[b]Azər Qaraçənli: “Fəxri Uğurlu dahidir”[/b]

[b]Azər Qaraçənli: “Fəxri Uğurlu dahidir”[/b]
13 may 2016
# 08:30

Kulis.az tanınmış jurnalist, yazıçı Azər Qaraçənli ilə müsahibəni təqdim edir.

- Azər bəy, Mediaforum.az-dan sonra haralardasınız, işləriniz necədir?

- 2014-cü ilin sonunda Mediaforum.az-ın fəaliyyətini dayandırmağa məcbur olduq, yeni ilə Mediaforum-suz qədəm qoyduq. 2015-ci ilin yayında Novator.az adında sayt təsis elədik. İndi işimiz elə o saytladır. Potensialımızın 1 faizini reallaşdırır, 2 faizini reallaşdırmağa imkanlar görür, 3 faizini reallaşdırmağa calışır, 5 faizini reallaşdırmağın yollarını düşünür, 10 faizini reallaşdıra biləcəyimizə inanır, 15 faizini reallaşdıra biləcəyimizə ümid edir, 25 faizini reallaşdırmağı arzulayır, 30 faizini reallaşdıra bildiyimiz günün xiffətini çəkir, 50 faizini reallaşdıra biləcəyimiz günün xəyalına dalırıq. İşimiz belədir.

- Sizin arada-sırada bədii yazılarınız, hekayələriniz də olurdu, yazırsınızmı yenə?

- Yazıram, amma hekayə yox. Hekayəni, elə dediyiniz kimi, ara-sıra yazıram. Çoxdan yazıb yarımçıq saxladığım hekayələr, daha doğrusu, hekayə parçaları da var. Ola bilər, nə vaxtsa tamamlayım, ola da bilər, heç tamamlanmasın, qaralamada qalsın. Ara-sıra şeir, yaxud şeir parçası qaralamağım da olur. Daimi yazdığım isə düşüncələrimdir. Bilmirəm, buna nə ad vermək olar, buna janr demək olar, ya yox. Publisistika? O deyil. Esseistika. Yenə o deyil. Bu, gündəlik tutmaq da deyil, çünki mən hadisələrin yox, düşüncələrimin, duyğularımın qeydiyyatını aparıram. Yəqin bunun adı ona görə yoxdur ki, belə bir janrın özü yoxdur. Buna yaradıcılığın bir növü kimi yox, mərhələsi kimi baxmaq daha doğru olar. Yazan adamın çoxu belə edir: əvvəlcə özü üçün qeydlər aparır, sonra o qeydləri bədii, publisistik və ya elmi əsərə çevirir. Məndə belə qeydlər əsasən fəlsəfi, ictimai, bəzən də bədii və bədii-publisistik yazılara çevrilir. Bir xeyli qeydim isə elə qeyd kimi də qalır. Qeydlərim əsasən fəlsəfi, ictimai mövzularda olur.

- Hekayələriniz hansı mövzulardadır? Neçə hekayəniz var?

- 10-a yaxın olar. Belə demək mümkünsə, hekayələrim fəlsəfi-psixoloji və sosial-psixoloji mövzulardadır.

- Qardaşınız Fəxri Uğurlunun hekayə və esseləri haqqında fikriniz necədir?

- Fikrim çox yüksəkdir. Fəxrinin “Tanrı dağları” silsiləsindən olan hekayələri onun yaradıcılığında yeni mərhələdir. Özünün dediyi kimi, bu silsilədə Fəxri Tanrı olmağa, azadlıq, allahlıq məqamına yetişməyə can atan ruhun yer üzündəki macəralarını qələmə alıb. Ədəbiyyatın bundan böyük missiyası yoxdur. Fəxri yazıçının görməli olduğu ən əsas işlə məşğuldur. O, bir nömrəli işlə məşğuldur, ikinci dərəcəli işlə məşğul deyil. Zərrə qədər şübhəm yoxdur: Fəxri dahidir. O, “Tanrı dağları”yla artıq bu zirvəyə qalxıb. Ancaq bu, Fəxrinin çatmalı olduğu və çata biləcəyi zirvənin sonu deyil. Fəxri dahilər dahisinə çevrilmək yolundadır. Fəxri Uğurlu bütün tarix boyu bütün Yer kürəsinin ən böyük yazıçısına çevrilmək yolundadır.

Fəxrinin esseləri onun hekayələrində ifadə etdiyi ideyanın fəlsəfi xəbərçisidir. Hər bir böyük yazıçı kimi Fəxri də təkcə yazıçı deyil, həm də böyük filosofdur. Fəxri eyni zamanda çox böyük ədəbiyyat bilicisidir, dünya ədəbiyyatının ən yaxşı bilicilərindən biridir.

Fəxrinin hekayələrinin dili kimi dil yoxdur. Yazıçı üçün saf dilin nə qədər mühüm olduğunu hamı bilir, amma ola bilsin, bunun niyə belə mühüm olduğunu heç də hamı bilmir. Dildəki saflıq yaradılışdakı ilkinliyi, Tanrının, ruhun mahiyyətini, mənasını, istəyini ifadə etməyə imkan verir. Dil korlananda bunu ifadə etmək çətinləşir. Məsələn, “Quran” Tanrının ərəbcəsindədir. Fəxrinin “Tanrı dağları” silsiləsi Tanrının türkcəsindədir. Fəxri Tanrının türkcəsini tapıb. Fəxri Uğurlu Tanrının türkcəsində yazır. O, Tanrını türkcə danışdırır. “Tanrı dağları” Tanrısını tapmış, həm Tanrıyla dil tapmış, həm də Tanrının dilini tapmış adamın hekayələridir. Ona görə də bu hekayələri başqa dilə çevirmək asan deyil. Ruscaya çevirəndə gərək Tanrının ruscasını tapasan, ingiliscəyə çevirəndə gərək Tanrının ingiliscəsini tapasan. Tapmasan “Tanrı dağları”nı o dildə oxuculara düzgün çatdıra bilməyəcəksən.

Dili durultmağın ən yaxşı yolu o dilin yaradılışdakı variantını tapmaqdır. Türkcəni durultmağın ən yaxşı yolu Tanrının türkcəsini tapmaqdır. Tanrının türkcəsi – türkcənin ən duru, ilkin, ən saf formasıdır. Fəxri türkcəni məişət türkcəsindən, ərəb, fars, rus, ingilis türkcəsindən arıtlayıb ulu türkcə yazır. Fəxrinin dili ulu türk dilidir. Bu, Yer türkünün dili deyil, Göy türkünün dilidir.

- Məşhur bir yazınız vardı: “Ay Laçın”. Laçının işğal günü yaxınlaşır. 24 il keçdi. Nə hiss edirsiz?

- Kədər. Qəzəb. Heyrət – bu qədər torpağımızın bu qədər vaxtdır işğal altında saxlanmasına heyrət. Təzadlı hisslərim də var. Bir yandan nahaq qanımızın qisasının alınmasını istəyirəm, o biri yandan da qan tökülməsini istəmirəm. İstəyirəm torpağımız dinc yolla, qansız işğaldan azad olunsun. Ancaq buna imkan verirlərmi? Görün dünya siyasətində iyrənclik nə həddədir ki, sülh müharibə qədər, bəlkə müharibədən də çox alver predmetinə çevrilib. Üzdə sülh deyib, daldada münaqişəni qızışdırırlar. Davanı salıb, sonra da guya bunu aradan qaldırmaq üçün aralıqda atılıb-düşürlər. Elçi qiyafəsinə girib şeytanlıq eləyirlər. Hətta o yalançı elçilərin beynində hansısa sülh variantı varsa da, bu, elə bir variantdır ki, sonra özlərinə lazım olanda yenə qan sala bilsinlər. Əvvəla, onlar özlərini yalandan sülh təklifçisi kimi göstərirlər. İkincisi də, yenə deyirəm, beyinlərində bir sülh variantı varsa da, bunu gələcəkdə qan-qadaya gətirə biləsi bir variant kimi düşünürlər.

Sülh çox böyük dəyərdir. Ancaq ədalətsiz sülh dəyər deyil, ədalətli sülh dəyərdir. Ədalətsiz sülh eləcə ədalətsizlikdir, vəssalam. Bu çox böyük ədalətsizlikdir ki, Azərbaycan Qarabağın taleyini həll edə bilmir. Hazırda Rusiya Sankt-Peterburqun, ABŞ Filadelfiyanın, Fransa Lionun taleyini həll edə bilməsəydi, bu, ədalətsizlik olardı. Azərbaycan Qarabağın taleyini həll edə bilmir və bu, ədalətsizlikdir. Azərbaycan Qarabağın taleyini həll edə bilsəydi, bu, çox ədalətli olardı. Əsl ədalət o vaxt olacaq ki, Qarabağın taleyini Azərbaycan həll etsin. Necə ki Berlinin taleyini Almaniya, Yaponiyanın taleyini yaponlar həll edir. Ancaq dünyanın belə vaxtında biz o ədalətə necə çataq? Ümidimizi itirməyək, o biri yandan da var gücümüzlə çalışaq ki, nəticə belə olsun. Elə də olar, inşallah!

- Qarabağ, müharibə, işğal mövzusunun ədəbiyyatda əks olunmasına necə baxırsınız? Yazılıbmı nəsə, sizcə?

- Yazılıb. Yazılacaq da. Ancaq yazılanın necəliyi məsələsi var. Tarix, hadisələr, müharibə ədəbiyyata ilahi mənaları açmaq, ilahi ideyaları çatdırmaq üçün bir vasitədir. Ədəbiyyat həmin hadisələrin ictimai, siyasi, hətta psixoloji təsvirini və ya təhlilini vermək üçün deyil. Bundan ötrü tarix elmi, sosiologiya, psixologiya, jurnalistika, publisistika var. Ədəbiyyatın predmeti Allahdır. Onun birinci işi budur, qalan işlər ikinci dərəcəlidir və ədəbiyyat o işlərlə məşğul olmasa yaxşıdır. Əsl ədəbiyyat əbədiyyətlə məşğuldur. Ona görə həqiqi bədii dəyəri olan əsərlərdə oxuduğumuz süjetlər tarixi əhəmiyyətini itirəndə də, o əsərlər dəyərini itirmir.

Qarabağ mövzusunda yazılan və yazılacaq bədii əsərlər də o vaxt əbədiyyət qazana bilər ki, onların predmeti Qarabağ hadisələrinin özü yox, Allah olsun. Onda həmin əsərlərin ömrü Qarabağ hadisələrinin ömründən qat-qat uzun olacaq.

- “Azadlıq nitqləri” kitabınız, psixoloji portretləriniz maraqla qarşılandı. Təzə nəsə varmı?

- 2015-ci ilin işsiz qaldığım aylarında insanın Tanrıya şükürü mövzusunu araşdırdım, “Allaha şükür” adında bir silsilə qələmə aldım. Silsiləyə “Quran”da şükür”, “Peyğəmbərin şükürü”, “Peyğəmbərləri heyran eləyən şükürlər”, Qəzalinin, Xaqaninin, Nizaminin, Tusinin, Xətainin, Füzulinin, Bakıxanovun şükürləri, atalar sözlərində, deyimlərdə, əsatirlərdə, əfsanələrdə, nağıllarda, bayatılarda, “Kitabi-Dədə Qorqud”da şükürlər kimi bölmələr daxildir. Silsiləni 2015-in yayında bitirib, payızından Novator.az-da yerləşdirməyə başlamışam. Beləliklə, Mediaforum.az-ı bağladılar, şükürdən kitab yazdım. Novator.az-ı bağlasalar, səbirdən yazacam. Zarafat edirəm. Əslində mən səbir haqqında kitab yazmışam. “Azadlıq nitqləri” elə səbir haqqındadır.

# 1886 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #