Uşağı niyə öldürürsən?! – Bircənin Romanı

Uşağı niyə öldürürsən?! – Bircənin Romanı
4 oktyabr 2019
# 09:00

Kulis.az "Cəhənnəmdən keçmiş mələk" avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Vaxt bitib vədə tamama yetəndə məktəbin qarşısı yenə adamla doldu. Mən bir az tez mövqe tutub özümü qapının lap ağzına vermişdim. Polis məni durduğum yerdən aralaşdırmaq istəyəndə ovcuna pul basdım, özü aralaşdı.

Hər kəs içəridən çıxan uşağını yeltələyib gedirdi. Caviddən hələ əsər-əlamət yoxuydu. Yerimi Hakimə telefonla isnad vermişdim, mən onu görməsəm də bilirdim hardansa gözünü mənə zilləyib.

Cavid çıxışda görünmədikcə beynimə qara-qura dolurdu, deyirdim bəlkə qaçıb ayaqyoluna, orda onu qan aparır? Belə-belə qaramat fikirlər məni tıncıxdırdıqca gözüm qardaşımı gəzirdi, həyəcanımı ona da ötürmək istəyirdim.

Məktəbin həyətində adam lap seyrələndə Hakim yanıma gəldi; qorxu-ürküsünü içində daldalamağa çalışsa da o da mən qədər gərgin idi. Bilmirəm özünə təskinlik verirdi, yoxsa mənə:

- Ay dəli, qorxma, - deyirdi, - müəllimləri ona tapşırıblar ki, hoppanıb hamıdan qabaq çıxma, yazdıqlarını dönə-dönə yoxla, sənə get deyilməyincə yerindən tərpənmə.

O bu sayaq danışdıqca mən bir balaca toxtadım. Bacı-qardaş həyəcanımızı bir yerə qatıb gözlədik.

Axırı Hakim dediyi kimi oldu – Cavid ən sonda çıxdı, bürüşük, əzik-üzük qoftada gülə-gülə üstümüzə gəldi. Onun bizə çatmağını gözləməyə səbri yetməyən Hakim bağırdı:

- Oğlansan, yoxsa qız?

- Tək coğrafiyanı zəif yazdım, qalanından arxayınam.

Məni əsməcə tutdu. Cavidin bığ yerində laxtalanmış qanı görəndə bayaqkı qorxum, həyəcanım üstümə qayıtdı, titrətməm artdı. Qardaşım süpürləyib oğlumun ayağını yerdən üzdü:

- Sənə qurban olum, ay qırx ildə bir görünən dəvə karvanı, gedək evə, axşamı gözləyək.

Maşına oturanda Hakim gətirdiyi torbanı ətəyimə atdı: arası lüləkababla dolu çörək idi, bir də Cavidin xoşladığı şirələr.

- Evə çatanacan bunları bükdərin, gedək görək Lalə neyləyib.

Əllərimə baxdım, qurumuş it peyini gözümdə canlandı, tez torbanı Cavidə ötürdüm. Cavid kabab dürməyindən bir dişlək almış-almamış Kamil zəng vurdu. Hakim nə qədər “yaxşı yazıb, hər şey qaydasındadı” dedisə də qardaş toxtamadı. Cavid riyaziyyatdan düşmüş suallara yazdığı cavabları telefonla dayısına bir-bir oxumağa başladı, Kamil də hər dəfə o başdan:

- Doğrudu, düzdü, əla yazmısan, - deyib sevincdən bağırırdı...

***

Axşam doğru cavablar televiziyayla elan olunana qədər biz Cavidin səhvini-düzünü aşağı-yuxarı bilirdik. Gün boyunca liseyin fənn müəllimləri növbəylə zəng vurub onun cavablarını qiyabi yoxladılar, hətta təqribi balını da çıxardılar: riyaziyyat – 25 cavabdan 1 yanlış, ingilis dili – 2 yanlış, ədəbiyyat – 1 yanlış, coğrafiya – 10 yanlış.

Lalə bikefləyib ağladı, anam kimi özünü otaqdan-otağa vurdu. Anar yenə dilini itilədi:

- Humay bilər, gedin coğrafiyanı ondan soruşun. Kitabı qabağına qoyan kimi qız gəlirdi çəpərin başına, bu sümsük də (özünə deyilmiş sözüydü) ona baxırdı.

Yenə evə çaxnaşma düşdü. Bundan sonra zəng vuran müəllimlərə Hakim cavab verdi, axşama doğru Cavid yazdıqlarına yaxın gəlmədi. İşi belə görəndə Anar ona bir də sataşdı:

- Allah bilir, yazdıqlarını da kimdənsə köçürüb. İnşallah kəsilər, əsgər gedər, erməni də başına bir güllə vurar.

Bacım onu boğazladı:

- Dilin qurusun!

Anasından qaçıb üstümə gələndə bir qol da Cavid atdı. Uşağın sifəti mətbəx masasının küncünə çırpıldı, sağ gözünün altından qan fışqırdı. Cavidə heç vaxt vurmadığım saz bir yumruq ilişdirdim, Anarı sinəmə sıxdım. Səhərki yalan oldu, indi də civə kimi uşağı qan aparırdı. Yaxşı ki, yeznə ezamiyyətə getmişdi, bu müsibəti görmürdü – hamımız evinə doluşub qırx yaşında tapdığı balasını qanına bələmişdik.

Masanın tili uşağın gözünün altında iri bir yarğan açmışdı. Baldan, yoddan basıb qanı kəsdik, hamı kor-peşman gözünü döşəməyə zillədi. Hakim Anarın əl-üzünü yuya-yuya soruşdu:

- Yadınızdadı nənəm uşaqlarının yaşını necə hesablayırdı?

Hamımız nəzərimizi ona tuşlayıb dinşəməyə başladıq.

- Telli mamanın doğum günü beləydi – müharibədən altı gün sonra, keçəl Mərdan öldüyü gün. Cahangir əminin doğum günü – Şura hökuməti Kərim yüzbaşını güllələdiyi gün. Musa əmimin anadan olduğu gün – Leninin ili günü, Bəndalının camışı qayadan uçanda.

Əzbər bildiyim şeyləri eşitmək maraqlı deyildi mənə, həm də Caviddən yanıqlıydım, ona görə qardaşımın sözünü kəsdim:

- Bunların nə dəxli var ey, gör uşağı nə günə saldı.

- Necə nə dəxli var? Gələcəkdə arvad-uşağı Anardan gözünün altındakı çapığın nə vaxt əmələ gəldiyini soruşanda o da deyəcək: “Cavid ali məktəbə imtahan verdiyi gün”.

Anar ağlamağını kəsdi, fərməcləmiş gözünü əliylə tutub dedi:

- Xala, bax söz vermisən, bu axşam bu peysəri döyməsən sənlə kəndə qayıtmayacam.

- Sən payanı hazırla, balları öyrənək, onu yun kimi çırpacam.

Uşaq naçar-naçar ayaqlarını yerə döydü:

- Ay xala, mən burda payanı hardan tapım axı?

İndi də Cavid şitəndi:

- Ay, babam demiş, siçanqırxan, pıspısasatan, get qaçırdağını yu.

Cavidi divana basıb kürəklərini yumruqladım:

- Səhər başıma açdığın oyunlar elə bilirsən yadımdan çıxıb? Ayaqqabımı cırdın, içəri girənəcən mənim anamdan əmmədiyim südü burnumdan gətirdin. Ayaqyalın gəzdiyimə görə hamı məni dilənçi bildi, başına pul hərləyib ovcuma basdı. Utanmırsan indi də körpə uşaqla hölləşirsən?

Hakim:

- Ay namərd, işıqlaşandan lələdağ olmuşam, o yığdığından mənə də ver, uşaqlar, bunun çantasını tapın gətirin, - deyəndə ağlamaq tutdu məni. - Deyirəm axı bu niyə o keçəl küknardan aralanmırmış.

- İt poxuyla beşdaş oynayırdım, ona görə aralanmırdım.

Məktəbin həyətində başıma gələnləri bacı-qardaşıma danışanda gah güldülər, gah pisikdilər. Bundan sonra Cavid dinməz oturdu, yalnız testə düşmüş sualların doğru cavablarının elan olunmasına az qala qəfil dilləndi:

- Telefonu nə vaxt alırsan?

- Hələ bir görək nə yığmısan.

- Özün demədin imtahanın səhəri alacaqsan?

Gözləriylə məni az qala döyən Anara baxdım:

- Qoy birinci xeyir xəbəri alaq, sonra səni yaxşıca yeddiləyim, ondan sonra dediyin məsələyə baxarıq.

- Mən kəndə telefonla qayıtmalıyam.

- Hələ bir səni yaxşıca şumlayım, baxarıq.

- İndi sən məni gerçəkdən budayacaqsan, yoxsa bu kirpiyə xoş gəlsin deyə yalandan döyəcəksən?

Anar qulaqlarını şəklədi.

- Nənən həmişə necə and içir?

Cavid irişdi:

- Atam oxuyan Quran haqqı.

- Bax nənənin atasının oxuduğu o Quran haqqı səni əzişdirəcəm.

- Onda qaçacam evdən.

- Hara qaçsan tutacam.

***

Saat səkkiz olcaq hamı yığıldı ekran qarşısına. Hakimlə Lalə televizora lap yaxın oturdular. Doğru cavablar deyildikcə qardaşım onları imtahan vərəqindəki cavabla tutuşdurub quşlayırdı, sevinirdi, gülürdü. Onda oğlumla mən də gizli-gizli sevinib dinməzcə baxışırdıq.

Cavidin şübhəli sandığı cavablar da doğru çıxdı. Tək coğrafiyadan axsamışdı, xeyli suala cavab yaza bilməmişdi. Müəllimləri tez bir zamanda oğlumun balını hesablayıb telefonla bizə deyəndə Aqil arvadıyla içəri girdi. Onun gəlişi sevincimizə bal qatdı.

- Bayaqdan qırışıb qalmışam tində, qorxudan evə qalxa bilmirəm. 550 bala nə desən düşür.

Cavid qanadlanmışdı, ara-ara üzümə baxıb şellənirdi:

- Hamı inandı, tək bu (əliylə məni qardaşlarıma göstərdi) mənə inanmadı.

Aqil Cavidi yüngülcə qınadı:

- “Bu” yox, sənin anandı o. İndən belə “o”nu, “bu”nu qoyuruq bir kənara. Sən ya oğul kimi “ana” deyirsən, ya da ananı biz çağırdığımız kimi adıyla çağırırsan.

Gecənin yarısınacan Lalənin açdığı süfrənin başında cəm olduq. Aqil telefonla atamı, Səməndəri, Kamili, əmim uşaqlarını muştuluqladı, oğlumun müəllimlərinə təşəkkür elədi. Qalxıb gedəndə istədiyi telefonun pulunu Cavidin cibinə basdı:

- Sabah ananla gedib alarsan. Paltarlarını da dərs açılana yaxın alacam. İşdi, ödənişliyə düşsən kefini pozma, onu da özüm ödəyəcəm.

Hakim qardaşımızın sözünə söykək verdi:

- Paltarları mənlikdi, bir də bir bahalı saat alacam.

Saat adı eşidən kimi Cavidin gözləri işıldadı. Aqil Anarı da yaddan çıxarmadı, onun da cibini doldurdu:

- Al bu da sənin gözünün yarasına qurban olsun, sən də özünə pal-paltar alarsan.

Qardaşlarım hamımızı sevindirib getdilər. İki bacı tökünüyü yığıb-yığışdırıb kəndə səfərimizi planlamağa başladıq.

***

Dayısının verdiyi pul Anarın başını necə qatmışdısa Cavidi döydürmək yadına düşmürdü. Yatana yaxın Cavid özü ona ilişdi, pulunun birini gizləyib uşağın üzünə durdu:

- Sənin dörd dənə yüzlüyün vardı.

Anar ona sırmanıb pulunu istədikcə Cavid şitənirdi. Aranı düzəltmək üçün pulqabımdan bir yüzlük çıxarıb Anara verdim, uşaq yaxın durmadı:

- Mənim öz pulumu versin.

Başladım Cavidə yalvarmağa:

- Gecə yarıdan keçib, xalandan ayıbdı, uşağın üzü yaralıdı, qaytar onun pulunu yıxılaq yataq.

Cavid üzünə dirəndi:

- Məndə pul-zad yoxdu.

Evə əl gəzdirəndə bacımın dolabının siyirməsində köhnə bir əsgər qayışı görmüşdüm. Qaçıb qayışı qapdım, içəri qayıdıb otağın qapısını açarladım. Qayışı biləyimə dolayıb döşəndim Cavidin canına.

İlk zərbələrdən sonra hələ gülürdü:

- Booy, ana, booy, Bircə, deyən sən gerçəklədin ha!..

Üzüm doğrudan dönmüşdü, gözümə heç nə görünmürdü. Enli toqqa oğlumun canına dəyib şaqqıldadıqca içimdən kimsə mənə “durma, bir az da bərk vur” deyirdi.

Cavid üzüquylu çarpayıya yıxılıb mələfəyə büküldü. Arabir qoluma əl atmaq istəsə də ona yaxınlıq vermirdim. Qollarım işlədikcə gözümdə bir özgə mənzərə canlanırdı...

...Ər evindəydim, Dostum. Şeytan şapalağı boyda biri qovağın altında məni şərləyirdi, üzümə tüpürürdü, verdiyim şirin loxmaları ağzından çıxarıb saçımın içinə atırdı, əlim xamırda başıma ağac endirirdi, sağdığım südün içinə işəyirdi. Arxasınca danışdığım adamları dartıb yanıma gətirib dediklərimi onların üzünə oxuyurdu. Kiminsə qısqırtmasıyla məni daşa basırdı, qaloşlarımı suya axıdıb ayağımı yalın qoyurdu.

Bir sözlə, mən iki cana bölünmüşdüm – bir yarım özümü sevib qoruyan özüm, bir yarım da özümə qənim kəsilən özüm.

Zərbələri endirdikcə ancaq o evi, həyəti, qaynanamı, ərimi, bir də aşsüzənə bənzər taleyimi görürdüm. Elə bilirdim o evdən, o adamlardan, o taledən qisas alıram. Bilmirdim ki, öz canıma qəsd eləyirəm...

Qəfil çiynimə bir əl qondu – Laləydi, qolumu burub kəməri əlimdən aldı:

- Sənin başına hava gəlib, - qışqırdı, - uşağı niyə öldürürsən?!

Sonrası yadımda deyil...

***

Səhəri hamı hamıdan xəcalətli dolanırdı, heç kim dinib danışmırdı. Cavid yatan tərəfə boylana bilmirdim. Lalə arada məni qanlı-qanlı süzürdü. Bacım uşaqları oğlumun yanından çıxmırdılar.

İçimdə sarmaş-dolaş duyğular qaynaşırdı – hər şey vardı, peşmançılıq yoxuydu. On yeddi il dəmyə torpaqda bəslədiyim, gecə-gündüz qulluğunda durduğum, yağışı kəm olanda göyünə məktub yazdığım, çovğuna-borana düşəndə ətimdən-qabırğamdan üstünə çadır çəkdiyim güllü bağımı bir gecədə özüm vağam eləmişdim, gülünü-çiçəyini, gülburnu barını budayıb toz-torpağa bələmişdim. Solar – neylərəm, gün vurar – neylərəm səksəkəsindən azad olmuşdum. Daha o bağa girmək, ordakı xarabalığı görmək istəmirdim. Bundan sonra nə olacağına Zaman həzrətləri özü qərar verəcəkdi.

Bu şəhərdə yolumu gözləyən ev də gözümdən düşmüşdü. Bir addım atıb uşağıma yaxın gedə bilmirdim, balamın üzünə çıxa bilmirdim. Düşünürdüm üz-üzə gəlsək ikimizdən birimiz çökəcəyik...

Hakim qəfil külək kimi içəri girəndə günümüzü-halımızı görüb mat qaldı:

- Nolub, gəmiləriniz batıb? Elə bil bu evdə tələbə-zad yoxdu.

Sonra mənim üstümə qıcanıb:

- Keçəl Suğra kimi nə özünü felmanlığa qoymusan, - dedi, - sevinmirsən ki, birdən gözə gələrsən?

Hakimin səsinə çıxan Anar özünü aramıza atdı:

- Dayı, bura gəl, gör Cavidə nolub, hər yeri ağrıyır, dura bilmir.

Hakim devikdi, Lalənin təkcə gözlərinin içi ağ olan qapqara çoxbilmiş qızı hər şeyi açıb ortaya tökdü:

- Dayı, siz gedən kimi xalam Cavidi döydü.

- Döydü döydü də, - Hakim dedi, - anam məni o qədər budayıb ki. Bunun anasının nə gücü var o boyda oğlanı ağrıda. Çağırın gəlsin gedək ona telefon alaq.

Anar sevincək özünü Cavidin yanına verdi. Bacımın pərişan halından qardaşım əməllicə quşqulandı:

- Axşam sizi oynaya-gülə qoyub getdik, noldu bizdən sonra yediniz bir-birinizi?

Lalə mənə sarı baxmadan:

- Onu əziz-xələf bacından soruş, - dedi, - qapını daldan bağlayıb uşağın qabığını soydu.

Hakim mənə acıqlı baxıb uşaqların yanına getdi. Otağa girməyiylə bağırmağı bir oldu:

- Sənin qolun qurusun! Deyən bu arvad hayıxıb, uşağı gör nə günə qoyub!

Hakim o yanda vaysınıb məni söyüb qarğısa da heç nə eynimə deyildi, hərdən arsız-arsız gülürdüm. Az sonra qardaşım otaqdan çıxıb üstümə yeridi:

- Eşşək Zalxa (kəndimizdə bu adda-nişanda bir arvad vardı, isti-soyuq, qəm-kədər ona əsər eləməzdi, gün axşamacan bir qarın çörəyə işləyərdi; deyilənə görə atası ölən gecə meyidin yanına uzanıb səhərəcən xoruldayıbmış) kimi deyəsən heç nəyi vecinə almırsan, gəl görüm uşağı niyə bu günə salmısan?

Qolumdan tutub darta-darta məni Cavid yatdığı otağa sürüdü. Oğlum qurşaqdan yuxarı lüt soyunub oturmuşdu çarpayıda, qolları, kürəkləri mor tut kimiydi, sir-sifəti şişmişdi. Hakim onun canına əl gəzdirdikcə Cavid inildəyib onun əlini geri itələyirdi.

- Ay qansız, nə təhər qıydın uşağa! Gör neçə ildi kitab-dəftər əlində çöllərdə girinc qalıb, xalxın uşağı kimi azad, sərbəst dolanmayıb. İndi canı qurtaran vaxt vurub uşağı şikəst eləmisən.

- Neyləyim, Lalənin balalarının ətini yeyir. Neçə ildi yanıqlıydım ondan, həm də Anara söz vermişdim.

Anar ürkək-ürkək Hakimin üzünə baxdı:

- Dayı, vallah mən elə-belə demişdim.

Sonra cibindən bir yüzlük çıxarıb Cavidin qucağına qoydu, onun boynuna sarılıb ağlamsına-ağlamsına:

- Bir də sənlə dalaşmayacam, - dedi.

Cavid pulu qaytarıb Anarın cibinə dürtdü. Lalə gətirdiyi yaş dəsmalı Cavidin kürəyinə sərib Anarı boğazladı:

- İşlərbaşı sənsən ey, a qırx qazanın mayası, uşağı bu günə sən saldırdın!

Cavidin moralmış canına baxdıqca qardaşım dizinə döyüb vaysınırdı:

- Ay əcvəl, özünü niyə sərdin bunun qabağına? O kəməri əlindən alıb bu ətdən yeyib qızarmışı verə bilmirdin onun qabağına?

Hakimin qışqır-bağırı, yumruğunu qaldırıb üstümə cocumağı Cavidin ürəyini yumşaltmışdı:

- Adam anasını döyməz.

- Döyər, lap o yana da keçər. Kim sənə deyib ananı döymək olmaz?

- Müəllimlərim.

- Allah sənin müəllimlərini göy kimi dirəksiz saxlasın, amma gərək bunu döyəydin, bu ana deyil ha.

Hakim bu fəndlərlə Cavidin içindəki kin-küdurətin qədərini, çəkisini ölçmək istəyirdi.

- Yazıq Fəti belə yerdə deyirmiş ey, anan olmaya, yabanı götürüb soxasan qarnına.

Qardaşım kəndimizdəki məşhur məsəli yada salanda hamının üzünə təbəssüm qondu...

Əzazil anası Fətinin arvadına dağ çəkirmiş. Yazıq gəlin gün axşamacan evin-eşiyin işiylə, uşaqların qarğaşasıyla əlləşib gecəni gözləyirmiş ki, canını dincə qoysun. Gecə düşəndə qaynana bir xaral yunu ortalığa sürüyüb deyirmiş:

- Bir daraq da sən götür, səhərə kimi bu yunu darayaq. Üç qızın var, ərə gedəndə onlara nə verəcəksən?

Gəlin də qorxusundan otururmuş darağın, cəhrənin dalında. Gün çırtlayanda qaynana gəlinə yeni göstərişlər verirmiş:

- Di dur iti qarqaradan aç, inəkləri sağ örüşə ötür, samovarı qaynat dəmlə, mənə də quymaq çal, gecəni yatmamışam.

Beləcə, gəlin köhnə günlə üzülüşməmiş yeni günə başlayırmış. Fəti də cəhrə qırağında xorna çəkən anasına qanlı-qanlı baxıb dişiylə bağırsağını didirmiş:

- Anan olmaya, yabanı götürüb soxasan qarnına, - deyirmiş. - Bunun əlindən arvadımın üzünü görə bilmirəm. Mənim taylarımın arvadı ildə iki dəfə doğur, mən də bu yaşımda qısırlamışam...

***

Hakim Cavidi yedirtdi, Lalənin balalarına bir az turş üz göstərdi. Uşaqlar Cavidin şallaq görməmiş kürəklərinə, qapaz dəyməmiş başına, şillə yeməmiş üzünə baxıb sağdan-soldan ona qısılırdılar.

Cəzamın xeyri də oldu – ondan sonra Anarla Cavid bir də öcəşmədilər. Bacı-qardaşımın mənim üstümə gəlməyi oğlumu xeyli yumşaltdı. Elə bilirdim bu hadisə mənlə oğlum arasında bağları qoparıb artıq, elə bilirdim bir daha göz-gözə gələ bilməyəcəyik. Ancaq elə olmadı, hamının onun başına yığıldığını, məni dindirmədiklərini görən Cavid günün birində qançırlı qollarını boynuma dolayıb başını çiynimə qoydu:

- Özünü az qarğı, - dedi, - sən düz elədin, mənə haqq oldu.

Səməndər, Kamil, Rüfət durmadan bizi kəndə çağırırdılar. Ancaq Cavidi o halda onların üzünə çıxarammazdım, ona görə də şəhərdə bir az ləngiyəsi olduq. Bu fürsətdən faydalanmağa çalışan bacım dedi:

- Bəlkə gedək evinizə baş çəkək, bir əl gəzdirək?

Ev adı gələndə titrədirdim, məni böyük şəhərin zəhmi, xofu basırdı.

- Yox, hələ yox, - dedim, - gedək qurbanlarımızı kəsdirək, sonra birdəfəlik yığışıb gələrik.

Ağrıları səngiyən kimi Cavid Hakim dayısıyla dükan-bazarı gəzib almalılarını aldı, özünün dediyi kimi, gecələr yuxusunda da gördüyü telefona qovuşdu. Sonra iki bacı köçümüzü tutub kəndə qayıtdıq.

ardı var

# 6641 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #