Nizami Cəfərovdan Afaq Məsuda açıq məktub

Nizami Cəfərovdan Afaq Məsuda açıq məktub
26 fevral 2013
# 17:40

Hörmətli Afaq xanım!

Sizin ikicildlik “Seçilmiş əsərləri”nizi böyük məmnuniyyətlə oxudum. Çoxusu ilə on, iyirmi, hətta otuz il bundan əvvəl tanış olduğum, etiraf edim ki, ideya- məzmunundan daha çox poetik intonasiyası yadımda qalmış bu əsərlər mənə elə oxuduğum illərdəki qədər təzə- təravətli gəldi. Və mən bir daha əmin oldum ki, keçən əsrin 70- ci illərindən başlayan yaradıcılığınız Sizi artıq çoxdan böyük ədəbiyyatın ön sıralarına çıxarmışdır... Yüksək intellekt, zəngin hissiyyat, idrak mükəmməlliyi və kifayət qədər canlı dil- üslub, nə gizlədim, məni məftun elədi.

Siz o yazıçılardansınız ki, oxucunu (insanı!) sehrləyə, xeyirxah cadugər kimi onu öz arxanızca aparıb qaranlıqlardan işığa çıxara bilirsiniz. Ən kiçik hekayənizdə də elə güclü psixoloji- ruhi enerji var ki, adamın içində illər boyu yatmış hissləri oyatmağa, insanı insan eləyən amillərin coğrafiyasını (hüdudlarını) müəyyənləşdirməyə qadirdir.

“Seçilmiş əsərləri”nizə keçən əsrin 70- ci illərinin “Bekar”, “Tutuquşu” hekayələri; 80- ci illərin “Yataqxana”, “Mədəd”, “Şənbə gecəsi”, “Uydurma”, “Öldürdülər”, “Tək”, “Gecə”, “Qəza” hekayələri, “Üzü işıga”, “Suiti” romanları; 90- cı illərin “Sərçələr”, “Dovşanın ölümü”, “Qu quşu”, “O”, “Dahi”, “Prezident”, “Alman kilsəsi”, “Müvəkkil Vaysman” hekayələri, ədəbi- ictimai mühitdə böyük maraq doğurmuş “İzdiham” və “Azadlıq” romanları; 2000- ci illərin “S.V.A.C.O”, “İkinci İohan”, “Aysun” hekayələri, “Can üstə”, “O məni sevir”, “Yol üstə” pyesləri; son illərin məhsulu olan “Generalın ölümü” hekayəsi, “Qatarın altına atılan qadın”, “Kərbəla” pyesləri; eləcə də “Duyğular imperiyası” silsiləsindən bədii- fəlsəfi qeydlər, yaxud təəssüratlar, esselər və müsahibələr daxildir. Nəzərə alsaq ki, bunlar Sizin yaradıcılığınızın hamısı deyil, “seçilmiş”lərdir, onda etiraf etməliyik ki, kifayət qədər zəngin bir yaradıcılıq yolu keçmisiniz. Və əlbəttə ki, məsələ heç kəmiyyətdə də deyil... Əsərlərinizin, ümumən yaradıcılığınızın keyfiyyətcə ən mühüm məziyyəti isə, fikrimcə, ondan ibarətdir ki, siz definisiyası nə qədər mürəkkəb (mübahisəli) olsa da, həqiqətin (mahiyyətin) üzərinə getməkdən, onu nəyin hesabına olursa olsun sona qədər aydınlaşdırmaqdan (modelləşdirməkdən və ya formullaşdırmaqdan) qorxmursunuz. Halbuki zahirən gözəl, təmtəraqlı (sxematik!) bir həqiqət (mahiyyət) yaradıb oxucuya təqdim etmək (onu aldatmaq!) sizin kimi qüdrətli qələm sahibi üçün o qədər də çətin olmazdı... Niyə belə eləmirsiz, niyə İnsanı bu qədər amansızcasına təhlil edir, söküb yığırsınız, niyə bu qədər sərt psixoloji pressinqin predmetinə çevirirsiniz?.. Çünki hər şeydən əvvəl, bir yazıçı- tədqiqatçı (və insan) olaraq, sözün geniş mənasında, səmimisiniz... Və bu səmimilik sizin yaradıcılığınıza elə ilk əsərlərinizdən (hekayələrinizdən) başlayaraq avtobioqrafik – özünü yazmaq ehtirası gətirmişdir. Ancaq burada söhbət keçən əsrin 30- cu, yaxud 50- ci illərində Azərbaycan ədəbiyyatı üçün səciyyəvi olan avtobioqrafiklikdən getmir. Söhbət ondan gedir ki, siz hisslərin, yaşantıların, duyğuların avtobioqrafiyasını yazırsınız. Məsələn, “İzdiham”da olduğu kimi...

Hörmətli Afaq xanım!

Sizin bir sıra əsərlərinizi, xüsusilə “İzdiham”ı, “Azadlığ”ı oxuyandan sonra məmnunluqla düşünmüşəm ki, bax bu, əsərdir; bax bu, yazıçıdır... Və bax burada, nə qədər təhtəlşüur olsa da, böyük yaradıcılıq enerjisi, insanın mahiyyətinə nüfuz etmək qüdrəti var...

Sizin, demək olar ki, bütün əsərlərinizdə “ölüm” motivi mövcuddur. Əlbəttə, bu, müəllifin tərcümeyi- halından – gənc yaşlarında doğmalarını, yaxınlarını itirməyindən (və bunun da psixoloji yaddaşa hopmağından) irəli gəlir deyə bilərik. Ancaq məsələ bununla bitmir... Ölüm sizin yazıçı təhkiyənizdə insanın həyata (özünə) münasibətini, daxili mübarizəsini (və müqavimətini) izah edən bir ədəbi priyoma, üsula çevrilir. Eyni xüsusiyyət yuxu motivinə də aiddir... Sizin qəhrəmanınız yuxudan gerçəkliyə (həyata!), irreallıqdan reallığa (və ya əksinə) o qədər rahat, maneəsiz keçir (və bunu o qədər ustalıqla təsvir edirsiniz) ki, həmin priyom- üsul əsərin janr keyfiyyətinə təsir edəcək bir səviyyəyə qalxır.

Və yeri gəlmişkən... Siz bu və ya digər janrın, hekayə, roman, yaxud pyes olsun, klassik normativliyini saxlamaqdan daha çox onu improvizə edirsiniz. Virtuozluq bəzən o həddə çatır ki, hekayə romana, yaxud roman hekayəyə çevrilir, ənənəvi süjet- kompozisiya təsəvvürü “pozulur”. “Bu, yaxşıdır, ya yaxşı deyil?” sualı ortaya çıxanda ən məqbul cavab, məncə, odur ki, yazıçının missiyası mövcud normativlərə əməl etmək yox, yeni normativlər yaratmaqdır... Və siz bunu bacarırsız.

Hörmətli Afaq xanım!

Sizin yaradıcılıq texnologiyalarınız içərisində diqqəti cəlb edən bir cəhət də var... İdeya- məzmundan başlayaraq ta ifadə- mətnə qədər gələn bu cəhət, əgər belə demək mümkündürsə, təkrarlıqdır, yaxud özünütəsdiqdir. Eyni bir təəssürat, ovqat, ideya- obraza bu və ya başqa şəkildə az qala bütün əsərlərinizdə rast gəlmək mümkündür. Bu ondan irəli gəlir ki, siz özünəməxsus modellərlə, çərçivələrlə düşünürsünüz, ənənəvi nəsrdə olduğu kimi, süjetə, dialoqlara, təhkiyənin hamarlığına çox da fikir vermirsiniz. Ancaq müəllif “monoloq”unuz kifayət qədər dramatikdir... Demək olar ki, bütün əsərlərinizdə irəli sürdüyünüz hər hansı mühakiməyə “bəlkə də elə deyil” deyə ideya- psixoloji alternativ gətirməklə hadisəni müxtəlif tərəflərdən görmək, hiss etmək üçün şərait yaradırsınız. Eyni zamanda bu cür alternativlik mətnə maraqlı bir ritm- intonasiya verir, müəlliflə oxucu arasında mükalimə- ünsiyyət yaradır.

Keçən əsrin 70, 80, 90- cı illərində yazdığınız əsərlərdə ailə- məişət mövzusu daha qabarıq idi. 90- cı illərdən etibarən ictimai- siyasi mövzulara marağınızın gücləndiyi aydın görünür ki, bu, heç şübhəsiz, həm sizin yazıçı- mütəfəkkir kimi təkamülünüzün həm də ictimai həyatda baş verən inqilabi dəyişikliklərin, təbəddülatların nəticəsidir. Bununla belə sizin elə qəhrəmanlarınız var ki, onun xarakteri, mahiyyəti ailə- məişətlə ictimai- siyasi həyatın qovşağında açılır və ümumiyyətlə, sizin yazıçı- mütəfəkkir təsəvvürünüzdə ailə və cəmiyyət insanı şərh etmək üçün həm qarşılaşdırılan, həm də biri digərinin davamı olaraq təqdim edilən kontekstlərdir. Cəmiyyətin tələbləri, yaxud standartları ilə qurulmuş bir ailədə kişinin və ya qadının nəticəsiz “üsyan”ı, insanın subyektiv (özünəməxsus) hissləri, maraqları ilə sosial mentalitet arasındakı çoxspektrli ziddiyyətlər, adiləşmiş həyatın faciəsi sizin əsərlərdə yalnız sənətkarlıqla təqdim olunmur, həm də (və daha çox!) müəllif mövqeyinin doğruluğu, obyektivliyi baxımından diqqəti çəkir. Həmin obyektivlik (və doğruluq!) isə bundan ibarətdir ki, nə ailə, nə də cəmiyyət insan azadlığı qədər əhəmiyyətli deyil; cəmiyyət və ya ailə öz absurdluğu ilə insanı məhdudlaşdırır, insani istəklərindən məhrum edirsə qeyri- humanistdir. Və təəssüf ki, həmin qeyri- humanistlik çox zaman məhz “əxlaq” kimi tövsif edilir.

Sizin kütlə, kütləvi hərəkatlar (izdiham!) haqqında yazıçı- mütəfəkkir düşüncələriniz də bu barədə az- çox məqbul qənaətə gəlməyə imkan verir. Tarix elə gətirdi ki, həmin hərəkatları, müxtəlif miqyaslı izdihamları bizim nəsil kifayət qədər şüurlu, dünyadan başımız çıxan vaxtlarımızda öz gözlərimizlə gördük, daha doğrusu, onların aktiv, yaxud passiv iştirakçısı olduq. Əlbəttə, kütlə şüuru (və əxlaqı!) insanın “eqo”sunu, əgər varsa, deformasiya edir və ya məhdudlaşdırır. İnqilab – qlobal yeniləşmə, yaxud təhlükə ərəfəsində insan, görünür, hansısa qorxu- məsuliyyət hisslərinin təkidi altında öz “eqo”sundan bu və ya digər dərəcədə imtina edərək kütlənin tərkib hissəsinə çevrilir. Və orada özünü müəyyən qədər rahat hiss eləmiş olur... Yalnız sıravi adamlar deyil, hətta liderlər belə!.. İnqilab öz funksiyasını yerinə yetirib sakitləşəndən, kütləvi hərəkat səngiyəndən sonra da onun xofu uzun zaman davam edir.

Passionar insanın (liderin) həmişə kütləyə, daha doğrusu, onun psixoloji gücünə, müdafiəsinə, “eqo”sunun təsdiqinə (və tərənnümünə!) ehtiyacı var... Kütlə (kütləvi hərəkat!) da eyni təhtəlşüurluluqla özünə hər hansı provakasiya nəticəsində imtina eləməyə hazır olduğu liderini, yaxud liderlərini axtarır ki, müvəffəqiyyətsizlik anında “öz” günahını boynuna qoyub ondan müvəffəqiyyətlə imtina etsin...

Mən heç şübhə etmirəm ki, sizin bir sıra əsərləriniz – hekayə, roman və pyesləriniz son dövrdə yalnız ölkəmizdə deyil, ümumən dünyada baş verən miqyaslı ictimai hərəkatların (və bu hərəkatların insan taleyinə, psixologiyasına təsirinin) metafizikasını anlamaqda cəmiyyətşünas – filosoflara geniş material, hətta metodoloji modellər verir.

Hörmətli Afaq xanım!

Əminliklə deyə bilərəm ki, sizin yaradıcılığınız ədəbi- fəlsəfi keyfiyyətinə, müasirliyinə görə Azərbaycan ədəbiyyatının İsa Hüseynov, Anar, Elçin kimi görkəmli nümayəndələrinin – müəllimlərinizin yaradıcılığı ilə bir səviyyəyə qalxmaqda, orjinallığını (özünəməxsusluğunu!) illər keçdikcə inamla təsdiq eləməkdə və sizin yazıçı- mütəfəkkir şəxsiyyətinizin kifayət qədər güclü, mükəmməl obrazını yaratmaqdadır.

Siz yaxşı müsahibsiniz!..

Azərbaycan sovet ədəbiyyatının yaradıcılarından olan babanız – böyük ədibimiz, “kişi oğlu kişi” (İsa Muğanna) Əli Vəliyevlə (Qaraoğlu ilə) də, atanız – böyük ədəbiyyatşünas- alim Məsud Əlioğlu ilə də daxili- ruhi polemikaya girirsiniz...

Mənim də sevdiyim dostlarla – Aydın Məmmədovla, Natiq Səfərovla, Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Zakir Fəxri ilə həsbihal edirsiniz...

Və içinizə qapılıb özünüzlə də danışırsınız!.. Ağıllı müsahibələr verirsiniz...

Mən inanmıram ki, sizə bu qədər müdrik (və pravaksion!) suallar versinlər... Ancaq inanıram ki, “Seçilmiş əsərləri”nizə fon verən bu qədər müdrik (və qeyri pravaksion!) cavablar vermisiniz...

Hörmətli Afaq xanım!

Siz hər müsahibənizdə deyirsiniz ki, mənim söz ehtiyatım o qədər də çox deyil... Elədir!.. Ancaq hər sözə elə bir enerji verir, elə bir semopoetik yük qazandırırsınız ki, adam məətəl qalır, yaxşı tanıdığı söz- ifadəni, söz- obrazı yenidən tanımağa (dərk etməyə!) məcbur olur... və ana dilini yenidən (!) kəşf edir...

Siz “zillənmək”, “çönmək” sözlərini, “televizorla üzbəüz kreslo” ifadəsini elə mərhəmanə şəkildə işlədirsiniz ki, həssas oxucu bundan sonra oxuyacağı əsərlərinizdə (və ümumiyyətlə əsərlərdə!) həmin sözləri (və ifadələri) axtaracaq... Çünki heç bir ideoloji əhəmiyyəti olmayan bu (və bu cür!) söz- ifadələrə siz ideya- məzmun vermisiniz.. Məsələ çox söz işlətməkdə deyil, işlətdiyiniz hər sözə yaşamaq (ehya olmaq!) hüququ qazandırmaqdadır ki, siz bunu bir cadugər istedadı ilə nəinki qazandırırsınız, hətta sizdən sonra gələnləri təhrik edəcək qədər yaradıcılıq stimulu verirsiniz...

“Seçilmiş əsərləri”nizi, yaxud hər hansı bir əsərinizi oxumuş bir adam sabah, ya o birisi gün üstünüzə gəlib sizdən nə zamansa itirdiyi atasını, anasını, yaxud övladını istəsə, təəccüblənməyin, çünki öhdənizə elə bir amansız səlahiyyət götürmüsünüz ki, hər kəsin ən müxtəlif psixoloji ovqatda sizə müraciət eləməyə (və imdad diləməyə!) haqqı var... Kütləvi hərəkatdan başlamış ta fərdi iddiaya qədər!..

Mən hələ heç bir əsər-mətndə fizianomiyanın hissə bu qədər çevik reaksiyasını görməmişdim, rəngin iyisini (ətrini), səsini bu qədər aydın duya, eşidə bilməmişdim, ağrının (əzabın) soyuğunu (və ya hərarətini) canımda bu qədər hiss etməmişdim, daxili-mənəvi “büdrəmələr”ə bu qədər məruz qalmamışdım...

Bütün bunları öz “Seçilmiş əsərləri”nizlə mənə yaşatdığınıza görə sizə minnətdaram...Təkcə mənəmi?..

525.az

# 2851 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
# # #