“Qadın gülərsə” müsabiqəsinin qalib yazısı

“Qadın gülərsə” müsabiqəsinin qalib yazısı
28 mart 2019
# 16:31

Kulis.az Cahanxanım Seyidzadənin “Qadın gülərsə” yazı müsabiqəsinin qalibi olan yazısını təqdim edir.

Cahanxanım Seyidzadə 1993-cü ildə Masallı şəhərində doğulub. 2010-cu ildə il Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 2014-2016-cı illərdə Bakı Dövlət Universitetində “Dünya ədəbiyyatı” ixtisası üzrə magistr təhsili alıb. Hal-hazırda həmin universitetin “Dünya ədəbiyyatı” kafedrasının doktorantıdır.

Kimdir qadın?

Kimdir qadın!

Kimdir qadın...

Bu cümlədəki durğu işarələrindən sual işarəsi, sözün əsl mənasında qadının kim olduğunu öyrənmək istəyənlərə, nida kişilərə, üç nöqtə isə qadınlara məxsusdur.

Orta əsrlərdə, daha da dəqiqləşdirsək, XII əsrdən XVIII əsrə qədər davam edən, XV əsrdə isə kuliminasiya nöqtəsinə çatan “cadugər ovu” qadınlara qarşı yönəlmiş bir hərəkat idi. Bu hərəkat nəticəsində minlərlə qadın dul, kişilər olmadan yaşaya bildikləri üçün cadugərlikdə günahlandırılaraq öldürülürdülər. Əsrlərdir qadınlığa müxtəlif izahlar, təriflər verilib, çoxsaylı ünvanlar yaraşdırılıbdır. Amma, ancaq, lakin və zira bir qadını, onun hisslərini, gücünü, zəif nöqtələrini o qadının özündən və həmcinslərindən başqa heç kim daha yaxşı bilə bilməz... Hətta Tanrı belə...Nə qədər asicə səslənsə də, bunu yazmaq məcburiyyətində idim. Səbəbini anlamaq üçün çox-çox əvvələ ­– Adəmin hələ Həvvanı tanımadığı vaxtlara qayıtmaq lazım gəlir. O vaxtlara ki, onda Adəm özü kimi torpaqdan yaradılmış, qızılsaçlı Liliti sevirdi. Bəli, Lilit mifologiyada Adəmin Həvvadan öncəki, ilk arvadıdır. Onlar cənnətdə şad xürrəm yaşayır, günlərini gün edirdilər. Lakin hər kişi kimi Adəm də Lilitin ona tabe olmasını istəyirdi. Lilit isə torpaqdan yaradıldığı üçün özünü Adəmlə bərabərhüquqlu sayır, ona boyun əyməkdən imtina edirdi. Adəm də hər kişi kimi bundan narazı idi. Tezliklə Lilit bu münasibətdən yorularaq cənnəti tərk edir. Adəmin yalvarışı ilə Tanrı mələklərini Lilitin yanına göndərək geri dönməsini əmr edir. Lakin Lilit razılaşmır, heç vaxt geri dönməyəcəyini bildirir. Bu azmış kimi bir də şeytan Samuellə nigaha girir. Beləcə, Tanrının qəzəbinə tuş gəlir. Bundan sonra Tanrı Adəm üçün onun qabırğasından itaətkar (guya) Həvvanı yaradır...

Mənə elə gəlir ki, Lilit bütün feminist qadınların başlanğıcıdır, köküdür, səbəbidir və ilkidir. Lakin gerçək budur ki, qadının xəmirində qalib gəlmək mayası heç vaxt olmayıb. Ta yaradılışdan...O daim məğlubiyyəti arzulayıb. Qadını tarixən bu mübarizələrə, hərəkatlara qoşulmağa vadar edən kişilər və qarşılaşdıqları münasibət olub. Məsələn, kişilərin nifrət etdikləri feminizm qadınların acısından doğulub, əslində.

Lap Ramiz Rövşənin “İlan balası” şeirindəki kimi, “mərdi qova-qova namərd edərlər” atalar sözündəki kimi. Qadın bütün mövzularda mərddir: sevgidə, sədaqətdə, ailədə, dostluqda, lakin o həm də balaca bir ilan balasıdır. Onu incitsən, səni nə vaxtsa sancmaq ehtimalı da var...Çünki qadın, genində “itaətkar” Həvvayla yanaşı, asi Liliti də daşıyır.

Yazının əvvəlindəki fikrimə qayıdıram, nə olur-olsun, qadın olmağın sirrini və tərifini onun özündən başqa heç kim ifadə edə bilməz.

Məsələn, türk yazıçısı Nazan Bəkiroğlu qadınları belə ifadə edir:

“Fəth etməyi deyil, daim fəth olunmağı gözləyən qala,

ən çox bir sandalı qoynuna alan dəniz,

və çarəsiz,

və ləkəsiz

və tərtəmiz...

bütün hekayələrin qəhrəmanı,

amma güçsüz,

çünki daim ödəyən

və ödənən əvəzdir qadın...”

Bir də bir kişi şairin yazdığına baxaq: məsələn, Cəmal Sürəyya:

Bir qadını ikiyə böl:.

Yarısı anadır,

Yarısı uşaq.

Yarısı sevgili,

Yarısı sevgi...

Eşidənlər bilməz bunu,

Görənlər anlamaz.

Yarısı rəvayətdir

Yarısı gecə...!

Bu qəbul olunmuş həqiqətdir, bir kişi qadını ya ana, ya sevgili, ya da uşaq kimi görür, qadın kimi görməyi isə nadir hallarda bacarır.

Bəs ən yaxşı kim ifadə edə bilər qadını? Təbii ki, özü və ya başqa bir qadın! Murathan Munganın dediyi kimi qadınlar bir-birlərini “yaralarından tanıyır”.

Həyatda iki cür qadın var. Şeytanı sevən Lilitlər, Adəmi sevən Həvvalar...

Amma hər iki halda sevən qadın bilməlidir ki, nə qədər üstünlüyü olursa olsun, yolun sonunda məğlubiyyət var. Mütləq var...

Çünki qadın hər zaman içindəki akvariumda bir canlıya həyat verməyi öz həyatını yaşamaqdan üstün tutur...

Çünki qadın hər zaman “umur və gözləyir”...

Çünki “qadının bircə yuvası olur”: sevdiyi adam...

Haradan başlayır qadının gücü və zəifliyi?! Sevgisindən, ağrısından, məğlubiyyətindən... Heç kim məğlubiyyətini qəbul etmiş qadın qədər güclü ola bilməz...

Bir çox hallarda qadınlar məğlubiyyətlərini qəbul etmək istəmir və güclü görünmək qiyafəsinə bürünürlər. Lakin məğlubiyyətini qəbul edən qadınlar özlərini hər zaman yaddaşlarda qalmaqla mükafatlandırırlar. Məsələn, meksikalı rəssam Frida Kalo Dieqo Riveraya elə aşiq olmuşdu ki, onun sevgisindən çox, sevdiyi adama təslim olması insanları özünə heyran edir. Bütün həyatı boyu özünü və acılarını, amma bundan da çox sevgisini ifadə etməyə çalışan biçarə Frida ona fiziki əzablarından daha çox mənəvi əzab verən birini sevirdi... 6 yaşında atasıyla gəzintiyə çıxdığı zaman ayağından zədə alan Frida ömür boyu topal qalır. Bu yetməzmiş kimi 18 yaşında bir tramvay qəzası keçirir, 2 il yatağa bağlı şəkildə yaşayır. Rəssamlığını da bu dönəmdə kəşf edən Frida əsl acısını isə bu cür ifadə edir:

“İki böyük qəza keçirdim Dieqo. Biri tramvay, biri sən. Ən ağırı sən idin...”

Onurğasında və ayağında dəhşətli ağrılarla yaşayan bir qadın üçün ondan da ağır olan ürəyindəki qəzadır, əlbət. Lalə Müldür yazır: “Bir qadın hər şeyi unuda bilər, ürəyinin içindəkindən başqa”.

Sevgi qadının keçirə biləcəyi ən ağır qəzalardan biri, birincisi və sonuncusudur:

“Səni sevməyə başlamağımdan uzun müddət keçir, Dieqo. Balaca qız idim o zaman. İndi isə bədəni çürüməyə başlayan yaşlı bir qadınam. Əslində, bütün bədənlər çürüyür, Dieqom. Bütün bədənlər köhnəlir. Amma bir bədənin acı çəkən ürəyi varsa, o, daha sürətlə çürüyür. Mənim də səni sevməyə başladığım o gündən acı çəkən bir ürəyim var. Məni anlamadın demirəm. Sən məni anladın. Ən dözülməz ağrı da bu idi. Sən məni anladığın halda əzab verdin”.

Dieqo ən az Samuel qədər “şeytan” idi. Dəfələrlə Fridaya xəyanət etməkdən çəkinməmiş, son olaraq onu öz bacısı ilə aldatmışdı.

“Mən də səni anlamaq istədim. Sən nəyə güldünsə güldüm, nəyə ağladınsa ağladım. Toxdunduğun qadınlara toxundum. Sənin sevmədiklərini də sevdim mən, Dieqo. Niyə sevmədiyini anlamaq üçün sevdim! Ya da sevməyə çalışdım. Bəlkə də içimdə sənə qarşı olan qəzəbi söndürmək üçün etdim bunu. Amma qəzəbim heç keçmədi. Hər dəfəsində daha çox aşiq olaraq döndüm sənə. Ya da əslində, mən heç getməmişdim. Sənin çirkin olduğunu söyləyən anama nifrət eləmişəm həmişə. Sənə mənim kimi baxa bilməyən hər kəsə nifrət etmişəm. Sənin gözəlliyini görə bilməmələrini heç vaxt anlaya bilmədim. Mənə dünyanın ən böyük acısını yaşatdın sən. Səni sevməyə başladığım andan etibarən hər gün öldüm. Amma sevgilim, bir daha gəlsəydim dünyay, yenə səni sevərdim. Canlı-canlı çürüyəcəyimi bilsəm də!”.

Bu qadın məğlubiyyətinin və gücünün ən gözəl nümunələrindən biridir.

Mənə görə digər gözəl nümunə isə nüfuzlu bir ölkənin baş naziri olmağa qədər yüksələn İngiltərənin Dəmir Ledisi – Marqaret Tetçerin etirafıdır:

“İlk dəfə 19 yaşımdaykən o mənə “Marqo” deyə müraciət etdi. Biz ayrıldıq. O getdi. Getdiyi gündən o adla heç kəsin məni çağırmasına izn vermədim. Niyə? Çünki mən xatirələrə qayıtmıram, çünki mən sadəcə unuduram məni unudanları. 30 il sonra Mayamiyə səfərim zamanı kütlənin içindən “Marqo” deyə bir səs eşitdim. Qocalmış, əynində dilənçi kürkü olan o idi. “Marqo” deyirdi. Heç nə demədim. Mənə ayrılan otağa keçib ağladım. Və o gün anladım ki, mən “dəmir” filan deyiləm, sadəcə qadınam”.

Və o... Bütün kişilərə və dünyaya meydan oxuyan, qadınlara güclü olmalarını, mübarizə aparmalarını söyləyən Vircinia Vulfun ərinə ünvanladığı intihar məktubunun sonuncu cümləsi belə idi: “Məncə, biz səninlə dünyanın ən xoşbəxti idik”. Bir qadın nə qədər uğur qazanırsa qazansın, nə qədər feminist olursa olsun, nə qədər güclü olursa olsun, sonda, ən sonda, lap sonda içində bir kişiylə bağlı olan xatirəni xatırlayır, bununla da məğlubiyyətini qəbul etmiş olur...

Hər əfsanənin, rəvayətin kökündə bir həqiqət payı mütləq olur. Türklərin qədim dastanı olan “Yaradılış”da yazılır ki, qadın kişini yoldan çıxarıb qadağan olunmuş meyvədən yedizdirdiyinə görə uşaq dünyaya gətirməklə cəzalandırıldı. Cənnətdən qovulmaq bəs etmirdi, qadına daha “ağır” bir cəza verilməli idi. Sanki Tanrı deyir ki, sən necə mənim cənnətimdən bir insanı qopardın, mən də sənin cənnətindən hər dəfə bəslədiyin, böyütdüyün canlını alacam, canından can qoparacağam. Əsrlərdir Tanrının intiqamı bitmir. Hər dəfə qadın canından can verməmək üçün çırpınır, sancılar içində mübarizə aparır, lakin hər dəfəsində məğlub olur. Çünki məğlubiyyət qadının alın yazısıdır. Tanrı Lilit sayəsində qadının hansı gücə malik olduğunu, onun bir zəif nöqtəsinin olmayacağı təqdirdə nələr edə biləcəyini bilirdi. Onu ömür boyu əsarətdə saxlaya biləcək cəza... Axı Tanrı hər şeyi biləndir... Qadağan olunmuş meyvə isə lap siyasi oyunlar kimi əvvəlcədən hazırlanmışdı. Tanrı qadının gələcəkdə yarada biləcəyi təhlükəni anlayırdı, beləcə ortalığa uydurma bir günah atıldı və qadın ömürlük “təhlükəsizləşdirildi”. Bütün bunlara səbəb isə Tanrıya itaət etmədiyi üçün lənətlənən Lilit idi. Lilit bütün qadınların Həvvadan əvvəlki gücünü simvolizə edir. Tanrıya belə itaət etməyən qadın əlbəttə, təhlükəlidir. Həə, o mütləq qalib gələcək, amma bir gün məğlub olmaq şərtiylə...

Frida isə bu cəzadan mərhum olunmuşdu. O keçirdiyi qəza nəticəsində heç vaxt ana ola bilmədi, bətnindəki akvariumda heç vaxt canlı bəsləyə bilmədi. Buna görə də o Lilit kimi asi həyat yaşadı. Dieqonu sevsə də, ona dəfələrlə xəyanət etdi, tərk etdi, tabe olmaqdan qaçdı, lakin sonda məğlub olaraq yenə də ona qayıtdı...

Çünki Füruğ Fərruxzadın dediyi kimi məğlubiyyət qadının alın yazısı idi:

Arsızlıqla damğalanan,

Boş kinayələrə gülən mən idim.

Varlığımın səsi olmaq istədim,

Təəssüf ki, Qadın idim..

# 4573 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #