresloda yer göstərən bu adamdan soruşdum:

- Həbsdəki o almana intihar üçün şərfi siz vermişdiniz, elə deyilmi?

Heyrətdən ağzı açıla qalsa da, o, heç nə demədi.

- Məqsədim bunun səbəbini öyrənməkdir, - deyə əlavə elədim.

Həmin şərfin əvvəllər mənimki olduğunu, bütün bu təfərrüatların onun qədər mənə də dəxli olduğu barədə etirafımdan sonra onu nələrsə danışmağa razı sala bildim. Təxminlərimə görə, məhz bu olay üzündən o, türmədəki işindən uzaqlaşdırılmışdı.

O bunları dedi:

- Həmin bazar günü mən məhbusların ziyarətini bitirib, türmədən çıxmağa hazırlaşırdım. Bu vaxt Remana baş çəkməyi mənə türmə rəisi təklif elədi: sən demə, bu müttəhim tövbə eləməyə niyyətliymiş, ancaq ürəyindən keçənləri başqa birisiylə paylaşmaq istəmirmiş. Mən artıq paltomu geyinmişdim və buna görə də elə mülki paltarda kameraya yollandım. Tövbəsini bitirən Reman kamerada üşüdüyündən mənə şikayətləndi. Məhbuslara nə isə verməyin yasaq olduğunu bilirdim, pal-paltar vermək isə heç olmazdı. Bununla belə, halına acıdığım üçün öz şərfimi ona uzatdım. Onun tövbə etdiyi günahlar son dərəcə ağır olduğundan hansısa şəkildə ona bir az da dəstək, həyan çıxmağı umurdum. Şərfimi ona bağışladım və o da bunu minnətdarlıqla qəbul elədi.

- O, uşağı qətlə yetirdiyini boynuna aldı?

Keşiş səksəndi və az qala pıçıltıyla:

- Başqalarının sirrini açmağa haqqım çatmır, - dedi.

- Bəs sadəcə başınızla necə, bunu təsdiqləyə bilərsiniz?

Gözlərimin içinə baxan keşiş başını tərpətməklə «Hə» dedi.

Səhəri gün axşamüstü mən prokurorun kabinetində əyləşmişdim. O, çözümünü gözləyən cinayətlər qovluğunu açıb, qabağına qoymuşdu. Yazı masası üzərindəki şərfin məhz mənimki olduğuna isə artıq zərrəcə şübhə bəsləmirdim.

Dostumdan soruşdum:

- Yaxşı, bəs bu adam kim idi belə?

- Keçmiş esesçi.

- Elə belə də düşünürdüm. Görünür, onun soyğun yoluyla yığdığı gümüş ehtiyatı hələ dava bitməmiş əlindən çıxmışdı. İndi həyatda olan o ölüsoyan esesçilər hələ də bir-birlərini dəstəkləməkdən qalmırlar. Bəs sən şərf barədə nələr öyrəndin?

Öz bilgimlə öyünərək dedim:

- Məhbusa o şərfi türmə keşişi veribmiş.

Prokuror dedi:

- Bu detalı mən çoxdan bilirdim. Hətta bir ara biz keşişin qatil olduğunu da düşünürdük, lakin Remanın ölüm saatı dəqiqləşəndən sonra keşişin məhbusun ölümündə əli olmadığı danılmaz alibiyə çevrildi. Mən isə o şərfin haradan peyda olduğunu soruşurdum bayaq səndən.

Bildiyim bütün məqamları ona anlatdım. Sözümü bitirəndən sonra dostum uzun müddət susdu. Görünür, hekayətim onda dərin təəssürat buraxmışdı. Nəhayət, dilləndi:

- Bir halda ki sən bildiyin hər şeyi mənə danışdın, mən də belə edəcəyəm, hərçənd tutduğum vəzifə bunu yasaqlayır. Sənin vaxtilə bir nəticəyə niyə gəldiyinin səbəbini mən yalnız indi özüm üçün aydınlaşdırdım.

- Hansı nəticəyə?

- Remanın intiharı ölümün rəsmi versiyası olsa da, əsl gerçəyə uyğun deyildi.

- Necə yəni?

- Əsl gerçək o dərəcədə izaholunmaz və ağlasığmaz idi ki, onun ictimaiyyətə açıqlanması o vaxt uyğun görülmədi. Mən ilk dəfə o kameraya ayaq basan kimi anladım ki, burada intihardan söhbət belə gedə bilməz, çünki şərflə boğulan Reman pəncərə çərçivəsindən asılmamışdı, sadəcə döşəmədə düşüb qalmışdı. Həm də mən and içərəm ki, onun üzündə donan dəhşət ifadəsinə mən nə o vaxta qədər, nə də sonralar rastlamışam. Bizim ən peşəkar xəfiyyələrimiz günlərcə qatili tapmağa çalışdılar. Ancaq keşiş kameranı tərk edəndən sonra oraya kiminsə, həm də hər hansı şəkildə girmə ehtimalı sıfıra bərabər olduğundan mən bu cinayət işini qapatdım. İndiyədək bununla bağlı təxminlərimi dilə gətirməyə əsla cürət eləmirdim. Amma indi görürəm ki, gümanlarımda yanılmamışam. Cəsədin əllərinin qacıma şəkli qatillə qurban arasında amansız mübarizə getdiyini sübuta yetirir. Məhbus özündən qat-qat güclü olan bir varlığın pəncəsindən qurtulmağa çalışırmış və bu naməlum qüvvə qatil yox, məhz hakim imiş.

Maraqla soruşdum:

- Bəs o hakim rolunu üstlənən kim imiş, nə imiş?

Prokuror dedi:

- Şərf imiş. Şərf və başqa heç nə.

Yerindən qalxan dostum həmin şərfi ehtiyatla əlinə aldı, üstü açılmamış cinayətlərlə bağlı digər əşyaların düzüldüyü rəfə qoydu və şkafı açarla bağladı.

Dilimizə çevirdi – Azad Yaşar

https://www.facebook.com/azadyasharofficial

# 5336 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #