Fikrət Qoca: “Belə üzlə adam şair olmur”

Fikrət Qoca: “Belə üzlə adam şair olmur”
3 sentyabr 2015
# 15:04

“Xırda səhvlərim tez-tez olur. Bu yəqin qocalığın birinci əlamətidir. Amma deyim ki, qocalıqda belə səhvləri eləmək xoş olur. Özü də o adamların yanında ki, onlar sənin balan kimidir”.

Bu sözləri APA.TV-nin "Üç dama" verilişində xalq şairi Fikrət Qoca deyib.

O bildirib ki, səhv edəndə onu qayıdıb düzəltməklə heç vaxt maraqlanmayıb: “Səhvi elədinmi, üzr istə, get işini gör. Ümumiyyətlə elədiklərini yüz ölçüb bir biçməlisən. İnsan qəlbini qıracaq şeyləri birbaşa eləmək olmaz. Həmişə düşünmüşəm ki, səhvi edən adamı öyrətmək düzgün deyil. Amma elə eləmək lazımdır ki, o vəziyyəti anlayıb bir də təkrarlamasın"

Fikrət Qoca səhvlərinin günah boyda olmadığını da qeyd edib. Həmçinin bildirib ki, çox günah etsəydi səksən yaşa çatmazdım: “Uzunömürlü olmağın bir yolu da sən həmişə yaxşılıq eləməyə və yaxşı həyat tərzi keçirməyə çalışırsan. Əslində yaxşılığı qarşındakı adamdan çox özünə edirsən. İnsanın içində bir mələk var, bir şeytan. İnsan əməlləri ilə o ikisindən birinə mütləq kömək eləyir. Və sən yaşlananda ona oxşayırsan, ya mələyə, ya şeytana. Mən indiyə qədər şeytana kömək eləmiş olsaydım onu özümdə mütləq görərdim. Siz də görərdiniz. Hamıdan gizlədə bilsəydim belə o şeytan mütləq yazılarda üzə çıxardı. Orda onu gözlətmək olmur. Ona görə düşünürəm ki, mən daha çox içimdəki mələyə kömək eləmişəm”.

Müsahibimizin fikrincə insan doğulduğu gündən yaşlanmağa başlayır. Və elə o gündən də insanı hərtərəfli məhdudlaşdırmaq istəyir ətrafı: “İnsan dünyaya gələn kimi onu bələyirlər. Əl-qolunu bağlayırlar ki, düz durub tərpənməsin. Bax o bələyin özü məhdudiyyətdir. Və insan o məhdudiyyətlərlə mübarizə aparmağa başladığı andan həm də yaşlanmağa doğru gedir. Bir də insanı hər kəs özünə oxşatmaq istəyir. Ata, ana, bacı, qardaş. 30-40 yaşa qədər bu cür olur. Ona qədər nə alındı alındı, alınmadısa deməli, alınmayacaq. Və alınmadığını anlayanda insanlar sakitləşir, kənara çəkilməyə başlayır. Qırx yaşdan sonra daha təzyiq eləmirlər. Və sənin ona qədər elədiklərin özünə qayıtmağa başlayır. Qırx yaşınıza kimi çalışın özünüzü qoruyun. Qoruya bilsəniz məcbur olacaqlar sizə hörməti artırmağa, məqamında kömək edəcəklər, hətta bir az da şişirdəcəklər sizi. Sizi şişirtməyə başlayanda ehtiyatlı olun. Çünki ağzınızdan çıxan pis bir sözü də bəh-bəhlə tərifləməyə başlayanlar sizə pislik edən adamlardır”.

“Bəzən hamıya elə gəlir ki, səni məhdudlaşdırdı. Anlamırlar ki, yolunu kəsmək, əl-ayağını bağlamaqla insanı məhdudlaşdırmaq olmur. Yol, əl, ayaq, söz dediyin dil hələ insanın özü demək deyil. İnsan adamın içində olur. Və o həmişə azaddır. İnanın zindanın küncündəki adam dünyanı gəzib qayıda bilər. Azad yaşaya bilər. Elə bilər cənnətdədir. Yox əgər o daxilində azad deyilsə, qul doğulubsa hara qoyursan qoy, xeyri olmayacaq. Lap gedib şah olsa da gözü həmişə axtaracaq ki, görsün kim ona nəyi necə eləməsini söyləyəcək”.

Şair gənc yazarlara münasibətindən də bəhs edib: “Gənc yazarların pisi yoxdur. Gənclik özü elə gözəl mərhələdir ki, onu yaşayana pisdir demək olmaz. Qaldı yazdıqlarına hər kəs öz hissini, düşüncəsini yazır. Məsələn biri qızılgül alır, o biri yabanı bir çiçək dərib gətirir. Mahiyyətcə ikisi də gözəllik gətirib. İndi biri yaxşı, o biri bir az ondan zəifdir deyə ona pis demək olmaz. Çünki o sevgisini, məhəbbətini dərib gətirib. Şairlik on metrliyə qaçış deyil. Bu ən azı yüz min metrliyə qaçışdır. Sən gərək hər addımı, nəfəsi hesablayasan ki, gedib mənzil başına çatasan”.

“Bizim olduğumuz meydan heç vaxt boş qalmayacaq” deyən Fikrət Qoca aid olduğu nəslin layiqli davamçılarının, gənc şairlərin yetişdiyini dilə gətirib: “Bir də ona arxayınam ki, məndən də nəsə qalacaq”.

Həmsöhbətimiz bildirib ki, Azərbaycan Yazıçılar Birliyinə yetərincə maliyyə ayrılıb. Amma bir məsələ var ki, o, maliyyədən istifadə etmək ixtiyarını gərək yazarlar qazana. “Mən sovetlər zamanı Çe Gevara haqqında yazmaq üçün onun mübarizə apardığı, yaşadığı yerlərdə oldum. Ora getmək üçün pulu eldə eləmək o zaman mənə də çətin idi. Çünki onda mən də gənc, hələ sözünü deməmiş biri idim. O üzdən Çe Gevara haqda yazılar yazdım. Və artıq mövzunu genişləndirmək istədiyimi aidiyyatı qurumlara bildirəndə yazdıqlarım mənim əlində araşdırmanı davam etdirmək məqsədindən xəbər verən ciddi əsas idi. İndi “məni göndərmirlər ” deməklə iş düzəlmir. Gəzməyə göndərsələr öz ailə üzvlərini göndərərlər də”.

Fikrət Qocanın fikrincə kimlərsə biləndə ki, görülməsi lazım olan işi sən bacararsan, özləri gəlib sənin əlindən tutub xahiş edəcəklər. Yazıçılar Birliyinə üzvlük məsələsinə gəlincə həmsöhbətimiz deyib ki, gələnlərin hamısının göz üstə yeri var. Onun sözlərinə görə YB indiyə qədər heç bir gənci qapıdan geri qaytarmayıb.

”Gəliblər, prezident təqaüdü alıblar. Ona görə təqaüd verilib ki, bilmirik o insanın “dibində” nə var. Bir-iki şerini oxumuşuq, görmüşük yaxşı yazır, YB-ə üzv götürmüşük. İstəmişik özünü göstərmək şansı olsun. Amma birliyə üzv olandan sonra iddiaları dəyişib. Eləsi var gəlib yalvarıb, adam salıb, anlayıb qəbul eləmişik. Biri vardı adı Ağayardır, ya Şərif Ağayardır deyəsən. Birliyə gəlib. Üzv qəbul etmişik. Təqaüd alıb. Amma təqaüdü alıb bitirən ili başladı Yazıçılar Birliyini pisləməyə. Dedi ki, guya gənclərə münasibət pisdir. Mən də deyirəm ki, bəs bunu o pulu, təqaüdü alanda deyəydin də. Niyə təqaüd bitəndən sonra danışmağa başlayırsan ki?! Belə üzlə adam şair olmur. Sabah özün özündən iyrənəcəksən. Bir gün oturub hesabat verəcəksən özün-özünə”.

Şair hesab edir ki, onun həyatımda kəsilib kənara atılacaq nə isə yoxdur. O insan həyatında baş verən faciədən də dərs almalıdır qənaətindədir. “Dərs aldığın həm də sənin müəllimindir. Kəsib atmaq olmaz” deyə o vurğulayıb.

“Fikrət Qoca adından başqa nə qazanmısınız?” sualını şair belə cavablandırıb: “Qazancım bu gün gəlib burda oturmağımdır. Sizin məni sayıb çağırmağınızdır. Hər şey qarına xidmət eləməklə bitmir”.

Daha sonra o, yaxın dostu Əkrəm Əylisli ilə münasibətlərindən danışıb: “Əkrəmlə olanlar mənim ondan imtinam deyil. Yaşayırsan və anlayırsan ki, bu adamla davam eləmək olmur. Ya da elə bura qədər idi. Əkrəm ailəmin üzvü kimi idi. Anama ana deyirdi. Qardaşlarım ona Əkim ağa deyirdilər. Yaramadı. Adam var hər şeyə dözür, amma şöhrətə dözə bilmir. Şöhrəti artdıqca ona elə gəlir ki, heç kim olmamalıdır ətrafında. Bu xəstəlikdir. Müalicəsi çətindir. Özü də bu müalicəni o adam özü-özünə edə bilər ancaq. Əkrəm o müalicəni eləmək istəmədi. Mənim anam öldü. Anam ona məndən artıq qulluq eləyərdi. O anamın yasına gəlmədi. Əksinə o günlərimdə başladı mənə sataşmağa. Elə bilirsiniz belə eləməsi mənə ağır deyil? Ağırdır. Amma mən o ağırlığı öz içimdə daşıyıram. Əkrəmdən çox ona görə çəkdiyim əziyyət mənə yaxınlıq, dostluq eləyir. Əkrəmi ruhumda, beynimdə niyə sürüməli idim ?! Mənə Əkrəmi qoparmaq çətin idi, amma elədim”.

O dostu, bəstəkar Ramiz Mirişli ilə münasibətlərindən də danışıb: “Yüzdən artıq mahnı işləmişik Ramizlə. O, dünyasını dəyişdi. Mən sürünüb getmişdim onunla vidalaşmağa. Səhhətimdə problemlər var idi Ramizin cənazəsinin ardınca məzarlığa gedə bilmədim. Bu günə qədər elə bilirəm ki, o tabut, Ramizin tabutu mənimlə gəzir. Mən də onu sona qədər gəzdirəcəyəm. O mənə ağırlıq eləmir. Çünki dost ağırlığıdır”.

# 1406 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #