Əli əzilən uşağa kömək edən telefon HEKAYƏ

Əli əzilən uşağa kömək edən telefon HEKAYƏ
28 fevral 2015
# 11:00

Kulis.Az Svetlana Turanın tərcüməsində Pol Villardın “Gerçək hekayə” əsərini təqdim edir.

Mən lap uşaq olanda qonşuluqda ilk telefonu olan bizim ailəmiz idi. Pardaxlanmış polad qutunun pilləkənin altındakı divardan asıldığını yaxşı xatırlayıram. Par-par yanan dəstək qutunun kənarından asılmışdı. Hətta nömrə də yadımdadır – 105. Boyumun telefona çatması üçün çox balaca idim, amma anam onunla danışarkən mən bu səhnəyə heyranlıqla tamaşa edərdim.

Bir dəfə anam işi ilə əlaqədar uzağa getmiş atamla danışım deyə, məni telefona sarı qaldırdı. Sanki sehr idi! Lakin sonra mən anladım ki, o inanılmaz alətin haradasa içində valehedici bir insan yaşayır və onun adı “Operator, zəhmət olmasa”dır. Onun bilmədiyi şey yox idi. Anam ondan istənilən adamın nömrəsini soruşa bilərdi, yaxud saatımız dayananda “Operator, zəhmət olmasa” bizə vaxtı anındaca deyərdi.

Mənim dəstəyin içindəki bu cinlə ilk şəxsi təcrübəm anam qonşuda olan vaxt baş tutdu. Zirzəmidə alətlər qutusunda eşələnərkən barmağımı çəkiclə əzdim. Ağrı dəhşətli idi, amma ağlayıb-çığırmağın heç bir mənası yox idi, çünki evdə mənə ürəyi yanacaq bir adam belə yox idi. Ağrıyan barmağımı ağzıma salıb sora-sora evin içində vurnuxdum, nəhayət, pilləkənin yanına gəldim. Telefon! Cəld qonaq otağındakı taburetin yanına qaçıb onu pilləkənin altına sürüyüb gətirdim. Üstünə dırmaşıb dəstəyi götürdüm və qulağıma dayadım.

- Operator, zəhmət olmasa, − düz başımın üzərindəki ağızlığa dedim.

Bir-iki şaqqıltıdan sonra düz qulağımın içinə balaca aydın bir səs dedi:

- Operator.

- Mən əlimi əzmişəm, − hıçqıraraq dilləndim.

Məni dinləyəcək birini tapan kimi göz yaşlarım qeyri-ixtiyari süzüldü.

- Bəs anan evdə deyil? – sual səsləndi.

- Evdə məndən başqa heş kəs yoxdur, − deyə hönkürdüm.

- Qan axır?

- Yox, − cavab verdim. – Barmağımı çəkiclə əzmişəm, çox ağrıyır.

- Soyuducunu aça bilərsən? – deyə o soruşdu.

Dedim ki, bilərəm.

- Onda buzdan balaca bir parça qopart və barmağına daya. Bu, ağrını kəsəcək. Buzqıran çəkici işlədərkən ehtiyatlı ol, − o, məsləhət verdi. – Özü də ağlama. Hər şey yaxşı olacaq.

Bu hadisədən sonra “Operator, zəhmət olmasa”ya hər şeydən ötrü zəng vururdum. Ondan xahiş etdim ki, mənə coğrafiya ilə kömək etsin və o, Filadelfiyanın yerini izah etdi, böyüyəndə tədqiq edəcəyim romantik çay – Orinokonun da yerini başa saldı. Mənə riyaziyyatla bağlı da kömək edirdi. Bir dəfə parkdan bir gün öncə tutduğum burunduka meyvə və qoz yedirməyi məsləhət gördü.

Bir gün də Piti adlı sarıbülbülüm ölmüşdü. Mən “Operator, zəhmət olmasa”ya zəng edib bu kədərli hadisəni ona danışdım. O məni dinlədi, sonra böyüklərin balacaları sakitləşdirmək üçün, adətən, dediyi sözləri dedi. Lakin mən sakitləşmək bilmirdim. Axı nəyə görə bu cür gözəl nəğmələr oxuyan və insanlara sevinc gətirən quşların sonu qəfəsin dibində ayaqları üzüyuxarı qalmış tük topası şəklində bitməli idi? Ola bilsin, o mənim, həqiqətən, kədərləndiyimi hiss edib sakitcə dedi:

- Pol, unutma, nəğmə oxumaq üçün başqa dünyalar da var.

Bu sözlər məni bir az sakitləşdirdi.

Ertəsi gün yenə telefonun yanındaydım.

- Operator, − tanış səs dedi.

- Düzəltmək sözünü necə yazırlar?

- D-Ü-Z-Ə-L-T-M-Ə-K.

Elə bu an məni qorxutmaqdan inanılmaz dərəcədə həzz alan bacım pilləkəndən düz üstümə “Heeeeeeeeeeeeeeey” çığırtısı ilə tullandı. Mən taburetdən yıxıldım və dəstək tamam dibindən çıxaraq əlimdəcə qaldı. İkimiz də qorxu içindəydik. “Operator, zəhmət olmasa” artıq orada deyildi və mən çox qorxurdum ki, dəstək qırılan vaxt ona ziyan vermiş olum. Bir neçə dəqiqə keçdikdən sonra qapının ağzında bir kişi dayanmışdı.

- Mən telefon ustasıyam. Bu küçənin aşağı tərəfində iş görürdüm, operator dedi ki, ola bilsin, sizin telefonunuzla bağlı bir probleminiz var, − deyə o, əlini uzadıb tutduğum dəstəyi götürdü.

- İndi nə olacaq? – mən soruşdum.

- Narahat olma, biz bunu bir-iki dəqiqəyə düzəldərik.

Usta telefon qutusunu açaraq oradan naqil və kəndirlərdən ibarət bir labirint çıxartdı və bir müddət dəstəyin ucundakı naqillərlə nə isə etdi, nələrisə balaca vintburanla bərkitdi. Telefonun kiçik lingini bir neçə dəfə yuxarı-aşağı hərəkət etdirib danışmağa başladı:

- Salam. Pitdir. 105-də hər şey yoluna qoyuldu. Uşağın bacısı onu qorxudub, o da dəstəyi necə dartıbsa, yerindən çıxarıb.

Usta dəstəyi yerinə asıb gülümsədi və mənim başıma sığal çəkdikdən sonra çıxıb getdi.

Bütün bunlar ABŞ-ın şimal-qərbindəki balaca bir şəhərdə baş vermişdi. Sonra, doqquz yaşım olanda biz ölkənin bir ucundan digərinə köçərək Bostonda yerləşdik. Mənsə öz dostum üçün çox darıxırdım. “Operator, zəhmət olmasa” məhz köhnə evdəki taxta qutuya məxsus idi və mən necəsə anlayırdım ki, dəhlizdəki balaca masanın üzərində dayanan yeni, uzun, nərmənazik telefonda həmin səsi eşitmək mümkün olmayacaq. Bununla belə, yeniyetmə yaşıma çatdıqda da uşaqlıq söhbətlərimin xatirəsi məni heç zaman tərk etmədi. Şübhə və çaşqınlıq içində olduğum vaxt tez-tez yadıma düşürdü ki, “Operator, zəhmət olmasa”ya zəng edib düzgün cavabı alacağımı bildiyim günlərim qayğısızlıq və əminliklə dolu idi. Həmin qadının balaca bir uşağa vaxt sərf edib ona necə səbir, anlayış və mehribanlıqla cavab verdiyini indi yüksək qiymətləndirirəm.

Bir neçə il sonra, kollecə geri dönərkən təyyarəm Sietlda yerə endi. Hava limanında gözləməli olduğum yarım saatın təxminən on beş dəqiqəsini orada yaşayan və ailə qurub ana olması səbəbindən çox xoşbəxt olan bacıma zəng edib onunla danışmağa sərf etdim. Sonra isə, özümün də nə etdiyimi bilmədən, doğma şəhərimin operatorunun nömrəsini yığdım və “Operator, zəhmət olmasa” dedim. Bu, əsl sehr olsa da, çox yaxşı tanıdığım incə, aydın səslə deyilmiş “Operator” sözünü eşitdim. Dilim məndən xəbərsiz:

- Zəhmət olmasa, “düzəltmək” sözünün necə yazıldığını deyərdinizmi? – deyə soruşdum.

Uzun sükutun ardınca isə yumşaq səslə verilmiş cavab gəldi:

- Məncə, barmağın indiyə sağalmış olar.

Mən güldüm.

- Demək, bu, doğrudan da, sizsiniz. Çox maraqlıdır, görəsən, uşaq vaxtı mənim üçün necə əhəmiyyətli olduğunuzdan xəbəriniz var idimi?...

- Görəsən, mənim üçün necə əhəmiyyətli olduğundan xəbərin var idimi? Mənim heç uşağım olmayıb və mən səndən gələn zəngləri gözləməyə alışmışdım. Ağılsızlıqdır, deyilmi?

Heç də yox. Amma bunu demədim. Əvəzində, ona bu illər ərzində onun haqqında nə qədər düşündüyümü dedim və soruşdum ki, semestrim bitdikdə bacımın yanına gəldiyim vaxt ona yenidən zəng edə bilərəmmi.

- Əlbəttə. Sadəcə, Sallini soruş.

- Sağ olun, Salli.

“Operator, zəhmət olmasa”nın adının olması qəribə səslənirdi.

- Burunduklara rast gəlsəm, onlara deyəcəm ki, meyvə ilə qoz yesinlər.

- Mütləq de, − Salli cavab verdi. – Sənin yaxın zamanda Orinokoya gedəcəyinə ümid edirəm. Yaxşı, hələlik.

Həmin söhbətdən üç ay sonra mən yenidən Sietl hava limanında idim. Bu dəfə mənə başqa səs cavab verdi:

- Operator.

Mən Sallini soruşdum.

- Siz onun dostusunuz?

- Bəli, − dedim. – Köhnə dostu.

- O zaman bunu deməyə təəssüf edirəm. Son illər Salli yalnız yarım gün işləyirdi, çünki xəstəlikdən əziyyət çəkirdi. O, beşcə həftə bundan əvvəl dünyadan köçüb.

Amma mən dəstəyi yerə qoymazdan əvvəl qadın dedi:

- Bir saniyə. Soyadınız təsadüfən Villard deyil ki?

- Bəli, elədir.

- Elə isə Salli sizə bir şey yazıb.

- Nə yazıb? – deyə soruşsam da, onun nə yazdığı ürəyimə dammışdı.

- Buradadır. Oxuyuram: “Ona de ki, nəğmə oxumaq üçün hələ də başqa dünyalar var. O nə dediyimi başa düşəcək”.

Qadına təşəkkür edib dəstəyi asdım. Sallinin nə dediyini başa düşmüşdüm.

# 2388 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #