Azərbaycanın ilk postmodernistləri kimdir?

Azərbaycanın ilk postmodernistləri kimdir?
22 avqust 2016
# 11:58

Kulis.az Mehman Qaraxanoğlunun “Gizlədilən ismin niqabıi – “BU” və ya “Pəncərə”dən görünən “Köhnə məhlə”” yazısını təqdim edir.

Bu gün baxdığın pəncərə sabah başqa bir pəncərənin qarnından çıxır. Və orada ilişib qalan dünənki baxışların da uzandıqca uzanır. Nə sən, nə də başqa birisi onu yığıb yığışdıra bilmir. Çünki o, “dünən”lərə dolmuş keçmişdir. Keçmiş isə heç bir zaman qurtarmır…

Keçmişi şərti olaraq qurtarmağın isə iki iksiri vardır: Birincisi, xatırlamaq! Onu xatırlaya-xatırlaya tükədə bilərsən. İkincisi, uydurmaq! Uydur, qoy keçmişin uydurduqlarının altında qalsın. Unutma: “Min bir gecə”ni uyduran xalq, həm də sivilizasiyanın ən ucasını fəth eləmişdi! Kamal Abdulla nəsri bu ikisinin arasında var-gəl edir. Niyə var-gəl?! Bəlkə cavabını özündən alaq: 1) Var-gəl. Yəni gəzinti. 2) Var-gəl. Yəni hıçqırıq. 3) Var-gəl. Yəni məşəqqət. 4) Var-gəl. Yəni pıçıltı. 5) Var-gəl. Yəni qaranlıq. (“Var-gəl” şeiri) Yazıçının nəsrini mütəhərrik edən də bu “var-gəl”lərdir. Ənənəvi hekayəçilikdən uzaq olan mətnlər sanki təkərlər üzərində hərəkət edir və sən də baxış trayektoriyasını tez-tez dəyişməli olursan. Belə demək caizsə, mətn səni də hərəkətə gətirir. Qüsurlu bir müqayisə aparaq: Hələ də çoxuna elə gəlir ki, kənardan oyunu seyr edən məşqçi oyunçuları izləyir. Təbii ki, bu, var! Amma daha çox onu ilgiləndirən topun hərəkətidir. Yaşıl otun üstündə və havada üzən top məşqçini də yerindən oynadır. Məşqçinin, görəsən, on ikinci oyunçuya çevrilməsindən xəbəri varmı? Əsl ədəbiyyat da çevirir və Mətnin içərisinə atır səni…

Və əslində olanla (reallıqla) uydurulan (irreallıq, mistika, magiya) bir çevizin içərisindədirlər. Ona görə də yuxarıda işlətdiyimiz “var-gəl” yerinə düşmür. Və nə yerinə düşür ki?! Əgər yazdıqlarımız yerinə düşsə, hansı qapının kilidinə açar tapmağa cəhd edərik? Və bütün cəhdlərimiz uğursuzluqlarımızı ört-basdır etmək üçün deyilmi? Və nəhayət, bunu indi deməsək, sonra gec olar: Hansı “izm”də yazırsansa yaz, hər şeyin başında realizm durur. Realizm “izm”ləri doğan anadır. Elə Markesin magiyası da realizmin “real” görünməyən balasıdır.

Keçək mətləbə!

Pəncərə halı...

Əgər həyatımız boyu qarşımıza heç olmasa, bir “Bu” çıxmayıbsa, deməli yaşamamışıq. Hər günümüz açılıb və qapanıb: Pəncərə halı...

Pəncərə K.Abdulla nəsrində mistik və simvolik bir metaforadır! (“Mağara” hekayəsini xatırlayın!)Yeknəsəklik, adilik və ya havasızlıqdan bezəndə pəncərələr bizə qurtuluş yolunu göstərir. Görəsən, nədən qurtuluruq? İndiki “an”dan! Bizi yaşadan da, öldürən elə bu “an”dır. O anı tuta bildinsə, bütün insanlar sənə “Apollon kimi gözəl və Zevs qədər möhtəşəm” görünəcək. Bunun üçün sənin gözünə, heç olmasa ata minmiş atlı – kentavr görünməlidir. Hekayənin qəhrəmanı O, “Bu”nu görür.

Kentavr Səadət sarayına burulur. Onun arxasınca dörd şir qoşulmuş arabada oxlu-yaylı gözəl Apollon gəlib keçir. Ona elə gəlir ki, yuxu görür. Əslində məsələnin ən sadə həlli budur. O Həqiqəti ki, qəbul edib çözə bilmirik, ondan qurtulmaq üçün yuxu faktorundan istifadə edirik. Yuxu bizim ehtiyat çıxışımızdı. Necə ki, təyyarə və avtobuslarda belə çıxışlara rast gəlinir. Ən çox qəza zamanı... Əgər həqiqət sənə yuxu kimi görünürsə, demək, sən qəzaya düşmüş kimisən. Vay o şəxsin halına ki, bütün ömrü yuxuda keçib, başqa sözlə, ömürlük qəzaya uğrayıb o...

Səni yuxuya itələyən isə toplumdur. Niyə “O”nun gözünə görünənlər adamların gözünə görünmür? Axı, hər şey həm də onların gözü önündə baş verir. Kentavrlar çoxalır. Elədən belə, belədən elə gedirlər. Gözəl Apollon öz günəş arabasında bərq vurur. İlahi, bəs bu adamlar? Hekayədə bu cümlədən sonra yazıçı üç sual işarəsindən istifadə edir. İstəyirsən, yüz sualdan istifadə et, xeyri yoxdu. Bunlar üçün hər şey adidən də adidir. Lap bu adamların qarşısından dahi Nizami Gəncəvi də gəlib keçsə, yenə eyninə almayacaqlar. Günün günorta çağı görünənlər də tanış məxluqlardır, vəssalam. “O”, acı-acı gülümsünür. Bu da sənin həqiqətin...

Qəribə məxluqların marşrutuna diqqət edin: Səadət sarayı, İstiqlal küçəsi, Sabirin heykəli, amma bir fərqlə, bu dəfə pyedestalda ədəb-ərkanla Puşkin oturub, Nizami muzeyinin yerində isə Paris Notr Dam kilsəsi. “Azərbaycan” kino-teatrının yerində isə Şəki xan sarayı, amma Natəvan yerində oturub, üzündə lal bir heyrət vardır, sanki soruşmaq istəyir: “siz bilmirsiniz bu tərəflərdə nə baş verir?” Mələklər insanlarla birgədirlər. “O” dənizə tərəf gedir. Dənizin yerində nə görsə, yaxşıdı. Ucsuz-bucaqsız səhra. Misir ehramları da yerində. Başı adam başı, bədəni şir bədənli Sfinks yenə də əvvəlki yerindədir. Düşündü, bircə Eyfel qülləsi çatmır. Elə bil kimsə onu dümsükləyir: Yəni sağa bax, bu zaman Teleqüllənin yerinə Eyfeli görür. Bəs indi mən hara gedəcəyəm? Kukla teatrının düz qabağında karetanın qapısı açılır və bir qadın onu içəri dəvət edir. Sonra da dodaqlarının üstündə qadın dodaqlarının tamı... Deyəsən, baş verənlərin hamısı bu tam, bu dad üçündür...

Meqopolisin hamıya tanış olan predmetlərinin yerini dəyişməklə zahirən yazıçı qeyri-adi heç nə eləmir. Əsl həqiqətdə isə adilikdən qurtulmağın bir yolu da əşyaların yerini dəyişməkdi. Hətta evdə də... Amma nəzərə alın ki, baş verənlər həm də dildə baş verir – Cümlədə... Cümlə bu predmetləri ütülü bir səxavətlə öz köksünə sıxaraq bizə yerli-yataqlı nümayiş etdirirdi. Bu günsə zəlzələ effektli yerdəyişimlər başlanıb. Gözümüzü yağır etmiş cümlə konstruksiyaları dağılır. Lakin yazıçı baş verən olaylara soyuqqanlıqla arxa çevirib getmir, özünə gərək olanları qəribə bir sevgi ilə dağıntılar arasından xilas edir. Bunlar isə modern bir təfəkkürlə hasilə gəlir.

“İtirilmiş” modernizmin sorağında...

Hələ də həşəmətli “tənqidçi”lərə (Ona görə qabıqcıqda yazıram ki, “tənqidçi” yerinə araşdırmaçı, təhlilçi olmalıdır!) elə gəlir ki, modernizm könhə zənbillə göydən enən bir zatdı. “Modernizm” bir sözdü, doqquz səs qoruyur onu. Biz onun yerinə “Yeni” yaza bilərik. Bu oldu dörd səs! Belə çıxır ki, burada səslərin davası gedir. Əgər bir qədər də dərinə getsək, “modernizm”in bir italyan sözü olub “çağdaş” anlamını verdiyini görərik. XIX yüzilliyin sonu, XX yüzilliyin birinci yarısında incəsənətin müxtəlif sahələrində - daha çox rəssamlıq, musiqi və ədəbiyyatda özünü göstərib köhnə ənənələrdən ayrılma ilə müşaiyət olunan bir cərəyandır. “Postmodernizm” isə almanca “moderndən sonra gələn” anlamını verir. XX yüzilliyin ikinci yarısında yaranıb incəsənətin müxtəlif sahələrində forma, məzmun və ehkamları inkar edən bu cərəyanın ideoloqları birmənalı şəkildə bəyan edirlər: “Dünya mətndir”, “Mətn-reallığın yeganə mümkün modelidir”. Göründüyü kimi, hər şey gün kimi aydındır. Belə olan təqdirdə oxucularda çaşqınlıq yaratmaq kimə lazımdır? Deyimmi kimə?! Elə “tənqidçi”lərin özlərinə! Modernizmdən yaza-yaza keçmiş “öhdəliklər”indən qopub heç cür modernləşməyən bu adamlar özləri də bilmirlər hara gedirlər. Bilirlər əslində! Ədəbi cameədə, xüsusən, gənclərdə elə bir təəssürat yaranıb ki, istənilən bir şəxsi modernist, postmodernist, realist, sürrealist, bir sözlə, “istedadlı”, “görkəmli”, “tanınmış” edən elə “tənqidçi”lərin özləridir. “Tənqidçi”yə bundan artıq nə lazımdır? Belə eyforik ləzzətdən qaçan “tənqidçi” gördünüzmü? Əsla, yox!

Xaotiklik, çoxşaxəlilik, sinkretiklik, dekonstruksiya, dünyaya ironik baxış, ənənəvi təhkiyəçilikdən qaçış, gözlənilməz psixoanilitik qatqılar, ezoterik keçidlər və s. posmodernizmin başlıca özəlliklərindəndir. Və nəhayət, ənənəvi Dil Düzəninin pozulması... Baxın, bunlar küll halında olanda postmoternizm mövcud olur. İndi insafən, özünüz deyin, bütün bunları sistem halında, konseptual şəkildə hansı Azərbaycan yazarının yaradıcılığında görmək mümkündür? Çoxlu adlar çəkmək olar. Amma bəndəniz isə durub haman adamla mərc gələ bilər ki, yanlışdı. Bir əlamət hələ postmodernizm demək deyil. Olsun iki əlamət. Ən azından gəlib Dildə qapanar.

Ən ağrılı hal postmodernizmi sırf inkarçılıq anlamında qəbul etməkdi. Bəli, burada inkarçılıq vardır. Həkim tərəfindən xəstənin şah damarına yapışdırılan zəlini xatırlayın. Zəli sorur, xəstə qanı sorub damarlardan təmizləyir, lap şişib öləcəyini bilsə də... Postmodernizmdə inkarçılıq o zəli halına bənzəyir. Zəli qanı inkar edir. Çünki ümid var ki, yeni qan doğulacaq.

İndi isə, cənablar, sizi qıcıqlandıracaq cavabım gəlir: Azərbaycan ədəbiyyatında postmodernist tələblərə hələ ki, bütünlüklə cavab verə bilən bir yazarımız vardır: Bu, Kamal Abdulladır! Qıcıqlarınızı bir kənara qoyub trilogiyasının ilkini - “Yarımçıq əlyazma”nı oxusanız, (Səbriniz çatmasa, hekayələrindən başlayın!) bunun şahidi olacaqsınız. Dünya da onu bu cür qəbul edir. Yüz “tənqidçi” yığıla, nə onu postmodernist edə bilər, nə də bu haqqı onun əlindən ala bilər.

Yenə də ciddi bir sual ortaya çıxır: Necə oldu ki, XIX yüzilliyin sonlarından dünya incəsənətini “tərpədən” modernizm bizdən bu qədər yan keçdi? Gəlin, tələsməyək! Təkcə Cavad Mircavadovu xatırlasaq, yetər. İlk postmodernist rəssamımız odur. Bütün halıyla! Sonrakılar onun “şineli”ndən çıxıb. Musiqimizdə modernist əsintilər olub. Q.Qarayevi, F.Əmirovu, V.Mustafazadəni və c. nümunə gətirə bilərik. Lakin onlar müəyyən modern keyfiyyətləri musiqimizə daşıya bildilər. Sonuncuya ömür vəfa etsəydi, yəqin daha böyük uğurlara imza atardı. Xoş halımıza ki, musiqimizdə o yer boş qalmadı. Dünya möhtəşəm bir musiqiçini – posmodernist Firəngiz xanım Əlizadəni tanıdı. Sadə sıralanma belədir: C.Mircavadov, F.Əlizadə və K.Abdulla.

Biz İlk-lərin adlarını çəkdik. Bu gün həm musiqi, həm rəssamlıq, həm kino, həm ədəbiyyat və heykəltəraşlıq sahəsində çox sayda gənclərimiz vardır ki, modern düşüncələri ilə dünyanın diqqətini cəlb edə bilirlər. Bizə sevinmək qalır!

“Köhnə məhlə” qayıdır...

O, sonda (Bəlkə əvvəldə?!) üzünü iş yerindəki pəncərənin çatlamış şüşəsinə (“Pəncərə”) dayayır. Yuxuda yanından keçən qızlar ayaq saxlayıb gülüşə-gülüşə deyirlər: “Aaa, buna nə olub, bu niyə ağlayır?” Belə çıxır ki, bunların hamısı yuxudur. Belə çıxır ki, bunların hamısı gerçəklikdir. Belə çıxır ki... Nə? Biz nəyi nədən ayırmağa cəhd eidrik? Yuxunu gerçəkilikdənmi?! Gerçəkliyi yuxudanmı? Bu, mümkündürmü? Yaşadıqlarımız yuxudu, yoxsa gerçəklik? Sən rahat-rahat deyirsən: Mən yuxu görürəm! Niyə demirsən mən gerçəkliyi (Həqiqəti!) görürəm! Çünki qorxursan. Həqiqəti dilinə gətirməkdən qorxursan. Ona görə də yuxudan “faydalanırsan”

K Abdullanın “Pəncərə”si sanki dünyanın ən qədim Səhrasının Tozu ilə örtülüb. Məhz o toz onu əsrarəngiz edir. Bəs “Köhnə məhlə” oradan necə görünür? Daha doğrusu, necə görünə bilər? O tozu alandan sonra bəlkə nəsə görünə? Bu da mümkünsüzdür. K.Abdullanın şeirlərindən tutumuş esselərinəcən, dram əsərlərindən tutmuş hekayə və romanlarınacan o sirli tozdan nəsə vardır. Hətta elmi araşdırmalarında da qədim dünyanın İlk Səhra-sından nəsə vardır.

O tozun arxasından baxanda isə reallıq irreallığa, yuxu gerçəkliyə, ayıqlıq sərxoşluğa dönüşür. Və ya əksinə, onların yerini tanımaq olmur. Baxaq “Bilgə əhvalatlarından” birinə. Buna şərti olaraq “Köhnə məhlə” adını verək. Əhvalatın tən mərkəzində dil boğaza qoymayan Rüstəm kişi durur. Düz tapdınız, o, hökmən sərxoş olmalıdır. Dostlarla yeyib içəndən sonra yalvarır ki, məni köhnə məhləmizə aparın. Yerini də dəqiq deyir: Petra Montinə! Hamı bir-birinin üzünə baxır: Gecənin bu vaxtı nə köhnə məhlə?! Daha çox vaxtilə qapıbir qonşusu olan Muxtardan yapışır: “Axı sən bilirsən...” Muxtar nəyi bilir? Məhz nəyi? Bu sirli “nə?” sual olaraq qalır.

Rüstəm kişi köhnə xatirələrin birində ilişib qalıb. Buna əvvəl dostları məhəl qoymur. Tədricən Rüstəm kişinin sərxoş beyni dışa açar sözlər sıçradır:

“— Yatmaq istəmirəm, Muxtar. Mən məhləyə getmək istəyirəm. Mən o adamdan bir kəlmə söz soruşacağam, Muxtar. O adamdan… mən yatmaq istəmirəm…”

Hekayə maraqlı bir struktur üzərində qurulub. Bunu bu cür də adlandırmaq olar: Sərxoşluğun ayıqlığı, ayıqlığın sərxoşluğu üzərində! Sərxoş Rüstəm “ayıqdır” Elə ki, rahat-rahat yatıb xorultusu aləmi başına götürəndə az qala bir qədər əvvəl onu lağa qoyan dostları sərxoş bir hala düşürlər. Əbülfəz qaşqabaqlıdır, Məlik başqa bir dünyaya uçub gedib, qaşları çatılmış Validin üzünə qəribə bir təbəssüm qonub, Etibar özü ilə danışır, Muxtar gücünü verib siqaretə. Heç kəs danışmır. Əslində hamı danışır... Rüstəm köhnə məhlə ilə bağlı ortaya elə bir ağır xatirə daşı qoyub ki, heç kəs ona yaxın düşə bilmir. Məlum olur ki, sərxoş Rüstəmin ruhundan sallanan həmin bumbuz xatirə sırsırasında dost nəfəslərinin də “naxışları”vardır...

Təhkiyəçi sanki xəbərdarlıq edir: Xatrirələrinizdəki sirli məqamları vaxtında çözün. Yoxsa, onlar heç bir zaman yaxanızdan əl çəkməyəcəklər. Müştərək xatirələr daha üzücü olur. Çünki onun əhatə dairəsi genişdir...

Bəs çıxış yolu? Bu sual hər iki hekayəni ruhən birləşdirir. Çıxış yolu mətnin əvvəlində söhbət açdığımız “İndiki An”dır. Biz pəncərələrimizi açıb dışa boylanarkən də, sərxoş dostlarımızdan biri gözlənilməz bir məqamda “Məni köhnə məhləyə apar” deyərkən də o anı tutmalıyıq. Elə ki, O An-ı tutduq, bütün insanlar bizə “Apollon kimi gözəl və Zevs qədər möhtəşəm” görünəcək...

# 2122 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #