Gələcəyi qapımıza gətirən adam – Qismət

Gələcəyi qapımıza gətirən adam – Qismət
25 iyun 2016
# 01:20

İki il əvvəl Qismətlə İstanbul Kitab Fuarında olanda dəhşətə gəlmişdim. İlahi ədəbiyyata aid nə qədər kitab vardı! Mən bədii əsərləri- roman, hekayə, şeir kitablarını demirəm. Esselər, araşdırma kitablarını nəzərdə tuturam. Həmin fuardan sonra bizim kitab bazarının nə qədər boz olduğunun şahidi oldum. Bizim kitab bazarı ilə Türkiyənin kitab bazarını özüm üçün müqayisə elədim, bizim kitab mağazalarının rəflərini bəzəyən ədəbiyyat vəsaitlərini bir anlıq gözlərimin qarşısına gətirdim. Heç nə, nəhəng boşluq.

Təəssüf.

Bizdə ədəbiyyat kitabları bədii əsərlərdən ibarətdir. Və ədəbiyyata aid düşüncə yazıları, esselər, araşdırma kitabları demək olar ki, yoxdur. Hər hansı bir ədəbi mövzuya aid kitablar çap olunmur. İnsafən saytlarda müəlliflərin maraqlı yazıları, esseləri çıxır, amma bunlar kitab halında yoxdur.

Oysa kitab bazarı təkcə bədii əsərlərə deyil, bu cür kitablarla da zənginləşməlidir. Bir ölkədə ədəbiyyatın inkişafı, ona maraq həm də bu tipli kitablarla da müəyyən olunur. Əgər bir ölkədə ədəbiyyat yalnızca bədii kitablardan ibarətdirsə, tənqidçilərin, yazıçıların araşdırmaları, esseləri, hər hansı bir ədəbi mövzuya aid yazıları kitab halında çap olunmursa deməli o ölkədə ədəbiyyat elə “aldım qoz, satdım qozdur”. Yazıçılara elə kitablarını çap edib bioqrafiyasına “filan qədər kitabı var” cümləsini əlavə etmək qalır. Deməli o ölkədə ədəbi proses yoxdur, müzakirələr yoxdur, inkişaf varsa da tısbağa belindədir.

Bir daha təəssüf.

***

Dostumuz Qismət zaman-zaman mətbuatda çıxan yazılarını toplayıb bir kitab buraxdı: “Gələcəyin tarixi.”

Qismət o qələm adamlarındandır ki, təkcə öz yaradıcılığı üçün çalışmır, oxuyur, araşdırır, ölkədəki ədəbi prosesin inkişaf etməsi, müasir tendensiyalar ilə ayaqlaşması üçün vicdanla çalışır. Özüm şahidiyəm. Bir də gördün Azərbaycanda heç on nəfər ciddi adamın oxumayacağı uzun bir məqaləni bir gecədə dilimizə çevirib dərc elədi. Kimin üçünsə bu Sizif əməyi ola bilər, kimsə “Onsuz da heç kəs oxumayacaq” deyib keçə bilər. Ancaq bunlar elə yazılardır ki, dilimizdə olmasa müasir ədəbiyyatdan danışmağa, dünyaya çıxmağın xəyalını qurmağa belə haqqımız olmaz. Ədəbi təşkilatların, qurumların görməli olduğu bu işləri Qismət təkbaşına edib.

Başqaları keyfinə baxdığı vaxt Qismət bu işi öz boynuna götürüb, dünya yazıçılarının, şairlərinin həyatını, əsərlərini Azərbaycan oxucuna tanıdıb, çağdaş dünyada baş verən ədəbi proseslərdən yazıb. Necə deyərlər bir bölük insanın işini tək başına görüb Qismət.

Bir də görürsən Qismət dünyada tanınan elə bir yazıçı haqqında bir yazı yazdı, o yazıçını bizim ləng akademik dairələr dərsliklərə yəqin 50 il sonra salarlar.

Tam səmimi deyirəm. Qismətin sayəsində neçə-neçə yazıçı, şairlə tanış olmuşam, dünyada baş verən ədəbi proseslərdən xəbər tutmuşam.

Qismət dünyadakı ədəbi prosesi, ədəbi yenilikləri ölkəmizə gətirən dolayısı ilə bizi dünya ilə ayaqlaşdırmağa çalışan çoooox nadir qələm adamlarındandır.

İndi Qismətin bu yazılarının bəziləri “Gələcəyin tarixi” adlı gözəl bir kitabda toplanıb. Oyunbazlıq çıxmasın, Qismət bu kitabı ilə həqiqətən ədəbiyyatımızın gələcək tarixini indiyə dartıb gətirib. Ədəbiyyatımzıın inkişafı üçün müstəsna iş görüb. Bu kitabda onun bir-birindən gözəl, hərəsi bir hekayə, bir roman ağırlığında esseləri toplanıb. Mən inanıram ki, Qismətin özü kimi, onun bu kitabı da ədəbiyyatımızın üçün əvəzedilməz tapıntı olacaq.

***

Bu gün (25 iyul) saat dörddə Gənc Tamaşaçılar Teatrında Qismətin “Gələcəyin tarixi” kitabının təqdimat mərasimi keçiriləcək. Qismət öz ürəyinin yağını ədəbiyyat üçün əridən adamlardandır. Qismət ədəbiyyatımız üçün vicdanla çalışan adamlardandır. Və mənə görə ürəyi ədəbiyyat eşqi ilə döyünən hər bir kəs də Qismətin bu misilsiz zəhmətinin qarşılığını vermək üçün bu gün orda, o təqdimatda olmalıdır.

Tələsin, insanlar, ədəbiyyat üçün...

# 1182 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #