Əsgərlər - Qalib Arif

Əsgərlər - Qalib Arif
31 mart 2016
# 12:30

Kulis Qalib Arifin “Əsgərlər” hekayəsini təqdim edir

Müharibə rəngləri sevmir, həyatda al-əlvan, maraqlı nə varsa, hamısını dağıdır, məhv edir. Odur ki, əsgərin həyatı ağ-qara televizşya ekranını xatırladır. Ağ günlər döyüşsüz, qayğısız günlərdir, qara günlər isə döyüşlü, ölümlü günlər. Bəzən bu günlər də o başdan banlayan xoruzlar kimi növbələşir, bəzən döyüşlü günlər döyüşsüz günləri üstələyir, bu zaman aramsız gurultuya çevrilən əsgər həyatı bir tükdən asılı olur. Bəzən də - belə də olur - döyüşsüz günlər döyüş gurultusunu əvəz edir, əsgər həyatının sakit, qayğısız günləri başlayır. Əvvəl pıçıltı ilə danışırlar, ölüm sükutunu andıran bu sakitlikdə hər hansı bərkdən deyilən kəlmə top səsi kimi təsir edir. Sonra bu sakitliyə də alışırlar, deyib gülməyə, hətta zarafat etməyə çalışırlar. Aqşin əsgər həyatının görünməyən tərəfləri ilə «şəxsən» tanış olur. Bu vaxta qədər oxuduğu kitablarda, baxdığı filmlərdə deyilirdi ki, əsgərə üç şey lazımdır: yağlı yemək, isti paltar, yaxşı silah. Amma indi başa düşür ki, əsgərə həm də başqa üç şey lazımdır…

Başqa batalyonlardan fərqli olaraq, «N» batalyonunda qız-qadın yoxdur. Deyilənə görə, bir-iki könüllüsü olub, onları da Nemes (kombata arxasınca belə deyirlər) geri qaytarıb ki, əvvəla, qadın «gəmi»yə bədbəxtlik gətirir, sonra da mən Vətən torpağının keşiyini çəkirəm, arvad tumanının yox. Əvvəllər Aqşin bu fikirlə heç cür razılaşa bilmirdi, düşünürdü ki, müharibədə qadın, kişi olmur - hamı əsgərdir. Ancaq…, axırıncı döyüşdə qucağında can verən əsgərin sözləri onu ayıltdı: «Yox, mən ölümdən qorxmuram, məni qorxudan başqa şeydir. 16 yaşım var, hələ qız-qadın görməmişəm. Qorxuram ki, ölərəm, arzum gözümdə qalar». Deməli, əsgər hər zaman boynuna almasa da, qadın onu həyata səsləyən əsas stimullardan biridir, bəzən bu, ölüm qorxusundan da güclü olur.

Batalyonda içmək də təhlükəlidir, sərxoşluq üstündə sərt cəzalandırırlar. Odur ki, əsgərlər arabir, fürsət düşəndə içirlər. Elxan demişkən «redka, no metka». Araq həm əsgərin canını qızdırır, xəyallarını qanadlandırır, həm də müharibə ilə «sən»lə danışmağa imkan verir. Evdə olanda qətiyyən spirtli içki içməyən Aqşin də içkiyə alışır. Müharibədə hamı içkiyə alışır. Doğrudur, kazarmalarda əsgərlə içkinin əlaqəsini qırmaq üçün tez-tez «profilaktik» tədbirlər keçirilir.Amma bu tədbirlərdə oyun kartları, parnoqrafik şəkillər, bir də tamam başqa məqsədlər üçün istifadə olunan boş butulkalar aşkar olunur. Bu butulkaları dolu şəkildə müsadirə etmək hələ ki heç bir zabitə nəsib olmayıb. Nəzərə alsaq ki, kənddə boş evlərin sayı , az qala batalyondakı əsgərlərin sayı qədərdir, belə bir müsadirə yalnız qələbədən sonra mümkün ola bilər.

Beləliklə, əsgərə lazım olan üç şeydən biri batalyonda ümumiyyətlə yoxdur, o birinə isə sərt qadağalar qoyulub. Odur ki, əsgər canavar kimi yeməyin, siqaretin üstünə atılır. Yaxşı yemək isti paltar, yaxşı silah qədər vacibdir, çünki əsgərin həyatını xilas edir. Axı, əsgərin qarnı ac olsa, saatlarla yağışın, qarın, güllənin altında növbə çəkə bilməz, ağır, az qala 100 kiloluq mərmiləri, raketləri daşıya bilməz, dizə kimi palçığın içində sürünə bilməz. Siqaret isə… Aqşin özü siqaret çəkən deyil, amma bunun əsgər həyatı üçün nə demək olduğunu başa düşür. Hər hansı əsgərin həyatında müharibədən qabaq müəyyən əyləncələr olub: istər qadın olsun, istər içki, qumar stolu olsun, istərsə də tozlu kitab rəflərinin şirin sükunəti. Burada, müharibədə bu əyləncələrin yeri boş qalıb, siqaret tüstüsü bir növ bu boşluğu doldurmağa xidmət edir.

***

Payızdır… Dagın başından, 2-ci postdan baxanda Quşçular kəndi qızılı-qırmızılı xalçanı xatırladır. Üstündə sanki əllə vurulmuş qırmızı, ağ rəngli həndəsi naxışlar da var. Bunlar yetim qalmış evlərin şiferli, kirəmidli damlarıdır. "Xalça"nın bəzi yerləri yanıb qaralıb - bunlar müharibənin vurduğu naxışlardır. Bakıda bu cür rəngarəng payız mənzərəsi olmur. Külək yarpaqları saralmamış, qızarmamış qoparıb qabağına qatır, böyük şəhərin böyük küçələrinə səpələyir. Burda, müharibədə bəxtlə təsadüf əsgəri qabağına qatan kimi. Bəzən göydən yağan güllənin əlindən alıb həyatın qazanına atan kimi… Bəzən də səngərdən çıxarıb ölümün ağzına atan kimi…

Aqşin düşünür ki, əsgər müharibədə - həyatın bir tükdən asılı olduğu yerdə - həyatdan daha çox qoparmaq istəyir, nə qədər ki sağdır, yaşamaq istəyir. Lap elə burda, Quşçularda da. Neçə gündür ki, çiskin yağış yağır, dayanmır. Göz açmaq olmur. Növbədən gəlirsən, dincəlmək istəyirsən. Canını isitməyə, paltarını qurutmağa imkan olmur. Elə yaş-yaş geyinib yeməyə gedirsən. Axşam yoxlamadan sonra soyunub paltarını çarpayının taxtalarından asırsan, qurusun deyə bir də cəhd edirsən. Yerinə girirsən, qızışmaq istəyirsən, yenə mümkün olmur… Elxan gəlir, «mənimlə gedək» deyir, «həm də qızışarsan».

Özü tez-tez gedir, yerli uşaqlarla dostlaşıb, onların məclisini ziyarət edir. Aqşin də bu dəfə etiraz etmir, paltarını yenidən yaş-yaş geyinib ona qoşulur. Kazarmalardan bir az aşağıdakı evlərin birinə yollanırlar. Evi Aqşin tanıyır - bu, Hüseyngilin evidir. Adi kürsülü evdir, çay daşından tikilib. Həyətin qırağına da əsgər çarpayılarına çəkilən həmin dəmir setkadan çəkilib. Setka boyu qovaq ağacları da əkilib. Aqşin bunları gündüz görüb, indi gecədir, göz-gözü görmür, qarasına gedirlər. Həyətə girirlər, pilləkənlə - yox, yuxarı qalxmırlar - aşağı düşürlər, qaranlıq dəhlizə girirlər. Demə, ev adi kürsülü ev deyilmiş, ikimərtəbəli imiş, birinci mərtəbəsi zirzəmidə yerləşirmiş. Ev yiyəsi Hüseynlə «Adsız çayın dərəsində döyüş»dən, Elxan onun həyatını xilas etdikdən sonra bərk dostlaşıblar. Elxanı bura gətirən də bu dostluq olub. Bu ev yerli uşaqların bir növ sirridir. Gəlmə əsgərlərdən nəinki kimsə bura gəlmir, hətta bu sirri bilmir. Aqşin də birinci dəfədir ki, gəlir. Elxan isə özünü evindəki kimi hiss edir, qaranlıqda qabağa düşüb gedir, bircə dəfə də büdrəmir.

Qaranlıq dəhliz qurtarır, ağır taxta qapını açıb içəri girirlər. Burda işıq yanır, tavandan asılan lampa zəif közərsə də, ətraf işıqlanır. Böyük otaqdır, tavan bir az alçaqdır - lap şəhər evlərindəki kimi. Ortada uzunsov stol qoyulub, ətrafında 5-6 əsgər oturub. Yerli uşaqlardır, onları gözləyirlər. Hüseyn ayağa durur, görüşür, yəqin ki, Aqşinə müraciətlə deyir:

- Girdin qazana, oldun yeməli.

Kim isə yerindən söz atır:

- Amma, deyirlər gec gələn qonaq öz kisəsindən yeyər…

Bu da Aqşinin «dostu»dur, onunla qəbirstanlıqda mübahisə edən uzundraz, şəlpəqulaq oğlandır. Həmin hadisədən sonra neçə dəfə üz-üzə gəlsələr də salamlaşmayıblar. Elxan incikliyi aradan götürmək üçün zarafata keçir:

- Tanış ol, Seyfəddin məclisin tamadasıdır. Hüseyn də ev yiyəsidir, həm də bizim sərpayıdır.

Aqşinin isə gözü stolun üstündədir. Stolun üstü «əsgər cənnəti»ni xatırladır. Yerli uşaqlar dünən qonşu kənddən qənimət gətirdikləri(oğurluq burda belə adlanır) qoyunu yeməkxananın mətbəxində soyutma bişiriblər. Hardansa 3-4 şüşə tut arağı da tapıblar. Olsun ki, bu da qənimətdir, bəlkə də paydır. Burda bu da sirrdir. Ortada, böyük sinidə yığılan kələm şorabası kimi. Bu da heç əsgər «payoku»na oxşamır. Aqşin təəccüblə Elxana baxır, Elxan göz vurur.

Hüseyn hamını yeməyə dəvət edir, ev yiyəsi kimi. Bisimillah eləyirlər. Tamada da «bisimillah» eləyir, arağın birini açır, gözəyarı tilli stəkanlara araq süzür. Aqşin heyrətlə müşahidə edir ki, araq bütün stəkanlarda eyni səviyyədədir. Hüseyn yenə də sərpayıdan çox ev yiyəsi kimi çıxış edir, birinci sağlığı deyir:

- Biz neçə ildir əlimizdə silah vuruşuruq, qan tökürük. Bizim borcumuzdur, öz kəndimizi, torpağımızı qoruyuruq. Amma oğlanlar var ki, Bakıdan könüllü gəlib burda bizimlə çiyin-çiyinə vuruşurlar, bir damcı qanlarından qorxmurlar. Sağ olsunlar.

Bütün nəzərlər Elxanla Aqşinə dikilir. Elxan «sağ olun» deyib stəkanı başına çəkir. Hamı vurur, Aqşin də onlara qoşulur. Doğrudur, o, əvvəllər də araq içib. Dərman dadı verən, boğazı yandıran bu acı mayeni hər dəfə içəndə gözləri yaşarır. Amma bu xına o xınadan deyil. Aqşinin ağzı, boğazı, qarnına kimi od tutub yanır, nəfəsi tıxanır, gözlərindən yaşla birlikdə, deyəsən, qığılcımlar da çıxır. Elxan bərkdən «bomba» deyir, sonra Aqşinin kürəyinə vurur: «Terpi kazak, atamanam budeş». Aqşin bəlkə yanğısı azalsın deyə kələm şorabasını ağzına təpir. İşin tərsliyindən şoraba da tünd, istiotlu çıxır, gözləri yenidən yaşarır. Soyutma ətdən bir yekə tikə götürür, içəri ötürür. Deyəsən, işlər yoluna düşür, yavaş-yavaş canına istilik, başına duman yayılır…

Duman otaqda da yayılır - əsgərlər siqareti siqaretə calayırlar. Acı tütün tüstüsü qoyun ətinin qoxusuna, əsgərlərin araq iyi verən nəfəsinə qarışır, ağırlaşır, çıxmağa yer tapmayıb tavandan sallanır. Tamada da bunu gözləyirmiş kimi öz səlahiyyətlərinin icrasına başlayır:

- Həzərat, Hüseyn ev yiyəsi kimi qonaqların sağlığına söz dedi. Amma qonaqlar çöl qaranquşudur, gəldi-gedərdir. Özümüz dam sərçəsiyik, öz kəndimizi özümüz qorumalıyıq, qoruyuruq da. Füzuli kimi, Fərhad kimi oğlanlar ayağa qalxanda, kənddə müdafiə batalyonu yaradanda, Nemesin heç izi-tozu da yox idi. İçək öz oğlanlarımızın sağlığına.

Elxan nə isə əlavə etmək istəyir, tamada mane olur ki, tələsmə, sənə də söz verəcəm, şəhərli olanda nə olar, hərənin öz növbəsi var. İçirlər. Aqşin hiss edir ki, ikinci birincidən yaxşı gedir. Boğazını yandırıb nəfəsini tıxasa da, daha gözlərindən qığılcım çıxmır. Əvəzində başında duman qatılaşır, otağın içindəki kimi ağırlaşır. Deyəsən, corablarının yaş olduğunu da hiss etmir. Bəlkə quruyub? Bəlkə köynəyi də quruyub? Əli ilə yoxlayır - yaşdır: "İşim də, deyəsən yaşdır. Daha içməyəcəyəm". Üçüncü tostu isə Elxan deyir. Əlində stəkan ayağa qalxır, adəti üzrə boğazını arıtlayır. O, adətən nəsihət verməzdən əvvəl belə edir, auditoriya da bunu hiss edir.

- Sözsüz ki, mən də torpaq yolunda, millət yolunda vuruşan oğlanların sağlığına, öz sağlığımıza vurmaq istəyirəm. Amma tamadanın sözünün qabağında bir-iki kəlmə deməsəm, olmaz. Biz könüllü əsgərlər dünənki uşaq deyilik, çoxumuz dünya görmüş adamlarıq. Mən özüm dünyanın hər üzünü görmüşəm, hətta türməyə də düşmüşəm. Bir müharibəni görməmişdim, onu da burda gördüm. "Zindan xatirələrimi" bir dəfə sizə danışmışam, amma ora necə düşmüşdüm bir Aqşin bilir. Danışım siz də bilin, tamadaya da dərs olsun. Bir-iki ilin söhbətidir, mən güləşi atıb Tümenə, qardaşlarımın yanına gül satmağa getmişdim. Orda millətnən ermənilərin bir «razborka»sı düşmüşdü. Erməni millət haqqında artıq-əskik demişdi. «Razborka»ya da hazır gəlmişdilər, yerli ruslardan içirib gətirmişdilər, bizdən iki dəfə çox idilər. Bu çoxluq da bunları dilləndirdi. Aralarında bir Serjik vardı, boy-buxunlu, bərkgedən idi. Çıxdı qabağa ki, mən düz demişəm, sizin aranızda kişi yoxdur, varsa, çıxsın qabağa... Mən onu sözünü qurtarmağa qoymadım, tullandım bir kəllə ilə aşırdım, vur-çatlasın başladı. Arada milis fiti də eşidildi, deyəsən bizi satmışdılar. Fitdən sonra qaçan qaçdı, mənsə qarışıqlıqdan istifadə etdim, dartıb Serjikin ağzını qulağının dibinə kimi cırdım. Milis də fürsətdən istifadə etdi, məni tutdu. Neçə ay türmədə qaldım, o dünyanı gördüm gəldim. Amma peşman deyildim, mən millətə görə getmişdim. Millət də mənim dalımda durdu, pulun pul vaxtı neçə min pul yığdılar, məni qurtardılar.

Bəli, biz könüllülər müharibəni burda görsək də, ölümün, qanın nə olduğunu əvvəldən bilirik. Bilirik ki, çoxumuz burdan sağ-salamat qayıtmayacaq. Bilə-bilə də gəlmişik, çünki söhbət millətdən gedir, torpaqdan gedir. Biz bura kəndi yox, torpağı qorumağa gəlmişik. Nə olsun ki, Quşçular sizin kənddir, Məştağa bizim kənddir, torpaq ki hamımızındır - xalqımızındır. Tümendə uşaqlar məni qurtarmaq üçün pul yığanda bilmirdilər kiməm, haralıyam, amma bilirdilər ki, azərbaycanlıyam. Torpaq da Azərvaycan torpağıdır - bizimdir, onu biz qorumalıyıq, yaxşı oğlanlar qorumalıdır. İçək yaxşı oğlanların sağlığına! Fərqi yoxdur, sizin kəndçidir, bizim kəndçidir, əsas odur ki, özü burdadır, özü burda olmasa da ruhu burdadır, bizimlədir.

Aqşin stəkanı yerə qoyur, ürəkdən əl çalır. «Halal olsun - Elxan döyüşdə döyüş adamıdır, məclisdə məclis adamı». Hüseyn ayağa durur, deyir bu tostu ayaq üstə içməliyik. Hamı qalxır, bir Seyfəddindən başqa. Aqşin də stəkanı götürüb ayağa durmalı olur, buna çətinliklə nail olur. Ayaqları elə bil ki, pambıqdandır. Aqşin içmək istəmir, stəkanı yerə qoymaq istəyir. Ev yiyəsi deyir ki, belə sağlığı yerə qoymazlar, dibinə kimi vurarlar. Qalanlar da ona qoşulur. Aqşin də vurur, sonra oturur. Bəlkə də əvvəl oturur, sonra vurur, yadına gəlmir…

Deyəsən, evdədir. Anasını axtarır, tapa bilmir. Bu, nədir, ev qonşularla doludur, hamı birdən danışır. Bərkdən gülən də var. Bu da anası. Atası Qara Yanvarda itkin düşəndən sonra anası başına xına qoymur. Odur ki, qıvrım saçları ağlı-qaralı qarışır bir-birinə. Həmişə deyir ki, saçlarım da taleyim kimi pərişandır… Aqşin ona tərəf gedir, anası uzaqlaşır. Qonşuların səs-küyü isə yaxınlaşır və onu yuxudan oyadır.

Səs-küy salan uşaqlardır, stolun üstünü yığışdırıblar, sıxırlar. Möhkəm poker gedir. Elxan həmişəki kimi başdadır. O, kart oynayandır, Üçtəpədə də oynayırdı. Uduzan günü az olurdu,oyunun fəndini də bilirdi, əli də gətirirdi. Aqşinlə Hüseyndən başqa hamı oynayır. Seyfəddinin qulaqları da qızarıb, deyəsən, uduzur. Hüseyn Aqşinə müraciətlə «xeyli yatdın» deyir.

- Mən onsuz da oynayan deyiləm. Heç olmasa, gözümün acısını aldım. Yuxuda evə getmişdim, anamı gördüm.

- Müharibədə elə yalnız yuxuda evə gedə bilərsən. Getsən, o da qənimətdir. Bizim evimiz burda olsa da, anamız uzaqdadır. Anasız ev də ev deyil…

Aqşin söhbəti dəyişmək istəyir:

- Deyəsən, sən də oynayan deyilsən?!

- Mən niyə oynayım, mən ev yiyəsiyəm. Hər «seka»dan bir əl mənimdir, bəsimdir.

Oyun getdikcə qızışır. Elxan yenə udur. Kart gələndə gəlir, gəlməyəndə özü də düzə bilir. Aqşinə də göstərib - sadədir. Alta özün istəyən üç kartı seçib qoyursan, sonra altdan bir, üstdən oynayanların sayından bir əskik çəkməklə düzürsən. Əlbəttə, bütün bunları elə etməlisən ki, heç kim heç nə başa düşməsin, elə bil kart qarışdırırsan. Ən çətini kəsəndədir, kartlar qarışa bilər. Amma Elxan əsl «şuler»dir, cəld hərəkət edir, elə bil göz bağlayır, kəsilən kartları üstdə saxlayır. İnsafən, bu dəfə təmiz oynayır, sadəcə olaraq əli gətirir, kart «mast» gəlir. Seyfəddin yenə uduzur, cırnayır:

- Necə olur, eyni «mast» iki dəfə sənə gəlir?

Elxan da hazırcavablıq edir:

- Bəs, necə olur ki,eyni «mast» on dəfə sənə gəlmir?

Aralarında kart oyunu getdiyi kimi, söz oyunu da gedir. Bu dəfə tamadalığı Elxan edir:

- Sən əsgərlikdə olmusan da rus ordusunda?

- Olmuşam. Nədi ki?

- Heç. Harda qulluq eləmisən?

- Germaniyada.

- Bəxtin gətirib.

- Niyə?

- Burda, "Soyuz"da səninkimiləri bilirsən neynirdik?

- Neynirdiz?

- Fərq eləmirdi, urus, gürcü olsun, istərsə də erməni, ya azərbaycanlı, özünü pis aparanın, artıq-əskik danışanın əlinə bir vedrə, iyirmi, otuz qəpik də xırda pul verirdik, göndərirdik yaxınlıqdakı dükana, deyirdik bir vedrə "menstruasiya" al gətir. Dükanda da hamı arvadlar işləyirdi, bunun başına bir oyun açırdılar, it əlindən çörək alırdı…

- Yaxşı, bu «menstrasiya» nə olan şeydir?

- Sən bilməzsən, arvadlarda olur, ayda bir dəfə…

Hamı gülməyə başlayır. Seyfəddin nəhayət söz oyununda da uduzduğunu başa düşür, amma yenə cığallıq edir:

- Yalan deyirsən, elə şey ola bilməz.

Bu dəfə Elxan da öcəşir:

- Mən sənə sübut edərəm.

- Edə bilməzsən.

- Baxarıq…

Kart oyununda isə vəziyyət dəyişir. «Mast» Seyfəddinə tərəf dönür, əli gətirməyə başlayır. Bir-iki oyuna uduzduqlrını qaytarır, kefi açılır. Artıq özü zarafat etməyə başlayır. Elxan da bunu gözləyir:

- Sən dedin, əsgərlikdə olmusan da Almaniyada?

- Olmuşam, nədi ki?

- Sağlığın. Deyirəm, orda bazlıq-zad edirdiz?

Seyfəddin bu dəfə mətləbi tez başa düşür, ağzı papaq kimi açılır:

- Edirdiz də sözdür, atasını da yandırırdıq. Düzdür, «nemkalar»nan bir az çətindir. Əvvəlcə, sən dil bilmirsən, sonra da onlar bizim əsgərlərdən qorxurlar. Amma ofiser arvadından, qızından korluğumuz yox idi. Bizim mayorun bir qızı vardı, gözəldi, lap qaraçı qızlarına oxşayırdı, gözləri göy, saçları qara, vurulmuşdu mənə, əl çəkmirdi. Anası deyirdi ki…

- Hə, qızı al, evi də, maşını da verək sənə. Sən də almadın, Azərbaycana qayıtdın, sonra peşiman oldun. Belə hadisələr çox olur. Uruslar ölürlər bizim oğlanlarçün. Həm də, sənin kimi boylu-buxunlu, yaraşıqlı oğlan ola…

- Nə olub, ə, maa? Səndən əskiyəm?!

- Artıqsan hələ bir az. Boyun boyumdan, qulaqların da qulaqlarımdan…

Seyfəddin əsəbiləşir - qulaqları onun yaralı yeridir. Elxanın əzik qulaqlarına işarə edir:

- Sən get, özününkülərin dərdini çək.

- Mənimkilər daha dərddən keçib, güləşdə əzilib «düşbərə»yə oxşayır. Amma səninkilər, maşallah, gəzəndə tərpənir. Sənin yerinə olsaydım, kəsdirib layka kurtka tikdirərdim.

Yenə hamı gülür, hətta Seyfəddin də acığından gülür. Elxan isə halını pozmur:

- Mən ayrı şey soruşmaq istəyirəm. Deyirəm, sən getmisən Almaniyada qulluq eləmisən, orda da hər gün bazlıq eləmisən. Bəs burda neynirsən?

- Burda hamı necə, mən də elə…

- Hamı bir cür deyil. Məsələn, Avropada, Amerikada müharibə gedəndə hökumət əsgər üçün qız-qadın da təşkil edir ki, əsgər korluq çəkməsin, yaxşı vuruşsun…

- Yox əşi?!

- Əlbəttə. Elə rus-nemes müharibəsində, fronta medsestra da göndərirdilər, medisinski spirt də…

Burda Aqşin də söhbətə qoşulur, deyir düzdür, hələ bu barədə bir italyan filmi də var, köhnə filmdir. Əsgərlərin biri də təsdiq edir ki, var, mən də görmüşəm. Seyfəddin dinmir, Elxan davam edir:

- Görürsən, amma sən deyirsən hamı necə, mən də elə. Hamı darıxır, gecələr də yatmır, bu barədə fikirləşir. Bəs sən?

- …

- Dayan, dayan, sən medkomissiyadan keçmisən?

- Bu il yazda keçmişəm.

- Orda sənə neçə iynə vurmuşdular?

- Necə bəyəm?

- Heç, elə-belə soruşuram. Məsələn, mənə birini , böyüyünü vurmuşdular. Aqşin, sənə neçəsini vurmuşdular?

Aqşin Elxanın Seyfəddindən nə istədiyini kəsdirə bilmir, amma onun istədiyi kimi cavab verir:

- Mənə də birini vurmuşdular.

- Görürsən, həkimlərin kimdən xoşu gəlir ona birini vururlar, kimdən ki xoşu gəlmir, ona ikisini vururlar. Biri böyük, hamıya vurulandan, biri də kiçik, qırmızı. Bax, bu qırmızı deyirlər yaman yandırır…

- Sənə yəqin vurublar ki, bilirsən?

- Mənə bizimlə növbədə olan sanitar rəhmətlik demişdi. Əvvəl soruşdu ki, sizə neçə iynə vurublar. Sonra başa saldı ki, ikisini vuranda nə etmək lazımdır. Aqşin də yanımızda idi, qoy o, desin.

Aqşin sanitarı, onunla döyüş növbəsində keçirdiyi son saatları yaxşı xatırlayır, gündəliyində də bu barədə qeydləri var. Amma iynə barədə söhbəti, sanitarın verdiyi məsləhəti nəsə xatırlamır. Odur ki, dinmir. Seyfəddin də heç nə soruşmur, amma qızarır, oyunu da əvvəlki həvəslə oynamır. Elxanın isə onsuz da əli ğətirmir.

- Mən bir dost kimi deyirəm, birdən sənə ikisini vurarlar, sonra gec olar. İndidən üstünə düşmək lazımdır.

- Məsələn, nə etmək lazımdır?

Aqşin deyəsən, başa düşməyə başlayır…

- Məsələn, sanitar deyirdi ki, batalyon komandirinin adına ərizə yazmaq lazımdır. Yazmaq lazımdır ki, səni qospitala göndərsinlər, müalicə etsinlər, ya da bir ayrı iynə vursunlar, bunun təsiri keçsin.

Seyfəddin artıq kart oynamır. Oyun dağılıb, heç kəs oynamır.

- Doğrudan belə iynə var?

- Vallah, mən dəqiq bilmirəm, amma sanitar rəhmətlik deyirdi ki, var. Mən sənin xətrini istəyib deyirəm, mənə nə var.

Seyfəddin bir az fikrə gedir. Görünür ki, qərara gələ bilmir, hazırkı nüfuzu ilə gələcək taleyi arasında qalır. Yerli uşaqlar da çaşırlar, maraqla, amma bir az ehtiyatla qulaq asırlar. Bu vıaxt hardasa xoruz banlayır. Elxan ayağa qalxır:

-Yaxşı, gedək yataq, daha gecdir. Amma mən bir də deyirəm, kimə iki iynə vurublarsa, mütləq kombatın, yəni Nemesin adına bir ərizə yazın ki, birini də vursunlar. Sonra gec olacaq.

Seyfəddin nəhayət qərara gəlir:

- Mənə deyəsən, ikisini vurublar. Yaxşı, mən indi neyləyim?

- Deyirəm, ərizə yazmaq lazımdır, rəhmətliyin oğlu. Tez qələm, kağız götür, mən nə deyirəm yaz. Aqşin səndə həmişə olur…

Aqşin artıq məsələni başa düşür, amma «komediya»nın sonunu gözləyir. Hətta qələm-kağız da verir. Elxan ərizəni diqtə etməyə başlayır, arada otaqda var-gəl edir, hiss olunur ki, lazımi sözləri tapmaqda çətinlik çəkir. Seyfəddin də bu zaman əlində qələm məlul-məlul baxır. Aqşinin dodağı qaçır, yadına əlində qələm titrəyən Məşədi İbad, onun başının üstünü kəsdirən Sərvər düşür.

Elxan da Sərvər kimi işinin öhdəsindən yaxşı gəlir, 15 dəqiqə keçməmiş ərizə hazır olur. Seyfəddin isə qızarıb, pörtüb, ya həyəcanlanıb, ya da danışdığı kimi yaxşı yazmağı bacarmır. Elxan ərizəni ondan alır, stolun başına keçir. Auditoriyanı diqqətlə nəzərdən keçirir, razı qalır, oxumağa başlayır:

«N» nömrəli batalyonun komandiri

cənab mayor Zöhrab Məmmədova

sıravi Seyfəddin Əliyev tərəfindən

ƏRİZƏ

Cənab mayor, diqqətinizə çatdırmaq istəyirəm ki, bu il yazda medkomissiyadan keçərkən məni düzgün müayinə etməyiblər, bir iynə əvəzinə iki iynə vurublar. Bu da məni bir kişi kimi sıradan çıxarıb. Mən hələ cavanam, subayam, hamı kimi mən də evlənmək, övladımı görmək istəyirəm. Mötəbər mənbələrdən aldığım məlumata görə, hazırda qospitalda mənə vurulan iynənin təsirini kəsən xüsusi iynələr var. Odur ki, xahiş edirəm, mənim qospitala getməyim və müalicə qəbul etməyim üçün əmr verəsiniz…

Aqşin daha dözə bilmir, sərt hərəkətlə ərizəni Elxanın əlindən dartıb alır, cırır, tikələrini stolun üstünə tökür. Seyfəddin də nəhayət hər şeyi başa düşür, həyəcandan bir söz deyə bilmir, sakitcə stolun üstünə çökür. Əllərini stolun üstünə qoyur, başını əllərinin arasına alır. Elxan isə "qələbə" zənglərini çalır:

- Mən demişdim sübut edərəm, sənin əlinə vedrə verib «menstrasiya» dalınca göndərərəm…

Yolda Aqşin narazılığını bildirir:

-Adam bu qədər qəddar olmaz. Düzdür, o, səhv edirdi, ayrı-seçkilik salırdı. Amma bağışlamağı bacarmaq lazımdır. Allah da bağışlayandır, adamın da böyüklüyü bağışladığı səhvlərin böyüklüyü ilə ölçülür.

Elxan dinmir, əslində çiskin yağış göz açmağa imkan vermir. Elxan yalnız kazarmalara çatanda dillənir:

- Bilirsən Stalin 41- 45-də nemeslərə necə qalib gəlmişdi? Stalin belə oğraşları - əsgərlərin arasına nifaq salanları güllələyirdi. İndi erməni gəlib az qalır Gəncəyə çatsın, sən deyirsən belələrinə əməlli bir dərs də vermək olmaz. Olar. Yadındadır qəbirstanlıq söhbəti? Bir adam ki, erməni kimi qəbirləri murdarlamaqdan ləzzət alsın, onu sözlə başa salmaq olar? Olmaz! Sən dedin də, nə xeyri oldu? Bunu ancaq yerə yıxıb başa salmaq lazımdır. Düzdür, Allah bağışlayandır, rəhmandır. Amma belələri haqqında Qurani Kərimdə deyilir: Biz çox dedik,onlar eşitmədilər. Çünki kardırlar və kordurlar. Haqqı görməzlər və eşitməzlər.

# 2115 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #