Tək şahidim - TANRIM

Tək şahidim - <span style="color:red;">TANRIM
14 iyul 2017
# 16:37

Reyhan Məcidli

Uzaqdan sənə baxdıqda şaxələnmiş, əzəmətli budaqlarınla mənə gəl deyirdin. Külək əsdikcə arxasını Günəşə çevirən Yarpaqların elə parlayırdı ki, sanki gülümsəyirdin.

Bir əlində qılınc, digərində qalxan igid əsgər kimi qarşılardın məni.

Məktəbdən evə dönər-dönməz həyətdə ayaq saxlar, öncə mütləq sevdiyim budağına dırmaşar, sənə sarılardım. Bu, artıq mənim üçün rutin idi. Məni gah bir, gah da digər tərəfə yellərdin. Sanki Anamın qollarında hiss edərdim özümü. Qucağında qorxmaz və çox cəsur idim.

Məni əzizlərmiş kimi şəfalı Yarpaqlarını üzümə toxundurardın. Mən də onları sevdiyimdən yağışlı günlərdə qopub yerə düşənləri yığar, çürüməyə qoymazdım. Sonra Sən həsrətlə arxalarınca baxmayasan deyə, Küləyə də verməzdim onları. Yarpaqlarının arasından sızan iti Günəş şüalarına kiçicik barmaqlarımla toxunmağı sevərdim. Sənsə Günəşi mənə qısqanar, dərhal kölgə qalxanını başıma çəkərdin. Hər kəsdən küsdüyüm zaman bağa qaçıb sənə sığınardım. Sən də məni bağrına basar, nazımla oynardın…

Çiyninə alırdın məni axşamlar… Hər kəsin ərişə bilmədiyi ən yüksək nöqtədən, ən uca məqamdan, sənin boynunu sıxaraq birgə izlədiyimiz, seyr etdiyimiz insanları xatırlayırsan?!

Günəşin qürub çağında, insanların küçələrdə qaynaşdığı, hər kəsin ocaq başına tələsdiyi vaxt... Bu küçələrdən kimlər keçdi, daha nələrin şahidi olmadıq səninlə...?

Dostlarımla oynamağa çıxmazdım. Onları sənlə birgə yuxarıdan, ən yüksəkdən izləmək, hamını, hər şeyi ovcunun içində hiss etmək keyif verirdi. Arxadan atılan daşların kimin tərəfindən və nədən atıldığını bir tək biz görürdük. Uşaqlar gizlənqaç oynayanda hamının yerini biz bir-birimizə onlardan öncə pıçıldayardıq. Xoşbəxt görünən valideynlərin yenicə ayaq tutan övladlarının ilk addımlarını necə şükranlıqla qarşıladıqlarının şahidiyik biz.

Sevgililərin mübahisələrini, səbirsizcə, danışmağa macal tanımadan bir-birilərinə çəkdikləri şillələri, onların dramatik həyatlarını film kimi izlərdik. Mən bundan duyğulanar, kövrələr, sənsə çox acıqlanardın. Mənim suallarımı cavabsız buraxardın…

Yaşlı insanların pıçıltılarını, bir-biri ilə şirin söhbətlərini eşitməsək də, üz cizgilərində onların bütün həyat yolunu yorumlayardıq öz aramızda. Cocuq təfəkkürümlə yaşlı insanları oxumaq istəyim sənə həzz verirdi. Axı sən də yaşlı idin…

Sənin qollarından nəhəng təbiət tablosunun necə dəyişdiyini, fəsillərin, rənglərin və qoxuların necə sürətlə bir-birini əvəzlədiyini hədsiz maraq və təəccüblə izlərdim. Sanki kimsə bu nəhəng tablonun üzərində oynayırdı. Heyran qaldığım, əsrarəngiz təbiət mənzərəsi, rənglər və çalarlar sürətlə yenilənir və dəyişirdi.

Elə mən də dəyişirdim, yetkinləşirdim. Böyüdükcə aşağıdakı dünyanın da rəngləri və çalarları yavaş-yavaş dəyişirdi. Suallarım çoxalır, baxışlarım, fikirlərim fərqlənirdi.

Amma sən heç dəyişmirdin. Qoca olmağına baxmayaraq, şiddətli küləyə, kəskin şaxtaya qalib gəlirdin. Sən mənə məğrurluğu, çətinliklərə boyun əyməməyi, onların üzərinə başı dik getməyi öyrətdin. Sənin qollarından həyat məsum, maraqlı, şən, rəngarəng, cənnət kimi görünsə də aşağı endikdə yolların kələ-kötürlüyünü, suların bulanıqlığını, havanın çirkablığını, insanların aqressivliyini, süniliyini, qara və boz rəngləri yaxından görüb məyus olurdum. Bəzən “bu dünyadan uzaqlaşım” deyirdim, heç döyməyim insanların imtahana çəkildiyi o otağın qapısını. Amma zaman-zaman anladım ki, məni bura, çirkab dolu dünyaya da bağlayan nəsə var. Bir canavarı uzun illər kimsə bəsləsə, böyütsə, o, sahibini sevəcək, digər qurdlardan qoruyacaq. Amma həm də daim meşəyə getmək arzusu ilə yaşayacaq. Sanki mən də meşəyə, onun dərinliklərinə getmək, ənginliklərinə dalmaq istəyirdim.

Mən böyüdükcə aşağıdakı dünyanın havasının soyuqluğu, insanların təcavüzkarlığı və qəddarlığı da sanki artırdı. Günahsız, dinc insanlar kimlərinsə ambisiyasının, tanımadıqları adamların istəyinin qurbanı olurdu. Bu dünya sanki sahibsizdi, ya da Tanrısı sərxoş idi. Görəsən, məni bu təzadlı dünyaya bu qədər enişlı-yoxuşlu aləmə bağlayan nə idi?

***

O, boy-buxunlu, iri qamətli idi. Elə Sənin kimi. Həmin axşam onu görmək üçün həmişəki kimi, səbirsizlənərək sənə tərəf qaçdım. Ürəyim çırpınırdı. Amma mən Sənə tərəf qaçdıqca, Sən də məndən qaçırdın sanki. Ayaqlarımın altında torpaq hər an yarılacaq kimi titrəyir, onun iliyinə işləyən, dərin, qoca köklərini var gücünlə dartıb çıxarmaq, qoparıb qaçmaq istəyirdin həmin axşam. Məni daha qucağına almaq istəmirdin…

Hardansa adımın sakitcə səsləndirildiyini eşitdim. Sənə həmişəki kimi əl açdım, qucağına almağını, məni ona götürməyini istədim. Nəhəng gövdənə sarılanda saçlarıma damlayan isti göz yaşlarını hiss etdim. Təlaşlandım… Səni aciz hiss etmək, gözü yaşlı, saçı ağarmış, beli bükülmüş görmək… Bu nə deməkdir?!!!

Tanrı da ağlayarmı?

Amma qollarında qüvvət qalmış…

Titrəyən nəhəng əllərinlə cılız vücudumu torpaqdan qopardın. Yuxarı, öz köksünə, yuvama qaldırdın. Göz yaşlarından islanan minlərlə yarpağın da mənə heç nə demirdi. Hamı sanki lal olmuşdu.

Dərindən çəkdiyin ah məni sanki ayıltdı. Şaşqınlıqla dönüb aşağı baxdım.

Onun bəmbəyaz köynəyi al qana bulaşmışdı. Uzanıb aşağıdan yuxarı gözlərini qırpmadan sakitcə mənə baxırdı.

Ora uşaq və gənclərin qatili, ədavət, kin-küdurət qusan, müharibələrlə dolu sərxoş Tanrının dünyası idi…

Son filmimiz bu qədər qısa oldu. Amma şahidi yenə də təkcə Sən idin - Mənim Tanrım, mənim Çinar ağacım…

# 1186 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #